Microsoft Word Qebele-Son variant



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə75/80
tarix02.01.2022
ölçüsü1,9 Mb.
#2191
1   ...   72   73   74   75   76   77   78   79   80
 
 


 
DAĞLARA SÖYKƏNƏN ƏZƏMƏTLİ QOCA  
ŞABALIDIN HEKAYƏSİ  
 
Qəbələyə payız gələndə  əhalinin başı meyvə  yığımına qarışır. Bağlar öz bərəkətiylə 
sahibini sevindirir, böyüklər sübh tezdən ağacların dibinə tələsir, uşaqlar da səhərin şirin 
yuxusundan məhrum-məhrum gözlərini ovxalayaraq bir neçə vaxt məhsul yığımına 
kömək etməli olurlar. 
 Toplanan  meyvələr üçün ayrıca böyük, üstü örtülü talvar ayrılır. Hər zaman qıfıllı 
olan bu yer kəndçinin qışa, hətta yaza qədər gözünü dikdiyi ruzisidir. Həmin yerə qoz, 
fındıq, şabalıd tökülür... 
Payız mövsümü havalar soyuduğundan uşaqlar bu fəsli çox sevməzlər. Amma illərin 
fonunda paytaxtda qarşıladığım fəsillərin bir-birinə oxşarlığı şəhərlə kənd arasında kəskin 
fərqin olduğunu təsdiqləyəndə oralardakı  həyatımı ömrün yuxulu anları hesab edirəm. 
Kitablardan oxuduğum “qızıl payız” gördüyüm, yaşadığım elə bir canlı həyat təsviridir ki, 
sən demə burada yaşayan insanlara doğma olan həqiqətin  əsl fəlsəfəsi də bu imiş. 
Zənnimcə ilahinin yaratdığı bütün gözəllikləri duymaqdan ötrü elə kəndimizdə yaşamaq 
kifayətdir. Nə qışı, nə də payızı bəlli olmayan məkanlardan seçilən kəndimizin bərəkətli, 
soyuq günləri indi yaddaşımın  ən unudulmaz xatirələri kimi qəlbimi isidir. Dəfələrlə 
anamı  kəndindən qoparmaq, yanıma gətirmək istəyimin nəticəsiz qalmağının səbəbi də 
qadının yurduna bağlılığı və bu gözəlliyə aşiqliyidir.. 
Meyvə mövsümü başa çatdıqdan sonra qızıl payız başlayır. Sarı yarpaq yağışı bütün 
bağı  xəzələ döndərir. Başı göylərə ucalan şabalıd ağacları bir neçə günün içərisində elə 
çılpaqlaşır ki, sanki adamın ürəyinə xof salır. Düşünürsən ki, bu nəhəng gövdələr uçan 
günlərin əhatəsində canlanmağa vaxt tapa biləcəkmi?  
Təbiətin  ən nadir və uca qamətli ağacı olan şabalıd Qəbələ bağlarına  əzəmət verir. 
Amma onu da nəzərə alaq ki, şabalıd rayonun bütün kəndlərində bitmir. Ən əsas dağlara 
yaxın kəndlərdə kök salıb. Ağacın da rayonun tarixi kimi ta qədimlərə gedib çıxan 
rəvayətləri var. Əsrlərlə yaşı olan şabalıd Qəbələnin milli təbii sərvətidir. Həm də  qızıl 
kitaba düşən incilərimizdən hesab edilir. Dövlət tərəfindən qorunan çox qədim ağaclar 
sırasına daxil edildiyindən onun kəsilməsi cinayət sayılır. Azərbaycan SSR Nazirlər 
Sovetinin 1982-ci il 16 mart tarixli 167 saylı  qərarına və  həmin qərarla təsdiq edilmiş, 
Azərbaycan SSR-də təbiət abidələrinin mühafizə olunması haqqında  Əsasnaməyə uyğun 
olaraq 1; 2; 3 nömrəli  əlavələrdəki siyahıya  əsasən 20 adda müxtəlif cinsli 2083 qədim 
ağac növündən 17 adda şabalıd növü də respublika ərazisində mövcud olan təbiət 
abidələri hesab edilir.   
Bitdiyi ərazilərdə öz meyvəsinə görə də fərqlidir. Eyni bağda bir neçə ağacdan  biri-
ikisi bir-birinə oxşar ola bilər. Məhsulu irili-xırdalı olmaqla bərabər, eyni ağacın hər il bir 
formada şabalıd yetişdirməsi də əsl möcüzədir... 
Böyüklərin dediyinə görə, şabalıd Böyük Vətən müharibəsi illərində Qəbələnin yeganə 
çörəyi hesab edilib. Aclıq illərində  əhalinin dadına çatan bu meyvə sonrakı illərdə  də 
rayon camaatının güzaranında  əhəmiyyət kəsb eləyib. Məhsul vermədiyi halda isə 


dözümlü taxtaları evlərin döşəməsi olub, material kimi tikintidə istifadə edilir. Mebel 
sənayesində də qiymətli xammaldır.  Quru budaqları ailələrin odunla təminatıdır (hərçənd 
şabalıd digər meşə odunlarından fərqi olaraq yaxşı yanmır, ocaqda tez qaralır, yəqin bu da 
onun bərk, dözümlü olmasından irəli gəlir. Qışda əlacı kəsilənlər üçün yanacaq sayılır).  
Meyvəsi bazarda yaxşı satıldığı üçün şabalıd bağları olan ailələr bir qədər imkanları ilə 
seçilirlər. Rayonla yanaşı paytaxtın və respublikanın digər bölgələrində  də satışı 
yüksəkdir. Çünki Azərbaycan aşının, plovunun qarasını şabalıdsız təsvir eləmək mümkün 
deyil.  Şabalıdı bol kəndlərdə bu meyvədən istifadə etməklə maraqlı yeməklər də 
hazırlanır. Şor şabalıd, şabalıdlı şorba, şabalıd dolması, qovurma nəinki tək uşaqların elə 
böyüklərin də sevdiyi təamlardandır. Onun dadını yaxşı bilənlər ocaqdan bu ləzizləri əskik 
etmirlər. Qaynayan duzlu suya başı kərtilən şabalıdları töküb bişirən nənələrin məktəbdən 
gələn nəvələri üçün əlüstü hazırladıqları bu bişmiş həm güclü kalorisi ilə doyumlu olur, 
həm də dadı çox ləzzətlidir. Yaxud bağın ortasında gur tonqal qalayıb altı süzgəc kimi 
çoxlu deşik olan saca tökülən  şabalıdlar durmadan bişənə  qədər qabıqlı-qabıqlı elə hey 
qarışdırılaraq qovruluncayadək qızardılır.  Qovrulmuş şabalıdlar gələn qonağın ya cibinə 
tökülür, ya da balacaların gün ərzində ən çox yedikləri çərəzdir. 
Təbabətdə  də  şabalıdın müalicəvi  əhəmiyyəti qeyd olunur. El arasında onun yel 
xəstəliyinə  dərman olduğu söylənilir. Meşə  şabalıdı sayılan xüsusi növündən təbiblər 
xəstələrin  şəfa tapmasında istifadə edirlər. Yaddaşın möhkəmlənməsinə  təsiri olduğu 
bildirilir.  
Bu qiymətli bitkinin bir qədər də özəlliyindən söz açaq. Başı buludlara yetən bu bağ 
cəngavərinin meyvəsini yığmaq elə  də asan deyil. Meyvələri tikanların içərisində 
gizləndiyindən əllə yığmaq olmur. Ağacdan və dəmirdən haçalar hazırlanır. Adambaşına 
hamının  əlində ondan olmalıdır ki, şabalıdı  əlinə tikan batmadan yığa bilsin. Ağacın 
altında başı yuxarı baxmaq da təhlükəli sayılır. Çünki yetişən tikanlı  şabalıd cecəsi 
yuxarıdan aşağıya hər an düşə bilər. Qəfil baxışla göz bəbəyinə batan tikanları ancaq 
həkimlər cərrahi müdaxiləylə  təmizləyə bilirlər.  Şabalıd yığımından  əvvəl insanlar onu 
ağacdan tökmək üçün “döyücü” axtarırlar ki, məhsul tam yetişəndə itkiyə getməsin. 
Ağaca çıxmağı bacaran xüsusi adamlar  müəyyən şərtlər altında şabalıdı yerə tökürlər. 50-
60 metr hündürlüyə  çıxan döyücülər ya pulla, ya da tökdüyü meyvənin yarılığına 
razılaşırlar. Döyücünün əlində bir neçə metr uzunluğunda düz ağac olur. Özüylə budaq-
budaq gəzdirdiyi ağacla meyvələri tökən döyücülər qoca ağacların başında çox sərbəst 
hərəkət edirlər.  Əslində hamı bilir ki, bu çox çətin işdir. Çünki şabalıddan yıxılanlar az 
olmur və belə yüksəklikdən düşəndə sağ qalmaq ehtimalı o qədər azdır ki, hər dəfə 
eşidilən ölüm hadisəsi də adiləşib. Ağacların çürüklüyü, pud budaqların qəfil qopması 
bəzən  ən səriştəli döyücünü belə aldadır. Ancaq Qəbələ  kəndlərində çörəyini “şabalıd 
ağacından” çıxaranlar az deyil. O, öz işini qurtaran kimi bağ sahibi köməyə çağırdığı 
adamlarla birlikdə dediyimiz haçalarla məhsulu yığmağa başlayırlar.  
Tikanlı  şabalıdlar topa halda tökülür. Sonra onun üstü kollarla elə örtülür ki, qışın 
şaxtası meyvəni dondurmasın. Şabalıdın öz tikanlı köynəyində belə saxlanması onun daha 
çox qalmasına səbəb olur. Bir neçə aydan sonra həmin kol məngənələri götürülərək 
şabalıdın təmizlənməsi prosesi başlayır. Yaşıl tikanlar ötən müddət  ərzində bir qədər 


