MÜASİR AZƏRBAYCAN NƏSRİNDƏPOSTMODERNİST ESTETİKANIN İZLƏRİNƏ
DAİR(Seyran Səxavətin bədii nəsri əsasında)
Xəyalə ƏFƏNDİYEVA
Azərbaycan DillərUniversiteti
elshenxeyale@box.az
Çağdaş dövrdə yaranan Azərbaycan nəsri mövzu seçimi, problem aktuallığı, məzmun orijinallığı, ideya, baxış yeniliyi
ilə diqqəti çəkməkdədir. Bu əsərlərdə qoyulan problemlər və onların bədii həlli də özünəməxsusluğu ilə seçilir.
Ümumiyyətlə, bəhs edilən dövrdə yazılan əsərlərdə bizi əhatə edən mikro və makromühitdə gedən bu və ya digər
proseslərin insan mənəviyyatına, düşüncə və fikir aləminə etdiyi təsirlər də öz bədii əksini tapmaqdadır. Bir az daha ətraflı
desək, qloballaşan dünyada baş verən hadisələrin və bununla bağlı çağdaş insanın mənəvi-psixoloji aləmində yaşananların
ədəbiyyatda təsirini açıq-aydın müşahidə etmək mümkündür. Müasir dövrdə həm dünya, həm də Azərbaycan ədəbiyyatında
bir-birindən fərqli orijinal üslublar, cərəyanlar, formalar yaranır ki, bu da bədii sənətdə dinamik inkişaf prosesini açıqca
nümayiş etdirir.
Ədəbi-bədii fikrin hər bir mərhələsi, o cümlədən cərəyan və üslublar konkret estetik hadisə kimi meydana çıxır,
özünün poetik sistemi və estetikası ilə reallaşır. Hər bir milli ədəbiyyat kimi, Azərbaycan ədəbiyyatı da dünya ədəbiyyatı
axarına öz kökləri, tarixi təcrübəsi, estetik bazası ilə qoşulur. Tipoloji yanaşma çox zaman hansısa bir cərəyanın bir xalqa,
bir millətə, bir coğrafi regiona, bir milli mədəniyyətə aid lokal hadisə deyil, ümumdünya hadisəsi, bəşəri bir proses kimi
dərkinə yol açır. Bu baxımdan XX yüzilliyin sonlarında fəallaşan postmodernizm cərəyanı Avropada, eləcə də Azərbaycan
ədəbiyyatında mühüm ədəbi-estetik hadisə kimi dəyərləndirilir. Əslində, postmodernizm heç bir konkret fəlsəfəyə və ya
nəzəriyyəyə itaət etmir. Postmodern roman deyiləndə ilk olaraq yada “dil oyunları” düşür. Çünki bu əsərlərdə dil
çoxmənalılıq xarakteri daşıyır, şərti metaforik üslubun ifadə imkanlarından, mif və folklor motivlərindən, rəmzi bədii
ümumiləşdirmələrdən, simvolizmdən yeri gəldikcə geniş istifadə olunur, üstüörtülü, sətiraltı, müxtəlifyozumlu deyimlər
dilin çoxmənalılığını ortaya çıxarır. Həmçinin bu əsərlərdə mətn içində mətn, fraqmentallıq, mifin dekonstruksiyası,
montaja, kollaja meyil, psixoloji-dedektiv elementlərin olması, tarixin, tarixi şəxsiyyətin parodiyası, yozumun
çoxvariantlılığı, dəyərlərin itirilməsi, dünyaya ironik baxış və s. xüsusiyyətlər müşahidə olunmaqdadır.
|