sultanı Kəlbalı Sultan da bu çəkişmələrin qurbanı olur. Kəlbalı Sultanın
ölümündən sonra
Qutqaşın sultanlığı mahal kimi Şəki xanlığının tərkibinə qatılır. Məhəmməd Şəfi Sultanın
vaxtında sultanlığın bütün torpaqları Şəki xanı Cəfərqulu xan tərəfindən satın alınır.
Bundan sonra Qutqaşın sultanlığı öz siyasi əhəmiyyətini itirir və Qəbələ mahalının
tərkibinə qatılır.
Səkkiz yaşına çatmamış Rusiya dövləti sultanlığı daim nəzarətdə saxlamaq üçün
balaca İsmayılı girov kimi, Peterburqa aparır və orada dörd il kadet məktəbində oxuyur.
1822-ci ildə məktəbi bitirir və qrenadyor alayında siravi əsgər kimi qulluğa göndərilir.
Qafqazda, xüsusən də Gürcüstanda qulluq edən İsmayıl bəy 1827-1828-ci il Rusiya-İran
və 1827-1829-cu illərdə Rusiya-Türkiyə müharibələrində iştirak edib. Müharibələr
qurtardıqdan sonra da hərbi qulluğunu davam etdirir və bir müddət Polşada yaşamalı olur.
Adi sıravi əsgərdən general rütbəsinə qədər yüksələn İsmayıl bəy Qutqaşınlı hərbi
xidmətdən sonra istefaya buraxılır və 1847-ci ildən Şamaxıda “Bəy komissiyasında”
işləyir. Orada öz vəsaiti hesabına açdırdığı məktəbdə sonralar təbiətşünas alim Həsən bəy
Zərdabi də oxumuşdur. İsmayıl bəy Qutqaşınlı 1852-ci ildə Məkkəyə Həcc ziyarətinə
gedir, qayıdandan sonra Şamaxıda və Qəbələdə yaşayır.
1854-cü ildə Türkiyə Anadolu ordusunun baş komandanlığı ilə əlaqə saxlamaqda
günahlandırılan İsmayıl bəy həyatının sonuna qədər nəzarət altında qalır. İsmayıl bəy
Qutqaşınlı 1859-cu ildə yenidən Həcc ziyarətinə yola düşür. Məkkəyə ikinci səfəri zamanı
Hacı İsmayıl bəy Həccdən gələndə çoxlu pul verib bir qul qız və bir oğlan alır, savab
qazanmaq üçün hər ikisini Göyçaya gətirib ev-eşik edir. Qızı isə Qutqaşında gəlin
köçürür.
Görkəmli ədib 1861-ci ildə, 63 yaşında Ağdaş karvansarasında dincələrkən guya dəm
qazından vəfat edir. Öz vətənində Sultan baba qəbiristanlığında dəfn olunur. Onun ölümü
ilə bağlı deyilənlər
sübut edir ki, İsmayıl bəy Qutqaşınlı əcəlin yox, əməlinin qurbanı olur.
“Rəşid bəy və Səadət xanım” hekayəsi yazıldığı dövrdən zəmanəmizə qədər sevilə-
sevilə oxunur və hər kəsin rəğbətini qazanır. Təsadüfi deyil ki, ədibin tədqiqatçısı Salman
Mümtaz bu əsərin əlyazmasının axtarışına otuz il vaxt sərf edir. Nəhayət, uzun illərin
bəhrəsindən sonra bu nadir sənət incisinin Bakıya gətirilməsinə nail olur. Salman
Mümtazın əldə etdiyi əlyazmalar “Kitabxaneyi-Mümtaziyyə”sini bəzəyirdi. Özü isə
repressiyanın qurbanına çevriləndə ondan topladığı həmin sənədlər tələb ediləndə heç
birini ələ vermir, ölümü məğrurcasına qarşılayır, topladığı zəngin
irs isə bu gün
Azərbaycan ədəbiyyatına verdiyi qiymətli hədiyyələrdir. O cümlədən İsmayıl bəy
Qutqaşınlının əlyazmaları da nadir incilərdən sayılır.
İsmayıl bəy Qutqaşınlı öz bədii yaradıcılığını bu gözəl əsərlə tamamlamamışdır. O,
həm də Həcc ziyarətinə gedərkən bütün yol boyu görüb-duyduqlarını qələmə alaraq, çox
gözəl “Səfərnamə” yazmışdır. Həmin əsər çox gec də olsa, yazıçının ölümündən yüz il
sonra, 1967-ci ildə nəfis şəkildə nəşr edilərək, Azərbaycan oxucusuna çatdırılmışdır.
