Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
7.2. Psixoloji sirayət Psixoloji sirayət effekti (və ya yoluxma) - sosial psixologiyada XIX əsrin sonu-
XX əsrin əvvəllərində müəyyən edilsə də insanlara çoxdan məlum idi: bütün xalqların
ədəbiyyatında psixoloji sirayətin fenomenologiyası bədii səpgidə ətraflı təsvir
edilmişdir. Onun elmi təhlili isə sosial psixologiyanın ilk nailiyyətləri zəminində
mümkün olmuşdur.
Sosial psixologiyada hələ onun eksperimental inkişafı dövründən əvvəl müəyyən
edilmişdi ki, psixoloji sirayət kütlə psixologiyası hadisəsidir. Ən yeni tədqiqatlar
göstərir ki, psixoloji sirayət effekti kiçik qruplarda da müşahidə olunur. Lakin bununla
belə, insanlar məhz kütlə daxilində psixoloji sirayətə daha asanlıqla məruz qalırlar. Bu,
hər şeydən əvvəl, kütlənin özünün psixoloji xarakteristikası ilə bağlıdır. Müəyyən
edilmişdir ki, insan kütlə daxilində özünü daha çox anonim vəziyyətdə hisss edir. Bu
şəraitdə şəxsiyyət amilinin rolu köklü surətdə azalır. İnsanın, birinci növbədə, psixi
halətlərində mühüm dəyişiliklər əmələ gəlir. Onun idrak fəaliyyətində emosional amillər
xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Emosional diqqətin fəallaşması üçün əlverişli
şərait yaranır. İnsan öz gördüyü və ya eşitdiyi hadisələri özünəməxsus emosional
fonda, necə deyərlər, onu bilavasitə əhatə edən adamların gözü ilə qavramağa,
anlamağa başlayır. Onun baş verən hadisəyə münasibəti də əsasən bu şəraitdə
formalaşan emosional qiymətlərlə müəyyən olunur. İnsan bu zaman istər
başqalarında, istərsə də özündə əslində başlıca nöqsanları görə bilmir. Kütlə
psixologiyası üçün səciyyəvi olan bu cəhətləri nəzərə alsaq, onda psixoloji sirayəti
şərtləndirən amilləri nisbətən ətraflı təhlil edə bilərik.