FİKRƏT SADIĞIN ÇAP OLUNMUŞ SON – “HAZIRCAVAB” KİTABINA DAİR
Yeganə QURBANOVA
Bakı Dövlət Universiteti
y.q.87@mail.ru
XX əsrin 60-cı illərində yaradıcılığa gələn sənətkarlardan biri – Fikrət Sadığın zəngin ədəbi-bədii irsinə - şeirlər,
poemalar, hekayələr, kiçik pyeslər, elmi-publisistik məqalələr, tərcümələr və s. daxildir. İlk şeirlər kitabı “Cığır”la (Bakı:
Gənclik, 1963, 48 səh.) ədəbi-bədii fəaliyyətinin sonrakı, gələcək yollarına iz salan, özünəməxsus bir cığır açan şair bu günə
kimi 30-dan çox şeirlər kitabını çap etdirmişdir: “Ömrün bir günü” (Bakı: Azərnəşr, 1965, 40 səh.), “İşığın yaşı” (Bakı:
Gənclik, 1974, 199 səh.), “Seçilmiş əsərləri” (Bakı: Azərnəşr, 1991, 380 səh.), “İşlə ev arasında” (Bakı: Gənclik, 1997, 179
səh.), “Taleyin acığına” (Bakı: “Çinar-çap”, 2003, 526 səh.) və s. Fikrət Sadığın işıq üzü görmüş son kitabı “Hazırcavab”dır
(Bakı: Nərgiz nəşr., 2013, 201 səh.). Kitab iki bölmədən - “Atmacalar, deyimlər, zarafatlar” adlı birinci, və “Kəsə sözlər,
miniatür şeirlər” adlı ikinci bölmədən ibarətdir.
Əvvəlki kitablarında Fikrət Sadıq uşaqlar üçün yazdığı əsərlərini, Azərbaycanın təbii gözəlliklərinin, təbiətinin və s.
tərənnümünə həsr etdiyi şeirlərini, poemalarını yerləşdirmişdir. “Hazırcavab”da əvvəlki kitablarında qarşılaşdığımız dövr
haqqında və zamanın sosial-siyasi və mənəvi mənzərəsini göz önünə gətirən əsərləri toplanmışdır. Bütün bunlar kitabda
“Şeirlər” başlığı altında verilmişdir. Bunlara “Görür”, “Gənc bir əczaçıya”, “Al – sat”, “Bazar” və s. şeirləri nümunə
göstərmək olar.
“Atmacalar, deyimlər, zarafatlar” adlı birinci bölmədə Fikrət Sadıq dialoq qurduğu adamlarla etdiyi zarafat və atmaca
sözləri vermişdir. Buradan şairin hazırcavablığı bütün aydınlığı ilə görünməkdədir:
“- Dayı, mənə pianino al da, nə olar?
- Qızım, gücüm çatmır.
- Qonşuları çağırarsan, sənə kömək eləyərlər.
Qız hardan bilsin ki, “gücüm çatmır” – deyəndə, “pulum çatmır” – demişəm”.
Və ya :
“Bir dəfə kitabxanaçı qızdan Şeksprin “Sonetlər”ini istədim. Getdi üç saatdan sonra qayıtdı.
Dedim: - Allaha çox şükür ki, Homerin dalınca göndərmədim, yəqin ki, sabah gələrdin”.
|