Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviya-
bərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı
şimal və cənub qruplarına ayrılır. Onlardan birincisi akkat
(babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və
xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey
dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır. İsraildə
hal-hazırda süni sürətdə qədim yəhudi dilini bərpa etməyə
çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI
əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun
qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi
aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə
saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri
ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş
dili – gez hazırda kilsə dili kimi saxlanılır.
Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir.
Ərəb dili yayılana qədər Misir əhalisi əsasən kopt dilində
danışırdılar.
Liviya-bərbər budağına: liviya (ölü), bərbər, numidiya və
quanc (Kanar adalarında), tuareq, kabil, rif və zenaq dilləri
daxildir.
Kuş dillərində şimal-şərqi Afrikanın əhalisi danışır.
Onlardan ən çox yayılanı: qalla, somali, afar və bedauedir.
Çad budağının ən böyük dili hausadır.
Semit-hamit dillərinin hamı tərəfindən qəbul edilən vahid
bir təsnifatı yoxdur. Bir çox alimlər bu dil ailəsini beş deyil, iki
budağa semit və hamit budaqlarına ayırır və liviya-bərbər, kuş
və çad budaqlarını da axırıncıya birləşdirirlər.