Microsoft Word musa qasimli doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#1059
1   2   3   4   5   6   7   8   9   ...   23
Əlimərdan bəy Ələkbər oğluTopçubaşov 

6 oktyabr ‐ 26 dekabr 1918 

 

Azərbaycanın  görkəmli  siyasi  xadimlərindən,  diplomatlarından  və 



hüquqşünaslarından  biri  olan  Əlimərdan  bəy  Topçubaşov  1865‐ci  ildə  Tiflis 

şəhərində  qulluqçu  ailəsində  dünyaya  gəlmişdir.  İlk  təhsilini  I  Tiflis 

gimnaziyasında  almış  və  1884‐cü  ildə  oranı  müvəffəqiyyətlə  bitirərək 

Peterburq  Universitetinin  tarix‐filologiya  fakültəsinə  daxil  olmuşdur.  Lakin 

birinci  semestrdən  sonra  o,  hüquq  fakültəsinə  keçmiş  və  1888‐ci  ildə  oranı 

müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır. 

Peterburq 

Universitetinin 

hüquq 

fakültəsinin 



Elmi 

Şurası 


Ə.Topçubaşovun mülki  hüquq  kafedrasında  saxlanması  və  professor  vəzifəsi  almaq  üçün  hazırlaşması 

haqqında  qərar  qəbul  etmişdir.  Lakin  1889‐cu  ildə  qəbul  edilmiş  universitet  haqqında  çar  qanunu 

xristian  olmayan  Ə.Topçubaşova    müvafiq  vəzifəni  tutmağa  icazə  verməmişdir.  Ə.Topçubaşov  bu 

hadisədən  sonra  Tiflisə  gələrək  məhkəmədə,  vəkil  vəzifələrində  çalışmış,  Tiflis  geodeziya  məktəbində 

hüquqşünaslıqdan dərs vermişdir. 

1896‐cı  ildə  Bakıya  gələn  Ə.Topçubaşov  vəkilliklə  məşğul  olmuş  və  bir  sıra  mürəkkəb  məhkəmə 

proseslərini  udmuşdur.  Bu  nailiyyətlər  şəhər  əhalisi  içərisində  ona  böyük  nüfuz  və  hörmət 

qazandırmışdır. 

O, 1897‐ci ildən 1917‐ci  ilin axırlarına kimi «Kaspi» qəzetinin yaradıcılarından  və redaktorlarından 

biri olmuşdur. Bu illərdə onun yuzlərlə məqalələri dərc olunmuşdur. Həmin məqalələrdə Ə.Topçubaşov 

Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, 

nəzəri,  Rusiya  imperiyasında  yaşayan  müsəlmanların  vəziyyəti,  çarizmin  ayrı‐seçkilik  siyasətini 

pisləyən publisistik məqalələrlə çıxış etmişdir. 

Ə.Topçubaşov  jurnalistliyə  başladığı  dövrdən  Bakının  siyasi  və  ictimai  mübarizə  səhnəsinə  daxil 

olmuş,  ömrünün  sonuna  kimi  bu  mübarizənin  ön  sıralarında  getmiş  və  onun  başçılarından  birinə 

çevrilmişdir. 

1905‐1907‐ci  illər  rus  inqilabı  dövründə  Azərbaycanın    bir  çox  ziyalısı,  o  cümlədən  Ə.Topçubaşov 

xalqın  azadlıq  mübarizəsinə  qoşulmuşdur.  O  bu  dövrdə  çar  hökumətinə  zəhmətkeşlərin  mənafeyini 

müdafiə edən bir sıra petisiyalar yazmış, iclas, yığıncaq, mitinqlərdə çıxış etmiş, Bakı Dumasının üzvü, 

sonralar  sədri  olmuş,  Rusiyada  yaşayan  müsəlmanların  vahid  təşkilatının  –  «İttifaqi  müslümün» 

yaradılması  və  fəaliyyətində  iştirak  etmiş,  onun  proqram  sənədlərini    tərtib  etmiş,  Nijni‐Novqorodda, 

Sankt‐Peterburqda    keçirilmiş  I‐  IV  qurultaylar  demək  olar  ki,  onun  sədrliyi  ilə  keçmiş,  “İttifaqi 

müslümün”qurultaylar tərəfindən  seçilmiş MK‐nın daimi bürosunun üzvü olmuşdur. 