İsmayıl bəy Qutqaşınlının yaradıcılığını tədqiq edənlərdən biri də professor Əziz
Mirəhmədov olub. O yazırdı ki, “Səfərnamə”də Qutqaşınlının işlətdiyi dil, üslub, ifadə
tərzi, lüğət tərkibi oxucunu heyran qoyur.
Ona heyrət edirsən ki, uzun illər Rusiyanın
müxtəlif şəhərlərində və Varşavada, başqa millətlərdən olan adamların içərisində
yaşamasına və 25 il hərbi xidmətdə olub əsasən rus dilində danışmasına baxmayaraq,
Qutqaşınlı öz ana dilinin zənginliyini, saflığını, sadəlik və şirinliyini necə məhəbbətlə
qoruyub saxlamışdır.
Tədqiqatçılar yazırlar ki, Məkkə ziyarətindən sonra İsmayıl bəy Qutqaşınlının həm
zahiri görünüşündə, həm də həyata baxışında, davranış və hərəkətlərində xeyli
dəyişikliklər baş vermişdi. Uzun illər rus hərbçiləri ilə bir yerdə işləyən bu şəxs birdən-
birə saqqal saxlamış, dini ayinləri müntəzəm yerinə yetirmiş,
oruc tutmuş, namaz qılmış,
Quran oxumağa başlamışdır. Bu hadisələrlə əlaqədar İsmayıl bəy Qutqaşınlının Türkiyəyə
meyili, ərəb ölkələrində olması, dinə bağlılığı çar hökumətində şübhələr oyatmışdır. 25 il
qüsursuz hərbi xidmət göstərən, öz sədaqəti ilə seçilən, işinə görə müxtəlif medal və
ordenlərlə mükafatlandırılan, general-mayor rütbəsinə qalxan İsmayıl bəy Qutqaşınlıya
çar hökuməti axıra qədər inam göstərə bilmədi...
İsmayıl bəy Qutqaşınlı yeganə azərbaycanlıdır ki, çar hökuməti zamanı hərbi qulluqda
qüsursuz fəaliyyətinə görə ən yüksək və müxtəlif dərəcəli ordenlərə,
böyük həcmdə pul
mükafatlarına, qiymətli hədiyyələrə, fərqlənmə nişanlarına, qızıl və gümüş qılınclara layiq
görülmüşdür. Generalın sinəsini 10-dan yuxarı orden bəzəyib. Maraqlı bir fakt da var ki,
uzun illər İsmayıl bəy Qutqaşınlı nasir kimi təhlil edilib. “İki quşun söhbəti” adlı şeiri
İsmayıl bəy Qutqaşınlının poetik dünyasından da xəbər verir. Bu şeir 2004-cü ildə ilk dəfə
“Azərbaycan” qəzetində çap edilərək oxucuların diqqətinə çatdırılıb. Son illərdə
“Azərbaycan” qəzetinin İsmayıl bəy Qutqaşınlının həyat və yaradıcılığı ilə bağlı diqqət
çəkən axtarışları fərəh və qürur doğurur. “Azərbaycan” qəzetinin 2004-cü il 7 fevral
sayında generalın hərbi təltiflərinin tam siyahısı ilk dəfə dərc olunur.
İsmayıl bəy Qutqaşınlı təkcə hərbçi deyildi. Onun çiyinlərinə müxtəlif
sahələrin
inkişafına nail olmaq missiyası da düşmüşdü. O, həm də böyük maarifçi idi və
Azərbaycanda dünyəvi məktəblərin açılması üçün uzun illər mübarizə aparmışdı.
Azərbaycan xalqı, o cümlədən qədirbilən Qəbələ camaatı öz böyük həmyerlilərinə,
Azərbaycanın ilk generalına və nasirinə şəhərin mərkəzində möhtəşəm abidə ucaltmış,
ölkəmizin hər yerində küçələrə, məktəblərə onun adı verilmişdir. Bəli, qədirbilən
xalqımız öz ləyaqətli oğullarına həmişə böyük ehtiram və hörmət göstərir və onları
özünün milli dəyər xəzinəsinin ən qiymətli inciləri kimi qoruyaraq, nəsildən-nəsilə
ərmağan edir...
Dostları ilə paylaş: