Həqiqət budur ki, Azərbaycan ədəbiyyatının mənsur şeirdən tutmuş sərbəst və destruktiv şeirə qədər, povestdən (Avropa meyarı ilə “kiçik roman”dan, yaxud Türkiyədə deyilən “böyük hekayə”dən) tutmuş tragikomediyaya və farsacan müxtəlif janrlarda özünüifadəsi sosrealizmin biləvasitə iştirakı ilə mümkün oldu.
Əlbəttə, belə bir sual yarana bilər ki, sosrealizm olmasaydı, dünya ədəbiyyatının inkişafı və güclü inteqrasiya meylləri kontekstində XX əsrdə bu janrlar yaranmayacaqdımı?
Çox güman ki, yaranacaqdı.
Ancaq fakt budur ki, istəsək də, istəməsək də, sosrealizm XX yüzil Azərbaycan ədəbiyyatının tarixinə daxil oldu və bədii ədəbiyyatın meydana çıxdığı əsas zaman vahidini əhatə etdi.
Azərbaycan ədəbi tənqidindən danışanda biz Xətib Təbrizidən tutmuş Vəhid Təbriziyə qədər, Nizami Gəncəvidən tutmuş Mir Möhsün Nəvvaba qədər böyük mütəfəkkirlərin, sənət və fikir adamlarının, şairlərin bədii söz haqqında fikirlərini öyrənirik (Kamal Talıbzadənin, Şamil Salmanovun, Nizaməddn Şəmçizadənin, Nəzif Qəhrəmanlının, V.Sultanlının və b.-nın tədqiqatları). Ancaq müstəqil bir janr olaraq, professional ədəbi tənqidimiz ilkin orta əsrlərdən üzü bəri gələn və öz-özlüyündə çox qiymətli olan, amma pərakəndə fikir və mülahizələrdən, təzkirəçilikdən çıxıb, ictimai fikrimizin əsas hissələrindən biri kimi formalaşdı və ilk təcrübələri əsrin əvvəllərində Abdulla Surun, Kazımoğlunun (Seyid Hüseynin) qələmi ilə yaranmış müasir tənqidimiz artıq 20-ci illərdən başlayaraq, inkişaf edib, ədəbi prosesin aparıcı qüvvəsinə çevrildi (Mustafa Quliyev, Əli Nazim, Atababa Musaxanlı, Məmmədkazım Ələkbərli, Bəkir Çobanzadə, Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Hidayət Əfəndiyev, Əkbər Ağayev, Cəfər Cəfərov, Cəfər Xəndan, Orucəli Həsənov, Abbas Zamanov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Məsud Əlioğlu, Qulu Xəlilov, Pənah Xəlilov, Bəkir Nəbiyev, İslam İbrahimov, Əhəd Hüseynov, Yəhya Seyidov, daha sonrakı dövrlərdə Seyfulla Əsədullayev, Gülrux Əlibəyli, Təhsin Mütəllibov, Cəlal Abdullayev və b.).
Məhz sosrealizm müddəalarının təhriki nəticəsində ədəbiyyat nəzəriyyəsi öyrənildi, ədəbiyyat tariximizin tədqiqi estetik kateqoriya kimi müasirlik baxımından tamamilə yeni keyfiyyətlər əldə etdi və hərgah sosrealizmdən əvvəlki dövrün bəhrəsi olan “Ədəbiyyat tarixi” (Firudin bəy Köçərli) ilk təcrübə, yeganə professional mənbə, (həmin mənbənin qiyməti, hətta unikallığı da elə bu ilkinlikdə, yeganəlikdə idi və mən vaxtilə rəhmətlik Şamil Salmanovla birlikdə bu barədə ətraflı yazmışdım (bax: “İlk Azərbaycan ədəbiyyatı tarixi”, “Ədəbiyyat və incəsənət” qəzeti, 9 və 16 sentyabr 1978-ci il), eləcə də Yusif Vəzir Çəmənzəminlinin 1919-cu ildə İstanbulda nəşr olunmuş “Azərbaycan ədəbiyyatına bir nəzər” monoqrafiyası dövrün kontekstində əhəmiyyətli bir hadisə idisə, artıq sonrakı onilliklərdə bütün çatışmazlıqları, kəsir cəhətləri ilə bərabər, ədəbiyyatımızın fundamental tarixi yazıldı (Həmid Araslı, Feyzulla Qasımzadə, Mir Cəlal, Mirzağa Quluzadə, Əli Əjdər Seyidzadə, Qulmahüseyn Beqdeli, Qafar Kəndli, Mirəli Seyidov, Əli Sultanlı, Kamran Məmmədov, Firudin Hüseynov, Araz Dadaşzadə və başqalarının, sonrakı nəsl nümayəndələrinin, eləcə də yeri düşdükcə yuxarıda adlarını çəkdiyim müəlliflərin qələmi ilə).
Bir tərəfdən sosrealizmin folklora, xalq yaradıcılığına vulqar-sosioloji həmləsi nəticəsində, misal üçün, aşıq poeziyasının eybəcər “nümunələri” yaranaraq partiya qəzetlərində çap edilirdi. Budur, “Kommunist” qəzetində dərc olunmuş (6 avqust 1937) “qoşmaların” hərəsindən bir bəndə fikir verin:
Əziz Şmidti göndərdin uzaq ellərə,
Təyyarə ilə uçdu, bələd oldu yollara,
Saçdılar al bayrağı buzlu dağlara,
Xaricilər düşdü haldan-hala, Stalin.
(Aşıq Avak)
Stalin marşurutu, səni min yaşa,
İgitlər planını çatdırdı başa,
Lenin ordenini taxdılar döşə,
Hər biri korpusa komandir oldu.
(Aşıq Mirzə)
Oxudum qəzetdə, mən oldum hali,
Terrorçu salmış qeyli-qali,
Cəsus, ziyançı o kəs xəyali
Məhv etdin, dağıtdın, yaşa Stalin!
(Aşıq Əsəd)
Hətta rusdilli rəsmi partiya qəzetində də (misal üçün, bax: “Bakinski raboçi”, 8 avqust 1937.) azərbaycanca sosrealizmin yazdırdığı aşıq “şeiri” dərc edilirdi:
Cahanda tək söylənir
Stalin Konstitusiyası,
Vətəndaşlara təhsil üçün var
iyirmi birinci maddəsi,
Yüz iyirminci maddəsi qocanın
yardım kisəsi,
Yüz iyirmi beşdə deyir,
mətbuat söz azadası,
İclaslarda maddəsi oxunan zamanı gördük!
(Aşıq Bəhmən)
Aydın məsələdir ki, aşıq şeirini bundan acınacaqlı bir vəziyyətə salmaq olmaz, ancaq bununla birlikdə sosrealizm imkan verdi və şərait yaratdı ki, “Dədə Qorqud”dan bu tərəfə folklorumuzun və klassik ədəbiyyatımızın elmi-nəzəri təsnifatı verilsin. Dastanlarımız, nağıllarımız, bayatılarımız və s. yalnız məclislərdə söylənmədi, hətta yalnız nəşr edilmədi (bu da öz-özlüyündə böyük hadisə idi!), elmi-nəzəri təhlildən keçirildi, milli estetik köklərin, bünövrənin nəzəri mənzərəsi yarandı (Hənifə Zeynallı, Məmmd Hüseyn Təhmasib, Əhliman Axundov, Vaqif Vəliyev, Paşa Əfəndiyev, Mirzə Abbaslı, Həsən Qasımov və b.).
Son dərəcə əhəmiyyətli hadisələrdən biri, bəlkə də birincisi bu oldu ki, sosrealizm müasir Azərbaycan ədəbi və bədii dilinin formalaşmasında fövqəladə rol oynadı. “Molla Nəsrəddin” ilə “Füyuzat” dili, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Sabir ilə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhhəmmməd Hadi dili arasındakı pərakəndəlik içində olan ədəbi-bədii dilimizin sintaksik və estetik prinsipləri təşəkkül tapdı və bu işi faktiki olaraq, 1930-cu illərdə yaranmış Azərbaycan ədəbiyyatı – sosrealizm nümunələri, Mikayıl Müşfiqin və Səməd Vurğunun, Süleyman Rüstəmin və Rəsul Rzanın, Osman Sarıvəllinin və Əhməd Cəmilin və b.-nın poeziyası, Cəfər Cabbarlının və Məmməd Səid Ordubadinin, Abdulla Şaiqin və Süleyman Rəhimovun, Mir Cəlalın və Mehdi Hüseynin, Əli Vəliyevin və Əbülhəsənin, Mirzə İbrahimovun və Sabit Rəhmanın və b.-nın nəsri və dramaturgiyası gördü. 1940-cı illərdə Azərbaycan ədəbi-bədii dili xüsusən İlyas Əfəndiyevin və Ənvər Məmmədxanlının yaradıcılığı vasitəsilə ən yüksək səviyyədə özünü ifadə etdi. Dilin leksik zənginliyinin, stilistik məxsusiliyinin, rəngarəngliyinin miqyası, misal üçün, Səməd Vurğun, Süleyman Rəhimov, yaxud Əli Vəliyev ilə, yenə də misal üçün, Mirzə İbrahimov, Əhməd Cəmil, yaxud İsa Hüseynov arasındakı bir genişlik əldə etdi.
Fakt odur ki, sosrealizmin yaratdığı şərait nəticəsində Azərbaycan dilinin hərtərəfli tədqiqində Bəkir Çobanzadə, Məmmədağa Şirəliyev, Əzəl Dəmirçizadə, Muxtar Hüseynov, Səlim Cəfərov, Hadı Mirzəzadə, daha sonrakı dövrlərdə Əlövsət Abdullayev, Fərhad Zeynalov, Ağamusa Axundov, Yusif Seyidov, Afat Qurbanov, Tofiq Hacıyev və b. kimi dilçi alimlərimiz 70 ildə o işi gördü ki, Rusiyada, yaxud Avropa ölkələrində bu işə qat-qat artıq vaxt sərf olundu.
Məhz sosrealizm dövründə biz dilimizin fundamental izahlı lüğətindən tutmuş bir çox qarşılıqlı, terminoloji, leksikoloji lüğətlərə qədər, nəşrlərin hazırlanıb işıq üzü görməsi kimi nəhəng miqyaslı elmi sıçrayışa nail olduq və Ruhulla Axundov, Xudadat bəy Əzizbəyov, Əliheydər Orucov, Məmməd Tağıyev, Yusif Ziya Şirvani və b. kimi filoloqların, dilçilərin elmi zəhməti nəticəsində Azərbaycan dilinin zəngin leksik potensiyası üzə çıxdı.
Baxın, həm ədəbi tənqid, həm ədəbiyyatşünaslıq, həm də dilçilik sahəsində adlarını çəkdiyim müəlliflərin hamısı (!) məhz sosrealizm dövrünün yetişdirdiyi qələm sahibləridir.
Sosrealizm Azərbaycan ictimai fikrinin formalaşmasında, milli təfəkkürün güclənməsində böyük rol oynadı, sırf milli prolematikanın ədəbiyyatımızın əsas mövzularına çevrilməsinə mane olmadı, bu problematika həm coğrafi, həm də mənəvi ehtivasına görə ədəbiyyatın ön sırasına çıxdı. Baxın, Sistem Cənubi Azərbaycandan xaincəsinə geri çəkildi, ancaq Araz mövzusu ədəbiyyatımızın tərkib hissəsinə daxil oldu, Sistem Gəncənin adını Kirovabad qoydu, ancaq poeziyamız qədim Gəncədən söz açdı, Sistem “millətçi” ittihamından gen-bol, bir sıra hallarda isə cəlladcasına istifadə etdi, ancaq sosrealizm qəbul etdi və bununla da imkan verdi ki, misal üçün, “Azərbaycan” (Səməd Vurğun) şeiri dillər əzbərinə çevrilsin.
Olsun ki, sosrealizm bir sıra hallarda bu mövzuları “özününküləşdirmək” istədi, onlardan da siyasi məqsədlərlə bəhrələnməyə çalışdı, ancaq milli bədii təfəkkürdə həmin mövzuların sanbalı, mütləq çəkisi ağır olduğu üçün, effekt tərsinə oldu: əks-proses baş verdi, bu mövzular sosrealizmi buxovladı.
Sosrealizm dövrünün böyük uğurlarından biri tərcümə ədəbiyyatı ilə bağlıdır və məsələyə obyektiv yanaşsaq, görəcəyik ki, müasir Azərbaycan bədii tərcümə məktəbi sosrealizmin bəhrəsidir. Klassik və bir sıra ideoloji baxımdan istisnalarla çağdaş dünya ədəbiyyatının ən məşhur əsərləri dilimizə çevrildi və Azərbaycan oxucusu üçün Homerdən, Firdovsidən, Dantedən, Hötedən, Lev Tolstoy və Dostoyevskidən tutmuş Remarka və Heminquey, Böyll və Markesə qədər müəlliflərin əsərlərini ana dilində oxumaq imkanı yaratdı. Güman edirəm ki, belə bir mütaliə miqyasının əhəmiyyəti barədə danışmağa ehtiyac yoxdur. Digər tərəfdən ərəb, xüsusən də fars dilli klassik Azərbaycan ədəbiyyatı (Xaqani, Məhsəti, Nizami və b.) doğma dilə tərcümə edildi, eləcə də klassik və müasir Azərbaycan ədəbiyyatı xarici dillərə çevrildi. Məmməd Arifin, Mikayıl Rəfilinin, Ənvər Məmmədxanlının, Mikayıl Rzaquluzadənin, Beydulla Musayevin, Əziz Şərifin, Hüseyn Şərifin, Cabbar Məcnunbəyovun, Mustafa Əfəndiyevin, Mübariz Əlizadənin, Cahanbaxşın, Vladimir Qafarovun, İshaq İbrahimovun, Cəlal Məmmədovun, Elxan İbrahimovun və b.-nın tərcümələri milli tərcümə ədəbiyyatımızı zəngin mənəvi qüvvə kimi ortaya qoydu. 70 illik sosrealizm dövründə böyüklü-kiçikli, demək olar ki, bütün şairlərimiz, o cümlədən ən məşhurları (Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Əhməd Cəmil, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Tofiq Bayram və b.) intensiv surətdə tərcümə ilə məşğul olurdu.
Düzdür, tərcümə sahəsində dilin coğrafiyası baxımından birtərəflilik var idi, yəni dünya ədəbiyyatı əsas etibarilə orijinaldan deyil, rus dilindən, Azərbaycan ədəbiyyatı isə əsas etibarilə rus dilinə tərcümə edilirdi, ancaq, aydın məsələdir, bunun özü də əhəmiyyətli bir hadisə idi.
Həqiqət bundan ibarətdir ki, sosrealizm tərcümə sahəsində – bu sözün gurultusundan qorxmayaq! – Qərb və rus ədəbiyyatı ilə müasir Azərbaycan mənəviyyatı arasında ikitərəfli gedişata malik körpü saldı və bu həqiqəti layiqincə qiymətləndirmək lazımdır. Aydın məsələdir ki, sosrealizm müddəaları tərcümənin əhəmiyyətini qəbul etməsəydi, həmin körpü də salınmayacaqdı və burada şübhəsiz ki, Sistemin də təbiətindəki ziddiyyətlər özünü göstərirdi.
Baxın, “Böyük terror”un şıdırğı vaxtında – 1937-ci ilin mayında məşhur rus şairləri Vladimir Luqovskoydan, Pavel Antaqolskidən, Pavel Pançenkodan, Marqarita Aligerdən ibarət, o vaxtın təbiri ilə desəm, “şairlər briqadası” Moskvadan Bakıya gəlir və Sistemin ən sınanmış və görkəmli nümayəndələrindən biri, Azərbaycanın “hakimi-mütləq”i Mir Cəfər Bağırov Yazıçılar İttifaqının sədri Seyfulla Şamilovla birlikdə onları qəbul edir.
Qəbul iki saat çəkir.
Məsələ burasında idi ki, biləvasitə M.C.Bağırovun təşəbbüsü ilə SSRİ Yazıçılar İttifaqı qarşısında rus dilində “Azərbaycan poeziya antalogiyası”nı hazırlayıb, nəşr etmək məsələsi qaldırılmışdı və M.C.Bağırov kimi Ümumittifaq nüfuzuna malik bir partiya xadiminin qaldırdığı məsələ cavabsız qala bilməzdi. Həmin məşhur rus şairləri klassik və müasir Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə etmək, həmin antalogiyanı hazırlamaq məqsədi ilə Bakıya göndərilmişdilər. M.C.Bağırovun mürəkkəb və qorxulu tut-ha-tut vaxtında moskvalı şairləri qəbul etməsinin özü, əlbəttə, onun bu məsələyə nə dərəcədə əhəmiyyət verdiyini göstərir. Qəbul zamanı V.Luqavskoy Vaqifin və Vidadinin “Durnalar” şeirlərini, P.Antaqolski Füzulinin “Leyli və Məcnun”undan parçaları, P.Pançenko Seyid Əzimin və Sabirin şeirlərini öz tərcümələrində oxuyurlar. Rəsmi məlumatda deyilir: “Tərcümələr Bağırov yoldaşa təsir bağışlamışdır. Bağırov yoldaş bir saata qədər davam edən nitqində antalogiyanın mühüm əhəmiyyətini və xüsusilə xalqımızın yaradıcılıq simasını göstərməkdə onun oynadığı böyük rolu qeyd etmişdir.” (“Ədəbiyyat qəzeti”, 16 iyun 1937.)
Güman edirəm ki, bu fakt çox şey deyir.
Nəhayət, sosrealizm dövründə ədəbiyyata “altmışıncılar” gəldi.
Ancaq bu barədə, görünür, ayrıca yazmaq lazımdır.
Dördüncü məqalə
Bəzən bizim tənqidimiz və ədəbiyyatşünaslığımız 1960-cı illərdə yaranan ədəbiyyat ilə həmin illərdə yaradıcılığa başlamış ədəbi nəsli – “altmışıncılar”ı eyniləşdirirlər və bu da bədii-estetik təsnifat baxımından dolaşıqlıq, qeyri-dəqiqlik yaradır.
XX partiya qurultayından sonra cəmiyyətdə, ictimai həyatda yaranmış “mülayim iqlim” (İlya Erenburqun povestinin adı ilə – rusca “Ottepel”, yəni “Mülayim iqlim”, yaxud “Yumşaq hava” – adlandırılan istilahdır) nəticəsində 1950-ci illərin sonu, 1960-cı illərdə Azərbaycan nəsrində “Yeraltı sular dənizə axır” (Mehdi Hüseyn), “Söyüdlü arx”, “Körpüsalanlar” (İlyas Əfəndiyev), “Dəli Kür” (İsmayıl Şıxlı), “Teleqram”, “Saz”, “Kollu Koxa” (İsa Hüseynov), “Telefonçu qız” (Həsən Seyidbəyli), “Yamacda nişanə” (Sabir Əhmədov) və s. kimi həm mövzu və mövzuya münasibət, həm də bədii keyfiyyət baxımından əvvəlki onilliklərin bədii təsərrüfatından seçilən əsərlər meydana çıxdı. Poeziyamızda, dramaturgiyamızdada bu cür məlum (yuxarıda yeri düşdükcə onlardan bəhs etmişəm) uğurlarımız yarandı.
Eyni zamanda, paralel olaraq yeni bir nəsl ədəbiyyata gəldi ki, bu, yalnız adi nəsildəyişmə prosesi yox, bədii-estetik hadisə idi və söhbət ayrı-ayrı yazıçıların yaxşı, ya pis yazmağından yox, yaxşısı və pisi ilə bərabər, bədii təfəkkür yeniliyindən, sosrealizm müddəalarına münasibətdə yaradıcılıq tipajının dəyişməsindən, istedadın daxili azadlıq əldə etməsindən gedirdi.
Məhz bu yenilik, dəyişiklik, daxili azadlıq, bir tərəfdən “altmışıncılar”ın novatorluğunu müəyyən etdi, o biri tərəfdən isə həmin novatorluqla ənənə arasında sıx bir bağlılıq yaratdı. Həmin ənənənin özündə də iki cəhətin üzvi, təbii vəhdəti yaranmışdı: milli ədəbi ənənələr və dünya ədəbiyyatı təcrübəsinin doğurduğu ənənələr.
Məhz belə bir bədii-estetik amal özündən əvvəlki onilliklərin üzərindən folklora körpü saldı və Süleyman Rəhimovun, Mehdi Hüseynin, İlyas Əfəndiyevin, Ənvər Məmmədxanlının bəzi hekayələri yalnız folklor əsasında yazılmış ayrı-ayrı nümunələr idisə, “altmışıncılar”ın yaradıcılığında folklor alt qatın mühüm hissəsinə çevrildi, hiss və həyəcanların təsvirində, psixoloji qatların açılmasında sitat yox, mahiyyətin ifadəsi oldu. “Altmışıncılar”ın bu cəhəti sosrealizmin ədəbiyyata gətirdiyi və müdafiə etməyə çalışdığı süniliyin, falşın aradan qaldırılmasında mühüm rol oynadı.
Eyni bir körpü klassik milli ədəbiyyatla, “Molla Nəsrəddin” ədəbi məktəbi ilə, XIX – XX əsr Azərbaycan maarifçiləri ilə “altmışıncılar” arasında bir yaxınlıq, hətta deyərdim ki, bir doğmalıq yaratdı və “altmışıncılar”ın yaradıcılığını kosmopolitçi perspektivlərdən uzaqlaşdırdı, həmin yaradıcılığın milli mənsubiyyətinin müəyyənləşməsində əhəmiyyətli rol oynadı.
