Microsoft Word musa qasimli doc


Əlimərdan bəy Ələkbər oğluTopçubaşov



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#1059
1   2   3   4   5   6   7   8   9   ...   23
 

 

 

4



 

Məmmədhəsən Cəfərqulu oğlu Hacınski  

28 may ‐ 7 dekabr 1918 

 

Azərbaycanın  görkəmli  siyasi  və  ictimai  xadimlərindən,  xalqımızın 

azadlığı  və  müstəqilliyi  uğrunda  mübarizəsinin  fəal  iştirakçılarından  biri 

Məmmədhəsən Cəfərqulu oğlu Hacınski olmuşdur. 

M.Hacınski  1875‐ci  il  martın  3‐də  Bakı  şəhərində  varlı  bir  ailədə  anadan 

olmuşdur.  O,  XIX  əsrin  80‐90‐cı  illərində  Bakı  realnı  məktəbini  bitirərək 

təhsilini davam etdirmək məqsədilə 1897‐ci ildə Rusiya imperiyasının mərkəzi 

Sankt‐Peterburq  şəhərinə  getmişdir.  Şəhərin  gözəlliyi,  zəngin  memarlıq 

abidələri  gənc  Məmmədhəsənə  böyük  təsir  göstərmişdir.  O,  Peterburq 

Texnoloji  İnstitutuna  daxil  olmuş  və  tezliklə  qaynar  tələbə  həyatına  atılmış, 

qabaqcıl tələbələrə  yaxınlaşmış,  Rusiyanın  siyasi,  ictimai  və  mədəni  həyatı  ilə 

tanış  olmağa  başlamışdır.  1902‐ci  ildə  Peterburq  Texnoloji  İnstitutunu  bitirən 

Məmmədhəsən  mühəndis  kimi  Azərbaycan  sənayeçilərindən  olan  Şəmsi  Əsədullayevin  Moskvada 

tikdirdiyi neftayırma zavodunda bir müddət çalışmışdır. 

1902‐ci ilin axırlarında Bakıya qayıdan Məmmədhəsən Bakı şəhər upravasının tikinti şöbəsinin rəisi 

təyin  olunmuşdur.  M.Hacınski  ilk  gündən  bu  vəzifədə    Bakı  şəhərinin  baş  planının  hazırlanıb  həyata 

keçirilməsində, bağ və bağçaların, bulvarın, yolların və meydanların genişləndirilməsində və yenilərinin 

çəkilməsində, yeni binaların tikintisində yaxından iştirak etmiş, Bakının ən məşhur abidələrindən biri – 

Şirvanşahlar  tarixi  abidəsinin  qorunması  və  bərpası,  bulvarın  genişləndirməsi  üçün  dəniz  sahilinin 

qurudulub  torpaq  tökülməsi  və  s.  haqqında  Bakı  Duması  qarşısında  məsələ qaldırmışdır.  1902‐1917‐ci 

illərdə Bakı Dumasının üzvü olmuş və onun bir çox iclaslarına sədrlik etmişdir. 

M.Hacınski eyni zamanda Bakının siyasi və ictimai həyatında da yaxından iştirak etmişdir. 1904‐cü 

ilin  payızında  Bakıda  əsasən  sosial‐demokrat  meylli  gənclərdən  ibarət  bir  qrup  meydana  çıxdı.  Onlar 

1904‐cü  ilin  oktyabrında  Azərbaycan  dilində  qeyri‐leqal  «Hümmət»  qəzetini  buraxmağa  başladılar. 

Onlar  getdikcə  formalaşmağa  və  təşkilata  çevrilərək  müsəlman  əhalisi  arasında  inqilabi  iş  aparmağa 

başladılar. «Hümmət»in yaranması və fəaliyyətində M.Rəsulzadə, M.Əfəndiyev, M.Mövsümov və b. ilə 

yanaşı M.Hacınski də iştirak etmişdir. 

1911‐ci  ildə  Bakıda  yaradılan  Müsavat  Partiyasının  ilk  üzvlərindən  biri  M.Hacınski  olmuşdur. 

Rusiyada istiqlaliyyətini itirmiş müsəlman xalqlarına yardım və azadlığı uğrunda gizli mübarizə aparan 

Müsavat Partiyası 1917‐ci il Fevral inqilabından sonra açıq fəaliyyətə keçdi. 

1917‐1920‐ci  illər  M.Hacınskinin  siyasi,  ictimai  fəaliyyətinin  ən  qızğın  və  gərgin  dövrü  olmuşdur. 

Bu aşağıdakı faktlarda özünü açıq‐aydın  göstərir: 1917‐ci il martın 5‐də Bakıda İctimai təşkilatlar Şurası 

və  onun  İcraiyyə  Komitəsi  yaradıldı.  M.Hacınski,  İ.Frolov,  İ.Heydərov  və  b.  komitənin  heyətinə  daxil 

oldular.  Martın  29‐da  Bakıda  Müsəlman  Milli  Şurasının  Müvəqqəti  İcraiyyə  Komitəsi  təşkil  edildi. 

Komitənin sədri M.Hacınski, müavini isə M.Rəsulzadə seçildi. Komitə 1917‐ci il aprelin 15‐20‐də Bakıda 

Qafqaz  müsəlmanlarının  qurultayını  keçirdi.  M.Hacınski  qurultayı  təbrik  nitqi  ilə  açaraq  dedi  ki, 

Rusiyada  çar  mütləqiyyətinin  devrilməsi  Qafqaz  müsəlmanları  üçün  imkanlar  açmışdır,  bu  ümumi 

milli,  o  cümlədən  ümumi  dövlət  məsələlərində  müsəlmanların  milli‐siyasi  məsələsidir.  Sinfi  və  sosial 

məsələ hələ kənara qoyulmalıdır, çünki milli‐siyasi məsələ həll edildikdən sonra onlar həll oluna bilər. 

Hacınski mayın 11‐17‐də Moskvada keçirilmiş Ümumrusiya müsəlmanları qurultayında  da fəal  iştirak 

etmişdir. 

1917‐ci il oktyabrın 26‐31‐də Bakıda keçirilən Türk Ədəmi Mərkəzi Partiyası ‐ Müsavat Partiyasının 

I  qurultayında  Mərkəzi  Komitə  seçildi.  Onun  tərkibinə  M.Rəsulzadə,  N.Yusifbəyov,  R.Vəkilov, 

X.Rəfiyev və b. ilə yanaşı M.Hacınski də daxil oldu. Hacınski 1917‐ci ilin oktyabr‐noyabrında Bakı Şəhər 

Dumasına keçirilən seçkilərdə iştirak etmiş və Dumaya üzv seçilmişdir. 

M.Hacınski  1917‐ci  il  noyabrın  15‐də  yaradılmış  Zaqafqaziya  Komissarlığının  ticarət  və  sənaye 

komissarının müavini vəzifəsində çalışmışdır. 

5



 

1918‐ci  il  fevralın  23‐də  Tİflis  şəhərində  gürcü,  erməni  və  Azərbaycan  nümayəndələrindən  ibarət 

Zaqafqaziya  Seymi  işə  başladı.  Onun  işində  Azərbaycandan  Müsavat  Partiyasından  və  bitərəf 

demokratik qruplardan 30 nəfər, o cümlədən M.Hacınski də iştirak etmişdir. Bu partiya və təşkilatlardan 

əlavə Müsəlman Sosialist Partiyasından 7, İttihad Partiyasından 3, Hümmət Partiyasından 4 nümayəndə 

iştirak  etmişdir.  Ümumiyyətlə,  Zaqafqaziya  Seymində  Azərbaycandan  44  deputat  var  idi.  Seymdə 

Türkiyə  ilə  Cənubi  Qafqaz  arasında  sülh  danışıqları  aparmaq  üçün  gürcü,  erməni  və  azərbaycanlıları 

təmsil  edən  nümayəndə  heyəti  seçildi.  Nümayəndə  heyətinin  tərkibinə  seymdəki  Azərbaycan 

fraksiyasından  M.Hacınski,  X.Xasməmmədov,  M.Mehdiyev,  İ.Heydərov,  Ə.Şeyxülislamov  daxil 

edildilər.  Danışıqlar  1918‐ci  il  martın  14‐də  Trabzonda  başlandı.  Danışıqlar  aprelin  14‐də  öz  işini 

dayandırdığından  və  nümayəndələr  geri  çağrıldığından  onun  işində  fasilə  elan  olundu.  Trabzonda  bu 

xəbəri  eşidən  M.Hacınski  Seymin  qərarını  sülhü  pozmaq  kimi  qiymətləndirərək,  “beynəlxalq 

münasibətlər tarixində tayı‐bərabəri olmayan bir təxribat” adlandırdı. 

1918‐ci  il  aprelin  22‐də  Seym  səs  çoxluğu  ilə  Zaqafqaziya  Demokratik  Federativ    Respublikası 

yarandığını  elan  etdi.  Aprelin  26‐da  isə  Zaqafqaziyanın  yeni  hökuməti  təşkil  olundu.  M.Hacınski  bu 

hökumətdə ticarət və sənaye naziri vəzifəsini tutmuşdur. 

Seymdəki  Azərbaycan  nümayəndələrinin  gərgin  səyləri  nəticəsində  Batumda  sülh  danışıqlarına 

başlamaq  haqqında  razılıq  əldə  edildi  və  nümayəndə  heyəti  yaradıldı.  Buraya  6  nümayəndə,  o 

cümlədən  M.Hacınski  daxil  oldu.  Mayın  11‐də  açılan  konfransın  cəmi  bir  iclası  oldu.  Burada 

M.Rəsulzadə ilə birlikdə M.Hacınski azərbaycanlıların mənafeyini fəal müdafiə etmişdir.  

Zaqafqaziya  Demokratik  Federativ  Respublikası  həm  daxili,  həm  də  xarici  məsələləri,  həm  də 

millətlər arasındakı ziddiyyətləri həll edə bilməyərək üç müstəqil dövlətə ayrıldı. 

1918‐ci  il  mayın  27‐də  Seymin  azərbaycanlı  deputatları  fövqəladə  iclas  çağırıb  Azərbaycan 

Müvəqqəti  Milli  Şurası  yarandığını  elan  etdi.  Onun  sədri  Batum  danışıqlarında  iştirak  edən 

M.Rəsulzadə seçildi. Mayın 28‐də Milli Şuranın ilk iclasında Azərbaycan Xalq Cümhuriyyəti elan edlidi. 

Fətəli  xan  Xoyskinin  başçılığı  ilə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Nazirlər  Şurası  yaradıldı. 

M.Hacınski Batumda olmasına baxmayaraq, Azərbaycanın ilk xarici işlər naziri vəzifəsinə seçilmişdir. O, 

bu  xəbəri  eşidən  kimi  Osmanlı  dövləti  Xarici İşlər  Nazirliyinə  Azərbaycanın  müstəqilliyinin  Rusiya  və 

Avropa ölkələri tərəfindən tanınmasında vasitəçilik etməsini xahiş etmişdir. 

1918‐ci  il  iyunun  4‐də  Batum  şəhərində  “Osmanlı  imperatorluğu  hökuməti  ilə  Azərbaycan 

Respublikası  arasında  dostluq  müqaviləsi”  bağlandı.  Azərbaycanın  xarici  ölkə  ilə  bağladığı  bu  ilk 

müqaviləni  Türkiyə  tərəfindən  ədliyyə  naziri,  Senatın  sədri  Xəlil  bəy  və  Qafqaz  cəbhəsinin  Baş 

komandanı  Vehbi  Paşa,  Azərbaycan  tərəfindən  isə  Milli  Şuranın  sədri  M.Rəsulzadə,  xarici  işlər  naziri 

M.Hacınski  imzaladılar.  Müqavilənin  dördüncü  bəndinə  əsaslanan  M.Rəsulzadə  və  M.Hacınski  türk 

hökumətindən ağır və çətin vəziyyətdə olan Azərbaycana hərbi yardım üçün müraciət etdilər. 

M.Hacınski  1918‐ci  ilin  may‐dekabr  aylarında  Azərbaycan  Xalq  Cümhuriyyəti  xarici  işlər  naziri 

olduğu dövrdə qonşu ölkələrlə sərhəd, dəmiryolu, Bakı‐Batum neft kəmərindən birlikdə istifadə etmək 

və s. məsələlrin həllində gərgin fəaliyyət göstərmişdir. 

1918‐ci il dekabrın 7‐də fəaliyyətə  başlayan Azərbaycan parlamentinin üzvləri arasında M.Hacınski 

də  var  idi.  Azərbaycan  parlamentinin  dekabrın  28‐də  keçirilmiş  iclasında  Paris  sülh  danışıqlarında 

iştirak  edəcək  nümayəndə  heyətinin  tərkibinə  Ə.Topçubaşov  (sədr),  M.Hacınski  (sədrin  müavini), 

Ə.Ağayev,  C.Hacıbəyli,  M.Mehdiyev  və  b.  seçildi.  Ə.Topçubaşov  İstanbulda  olduğu  üçün  M.Hacınski 

oraya qədər nümayəndə heyətinə başçılıq etmiş və nümayəndə heyətinin qarşısında duran məsələlərin 

həllinə çalışmışdır. 

1919‐cu  ildə  M.Hacınski  Ə.Topçubaşovla  birlikdə  Paris  sülh  danışıqları  zamanı  ABŞ,  Böyük 

Britaniya,  Almaniya, İtaliya, Türkiyə,  İran  və s.  ölkələrin  başçıları,  dövlət  nümayəndələri,  diplomatları 

ilə  görüşərək  Azərbaycanın  azadlığa  çıxması  uğrunda  xalqımızın  apardığı  mübarizə,  ağır  iqtisadi 

vəziyyət, zəngin neft ölkəsi olması haqqında məlumat vermişdir. Məhz onların ardıcıl  və  gərgin əməyi 

nəticəsində  1920‐ci  il  yanvarın  11‐də  Ali  Şura  tərəfindən  Azərbaycanın  dövlət  müstəqilliyinin  de‐fakto 

tanınması haqqında qərar qəbul edilmişdir. 

6



 

1919‐cu  il  dekabrın  2‐11‐də  Bakıda  keçirilən  Türk  Demokratik  Federalist  Müsavat  Partiyasının  II 

qurultayında    partiyanın  siyasi  komissiyası  və  yeni  Mərkəzi  Komitəsi  seçildi.  Buraya  M.Rəsulzadə, 

N.Yusifbəyov, M.Hacınski, M.Vəkilov və b. seçildilər. 

1919‐cu  il  dekabrın  14‐21‐də  Bakıda  Azərbaycan‐erməni  konfransı  keçirildi.  Konfransda 

Azərbaycandan  F.Xoyski,  M.Cəfərov  və  R.Vəkilovla  yanaşı  M.Hacınski  də  iştirak  etmişdir.  O, 

konfransda  çıxış  edərək  bildirmişdi  ki,  Azərbaycan  və  Ermənistan  respublikaları  arasında  dostluq 

münasibətlərinin yaranmasına əsas maneə mübahisəli ərazi məsələsidir. Qafqaz respublikaları müstəqil 

dövlət kimi ittifaqda – konfederasiyada birləşsələr, bu mübahisəli məsələlər öz‐özünə həll ediləcəkdir. 

