Sarıhacılı kiçik kəndlərdən biridir. Bir vaxtlar bu ərazidə yaşayanların şəraiti elə ağır
olub ki, nəticədə buranı tərk etmək məcburiyyəti ilə üzləşiblər. Ona görə də əhalinin sayı
get-gedə aşağı düşüb. Hazırda burada artezian quyusu qazılıb, yolu təmir edilib, yaşayışın
öz axarına düşməsi üçün ciddi işlər görüldüyündən kənddə artım hiss olunur. Həm
əhalinin sayında, həm də dolanışığında irəliləyiş var. Elə buranı misal çəkmək kifayətdir
ki, Qəbələnin geridə qalmış kəndlərindəki inkişafdan söz açaq.
İndi camaat təsərrüfatlarını genişləndirə bilir, suyu olduğundan əkin-biçinə marağı da
güclənib. Məktəb yaşlı uşaqların sayı çoxaldıqdan sonra kənddə məktəb tikintisinə də
başlanacaq. Hələlik isə qonşu Dızaxlı kəndində, orta məktədə təhsil almaq imkanları var...
Solquca dağlar ətəyində qeyri-adi görünüşü olan yerlərdən biridir. Əhalisinin sayı 430
nəfər olan kənddə yaşayış, dolanışıq pis deyil. Əraziyə yaxın meşələrdən tonlarla meyvə
yığılır, təkcə meşədəki qoz ağaclarından gələn gəlirlə hətta beş illik azuqə toplamaq
mümkündür. Otlaq sahəsi geniş olduğu üçün hər qapıda 7-8 baş iri buynuzlu mal-qaraya
qulluq göstərilir. Kəndin əhalisi dağdan çəkilən bulaq suyundan istifadə edir.
Yerli deyimlərə görə qədimdə bura iri yaşayış yerlərindən olub və zəlzələ nəticəsində
torpaq altında qalıb. İndi el dilində Solquca və Solqıca (yəni solu qıcalıq ərazi) adlanan
yurd yerinin tarixi ilə bağlı müxtəlif fərziyyələr söylənilir. Ərazidə qaynayan mineral
bulaqlar isə möcüzəli sulardan hesab edilir. Xəstəliklərin əlacı hesab edilən və şöhrəti
yayılan həmin su mənbələrinə Qəbələnin hər yerindən axın var...