Məmmədyusif Hacıbala oğlu Cəfərov
14 mart‐22 dekabr 1919
Azərbaycanın tanınmış siyasi və ictimai xadimlərindən biri Məmmədyusif
Cəfərov 1885‐ci ildə Bakıda neft sənayesinin sürətlə inkişafa başladığı bir
dövrdə anadan olmuşdur. 1907‐ci ildə Bakıda kişi gimnaziyasını bitirən
M.Cəfərov o dövrdə Rusiya imperiyasının ikinci böyük şəhəri sayılan
Moskvaya getmiş və Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil
olmuşdur. Moskva mühiti və tələbəlik illəri gənc Məmmədyusifin
dünyagörüşünün inkişafında mühüm rol oynamışdır. Cünki 1905‐1907‐ci illər
inqilabının məğlub olmasına baxmayaraq, tələbələr arasında hələ də inqilabi mübarizə ruhu qalmışdı və
onlar tələbə təşkilatlarını saxlayırdılar. Məmmədyusif tezliklə Moskvada oxuyan azərbaycanlıların
yaratdığı «Azərbaycan etnoqrafik konsert gecələri»nin və «Azərbaycan həmyerlilər təşkilatı»nın əvvəllər
üzvü, sonralar isə rəhbərlərindən biri olmuşdur. O, öz tələbə dostlarını bu təşkilatlarda elmə, biliyə
yiyələnməklə yanaşı, xalqın azadlığı uğrunda mübarizədə birliyə çağırmışdır.
1912‐ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən
M.Cəfərov Bakıya gələrək Bakı məhkəmələrinin birində andlı hakim köməkçisi vəzifəsində çalışmağa
başlamışdır.
1912‐ci ilin sentyabr‐oktyabr aylarında IV Dövlət Dumasına Rusiyanın hər yerində olduğu kimi
Cənubi Qafqazda da seçkilər keçirildi. Hüquqşünas kimi Bakı əhalisinin hörmətini qazanmış 27 yaşlı
M.H.Cəfərov əvvəl Bakıda, oktyabrın 20‐də isə Yelizavetpolda Bakı, Yelizavetpol və İrəvan
quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilmişdir.
M.H.Cəfərov 1912‐1917‐ci illərdə Sankt‐Peterburqda fəaliyyət göstərmiş IV Dövlət Dumasında
iştirak etmiş, Dumanın V bölməsinin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə
islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü seçilmişdir. O, Dumanın bir sıra iclaslarında
müzakirə olunan Rusiya dövlətinin baş nazirinin hesabatı, Gömrük Departamentinin xərcləmə dərəcəsi,
Köçürmə İdarəsi üzrə xərclərin smetasına dair büdcə komissiyasının hesabatı, 1913‐cü ildə
Zaqafqaziyanın bəzi yerlərində məhsulsuz qalmış əhaliyə kömək tədbirləri, müharibə və s. məsələlərin
müzakirəsi zamanı çıxış etmişdir. O, öz çıxışlarında çar hökumətinin Zaqafqaziya əhalisinə, xüsusən
müsəlmanların maariflənməsinə pis münasibət göstərdiyini, hüquqlarının məhdudlaşdırıldığını, milli
məktəblərinin bağlandığını tənqid etmiş və kazarmaya çevrilmiş məscidlərin müsəlman fraksiyası
adından geri qaytarılmasını tələb etmişdir.
O, eyni zamanda köçürmə siyasətini tənqid edərək məmurların əhalini köçürərkən yerlilərin
vəziyyətini nəzərə almadıqlarını, bunun da çox vaxt yerlilərlə köçənlər arasında toqquşmaya səbəb
olduğunu, Qafqaz cəbhəsi və arxa zonalarda dinc müsəlman əhalisinin müdafiə olunmadığını,
əmlaklarının talandığını, öldürüldüyünü bildirmişdir.
M.H.Cəfərov Sankt‐Peterburqda olduğu dövrdə ona bir deputat kimi Lənkəran balıqçıları, Şamaxı
müəllimləri, müsəlman ruhaniləri müraciət etmişlər. O, əhalinin irəli sürdüyü məsələləri həll etmək
üçün bir sıra dövlət idarələrinə və nazirliklərə getmiş, məsələlərin həllinə çalışmışdır.
1917‐ci il martın 9‐da Müvəqqəti hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan
olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Onun tərkibiniə V.Xarlamov (rus),
A.Çxenkeli (gürcü), K.Abaşidze (gürcü), M.Papaçanovla (erməni) yanaşı M.Cəfərov da daxil oldu.
M.Cəfərova bu yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırıldı.
1917‐ci il aprelin 15‐20‐də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. Qurultayda Tiflisdən
gəlmiş M.Cəfərov da iştirak etmiş və təbrik nitqi söyləmişdir. O, inqilab münasibətilə azadlıq əldə etmiş
müsəlmanları təbrik etmiş və onları birliyə çağıraraq qeyd etmişdir ki, köhnə çar rejimi əvvəldən
çürümüş təməl üzərində qurulduğu üçün yıxıldı. O, Rusiyada azadlığın əldə edilməsində əsgərlərin və
fəhlə sinfinin roluna böyük qiymət verərək deyirdi: «Mən sizin seçilmiş nümayəndəniz kimi bildirirəm
20
ki, biz bir an da ununtmamalıyıq ki, Rusiyada azadlığı əsgərlər və fəhlələr qazanmışdır və onlar sizə öz
qardaşları kimi baxır».
1917‐ci il noyabrın 15‐də Tiflisdə Y.Gegeçkorinin sədrliyi ilə Müstəqil Zaqafqaziya hökuməti ‐
Zaqafqaziya Komissarlığı yaradıldı. M.Cəfərov bu hökumətdə ticarət və sənaye naziri vəzifəsini
tutmuşdur.
1918‐ci il fevralın 23‐də Tiflisdə Zaqafqaziya Seymi işə başladı. Seymdə gürcü, erməni və
azərbaycanlı nümayəndələri iştirak edirdilər. Buraya Azərbaycandan Müsavat Partiyasını və bitərəf
demokratik qrupları təmsil edən 30 nəfər, o cümlədən M.Cəfərov da seçilmişdi. Bu partiya və
təşkilatlardan əlavə Müsəlman sosialist blokundan 7, İttihaddan 3, Hümmət Partiyasından 4 nümayəndə
iştirak edirdi. Ümumiyyətlə, Zaqafqaziya Seymində 44 azərbaycanlı deputat var idi. Eyni zamanda
Seymin Müsəlman fraksiyası fəaliyyət göstərirdi. M.Cəfərov onun da üzvü idi. M.Cəfərov Zaqafqaziya
Seyminin və Müsəlman fraksiyasının iclaslarında dəfələrlə çıxış edərək Zaqafqaziya xalqlarının
dostluğu, arada olan ədavətin ləğvinə, əldə edilmiş azadlığı qorumağa çağırmış, Türkiyə dövləti ilə
danışıqlara başlamağı və sülh sazişi bağlamağı təklif etmişdir.
1918‐ci il mayın 26‐da Zaqafqaziya Seyminin sonuncu iclasında Seymin buraxılması və Gürcüstanın
müstəqilliyi elan edilməsi ilə əlaqədar olaraq mayın 27‐də Müsəlman fraksiyasının fövqəladə iclası
çağrıldı. Onlar M.Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyi ilə Milli
Şuranın İcra Komitəsi təşkil etdilər. İcra Komitəsinin tərkibinə M.Hacınski, N.Yusifbəyov,
X.Xasməmmədov və b. ilə birlikdə M.Cəfərov da seçildi.
Müvəqqəti Milli Şuranın 1918‐ci il mayın 28‐dəki iclasında Azərbaycanın müstəqilliyini bəyan edən
akt qəbul olundu. İstiqlal bəyannaməsini imzalayan və bəyan edən 24 nəfərdən biri Məmməyusif
Cəfərov olmuşdur. Həmin iclasda F.Xoyskinin elan etdiyi Azərbaycan hökumətinin tərkibində
M.Cəfərov ticarət və sənaye naziri vəzifəsini tutmuşdur.
M.Cəfərov 1918‐ci ilin iyun ayının axırlarından 1919‐cu ilin martın ortalarına kimi Azərbaycan Xalq
Cümhuriyyətinin Gürcüstan Respublikasında diplomatik nümayəndəsi olmuşdur. O, bu vəzifədə
Azərbaycan və Gürcüstan hökumətləri arasında dostluq əlaqələrinin yaradılmasında, keçmiş
Zaqafqaziya Demokratik Federativ Respublikasının əmlakının bölüşdürülməsində, Azərbaycan,
Ermənistan, Gürcüstanın hökumət və Avropa ölkələri nümayəndələri ilə söhbət və görüşlərdə,
Azərbaycan, Gürcüstan və Dağlılar respublikalarının nümayəndələrinin Tiflis şəhərində keçirilmiş
Zaqafqaziya konfransında yaxından iştirak etmiş və Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti
kağız pul buraxılması haqqında müqaviləni imzalamışdır.
