elə məharətlə cızır ki, nəticədə qarşında həqiqətə bənzər varlığın ancaq doğru təsvirini
görürsən və bir az da ona sənətkar fantaziyası qatılanda daha möhtəşəm olur. Qiymətli
ağaclardan hazırlanmaqla bərabər həm də gərgin əmək sərf edildiyi üçün bu məhsullar
böyük həvəslə alınır. Çünki aldıqları dünyanın
heç bir yerində olmayan, xırda əl əməyi ilə
işlənmiş elə sənət nümunələridir ki, mahir ustanın məharətini nümayiş etdirir. Dəfələrlə
sərgilənən əl inciləri, ağac fiqurlar sənətkarın yüksək zövqündən xəbər verir.
Xalçaçılıq sənəti də bölgədə ta qadimdən qalan xalq tətbiqi sənət nümunəsidir. Bu
sənət inkişaf edərək yeni üslubları ilə özünün təşəkkül dövrünə qədəm qoyub. Rayon
əhalisinin əksəriyyətini ləzgilər təşkil etdiyi üçün qoyunçuluqla məşğul olanlar yundan
məişətdə çox istifadə edirlər. Ləzgi xalçaları təbii ipliklərdən ərsəyə gəldiyi üçün onun
toxunuşuna qədər bütün proseslər qadının öz əlindən çıxır. İpi əyirən xanım onu özü
istədiyi kimi boyayır, gördüyü rəng dünyasının bütün çalarlarını bitkilərin köməyi ilə əldə
edir və solmayan təbii iplikləri naxışlara, ilmələrə həkk eləyir və allı güllü xalıları ilə
könül oxşayır.
Qoyun sürüləri ilə arana, yaylağa və yaxud qışlağa köç eləyəndə xanımlar
allı-güllü xalçalar, xurcunlar, yun koftalar, rəngarəng saplardan hörülmüş uzun corablar,
bir sözlə gözlərinin nuruyla toxunan çoxlu əl işləriylə geri dönürlər. Qızlara cehiz
verilərkən bahalığına baxmayaraq əl ilə toxunma xalçaya üstünlük verilir. Hər qız mütləq
bir dənə də olsa belə xalça aparmalıdır...
Burada bir neçə xalça sexi fəaliyyət göstərir və qədim sənətin, xalçaçılığın sirləri gənc
nəslə öyrədilir...
Qədim sənət növlərindən sayılan dulusçuluq da inkişaf edib.
Misgərlik sənətini
yaşadanlar da az deyil. Bir sözlə tez-tez təşkil olunan sənətkarlıq nümunələrinin sərgiləri
də məhz bu məqsədə xidmət edir. Yerli məhsulların, milli-mənəvi dəyərlərin təbliği
istiqamətində bu tədbirlərin əhəmiyyəti böyükdür...
Kulinariya sənətinin də bölgəyə xas cəhətləri var. Müxtəlif beynəlxalq müsabiqələrdə
Azərbaycan mətbəxi qalib olub, kulinarlarımız diplomlara layiq görülüblər.
Respublikamıza gələn xarici vətəndaşlar da dəfələrlə bizim yeməklərin ləzzətindən ürək
dolusu danışırlar. Elə bu bölgənin də özünəməxsus yeməkləri vahid kulinariyanın tərkib
hissələrindən biri olmaqla bişirilmə üsuluna görə fərqlənir.
Plov bizim ən çox sevilən yeməklərdən biridir. Yeməklərin şahı sayılan aşın əlli beş
növü var. Plovu bölgələrdə müxtəlif cür dəmləyirlər. Qəbələdə ən çox bişirilən döşəməli
aşdır. Plov dəm alarkən qoxusu aləmi götürür. Bir-biri ilə dadı-tamı qarışan ərzaqlar o
qədər ləzzətli olur ki, dadından doymaq qeyri-mümkündür...
Təndirdə bişirilən hinduşka fırlaması adətən bayramlarda, əlamətdar
günlərdə
hazırlanır. Bunun da öz səbəbi var. Çünki təbii od üzərində, qaynar təndirdə fırladılan ətin
qoxusu ətrafı bürüdüyü üçün hamının bayram elədiyi bir gündə belə yeməklərin
bişirilməsi məqsədəuyğundur. O zaman hansı həyətin yanından keçsən oxşar yeməklərin
ətrini duyursan. Çünki şabalıdı, ağartısı, toyuq- cücəsi bol olan kəndçinin bayram günündə
yaxşı süfrə açması üçün imkanı var ki, həmin günü qapısına gələni istədiyi kimi
qarşılasın...
Qəbələdə dovğaya çöldə-çəmənlikdə bitən göyərtilər tökülür. Həyətdə bitən
göyərtilərdən söz düşmüşkən müxtəlif yeməli tərəvəzlər düyü ilə bişiriləndə və ona əldə
düzəldilmiş duru turşu əlavə olunanda yemək həm dadına görə ləzzətli,
həm də müalicəvi
əhəmiyyətilə təsirli sayılır. Min bir şəfalı tərəvəzlərdən hazırlanan məlhəm bədəni
yumşaltmaqla bərabər, insana nəfis dad da bəxş edir...
Şəkərbura, paxlava kulinariyamızda əsas yeri tutan bişinti məmulatından sayılır. İçlik
üçün lazım olan qoz-fındığın bolluğuna görə burada ləpədən yetərincə istifadə edilir...
Üçqulaq paxlava ən çox hazırlanan un məmulatları sırasındadır. Lentvari yuxalar
kəsilir, aralarına qozdan, yaxud fındıqdan içlik qoyulur və üçqulaq formada bükülür,
qurudulur. Sonra isə kərə yağında qızardılaraq isti-isti çay süfrəsinə verilir. Kalorili
olduğu üçün doyumlu olur, həm də sözün əsl mənasında ləzzəti də damaqlarda qalır.
Çay süfrələrini əl ilə dərilən moruq, xırda dağ çiyələyi, böyürtkən, itburnu ləçəyi, qoz,
heyva, şaftalı və sairə mürəbbələr bəzəyir.
Kölgədə qurudulan quru meyvələrdən adətən yaşlı insanlar istifadə edirlər. İnsan
orqanizminə xeyirli olduğu deyilir. Kənd əhalisi ümumiyyətlə qənddən az bəhrələnir,
şəkər tozundan hazırlanan şirniyə üstünlük verirlər. Qaynayan şəkərli
suya hətta qoz
ləpəsi, bir az bal, yaxud bəhməz əlavə edərək şirni bişirirlər.
Min bir naz nemətlə hazırlanan göy qutabı, yağlı qat-qat sac fəsəlisi, yağda qovrulan
quymaq, süd çörəyi və sairə yeməklər nənələrin boxçasından götürülüb.
Həmzəlli sənətkarları qoz halvası ilə məşhurdur. Yerli camaat onu məharətlə
hazırlayır.
Çörəyin özü kəndlərdə müxtəlif cür bişirilir. Üzü yumurtalı təndir çörəyi ilə bərabər
qışda peç üzərində acıtmalı (yuxadan dörd-beş dəfə qalın olur) uzun lavaşlar salınır,
əsasən dəyirman unundan yoğrulan (qara un) bu çörəyin özünə məxsus dadı və qoxusu
var. Yazda isə birinci növ undan nazik yuxalar yayılır.
Qışa tədarük görüldüyü üçün qadınlar naümid qalmırlar. Tərəvəz məhsullarından
bağladıqları balonlar, xüsusən də ağ xiyar tutmasının dadı isə ölkəmizin hər yerində
sevilir. Alça və zoğaldan duru və quru turşular düzəldilir və müxtəlif yeməklərə qatılır.
Otlardan, müalicəvi bitkilərdən dəstə-dəstə qurudulur ki, lazım olanda kara gəlsin. Çünki
kəndlərdə çobanyastığı, itburnu, andız kökü, yarpız, çaytikanı, əvəlik, kəkotu,
boymadərən, dazı otu və digər müalicəvi bitkilər var. Onların
təsirini bilən yerli camaat
istifadəsinə də çəkinmir.
Kabablıq əti çayotu və soğanla basdırma eləyəndə bişirilər-kən bihuş olursan. Və
yaxud həyətdəki meyvələrdən çəkilən şərab nəinki bəzi şad məclislərdə həvəslə içilir,
həm də onun özü müalicəvi olduğundan bəzən həkimlər tərəfindən xəstəyə tut və zoğal
arağından azacıq acqarına istifadə etmək məsləhət görülür.
Qəbələyə gələn qonaqlar mətbəximizin ən zəngin yeməkləri ilə tanış olur, bütün bu
təamlardan dadır, zövqlə işlənən əl incilərinə dəyər verir, sənətkarların hazırladıqları
əsərləri alır və bölgədən məmnun qayıdırlar.
Dostları ilə paylaş: