İqtisadiyyat. Ümumdaxili məhsulun həcmi 2003-cü ildə 5,5
mlrd. dollar (adam başına 1500 dollar) olmuşdur. Ödənişlər İsrail
şekeli, ABŞ dolları və Ürdün dinarı ilə aparılır.
Fələstin iqtisadiyyatı əsasən ölkə hüdudlarından kənardakı
maliyyə mənbələrinə arxalanır: Ərəb ölkələrinin, Fələstin diasporasının
və beynəlxalq təşkilatların 1998- ci ildə əvəzsiz maliyyə yardımının
həcmi təqribən 3,0 mlrd dollar olmuşdur. Bununla belə işsizlik
səviyyəsi 2003-cü ildə 60 faiz olmuşdur. Fələstin əhalisinin təqribən 30
faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
Ölkənin Ümumdaxili məhsulunun 9 faizi kənd təsərrüfatının,
28 faizi sənaye və tikintinin, 63 faizi isə xidmət sahələrinin payına
düşür. Sənayedə aparıcı sahə geyim, ayaqqabı, dəri məmulatları,
məişət ləvazimatı və ərzaq istehsalıdır. Bəzək inşaat daşları istehsalı
ilə çox məşhurlaşmışdır. Belə daşlar xeyli sayda ölkələrə ixrac ol-
unur.
Kənd təsərrüfatında əsas çətinlik suvarma sularının çatış-
mazlığıdır. Bu səbəbdən Fələstin torpaqlarının ancaq dörddə biri
becərilir. Sitrus bitkiləri, zeytun, tərəvəz, üzüm və bostançılıq
məhsulları yetişdirilir. Heyvandarlıqda qoyunçuluq üstünlük təşkil
edir. Liman və beynəlxalq dərəcəli təyyarə portu Qəzza sektorunda
fəaliyyət göstərir.
2003-cü ildə Muxtariyyətdən mal ixracının həcmi 700 mln dol-
lar (o cümlədən sənaye məhsulları 75 faiz, kənd təsərrüfat məhsulları
25 faiz), idxal həcmi isə 2,0 mlrd dollardan artıq olmuşdur. İxracatın
80 faizi İsrailə göndərilir. İdxalın 90 faizi də İsrailin payına düşür.