1919‐cu  il  dekabr  ayının  axırlarında  Azərbaycan  hökumətində    ağır  siyasi  və  iqtisadi  vəziyyətlə 

əlaqədar  olaraq  böhran  baş  verdiyindən  hökumət  dəyişiklikləri  oldu.  Dekabrın  24‐də  N.Yusifbəyovun 

təşkil etdiyi V kabinədə M.Hacınski daxili işlər naziri, fevralın 18‐dən isə ticarət, sənaye və ərzaq naziri 

vəzifəsini daşımışdır. Lakin bu hökumət dəyişikliyi də bir nəticə vermədi. Qarabağda ermənilərin dövlət 

əleyhinə  qaldırdığı  qiyam  və  dinc  azərbaycanlı  əhalini  kütləvi  şəkildə  qırılmaları  hökumət  böhranını 

daha  da  dərinləşdirdi.  Rusiya  tərəfdarı  olanlar  N.Yusifbəyov  hökumətini  ölkədə  qayda‐qanunu  bərpa 

edə bilməməkdə günahlandırır  və istefa verməsini tələb edirdilər. Belə vəziyyətdə 1920‐ci  il martın 30‐

da hökumət istefa verdi. 

Azərbaycan  parlamenti  yeni  hökumətin təşkilini  M.Hacınskiyə   tapşırdı.  M.Hacınski  parlamentdə 

fəaliyyət  göstərən  partiya    və  fraksiyalarla  bir  müddət  danışıqlar  apardı,  hətta  kommunistlərlə  də 

görüşdü və onlara öz hökumətində nazir vəzifələri təklif etdi. Bolşeviklər belə bir hökumətdə iştirakdan 

imtina  etdilər.  Bolşeviklərdən  müsbət  cavab    almayan  M.Hacınski  aprelin  22‐də  Azərbaycan 

parlamentinin sədrini əvəz edən M.Cəfərova yeni hökumət təşkil etməkdən əl çəkdiyini bildirdi. 

1920‐ci  ilin  aprelində  Sovet  Rusiyası  tərəfindən  Şərqdə  ilk  demokratik    respublika  olmuş 

Azərbaycan  Xalq  Cümhuriyyəti  devrildikdən  sonra  M.Hacınski  Azərbaycan  SSR  Ali  Xalq  Təsərrüfatı 

Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində  müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan şəhərlərinin 

abadlaşdırılması, yeni sənaye şəhərlərinin salınması və tikintisində iştirak etmişdir. 

M.Hacınski  də  Azərbaycanın  başqa  görkəmli,  siyasi  və  ictimai  xadimləri  kimi  repressiyaya  məruz 

qalmışdır.  O,  1930‐cu  il  dekabrın  3‐də  Tiflisdə  Zaqafqaziya  Dövlət  Siyasi  İdarəsi  (DSİ) tərəfindən  həbs 

edilərək dustaqxanaya salınmış və ağır işgəncələr verilmişdir. Əvvəlcə «İctimaiyyətçi» ləqəbli agentlə 31 

№‐li  kamerada  bir  yerdə  saxlanmışdır.  O,  hər  dəfə  istintaqdan  sonra  Hacınski  ilə  etdiyi  söhbətləri 

L.Beriyaya  çatdırmışdır.  Beriya  1930‐cu  il  6  dekabr  tarixdə  cinayət  işinə  yazdığı  dərkənarda  onu 

«həyəcanlı və zəif inkişaf etmiş adam» adlandırmışdır. 

Ağır  həbsxana  həyatına  dözməyərək  ürək  xəstəliyinə  və  vərəmə  tutulan  M.Hacınski  1931‐ci  il 

fevralın  9‐da  Tiflisdə  səhər  saat  8

00

‐da  DSİ‐nin  26  №‐li  kamerasında  56  yaşında  «özünü  asaraq» 



öldürmüşdür. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin