HÜSEYN CAVİDİN “BİR ZAMANLAR” ŞEİRİNİN LİNQVİSTİK TƏHLİLİ
Şövkət İSMAYILOVA
Qafqaz Universiteti
sismayilova@std.qu.edu.az
Bir zamanlar
Bir zamanlar sənin pəmbə kölgəndə,
Pək bəxtiyar idim, nazlı dilbərim.
Hənüz bəxtiyarlıq duyulmaz bəndə
Yalnız gülümsərdi məhzun gözlərim.
Ayrılıq nə yaman dərd imiş, aman!
Sənsiz halım gündən-günə pərişan
Vüslət dəmlərini anar da hər an,
İzlər yollarını yorğun gözlərim.
Sənsiz bütün duyğularım bunalmış,
Zehnim, fikrim durmuş həp dona qalmış.
Uyqum çəkilmiş, gönlümü qəm almış
Yalnız arar səni vurğun gözlərim.
H.Cavidə məxsus yuxarıdakı “Bir zamanlar” şeirinin linqvistik təhlilini aparmağımızda əsas məqsəd şairin ümumişlək
sözlərlə necə gözəl poetik nümunə yaratdığını isbat etməyə çalışamaqdır.
Əsərin ideyası. Şeirin məzmununu əsasən sevgilisindən ayrılan aşiqin çəkdiyi həsrət və izdirabın tərənnümü təşkil
edir. Burada aşiqin keçmiş günlərdə sevgilisiylə keçirdiyi anlardakı bəxtiyarlığını, araya düşmüş ayrılığa etdiyi sitəmləri,
keçmiş günləri anaraq çəkdiyi əzabları görürük. Şeirdə şair aşiqin dilindən sanki sevgilisiylə üz-üzə dayanaraq söhbət edir,
ürək sözlərini ona çatdırır.
|