1919‐cu il aprelin 14‐də Azərbaycan parlamenti N.Yusifbəyovun sədrliyi ilə yeni Azərbaycan
hökumətini təsdiq etdi. M.Cəfərov bu hökumətdə xarici işlər naziri vəzifəsini tutdu. O, bu vəzifədə
1919‐ci il dekabrın 22‐nə kimi çalışdı. M.Cəfərov bir diplomat kimi Azərbaycan Respublikasının
mənafeyini müdafiə etmişdir. Bu onun imzaladığı Gürcüstan və Azərbaycan Respublikaları arasında
hərbi‐müdafiə müqaviləsində, əlavə müvəqqəti kağız pulun buraxılması haqqında Ermənistan,
Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, müsəlmanların vəhşicəsinə qırılması əleyhinə
Ermənistan XİN‐ə, müsəlman əhalisinin mənafeyinin müdafiə edilməsi, Azərbaycanın ərazi bütövlüyü,
əmlakının qorunması barədə Böyük Britaniyanın Cənubi Qafqazdakı və Bakıdakı qoşunlarının koman‐
danlarına göndərdiyi notalardan və s. aydın görünür.
M.Cəfərov eyni zamanda xarici işlər naziri kimi Azərbaycan parlamentinin 1919‐cu il iyunun 27‐də
51‐ci və avqustun 18‐də 66‐cı iclaslarında çıxış edərək Azərbaycan hökumətinin apardığı xarici siyasət,
Gürcüstanla bağlanmış müqavilə, şimaldan general Denikin təhlükəsi ilə əlaqədar Gürcüstan hökuməti
və Böyük Britaniyanın Zaqafqaziyada olan komandanlıqları ilə aparılan danışıqlar haqqında məlumat
vermişdir.
1919‐cu il dekabrın 2‐11‐də Bakıda Türk Demokratik Federalist Müsavat Partiyasının II qurultayı
keçirildi. Qurultayda iştirak etmiş M.Cəfərov, M.Rəsulzadə, M.Hacınski, N.Yusifbəyov və b. ilə birlikdə
qurultayın siyasi komissiyasına seçilmişdir.
1919‐cu il dekabrın 14‐21‐də Bakıda azərbaycanlı‐erməni konfransı keçirildi. Konfransda
Azərbaycandan F.Xoyski, M.Hacınski, R.Vəkilov və M.Cəfərov iştirak etmişdir. M.Cəfərov konfransı
21
giriş nitqi ilə açaraq demişdir ki, müstəqil Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları
yaranmasına baxmayaraq, onlar arasında həll edilməmiş mübahisəli məsələlər vardır. Konfransı açaraq
ümid edirəm sizin ağır zəhmətiniz nəticəsində bu çətin məsələlər həllini tapacaq və hər iki xalq arasında
dostluq əlaqələri möhkəmlənəcəkdir.
1920‐ci il fevralın 2‐də Azərbaycan parlamentinin 121‐ci iclasında parlament sədrinin müavini
H.Ağayevin xəstəliyi ilə əlaqədar olaraq vəzifəsindən getməsi nəticəsində yeni müavin seçilməsi
müzakirə edilmişdir. Müzakirə zamanı M.Rəsulzadə Müsavat fraksiyası adından Azərbaycan
parlamentinin sədrinin müavini vəzifəsinə M.Cəfərovu təklif etmişdir. Parlamentin 47 üzvü
M.Cəfərovun lehinə, 5 üzvü isə əleyhinə səs vermişdir. Beləliklə, o, Azərbaycan parlamentinin sədrinin
müavini seçilmiş və onun iclaslarına sədrlik etmişdir. Azərbaycan parlamenti onun sədrliyi altında
AXC‐nin ictimai, iqtisadi və mədəni inkişafına yönəlmiş qanunlar, qərarlar qəbul etmiş və sazişlər
təsdiqləmişdir.
M.Cəfərov 1920‐ci il aprelin 27‐də parlamentin son iclasında gərgin müzakirədən sonra
hakimiyyətin başda N.Nərimanov olmaqla Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi
haqqında qərarı imzalamışdır.
M.Cəfərov Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra Azərbaycan pambıqçılıq və
şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. O,1938‐ci il mayın 15‐də Bakıda vəfat
etmiş və Sağan kəndində dəfn olunmuşdur.
Dostları ilə paylaş: |