ISBN 9952-418-91-1
© "ŞƏRQ-QƏRB", 2005
4
Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
"Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"
12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir
5
ÖN SÖZ
Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində
şöhrət tapmış parlaq şəxsiyyətlərdən biridir. O, yetmiş illik ömrünün tam
yarım əsrini çətin, lakin mənalı və şərəfli bədii, elmi və pedaqoji yaradıcılıq
işinə həsr etmişdir. Böyük uğurlarla nəticələnən bu çox şaxəli sahələrin hər
üçü yanaşı inkişafda bir-birini tamamlayıb zənginləşdirmiş və
dolğunlaşdırmışdır. Mir Cəlalın elmi məntiqi bədii ilhamına, həyata
sənətkar baxışına, estetik duyğu-düşüncələr sisteminə uyğun gəlirdi, bilik
potensialı, zəka və təfəkkür işığı sənətini də təbii məcraya yönəltməyə
kömək edirdi. Alim-müəllim Mir Cəlalı düşündürən bir çox mətləblər,
müəyyən elmi-pedaqoji fıkirlər bədii yaradıcılığında da qoyulub, əsasən
həyati surətlər və obrazlı vasitələrlə həll olunurdu.
O, milli şifahi ədəbiyyatın, klassik və müasir bədii nəsrin ən yaxşı
ənənələri əsasında yetişib, mahir hekayə ustası və romançı kimi
yüksəlmişdir.
Müəllifin adamlarımızı mərhələ-mərhələ inkişafda əks etdirən, güldürə-
güldürə düşündürüb fəaliyyətə çəkən onlarca hekayə və novellası,
ədəbiyyatımızın qızıl fonduna düşmüş bir çox romanı, ciddi monoqrafik
tədqiqatları, dərin elmi-nəzəri mülahizələri, gərəkli dərs vəsaitləri, aktual
problemlərə dair maraqlı məqalə, çıxış, oçerk və publisist yazıları geniş
istifadə olunan faydalı və etibarlı mənbələrdir.
Mir Cəlal (Cəlal Əli oğlu Paşayev) 1908-ci il aprelin 26-da Cənubi
Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. Lakin sonralar Gəncə
şəhərinə gəlmiş, ibtidai təhsilini burada almış, uşaqlıq və ilk gənclik illərini
burada keçirmişdir. 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş,
qurtaranda Gədəbəy yeddiillik məktəbinə müəllim göndərilmişdir. 1929-
1930-cu illərdə l saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində
çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat
fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət
Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirmiş,
"Kommunist" və "Gənc işçi" qəzetlərində işləmişdir. 1933-cü ildə SSRİ EA
Zaqafqaziya filialı Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi
götürülmüş, 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət
Universitetində müəllimlik etmişdir. 1940-cı ildə "Füzulinin poetik
xüsusiyyətləri" tədqiqatına görə filologiya elmləri namizədi, 1947-ci ildə isə
"Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsərinə görə fİlologiya
elmləri doktoru adına layiq görülmüşdür. Yazıçılıq,
6
alimlik, müəllimlik sənətini yanaşı - əlaqəli davam etdirərək uzun müddət
respublika Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunda
şöbə müdiri, 1961-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət
Universitetində kafedra müdiri və müəllim işləmişdir. O, Füzuli irsinin
sovet dövründə ilk gözəl tədqiqatçılarından biri, XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli mütəxəssisi, müasir ədəbi proseslə ciddi maraqlanan
nüfuzlu alim, respublikanın əməkdar elm xadimi, milli kadrların
hazırlanması, gənc nəslin yetişməsi və təlim-tərbiyəsi sahəsində böyük
əməyi olan istedadlı pedaqoq idi. Xalqına qeyrət və vicdanla xidmətlər
göstərmiş Mir Cəlal 1978-ci il sentyabrın 28-də vəfat etmişdir.
Ədəbiyyata 20-ci illərin axırlarında şeirlə gələn Mir Cəlalın bədii
istedadı nəsr növündə parlamışdır. İlk hekayə və oçerkləri 1930-cu ildə çap
olunmuşdur. Dövrün ruhuna uyğun olaraq "Sağlam yollarda" (1932)
adlandırdığı ilk oçerklər kitabında o, müasir həyat və insanlarla bağlı
müşahidələrini canlı dillə qələmə alırdı. Lakin Mir Cəlalın ədəbi fəaliyyəti
üçün hekayə və roman janrları əsas olmuşdur. O, hər şeydən əvvəl, mahir
hekayə ustasıdır. Sovet dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının
inkişafında böyük xidmətlər göstərmişdir. İnsanda sağlam duyğular, xoş
arzu-ümidlər oyadan, gerçəkliyə baxışa həqiqət işığı, tənqidi ruh və ayıqlıq
hissi gətirən, haqsızlığa, nöqsan, eybəcərlik və mənfiliyə qarşı mübarizə
keyfiyyəti aşılayan bədii gülüş ədibin yaradıcılığında mühüm tərkib hissə,
əsas estetik əlamət və məziyyətlərdəndir. 30-cu illərdə ədəbiyyata "Mirzə",
"Həkim Cinayətov", "Mərkəz adamı", "Kağızlar aləmi", "Təzə toyun
nəzakət qaydaları", "Bostan oğrusu", "Kələntərovlar ailəsi", "Anket
Anketov" tipli dəyərli hekayələr gətirmiş Mir Cəlal tənqid oxunu hədəfə
qarşı cəsarətlə yönəldə bilirdi. Özünəməxsus realist qələmlə savadsız
mirzələri, başgirləyən müəllimləri, cinayətkar həkimləri, "mərkəz adamı"
Əntərzadələri, arvad alıb boşamaqla varlanan Balaxanları, mənəviyyatca
pozulub "murdar cənazə"yə çevrilən Səadət xanımları, "nəzakət" pərdəsi
altında çirkin simalarını gizlədənləri, bürokrat Anket Anketovları vəziyyət
və şərait konkretliyində rüsvay edib, oxucuya tanıdırdı.
Mənfı ehtirasların təsiri ilə biri digərindən qisas almağa can atan
qardaşlar da, "dəm-dəsgah hərisi" və əsiri ər-arvadlar da müəllifin
diqqətindən yayınmırdı. Onun gülüşə böyük əhəmiyyət verdiyi, komik
duyğu və incə idrak qabiliyyəti ilk hekayəsindən ("Müəllim", "Qızıl
Gəncə", 1930, N°3) başlayaraq getdikcə güclənmişdir. "Kağızlar aləmi" və
"Anket Anketov"da bürokratik iş üsulu və düşüncə tərzi tənqid-ifşa obyekti
seçilmişdi.
Rəisi olduğu trestdə adamları şəxsi ləyaqətinə, bacarığına, xarakterinə
7
görə yox, "liçni delo"suna görə növlərə ayıran, canlı insanlara "iş
qovluqlarının səyyar kölgələri" kimi baxan, hər kəsin tərcümeyi-halında
"əmma" tapıb onu özündən asılı etmək istəyən Anket Anketov bürokrat tipi
kimi ümumiləşdirilmişdir.
Diqqəti zahiri effektə yox, daxili mənaya, səciyyəvi əlamətə yönəltmək,
obrazı konkret əməlləri, duyğu-düşüncələri, fərdi və ümumi cizgiləri ilə
canlandırmaq Mir Cəlal sənətini dəyərləndirən keyfiyyətlərdəndir.
Müəllifın əlvan mövzulu hekayələrində həyat bir rəngli deyil, müxtəlif
sahələri, əxlaqi-tərbiyəvi motivləri, ailə-məişət məsələləri, adi əhvalatları,
dərin mətləbləri, aktual və gərəkli hadisələri ilə tədqiq olunurdu.
Yumoristik və satirik əsərlərində lirika olduğu kimi, lirik əsərlərində də
çox vaxt mənalı gülüş, tənqidi ruh vardı. "Qonaqpərəst", "Dost görüşü",
"Vicdan əzabı" və "Müalicə"dən ibarət "Həkim hekayələri" (1938-1939)
silsiləsində yazıçı yalnız mənəviyyatca yox, fıziki cəhətdən də sağlam
adamlar yetişdirməyi vacib sayır, bədii əyaniliklə zərərli vərdiş, yanlış
etiqad və əxlaqi naqislik hallarına qarşı çıxırdı. O, bəzən sərt, kəskin, bəzən
mülayim-yumşaq, ayıldıcı-saflaşdırıcı gülüşə arxalanırdısa, bəzən də lirik-
psixoloji motiv və məqamlara üstünlük verirdi.
Mir Cəlal ədəbiyyata "yenişələn insan" surətləri də gətirdi. Əməkçi
insanın, xüsusən Azərbaycan qadınının taleyi, fıkri-mənəvi təkamülü ədibi
ciddi düşündürən problem idi. Bu baxımdan "Dəzgah qızı", "Gözün aydın",
"Badamın ləzzəti", "Nanənin hünəri" forma və məzmun xüsusiyyətləri,
bədii detalları, müqayisə və təsvirləri ilə cazibəli hekayələrdi. Amma onlar
əsasən sovet ideologiyası, sosialist varlığının tələb və vəzifələri
mövqeyinden qələmə alınmışdı. Qadının yenilik axtarışları, hüququ uğrunda
mübarizə cəhdləri, şəxsi-ictimai təşəbbüskarlığı sosial mühit və amillərin
təsiri, yeni əlaqə və münasibətlərin nəticəsi kimi ümumiləşdirilmişdi.
1941-1945-ci illər müharibəsi dövründə Mir Cəlal daha da fəallaşdı,
"Yollar", "Anaların üsyanı", "Vətən yaraları", "Şərbət", "Mərcan nənə",
"Havalı adam", "Silah qardaşları" kimi çoxlu hekayələr yazdı. Bunların
bəzisində səfərbərlik ruhu və cəbhəyə yollanmaq əzmi əks etdirilirdisə,
digər qismində faşizmə qarşı mübarizəyə qalxan döyüşçü surəti yaratmaq
niyyəti əsasdı. Söz yox ki, Mir Cəlal da bütün ölkəni Vətən kimi qəbul edir,
onun müxtəlif milli tərkibli ordusuna ümidlər bəsləyirdi. Ona görə əsgərin
həm fıziki, həm də mənəvi qüdrəti, onu mübarizəyə çəkən amillər
araşdırılırdı. "Vətən yaraları" o zaman böyük rəğbətlə qarşılandı,
döyüşçülərin, "oxucuların əlindən düşməyən bir əsər" oldu.
8
Mir Cəlal hərbi-vətənpərvərlik mövzusunda yazdığı kimi, arxa cəbhə
adamlarından, onların iş, arzu və qayğılarından, sevinc və kədərindən də
həssaslıqla danışırdı. Ədəbi-estetik qayəsinə uyğun olaraq o, hekayələrində
konkret lövhə də çəkir, ümumi təsvirə də keçir, odlu publisistikaya, həzin
lirikaya, bədii gülüşə də müraciət edirdi. Həyatla ölümün təzadından təsirli
səhnələr də yaradırdı. "Anaların üsyanı'nda coşqun publisistika ilə təsirli
lirika uyuşub birləşirsə, "Xəbər-ətərsiz"də həm konkret hissi, həm də
ümumi publisist təqdim əsasdırsa, "Odlu mahnılar" lirik-romantik süjeti,
həzin ahəngi, incə ruhu ilə səciyyəvidirsə, "Çəkmə", "Ər və arvad" mənalı
yumor və satira xüsusiyyətləri ilə seçilirdi...
Müharibədən sonrakı illərdə Mir Cəlal həyatın müxtəlif sahələrinə
müraciət edir, seçdiyi mövzu-mətləbi aydın estetik baxışla işləyib bədii
şəklə salmağa can atırdı. "Od içindən çıxanlar" (1945) silsilə hekayələrində
gözləri ilə dəhşətlər görmüş insanlar haqqında söhbət açır, onların
fədakarlığını, arzu və məqsədlərini işıqlandırırdı. Digər bir sıra
hekayələrində isə müharibə siyasətini pisləmək, xalqları zülmə, əsarətə,
haqsızlığa qarşı, sülh və azadlıq uğrunda mübarizəyə çağırış ideyası əsasdır.
Bu əsərlər içərisində "Badam ağacları" xüsusi seçilir və nəsrimizin qiymətli
nümunəsi kimi diqqəti cəlb edir. Real fakt, mənalı təfərrüat və canlı
xarakter vasitəsilə, möhkəm süjetdə təbii əks olunmuş hadisə və vəziyyət
əsasında müstəmləkə siyasətinin mahiyyəti açılırdı. Ədibin realist üslubunu,
təsvir-təcəssüm üsulunu əlvanlaşdıran bir keyfiyyət burada da gözlənilirdi.
Həyat faktının, ictimai hadisənin, mənəvi-psixoloji ovqatın inikası, ideya-
bədii məzmunun tələbi ilə əlaqədar hekayədə incə lirika da, kəskin satira da
var; bəzən ayrılıqda, bəzən də qovuşuq halında.
Tərbiyə problemi, müəllim-şagird-tələbə münasibətləri Mir Cəlalın
yaradıcılığında xüsusi yer tutur. Ağıllı, namuslu, mərd övlad, həqiqi
vətəndaş böyütmək haqqında düşünən, zəhmət çəkən, yollar axtaran ata-
anaları, baba-nənələri, müəllim-tərbiyəçiləri sənətkar məharətlə təsvir edir,
çox vaxt onların yaddaqalan maraqlı surətlərini yaradırdı. Tərbiyə
məsələlərində çalışırdı ki, quru nəsihətçiliyə uymasın, həyati müşahidələrə,
həssas müəllim-yazıçı duyğu və düşüncələrinə əsaslansın. Diqqətə layiq
uğuru da o zaman qazanırdı ki, qabaqcıl mövqedən qələmə aldığı əsərində
fıkirlə hissin, əqllə emosiyanın, bədii təfəkkürlə elmi mülahizənin,
yazıçılıqla müəllimlik məharətinin vəhdətinə nail olurdu. Ümumiyyətlə,
tərbiyə-əxlaq probleminə dair elə mövzular seçib, elə hadisə və surətlər
qələmə alırdı ki, onlar oxucunu düşündürüb, mənəviyyatca saflaşdırır,
düzgün istiqamətləndirir, məhəbbət və nifrət duyğuları ilə zənginləşdirirdi.
"Əsgər oğlu",
9
"Ulduz", "Plovdan sonra", "Elçilər qayıtdı", "Nazik mətləb", "Naxış",
"Vicdan mühakiməsi", "Müdafiə vəkili" və s. belə hekayələr idi.
İnsan həyatı və təbiətini gözəl görmək Mir Cəlalın ictimai-estetik
ideallarının özəyini təşkil edir, mənfıliyə qarşı mübarizə zərurətini də
şərtləndirirdi. "Səyyah xanım", "Xarici naxoşluq", "Dil və əməl", "Heykəl
uçulanda", "Rola girib", "O yana baxan", "Məhəbbət, yaxud qəlp pul",
"Hesab dostları", "Neçə cür salam var", "Möhür və məhəbbət"
hekayələrində, adlarından da göründüyü kimi, müəllifı daha çox həyatın
neqativ halları, mənfılik və eybəcərliyin müxtəlif təzahürləri narahat edir.
Müsbət ideal belə məqamlarda əsasən tənqidi münasibət vasitəsilə verilirdi.
Yazıçının məsələyə konkret baxışı, satira və yumora müraciəti obyektin
dərki, məzmun və mahiyyəti ilə üzvi şəkildə bağlanırdı. Bir çox hallarda
qarşılaşdırma üsulundan, bədii təzad və ziddiyyətlərdən məharətlə istifadə
edilirdi.
Mir Cəlalın müxtəlif səciyyəli çoxlu hekayələri içərisində realizmi səthi
olanları da var. Amma ədib çox zaman çalışırdı ki, dərinə nüfuz etsin,
ziddiyyətləri araşdıranda dolaşıq və dumanlı təsvirlərə uymasın, təmiz, sadə
və aydın dildə yazsın. Sənətin, yeri gələndə işarə və simvollarla danışmaq
səlahiyyətini də unutmurdu.
Mir Cəlal uzunçuluğu, sözçülüyü xoşlamır, yığcam, konkret və təbii
yazırdı. Bu, onun üslub xüsusiyyəti idi. Bütün bunları başqalarına da
tövsiyə edir, imkan düşdükcə öyrədir, müzakirə və redaktə zamanı
köməyini əsirgəmirdi. Təsadüfi deyil ki, akademik Məmməd Arif Mir
Cəlalın əsərlərindən aldığı xoş, güclü, unudulmaz təəssüratın başlıca
səbəbini, hər şeydən əvvəl, onun üslubundakı səmimiyyət, sadəlik və
təbiiliklə bağlayır, bu cəhəti ən yaxşı yazıçılara xas keyfiyyət kimi yüksək
qiymətləndirirdi.
Bu da təsadüfi deyil ki, Mir Cəlal hekayələrindən birində kiçik məclis
üzvləri arasında mühüm həyat probleminə dair başlanmış mübahisə və
müzakirələri qocaman müəllimin dili ilə yekunlaşdırır, ürəkdə olanları
cəsarətlə, açıq-aydın deyə bilməyi dünyada ən böyük xoşbəxtlik sayır, son
dərəcə aktual səslənən düşündürücü, geniş mənalı nəticəyə gəlirdi: "Məncə
bütün ölkələr, xalqlar, dövlətlər, başçılar öz vətəndaşlarına bu böyük və çox
nadir neməti bəxş etsələr, dünyada zülm, kədər yox olar, ədalət bərpa olar,
yer üzü işıqlanar, cənnətə dönər, insanlar "yüngülləşər", gözəlləşər, mələyə
dönər!
Yoxsa bu olmayınca əsl tərəqqi, kamil mədəniyyət, həqiqi sərbəstlik boş
söhbətdir. Bu olmayınca beyinlərdən şiş, ürəklərdən yara, ciyərlərdən
vərəm, zehinlərdən tüstü-duman, qəlblərdən kin-küdurət tamam
kəsilməyəcək!" ("Xoşbəxtlik barəsində", 1964).
10
Qocaman müəllim əslində Mir Cəlalın özü idi. O, həmişə xalqını azad,
xoşbəxt, mədəni, savadlı, intellektual səviyyəli və xoş güzəranlı görmək
istəmiş, bu nəcib, ali arzu-ümidlə də fəaliyyət göstərmiş, yazıb yaratmış,
əlindən gələni əsirgəməmişdir. Təbii ki, ömrünün axırınadək ardıcıl məşğul
olub, bir sıra klassik nümunələrini yaratdığı hekayələri zəngin irsində
mühüm yer tutur, dəyərini, aktuallığını və müasirliyini qoruyub saxlayır.
Mir Cəlal həm də istedadlı romançı idi; qələmindən "Dirilən adam"
(1934-1935), "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941),
"Yaşıdlarım" (1946-1952), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır"
(1952-1957) kimi romanlar çıxmışdır.
Azərbaycan romanının inkişafında, məzmun və formaca
zənginləşməsində onun da xidmətləri az olmamışdır. Romanlarından
üçünün mövzusu keçmiş, üçününkü isə müasir həyatdan alınmışdır. Maraqlı
süjet qurmaq, hadisələri və obrazları təbii məcrada qələmə almaq, mətləbi
yığcam, konkret və lakonik formada ifadə etmək bacarığı bu əsərlərin hər
birində özünü göstərir. Müşahidə dəqiqliyi və dərinliyi, həyat hadisələrinə
yaxından bələdliyi, insan psixologiyasını yaxşı duyması və bilməsi ədibin
sənətini səciyyələndirən xüsusiyyətlərdəndi.
1941-ci ildə tamamlanan, lakin müharibə başlandığı üçün 1944-cü ildə
("Vətən uğrunda", №2, 3, 4-5) çap olunan "Açıq kitab" müəllifin nisbətən
az öyrənilmiş, müasir mövzulu ilk romanıdır. Əsərin süjeti bilavasitə ziyalı
mühiti, məktəb həyatı ilə bağlansa da, o sahə ilə məhdudlaşmır, 30-cu illərin
mürəkkəb hadisələrindən də bəhs olunur. Dövrün bir sıra nöqsan və
mənfilikləri cəsarətlə açıqlanır, "gəldiyevçiliyin" ictimai xarakteri dürüst
müəyyənləşdirilirdi.
O zaman haqqında müxtəlif mülahizələr söylənən roman həm yüksək
qiymətləndirildi, həm də kəskin tənqid olundu. Bəziləri onu "həqiqətin
üzünə dik baxan əsər", Mir Cəlalı "ədəbiyyata həyat gətirən yazıçı"
adlandırır, bəziləri də "Açıq kitab"a başqa cür yanaşır, müəllifi həyat
həqiqətini təhrif etməkdə, varlığı birtərəfli qələmə almaqda, mütərəqqi
realist ənənələrdən uzaqlaşmaqda, zəif və sönük əsər yazmaqda
günahlandırırdı.
İllər keçdi. "Açıq kitab" həqiqəti əsasən inandırıcı və düzgün
canlandırdığı üçün yaşadı, ədəbiyyatımızın tarixinə qüvvətli realist əsər
kimi daxil oldu. Çünki doğrudan da "Mir Cəlal həmin əsərində həyata və
həqiqətə sadiq yazıçı, insan psixologiyasını dərindən bilən, onu təsvir və
təmkinlə əks etdirən, müasir varlığı dərin məhəbbətlə sevən sənətkar kimi
çıxış etmişdi" (Qulu Xəlilov). Burada həyat həqiqəti məharətlə qələmə
alınmış, varlıq tam halında konkret yaradıcılıq məqsədi baxımından
işıqlandırılmışdı.
11
"Açıq kitab" satirik roman olsa da, lirik və dramatik məqamları da az
deyil. Mir Cəlal həyatı əks etdirdiyi, həyatın təzadlarını açdığı, insan
münasibətlərinin konkret vəziyyət və şərait daxilindəki xarakterini, gözəllik
və çirkinliyin mahiyyətini göstərdiyi üçün həmin cəhətlər çox vaxt əlaqəli
şəkildə real təzahürünü və bədii təcəssümünü tapmışdır.
Bir çox mənfi xüsusiyyətlər, neqativ hallar, xoşbəxtliyi başqasının
bədbəxtliyi üzərində qurmaq ehtirası Kərim Gəldiyevin simasında
məharətlə tənqid və nifrət hədəfinə çevrilmişdir. Obrazın... “əzməsən
əziləcəksən, ayaqlamasan ayaqlanacaqsan... Güzəran, mənsəb cəhənnəmin
təkində də olsa enməyi bacar!" kimi "həyat fəlsəfəsi" var ki, onun hər şeyə -
varlığa, ailəyə, qadına, dosta, yoldaşa, işə münasibəti də ordan qidalanır.
Özünə rahat güzəran yaratmaq üçün heç nədən çəkinməyən tipin
fəaliyyətinin əsas istiqamət və mahiyyətini yalan danışmaq, böhtan atmaq,
hədə-qorxu gəlmək, tor qurmaq, satqınlıq və xəyanət etmək kimi
xüsusiyyətlər təşkil edir. Romanda Geldiyevin düşdüyü mühit də, ona
havadar çıxanlar da real boyalarla verilir. Əvvəllər törətdiyi cinayətlərin
üstü açılacağını görüb, "oxumaq" niyyəti ilə o, rayondan şəhərə qaçmış,
instituta girmişdir. İndi əməllərini başqa şəraitdə, təzə "dostlar" və tanışlar
əhatəsində davam və inkişaf etdirir. Gəldiyev "müasir" bürüncəkli rəzil,
təhlükəli və zərərli varlıqdır. Şəhərdə də qala bilməyib yenidən "əkilməyə"
çalışan, meşədə quru qarağac kötüyü üstündə əyləşib xəyala dalan Gəldiyev
daxilində bir səs eşidir: "Bir də göyərsəydim". Bu, mənalı işarə və ciddi
xəbərdarlıqdı. Bu o deməkdir ki, gəldiyevlər hələ ölməmişlər, "münbit"
zəminə düşən kimi imkan tapıb təzədən "cücərə" bilərlər. Belələrinə qarşı
ayıq-sayıq olmaq lazımdır. Bu, oxucuya hazır təqdim edilmiş mülahizə
deyil, hadisə və vəziyyətlərin inkişaf məntiqindən təbii yolla çıxarılan,
sənətkar qələmi ilə əsaslandırılan bir həqiqətdir.
