XƏZƏR DƏNIZI SAHIL ZONASINDA HAVANIN TEMPERATUR POTENSIALININ
ARCGİS PROQRAMININ KÖMƏYI ILƏ QIYMƏTLƏNDIRILMƏSI
Leyli HƏSƏNLİ
Milli Aviasiya Akademiyası
leyli.hesenli@yahoo.com
AZƏRBAYCAN
Xəzər dənizi Azərbaycan sahil zonasının iqlim potensialının qiymətləndirilməsi mövzusu kifayət qədər aktual bir
mövzudur. Beləki, Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında Xəzər dənizinin rolu çox böyükdür. Onun sahili
ölkə əhalisinin ən sıx məskunlaşdığı regiondur, burada əhalinin 40%-i məskunlaşmış, paytaxt Bakı şəhəri və demək olar ki,
bütün sənaye obyektləri burada yerləşdirilmişdir. Və Azərbaycan üçün Bakının iqlim şəraitinin öyrənilməsinin hər
baxımdan əhəmiyyəti böyükdür. Bundan başqa kənd təsərrüfatı üçün əlverişli iqlim şəraitinin olması, rekreasiya potensialı-
nın qiymətləndirilməsi üçün də iqlim potensialı öyrənilməlidir. Azərbaycan iqtisadiyyatı üçün vacib əhəmiyyəti olan neft və
qaz ehtiyatlarıda (hasilatı) sahil zonasında yerləşir. Əsas beynəlxalq nəqliyyat yolları sahil zonasından keçir. Həmçinin
Heydər Əliyev adına beynəlxalq hava limanı sahil zonasındadır. Uçuşların təhlükəsiz şəraitdə keçirilməsi üçün meteoroloji
şəraitin öyrənilməsinin mühüm əhəmiyyəti var. Bütün bu sadalanan faktlar Xəzər dənizinin Azərbaycan sahil zonasının
iqlim potensialının qiymətləndirilməsi mövzusunun aktuallığını sübut edir. Bunun üçün hidrometeoroloji məlumatların
araşdırılmasının böyük əhəmiyyəti vardır. Tədqiqatın əsas məqsədi hidrometeoroloji şəraiti öyrənmək, iqlim potensialını
qiymətləndirməkdən ibarətdir. Bunun üçün sahil zonasında yerləşən meteoroloji məntəqələrdən alınan məlumatlarından
istifadə etmək məqsədə uyğundur. Əldə edilən nəticələr Xəzər dənizinin sahil zonasının iqlim potensialının qiymətlən-
dirilməsinə imkan verir.
Aparılan tədqiqatlar nəticəsində əldə edilən məlumatlar ArcGİS proqramında işlənilməsi mümkündür. Bu proqramda
praktiki iş aparıla və bir instrument kimi tədqiqatın aparılmasına köməklik göstərə bilər. Hər hansı meteoroloji elementin
dəyişmə dinamikasını ArcGİS proqramı vasitəsi ilə göstərmək mümkündür. ArcGİS -də bunun üçün bir çox instrument var
və onlar vasitəsilə əlverişli analiz aparmaq, qrafik təsvirlər əldə etmək mümkündür. Həmçinin proqramda əldə edilən
nəticəni göstərmək üçün bir çox üsul mövcuddur və bu üsullar olduqca operativdir. Yəni nəticəni tez bir zamanda vizual
olaraq göstərməyə kömək edir. Əsas məqsəd kartoqrafik metod vasitəsilə aparılan tədqiqatı vizual göstərməkdən ibarətdir.
Bunun üçün alqoritmlərdən istifadə edilir. Əsas yaranan problem meteoroloji məlumatların azlığından ibarətdir. Amma
istifadə edilən alqoritmlər az məlumatlarla əlverişli nəticələr əldə etməyə imkan verir. Buna görə də bu interpolyasiya
metodlarına müraciət etmək məqsədə uyğundur. Arcgis isə bizə bir neçə interpolyasiya metodundan istifadə etməyə imkan
verir. Aparılan tədqiqat zamanı istifadə olunan metod krikingdir. İşlənmə metodikası isə bir neçə məlhələdən ibarətdir.
Bunun üçün ilk növbədə ArcGİS-də şepfile yaradılmalıdır. Sonra Xəzər dənizi Azərbaycan sahil zonasının xəritəsi və
rayonların sərhədləri ArcGİS-də işlənilir. Əsas mərhələdə meteoroloji məntəqələrdən alınan çoxillik məlumatlar ArcGİS-ə
yerləşdirilir. Sonrakı məlhələdə məlumatları əldə edilən məntəqələr xəritə üzərində qeyd edilir. Bu yuxarıda sadalanan işlər
hazırlanma mərhələsi adlanır. Məlumatların az olması bu interpolyasiya metodlarına müraciət etməyə məcbur edir. Buna
gorə də, geostatistik analiz metodundan istifadə edilir. Və son nəticədə arcGİS-də xəritələr əldə edilir. Bu metod vasitəsilə
bir çox meteoroloji məlumatların dəyişmə dinamikasını vizual olaraq təsvir etmək mümkündür.
|