II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
315
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Bu xüsusiyyətlərə Avropa ədəbiyyatında Umberto Eko, Patrix Züskind, Krüsyan Kraxt, Bartalim, Pinçon, Qabriel
Qarsia Markes və s. kimi sənətkarların yaradıcılığında çox rast gəlinir. Çağdaş Azərbaycan nəsrində isə Afaq Məsudun
“İzdiham”, “Dahi”, Kamal Abdullanın “Unutmağa kimsə yox”, “Sehirbazlar dərəsi”, “Yarımçıq əlyazma”, Elçin
Hüseynbəylinin “On üçüncü həvari”, “Yovşan qağayılar”, “Metro vadisi”, Seyran Səxavətin “Yəhudi əlifbası”, “Nekroloq”,
İlqar Fəhminin “Aktrisa”, “Bakı haqqında kollaj” və s. əsərlərində bu cərəyana xas olan bir sıra xüsusiyyətlərə rast gəlmək
mümkündür. Adı çəkilən bu müəlliflər arasında biz daha çox Seyran Səxavətin “Nekroloq” romanını təhlilə cəlb etmək
istərdik. Bu romanda həmin cərəyana xas olan dünyaya ironik baxış, mifin dekonstruksiyası, dəyərlərin itirilməsi, rəmzi-
bədii ümumiləşdirmələrdən istifadə və s. xüsusiyyətlər diqqəti cəlb edir. Çox qəribədir ki, gündən-günə “modernləşən”
dünya insanın mənəvi aləmini qətiyyən zənginləşdirməyə xidmət etmir, əksinə, onu maddiyyatın əsirinə çevirir. Bu hal
onsuz da aşınmağa meyilli olan insanı, adamda adamlığı daha da aşındırır və beləliklə, insan özünün Ali məqsədlər üçün
yaradıldığını və mənən kamilləşmək kimi bir müqəddəs vəzifəsi olduğunu düşünmür. Bazar iqtisadiyyatı şəraitində yaşayan
və bazar təfəkkürü daşıyan insan özünə yaradılışın əşrəfi kimi yox, əmtəə kimi yanaşır. Artıq onun düşüncəsində Ədalət,
Xeyirxahlıq, Ruhani Gözəllik kimi dəyərlər öz yerini Şöhrət, Nüfuz, Sərvət kimi məfhumlara verir. Bu şəkildə dəyərlərin
itirilməsi, mənəviyyatın korlanması, insanlığın aşınması kimi problemlər S.Səxavətin “Nekroloq” romanında ön plana
çəkilir və müəllif insani başlanğıcın zədələndiyi, deformasiyaya uğradığı məqamlarda insanı özünə, öz tarixi keçmişinə
qaytarmağa və ona təkrarolunmaz fenomen olduğunu sübut etməyə çalışır. Yazıçı bəzən hadisə və obrazlara istehza, ironiya
ilə baxır və əslində, bu yolla insanı düşünməyə, daxilindəki qüsurlardan arınmağa və özünüdərk etməyə sövq edir.
Şəxsiyyətin özünüdərki məsələsi postmodernizmdə əsas məqamlardan sayılır. Məhz fərdin, şəxsiyyətin, cəmiyyətin
özünüdərki, bütövlükdə milli oyanış və özünüdərk Seyran Səxavətin sənət kredosu, yaradıcılıq konsepsiyasıdır.
“Nekroloq” romanının sonlarında yazıçı “xalq düşməni” kimi ümumiləşdirilmiş bir obraz yaradır, hansı ki, həmin
obraz əsərin əvvəlində “xalqın xilaskarı kimi təqdim olunmuşdu. Bu isə mifin dekonstruksiyasıdır. Yəni, uzun zamanlar
insanların beynində mifləşmiş, ehkamlaşmış olan köhnəlikləri dağıtmaq, maskanı yırtmaq, özünü cəmiyyətə “xilaskar kimi
sırıyanların” “astarını üzünə çevirmək”, həqiqi mahiyyətini açmaq, əsl gerçəkliyi çılpaqlığı ilə ortaya qoymaq cəhdidir.
Nümunələrdən də görünür ki, S.Səxavətin nəsrində postmodern estetikanın elementləri bu və ya digər formalarda özünü
göstərməkdədir.
Dostları ilə paylaş: |