Mir Cəlalın yaradıcılığında başlıca tədqiq və inikas obyekti, hər şeydən
əvvəl, insandır, onun mənəvi dünyası, fikri-hissi həyatı, mübarizə və
fəaliyyətidir. İnandırıcı surətlər, xarakterlər yaratmaq tələbi sənətkar Mir
Cəlalı da daim ciddi düşündürmüş və əksər hallarda o, məqsədinə nail
olmuşdur. Müəllifın realist qələmlə canlandırdığı surətlər bir-birinə
oxşamır, hərəsinin öz daxili aləmi həyata öz baxışı, öz təfəkkür tərzi,
orijinal xarakteri, bu xarakteri fərdiləşdirən və, ümumiləşdirən keyfiyyətləri
var.
İstər müsbətin təsdiqində, ona yol açılmasında, istərsə də mənfınin
inkarında, onun aradan qaldırılmasında müəllif qabaqcıl mövqedən çıxış
etməyə, düzgün prinsiplərə arxalanmağa çalışımışdır.
Mir Cəlal əsərlərində süjet inkişafını ləngidən təfərrüatlardan qaçmağa
cəhd edir, hadisə və mətləbin məğzini təşkil edənləri ön plana çəkir, fikri
12
bədii məqsədəuyğun, bəzən ciddi, bəzən də yumoristik tərzdə oxucuya
çatdırmağa diqqət yetirirdi. İstəyirdi ki, yaratdığı obrazların fəaliyyəti,
şəxsi-ictimai taleyi, həyat yolu, daxili aləmi, fərdi psixologiyası açılsın;
onlar münasib bədii cizgi və vasitələrlə səciyyələnsin. Ədibin əlvan, zəngin
sənət qalereyasında yaddaqalan surətlər az deyil. Bəbir bəy, Qədir, Qumru
("Dirilən adam"), Mərdan, Bahar, Sona, Hacı İbrahim Xəlil ("Bir gəncin
manifesti"), Vahid, Sadıq kişi, Kərim Gəldiyev, Rübabə ("Açıq kitab"),
Kərimzadə, Səlim, Nəriman ("Yaşıdlarım"), Yunis ("Təzə şəhər"), Sabir,
Əntiqə, Bəndalı ("Yolumuz hayanadır") və başqaları həmin yolla
yaradılmışdır.
Mir Cəlalın əsas hekayə və romanları həyati problemlər qaldıran,
mənəvi-əxlaqi və ictimai-sosial məsələlər əks etdirən oxunaqlı, məzmunlu,
tərbiyəvi əsərlərdir. Xalqımızın inkişaf yolunun və mübarizə tarixinin bir
çox mənalı və ibrətli səhnələri burada öz əksini tapmışdır.
Şifahi xalq ədəbiyyatı və klassik bədii irsin bir çox qabaqcıl, realist
ənənələrinin Mir Cəlal yaradıcılığında yeni məzmun və formada yaşaması,
inkişaf etməsi təsadüfi deyil. Çünki Mir Cəlal irsdən faydalanarkən
məsələyə heç vaxt formal yanaşmamış, zahiri təsirə qapılmamış, həqiqi
sənətə məxsus yol tutmuş, orijinal yazıçı kimi hərəkət etmişdir. Orijinallıq
küll halında özünü həmin əsərlərin ideya-bədii keyfiyyətlərində, hadisələrə
sağlam müəllif baxışında, obyektiv qiymət və təsvirlərdə göstərmişdir.
Xalq yaradıcılığı ilə canlı və qırılmaz əlaqə ədəbi əsərin yaşamaq
hüququnu təmin edən mühüm şərtlərdəndir. Ona ğörə də hər bir dövrün söz
ustaları məqsədlərinə müvafiq tərzdə, müxtəlif ölçü-şəkildə həmin zəngin
xəzinədən istifadə edib gözəl əsərlər yaratmağa çalışmışlar. Folklordan
istifadənin vasitə və yolları isə müxtəlifdir. Yazıçı folklordan mövzu, süjet,
motiv də götürə bilər, əsərində məsəl, atalar sözü, bayatı və sair nümunələr
də işlədə bilər. Lakin bu nümunələrin işlədilməsi hələ öz-özlüyündə hünər
sayılmamalıdır. Söz sənət və sənətkar haqqında getdiyi üçün məsələ şifahi
ədəbiyyatdan alınmış nümunələrin sayında, müxtəlifliyində, bolluğunda
deyil, onlardan harada, necə, nə məqsədlə istifadə etməkdə, hadisənin
mahiyyətini açmaq üçün onları tutarlı bədii vasitəyə çevirməkdə, mətləbin
üzərinə işıq salıb ümumiləşdirici nəticə çıxarmaq və yekun vurmaqda onlara
əsaslanmağı bacarmaqdadır. Əlaqə-faydalanma özünü yalnız ayrı-ayrı
folklor "ünsürləri"nin, nümunələrinin, vasitələrinin işlədilməsində, onlardan
bəzən olduğu kimi, bəzən də dəyişdirilmiş şəkildə istifadə edilməsində
deyil, sözün geniş mənasında, yaradıcılığın ümumi ruh və mahiyyətində
göstərməlidir. Əsas məsələ şifahi xalq
13
ədəbiyyatının, eləcə də klassik ədəbiyyatın incəliklərinə, zənginliklərinə,
məna gözəlliklərinə, dərindən bələd olub, onu bədii yaradıcılığın inkişaf,
öyrənmə və faydalanma mənbələrindən birinə çevirə bilməkdir. Həmin
qaynaqlardan qidalanıb milli zəmin üzərində "bərəkətli" ədəbi məhsul
yetirməkdir. Ədəbi mirasa yaxşı bələd olmaq və ondan yaradıcı
bəhrələnmək sənətkarın mənəvi dünyasını, bədii təxəyyül və fərdi üslubunu
zənginləşdirir, əsərinə milli-ictimai keyfiyyətlər gətirir, canlılıq, kolorit və
xəlqilik ruhu aşılayır.
Mir Cəlal da ədəbi mirasdan həmin sağlam və düzgün yaradıcılıq
prinsipi, ədəbi-estetik meyar əsasında istifadə etməyə, zəngin xəzinə ilə
əlaqəsini qüvvətləndirməyə çalışımışdır. Məna zənginliyi, fikir dolğunluğu
və ifadə gözəlliyi ilə seçilən atalar sözü və məsəllər yazıçıya həm də sözə
qənaət etməyi, aydın, yığcam, səlis və obrazlı yazmağı öyrədir.
Ümumiyyətlə, folklordan, xüsusən, onun bu "aforistik təfəkkür" növündən
Mir Cəlal da çox şey öyrənib faydalanmışdır. Bir çox atalar sözü və
məsəllər ədibin bəzi əsərlərinin bir növ ideya özəyini təşkil edir. Məsələn,
"Oğul" hekayəsində "Kölgədə bitən ağacın kölgəsi olmaz" kəlamı epiqraf
kimi götürülüb, hər kəsin öz zəhməti, qabiliyyəti sayəsində ucalması,
hörmət və şöhrət qazanması, xalq və cəmiyyət üçün faydalı olması fikri əks
etdirilir. "Yalan ayaq tutar, yeriməz" aforizmi "Yalan yeriməz" hekayəsinin
meydana gəlməsinə səbəb olmuşdur. "İbrətli sözlər" silsiləsindən "Pul
tapmışdım" hekayəsinin əsasında "Haram pul ev dağıdar", "Xatalı adam"da
isə "Çağırılan yerə ar eləmə, çağrılmayan yeri dar eləmə" hikməti dayanır
və s.
Qeyd edək ki, sənətkarın folklordan faydalanma imkanları, vasitə və
üsulları geniş, müxtəlif olduğundan bu, xüsusi tədqiqata möhtac bir
məsələdir.
Yaradıcılığının digər aparıcı qolunu elmi və tənqidi fəaliyyəti təşkil edir.
O, bu sahədə də heç kəsə bənzəməyən üslubu ilə seçilmiş, özünəlayiq
önəmli yer və mövqe tutmuşdur. Klassik irsin, xüsusən Füzuli sənəti və
sənətkarlığının araşdırılması, habelə XX əsr Azərbaycan ədəbiyyatı və
ədəbi məktəblərinin öyrənilməsi ədibi xüsusi maraqlandırırdı. "Füzulinin
poetik xüsusiyyətləri" (1940) yığcam əsəri ilə o, böyük şairin sənətkarlıq
hünərini təhlil etmək, dil-üslub vasitələrini aydınlaşdırmaq vəzifəsini
qarşısına qoydu, Azərbaycan filologiyasında yüksək qiymətləndirilmiş "ilk
mühüm addım" atdı. "Füzuli sənətkarlığı" (1958) kitabı isə alimin iyirmi
illik tədqiqatının yekunu, gərgin əməyinin və səmərəli axtarışlarının nəticəsi
idi.
14
Söz yox ki, alim zəngin ədəbiyyatımızın müxtəlif dövrləri, mühüm
hadisələri, maraqlı simaları haqqında az yazmamışdır. Amma o, daha çox
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəxəssisi sayılırdı. Çünki
həmin dövrün ədəbi-mədəni həyatını bütövlükdə tənqid etmək, ədəbi-
ictimai prosesin vacib məsələlərini, ayrı-ayrı yazıçıların yaradıcılıq
xüsusiyyətlərini araşdırıb öyrənmək sahəsində çox səmərəli işləmişdir.
Onun bu baxımdan səciyyəvi və əhəmiyyətli olan "Azərbaycanda ədəbi
məktəblər"i yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində də az rol
oynamamışdır.
Mir Cəlal eyni zamanda müasir ədəbi-nəzəri, elmi-tənqidi fıkrimizin
inkişafına ürəkdən can yandıran güclü qələm və ağıllı təfəkkür sahibi idi. O,
Azərbaycan ədəbiyyatının 70-ci illərədək keçdiyi yola, sənətkarlıq, realizm
və xəlqilik axtarışlarına, ədəbi prosesin mənzərəsinə, janrların vəziyyət və
imkanlarına dair məzmunlu çıxışlar edir, məqalələr yazır, tədqiqat işləri
aparırdı.
Zəngin ədəbi-mədəni irsinin bir hissəsi - 1939-1970-ci illərə aid bəzi
məqalələri "Klassiklər və müasirlər" (1973) kitabında toplanmışdır. Kitab
müəllifin axtarış həvəsi, elmi təfəkkürü, tədqiq-təhlil qabiliyyəti haqqında
aydın və canlı təsəvvür oyadır.
Mir Cəlal S.Vurğun, M.S.Ordubadi, Mirzə Cəlil, Ə.Haqverdiyev,
S.Rüstəm, Ə.Məmmədxanlı, Ə.Cəmil, İ.Əfəndiyev və başqaları haqqında
yazdığı məqalələrdə yeni söz demiş, sənətkarlıq sirləri kəşf etmiş, dəyərli
mülahizələr söyləmişdir.
F.M.Dostoyevskinin məşhur bir kəlamı var: "Biz hamımız Qoqolun
"Şinel'indən çıxmışıq". Mir Cəlal da müasir nasirlərimizi nəzərdə tutaraq,
"Biz hamımız Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxmışıq" deyirdi. Bu, bir
aforizm kimi səslənir və ədib onu tez-tez təkrar etməyi xoşlayırdı. O, Mirzə
Cəlili özünə ustad sayır, yaradıcılığını hamıdan yaxşı duyur, sevir, tədqiq
edir və yüksək qiymətləndirirdi.
Həqiqət naminə onu da qeyd edək ki, bir çox yazıçılarımız Mir Cəlalın
sərrast qələmi, xeyirxah və obyektiv təhlili nəticəsində daha da
populyarlaşmış, hətta bəzi başabəla tənqidçilərdən müdafiə oluna bilmişlər.
Onun bəzən kiçik bir replikası, tutarlı bir müqayisəsi, obrazlı bir cümləsi
tədqiq obyektinin mühüm bir cəhətini, yaradıcılıq xüsusiyyətini dürüst
müəyyənləşdirməyə kömək edirdi: Filan yazıçı həyatdan, filan isə kitabdan
gəlmişdir; Əhməd Cəmil az yazır, fəqət saz yazır; Ə.Məmmədxanlı özünün
məharətli qələmi ilə bəzən az ağlabatan vaqiələrə belə oxucunu inandıra
bilir və s. və i.a.
15
Mir Cəlalın mühüm bir xidməti də ədəbiyyat tarixi və dərsliklərinin
yaradılması ilə bağlıdır. O, "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi"nin (2-
ci cild), "Azərbaycan ədəbiyyatı tarixi"nin (2-ci cild), "XX əsr Azərbaycan
ədəbiyyatı" və "Ədəbiyyatşünaslığın əsasları" kitablarının əsas
müəlliflərindən, yaradıcı və təşkilatçılarından biridir. Rus ədəbiyyatının
böyük simaları haqqında da alimin dəyərli fikirləri vardır.
Təvazökarlığı gözləməyən, elmi etikadan kənara çıxaraq lovğalanan
tələbələrə Mir Cəlal ibrətli və faydalı tövsiyələr də edirdi: - Bəzi cavanlar
bir əsər yazmağa, bir tədqiqat aparmağa başlayan kimi sinəsini irəli vərərək
deyir: - Bu elm sahəsi məndən başlanır, onun ilk təməlini mən qoyuram.
Bu, çox pis xasiyyətdir. Qardaş, birdəfəlik bilin ki, heç nə sizdən, nə də
məndən başlanır. Ədəbiyyatşünaslığın hansı sahəsini götürsəniz, görərsiniz
ki, bizdən əvvəl yaşamış kişilər hər şeyi demişlər, tədqiq etmişlər, bizimki
olsa-olsa ümmana bir damla əlavədir. Məsələn, elə Aristoteli xatırlayın.
Ədəbiyyat nəzəriyyəsi sahəsində onun dediklərinə bir neçə əsrlər ərzində
bəşəriyyət çoxmu əlavə etmişdir? Əlbəttə, yox!
Mir Cəlal zəngin irs qoyub getdi. Elə bir irs ki, öyrənməli, nümunə
götürməli, davam və inkişaf etdirməli cəhətləri çoxdur. Elə bir irs ki, onda
dərin realizm gücünə malik sosial kəsərli bədii nümunələr, klassik və
müasir mənəvi sərvətlərə, ədəbiyyat tarixi və nəzəriyyəsinə dair maraqlı
tədqiqlər, məqalələr, fıkirlər mövcuddur. Bütün bunlar təsdiq edir ki, Mir
Cəlal zəngin miraslı yaradıcı şəxsiyyət kimi milli ədəbiyyatmız, elm və
mədəniyyətimiz tarixində yaşamağa layiqdir. O, ad və şöhrət ardınca
qaçmadı. Xalqına xidmət idealına arxalanaraq təbiətinə uyğun sadəlik və
təmkinlə işlədi, yazıb yaratdı və xatirələrdə əbədiləşdi.
Dostları ilə paylaş: |