1905‐ci  ilin  sentyabrında  çarizm  Bakı  proletariatını  inqilabi  mübarizədən  çəkindirmək  məqsədilə 

neft  sənayeçiləri  ilə    fəhlə  nümayəndələrinin  müşavirəsini  keçirməyə  icazə  verdi.  Müşavirəyə 

nümayəndələr  göndərmək  üçün  seçkilər  keçirildi.  Müşavirəyə  seçilən  nümayəndələr  arasında 

Ə.Topçubaşov  da  olmuşdur.  Müşavirə  sentyabrın  30‐da  Sankt‐Peterburqda  açılmış  və  Ə.Topçubaşov 

müşavirədə  Bakı  fəhlələrinin  acınacaqlı  vəziyyəti  haqqında  məlumat  verərək  onların  mənafeyini 

müdafiə etmişdir. 

Rusiyada zəhmətkeşlərin inqilabi mübarizəsinin getdikcə  qüvvətləndiyindən qorxan çarizm 1905‐

ci  ilin  dekabrında  Dövlət  Dumasına  seçkilər  haqqında  qanun  verdi.  1906‐cı  ilin  mart‐aprel  aylarında 

Bakı və Yelizavetpol (indiki Gəncə) quberniyalarında  ilk dəfə olaraq Dövlət Dumasına seçkilər keçirildi. 

Azərbaycandan  Birinci  Dövlət  Dumasına  Z.Ziyadxanov,  M.Əliyev,  Ə.Xasməmədov  və  b.  yanaşı 

Ə.Topçubaşov da seçilmişdir. 

1906‐cı  il  aprelin  27‐dən  iyulun  8‐nə  qədər  Sankt‐Peterburqda  Birinci  Dövlət  Duması  fəaliyyət 

göstərmişdir. Ə.Topçubaşov Dumada müzakirə edilən bir sıra məsələlərin müzakirəsində iştirak etmiş, 

hökumətin  aqrar  və  köçürmə  siyasətini  pisləmiş,  Rusiyadakı  azsaylı  xalqlara,  əsasən  müsəlmanlara 

9



 

muxtariyyət  verilməsi  tələbinin  tərəfdarı  olmuşdur.  Dövlət  Dumasında  Rusiyanın  müsəlman 

əyalətlərinin deputatları bilavasitə Ə.Topçubaşovun başçılığı ilə Müsəlman fraksiyası yaratmışlar. 

Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu. 200‐

ə yaxın deputat  Dumanın qovulmasına etiraz edərək 1906‐cı il iyulun 9‐10‐da Vıborqda iclas keçirdilər 

və «Vıborq müraciətnaməsi»ni qəbul etdilər. Bu müraciətnaməni imzalayanlardan biri də Ə.Topçubaşov 

olmuşdur. 

Ə.Topçubaşovun  siyasi  və  ictimai  fəaliyyəti  1917‐ci  illər  Fevral  inqilabından  və  Oktyabr 

çevrilişindən  sonra  daha  da  genişlənmiş  və  o,  Azərbaycanın    dövlət  müstəqilliyi  uğrunda  mübarizəyə 

var qüvvəsi ilə qoşulmuşdur. 

1917‐ci  il  martın  5‐də  Bakıda  İctimai  təşkilatların  Şurası  və  onun  İcraiyyə  Komitəsi  yaradıldı. 

M.Hacınski, İ.Frolov, İ.Heydərov və b. ilə yanaşı Ə.Topçubaşov da Komitənin tərkibinə daxil oldu. İyul 

ayında  isə  Komitənin  33  nəfərdən  ibarət  yeni  heyət təşkil  olundu.  Ə.Topçubaşov  yeni  Komitənin sədri 

seçilmişdir. 

1917‐ci il martın 29‐da Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. 

Onun tərkibinə M.Rəsulzadə, M.Hacınski, Ə.Topçubaşov və b. seçildi. 

Bu təşkilatın rəhbərlərinin gərgin əməyi və fəaliyyəti nəticəsində 1917‐ci il aprelin 15‐20‐də  Bakıda 

Ümumqafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultay Ə.Topçubaşovun sədrliyi altında keçdi. O, 

sədr  kimi  ilk  çıxışında  çar  hökumətinin  xalqlara  qarşı  apardığı  zidd  siyasəti  pisləyərək  dedi  ki,  köhnə 

rus hökumətinin Rusiyada yaşayan qeyri‐rus xalqlara münasibətdə yeritdiyi siyasət parçalamaq siyasəti 

olmuşdur, bu vaxtilə ermənilər və müsəlmanlar arasında özünü göstərmişdir.  

1917‐ci il avqustun 12‐15‐də Moskvada Dövlət müşavirəsi çağırıldı. Müvəqqəti hökumətin çağırdığı 

bu  müşavirəyə  Rusiyanın  müxtəlif  yerlərindən  gəlmiş  34  müsəlman  nümayəndə  arasında  Azərbaycan 

nümayəndəsi  ‐  Ə.Topçubaşov  da  var  idi.  Avqustun  13‐də  Moskva  müşavirəsinin  müsəlman 

nümayəndələrinin  iclası  keçirildi.  Burada  müşavirədə  çıxış  edəcək  nümayəndənin  məruzəsini 

hazırlayacaq komissiya təşkil edildi. Komissiya məruzəni hazırlamağı və nitq söyləməyi Ə.Topçubaşova 

tapşırdı.  Ə.Topçubaşov  müşavirədəki  nitqində  qeyd  etdi  ki,  Rusiyada  yaşayan  müsəlmanlar  çarizmin 

devrilməsini alqışlayır, hər yerdə demokratik əsaslarla yaranmağa başlamış ictimai və siyasi təşkilatları, 

inqilabi nailiyyətləri ‐ azadlıq, bərabərlik və qardaşlığı qoruyur və möhkəmləndirirlər.  

1917‐ci il sentyabrın 5‐6‐da və 12‐də  Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin növbəti iclası 

çağırıldı.  İclasda  Komitənin  sədri  Ə.Topçubaşov,  sədrin  müavinləri  M.Rəsulzadə  və  F.Xoyski  seçildi. 

Oktyabr‐noyabr  aylarında  isə  Ə.Topçubaşov  ümumi  seçki  hüququ  əsasında  Bakı  Şəhər  Dumasına 

keçirilmiş seçkilərdə iştirak etmiş və Dumaya üzv seçilmişdir. 

Ə.Topçubaşov  1918‐ci  il  30  mart‐1apreldə  Bakıda  bolşevik  və  daşnakların  sovet  hakimiyyətini 

müdafiə  bayrağı  altında  azərbaycanlılara  qarşı  törətdiyi  kütləvi  qırğın  zamanı  onun  tezliklə 

yatırılmasına  çalışanlardan,  aprelin  1‐də  A.Caparidzenin  başçılıq  etdiyi  «sülh  konfransı»nın 

iştirakçılarından və İnqilabi Müdafiə Komitəsinin tələblərini qəbul edənlərdən biri olmuşdur. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaranmasını  böyük  sevinclə  qarşılayan  Ə.Topçubaşov 

F.Xoyskinin 1918‐ci ilin iyununda  təşkil etdiyi II kabinədə  portfelsiz nazir, oktyabrında isə xarici işlər 

naziri vəzifəsinə təyin edilmişdir. 

AXC  yarandığı  gündən  etibarən  bir  hüquqşünas  alim  kimi  onun  dünya  ölkələri  tərəfindən 

tanınması,  diplomatik  əlaqələrinin  yaranması  sahəsində  var  qüvvəsilə  çalışmışdır.  Azərbaycan 

hökuməti  Osmanlı  imperiyası  və  onun  vasitəsilə  Avropa  ölkələri  ilə  diplomatik  əlaqələr  yaratmaq 

məqsədilə  Ə.Topçubaşovu  fövqəladə  səlahiyyətli  nazir  kimi  İstanbula  göndərmişdir.  F.Xoyskinin  o 

dövrlərdə  İstanbulda  olan  Azərbaycan  nümayəndəliyinin  sədri  M.Rəsulzadəyə  göndərdiyi  teleqramda 

oxuyuruq:  «Hökumətin  1918‐ci  il  20  avqust  qərarı  ilə  Azərbaycan  hökumətinin  üzvü  Əlimərdan  bəy 

Topçubaşov  Osmanlı  imperator  hökumətinə  Azərbaycan  Respublikasının  mənafeyinə  aid  bütün 

məsələlər üzrə fövqəladə səlahiyyətli nazir kimi göndərilir». 

1918‐ci  il  avqustun  23‐də  Gəncədən  yola  düşən  Ə.Topçubaşov  Tiflis,  Batum  marşrutu  ilə  hərəkət 

edərək, çox çətinliklrədən sonra sentyabrın axırlarında İstanbula çatmışdır. 

