Йени дювр
Тарих вя онун проблемляри, №3 2010
63
Qurultay yeni tarixi şəraiti araşdıraraq, Azərbaycan millətinin siyasi-milli vəzifələrinin
müəyyənləşdirilməsində, onların həlli yollarının, başqa sözlə desək, milli hərəkatın taktikasının
aydınlaşdırılmasında mühüm rol oynadı. Gərgin müzakirələrdən sonra qurultayda yekdilliklə qəbul
edilmiş qətnamədə deyilirdi ki, “Rusiyanın dövlət quruluşu – müsəlman xalqlarının mənafeyinə daha
çox təminat verən bir quruluş - ərazi federasiyası əsasında demokratik respublika hesab edilsin” (4,
s.7).
Qurultayın işində “Hümmət” partiyasının nümayəndələri olan N.Nərimanov, M.Əzizbəyov,
H.Sultanov və R.Nağıyev də iştirak edirdilər. Hümmətçilər qurultay nümayəndələri qarşısında öz
tələblərini irəli sürdülər. N.Nərimanov qurultayda çıxış edərək demişdi: “Sizə rus inqilabının
xarakterini müəyyən etmək lazımdır. Dünya imperialist, soyğunçu müharibəsindən sonra Rusiyada
inqilab bütün dünyada inqilabın başlanğıcıdır. Əgər siz bu bütün dünya inqilabı fırtınasında qərq
olmaq istəmirsinizsə, Rusiya fəhlə və kəndlilərinin qızıl bayrağı altında toplaşın” (13, s. 17).
Hümmətçilərin qəti çıxışları, habelə fəhlə və kəndli nümayəndələrinin inadlı tələbi və təzyiqi
nəticəsində Qafqaz müsəlmanları qurultayı fəhlə və torpaq məsələləri üzrə komissiyalar seçməyə
məcbur olmuşdu. Fəhlə məsələsi üzrə komissiya adından M.Əzizbəyov, torpaq məsələsi üzrə
komissiya adından isə H.Sultanov qurultayda çıxış etmişdilər (6, s. 146).
Lakin qurultay bu məsələlər üzrə qətnamə qəbul etmədi və onların həllini Müəssislər Məclisi
çağırılana qədər təxirə saldı. Buna baxmayaraq bu məsələlərə dair hümmətçilər tərəfindən bəzi
təkliflər irəli sürüldü. Fəhlə məsələsi üzrə komissiya adından çıxış edən qurultay nümayəndələrini
komissiyanın fəhlə məsələsinə dair qətnaməsi ilə tanış etdi. Qətnamədə fəhlələrin həyatında bir sıra
sosial islahatların keçirilməsi təklif olunur və qeyd edilirdi ki, bütün bu məsələlər yalnız Müəssislər
Məclisində qanunvericiliklə həll edilə bilər.
Torpaq məsələsi üzrə komissiya aşağıdakını təklif edirdi: “Qafqazda əməkçi kəndlilərin torpaq
ehtiyaclarını ödəmək məqsədilə bütün dövlət, udel və idarə torpaqlarının müsadirə olunması və xüsusi
torpaq mülkiyyətlərinin ədalətli qiymətlərlə məcburi şəkildə özgələşdirilməsi zəruri hesab olunur” (1,
s.38).
Məruzəçi belə hesab edirdi ki, torpaqdan istifadə edilməsi məsələsində meydana çıxa biləcək
bütün mübahisələr və anlaşılmazlıqlar kəndlilərin, torpaq sahiblərinin və qəza icraiyyə komitələrinin
nümayəndələrindən ibarət barışdırıcı komissiya tərəfindən həll edilməlidir.
Ancaq komissiya tərəfindən irəli sürülən təkliflər qəbul edilmədi və qurultayda bildirildi ki,
“torpaq məsələsini qanun üzrə həll etməli olan Müəssislər məclisi çağırılana qədər hər hansı bir şəxsin
torpaqının zəbt edilməsinə və bu torpağın zorla istifadə olunmamasına heç bir vəchlə yol
verilməməlidir” (11).
Qurultaya dəfət olunmuş iki qadının: Ş.Əfəndizadə və S.Talışxanovanın çıxışları maraqla
qarşılandı. Həmin qadınlardan sonra çıxış edən sabiq Bakı qazisi Mir Məhəmməd Kərim bu qadınların
şəriətə zidd olaraq, kişilərin qabağında üzüaçıq çıxış etməsini tənqid etdi. Bu, iclasda əks reaksiya
doğurdu və bütün zal ayağa qalxaraq, natiqin kürsüdən enməsini tələb etdi (7, s. 138). Qadın məsələsi
ilə bağlı qurultay qətnamə qəbul etdi. Qətnamə qurultayda iştirak edən bütün siyasi qüvvələrin
nümayəndələri tərəfindən rəğbətlə qaşılandı. Orada deyilirdi ki, “bütün başqa xalqlarda qadınlar
kişilərlə birlikdə cəmiyyətin ictimai-siyasi həyatında iştirak edir və öz millətinin tərəqqisi üçün
çalışırsa, Azərbaycan qadını cəmiyyətdən kənarda qala bilməz və qalmamalıdır” (11). Qurultayın 4-6-
cı iclaslarında din və məktəb işləri üzrə komissiyaların məruzələri müzakirə edildi. Təhsil məsələsinə
dair məruzə üzrə qəbul olunmuş “Türk dilində ümumi, məcburi və pulsuz təhsilin zəruriliyi haqqında”
qətnamədə türk dilində müəllim seminariyalarının, üniversitetin açılması nəzərdə tutulurdu. Dini işlər
üzrə məruzədə dini sahədə əsas qaydalar müəyyənləşdirilir, şiə və sünni dini idarələrinin vahid
orqanda birləşdirilməsi, vahid dini təhsil müəssisələrinin yaradılması təklif edilirdi. Qurultayda sünni
və şiə məzhəblərinə parçalanmaya son qoymaq haqqında qərar qəbul olundu (2, s. 114). Məruzə
ətrafında çıxış edənlər din məsələsində daha diqqətli olmağı, günün tələblərinə uyğun din
xadimlərinin hazırlanması üçün əməli tədbirlərin görülməsini diqqətə çatdırdılar.
|