39. Hekayət Bir dəstə əyyaş bir dərvişlə sözə gəldilər, ağızlarına gələn
nalayiq söyüşlər söyüb onu əzişdirdilər. Dərviş şikayət üçün
mürşüdün yanına getdi, başına gələni nəql etdi.
Dedi: – Ey oğul dərviş xirqəsi razılıq, dözümlük libasıdır, onu
geyən hər zülmə qatlaşmalıdır, əks halda dərvişliyi tərk edib xirqəni
çıxartmalıdır.
Beyt
*
ьяриг – Суда боьулан
107
Ümman bir daş ilə heç dalğalanmaz,
Arif inciyərsə, dayazdır-dayaz.
Şer
Bir zərər dəyərsə sənə səbr elə,
Əfv ilə günahdan təmizlənərsən;
İndi ki, hər şeyin sonu torpaqdır,
Torpaq tək sakit qal, elə indidən.
40. Mənzum hekayət
Sənə bir hekayət söyləyim dinlə,
Bağdadda deyişdi bayraq pərdəylə
Bayraq öz alından edib şikayət
Pərdəyə acıqla dedi nəhayət
«Bizki, hər ikimiz mərdü mərdana,
Xidmət eləyirik eyni sultana.
Neçün dincəlmirəm xidmətdə bir -an,
Səfərdə puç olur ömrüm hər zaman.
Sən isə bilmirsən əziyyət, hasar,
Nə səhra görürsən, nə toz, nə qubar,
Belə ağır ikən mənim xidmətim,
Bəs neçün sən qədər yoxdur hörmətim?
Sən gözəl bəndələr qucağındasan,
Səninlə əl verir hər nazlı canan.
Mən isə gəzirəm hey əldən-ələ.
Çöllərdə sərkərdan qalmışam hələ»
Dedi: «Mənim başım asitandadır.
Lakin sənin başın asimandadır.
Kim biça boynunu dik tutsa hər an,
Gəzər boyunlarda belə sərkərdan».