10



 

Ə.Topçubaşov  Türkiyəyə  gəldikdən  sonra  qısa  müddətdə,  yəni  1918‐ci  ilin  oktyabr‐noyabr 

aylarında  Osmanlı  sultanı,  bir  neçə  nazir  və  diplomatla  görüşmüş,  onlara  Azərbaycanın  siyasi  və 

iqtisadi  vəziyyəti  haqqında  məlumatlar  vermiş  və  müxtəlif  məsələlər  ətrafında  fikir  mübadiləsi 

aparmışdır.  Mondros  müqaviləsinin  Azərbaycana  aid  hissəsi  ilə  əlaqədar  olaraq  Türkiyə  Xarici  İşlər 

Nazirliyinə etiraz notası vermişdir. O, göstərirdi ki, müqavilə «Azərbaycanın işğalını asanlaşdırır və bu, 

ölkəni  təhlükə  qarşısında  qoyur…  Azərbaycan  Respublikasına  məxsus  olan  dəmiryollarının  xarici 

dövlətə güzəştə gedilməsi beynəlxalq hüquqla bir araya sığmır». 

1918‐ci il dekabrın 7‐də ölkədə yaranmış çox ağır siyasi şəraitdə Azərbaycan parlamenti fəaliyyətə 

başladı.  Milli  Şuranın  və  Müsavat  Partiyasının  sədri  M.Rəsulzadə    parlamenti  açaraq  bu  münasibətlə 

onun üzvlərini təbrik etdi və onları xalqın mənafeyinin və əmin‐amanlığının müdafiəçisi olmağa çağırdı. 

Eyni  zamanda  M.Rəsulzadə  parlamentin  sədrinin  və  müavinin  seçilməsini  təklif  etdi.  İstanbulda 

olmasına  baxmayaraq,  Azərbaycanda,  o  cümlədən  bütün  Qafqazda  məşhur  olan  və  hörmət  qazanmış 

Ə.Topçubaşov  yekdilliklə  Azərbaycanın  ilk  parlamentinin  sədri  seçilmişdir.  Tarixçi  F.Kazımzadənin 

yazdığı  kimi:  «Parlamentin  prezidenti  seçilən  Ə.Topçubaşov  yüksək  təhsilli  hüqüqşünas,  öz 

görüşlərində  dözümlü  idi».  Dekabrın  28‐də  isə  parlament Paris  sülh  konfransına  gedəcək  nümayəndə 

heyətinin tərkibini seçdi. Bu tərkibə Ə.Topçubaşov (sədr), M.Hacınski (sədr müavini), Ə.Şeyxülislamov, 

Ə.Ağayev, M.Məhərrəmov və C.Hacıbəyli, M.Mehdiyev daxil oldu. 

1919‐ci  il  yanvarın  20‐də  Paris  sülh  konfransında  iştirak  edəcək  Azərbaycan  nümayəndə  heyəti 

İstanbula gəldi. Lakin Fransa hökuməti onların Parisə gəlməsinə viza vermədi. Bu zaman Ə.Topçubaşov 

Türkiyə,  İran,  Rusiya,  ABŞ,  Böyük  Britaniya,  Fransa  diplomatları  və  nümayəndələri  ilə  görüşlər 

keçirmiş, onlara Azərbaycanın siyasi və  iqtisadi vəziyyəti haqqında məlumat vermiş, Azərbaycanın bir 

müstəqil dövlət kimi öz ölkələri tərəfindən tanınmasına köməklik göstərmələrini xahiş etmişdir. 

Parisə  təkcə  Azərbaycan  nümayəndələri  deyil,  Don,  Kuban,  Dağlılar  İttifaqının,  Ukrayna  və 

Gürcüstan  nümayəndələrinin  bir  hissəsi  də  buraxılmamışdı.  Onlar  da  İstanbulda  idi.  Bu  ölkələrin 

nümayəndələri  Parisə  viza  almaq  üçün  birlikdə  mübarizə  aparmağa  başladılar.  Ə.Topçubaşovun 

başçılığı  ilə memorandum hazırlandı  və nümayəndələr onu imzalayıb İstanbulda olan Böyük  Britaniya 

ali komissarı admiral Vebbə təqdim etdilər. 

Gərgin mübarizədən düz üç ay sonra, yəni 1919‐cu il aprelin 22‐də Azərbaycan nümayəndə heyəti 

Ə.Topçubaşovun  rəhbərliyi  ilə  Parisə  yola  düşdü.  May  ayının  əvvəllərində  Parisə  gələn  Azərbaycan 

nümayəndələri bir ay ərzində Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri 

ilə  görüşmüş  və  siyasi‐iqtisadi  vəziyyətlə  əlaqədar  söhbətlər  aparmışlar.  Bu  bir  ay  ərzində 

Ə.Topçubaşovun  başçılığı  ilə  Azərbaycan  nümayəndələrinin  ən  başlıca  müvəffəqiyyətlərindən  biri 

dövrünün görkəmli siyasi xadimi ABŞ prezidenti V.Vilsonla görüşü ölmüşdür. 

1919‐cu  il  mayın  28‐də  ABŞ  prezidenti  V.Vilson  Ə.Topçubaşovun  rəhbərliyi  ilə  Azərbaycan 

nümayəndələrini  qəbul  etdi.  Ə.Topçubaşov  ABŞ  prezidentinə  Azərbaycanın,  o  cümlədən  Qafqazın 

siyasi‐iqtisadi  vəziyyəti,  azərbaycanlılar  haqqında  ətraflı  məlumat,  Paris  sülh  konfransına  təqdim 

ediləcək 3 maddədən ibarət memorandumu verdi. Görüşdə Azərbaycan nümayəndələri istəklərinə nail 

olmasalar  da,  V.Vilson  onları  əmin  etdi  ki,  «…bundan  sonra  Azərbaycan  xalqı  öz  azadlıq  və 

müstəqilliyini qoruyub saxlamaq… işində böyük Amerikanın köməyini və yardımını alacaqdır». 

Ə.Topçubaşovun  bilavasitə  iştirakı  ilə  hazırlanmış  «Qafqaz  Azərbaycanı  Respublikasının 

nümayəndələrinin Paris sülh memorandumu» sülh konfransının katibliyinə təqdim edildi. Bu sənəd  14 

bölmədən ibarətdir. Burada konfrans nümayəndələrinə Azərbaycanın tarixi‐etnoqrafik, iqtisadi və siyasi 

vəziyyəti haqqında geniş və ətraflı məlumat verilirdi. 

Azərbaycan  nümayəndə  heyəti  Ə.Topçubaşovun  rəhbərliyi  ilə  öz  fəaliyyətlərini  gündən‐günə 

genişləndirərək  Gürcüstan,  Latviya,  Estoniya,  Şimali  Qafqaz,  Belorusiya,  Ukrayna  nümayəndələri  ilə 

birlikdə 1919‐cu il iyunun 13‐də, iyulun 7‐də, oktyabrın 8‐də Paris sülh konfransı sədrinə etiraz notası, 

bəyannamə, məktub göndərdi. 

1920‐ci  il  yanvarın  15‐də  Azərbaycan  nümayəndələrindən  Ə.Topçubaşov  və  M.Məhərrəmov, 

Gürcüstan  nümayəndələrindən  İ.Sereteli  və  Z.Avalov  Fransa  Xarici  İşlər  Nazirliyinə  dəvət  edildilər. 

Nazirliyin birinci katibi Jül Kambon Azərbaycanın yanvarın 11‐də Ali Şura üzvləri və müttəfiq dövlətlər 

11



 

tərəfindən de‐fakto tanındığını bildirdi və Ə.Topçubaşova Paris sülh konfransının rəsmi sənədini verdi. 

Ə.Topçubaşov  Azərbaycanın  siyasi  vəziyyəti  haqqında  qısa  məlumat  verib  böyük  dövlətlər  tərəfindən 

tanınma    üçün  təşəkkürünü  bildirdi.  Eyni  zamanda  bildirdi  ki,  Azərbaycan  Respublikası  böyük 

dövlətlər tərəfindən həm kömək, həm də müstəqilliyinin de yure tanınmasını gözləyir. 

Azərbaycan  Respublikasının  dünyanın  böyük  dövlətləri  tərəfindən  tanınması  Ə.Topçubaşovun 

başçılığı  ilə Azərbaycan nümayəndələrinin uğurlu  diplomatik fəaliyyətinin nəticəsi idi. Çətin və gərgin 

əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikası‐

nın  baş  naziri  N.Yusifbəyova  yazırdı:  «Siyasət  qədər  çox  elastik  və  dəyişkən  heç  nə  yoxdur…bizim  də 

azad  və  müstəqil  yaşamaq  ümidlərimizin  möhkəmləndiyi  bir  dövr  başlanır.  Biz  heç  vaxt  ümidimizi 

itirmirdik… Ona görə də belə hərəkət edirdik ki,  xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla 

olursa olsun müstəqillik əldə edəcəyimizə inanırdıq… 

Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz 

bu səadətə bərabər olan heç nə tanımırıq». 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  görkəmli  xadimi  Ə.Topçubaşov  1920‐1934‐cü  illərdə  Parisdə 

yaşamış,  ictimai‐siyasi  fəaliyyətini  davam  etdirmiş,  Azərbaycanın  tarixi,    coğrafiyası,  ədəbiyyatı,  AXC‐

nin  yaranması,  ədəbi  xadimlər  haqqında  kitab,  qəzet  və  jurnallarda  məqalələr  yazmışdır.  Siyasi 

mühacirətin görkəmli  xadimlərindən biri kimi  Ə.Topçubaşov Fransa rəsmi dairələrinin nümayəndələri 

ilə görüşərək Azərbaycanın işğalına son qoyulması uğrunda mübarizədə milli qüvvələrə yardım edilmə‐

si məsələsini qaldırmış, ikitərəfli əlaqələrə dair problemləri müzakirə etmişdir. O,1920‐ci il iyulun 5‐16‐

da Spa (Belçika), 1921‐ci il  fevralın 21‐dən martın 14‐ə kimi keçirilən London (Böyük Britaniya), 1922‐ci 

ilin aprel‐may aylarında keçirilən Genuya (İtaliya) konfranslarında və b. iştirak etmişdir. Ə.Topçubaşov 

1934‐cü il noyabrın 8‐də Parisdə vəfat etmişdir. 

 

*** 



 

 



Azərbaycan tarixi. C.2. Bakı, 1964. 

 



Azərbaycan tarixi. C.3. H.1. Bakı, 1973. 

 



Azərbaycan Sovet Ensiklopediyası. C.IX. Bakı, 1986. 

 



Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti. 1918‐1920. Bakı, 1990. 

 



Azərbaycan Cümhuriyyəti (1918‐1920). Bakı, 1998. 

 



Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivi. PF‐274. 2‐ci cild. 

 



Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918‐1920). Vneşnəə politika (dokumentı i 

materialı). Baku, 1998. 

 

Balaev A. Azerbaydjanskoe naüionalğno‐demokratiçeskoe dvijenie 1917‐1920 qq. Baku, 1990. 



 

Böyük diplomat və görkəmli siyasi xadim (Ə.M.Topçubaşovun 135 illiyinə həsr olunmuş elmi‐



nəzəri konfransın materialları). Bakı, 1998. 

 



Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918‐1920). Bakı, 1993. 

 



İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917‐1918‐ci 

illər). Bakı, 1957. 

 

«Kaspi» qəzeti, 1906, 2 iyun, №117; 1917,18 aprel, №85; 20 aprel, №86; 23 aprel, №89; 17 avqust, 



№183; 19 avqust, №185; 25 avqust, № 190; 14 sentyabr, № 206. 

 



Qasımov M. Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914‐

1918‐ci illər). 3 hissədə. 2‐ci hissə (1917‐ci il noyabr – 1918‐ci il noyabr). Bakı, 2001. 

 

Qasımov M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti. Bakı, 2001. 



 

Qasımlı M. Avropa və Amerika ölkələrinin müasir tarixi. I hissə. 1918‐1945‐ci illər. Bakı, 2003. 



 

Quliyev V. Əlimərdan bəy Topçubaşov. – «Xalq qəzeti», 1997, 30 mart. 



 

League of Nations. Admission of Azerbaidjan to the leaque of Nations. Memorandum by the 



Secretaru‐General. ‐ The Great Britain Archive.‐Foreign Office,371/4948/285662. 

12



 

 



Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı, 1990. 

 



Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı, 1990. 

 



Topçubaşov Ə.M. Azərbaycanın təşəkkülü. – Azərbaycan EA xəbərləri (tarix, fəlsəfə və hüquq 

seriyası). 1990, №3. 

 

Topçubaşev A.M. Memorandum, predcəvlennıy naxodəhimisə v Konstantinopole Poçetnım 



predstaviteləm derjav Antantı  çlenom pravitelğstva Azerbaydjanskoy Respubliki, çrezvıçaynım 

ministrom poslannikom pri pravitelğstvax Blistatelğskoy Portı, Armenii i Qruzii A.M.Topçubaşevım 

(noəbrğ 1918 q.). ‐ Baku, 1993. 

 

 



 

 

 



 

 

13




 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin