Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov
28 aprel – 2 may 1920
Azərbaycanın görkəmli dövlət və ictimai‐siyasi xadimlərindən,
yazıçılarından və diplomatlarından biri Nəriman Kərbəlayi Nəcəf oğlu
Nərimanov olmuşdur.
N.Nərimanov 1870‐ci il aprelin 14‐də Tiflis şəhərində anadan olmuşdur.
O, 1885‐ci ildə Tiflis müsəlman ruhani məktəbini bitirdikdən sonra Qori
şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasına daxil olmuş, burada
həvəslə elmə can atmış və onun bütün sahələrini öyrənməyə çalışmışdır.
Seminariyada Azərbaycan, rus və dünya ədəbiyyatı klassiklərini dərindən öyrənməyə başlamışdır.
1890‐cı ilin iyununda Zaqafqaziya müəllimlər seminariyasını müvəffəqiyyətlə bitirən N.Nərimanov
Tiflis quberniyasının Borçalı qəzasının Qızıl Hacılı kəndinə müəllim vəzifəsinə təyin edilmişdir. O, ilk
dəfə olaraq burada kəndlilərin ağır, dözülməz həyatı ilə tanış olmuş və onlar arasında mədəni‐
maarifçilik işi aparmışdır. O, «Nadanlıq» adlı ilk bədii əsərini bu kənddə yazmışdır.
N.Nərimanov 1891‐ci ildə Bakıya gəlmişdir. O, burada müəllimlik‐maarifçilik işini davam
etdirmişdir. Bakıda şəxsi gimnaziyada Azərbaycan və rus dilləri müəllimi işləmişdir.
N.Nərimanov Azərbaycanın qabaqcıl ziyalılarının köməyi ilə 1894‐cü ildə Bakıda Şərqdə ilk ictimai
xalq kitabxanasını – oxu zalını açmışdır. Onun fəaliyyəti nəticəsində kitabxana – oxu zalı təkcə Bakı
deyil, bütün Qafqaz ziyalıları və zəhmətkeşlərinin mədəniyyət mərkəzinə çevrilmişdir. Kitabxanada
N.Nərimanovun rəhbərliyi altında əhali arasında aparılan mədəni iş məsələlərini müzakirə edən iclaslar
çağırılmış,
yeni əsərlər müzakirə olunmuş və yoxsul tələbələrə köməklik üçün tamaşalar göstərilmişdir.
1895‐1901‐ci illərdə N.Nərimanov Bakıda müəllimlik etməklə yanaşı, geniş bədii və ictimai‐siyasi
fəaliyyətə başlamışdır. O, bu dövrdə «Dilin bəlası («Şamdan bəy»)», «Bahadur və Sona», «Nadir şah»
əsərlərini yazmış, tərcümələr etmiş, bir sıra məqalə, məruzə və mühazirələrlə çıxış etmişdir.
Oxumağa, elmə gənc yaşlarından həvəsi olan və daim ona can atan N.Nərimanov ali təhsil almaq
üçün bir sıra çətinliklərlə üzləşmişdir. Gimnaziya müəllimi olmasına baxmayaraq, ali məktəbə daxil
olmaq üçün attestat tələb olunurdu. Buna görə də o, 1902‐ci ildə Bakı kişi gimnaziyasında ekstern
imtahan verib attestat alaraq Odessa şəhərində Novorossiysk universitetinin tibb fakültəsinə daxil
olmuşdur.
1902‐1908‐ci illər N.Nərimanovun tələbəlik illəridir. Tezliklə müəllim və tələbələrin böyük
hörmətini qazanan N.Nərimanov tələbə çıxışlarında fəal iştirak etmiş və səhərin liman fəhlələri arasında
inqilabi iş aparmışdır. Onun tələbəlik illəri Rusiyada inqilabi mübarizənin gücləndiyi bir dövrə
düşmüşdür. Bu dövrdə o, istər Odessada, istərsə də tətillər vaxtı Bakıya gəldiyi zaman fəhlələr arasında
inqilabi təbliğat işi aparmış, tələbələrin mitinq və çıxışlarında nitq söyləmiş , 1905‐ci ildə Bakıda
Hümmət sosial‐demokratik partiyasına daxil olmuş, İran sosial‐demokratik partiyası olan Mücahidin
yaradılmasında iştirak etmişdir.
1906‐cı ildə N.Nərimanov RSDFP proqramını Azərbaycan dilinə tərcümə etmişdir. Azərbaycan
müəllimlərinin I qurultayında onun sədrlərindən biri seçilmiş və qurultayda çıxış edərək müəllimləri
xalqın azadlığı uğrunda mübarizəyə, məktəblərdə Azərbaycan dilində dərslər keçməyə və məktəb
islahatı aparmağa çağırmışdır.
N.Nərimanov 1906‐1908‐ci illərdə inqilabi mübarizəsini «Kaspi», «İrşad», «Həyat», «Təkamül»
qəzetlərində siyasi, ictimai və mədəni səpgidə yazdığı onlarla məqalələri vasitəsilə də aparmışdır.
1908‐ci ildə Odessa universitetinin tibb fakültəsini müvəffəqiyyətlə bitirən N.Nərimanov Bakıya
gələrək şəhər xəstəxanasında həkim işləməyə başlamışdır. O, Bakıya gəldiyi ilk gündən gərgin ədəbi,
ictimai və maarifçilik fəaliyyətinə başlamışdır. Lakin Bakıda çox qala bilməmişdir. Siyasi fəaliyyətinə
görə o, polis təqiblərinə məruz qaldığından 1909‐cu ilin yanvarında Tiflis şəhərinə gedərək Tiflis
müalicəxanalarının birində işə düzəlmişdir. Tiflisdə az keçməmiş onun evində polis tərəfindən axtarış
23
aparılmışdır. Polis burada çarizmiin əleyhinə inqilabi sənədlər, İran Mücahid Partiyası MK‐nın
məktubunu, 1905‐ci ildə Odessada tələbə çıxışları zamanı yazdığı respublikanın monarxiyadan
üstünlüyü barədə referatının əlyazmasını və s. tapmış və N.Nərimanovu həbs edib Metex qalasına
salmışdır. 7 ay həbsdə saxlanılan N.Nərimanov 2 il müddətinə Həştərxan şəhərinə sürgün edilmişdir.
1809‐1913‐cü illərdə N.Nərimanov Həştərxanda «Rusiya» sığorta cəmiyyətində həkim işləməklə
yanaşı fəal ədəbi və siyasi fəaliyyətini davam etdirmişdir. O, bu dövrdə «Şureyi‐İslam» cəmiyyətinin
üzvü seçilmiş, Həştərxan quberniyası həkimlərinin II qurultayında iştirak və çıxış etmiş, Həştərxan xalq
universitetləri cəmiyyətinin əvvəl sədrinin müavini, sonra isə sədri olmuş, 4 il müddətinə Həştərxan
şəhər Dumasına seçilmiş və Dumanın məktəb komissiyasının üzvü təyin edilmişdir. Həştərxan
müsəlmanlarının «Ağ gül» xeyriyyə bayramında iştirak etmələrinin təşkilatçısı olmuşdur. Eyni zamanda
N.Nərimanov burada «Qadın məsələsi», «Səhiyyə və islam» kitablarını, «Qafqaz», «Prikaspiyskiy kray»,
«Astraxanskiy kray», «Kaspi» qəzetlərində müxtəlif səpgidə məqalələr çap etdirmişdir.
N.Nərimanov 1913‐cü il iyulun 15‐də Bakıya qayıtmışdır. O, Bakının müxtəlif müalicəxanalarında
həkim, şöbə müdiri və müdir vəzifələrində çalışmışdır. Eyni zamanda ədəbi və ictimai‐siyasi fəaliyyətini
davam etdirmişdir. «Nicat» mədəni‐maarif cəmiyyətinin pedaqoji şöbəsinin sədri seçilmiş, «Qənaət»
kooperativinin təşkilində iştirak etmiş və I qurultayında onun sədri seçilmiş, «Xalq evi» beynəlmiləlçi
mədəni‐maarif cəmiyyətinin idarə heyətinin tərkibinə seçilmişdir. O, eyni zamanda «Bakinets», «İqbal»,
«Yeni iqbal» və s. qəzetlərdə məqalələrlə, səhiyyənin müxtəlif sahələri üzrə və inqilabi mübarizənin
genişləndiyi bir vaxtda isə əhali qarşısında çıxışlar etmişdir.
1917‐ci ilin fevralında Rusiyada inqilabın qələbə çalması, çar monarxiyasının devrilməsi bədii
əsərləri, məqalələri, ictimai və siyasi fəaliyyəti ilə daim xalq kütlələrini azadlıq uğrunda mübarizəyə
çağıran N.Nərimanovu daha geniş və açıq siyasi mübarizə aparmağa ruhlandırmışdır. O, Hümmət
təşkilatının təcili konfransında Müvəqqəti Komitənin sədri seçilmişdir.
1917‐ci il aprelin 15‐20‐də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı keçirilmişdir.
N.Nərimanov Hümmət Komitəsinin tapşırığı ilə qurultayda iştirak etmiş, M.Rəsulzadə, Ə.Topçubaşov,
M.Hacınski və b. ilə birgə qurultayın Rəyasət Heyətinə seçilmişdir. O, çıxışında Azərbaycan fəhlə və
kəndlilərinə, ümumiyyətlə, bütün Cənubi Qafqaz müsəlmanlarına müraciət edərək demişdir: «Siz rus
inqilabının xarakterini başa düşməlisiniz. Soyğunçu müharibə olan dünya imperialist müharibəsindən
sonra Rusiyada qələbə çalmış inqilab bütün dünyada inqilabın başlanğıcıdır. Hərgah siz bu bütün
dünya inqilabi fırtınasında qərq olmaq istəmirsinizsə, Rusiya fəhlə və kəndlilərinin qızıl bayrağı altında
sıx birləşin».
N.Nərimanov 1917‐ci ilin aprel‐dekabr aylarında Hümmət təşkilati üzvlərinin iclaslarına sədrlik
etmiş, komitəsinin sədri seçilmiş, onun redaktorluğu ilə «Hümmət» qəzeti nəşr olunmuşdur. Bakı şəhər
dumasına seçilmiş, Oktyabr çevrilişi münasibətilə Azadlıq meydanındakı mitinqdə çıxış etmiş, eyni
zamanda Balaxanı, Sabunçu mədən fəhlələri xəstəxanasında, Ümumqafqaz tələbə cəmiyyətində siyasi
vəziyyətlə əlaqədar məruzə etmiş, «Hümmət», «Bakinskiy raboçiy», «Kaspi» və s. qəzetlərdə məqalələri
dərc olunmuşdur. O, bu məqalələrində və əhali qarşısındakı çıxışlarında rus inqilablarının Azərbaycan
xalqının və bütün Şərq xalqlarının azadlığa çıxmasındankı böyük rolunu qeyd etmişdir.
1918‐ci il martın 30‐dan aprelin 1‐dək Bakıda müsəlmanlara qarşı soyqırım baş verdi. Başda
S.Şaumyan olmaqla bolşevik‐daşnak qüvvələri sovetləri möhkəmləndirmək pərdəsi altında qətliam
törətdilər. Martın 30‐da silahlı toqquşmaya rəhbərlik etmək üçün Bakı Sovetinin İnqilabi Müdafiə
Komitəsi təşkil olundu. Onun tərkibinə S.Şaumyan, P.Caparidze, Q.Korqanov və b. ilə yanaşı
N.Nərimanov da daxil olmuşdur. İlk gündən bu qanlı qırğının qarşısını almağa çalışmış, öz mənzilində
S.Şaumyanın, M.Əzizbəyovun və b. bolşeviklərin iştirakı ilə müşavirə çağırmış və onlardan tezliklə bu
əksinqilabi milli qırğının dayandırılmasını tələb etmişdir. Onun «Hümmət» qəzetində çap olunmuş
«Bakı, 1 aprel», «Bizi aldatmışlar və aldadırlar» məqalələrində və «S.Şaumyana və Caparidzeyə» gön‐
dərdiyi açıq məktubunda onların daşnak silahlı qüvvələrindən istifadə etmələrini, müsəlmanlara‐
azərbaycanlılara qarşı düzgün siyasət yeritməmələrini və sovet hakimiyyəti ilə qorxutduqlarını kəskin
tənqid edərək yazırdı: «…Bu, sovet hakimiyyətinə ləkədir və adına xələl gətirir. Əgər Siz yaxın vaxtlarda
bu qara pərdəni cırıb və bu ləkəni silməsəniz, bolşevik fikri və Sovet hakimiyyəti burada qala bilməz.
24
Sizə məlumdur ki, silah gücünə əldə edilmiş hakimiyyəti xalq müdafiə etməsə, yaşaya bilməz».
N.Nərimanov bu dövrdə milli toqquşmanın qarşısını almaq üçün müsəlman sosialist partiyalarının
bürosunu təşkil etmiş, Təzəpir məscidində Bakı əhalisinin mitinqində çıxış etmişdir. O, eyni zamanda
«Hümmət» qəzetinin səhifələrində «Biz ayıq olmalıyıq», «Çağırış», «Bakı, 18 aprel», «İnqilab və
əksinqilab, inqilabçılar və əksinqilabçılar» adlı məqalələrlə çıxış edərək Bakıda, istərsə də Azərbaycanın
başqa yerlərində baş vermiş milli qırğın törədənləri kəskin tənqid etmiş və milliyyətindən asılı
olmayaraq Azərbaycan zəhmətkeşlərini qardaşlığa, dostluğa və həmrəyliyə çağırmışdır.
1918‐ci il aprelin 25‐də Bakı fəhlə, əsgər və matros sovetinin iclasının qərarı ilə Bakı Xalq
Komissarları Soveti yaradıldı. Azərbaycanda və bütün Zaqfaqaziyada ilk sovet hakimiyyəti olmuş Bakı
Xalq Komissarları Sovetinin tərkibinə S.Şaumyan, P.Caparidze, İ.Fioletov və b. ilə yanaşı N.Nərimanov
da daxil olmuş və ona şəhər təsərrüfatı komissarı vəzifəsi tapşırılmışdır. N.Nərimanov ilk gündən bir
komissar kimi şəhərin sanitar vəziyyəti ilə tanış olmağa başlamış, xəstəxanalara, məktəblərə,
müəssisələrə getmişdir. Bakı dəmir yolunun ikinci stansiyasında məskunlaşmış Quba və Müğan
qaçqınlarının vəziyyəti ilə tanış olmuş, əmək intizamını möhkəmləndirmək haqqında Xalq Şəhər
Təsərrüfatı Komissarlığı üzrə əmri imzalamışdır.
1918‐ci il mayın 26‐28‐də Bakı qəzası kəndli deputatları sovetlərinin qurultayı keçirildi.
N.Nərimanov bu qurultaya sədrlik etmiş, onu təbrik nitqi ilə açmış, ikinci iclasında hakimiyyət məsələsi
haqqında məruzə etmişdir. O, məruzəsində qeyd etmişdir ki, indiki hökuməti hiss etmək üçün onun
fəaliyyətinə nəzər salmalıyıq. Köhnə hökumət istibdad hökuməti idi, «heç müstəbid istəməz ki, onun
əlinin altında olan əhali gözüaçıq olsun…». Sonra o, Rusiya inqilabının köhnə hökumətin iç üzünü
açması və onu devirməsi, yeni hökumətin yaradılması haqqında kəndlilərə məlumat vermişdir.
N.Nərimanov məruzəsində hakimiyyətin yeni hökumətə – bolşeviklərə keçdiyini qeyd edərək deyir:
«İxtiyar və hökumət biz bolşeviklərin, yəni camaatın əlinə keçdi. Bu hökumət nə tələb edir? Bu hökumət
çalışır ki, Rusiyada inqilab hiss olunsun, camaata yer verilsin, fəhlələr 8 saat işləsin, çox məvacib
alsınlar,… fabriklər milliləşdirilsin». Qurultay Bakı qəzası Kəndli Deputatları Sovetinin 15 nəfərdən
ibarət İcraiyyə Komitəsini seçdi. Onun tərkibinə M.Əzizbəyov, D.Bünyadzadə, M.Vəzirov ilə yanaşı
N.Nərimanov da daxil olmuşdur.
N.Nərimanov 1918‐ci ilin iyununda Bakıda sovet hakimiyyəti çətin vəziyyətə düşdüyü zaman ağır
xəstələnmişdir. Bu vaxt onun xəstələnməsi haqqında «Hümmət» qəzeti məlumat vermişdir.
N.Nərimanov xəstəliynin ağırlığına görə həkimlərin məsləhəti ilə Həştərxana getmişdir.
1918‐1919‐cu illərdə N.Nərimanov Həştərxan şəhərində fəaliyyət göstərmişdir. N.Nərimanov
Həştərxan Quberniya İcraiyyə Komitəsinin hərbi‐sanitar, maarif şöbələrinin müdiri, Həştərxanda təşkil
edilmiş Zaqafqaziya müsəlmanları işləri üzrə komissar vəzifələrinə təyin olunmuşdur.
N.Nərimanov «Hümmət» təşkilatının Həştərxan bürosunu yaratmış və ona başçılıq etmiş, eyni
zamanda 1919‐cu ilin mayından 1920‐ci ilin mayına qədər Həştərxanda çap olunmuş «Hümmət»
qəzetini redaktə etmişdir. N.Nərimanov Həştərxanda dəfələrlə müsəlman qızıl əsgərləri, kommunistləri,
qadınları, ruhaniləri, müəllimləri və fəhlələrinin iclaslarında, yığıncaqlarında, kurslarında müxtəlif
mövzuda təbliğat xarakterli çıxış və məruzələr etmiş, onlara Rusiyada və bütün dünyada baş verən
hadisələrdən ətraflı danışmışdır.
N.Nərimanov bu dövrdə daim Azərbaycan zəhmətkeşləri ilə əlaqə saxlamış və burada baş verən
hadisələr haqqında məlumatlar almışdır. Onun yazdığı və imzaladığı «Zaqafqaziyaya biz nə şüarla
gedirik», «Qafqaz fəhlə və kəndlilərinə» müraciətləri Bakıya göndərilmişdir. O, bu müraciətlərdə Qafqaz
və Zaqafqaziya zəhmətkeşlərini xarici müdaxiləçiləri öz torpaqlarından qovmağa, fəhlə‐kəndli hökuməti
olan sovetləri qurmağa və kapitalist‐mülkədar hakimiyyətinə qarşı çıxmağa çağırmışdır.
N.Nərimanov 1919‐cu il iyunun axırlarında RK(b)P MK tərəfindən Moskvaya çağırılmışdır. O, ilk
dəfə olaraq burada RSFSR Xalq Komissarları Sovetinin sədri V.İ.Leninlə görüşmüşdür. O, V.İ.Leninlə
Qafqazda baş verən hadisələr, sovet hakimiyyəti uğrunda mübarizə problemləri, kommunistlərin
fəaliyyəti, Şərqdə sovet hakimiyyəti və s. məsələlər haqqında ətraflı söhbət etmişdir. V.İ.Lenin ilk
dəqiqələrdən hiss edir ki, onun həmsöhbəti N.Nərimanov Şərq məsələlərini dərindən və incəlikləri ilə
bilən bir şəxsdir.
25
1919‐cu ilin iyulundan – 1920‐ci ilin mayına qədər N.Nərimanov Moskvada müxtəlif vəzifələr
daşımışdır: RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsinin müdiri, RSFSR Xalq Milli İşlər
Komissarının müavini və komissarlığın kollegiya üzvü. O, eyni zamanda bu dövrdə Moskvada keçirilən
iclas və müşavirələrdə iştirak etmiş, məruzə və nitq söyləmişdir. Millətlər Komissarlığının müxtəlif
məsələləri müzakirə etmiş bir sıra kollegiya iclasları onun sədrliyi altında keçmişdir. O dövrkü
mətbuatda dərc olunmuş RSFSR xalq xarici işlər komissarı G.Çiçerin ilə birlikdə imzaladığı «Türkiyə
fəhlə və kəndlilərinə», «Azərbaycan, Dağıstan və Gürcüstan kəndlilərinə», «İran fəhlə və kəndlilərinə»
müraciətlərdə Türkiyə və İran zəhmətkeşlərini xarici müdaxiləçiləri ölkələrindən qovmağa, sultan və
şah rejimini inqilab yolu ilə devirməyə, Sovet Rusiyası ilə əlaqələr yaratmağa, azərbaycanlıları, gürcüləri
və Dağıstan zəhmətkeşlərinin əldə etdikləri azadlığı qoruyub saxlamağa, Denikinçilərə qarşı
mübarizəyə çağırmışlar.
1919‐cu il noyabrın 22‐dən dekabrın 3‐dək Moskvada keçirilən Şərq xalqları kommunist
təşkilatlarının II Ümumrusiya qurultayında N.Nərimanov iştirak etmiş və Tatar‐Başqırd muxtar
respublikasının yaradılması haqqında çıxış etmişdir. O, bu çıxışında qeyd etmişdir ki, «sovet
hakimiyyəti dəfələrlə hər bir xalqa müstəqillik vermək, muxtar respublika yaratmaq haqqında
bəyanatlar vermişdir. Biz Tatar‐Başqırd Muxtar Respublikasının yaranmasının əleyhinə deyilik, lakin
onun sonralar burjua nümayəndələrinin əlinə keçməsindən qorxuruq. Bu məsələnin həllinə ehtiyala
yanaşmaq lazımdır». Qurultay RK(b)P MK yanında Şərq xaqları kommunist təşkilatlarının Mərkəzi
Bürosunun yeni tərkibini seçmişdir. N.Nərimanov RK(b)P MK Siyasi Bürosunun iclasında Şərq xaqları
kommunist təşkilatlarının Mərkəzi bürosuna üzv seçilmişdir.
1920‐ci il fevralın 11‐12‐də gizlə şəraitdə Bakıda keçirilən Azərbaycan kommunist təşkilatlarının I
qurultayında V.İ.Lenin və N.Nərimanov fəxri sədr seçilmişlər.
Aprelin 20‐də N.Nərimanov Azərbaycana yola düşməmişdən əvvəl V.İ.Leninlə görüşmüş və bir
saatdan çox söhbət etmişdir. O, V.İ.Leninə Azərbaycanın iqtisadi və siyasi vəziyyəti haqqında məlumat
vermiş, Şərqdə, o cümlədən Azərbaycanda sovet hakimiyyəti məslələri haqqında fikir mübadiləsi
etmişdir. Sonralar N.Nərimanov Bakıda iclasların birində V.İ.Leninlə bu söhbəti haqqında danışarkən
qeyd etmişdir ki, V.İ.Lenin mənə dedi ki, bizə ancaq Bakı və Xəzərin sahili torpaqlar lazımdır. Mən isə
cavabında dedim ki, nə Bakı Azərbaycansız, nə də Azərbaycan Bakısız yaşaya bilməz.
Aprelin 27‐də Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradıldıqda N.Nərimanov qiyabi olaraq
onun sədri seçilmişdir. Aprelin 28‐də Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin iclasında Azərbaycan
Xalq Komissarlar Soveti təşkil olundu. Azərbaycan Xalq Komissarlar Sovetinin sədri və xarici işlər
komissarı vəzifələrinə N.Nərimanov təsdiq edilmişdir.
Mayın 16‐da N.Nərimanov Bakıya gəlmişdir. Qırmızı bayraqlarla, şüarlarla bəzədilmiş vağzalda
böyük təntənə ilə qarşılanmışdır. Onu qarşılamağa gəlmiş şəhər əhalisi içərisində İnqilab Komitəsinin
üzvləri ilə yanaşı məktəblilər, partiya və ordu nümayəndələri var idi. N.Nərimanov qatardan düşəndən
sonra qısa nitq söyləyərək əhalini XI Qızıl ordu və Moskva adından təbrik etmiş və Azərbaycan fəhlə və
kəndli hökumətinin Şərq inqilabı üçün əhəmiyyətindən bəhs etmiş və Azərbaycan zəhmətkeşlərinin
şimal qardaşları ilə birlikdə gələcəklərinə əmin olduğunu bildirmişdir.
N.Nərimanov 1920‐ci il aprelin 28‐dən 1922‐ci il martın 12‐ə kimi Azərbaycan İnqilab Komitəsinin,
Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Müdafiə Şurasının sədri vəzifələrində çalışmışdır. O,
Azərbaycanda sovet hakimiyyətinin ilk vaxtlarında daxili və beynəlxalq vəziyyətin gərginliyi ilə
əlaqədar olaraq 1920‐ci il aprelindən mayın əvvəlinədək Azərbaycan xalq xarici işlər komissarı vəzifəsini
də daşımış, sonralar bu vəzifəni müavini M.Hüseynov tutmuşdur.
N.Nərimanov Azərbaycana rəhbərliyə başladığı ilk gündən Azərbaycanın yeni istiqamətdə
tərəqqisi naminə gərgin fəaliyyət göstərmişdir. Onun İnqilab Komitəsinin başqa üzvləri ilə birlikdə
imzaladığı əhalini sovet hakimiyyəti ətrafında birləşmək, inqilabi qaydalara əməl etmək, XI orduya
yardım etmək, sovet quruculuğuna və onun möhkəmləndirilməsinə köməklik göstərmək, Sovet Rusiyası
ilə qardaşlıq ittifaqı yaratmaq haqqında müraciətləri dərc olunmuşdur.
N.Nərimanov Azərbaycan respublikasının tezliklə və hərtərəfli inkişafı və xalq təsərrüfatının bütün
sahələrinin dövlətin əlində cəmlənməsi məqsədilə neft sənayesinin, Xəzər ticarət donanmasının,
26
bankların, balıq sənayesinin, H.Z.Tağıyevin toxuculuq fabrikinin və s. milliləşdirilməsi barədə bir sıra
dekretləri imzalamışdır.
1920‐ci il sentyabrın 1‐7‐də Bakıda Şərq xalqlarının I qurultayı çağırılmışdır. Qurultayda Avropa və
Asiya ölkələrindən gəlmiş 1900‐ə yaxın nümayəndə iştirak etmişdir. N.Nərimanov qurultayı
Kommunist İnternasionalı İcraiyyə Komitəsi adından açaraq demişdir: «Yoldaşlar, Şərq xalqlarının
dünyada görünməmiş, eşidilməmiş birinci qurultayını açmaq səadəti bu gün mənə nəsib olmuşdur…
Bu gün burada iki dünya görüşür: istismar olunanlar və istismar edənlər dünyası. Şübhə yoxdur ki,
əgər istismar edənlər dünyasının nümayəndələri burjua sinfinin nümayəndələri olsaydılar, onda
Qocaman Şərqin göz yaşları, bəlkə də təsirsiz qalardı. Lakin xoşbəxtlik bundadır ki, burada iştirak edən
nümayəndələr məhz burjua ölkələrinin fəhlə sinfini təmsil edirlər, onlar başa düşürlər, bizə imkan
verərlər ki, yaxın vaxtlarda III İnternasionalın ümumdünya hakimiyyətini təntənəli surətdə elan edək”.
Qurultay özünün daim fəaliyyət göstərəcək icraiyyə orqanını – Təbliğat və Fəaliyyət şurasını seçdi.
Onun tərkibinə M.Hüseynov, S.Kirov, Q.Orconikidze, M.Sübhi, Heydər Əmioğlu, Y.Stasova və b. ilə
yanaşı N.Nərimanov da daxil olmuşdur.
1920‐ci il sentyabrın 30 ‐ oktyabrın 4‐də N.Nərimanovun başçılığı altında partiya, dövlət
rəhbərlərindən və fəhlə nümayəndələrindən ibarət komissiya Azərbaycanın Ucar, Göyçay, Gəncə,
Qazax, Tovuz, Yevlax, Ağdam, Bərdə, Şuşa, Şəki, Kürdəmir və s. yerlərinə getmiş, şəhər zəhmətkeşləri
və kəndlilərlə görüşmüşdür. O, getdiyi yerlərdə əhalinin vəziyyəti ilə tanış olmuş və onlar qarşısında
çıxış edərək Azərbaycanda, ümumiyyətlə, bütün dünyada baş verən siyasi proseslər haqqında məlumat
vermişdir. N.Nərimanov kəndliləri sovetlər ətrafında birləşməyə, sovet hökumətinin onlara verdiyi
torpağı vaxtlı‐vaxtında əkib‐becərməyə və əsl sahibi olmağa, əksinqilabçılardan qorumağa, kənd
məhsulları ilə Bakı fəhlələrinə yardım etməyə, Sovet Rusiyası ilə dostluğa və qardaşlığa çağıraraq
demişdir: «Sovet Rusiyası ilə birləşdikdən sonra biz neft anbarlarını boşaltmağa, istehsalatımızı
artırmağa, fəhlələri saxlamaq üçün vəsait əldə etməyə… və azad Sovet Rusiyasının azad Sovet
Azərbaycanının qarşılıqlı köməyi nəticəsində imkan tapdıq».
1920‐ci il dekabrın 22‐29‐da Moskvada VIII Ümumrusiya Sovetlər qurultayı oldu. Qurultay məşhur
QOELRO (Rusiyanı Elektrikləşdirmək üçün Dövlət Komissiyası) planını qəbul etdi. Qurultayda ilk dəfə
olaraq başda N.Nərimanov olmaqla Azərbaycan nümayəndələri də iştirak etmiş və N.Nərimanov
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilmişdir.
1921‐ci il yanvar ayının əvvəllərində N.Nərimanov Moskvada olarkən Sovet Rusiyasında yaşayan
müsəlman xalqları kommunistlərinin müşavirəsi keçirilmişdir. Müşavirədə iştirak edən N.Nərimanov
müşavirənin Rəyasət Heyətinə seçilmişdir.
1921‐ci il mayın 6‐19‐da keçirilən I Ümumazərbaycan Sovetlər qurultayını giriş nitqilə
N.Nərimanov açmışdır: O, qurultayın Rəyasət Heyətinə seçilmiş, onun bir neçə iclasına sədrlik və çıxış
etmişdir. Eyni zamanda qurultayda N.Nərimanov bir il ərzində Azərbaycan SSR hökumətinin fəaliyyəti
və beynəlxalq vəziyyət haqqında məruzə etmişdir. Qurultay 9 üzv və 3 namizəddən ibarət onun Rəyasət
Heyətini seçdi. N.Nərimanov M.Hacıyev, S.Ağamalı oğlu və b. ilə birlikdə onun tərkibinə seçilmişdir.
Azərbaycanın ilk konstitusiyasını təsdiq edən qurultay rəsmi olaraq N.Nərimanov başda olaraq
Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibini müəyyənləşdirmişdir. Mayın 21‐də Azərbaycan
SSR MİK I plnenumunun I sessiyası keçirildi. N.Nərimanov iclası açarkən dedi ki, fəhlə və kəndlilərin
üstünlüyü ilə Sovet Respublikasının ali orqanını seçərək biz bütün Azərbaycan qarşısında, bütün Şərq
qarşısında nəzərə çatdırırıq ki, burada hakimiyyət zəhmətkeşlərin öz əlindədir. Sessiya qurultay
tərəfindən seçilmiş Azərbaycan SSR MİK Rəyasət Heyətini və N.Nərimanov başda olmaqla Azərbaycan
SSR XKS‐i təsdiq etmişdir.
1921‐ci il iyulun 19‐da Azərbaycan SSR MİK Rəyasət Heyətinin iclası oldu. İclas N.Nərimanovun
sədrliyi ilə keçmiş və onun Zaqafqaziya respublikaları nümayəndələrinin Azərbaycan, Gürcüstan və
Ermənistan arasında sərhədlərin müəyyənləşməsinə həsr edilmiş konfransın yekunları haqqında
məruzəsini müzakirə etmişdir.
N.Nərimanov 1921‐ci il noyabrın 15‐16‐da Azərbaycan SSR MİK Rəyasət Heyətinin və Azərbaycan
SSR XKS iclasında iştirak etmişdir. İclasda «Zaqafqaziya respublikalarının vahid siyasi‐iqtisadi ittifaqda
27
birləşməsi» məsələsi müzakirə olunmuşdur. Rəyasət Heyəti N.Nərimanov başda olmaqla komissiya
yaratmış və konstitusiya layihəsini hazırlamağı tapşırmışdır.
N.Nərimanov Bakıda həbs olunmuş ingilis və fransızların azad edilməsi məsələsinə dair Fransa və
Böyük Britaniya hökumətlərinə teleqramlar göndərmişdir.
1921‐ci il dekabrın 30‐da türk əlifbası komitəsinin I konfransı keçirilmişdir. Giriş sözü ilə konfransı
açan N.Nərimanov yeni əlifbanın üstünlükləri və əhəmiyyətindən, ərəb əlifbasının nöqsanlarından
danışaraq demişdir: «Hərgah biz indi bu əlifbaya keçməsək, o zaman 10 ildən sonra bu əlifba özü‐özünə
itəcək. Odur ki, indi keçməli və elə etməli ki, 10 ildən sonra olacaq zəhmətkeş ədəbiyyatını zəhmətkeş
balaları oxuya bilsin».
1922‐ci il yanvarın 27‐də Moskvada çağırılmış I Ümumrusiya MİK fövqəladə sessiyasında İtaliyanın
Genuya şəhərində keçiriləcək konfransa gedəcək nümayəndələr seçilmişdir. Bu nümayəndələrin
tərkibinə Azərbaycandan N.Nərimanov daxil edilmişdir.
1922‐ci il martın 11‐12‐də Tiflisdə Azərbaycan, Gürcüstan, Ermənistan Mərkəzi İcraiyyə
Komitələrinin səlahiyyətli konfransında Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları (ZSFSR)
təşkil edildiyi bildirilmişdir. ZSFSR‐in Rəyasət Heyəti seçilmişdir. Onun tərkibinə N.Nərimanov da daxil
olmuşdur. Sonra konfrans ZSFSR‐in N.Nərimanov, A.Bekzadyan və P.Mdivanidən ibarət üç sədrini
seçmişdir. Onlar növbə ilə Zaqafqaziyanın bütün işlərinə rəhbərlik etmişlər.
1922‐ci il aprelin 10‐dan mayın 19‐dək İtaliyanın Genuya şəhərində iqtisadi və maliyyə məsələləri
üzrə beynəlxalq konfrans çağırılmışdır. Konfransda sovet nümayəndə heyəti də iştirak etmişdir.
Konfransda sovet nümayəndə heyətinin tərkibinə G.Çiçerin, L.Krasin M.Litvinov, A.İoffe, V.Vorovski,
Y.Rudzutak, X.Rakovski, N.Nərimanov, P.Mdivani, A.Bekzadyan, A.Şlyapkin daxil idi. Azərbaycan
hökuməti ona bəyanat vermək, çıxış etmək və sənəd imzalamaq üçün səlahiyyətli vəsiqə‐mandat
vermişdir. Vəkalətdə oxuyuruq: «Nəriman Nərimanov ümümsovet nümayəndələrinin tərkibində
Azərbaycan Sovet Sosialist Respublikasının mənafeyini təmsil etməyə, Azərbaycan Sovet hökuməti
adından hər cür bəyanat verməyə, konfransda müzakirə olunacaq məsələlər üzrə qərarlar qəbul etməyə,
Azərbaycan hökuməti adından saziş, müqavilə, konvensiya, müahidələr və s. bağlamağa vəkil
edilmişdir». N.Nərimanov aprelin 10‐dan mayın 6‐na kimi Genuya konfransında iştirak etmiş, sovet
nümayəndələrinin mövqeyində durmuş, Bakı neftinə sahib olmağa çalışan dövlətlərin cəhdlərini rədd
etmişdir. O, Genuya konfransından sonra bir sıra qəzetlərin müxbirlərinə müsahibələr vermiş, konfrans,
qurultay, iclas və müşavirələrdə çıxış edərək konfrans, sovet nümayəndələrinin mövqeyi haqqında
məlumatlar vermiş və yazdığı «Əqil sərmayənin cəngində», «Qenuya 10 aprelya 1922 q.» məqalələrdə
hərtərəfli izah etmişdir. N.Nərimanov sonralar ziyalıların, fəhlələrin və kəndlilərin bu məsələyə
marağını nəzərə alaraq müsahibə, bəyanat, çıxış və məqalələrini bir yerə toplayıb ««Genuya» nədir?»
adlı altı fəsillik kitaça hazırlasa da, nəşr etdirə bilməmişdir. Kitabça ARSPİHDA‐da N.Nərimanovun
fondunda saxlanılmaqdadır.
1922‐ci il noyabrın 8‐də Bakıda böyük Azərbaycan satirik şairi M.Sabirin heykəli qoyulmuşdur.
Onun açılışında Azərbaycanın dövlət və ictimai xadimləri, ziyalıları, tələbələri iştirak etmişdir. Bu vaxt
Bakıda olan N.Nərimanov da heykəlin açılışında iştirak etmiş və nitq söyləmişdir. N.Nərimanov
M.Sabirin yaradıcılığına böyük qiymət verərək yalnız fəhlə və kəndli hökuməti tərəfindən ona heykəl
qoyulduğunu qeyd edərək demişdir: «Sabir Nikolay hökumətinin ən qorxulu günlərində heç kəsdən
qorxmayıb özünün kəndli və fəhlə tərəfdarı olduğunu hamıya bildirirdi. Öz şerləri və yazıları ilə
kəndlilərin və fəhlələrin haqqlarını müdafiə edirdi… Buna görə heç kəs təəccüb etməsin ki, ilk dəfə
Sabiri yad edən və ona yadlıq (heykəl) dikəldən biz kəndli və tərəfdarı oldu!»
1922‐ci il dekabrın 10‐13‐də Bakıda I Zaqafqaziya Sovetlər qurultayı toplandı. N.Nərimanov
qurultayı giriş nitqi ilə açaraq demişdir: «Bu təntənəli tarixi gündə bütün Zaqafqaziya zəhmətkeşlərinin
ürəkləri sevinclə döyünür, çünki bu gün elə bir evin təməli qoyulur ki, həmin evdə Zaqafqaziyanın
bütün zəhmətkeşləri öz kədər və sevinclərini bölüşdürəcəklər…
Bu gün biz buradan bütün dünya zəhmətkeşlərinə var səsimizlə qışqırmalıyıq ki, zəhmətkeşlərin öz
məqsədlərinə doğru getmək istədikləri yol biz, Zaqafqaziya zəhmətkeşləri tərəfindən tapılmışdır».
28
N.Nərimanov sonra qurultayın ikinci iclasında ZSFSR‐in fəaliyyəti haqqında rus və Azərbaycan
dillərində məruzə etmiş, birinci iclasın sədri olmuş, Zaqafqaziya MİK üzvü və Ümumrusiya qurultayına
nümayəndə seçilmişdir.
1922‐ci il dekabrın 30‐da SSRİ I Sovetlər qurultayı çağırıldı. Qurultayda RSFSR, Ukrayna,
Belorusiya və ZSFSR birləşərək SSRİ‐ni yaratdılar. Qurultay SSRİ‐nin ali qanunverici orqanını –SSRİ
MİK‐i seçdi. 1923‐cü il yanvarın 2‐də SSRİ MİK‐in birinci sessiyası oldu. Sessiya SSRİ MİK Rəyasət Heyə‐
tini və SSRİ‐nin yaradılmasında iştirak edən respublikaların sayına görə SSRİ MİK‐in dörd sədrini –
M.Kalinin, N.Nərimanov, Y.Petrovski, A.Çervyakovu seçmişdir.
1923‐1925‐ci illərdə N.Nərimanov Moskvada SSRİ MİK sədrlərindən biri kimi fəaliyyət
göstərmişdir. O, bu dövrdə SSRİ MİK Rəyasət Heyətinin bir sıra iclaslarına sədrlik və iştirak etmiş,
dekret, qərar, sərəncam, müraciətlərin hazırlanması və verilməsində, SSRİ‐nin ilk konstitusiyasının
hazırlanmasında yaxından iştirak etmişdir. Eyni zamanda bu illərdə RK(b)P, Zak.ÖK, AK(b)P plenum,
konfrans və qurultaylarında, SSRİ, ZSFSR və Azərbaycan Sovetlər qurultaylarında iştirak etmiş, MK
bürolarına, rəyasət heyətlərinə üzv seçilmiş, bir sıra iclaslarına sədrlik etmişdir.
1925‐ci ilin fevral‐mart aylarında Moskva, Tiflis və b. yerlərdə N.Nərimanovun ictimai, siyasi və
ədəbi fəaliyyətinin 30 illiyi təntənə ilə qeyd edilmişdir.
Bununla belə, N.Nərimanov bir sıra sovet rəhbərləri və bəzi şəxslər tərəfindən mənəvi təqiblərə
məruz qalmış, ona millətçi damğası vurulmuşdur.
N.Nərimanov Moskvada 1925‐ci il martın 19‐da axşam qəflətən vəfat etmişdir. Martın 20‐də xalqın
vidalaşması üçün onun cənazəsi Sovetlər Evinin Sütunlu zalına qoyulmuşdur. Dəfni matəm günü elan
edilmişdir. Martın 23‐də N.Nərimanov Moskvada Qızıl meydanda, V.İ.Leninin Movzoleyinin yanında
müsəlman qaydası ilə torpağa tapşırılmışdır. N.Nərimanov müsəlman Şərqinin Qızıl meydanda dəfn
olunan ilk nümayəndəsidir.
Azərbaycan KP MK‐nın birinci katibi işləmiş H.Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 70‐ci illərin
əvvəllərində Bakıda N.Nərimanova möhtəşəm abidə qoyulmuşdur.
Dostları ilə paylaş: |