Savalan mərkəzdən 30 km. kənarda, Ağdaş yolunun üstündə, ən qədim kəndlərdən
biridir. İndi burada əhalinin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Evlərə qaz çəkilib,
telefon xidməti göstərilir. Magistral yola yaxın olduqlarından ətraf ərazilərlə əlaqələri
asanlaşır. Türyançayın kənarında yerləşdiyindən təhlükəsizliyi təmin etmək məqsədi ilə
kəndlə çay arasında 100 metrlik möhkəm bəndin qurulması qərara alınıb.
Torpaqları üzümçülüyə yararlı olduğundan 80 hektar sahədə iki növ üzüm, süfrə və
şərabçılıq üçün məhsul yetişdirilir. Əhalinin yarıdan çoxu bu sahədə çalışır. Üçüncü ildir
ki, tinglərə qulluq göstərilir...
Ərazinin 450 hektar sahəsi olsa da yalnız 210 hektarı camaatın pay torpağıdır. Qalanı
yüksəkliyi, dərəni əhatə etdiyindən yalnız müəyyən sahələrdə taxıl əkmək mümkündür.
Buğda, arpa zəmiləri də savalanlıların alın təri ilə becərilir. Qoyunçuluğun inkişafında
irəliləyiş nəzərə çarpır.
Dövlət tərəfindən kənddə 9 illik yeni məktəb binası inşa olunub. Yerli icra
nümayəndəliyi üçün inzibati binanın tikilməsi nəzərdə tutulub. Kənddaxili yollar təmir
edilib...