Tofiq Nadir oğlu Zülfüqarov
5 mart 1998 – oktyabr 1999
Azərbaycanın siyasətçilərindən və diplomatlarından söz düşəndə adı
hörmətlə çəkilənlərdən biri də Tofiq Zülfüqarovdur.
O, 1959‐cu il noyabrın 1‐də Rusiyanın Rostov‐Don şəhərində həkim
ailəsində anadan olmuşdur. 1961‐ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə
köçmüşdür. 1966‐1976‐cı illərdə Bakı şəhərində 193 saylı orta məktəbdə təhsil
almışdır.
1976‐cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin
ərəb dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1981‐ci ildə ərəb, rus dili və
ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir. 1981‐ci ildə SSRİ Silahlı Qüvvələri sıralarına çağırılmış,
Yəmən Xalq Demokratik Respublikasının paytaxtı Ədən şəhərində yerləşən Sakit okean hərbi‐dəniz
donanmasında xidmətə göndərilmişdir. Ezamiyyət dövründə hərbi‐dəniz donanmasının rabitə
qərargahının zabiti vəzifəsini yerinə yetirmiş, eyni zamanda 8‐ci operativ bölməyə rəhbərlik edən rabitə
zabiti olmuşdur. YXDR hərbi qüvvələrinin xatirə medalı ilə təltif olunmuş, komandanlıqdan bir sıra
fərmanlar almışdır. 1984‐cü ildən ehtiyatda olan zabitlər sırasına daxil olmuşdur. Elə həmin ildə Bakı
şəhəri Lenin rayonu komsomol komitəsinə işə dəvət olunmuş, bir ildən sonra Azərbaycan Respublikası
Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna keçmiş və burada 1990‐cı ilə qədər işləmişdir. Sonra isə
Azərbaycan EA Tarix İnstitutuna elmi işçi vəzifəsinə keçmişdir. 1988‐ci ildə erməni‐azərbaycanlı
münaqişəsinin yaranmasından sonra digər elmi işçilərlə birlikdə Azərbaycan KP MK‐nın ekspert‐
analitik qrupuna göndərilmişdir. Bu dövr ərzində DQMV‐də separatçı qüvvələrə qarşı təbliğat‐təşviqat
işini təşkil etmək üçün uzun müddətə Xankəndi, Ağdam, Şuşa və Laçına getmişdir. 1992‐ci ildə ATƏM
erməni‐azərbaycanlı münaqişəsini nizamlamağı öz üzərinə götürdükdən sonra T.Zülfüqarov
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə göndərilmişdir. 1992‐ci ilin mayından fövqəladə
danışıqlar mərhələsində iştirak etmək üçün Romaya gedən nümayəndə heyətinin tərkibinə qatılmışdır.
Eyni zamanda münaqişənin Rusiya‐Qazaxıstanın, həmçinin İranın vasitəçilik səyləri altında
nizamlanması istiqamətində aparılan danışıqlarda iştirak etmişdir. 1994‐cü ilin martında Xarici İşlər
Nazirliyində şöbə müdiri işlədiyi bir vaxtda erməni‐azərbaycanlı münaqişəsinin nizamlanması üzrə
danışıqlarda sülh müqaviləsinin mətninə müxtəsər imza qoymaq səlahiyyətlərini alaraq nümayəndə
heyətinə başçı təyin edilmişdir. Bu dövrdə gedən bütün danışıqlarda iştirak etmiş, eyni zamanda
Azərbaycan Xarici İşlər Nazirliyinin erməni‐azərbaycanlı münaqişəsinin və münaqişəli vəziyyətlərin
həlli üzrə idarənin rəhbəri olmuşdur. 1994‐cü ilin iyununda Azərbaycan Respublikası xarici işlər
nazirinin müavini təyin olunmuşdur. Bu dövrdə dünyanın onlarla ölkəsində keçirilən beynəlxlaq tədbir
və danışıqlarda numayəndə heyətinə rəhbərlik etmişdir. 1998‐ci ilin yanvarında Azərbaycan
Respublikası prezidenti H.Əliyevin fərmanı ilə Zülfüqarov Tofiq Nadir oğluna Fövqəladə və
Səlahiyyətli səfir ali diplomatik rütbəsi verilmişdir. 1998‐ci il martın 5‐də Azərbaycan Respublikasının
xarici işlər naziri təyin olunmuşdur. Azərbaycan Respublikası xarici işlər naziri kimi fəaliyyət göstərən
T.Zülfüqarov özünü təşəbbüskar, yüksək hazırlıqlı diplomat və təşkilatçı kimi göstərmişdir. Onun
təşəbbüsü, prezidentin bilavasitə göstərişi və dəstəyi ilə Xarici İşlər Nazirliyi Bakı şəhərinin mərkəzində
müstəqil dövlətin aktiv xarici siyasətini yeridən mühüm dövlət institutuna uyğun olan yeni binada
köçürülmüşdür. Bu dövrdə nazirliyin mərkəzi aparatında, bir sıra səfirlik və nümayəndəliklərdə
struktur və kadr dəyişiklikləri həyata keçirilmişdir. Mərkəzi aparatın və Azərbaycan Respublikası
səfirliklərinin tam kompüterləşdirilməsi prosesi başa çatmışdır. T.Zülfüqarov Türkiyə, Rusiya, AFR,
Fransa və Gürcüstana rəsmi səfər edərək bu dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına töhfə vermişdir.
T.Zülfüqarovun bu müddətdə Türkiyə, Rusiya, ABŞ, Belçika, Lüksemburq, Norveç, Danimarka, Böyük
Britaniya, Qazaxıstan, Türkmənistan və s. dövlətlərə işgüzar səfərləri olmuşdur.
1995‐ci ildə o, ilk dəfə BMT Baş Assambleyasının sessiyasında nümayəndə heyətinin üzvləri
tərkibində iştirakçı olmuş, 1998‐1999‐cu illərdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edərək BMT
52
Baş Assambleyasının sessiyasında nitq söyləmişdir. Sessiyanın gedişində ABŞ, Türkiyə, İran,
Qazaxıstan, Gürcüstan, Litva, Türkmənistan və s. ölkələrin xarici işlər nazirləri ilə görüşmüşdür.
Sessiyada iştirakından sonra ABŞ‐a işgüzar səfər zamanı Vaşinqtonda Konqres, Dövlət Departamenti,
Müdafiə Nazirliyi, həmçinin Strateji tədqiqatlar mərkəzi, Hopkins İnstitutu, Stenford İnstitutu kimi elmi
mərkəzlərdə çoxsaylı görüşlər keçirmişdir. Bu səfərlərdə ABŞ‐ın kütləvi informasiya vasitələri, «Nyu‐
York Tayms», «Vaşinqton Post», «Amerikanın səsi» ilə iş aparmış, ABŞ‐da yəhudi, türk və Ukrayna
diasporalarının rəhbərləri ilə görüşmüşdür. Bu görüşlərdə erməni‐azərbaycanlı münaqişəsi haqqında
əsil həqiqətləri geniş amerikan ictimaiyyətinə çatdırmaq məqsədilə əməkdaşlığın forma və metodları
müəyyən edilmişdir.
T.Zülfüqarov Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avro‐Atlantik Əməkdaşlığı Şurasının
işində iştirak etmişdir. Adı çəkilən tədbirlərdə, həmçinin xarici dövlətlərin bir sıra nazirləri, o cümlədən
Türkiyə, Böyük Britaniya, Bolqarıstan, GUÖAM ölkələrinin xarici işlər nazirləri ilə də görüşlər
keçirmişdir. Bütün tədbirlərdə olduğu kimi GUÖAM ölkələrinin xarici işlər nazirləri ilə daimi iş
koordinasiyasının təşkil edilməsi mühüm məsələ idi. Bu görüşlər BMT, MDB, ATƏT‐in Baş
Assambleyaları kimi bütün beynəlxalq təşkilatlarda keçirilmiş və daimi xarakter daşımışdır.
1998‐ci ilin iyununda T.Zülfüqarov İƏT Nazirlər Şurasının sədri seçilmişdir. Nazirlərin görüşü
Bakıda keçirilmişdir. 1998‐ci ilin oktyabrında sədr vəzifəsini icra edərkən Nyu‐Yorkda Nazirlər
Şurasının sessiyası, həmçinin İƏT və ASEAN sədrlərinin müştərək iclası keçirilmişdir.
Azərbaycan Respublikası prezidenti H.Əliyevin 1998‐ci il 26 oktyabr tarixli 6 №‐li fərmanı ilə
T.Zülfüqarov yeni hökumətdə xarici işlər naziri vəzifəsini təkrarən tutmuşdur.
O, ATƏT ölkələri xarici işlər nazirlərinin Osloda keçirilən görüşündə iştirak edən nümayəndə
heyətinə rəhbərlik etmişdir. Bu görüşün gedişində Polşa, Norveç, Danimarka, Fransa və s. dövlətlərin
xarici işlər nazirləri ilə çoxsaylı görüşlər keçirmişdir. Danışıqların əsas məzmununu ikitərəfli
münasibətlər, erməni‐azərbaycanlı konfliktinin nizamlanması problemləri təşkil etmişdir. Bakıda və
xaricdə ATƏT‐in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirmişdir.
Nazirliyin əsas işi Azərbaycan Respublikası prezidenti H.Əliyevin ABŞ (NATO‐nun 50‐ci sammiti),
Böyük Britaniya, Türkiyə, MDB dövlətləri, Qazaxıstan, Ukrayna, İsveçrə və bir sıra başqa ölkələrə rəsmi
səfərlərinin təmin edilməsi və təşkilatçılıq məsələlərindən ibarət olmuşdur. Böyük Britaniyaya rəsmi
səfər nəticəsində Britaniya‐Azərbaycan münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qaldırılmışdır.
11 dövlət və hökumət başçısının, onlarla ölkə və beynəlxalq təşkilatın nümayəndə heyətlərinin
iştirakı ilə Azərbaycanda Böyük İpək yolunun qurulmasına dair beynəlxalq konfransın keçirilməsi
mühüm hadisə olmuşdur. Başqa nazirlik və dövlət orqanları ilə yanaşı Xarici İşlər Nazirliyi bu
beynəlxalq tədbirin ən yüksək səviyyədə keçirilməsini təşkil etmişdir. Beynəlxalq ictimaiyyətin müstəqil
Azərbaycana marağı bir çox dövlət başçıları və rəsmi nümayəndələrin çoxsaylı səfərlərində özünü
büruzə vermişdir. 1998‐1999‐cu illərdə Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Rumıniya, Bolqarıstan
prezidentləri, Belçikanın baş naziri, Yaponiya, İran, Türkmənistan, Hindistan, Ukrayna və s. ölkələrin
xarici işlər nazirlərinin Azərbaycana səfərləri təşkil edilmişdir. Azərbaycanın ikitərəfli və çoxtərəfli
əlaqələrinin inkişafı üzrə aktiv iş rejiminə baxmayaraq, erməni‐azərbaycanlı münaqişəsinin dinc və
ədalətli həlli yoluna yönəlmiş xarici siyasət kursunu daha mühüm hesab etmək lazımdır. Bu çoxtərəfli
fəaliyyətə Minsk konfransı və Minsk qrupunun müxtəlif səviyyələrdə və ilk növbədə dövlət
səviyyəsində həmsədrlərlə danışıqlar daxil olmuşdur. Vasitəçilik rolu oynayan şəxslərlə birbaşa
əlaqələrlə paralel olaraq konflikt haqqında həqiqətlərin düzgün çatdırılması, kütləvi informasiya
vasitələrində intensiv təbliğat işini özündə əks etdirən fəal iş getmişdir. Vəziyyəti daha da
gərginləşdirən amil Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq
ultimatum verməsi və konfliktin yalnız iki variantda həllini tələb etməsi olmuşdur. Dağlıq Qarabağın
müstəqilliyi və ya Ermənistana birləşdirilməsi variantlarının irəli sürülməsi danışıqlar prosesində
böhranlı vəziyyət yaratmışdır. Belə şəraitdə Azərbaycana təzyiqlər güclənmiş və Azərbaycan
Respublikasının ərazi bütövlüyünü və suverenliyini pozan təkliflər irəli sürülmüşdür. 1999‐cu ilin
oktyabrında Azərbaycan Respublikasının xarici işlər naziri Tofiq Zülfüqarov istefaya getmişdir.
53
İstefadan sonra T.Zülfüqarov fəal ictimai‐siyasi fəaliyyətini davam etdirmişdir. Digər
təşəbbüskarlarla yanaşı onun tərəfindən də erməni‐azərbaycanlı konfliktinin nizamlanmasında
Azərbaycanın mövqeyini əks etdirən prinsipləri özündə cəmləşdirən «Ümummilli xartiya»ya dəstək
olaraq imzaların toplanması üzrə ictimai hərəkat başlanmışdır. Adı çəkilən xartiyanı bütün siyasi
partiyalar, ictimai təşkilatlar, həm Azərbaycanda, həm də xarici ölkələrdə azərbaycanlıları birləşdirən
təşkilatlar, görkəmli ictimai‐siyasi xadimlər, yaradıcı ittifaqlar dəstəkləmişlər. «Ümummilli xartiya»
əslində referenduma çevrilmişdir. Bu da Azərbaycan xalqının erməni‐azərbaycanlı münaqişəsinin
ədalətli şəkildə nizamlanmasına nail olmasında qətiyyətliyini nümayiş etdirmişdir. Xartiya Azərbaycan
xalqının heç bir zaman dövlət suverenliyini və ərazi bütövlüyünü pozan modelləri qəbul etməyəcəyi
istiqamətində xarici və vasitəçi dairələrə bir növ xəbərdarlıq rolunu oynamışdır.
T.Zülfüqarov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və ictimai‐
siyasi xadimlərlə görüşlərini fərdi qaydada davam etdirmişdir. Şimali Kipr Türk Respublikası
rəhbərliyinin dəvəti ilə bu dost ölkəni ziyarət edərək prezident Rauf Denktaş başda olmaqla bir sıra
şəxslərlə görüşmüşdür. Con Hopkins İnstitutunun dəvəti ilə Cənubi Qafqaz dövlətlərində cərəyan edən
siyasi proseslərlə bağlı Vaşinqtonda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir. Dəfələrlə
Ermənistan və Azərbaycanın ictimai xadimlərinin Katerinq amerikan fondu və Rusiya strateji
tədqiqatlar mərkəzi tərəfindən təşkil olunan görüşlərində iştirak etmişdir. Müntəzəm olaraq yerli və
beynəlxalq mətbuat orqanlarında erməni‐azərbaycanlı münaqişəsi və Azərbaycan ətrafında baş verən
beynəlxalq proseslərlə bağlı müsahibələrlə çıxış etmişdir.
Dostları ilə paylaş: