“Altmışıncılar” sosrealizmin əsas prinsiplərindən biri, hətta birincisi olan “formaca milli, məzmunca sosialist” anlayışını söz ilə yox, əsərləri ilə rədd etdi və “formaca da milli, məzmunca da milli” ədəbiyyat yaratdı. Əlamətdar cəhət isə bu oldu ki, belə bir forma və məzmun milliliyi milli məhdudluğa gətirib çıxarmadı, əksinə, “altmışıncılar”ın yaradıcılığı “bəşəriyə aparan yol millidən keçir” konsepsiyasının effektli bədii illüstrasiyasına çevrildi. Bu bədii-estetik (həm də dövrün kontekstində siyasi-ictimai!) hadisə, yəni “altmışıncılar”ın ədəbiyyata gəlməsi Azərbaycan ədəbiyyatında bir küll halında keyfiyyət dəyişikliyinə səbəb oldu və bunun da nəticəsində yeni oxucu zövqü formalaşmağa başladı. Əvvəlki dövrlərdə ədəbiyyatımızın uğurları (həmin uğurlar da, əlbəttə, öz-özlüyündə çox qiymətli idi) ayrı-ayrı əsərlərlə, ayrı-ayrı yazıçıların adlarıyla bağlı idisə, “altmışıncılar”ın uğurları və onların ədəbiyyatda gördükləri iş fərdlərlə yanaşı, ümuminin uğuru, ümuminin gördüyü iş idi.
Onlar sosrealizm çərçivələrində yazmaq məhkumluğunu qəbul etmədi və onların bədii əsərləri uğurundan, yaxud uğursuzluğundan asılı olmayraq, bu çərçivələrdən kənarda yarandı. Buna görə də “altmışıncılar”ın yazıları ilə daxili aləmləri arasında yaradıcılığın psixologiyası baxımından çox mühüm amil olan diskamfort yox idi.
“Altmışıncılar”ın aparıcı nümayəndələrinin intellektual potensialı onların istedadını tamamlayırdı və onlar ən yüksək partiya tribunalarında belə öz mövqelərini müdafiə etməyi bacardılar, həmin yüksək instansiyaları özləri ilə hesablaşmağa məcbur etdilər.
Yəqin burada o cəhət də mühüm rol oynadı ki, həmin aparıcı nümayəndələr çox az zamanda məşhurlaşdı və böyük oxucu dəstəyi qazandı. Onların əsərləri böyük tirajlarla çap olundu, onlar həm bədii əsərləri, həm də aktual nəzəri-estetik məqalələri ilə, Orta Asiyadan tutmuş Sibirəcən, Pribaltikadan tutmuş Qafqazacan müxtəlif ədəbi toplantılardakı effektli iştirakları və çıxışları ilə Ümumittifaq (söhbət 250 milyonluq bir auditoriyadan gedir!) ədəbi prosesində aktiv iştirak etdi. Onların imzası 1970-80-ci illərin, o vaxtın təbiri ilə desək, mərkəzi mətbuatında, yəni rus dilində milyon tirajlarla çap olunan “Literaturnaya qazeta”, “Yunost”, “Drujba narodov” “Voprosı literaturı”, “Literaturnoye obozreniye” və s. kimi nüfuzlu ədəbi orqanlarda yer aldı, nüfuz qazandı və bu, artıq yalnız “altmışıncılar”ın yox, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının ciddi uğuru idi. Həm də bütün bunlara sosrealizm konyukturası yox, istedad nail olmuşdu və sosrealizm, artıq neçənci dəfə dediyim kimi, bununla barışmaq məcburiyyətində qalmışdı.
Bir cəhəti də qeyd etmək istəyirəm.
Ədəbiyyat yarandığı gündən etibarən bu və ya digər formada ədəbi təsir də mövcud olub. “Altmışıncılar”ın mühüm xüsusiyyətlərindən biri onların mütaliə dairəsinin genişliyi idi, böyük rus ədəbiyyatı, klassik və müasir dünya ədəbiyyatı onlara milli ədəbiyyat qədər yaxın və hətta doğma idi. Ümumiyyətlə, deməliyəm ki, keçən əsrin 60-cı illərində Sovet İttifaqında kitab öz nüfuzunun, hörmətinin zirvəsində idi. Moskvada, yaxud Bakıda yalnız ərzaq dükanlarında deyil, kitab mağazalarında da böyük növbələr düzülürdü. Kitab oxumaq, ədəbi jurnalları mütaliə etmək az qala təşrifata çevrilmişdi.
Ancaq belə bir vaxtda da sosrealizmin eybəcər xüsusiyyətlərindən biri kitab ilə həyatı qarşı-qarşıya qoymaq idi. Sosrealizmin ən populyar çağırışlarından biri “Həyatı öyrənmək lazımdır!”- idi və bu şüar kontekstində həyat – zavodda, fabrikdə, neft, yaxud da maşınqayırma trestində, pambıq tarlasında, silos tədarükündə və s.-də istehsalat prosesi kimi nəzərdə tutuluru. “Altmışıncılar”ın bədii-intellektual təfəkküründə isə kitab ilə həyat arasında üzvi bir vəhdət var idi və kitab ilə həyat qəti surətdə bir-birinə “rəqib” deyildi. “Altmışıncılar” üçün kitabın qiyməti onun həyatiliyində idi və güman edirəm ki, belə bir vəhdət onların özünütəsdiqində əhəmiyyətli rol oynadı.
Mən yuxarıda dedim ki, “altmışıncılar” yeni oxucu zövqünü formalaşdırdı və bu, əslində, qarşılıqlı bir hadisə idi: həmin yeni oxucu zövqü də “altmışıncılar”ın yazılarını, hərgah belə demək olarsa, nəzarətdə saxlayırdı. Azərbaycanda gedən bu proses Ümumittifaq prosesinin bir hissəsi idi və nəzərə alsaq ki, bizim “altmışıncılar”ın əsərləri SSRİ miqyasında da rus dilində milyon tirajlarla çap və nəşr olunurdu, o zaman həmin “nəzarətdə” rusdilli oxucuların da effektli payı, təsiri var idi. Olsun ki, bu təsir təhtəlşüur xarakter daşıyırdı, ancaq hətta bugünün gözü ilə də o uzaq illərə baxarkən, o vaxt yazı masasının üstündəki ağ vərəqə qonan yaradıcılıq stimulundakı o təsiri şəxsən mən çox aşkar görürəm.
Nəhayət, bir məsələnin da üzərində dayanmaq istəyirəm: sosrealizm müddəalarına qarşı ədəbi müxaliflik “altmışıncılar” arasında məhrəm bir ünsiyyət yaratmışdı və bu ünsiyyət də onların özünütəsdiqlərində və yaradıcılıqlarında az rol oynamadı. Onlar bir-birini müdafiə etməyi bacardı və bir-birinin ilk oxucuları oldu. Həmin illərdə, misal üçün, mənim yazılarımın – makinadan yenicə çıxış qrankaların ilk oxucuları Yaşar Qarayev və Yusif Səmədoğlu, Anar və Əkrəm Əylisli olurdu və mən də onların hələ çap olunmamış yeni yazılarının ilk oxucularından biri idim. Bizim yazdıqlarımızın da, bir-birimizə söylədiyimiz təqdir və təkdirlərimizin də sosrealizmə heç bir dəxliyyatı yox idi.
Sosrealizm, dediyim kimi, “altmışıncılar”a dözməyə məhkum idi və dözdü.
lll
Beləliklə, biz sosrealizmin XX əsr Azərbaycan ədəbiyyatının inkişafına vurduğu zərərdən qətiyyən sərf-nəzər etməməli, həmin ədəbi zərərin nəticəsində itirdiklərimizi müəyyənləşdirməli və bu boşluqları doldurmağa çalışmalıyıq.
Eyni zamanda, sosrealizm dövründə Azərbaycan ədəbiyyatının inkişafı bu ədəbiyyatın tarixində çox mühüm və prinsipial bir mərhələ təşkil edir və biz bunu da görməli, tədqiq etməli, elmi-nəzəri təsnifatını verməli, əldə edilmiş bədii-estetik dəyərləri qiymətləndirməyi bacarmalıyıq.
Sosrealizm ziddiyyətləri və bu ziddiyyətlərə obyektiv elmi nəzər – mövqe belə olmalıdır.
14 – 21 avqust, 2010
http://525.az/view.php?lang=az&menu=7&id=23116
Dostları ilə paylaş: |