ŞƏHƏRDƏN GƏLƏN OVÇU VƏ ANAMIN
TƏBİƏT DƏRSİ
İndiyədək analar haqqında yazılanlar, deyilən kəlamlar kifayət qədər çox olsa da mənə
elə gəlir ki, bu müəmmalı qadın obrazının daxili aləmini insan övladı tam açmaq
iqtidarında deyil. Qadın başdan-başa yaradanın özü qədər sirrdir. Ola bilsin ki, əksər
keyfiyyətləri özündə birləşdirdiyindən ümumi obraz yaratmaq mümkündür və ana surətinə
xas cəhətlər eyni olduğundan bu incə məxluq haqqında model anlayış qəbul etdiyimiz
kimidir. Qadın ömrünü vərəqləyəndə, bir-birindən fərqli hadisələrin təhlili araşdırılanda,
anaların iç dünyası açılanda, qəlbində tanrının böyüklüyü qədər ulu hisslərin olduğu
aşkarlanır. Canından can ayrılanda, nəfəs verdiyi insan həyata göz açanda ana olduğundan
elə qururlanır ki, bu hisslər də o anda baş qaldırır. Yəni analara fəhm də, ülvi duyğular da
ilahidən gəlir, qəlbindəki yeni cücərtiləri də tanrı səpir və yer üzünün yeni səcdəgahı
yaranır...
Haqqında danışacağım qadın adi insanlardan biridir. Vaxtından qabaq ailə həyatı
qurduğundan özü deyir ki, qarşıdakı illərin ağırlığına tab gətirə biləcəyini gümanına
gətirməzmiş. On beş yaşın tamamında gəlinlik paltarı geyinib, özgə ocağının çırağını
yandırıb. Bir-birinin ardınca doğulan körpələr isə başını elə qarışdırıb ki, gənc ananın ev
qayğıları gözünü açmağa imkan verməyib. Ər evinə gəlişinin heç on ili tamam olmamış
cavan ərinin qəfil ölümü, vaxtsız əcəl ailəni başsız qoyanda beş körpəsi ilə birlikdə
qəbiristanlığın elə beş addımlığında yaşamağa məhkum olub. Üzərinə düşən ağır yükü
daşımağa bəlkə də bu hala düçar olan hər bir ana qadir ola bilərmiş...
Həyətimiz balaca olsa da, kol-kos basmış ata yurdumuz geniş idi və anamın əlindən
məngal, yaba düşməzdi, biz də onunla birlikdə torpaqda çalışır, bağımızı kolluqdan
təmizləyirdik. Özümüzlə bərabər bağımızdakı yeni ağaclar da böyüyürdü. Anamın
çiyinlərinə götürdüyü meyvə dolu kisələr isə çəkisindən bəlkə də daha ağır idi, 50
kiloluq tayaları bazara aparardı və evin dolanışığını təmin edərdi...
Uşaqlıq illərindən sonrakı həyatımızın da bələdçisi olduğundan şam kimi əriyən ömrü
yolumuza işıq salıb...
Ailəmiz kimi kəndimiz də problemlərlə dolu idi. Dağ kəndi sayıldığından geridə qalan
yurd yerlərindən olub...
1990-cı ilin 20 yanvar hadisəsi baş verəndə Bakıda təhsil alan qızından nigarançılığı,
rayon mərkəzindəki poçtda səhə-rəcən növbə gözləməsi, telefon-danışıq məntəqəsində
keçirdiyi həyəcan, eyni hadisədən təlaş keçirən digər insanların da nəzərindən qaçmır.
Qızı ilə danışdıqdan sonra necə sevindiyinin şahidi olanlar “gözün aydın, ay gəlin” deyə
gözaydınlığı verirlər... Həmin məlum hadisədən sonra, Rusiya ordusunda hərbi qulluğun
azərbaycanlılar üçün çətin olduğu vaxtda oğlanlarının sağ-salamat geri qayıtması üçün
əlləri tanrıya açılı qalır. Bu illər ərzində ən çox getdiyi yer, üz tutduğu məkan həmin
danışıq məntəqəsidir ki, ana bura gəlişindən, övladları ilə əlaqə saxladıqdan sonra özündə
təsəlli tapır, qismən də olsa nigarançılıqdan qurtulur...
Yurdumuza baharın gəlişi hiss olunanda anam bağımızdakı Novruz gülünü və
bənövşəni elə köklü köməcli qaba qoyub Bakıya gətirir. Şəhərin soyuq-sazaq martında
qəfil qonağımız olan dağ çiçəklərinin görünüşü, dörd tərəfində öz əliylə hazırladığı
nemətlər mənim üçün dünyanın ən qiymətli bəxşişidir. Xüsusən də yerindən, yurdundan
olan bənövşənin yazıq görkəmi, döşlərdə bitən bu ağ çiçəyi görəndə kəndimizin qoxusunu
hiss edirəm və duyğusal anamın bu çiçək sovqatını hazırlayarkən qəlbinin döyüntülərini
eşidirəm. Qardaşlarım əsgər olanda da anam bağımızda gördüyü ilk bənövşəni zərfə yığıb
Rusiyaya yola salardı. Universitetdə oxuyanda da ilbəil aldığım bahar güllərinin qurumuş
maketi indi də kitablarımın arasındadır.
Ümidlər gətirən, arzuları işardan bu fəsli çox sevirik və onun hər ilindən gözlədiyimiz
nə varsa hamısı çin olur... Qardaşlarım sağ salamat uzaq ellərdən geri döndü, odun alovun
içindən qurtulan vətən oğullarından biri el yolunda göstərdiyi şücayətilə fəxr edir və bütün
bunlardan qürur duyan qadın nəvələrinin əhatəsində əvvəllər olduğu kimi yenə özünü çox
xoşbəxt sayır. Tanrıdan aldığı ən şirin nemətlərə görə “dünyanın ən bəxtəvər anasıyam”-
deyə öyünür...
Anam kəndindən, evindən – eşiyindən heç ayrılmır. Arada əli dolu şəhərə gələr və tez
də ocağına dönər. Öz gəlişiylə hərəmizə özü ağırlığında sevinc gətirsə də kənd həyatı ona
elə doğmadır ki, yurduna qayıdışından biz də məmnun oluruq. Çünki o oralarda rahat olur,
balaca daxmasının yanında ucalan böyük evdə belə dinclik tapmır, gününün yarısını
komasında olur, bu balaca məkanını ötən günlərin əziz xatirəsi sandığından sökülməsini
belə düşünmək istəmir. Daxma isə öz ömrünü başa vurmağında, dağılmaq ərəfəsində olsa
da sahibinin mühafizəsində hifz olunur, “sarı sincan” torpağı ilə divarları şirələnir,
döşəməsi silinir...
Qəbələni gəzmək həvəsi şəhərdə yaşayanların arzusudur, desəm yəqin ki, yanılmaram.
Çünki Bakının səsli-küylü həyatından bezib, ilin müəyyən vaxtında təbiətin qoynunda
dincəlməyə hər bir vətəndaşın haqqı var. Əsas odur ki, o yerləri tanıtmaq üçün bələdçilik
edən olsun.
Paytaxtdakı qapı qonşumuz əslən bakılı olan Həsənağa dayı da Qəbələnin sorağını
eşitdiyindən bir yay günü bizimlə bərabər kəndimizə qonaq getdi. Ov həvəskarı
olduğundan özüylə nə lazımdırsa götürüb, oralardan ov ovlamaq, balıq tutmaq sevdasına
düşən bakılı qonağımız kənddəki mənzərədən lap cuşa gəldi. Həyətin başdan-başa gül-
çiçəkli mənzərəsi, ağaclardakı quşların nəğmələri şəhər sakininin nə qədər ürəyincə idisə,
ovunu rahatca ovlamaq məqamı asanlaşdıqca dəliqanlının gördüklərinə güllə atmaq eşqi
daha da gücləndi. Tüfəngi yaxınlıqdakı, dəqiq desəm kölgəsində istirahət etdiyimiz
şabalıdın budağındakı sərçəyə tuşladı. Ani tətikdən açılan səs hamını heyrətə saldı.
Ayağımızın altına düşən quşcuğazın ölüsü anama yaman ağır gəldi. Bilmədi qonağa necə
iradını söyləsin, göz yaşları içində “qapımızda oxuyan quşu niyə vurursunuz?, baxın o da
bu sərçənin erkəyidir”, deyib qonşu budaqdakı quşu göstərdi. “Hər gün onların səsinə
qulaq asıram”. Elə bu andaca tüfəngin növbəti qurbanı həmin sərçə oldu. Bu məqamda isə
artıq dözə bilmədi anam. “Bu həyətdə quş ovlamağa nə var ki, hamısı səhər-axşam dən
saldığım toyuqlarla bərabər qidalanır, mən onlara vərdişəm. Xahiş edirəm, mənim
bağımdakı quşlara güllə atmayın, inciməyin, icazə vermirəm”. Birdən-birə görkəmi
ciddiləşdiyindən ovçu-qonaq səhvini anladı və bağdan kənara, çay qırağına yollandı və
orada da qaratoyuq vurub geri qayıtdı. “Bu quşları niyə qırırsız” deyib, anam bu dəfə
acizanə halda sanki yalvarışı ilə onu qəddarlıqda qınadı. “Siz həqiqətən ov
həvəsindəsinizsə onda meşəyə gedin, təbiəti seyr edin. Kəndin quşlarını hürkütməyin”, bu
notadan sonra kişi həqiqətən dağı, dərəni gəzmək qərarına gəldi.
Kəndin “mənəm” deyən ovçuları ilə bərabər qalın meşələrə üz tutdu. Ömründə
görmədiyi meşə gecələri isə bakılıya o qədər vahiməli gəldi ki, yanındakılara “geri
qayıdaq, azarıq, qabağımıza ayı çıxar” və daha nələr söyləyərək ormanı tərk etməyə can
atdı. Meşələrdəki heyvanat aləminin zənginliyindən xəbəri olduğu üçün gecənin xofundan
ürpəndi. Beləcə, ovçu qonşumuzun ov arzusu yerinə yetmədi. Elə balıq tutmaq qisməti də
reallaşmadı. Ovçular mağazasından aldığı iri tilova bir dənə də olsun balıq düşmədi.
Çünki mağazada satılan bu tilov Qəbələ çaylarına görə deyildi. Balaca uşaqların ağacdan
düzəltdiyi qırmağa düşən farellərdən kişi yaman utandı...
Bağımız kol-kos olduğu vaxtlarda qırqovullar yuva qurar və anamın qorxusundan heç
kəs cürət edib bizə məxsus yerdə onu ovlaya bilməzdilər. Günlərin birində yuvasına
dönməyən qırqovulun yumurtalarına xələl gəlməsin deyə anam onları kürd yatan toyuğun
altına yığdı. Vaxt-vədə tamamında cücələr çıxdı, ancaq bir az pərvazlanan kimi pırıldaşıb
uçdular. Cücələrin qanad açması ana toyuğu çaş-baş salmışdı. Bir neçəsi də ördək balası
olduğundan harada su görürdülərsə girirdilər içinə. Qırtıldaya-qırtıldaya qalan fərə gah
istəyirdi ki, özünü suya salsın, gah da göyə qalxsın. Ancaq gücü boğazına çatırdı. Sözünü
dinləməyən balaları onu tənha qoydular. “Çöl quşunu həyətdə saxlamaq üçün gərək həsir
ağac toxuyub, qırqovulları orada böyüdəydiniz” məsləhəti də yaman gülünc görünmüşdü
anama. “Heç bu çöl incisi də adama mehr salarmı, onun yeri azad aləmdir”...
Bir halda ki, söhbət bu torpağın zəngin bitki örtüyündən düşdü, onda dövlət tərəfindən
mühafizə edilən bu əraziyə aid təbiət canlılarına nəzər salaq. Qəbələ dövlət yasaqlığı 39,6
min hektar sahəni əhatə edir. Yasaqlığın yaradılmasında məqsəd Qəbələ rayonunun
ərazisində olan nadir meşə landşaftının və heyvanat aləminin qorunub, saxlanmasından
ibarətdir. Yasaqlıqda topal, üçyarpaq yonca, tonqalotu, əvəlik, yarpız, qaymaq çiçəyi, qoz,
fındıq, vələs, palıd, yabanı şabalıd, dəmirağacı, saqqız, fısdıq, ağcaqayın, alma, armud
ağacları və əzgil, zoğal, itburnu, böyürtkən, yemişan, çaytikanı kimi kol bitkiləri yayılıb.
Yasaqlıqda nəcib Qafqaz maralı, qarapaça, vaşaq, çöl pişiyi, çöl donuzu, daş dələsi, cüyür,
yenot, canavar kimi heyvanlar, quşlardan isə kəklik, qırqovul və s. məskunlaşıb.
Türyançay Dövlət Təbiət Qoruğunda da Qəbələ ərazisindəki nadir təbiət abidələrinin
adı çəkilir. 1958-ci ildə yaradılan yasaqlığın sahəsi 22488 hektar sahədə Ağdaş, Oğuz,
Yevlax və Qəbələ rayonlarının ərazisində, Türyançayın sağ kənarını əhatə edir.
Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə
lanşaft kompleksini qorumaq məqsədilə yaradılıb. Ərazisi qərbdən və şimal-qərbdən şərqə
və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Quru subtropik iqlim
Türyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada yay isti, qış isə mülayim isti
keçir. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü
palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça,
sarağan, efedra və s. inkişaf edib. Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur
ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları
məskən salıb. İlanlardan gürzə daha çoxdur. Türyançayın sularında Xəzər tısbağasına tez-
tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi,
leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ
vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşıb. Qoruqda Azərbaycanın
“Qırmızı kitabı”na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir...
Gecələr çaqqalların ulaşması, itlərin hürməsi, bir sözlə qaranlıq aləmdəki təbiətin səsi,
insanların yer üzünün bütün canlı aləmi ilə təması kənd həyatı üçün reallıqdır. Bu
gerçəkliyi mütləq saydığından, təbiətin incə saflığı ruhuna hopduğundan buraların sehri
onu elə ovsunlayıb, gözəlliyi duymaq eşqi anama elə sirayət edib ki, hər fəsildə donunu
dəyişən kəndin ecazkar görkəmi onun həyat sevgisini, yaşamaq istəyini gücləndirir. Bu
ucqar dağ kəndinin problemləri dəf edildikcə buranın bütün sakinləri yaşayışından
məmnun qalır, xüsusən də dağların qoynunda, gözəl mənzərəsi olan yerdə insanlar
özlərini xoşbəxt sayırlar.
Kənd əhalisini narahat edən bir çox məsələlər öz həllini tapır. Daha əvvəlki illər kimi
cavanlar iş axtarmaq adı ilə məmləkəti tərk etmirlər. Əksinə uzun müddət oralardan
ayrılanlar yenidən kəndinə dönür, ata yurdunun işığını yandırırlar. Burada qurulan
elektron telefon xidməti kəndlə paytaxtı nə qədər yaxınlaşdırırsa, müasir standartlara
cavab verən enli yollar, tibbi xidmət insanlara şəhər əhalisi kimi rahat həyat vəd edir. Hələ
şəhərdən fərqli olaraq buradakı insanlar quşların səsinə oyanır, gözləri həyat lövhələrinin
canlı seyrçisi olur, zəif meh ruhlarını oxşayır, əsəbləri sakit, ömürlərini yaşayırlar. XXI
əsrin başlanğıcında Azərbaycanda doğan günəş odlar yurdunun hər bölgəsinə yeni həyat
bəxş etdiyindən, svilizasiyanın astanasında olan kəndimizin müasir aləmi bir daha sübut
edir ki, ölkəmizin taleyi etibarlı əllərə tapşırılıb.
Dostları ilə paylaş: |