II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
442
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Azərbaycanda ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir. İbtidai təhsilin məqsədi
təhsilalanlara oxumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati
biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. Azərbaycanda
ibtidai təhsil altı yaşdan başlanır və 1-4-cü sinifləri əhatə edir.
İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq, yazmaq və hesablama qabiliyyəti yaratmaq, onlarda insan, cəmiyyət və
təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətləri
formalaşdırmaqdan ibarətdir. İbtidai təhsil müvafiq təhsil proqramına (kurikulumuna) əsasən həyata keçirilir. Azərbaycan
Respublikasında ibtidai təhsil altı yaşdan başlayır və birinci-dördüncü sinifləri əhatə edir."
Müstəqillik illərində ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatında baş verən çox ciddi dəyişikliklər,
toplumumuzun gələcəyə yönəlik hədəflərinin yenidən müəyənləşdirilməsi təhsilin məqsəd və vəzifələrinə tamamilə yeni
baxış tələb edir.
Bu gün ümumtəhsil məktəblərimizin qarşısında duran başlıca vəzifə, yaddaşyönümlü təhsildən şəxsiyyətyönümlü
təhsilə keçməklə vətənsevər, azadlıqsevər, bazar iqtisadiyyatı səraitində özü, ailəsi və dövləti üçün faydalı olmağı bacaran,
məsuliyyətli vətəndaşlar yetişdirməkdir. Bu məqsədlə ölkəmizdə tamamilə yeni və müasir təhsil şəbəkələrinin
yaradılmasından tutmuş, müəllimlərin ixtisasının artırılmasına və yenidən hazırlanmasına qədər ən müxtəlif işləri əhatə
edən böyük layihələr həyata keçirilməkdədir.
Belə vacib layihələrdən biri də özündə təhsilin məzmununun, təlim strategiyasının və qiymətləndirmə konsepsiyasınin
yenidən qurulmasını ehtiva edən fənn kurikulumlarının hazırlanmasıdır. Çünki təhsilin məzmunu və təlim metodları dövrün
tələbinə uyğun olmadıqca onun səviyyəsinin aşağı düşməsi qarşısıalınmaz prosesə çevrilir. Bəziləri kurikulumu tədris
proqramı ilə müqayisə edir, onlar arasında oxşarlıqlar axtarmaqla aralarında “bərabərlik işarəsi” qoymağa çalışırlar. Əlbəttə,
bu səhv yanaşma sənədin təməl fəlsəfəsini düzgün anlamamaqdan irəli gəlir.
Tədris proqramı yalnız fənn üzrə mənimsənilməli bilik, bacarıq və vərdişlərin məzmununu və həcmini müəyyən edir.
Kurikulum isə təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə
imkan yaradan konseptual sənəddir. Burada fənn üzrə ümumi təlim nəticələri, təlimin məzmunu (məzmun standartları),
şaquli və üfüqi inteqrasiya, müəllim və şagird fəaliyyətlərinə aid texnologiyalar, şagird nailiyyətlərinin qiymətləndirilməsi
məsələləri əhatə olunur.
İnkişaf etmiş ölkələrin təhsil təcrübəsi göstərir ki, çağdaş insan yetişdirmənin ən doğru yolu, şagirdi sinifdə təlimin
obyekti kimi yox, subyekti kimi qəbul edən şagirdyönümlü interaktiv təlim metodlarından və inteqrativ fənlərdən
bəhrələnməkdir. Ona görə də yerli və beynəlxalq təcrübələr nəzərə alınmaqla, Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyasına (Milli Kurikuluma) bu vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaq yeni fənn – “Həyat bilgisi”
fənni də daxil edilmişdir. Fənnin ibtidai və əsas təhsil pillələrində tədris olunması nəzərdə tutulur.
“Həyat bilgisi” – şagirdin özünü bioloji, psixoloji, sosial və mənəvi tərəfləri ilə bütöv bir varlıq kimi dərk etməsi və
reallaşdırması üçün lazım olan bilik, bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən
inteqrativ fəndir. Başqa fənlərdən fərqli olaraq “Həyat bilgisi” konkret bir elmin əsaslarını öyrətmir. Ümumtəhsil
məktəblərində tədris olunan təbiət və sosial fənn sahələrinə aid müəyyən elementləri əhatə edir. Bununla bağlı fənn
kurikulumunda dörd məzmun xətti müəyyən edilmişdir.
Təbiət və biz
Fərd və cəmiyyət
Mənəviyyat
Sağlamlıq və təhlükəsizlik
Kurikulumda əsas diqqət şagirdin nümayiş etdirməli olduğu fəaliyyətlərə yönəldilir. Bu, bacarıqlar şəklində müəyyən
olunmuş standartlar və onların ye¬rinə yetirilməsini təmin edən alt-standartlar sistemi vasitəsilə ifadə olunur. Məsələn, I
sinif şagirdinin “ Müşahidə etdiyi varlıqların və təbiət hadisələrinin mahiyyətini anladığını nümayiş etdirməsi” üçün onun
aşağıdakı alt-standartlarda nəzərdə tutulmuş bacarıqlara yiyələnməsi lazımdır:
1. Varlıq və hadisələri xarakterik əlamətlərinə görə fərqləndirməsi.
2. Varlıq və hadisələri sadə şəkildə təsvir etməsi.
Standart – norma, nümunə, ölçü deməkdir. Sivil ölkələrdə istehsal olunan hər bir məhsul üçün dövlət tərəfindən
müvafiq standart müəyyən edilir.Bunu dövlət, istehlakçı və istehsalçı arasında bağlanmış üçtərəfli ictimai müqavilə də
adlandırmaq olar.İstehsalçı hamı üçün şəffaf olan bu standartlara ciddi surətdə əməl etməyə məcburdur.Çünki onun
məhsulunun keyfiyyətinin standarta uyğunluğuna həm dövlət orqanları, həm də istehlakçılar asanlıqla nəzarət edə bilirlər.
Şagird də bir növ məktəbin “məhsul”udur.Yaşadığımız dövr ailənin və dövlətin sifarişi ilə hazırlanan bu “məhsul”a da
standartlar tətbiq olunmasını tələb edir. Ona görə də bu kontekstdə: Standart – özündə çağdaş insan haqqında ictimai idealı
əks etdirən və bu ideala çatmaq üçün həm konkret şagirdin, həm də mövcud təhsil sisteminin imkanlarını nəzərə alan
savadlılıq, bacarıqlılıq və mədənilik parametrlərinin dövlət normalarıdır.
Əlbəttə, bu parametrlərin yuxarı həddini təsbit etmək olmaz.Ona görə də kurikulumda məzmun, özündə dəqiq
yoxlanılması və qiymətləndirilməsi mümkün olan vacib bilik, həyati bacarıq və dəyərlərin minimum həddini ehtiva edən
standartlar əsasında qurulub.Onlar həm müəllimin, həm də şagirdin fəaliyyətini nizamlamağa imkan yaradır.
|