Özlərindən əvvəlki ədəbi nəslin bir çox nümayəndələri yaradıcılıqlarının ilk illərində – 1920-30-cu illərdə – Sistemin qorxusu və təhriki ilə, yaxud da inqilabi fanatizmin təsiri ilə klassik ədəbiyyata “sinfi münasibət” bəsləyirdilərsə, Cəlil Məmmədquluzadə yaradıcılığında “xırda burjua ünsürləri”, yaxud Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında “proletar inqilabının mahiyyətini” axtarırdılarsa, “altmışıncılar” klassik irsi, xüsusən Cəlil Məmmədquluzadə yaradıcılığını, ictimai fikrimizdəki “Molla Nəsrəddin” hadisəsini bədii-estetik və vətəndaşlıq mənasında əxs etməyi bacardı və bu onların yaradıcılığını bir tərəfdən, yuxarıda dediyim kimi, milliləşdirdisə, o biri tərəfdən isə onlar həmin milliliyi özlərinin bədii-estetik axtarışlarından doğan müasir bədii-estetik səviyyədə ifadə edə bimədikləri üçün heç vəchlə milli məhdudiyyətə qapanmadılar.
Klassik və çağdaş dünya ədəbiyyatı və nəzəri-estetik fikrinin təcrübəsi də öyrənilərək, “altmışıncılar”ın yaradıcılığında keyfiyyət yeniliyinin inkişaf etməsi, novatorluğun formadan məzmuna, yəni əsərin bədii mündəricatına keçməsi üçün münbit zəmin yaratdı.
Sistemə qarşı bədii-estetik müxaliflik, hətta, belə demək olarsa, bədii-estetik kin-küdurət, bədii-estetik düşmənçilik (!) “altmışıncıların” yaradıcılığının mayasına hopmuşdu və onlar yalnız istedadın təhtəlşüur gücü ilə yox, həm də şüurlu olaraq sosrealizm çərçivələrindən çıxmaq istəyirdilər. Paradoks isə bunda idi ki, sosrealizm partiya və komsomol mətbuatında, müxtəlif səviyyəli rəsmi iclaslarda vulqar-sosioloji hücumlarla ciddi müqavimət göstərsə də, bu gün əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış o illərdə “ədəbi obıvatellərin”, məhdud düşüncə sahiblərinin çayxana səviyyəsindəki söz-söhbətlərindən, nadan “ədəbi qeybətlərindən”, şayiə və böhtanlardan istifadə etsə də, bu yeni prosesin qarşısını ala bilmədi.
Yeri düşmüşkən, orasını da deyim ki, sosrealizm bir ədəbi metod kimi iflasa uğradı, ədəbiyyat və ümumiyyətlə, sənət tarixinin növbəti səhifəsinə çevrildi, amma həmin primitiv çayxana söhbətləri, “ədəbi qeybətlər”, obıvatel mülahizələri, şayiə və böhtalar yaşayır və nə qədər ki, sənət yaşayır, onlar da Kaşey ölməzliyi ilə həmişə yaşayacaq, çünki sənətin öz missiyası olduğu kimi, sənətətrafı qaraguruh dedi-qodunun da öz missiyası var.
Ancaq biz mövzumuza qayıdaq.
“Altmışıncılar”ın yaradıcılığı təbiəti etibarilə sosrealizmə yad idi, ancaq eyni zamanda, görünür, gözlənilməz idi və bu faktor sosrealizmdə bir şaşqınlıq əmələ gətirmişdi. Əlbəttə, burada o cəhət də az rol oynamadı ki, Leonid Brejnev zamanında (1964-1982; L.Brejnevin vəfatından sonra sovet funksionerləri və tarixçiləri bunu durğunluq dövrü adlandırırdı) – “altmışıncılar”ın formalaşdığı vaxt – sosrealizm xeyli dərəcədə zəifləmişdi və bu da, təbii ki, bədiiyyatın, o cümlədən də Azərbaycan ədəbiyyatının xeyrinə idi.
Sistem SSRİ miqyasında bir tərəfdən dissidentləri (A.Soljenitsin, V.Aksyonov, V.Nekrasov, A.Qladilin, A.Sinyavski, Y.Daniel və b.) təqib və ölkədən sürgün edirdi, o biri tərəfdən isə sosrealizm zəiflədiyi üçün, onun nəzəri-estetik prinsiplərinə müxalif olan ədəbiyyat nəinki yaranır, həm də vulqar-sosioloji, ortodoks-partiyalı tənqidə baxmayaraq (bəlkə də elə məhz buna görə!) geniş şöhrət qazanırdı (elə həmin rus ədəbiyyatında Y.Trifonov, V.Rasputin, Y.Yevtuşenko, V.Belov, A.Voznesenski, B.Axmadulina və b.; Azərbaycan ədəbiyyatında “altmışıncılar”).
Aydın məsələdir ki, Fikrət Sadıq, Yusif Səmədoğlu, Fikrət Qoca, Əkrəm Əylisli, Anar, İsi Məlikzadə, İsa İsmayılzadə, Vaqif Nəsib, Vaqif Səmədoğlu, Sabir Süleymanov, Ələkbər Salahzadə, Fərman Kərimzadə, Arif Abdullazadə, Çingiz Ələkbərzadə və b. “altmışıncılar” eyni yüksək səviyyədə yazmırdı, onların da yaradıcılığında bədii differensiallıq var idi, ancaq məsələ burasında idi ki, həmin yaradıcılıq bir küll halında yuxarıda göstərdiyim cəhətləri özündə əks etdirirdi. Yəqin elə buna görə də, “altmışıncılar” zaman baxımından get-gedə miqyas genişliyi əldə etdi: ədəbi tənqiddə tez-tez təsadüf etmək olar ki, 1950-ci illərdə yaradıcılığa başlamış Əli Kərim, yaxud Sabir Əhmədli də, 70-ci illərdə potensial imkanları üzə çıxmış Ramiz Rövşən, Mövlud Süleymanlı, Çingiz Əlioğlu, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Vaqif Bayatlı Önər, Seyran Səxavət, Dilsuz, Şahmar da “altmışıncılar”ın nümayəndələri hesab edilir. Hətta mən ara-sıra ayrı-ayrı məqalələrdə daha sonralar ədəbiyyata gəlmiş Kamal Abdulla, Afaq Məsud, Əli Əmirli, Vaqif Bəhmənli, Sadıq Elcanlı və b.-nın da adlarının “altmışıncılar” sırasında çəkilməsinə rast gəlirəm. Güman edirəm ki, indiki kontekstdə ədəbi tənqid və ədəbi ictimaiyyət tərəfindən zaman miqyasının bu cür “genişləndirilməsi” bədii keyfiyyətlə bağlıdır və “altmışıncılar”ın məhz bədii-estetik hadisə olduqlarının göstəricisidir; deməli Azərbaycan ədəbiyyatında “altmışıncılar” ənənəsi yaranmış və sabitləşmişdir.
İnsanları “mənfi” və “müsbət” deyə iki qütbə bölməmək, yalançı həyat “idilliyasını” heç vəchlə qəbul etməyib, həyatı bütün mürəkkəbliyi, qayğıları, problemləri ilə birlikdə ədəbiyyatın predmetinə çevirmək, müstəqimliyi, birbaşalığı əvəz edən psixoloji detalların, ştrixlərin, çalarların vasitəsilə deyilməyənin deyiləndən artıq olmasını əldə etmək, adidə qeyri-adiliyi görmək, ən sadə, “nəzərə çarpmayan” (!) insanı belə bədii-psixoloji analizin obyektinə çevirmək, siyasi mənada qaraya şirə, ağa ləkə qatmamaq, siyasi (və bədii!) konyukturaya uymamaq “altmışıncılar”ın ən yaxşı əsərləri ilə nail olduqları ümumi cəhətlər, əsas xüsusiyyətlər idi. Bu bədii-estetik prinsiplər, dediyim kimi, sosrealizmin mahiyyətinə yad idi, ancaq məhz həmin prinsiplər “altmışıncılar”ın özünüifadəsi üçün doğma şərait yaradırdı.
Həmin prinsiplər “altmışıncılar”ın yaradıcılığı sayəsində artıq Azərbaycan ədəbiyyatında istisna xarakteri daşımadı, əksinə, aparıcı qüvvəyə çevrildi və bu işdə tənqidimizin klassiki Yaşar Qarayev başda olmaqla “altmışıncılar”ın ədəbi tənqidi (Şamil Salmanov, Arif Hacıyev, Akif Hüseynov, Xeyrulla Məmmədov, Həsən Quliyev və b., bir az sonra yaradıcılığa başlamış Aydın Məmmədov, Vaqif Yusifli, Kamil Vəliyev, Vilayət Quliyev, Kamal Abdulla, İsa Həbibbəyli, Nizaməddin Şəmsizadə, Niyazi Mehdi, Nadir Cabbarov, İlham Rəhimli, Məryəm Əlizadə, Cahangir Məmmədov, Şirindil Alışanov, Rəhim Əliyev, Tofiq Hüseynov və b.) ciddi rol oynadı.
Eyni zamanda, “altmışıncılar”ın yaradıcılığı özlərindən əvvəlki nəsillərin bir sıra nüfuzlu nümayəndələrinin ədəbiyyata, sənətə baxışında da bir yenilik, təzəlik yaratdı və onların da mətbuatda “altmışıncılar”ın yaradıcılığı haqqında sanballı söz deyərək, bu yaradıcılığın yalnız ədəbi təsdiqində yox, həm də ictimai təsdiqində mühüm xidmətləri oldu.
Onların ruhuna minnətdarlıq hisslərimin ifadəsi olaraq, misalı özümdən gətirmək istəyirəm. Mənim ilk kitablarımdan tutmuş sosrealizm dövrünün sonlarına kimi çap olunan əsərlərim haqqında Məmməd Arif, Həmid Araslı, Mir Cəlal, Məmməd Cəfər Cəfərov, Mirzə İbrahimov, Əziz Mirəhmədov, Şəmsəddin Abbasov, Mirzəağa Quluzadə, Kamal Talıbzadə, Yəhya Məmmədov, Mehdi Məmmədov, Bəxtiyar Vahabzadə və başqa ağsaqqal ədiblərimiz, görkəmli qələm sahiblərimiz xüsusi məqalələr yazmışdı və əlbəttə, onların mətbuatda (sosrealizm dövründə bütün mətbuat, əslində, partiya mətbuatı idi) dedikləri söz mənim yaradıcılığımın ictimai təsdiqinə, bununla da nəşriyyatların, jurnalların, radio və televiziyanın, kinostudiyanın qapılarının mənim üzümə açılmasına təsir etdi, eyni zamanda, bizdən sonrakı nəsillərin istedadlı nümayəndələrinin kitablarının nəşrinə, ilk yazılarının çapına kömək edə bilməyim üçün imkan yaratdı (Mövlud Süleymanlının, Vaqif Bayatlı Önərin, Vaqif Yusiflinin, Kamil Vəliyevin, Kamal Abdullanın, Rəhim Əliyevin, Saday Budaqlının, Fəxri Uğurlunun, Rafiq Tağının, Adil Mirseyidin və b. Azərbaycan, yaxud rus dilində ilk kitablarının redaktəsi, ön sözlər, ilk mətbu yazılarının oxuculara təqdimatı və s.).
Ümumilikdə isə nüfuzlu yaşlı nəsl nümayəndələrinin bu cür obyektiv məqalələrin meydana çıxması “altmışıncılar”ın yaradıcılığının ədəbi prosesin aparıcı istiqamətinə çevrilməsində əhəmiyyətli hadisə oldu.
“Altmışıncılar”la bağlı bir cəhəti də qeyd etmək istəyirəm: bir az obrazlı şəkildə desəm, onlar gəmidə oturub, gəmiçi ilə dava etməyi bacardılar.
Sovet İttifaqında “Qlavlit” deyilən bədnam bir senzura var idi və məsələ burasında idi ki, bu senzura sovet dönəmində yazan yazıçıların böyük hissəsinin iç dünyasına daxil olmuşdu, kimisini ədəbiyyatdan küsdürmüşdü, kimisini vicdanının əleyhinə yazmağa məcbur etmişdi, kimisi də tam şəkildə bu daxili senzuraya təslim olmuşdu.
“Altmışıncılar”ın istedadı bu daxili senzura ilə bədii-estetik mübarizədə qalib gəldi, onlar həqiqəti yazdı və bu həqiqət yalnız ictimai məna kəsb etmirdi, bəlkə də daha artıq dərəcədə insani məna kəsb edirdi. Yuxarıda dediyim kimi, insanı bir-birinə zidd “mənfi” və “müsbət” qütblərdə təsvirdən qaçmaq, “mənfi”də “müsbət”i, “müsbət”də isə “mənfi”ni görə bilmək, yəni insanı mürəkkəb, ziddiyyətli bir varlıq kimi qəbul etmək, cəmiyyətdə tutduğu yerdən və mövqedən asılı olmayaraq, onun psixolojisinin dərinlərinə varmaq, dünənə qədər ədəbiyyatda yalnız gülüş hədəfi olan personajların prototiplərinə yeni nəzərlərlə baxaraq, onlarda tamam yeni insani keyfiyyətlər kəşf etmək – bütün bunlar əvvəlki dövr yazıçı və şairlərinin yaradıcılığında istisna xarakteri daşıyırdısa, məhz bu cəhətlər “altmışıncılar”ın ən istedadlı nümayəndələrinin yaradıcılığını səciyyələndirdi.
Dostları ilə paylaş: |