Soltan Nuxa. Daha çox ləzgilərin yaşadığı bu kənddə 2360 sakin qeydə alınıb.
Əhalinin meyvə bağları, tərəvəz sahələri olsa da əsas gəlir xırda buynuzlu heyvandarlığın
inkişafından götürülür. Fərdi təsərrüfatlarda indi yüksək artım müşahidə olunur ki, bu da
camaatın yaxşı dolanışığından xəbər verir.
Seyidqışlaq. Şəxs adlarını bildirən toponimlərdən hesab edilir və ilk dəfə yaşayış
yerini binə edən insanın adını daşıyır. Vəndamda Seyidə məxsus qışlaq yerində yaranmış
kənddir. Hazırda 400 sakini var.
Əhalinin dolanışığı yaxşıdır, ilbəil iri və xırda buynuzlu mal-qaranın artımında
irəliləyiş hiss edilir. Camaat taxıl sahələrini, meyvə bağlarını inkişaf etdirirlər.
Təmiz suyu, dağ havası burada da insanların sağlam düşüncəsinə sirayət etdiyindən
savadlı ziyalıları az deyil...