codluğunu itirmiş olsa da, çürümüş cecəli iynə tikanlar yenə barmaqların qənimidir. 
Şabalıd yığımında  ən ağır proses başlayır. Qız-gəlinlər daha çox bu zaman əziyyət 
çəkirlər. Güclə  ərsəyə  gələn meyvə istənilən vaxt satılır. Xüsusən bayramlarda yaxşı 
satıldığından bazarlara da elə həmin ərəfələrdə çıxardılır. Bir sözlə, şabalıd Qəbələlilərin 
çörək ağacı, pul kisəsidir. 
Dövlətimiz də bu nadir meşə  sərvətinin qorunması istiqamətində xeyli işlər görüb. 
Rayonda şabalıd meşələrinin salınması, onlara qulluq uzun illərdir ki, meşə işçilərinin ən 
mühüm vəzifələrindən biri sayılır. Hektarlarla şabalıd meşələri yaradılıb və meşə 
təsərrüfatının işçiləri tam gücü ilə səfərbər olublar ki, bu nəhəng gövdəli ağaclar sabahkı 
nəslə etibar olunsun. Ancaq bu məsələdə problemlər yaranıb. 
Son illər  şabalıd ağaclarının kütləvi quruması faktı qeydə alınır. Bu qiymətli ağacın 
kökü kəsilmək üzrədir. Hələ də Qəbələ əhalisi cavan ağacların məhv olmasının səbəbini 
aydınlaşdıra bilmirlər.  Əsasən də qoca şabalıdlardan fərqli olaraq yeni ağaclar sıradan 
çıxır. Yaşlı şabalıdlar isə ömrünü başa vurmaq üzrədir.  Əgər təbiətin bu nadir incisinin 
məhvinin qarşısı alınmasa onda gələcəkdə şabalıdın taleyi sual altında olacaq.  
 

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin