NƏTİCƏ
Yazdığımız elmi işin mahiyyəti ondan ibarətdir ki, dahi Azərbaycan şairi Nizami
Gəncəvinin həyat və yaradıcılığına bir daha nəzər salıb, onun əsl azərbaycanlı olmasını
tutarlı dəlillərlə əsaslandıraq. Artıq indi bütün dünya ədəbiyyatşünas, alim və
şərqşünasları etiraf edirlər ki, Nizami Azərbaycan xalqının layiqli oğludur.
İran alimlərinə gəlincə əvvəllər bunu etiraf etməkdən çəkinsələr də, indi göstərilən
faktlar onu sübut etdi ki, Nizami, Gəncə şəhərinin ən hörmətli sakinlərindən biri olmuş
və bu şəhərdə də dünyaya göz açmışdır.
Gəlin nəticə olaraq aşağıdakılara nəzər salaq:
1.
Nizami doğulub boya-başa çatdığı Gəncə şəhərini özünə təxəllüs seçmişdir.
2.
Şairin məzarının da məhz bu şəhərdə olması əsas amillərdən biridir.
3.
Atası, babası və dayısı da o dövr Gəncənin savadlı və tanınmış adamlarından idilər.
4.
O dövr yəni XII əsrdə Azərbaycanda intibah dövrü sayılır. Gəncədə Əbu Üla Gəncəvi,
Qivami Gəncəvi, Məhsəti Gəncəvi kimi şairlərin olması, sənətkarlıq, ipəkçilik,
xalçaçılıq, dulusçuluq və ticarətin inkişafı, ipək yolunun Gəncədən keçməsi Nizami
kimi bir şəxsiyyətin də yetişməsində böyük rol oynamışdır.
5.
Nizaminin farsca yazmasına səbəb orta əsr şeir dilinin fars dili olmasıdır. Axı, Nizami
bu ənənədən geri qala bilməzdi. Əks halda o, bütün Yaxın və Orta Şərqdə
tanınmayacaqdı.
6.
Nizamidə işlədilən türk sözləri və Azərbaycan zərbi-məsəlləri hətta fars şeirinin
əsasını qoyan Firdovsidə də yoxdur. Ona görə Nizamini 30 il tədqiq etmiş böyük İran
alimi V.Dəstgerdi demiş ki, Nizamidən türklük qoxusu gəlir. O, Nizamini 100
dəfədən çox oxuyan, onu ən çox tədqiq edən alimdir.
7.
Nizami, dünyanı fəth etmiş İskəndəri Azərbaycana gətirməklə, onu Bərdə hökmdarı
Nüşabənin qarşısında çətin duruma salması, ancaq şairin vətənpərvərliyi ilə bağlıdır.
8.
İran ədəbiyyatşünasları dərk etmişlər ki, onların ədəbiyyatı dünya ədəbiyyatının
dəyərli hissəsidir. Əgər Nizamini oradan təcrid etsələr, onda bu ədəbiyyat yetim qalar.
9.
Nizamini təhlil və tədqiq etməklə dünya ədəbiyyatına töhfələr vermiş olarlar.
137
10.
SSRİ-nin o zamankı rəhbəri Stalin əmr vermişdir ki, Nizaminin 800 illik yubileyi
böyük təntənə ilə keçirilsin. 1941-ci ildə alman faşizminin Sovet İttifaqına hücumu
buna mane olsa da, 1943-cü ildə müharibənin şiddətli bir vaxtında Leninqradın
blokadası zamanında əzəmətli Ermitajda şairin yubileyi keçirilir. Hər kəsə 50 qram
çörək verilməklə oradan bir başa cəbhəyə yollanırlar.
Alman komandanlığı məəttəl qalır ki, acından ölən bir xalq, hələ mənəviyyatini
itirməmişdir. Öz dahilərinə ehtiramını ölüm ayağında da göstərir.
11.
Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşər ki, ümummilli liderimiz Heydər
Əliyev Nizami irsinin öyrənilməsi haqda iki fərman vermişdir. Bu fərmanlar şairin
800-850 illik yubileylərini layiqincə keçirilməsi və müasir gəncliyin öz irsini
öyrənilməsi baxımından çox vaxtında və vacib verilmiş fərmanlar idi. 1979 və 1981-
ci ildəki bu fərmanlardan sonra Azərbaycanda Nizami yaradıcılığına xüsusi bir
yanaşma müşahidə olundu. Nəticədə illərcə yazılmayan, tərcümə edilməyən mövzular
meydana çıxdı.
12.
İndi İranda elə bir konqres, konfrans, şairlərin yığıncağı olmur ki, Nizamidən
danışılmasın. Ondan bəhs edilməsin.
13.
Aparılan tədqiqat işlərinin və elmi yazıların hamısında göstərilir ki, Nizami
Gəncədə anadan olmuş, təhsilini orada almış və oradan da kənara çıxmamışdır. Necə
ola bilər ki, bu dahi insan hansısa başqa bir yerin sakini olsun?! Riyaziyyatda belə bir
fikir mövcutdur ki, aksiyomaların isbata ehtiyacı yoxdur.
Əlbətdə, bir elmi dissertasiya çərçivəsində bütün İran alimlərinin Nizami barədə
yazdıqlarını cəmləşdirib şərh etmək mümkün deyil. Bizcə bu alimlərdən dünya
şöhrətlilərinin əsərlərini və onların yazdıqlarını tədqiq işlərini göstərib, onların elmi
mahiyyəti haqqında açıqlama vermək daha məqsədə uyğun olardı. Bu baxımdan
Nizamidən ilk araşdırmalar aparan alimlərdən başlayaraq, ta indiki zəmanəmizə qədər
məşhur olan alimlərin əsərlərini araşdırmağa çalışdıq.
Söz yox ki, V.Dəstgerdi bu işin başında dayanır. S.Nəfisinin də araşdırmaları
diqqəti cəlb edir. Şəhabi, Zərrinkub, M.Sərvət, K.Əhmədnejad, M.Cəfəri kimi alimlərin
138
də tədqiqatları və elmi fikirləri diqqətdən kənarda qalmamalıdır. Bu alimlər ayrı-ayrı
dövrlərdə bəzi yanlışlıqlara yol versələr də, Nizami haqqında yeni mülahizələr, dəyərli
tədqiqatlr aşkar etmişlər.
Arzu edərdik ki, İran alimlərinin Nizami haqqındakı bu qədər çalışmaları,
Azərbaycan alimləri üçün bir örnək olsun.
Şairin vətənində açıq etiraf etməliyik ki, onun irsi hələ də layiqincə araşdırılmamış,
tədqiqata ehtiyac duyulan sirləri bağlı olaraq qalmaqdadır. Xüsusiylə də Nizaminin
ölməz xəmsəsinin yalnız bir dəfə Azərbaycan dilinə tərcüməsi və onunla da
kifayətlənmək, bizcə doğru olmazdı. Çünki, bu tərcümələrdə çatışmayan cəhətlər
çoxdur. Fikirlərimizi dəqiqləşdirmək üçün bəzi misallara müraciət edək:
Qoftən ze mən , əz to kar bəstən
Bikar nəmitəvan neşəstən.
(orijinalda)
Məndən söyləməkdir, səndən eşitmək,
Bir insan əliboş gəzməsin gərək. (87-32)
(tərcümədə)
Orijinaldan məlum olur ki, əgər sən iş görsən, əlin boş qalmayacaq və sən öz
təminatını ödəyə biləcəksən.
Tərcümədən belə çıxır ki, mən deməliyəm, sən eşitməlisən. Nizami yaxşı bilirdi ki,
hər eşidilən sözə əməl edilməz. Digər tərəfdən «eşitmək» feli orijinalda ümumiyyətlə
yoxdur. Tərcüməci bu feli hardan ağlına gətirmiş, hələ də şübhə doğurur.
Digər bir misala nəzər salaq:
Mikuş be hər vərəq ke xani,
Ta mənaye an təmam dani.
(orjinalda)
Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən. (87-32)
(tərcümədə)
139
Bu beytdə də yenə yanlışlıq var. Söhbət ancaq oxuduğumuz vərəqdən gedir. Burada
elmdən danışılmır. Digər tərəfdən biz Nizamini öz səviyyəmizlə ölçməyə ixtiyarımız
yoxdur. Nizamidəki dil zənginliyi, rəvan yazı, füsunkar şeir forması və gözəl nitq
mədəniyyəti ona imkan vermir ki, poliqlot olan Nizami, elmə, palançıya və pinəçiyə
«kamil» deyə. Xeyir, Nizamiyə görə elm kamil, palançı mahir, papqçı yaxşı ustadır.
Bunu daha da artırmaq olar. Lakin bizim məqsədimiz ondan ibarətdir ki, Nizamini
hər bir iranlı orjinaldan oxuyub anlaya bilər. Biz özümüz isə ancaq tərcümə vasitəsi ilə
onu başa düşməyə çalışırıq. Bu da yuxarıda qeyd etdiyimiz kimi yanlışlıqlara gətirib
çıxara bilir.
İran alim, ədəbiyyatşünas və Nizamişünaslarının mütəmadi olaraq Nizami
barəsindəki elmi araşdırmaları öz bəhrəsini vermiş, hətta o dərəcəyə gəlib çatmışdır ki,
şairi özlərinki hesab edərək, onu digər xalqlara belə də təqdim etməyə çalışmışlar.
Bizcə, artıq Azərbaycan alimlərinin də bu sahədə deyiləcək sözlərinə meydan
vardır. Belə bir şairi biz ancaq yubileydən-yubileyə yad etsək, itirdiklərimiz içərisində
ən qiymətli qaş-daşı da qeyb edəcəyik. Gəlin bütün qonşularımızın yaxşı cəhətlərindən
faydalanaq, pis tərəflərini dərk edib vaxtında əncam qılaq.
Biz zülməti boğmasaq,
Zülmət bizi boğacaq…
Son olaraq demək lazımdır ki, İran alim, ədəbiyyatşünasları Nizaminin əsərləri
farsca yazıldığından, onu dəfələrlə oxuyub öyrənmiş və tədqiq etmişlər. Hətta bəzən
əndazədən çıxaraq şairi farslaşdırmağa çalışmışlar. Göstərilən müəlliflərin hamısı yeri
düşər-düşməz Nizamini fars şairi adı ilə qələmə verib, ona bu prizmadan yanaşmışlar.
Lakin olanlara olduğu kimi nəzər saldıqa görürük ki, Nizamidə işlədilən türk
sözləri və Azərbaycan zərbi-məsəlləri onun xəmsəsi boyu öz əksini tapmış, heç bir İran
şairinin əsərində bu qədər türk sözləri olmamışdır.
Nizami xəmsəsini diqqətlə mütaliə etdikdə orada təxminən 120 türk sözü və kifayət
qədər Azərbaycan zərbi-məsəlləri mövcuddur ki, bu sözlər fars dilində yoxdur, ibarələr
isə ancaq Azərbaycan dilinə xasdır. Bu kəlmə və ibarələrdən bir neçəsinə nəzər salaq:
140
Alaçıq, amac, tutuq, çirkin, dağ, qırmızı, kişmiş, dolma, köç, kömək və s. Atalar
sözlərini Nizami böyük ustalıqla iki misraya çevirib fars oxucusuna çatdırmışdır:
“Sirkə nə qədər tünd olsa, öz qabını çatladar”.
Nizaminin “Xosrov və Şirin” poemasında:
Şirin bu sözləri birdən eşitcək,
Tündləşdi sirkətək, coşdu şirətək. (87- 370)
“Acın toxdan nə xəbəri var”.
Nizamidə: Ac üçün kəpək də yağlı çörəkdir,
Tox üçün yağ-çörək sanki kəpəkdir. (87-101)
“Pişik balasını istədiyindən yeyər”.
Atalar sözü Nizamidə:
Qorbe ço bovəd nazok pusti,
Bəççeye xod ra xorəd əz dusti. (87- 642)
Belə misalların sayını artırmaq olar. Lakin buna ehtiyac duymuruq. Nəticə
etibariylə o qənaətə gəlirik ki, dünyaca tanınmış dahi Azərbaycan şairi hansı dildə
yazmağından asılı olmayaraq istər şərq, istərsə də qərb alim, şərqşünas və
ədəbiyyatşünasları tərəfindən Azərbaycan xalqının o cümlədən Gəncə şəhərinin dünya
arenasına bəxş etdiyi misilsiz şairidir.
Güman edirik ki, 900 ilə yaxın bir məsafə keçsə də Nizami bəşəriyyət tərəfindən
öyrəniləcək və tədqiq ediləcəkdir. Çünki, hələ Nizamidə açılmayan mətləblər
qalmaqdadır. Elə Nizami də öz inci xəmsəsini yazarkən bəşəriyyətin xoşbəxtliyini
nəzərdə tutmuşdur.
«Nizami İran ədəbiyyatşünaslığında» mövzusu Azərbaycanda ancaq bir dəfə alim
Gülçin xanım Hüseynova tərəfindən araşdırıliışdır. Mən bu işi ilk dəfə yazıldığı üçün
alqışlayıram. Lakin bununla belə iradlarımı da bildirmək istərdim: Əvvəla Gülçin xanım
ancaq 3-4 müəllif üzərində dayanmışdır. Bu sahədə yazdığı məqalələr də 3-4 olmaqla
ancaq konfrans çıxışlarına əsaslanmışdır. Xaricdə heç məqaləsi dərc edilməmişdir. Mən,
141
əlbətdə anlayıram, dövr, zaman, təlimat və tələblər dəyişir. Elm də bir yerdə dayana
bilməz.
Guman edirəm bizim yazdığımız dissertasiya işi «İran ədəbiyyatşünaslığında
Nizami irsinin tədqiqi» Nizamişünaslıqda qabağa doğru atılmış addım kimi
qiymətləndiriləcəkdir.
|