Mıxlıqovaq kəndinin yaranışı ilə bağlı müxtəlif fərziyyələr səslənir. Bəzi alimlər qeyd
edir ki, karvan yolunun üstündə olan bu ərazidə tacirlər hündür qovaq ağaclarının dibində
dincini alarmış. Qovaq ağaclarına mıx vurub digərinə yola düşdüyünü nişan verərmiş. Elə
xalq arasında da, belə söylənilir. Toponimika elminə görə isə keçmişdə gövdəsinə çoxlu
mıx vurulmuş və sitayiş obyekti olan qovaq ağacından ərazinin adı götürülüb. Kəndin
yuxarı hissəsində “Pir Seyid” deyilən yer var və buradakı qovaqlıq bəlkə də ehtimal
olunan yerdir. “Gəlin yolu” deyilən tarixi cığır isə daha yaxın zamanlara aiddir.
Mıxlıqovaq rayondan 27 km. aralı Alazan-Həftəran vadisindədir.
Buranı keçmişdə iki dəfə sel aparıb. Kənddə daşlıq deyilən ərazi və yol boyu iri daşlar
kənardan gələnlərə möcüzəli görsənir. Əhali buranı tərk etsə də, yenidən ata-baba
yurduna qayıdaraq kənddə yaşayışı bərpa ediblər. Sel təhlükəsi isə indi tamamilə dəf
edilib. Yuxarıda qurulan bənd əhalinin seldən mühafizəsini təmin edir.
Hazırda 3700 nəfər insan yaşayır. Əvvəlki illərlə müqayisədə kəndin görkəmi,
dolanışığı xeyli dəyişib. Əhalinin həyat səviyyəsi yüksəlib. Əmlak artımı, fərdi evlərin
çoxalması müşahidə olunur. Hər bir ailə sayğac vasitəsilə işlətdiyi enerjinin haqqını
ödəyir və fasiləsiz işıqla təmin edilir.