Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/24
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#676
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

ELÇİLƏR QAYITDI 
 
 
Qız ağacı, qoz ağacı, 
Hər yetən bır daş atar.  
 
Atalar sözü 

  
Bu məsəl  Şərəbanı xalanın dilindən düşməzdi; çünki halına yaxın, 
münasib idi. Güman etməyin ki, Şərəbanı xala öz cavanlığını, nişanlanmaq, 
ya  ərə getmək günlərini xatırladırdı. Yox! Söhbət onun yeganə    nəvəsi 
məktəbli qız Nəcibədən gedir. 
Bəli, indi bu saat Nəcibənin elə vaxtıdır ki, yer yerişinə, dağ duruşuna 
həsrət, minnət çəkir. 
Səhər saat səkkizdə  məktəb paltarı  əynində, ağ lent hörüklərində, 
qəhvəyi portfel əlində, "salam!" - deyib sinif qapısından girəndə, kim bilir 
neçə-neçələri onun tamaşasına durur. Qız da, oğlan da onun yar-yaraşığına 
küsənir. Bəziləri onun səliqəli geyinməyi bacardığı üçün qəşəng 
göründüyünü, bəziləri də əslində Nəcibənin gözəl olduğunu iddia edirdilər. 
Gözəl qız al da geysə yaraşır, şal da geysə yaraşır! 
  

139 
 
Nəcibə isə  həmişə sadə geyinməyə, adi görünməyə, diqqətlərdən uzaq 
olmağa çalışırdı. 
Nəcibənin nənəsi Şərəbanı xala müəllim institutunda xadimə idi. Övlad 
adından onun bir oğlu, bir də qız nəvəsi var idi. Oğlu iyirmi-iyirmi beş il idi 
ki, kənddə evlənmiş, külfət sahibi olmuşdu, qoyunçuluq fermasında 
çalışırdı. Anası ilə ildə bir dəfə görüşür, ya görüşmürdü. Qız nəvəsi isə 
Şərəbanı xalanın yanında idi; çünki onun anası ölənəcən Şərəbanı xaladan 
ayrılmadı. Bir yaşadılar, bir oldular. Əri onu atıb gedəndən sonra qızı sarılıq 
azarı tutdu. Altı ay xəstəxanada. yatdı, rəhmətə getdi; doqquz yaşlı Nəcibə 
isə Şərəbanı xalanın himayəsində böyüdü: 
"Bir yandan bağlayan fələk, o biri yandan açar!" - deyiblər. Həyətdə-
bacada "yetim!" çağırılan, anasından qalma köhnələri geyən, kasıblıq, 
ehtiyac ilə böyüyəndən sonra məktəb pansionunda yeyib-içən Nəcibənin işi 
lap əntiqə oldu. Bu qız, deyəsən, adi qayda ilə, başqaları kimi böyümürdü. 
Deyəsən, ona hayandansa hansı bir qüvvə isə, başqa uşaqların acığına 
xüsusi pərvəriş verirdi. Qız gündən-günə  tənək zoğu kimi boy atır, 
pardaqlanır, qızılgül kimi gülüb açılırdı. Camaat bir də gözünü açıb gördü 
ki, Şərəbanı xalanın "yetim nəvəsi" şəhərin handa bir barmaq ilə göstərilən 
görkəmli qızlarından olub. Məktəbə gedəndə, məktəbdən gələndə, 
nümayişdə, konsertdə görünəndə görürsən tamaşa kimi bir şey  əmələ 
gəlirdi. Adamlar ona ha baxır, bir-birindən ha soruşurdular: 
- Nə qiyamətdi, ə! 
- Bu ceyran balası hardan azıb? 
- Adı nədir? 
- Görəsən hansı bəxtəvərə meyl salacaq! 
Nəcibə bizim məhəllədə gözə  dəyən qızlardan biridir. Hələ  ərə 
getməyib. Bilinmir niyə getməyib, ya niyə getmir. Amma adam yoxdur 
onun sözünü danışmasın. Biri deyir istəyən çoxdur, ona görə getmir; yəni 
bilmir hansına getsin. Gün olmaz ki, qızın özünə, ya nənəsinə deyən 
olmasın ki: "Daha vaxtdır, bir halal süd əmmiş ilə tapışın a, Allah xeyir 
versin, sövdalaşın a!" 
Nə Şərəbanı xala, nə də Nəcibə istər ki, başqaları onların işinə qarışsın. 
Amma di gəl ki, yetən-ötən qarışır. Deyəsən, adamlarda da günah yoxdur, 
çünki dünyada elə  mətləblər var ki, özü-özünü qabağa verir, hamını 
danışmağa məcbur eləyir. 

140 
 
Nəcibənin də  məsələsi elə  məsələ olub. Oxumuş, yetişmiş, ağıllı-başlı 
bir zəmanə qızıdır. Qonşuda, məktəbdə, işdə də oğlanlar var. Lap münasib 
oğlanlar da var. Amma görürsən Nəcibə ərə getmir. İndi onun iyirmi üç yaşı 
var, amma ərə getmir. Deyim istəyən yoxdur, xeyr. Ay olmaz ki, Şərəbanı 
xalanın qoşa qapısını taqqıldadan olmasın. Ha güman eləyirsən ki, bəli, 
daha bu dəfə deyəsən xeyir iş baş tutur, toy yaxınlaşır. Görürsən külək əsdi, 
hava soyudu, nə o yandan, nə bu yandan səs-səda çıxdı. 
Xülasə, bizim məhəllədə  ən çox söz-söhbəti olan Nəcibədir.  Şərəbanı 
xaladır. 
Nəcibə  də bir ayrı cür Nəcibədir. Alagöz, ağbəniz, qırmızıyanaq, qara 
şəvə saç, ucaboy, şəkilli-şəmayilli, ceyran kimi bir qızdır. Bir görən deyir 
bir də görüm. Onunla kəlmə verib kəlmə almaq özü bir səadətdir. 
Neçə  dəfə böyük fotoqraflar gəlib ki, qızın  şəklini kinoya çəksinlər. 
Şərəbanı xala hamısını söyüb qovalayıb: "Mənim qızım tamaşaqabaqdı 
bəyəm teatrlarda aləmə görsədəsiniz? Bir də buralara dolanmayın, bizə pul-
zad lazım deyil, özünüzə qalsın!" 
Nəcibə onilliyi qurtarandan sonra ali məktəb sevdasına düşdü: tibb 
institutuna ərizə verdi, imtahana getdi. Ancaq tələb olunan dərs qiyməti yığa 
bilmədiyi üçün daxil ola bilmədi. 
Şərəbanı xala hərçənd aşkar demirdi, ancaq əslində  qızın instituta 
düşməyinə heç razı deyildi. Ona görə razı deyildi ki, Nəcibə daha uşaq deyil 
ki, məktəb paltarı ilə kifayətlənə idi. Ali məktəbdə onu əməlli-başlı 
geyindirmək, yar-yoldaş içində başı  aşağı olmasına yol verməmək üçün 
vəsait lazım idi. Bir dənə abırlı palto-filan qədər pul tutur. Xadiməlik maaşı, 
ya tələbə  təqaüdü ilə öhdəsindən gəlmək çətin olur. İkinci tərəfdən də 
Şərəbanı xala bilirdi ki, qız məktəbi qurtaran kimi rayonlara, lap uzaq 
yerlərə göndərəcəklər. Orda da birisilə tapışacaq... Şərəbanı xala oğlundan 
ayrı düşdüyü kimi, Nəcibədən də əli çıxacaq, qoca qarı vaxtında tək-tənha 
qalacaqdır. 
Qonşuluqda  Şərif adlı bir xalçaçı usta var idi. Savadlı  qızlardan xalça 
fabrikinə adam yığırdı. Şərəbanı xala Nəcibənin adını çəkəndə, Şərif razılıq 
verdi: 
- Göndər gəlsin, saat on ikidə idarədə olacağam! 
Nəcibənin xalça toxuyan olmağını  Şərəbanı xala yalnız maaşına görə 
istəmirdi. O bilirdi ki, bu sənət təmiz sənətdir. Böyüklər, oxu- 
  

141 
 
muşlar yanında hörmətli sənətdir, Bir də ki, qız uşağının əldən qabil olmağı 
lazımdır. Sabah nişanlısının köynəyinə bir naxış vurmağı dünyalara dəyər! 
Nəcibə beş ayın içində xalça fabrikində  sənət öyrəndi, ayda altı-yeddi 
yüz manat da evə pul gətirməyə başladı. Nənə-bala mehriban və sakit 
yaşamaqda idilər. Elçilər də öz qaydası ilə gedib-gəlməkdə idilər. Xalça 
fabrikinin böyük və yeni binasının elektrikləşməsinə rəhbərlik edən Nazim 
adlı bir cavan oğlan Nəcibəni tanıyandan sonra dalınca elçi salmışdı. Qız 
yoldaşları oğlanı Nəcibəyə təriflədikləri kimi, qızı da oğlana tərifləyirdilər. 
Yəni Nəcibənin tərifə ehtiyacı yox idi. Bunu Nazim yaxşı bilirdi. Hansı 
idarədənsə fabrikə ceyran şəkilli bir divar xalçası toxumaq sifarişi 
verilmişdi. Bu xalçanı  Nəcibə toxuyurdu. Özü də çox diqqətlə toxuyurdu. 
Nazim bu işin tamaşasına dayanıb xeyli baxdı: 
- Çox zəhmətli işdir, - dedi. 
Nəcibə şəklə işarə edib, cavab verdi: 
- Çalışıram gözəl çıxsın! 
- Gözəl çıxmağını istəyirsənsə, ceyranı at kənara, öz şəklini toxu, 
qurtarsın getsin! 
Nazimin bu sözünə  Nəcibə pul kimi qızardı, utandığından cavab 
vermədi, başını da yuxarı qaldırmadı. 
Bu hadisədən üç gün sonra Nazimin elçiləri qoşa qapının dəmir rəzəsini 
tərpətdilər.  
 

 
Şərəbanı xalanın evi şəhərin yuxarı tərəfındə, Mirzə Fətəli küçəsində idi. 
Bu, bir köhnə  həyət idi. Darvazası çoxdan laxlamış,  əyilmişdi. Həyətə 
gedən dalan yarımçıq qalmışdı. Küçədən ötənlər həyətin içini görürdülər. 
Ancaq sonralar qapı təmir olundu. Həyətin ortasına sement töküldü, balaca 
bir bağça salındı. Burada gül-çiçək  əkilir, ağac basdırılırdı. Yaşıllıqdan, 
gözəllikdən başqa bu bağça həyət uşaqlarına bir məşğuliyyət idi. Hərə orada 
yeni bir ağac basdırmaq, bəsləmək istəyirdi. Həmin həyətə,  Şərəbanı 
xalanın nəvəsinə çox elçilər gəlmişdi. Şərəbanı xala onların heç birini ümid 
ilə yola salmamışdı; çünki qızı vermək fıkrində deyildi. Əlbəttə ki, açıq-
açığına: "Vermirəm" demirdi. Qızın uşaq olmağını deyir, dərsini 
qurtarmamış  ərə getmək istəmədiyini, ya bir başqasına "dil verdiyini" 
bəhanə gətirərdi. 
  
 

142 
 
Ancaq bugünkü elçilərin işi ayrı cür idi, qarşılanmağı da ayrı cür idi. 
Qızın işarəsindən sonra Şərəbanı xala idarədən izn alıb, bütün günü evdə 
qaldı, başını daradı, paltarını  dəyişdi, aralığı  yığışdırdı, otaqları sahmana 
saldı, hazırlıq gördü. Qonşulara da xəbər verdi ki: "Adam gələcək!" 
Həyətdə səkiləri süpürən, xalça çırpan, toz tökən, samovar sürtən, cuna 
pərdələrə bağ salan, güldanları sulayan və kağızlayan, qapı  zəngini 
düzəldən, divan üstünə döşəkcə salan, süfrə açan kimi... Həyətin qız-gəlini 
hamısı Nəcibənin elçilərini qarşılamağa hazırlaşırdı. 
Nazim də Nəcibə kimi atasız-anasız böyümüş bir oğlan idi. Ancaq dayısı 
Mirzərəhman kitab mağazasında çalışırdı. Görüb-götürmüş, təcrübəli kişi 
idi. Bacısı  oğlunun xeyir işində çirmənib qabağa düşmüşdü.  İki nəfər öz 
yoldaşlarından çağırmışdı. Nazimin xatirini istəyən  İlyas müəllim də 
Mirzərəhmanın xahişini qəbul etmişdi. Bəli, aprelin axırlarında, mülayim 
yaz günlərindən birində, gün günorta yerindən ağzı  aşağı enəndə, elçilər 
qoşa qapının rəzəsini tərpətdilər. İçəridən bir qadın səsi gəldi: 
- Buyurun, buyurun! 
Mirzərəhman: "Bismillah" deyib, həyətə girdi, onun dalınca da 
yoldaşları daxil oldular. Mirzərəhman hələ evdən çıxmamış elçilik 
qaydalarından söhbət salıb məsləhətləşmişdi. O istəyirdi ki, məclisdə 
söhbəti İlyas müəllim açsın. İlyas müəllim boynuna almadı. 
      - Bu şəhər qayda-qanununu mən yaxşı bilmirəm. Bir də ki, oğlanın atası 
yerində Mirzərəhmanın danışmağı münasib olar. Elə söhbəti siz başlayın, 
biz də köməkləşərik, - dedi. 
Mirzərəhman elçilik işinin  şərəfıni də, məsuliyyətini də bilirdi. Zarafat 
deyil, iki canın birləşməyi, ailə qurmağı, məhəbbətin qələbəsi kimi bir işə 
bais olmaq bizim zəmanəmizdə hər bir insan üçün xeyir işdir. Burada gərək 
söz biləsən, fənd biləsən, mərifət,  ədəb-ərkan ilə danışmaq biləsən. Gərək 
elə olsun ki, müqabil tərəfdə oğlana rəğbət, hörmət oyansın... 
İlyas müəllim kimi kamil bir adamın bu işi öhdəsinə götürməməyi 
Mirzərəhmanın  əndişəsini daha da artırdı.  İndi o, ürəyində fikirləşir, plan 
tökür, söz öyrənirdi ki, məclisdə qabiliyyətli çıxsın. 
Mirzərəhman yol boyu yavaş addımlarla yeriyərək, fıkirləşirdi ki, 
mətləbi necə başlasın: "Söz yox, çatan kimi ev sahibi salam-kalam ilə bizim 
qabağımıza çıxacaq. Əyləşən kimi qənd-çay da gələcək. Qızın 
  
 
  

143 
 
adamlarından da gəlib stol başında əyləşəcəklər. Bəs sonra? Elə məsələ də 
buradan başlanacaq, sonra nə deyəsən, necə deyəsən?" 
- Necə  məsləhət bilirsiniz, istəyirəm elə  mətləbdən başlayam. Bu ağır 
vəzifəni ki, öhdəmə qoyursunuz, istəyirəm çayı içməmiş xahiş eləyəm: 
qızın hərisini almamış stəkana əl vurmayacağıq. Ev sahibindən iki cavanın 
birləşib, məqsədinə çatmağını xahiş eləməyə  gəlmişik. Necə deyərlər, bu 
qapıya təmənnaya gəlmişik, hamılıqca!.. 
İlyas müəllim bunu məsləhət bilmədi: 
- Yox - dedi, - Mirzərəhman, münasib düşməz, hər halda bir müqəddimə 
lazımdır. Kiçik də olsa, lazımdır. O yandan-bu yandan, havaların xoş 
keçməsindən-zaddan... 
Mirzərəhmanın qonşusu Əsəd də müəllimin sözünə qüvvət verdi: 
- İlyas müəllim düz deyir. Əvvəl başdan gərək bir söhbət salaq. Güman 
ki, oğlan barədə, Nazim barədə. Hərçənd tanıyırlar, qız onu tanımamış 
deyil, amma yenə beş-üç kəlmə söz açmaq pis olmaz. 
Kimdir, kimin oğludur, nə sənətin sahibidir, səriştəsi nəyədir, filan... 
Mirzərəhman şərik oldu: 
-  Əsəd, onu mən unutmamışam. Nazimə,  əlbət ki, necə lazımdır, 
xasiyyətnamə verəcəyəm. Düşünmüşəm. Amma istəyirəm söhbət açılandan 
sonra eləyəm, çünki damdandüşdü olmasın. 
- Damdandüşdü olmaz. Bilirlər ki, qız almağa gəlmişik və qızı da Nazim 
Əliyevə istəyirik. Bunu bilirlər, oğlan barədə də çox maraqlanacaqlar. 
İlyas müəllim də Əsədin sözünə tərəfdar idi: 
- Sual verəcəklər. Mümkündür ki, oğlanın lap tərcümeyi-halını da 
soruşacaqlar. 
- Soruşmağa da ixtiyarları var, çünki xalq qız böyüdüb, özü də tərifli bir 
qız! Xalq bilmək istəyəcək ki, görək qızı kimə veririk, necə veririk. 
Mirzərəhman sözün uzandığını görüb yekunlaşdırdı: 
- Qardaş, belə yerdə ehtiyat lazım deyil. Necə sorğu-suala tutsalar, 
cavabımız var. Şükür ki, oğlumuz qızlardan əskik adam deyil. 
Mərifətli, əsil-nəsəbi, zəmanəyə görə... Nə soruşsalar, cavabını verərik, 
müzayiqə yoxdur! 
Mirzərəhman doğrudan da qız evində rastlaşacağı sorğu-suala cavab 
hazırlamışdı. O, yəqin bilirdi ki, əvvəlcə  oğlanın ailəsini,  əsil-nəsibini 
soruşacaqlar. Qızın nənəsi köhnəpərəst adamdır. Yəqin deyəcək 
  

144 
 
görüm atası kim imiş, anası hardan imiş. Zatı, südü... Sonra ev-eşiyini, var-
dövlət babətindən halını soruşacaq, qohum-əqrəbasından, yerindən, 
yurdundan xəbər tutmaq istəyəcək. Bunların hamısına cavab vermək 
gərək... 
 

 
Bəli, elçilər həyət qapısında ehtiram ilə qarşılandılar. "Buyur-buyur!" ilə 
otaqlara üz qoydular. Şərəbanı xala özü bir-bir stul çəkib, onlan əyləşdirdi, 
xoş gəldin elədi. Qız evinin də yaxın adamlarından bir neçəsi gəlib əyləşdi. 
Bir dəqiqə çəkməmiş mis məcməyidə təraş stəkanlarda buğlanan rəngli çay 
verildi, doğranmış  kəllə  qənd qoyuldu, mürəbbə qabları ortalığa gəldi. 
Söhbət açıldı. Özü də elə açıldı ki, kimin ilk danışdığını seçmək heç 
mümkün olmadı. Mirzərəhman bir zaman onu gördü ki, Şərəbanı xala 
üzünü ona tərəf tutub deyir: 
- Allah sizinkiləri də saxlasın, indi bu zəmanədə cavanlar tez böyüyür, 
tez yetişir, tez də boya-başa çatırlar. Məsələn, mənim özümdən soruşsalar, 
deyərəm: o bir dənə indi həm oğuldur, həm  ərdir, həm qızdır. Məndən 
soruşsalar, deyərəm: onu dünən beşikdən qaldırmışam. Lap elə bil dünən 
idi. Handa ki, uşaq, maşallah, kim demiş, sizinkilərdən artıq olmasın, 
görürsən... 
Mirzərəhman qız tərəfin belə  fəal tərpəşməsini, qarının lap qabağa 
düşüb, mətləbdən danışmasını öz acizliyinə  dəlalət gətirdi, stulunu bir az 
qabağa çəkib, yerindən qalxdı, təzədən oturdu, oturanlara göz gəzdirib, 
sinəsini arıtdı, sözə başladı: 
- Şərəbanı xala çox yaxşı deyir ki, indiki cavanlar tez boya-başa çatırlar. 
Bəli, zəmanənin buna təsiri olmamış deyil. Hökumət uşaqları atadan-anadan 
da artıq əzizləyib oxudur, öyrədir, böyüdüb adam eləyir. Görürsən dünənki 
çolpa bu gün bir idarədə oturub iş aparır. 
Məsələn, bizim Nazim, vaxtında yetim bir uşaq idi, məktəb ona lap ata 
oldu. İki il deyil ali məktəbi qurtarıb... 
Şərəbanı xala qonağın sözünü kəsdi: 
- Siz buyurduğunuz oğlan, yəni Nazim ali dərsini qurtarıb? 
- Bəli, iki ildir ali dərsi qurtarıb. 
- Zaştası necə, varmı? 
- Var, səriştəsi var, çoxdan işləyir. 
- Yox, onu demirəm. 
  
 
  

145 
 
Mirzərəhman duruxdu: 
- Nəyi soruşdunuz, mültəfıt olmadım? 
Şərəbanı xala da stulunu irəli çəkib,  əlini ağzına apardı, ehmalca bir 
öskürdü və sonra soruşdu: 
- Onu soruşdum ki, a qadan alım, oğlanın zaştası necə, varmı? 
Mirzərəhmandan səs çıxmadı, yoldaşlarının üzünə baxdı. Şərəbanı xala 
izah etdi: 
- O ki deyirsiniz oxumuşdur, dərsini də qurtarıb, çox əcəb, zaştası necə, 
varmı? Qurtarıbmı? 
Mirzərəhman İlyas müəllimə, İlyas müəllim Əsədə baxdı. Şərəbanı xala 
suallı  nəzəri ilə elçiləri süzdü. Bir an məclisdə intizarlı sükut oldu. İlyas 
müəllim üzünü Mirzərəhmana tutub dedi: 
-  Şərəbanı xala soruşur ki, Nazim dissertasiya yazıb, zaşişat eləyibmi? 
Yəni... 
- Bəli, mən onu soruşuram ki, zaşitası varmı oğlanın? Nazimin? 
Mirzərəhman belə bir sual gözləmirdi və gözləməzdi də. 
- Yoxdur, xeyr, yoxdur! - dedi. 
Şərəbanı xala təəccüb elədi: 
- Bəs elə oxumuş, ali dərs qurtarmış oğlan nə əcəb zaştasızdır? 
Mirzərəhman üzr gətirdi: 
- Yəni qabil oğlandı, dalınca düşsə  əlbət ki, heç vaxt dissertasiya 
yazanlardan əskik deyil. Ancaq başı işə qarışıb, tikintidə çox əmək qoyur, 
vaxtı yoxdur. Elektrik aparatları düzəldir, yoxlayır, elmində, sənətində yaxşı 
qabildir. Ancaq dissertasiyası hələ ki, yoxdur! 
Şərəbanı xala bu cavabdan məmnun qalmadı, dübarə soruşdu: 
- Həftəreferatı necə, varmı? 
- Xeyr, yoxdur. 
- Oğlanın ki, siz deyirsiniz dərsi var, nə əcəb bəs dərsini başa vurmur? 
- Başa vurmağına vurub. Diplomu cibindədir. Amma dissertasiya 
yazmır. Mühəndislik eləyir. Özü də tikintidə elektrik işlərinə baxır. 
Təzə şəhərdə - Sumqayıtda onu yaxşı tanıyırlar. Yaxşı da hörməti var. 
Şərəbanı xala qonaqları  məyus eləməmək üçün başı ilə razılıq işarəsi 
verirdi: 
- Olsun, təki olsun. Ev tikən də lazımdır, elektrik işi də vacibdir. 
Hamısı bunlar xeyir işdir, olsun, niyə  də olmasın! Amma bizim 
institutda 
  

146 
 
dərs qurtaran zaşta dalınca gedir, zaşta eləyən çox olur. Mən görürəm çox 
da sevinirəm ki, bizim cavanların çoxu indi olub zaşta sahibi... 
Şərəbanı xalanın bu qədər dissertasiya sevdasına düşməyi təəccüblü 
görünməsin. O, müəllim institutundakı klubun hər səliqəsinə, təmizliyinə, 
qapı-pəncərəsinə,  şüşələrinə, kürsülərinə, stol üstünün örtüyünə, qrafininə, 
su stəkanınacan hamısına nəzarət edir. Şərəbanı xala həm səliqəli, həm də 
vəzifəsinə diqqətli olduğu üçün vaxt-bivaxt bu klubdan uzağa getmir. 
Klubda isə maraqlı, tamaşalı  işlər çox olur. Kino tamaşasından, iclasdan, 
mühazirədən, konsertdən başqa burada çoxlu "zaşta" olur. Bu "tamaşa" 
Şərəbanı xalanın çox xoşuna gəlir. Görürsən bir neçə  nəfər keçib oturdu 
kürsünün dalında. Qoltuğunda qalın kitab olan bir oğlan da çıxdı 
danışmağa. Oğlan oturandan sonra qoca müəllimlər həmin qalın kitabı 
varaqlayır, çıxır, başlayır həmin oğlanı  tərifləməyə. Biri tərifləyir, beşi 
tərifləyir...  İclasın axırında da həmin oğlanın  əlini sıxır, onu təbrik edir. 
Qızlar da dəstə-dəstə gül gətirib verirlər. Sonra da oğlan adamları  yığıb 
aparır qonaqlığa. Hələ o qəribədir ki, kassirin deməyinə görə, iclasın 
səhərisi günü danışan oğlanın mevacibi ikiqat artır. 
Nə isə, bu çox ürəkaçan tamaşa idi. 
Şərəbanı xala bu şadlıq mərasimini çox görmüşdü, ürəyində çox da 
arzulamışdı.  Əlbət ki, özü üçün, yaşı keçmiş  oğlu üçün yox, başqa yaxın 
adamlar üçün arzulamışdı. 
Bəlkə  Nəcibə üçün arzulamışdı? Yox! Şərəbanı xala Nəcibə kimi 
utancaq bir qızın bu işə qoşulmağına inanmırdı. Bilirdi ki, onun gücü 
çatmaz. Amma onun nişanlısı? Onu alan oğlan dissertasiya sahibi olsa, çox 
yaxşı olardı! Keçmişdə evlənən oğlandan mülk, mal, başlıq istərdilər. İndi 
heç olmasa bir dissertasiya istəməyə qızın, əlbət ki, haqqı var! Ağlı başında 
olan qız bunu istəməmiş olmaz; çünki dissertasiya indi çətin bir iş deyil. 
Görürsən, dalınca düşən düzəldir. 
Şərəbanı xalanın sözü bu yerdən başlaması Mirzərəhmanın planlarını 
alt-üst etmişdi. Onun hazırladığı xasiyyətnamə, demək olar ki, işə keçmədi; 
çünki oğlanın nə ata-anası, nə zatı-südü ilə, nə qohum-qardaşı ilə 
maraqlanan var; qız evini, yəni  Şərəbanı arvadı bircə  şey maraqlandırır: 
"dissertasiya", o da ki, Nazimdə yox! Bəs bu iş nə sayaq olacaq? Hərifə nə 
cavab vermək, nə  tədbir tökmək?.. Mirzərəhman neylim, necə eləyim 
hayında idi ki, İlyas müəllimin səsi eşidildi. O, üzünü qızın nənəsinə tutub 
dedi: 
  
 
  

147 
 
-  Şərəbanı xala, düzdür siz dissertasiya barəsində deyirsiniz
Mirzərəhman da utancaqlığa salıb dinmir. Amma Nazimi elə aciz bilməyin. 
Onun da başqa cavanlar kimi dissertasiyası var! 
Mirzərəhman  İlyas müəllimi başa düşmədi, sözün ardını gözlədi. 
Şərəbanı xala isə bu sözdən sevinmiş kimi cəld sual verdi: 
- Varıdırmı? 
- Bəli, onun da varıdır. Onun dissertasiyası heç başqalarınkından 
əskik deyil! 
- Zaştası da var? 
- Yox, müdafiəsi bu yaxınlarda olacaqdır. Mənim özüm də, hərçənd 
elektrikdən başım çıxmaz, amma iştirak edəcəyəm! 
- Olacaqmı? 
- Bəli, lap bu yaxınlarda olacaq. 
- Təki olsun, təki olsun, çünki zaşta hər barədən yaxşı işdir!.. 
 
                                                   4 
 
 
Şərəbanı xala elçilərə qəti cavab verməsə də, rədd cavabı da vermədi: 
- Sağlıq olsun, Nazim zaştasını qurtarar, nə deyirəm. Bir qız bir 
oğlanındır. O məqamda biz tərəfdən bir maneçilik olmaz. Qızın özünün də 
ağzını araşdırarıq, nə eybi var, sağlıq olsun, bir qız bir oğlanındır... 
Elçilər durmağa məcbur oldular. Məsələ açıq qalsa da, durdular. 
Qapıdan çıxanda, Mirzərəhman İlyas müəllimi danladı: 
- Ay rəhmətlik oğlu, işin içində olan mən, sən hardan götürüb deyirsən 
oğlanın dissertasiyası var? Nazim heç yatsa yuxusuna da dissertasiya 
gəlməz. Aldatmaq, yalan nə üçün? 
İlyas müəllim onu sakit elədi: 
- Mirzərəhman, heç narahat olma! Bir həftəyəcən Nazim müdafiə eləsin, 
sən də tamaşa elə! 
- Axı nəyi müdafiə eləyəcək? 
- Görərsən nəyi! Sən bu işi mənə həvalə elə! 
- A kişi, sən Şərəbanı xala kimi əjdahanı aldadacaqsan? 
- Aldatmaq-zad yox! Lap onun gözünün qabağında Nazim müdafiə 
eləsin, qoy o da tamaşa eləsin! 
- Mən başa düşmürəm... 

148 
 
- Başa düşməli bir şey yoxdur. Sən bir günlüyə, bir axşam institutun 
klubunu bizim üçün, Mühəndis Cəmiyyətinin iclası üçün al! 
- O asan şeydir! 
- Qalan hər şey mənim boynuma! 
İlyas müəllim dediyinin üstündə duran adam idi. Elçilikdən belə 
qayıtmağın Nazimi məyus edəcəyini, ləngiməyin işi korlaya biləcəyini 
düşünüb, həmin gecə Nazimi yanına çağırdı. 
- Oğlum, - dedi, doğrudur, sənin dissertasiyan yoxdur, amma nə biliyin, 
nə işin ondan əskikdir. Şərəbanı xala da avam qadındır. 
"Zaşta" - deyib durur. Onu da yaxşı bilirsən ki, nə üçün deyir. İxtiraçılar 
bürosuna verdiyin o layihələrin ikisini də  mən oxumuşam. Hər biri bir 
dissertasiyadan artıqdır. Büronun qərarı var ki, onlar şuranın yaxın iclasında 
müzakirəyə qoyulsun. Sən hazırlaş, çertyojları da sahmana sal, gətir! 
Nazim iki il idi trestdə elektrik mühəndisi idi. Əmək prosesini 
mexanikləşdirmək yolunda gördüyü tədbirlərə görə iki dəfə mükafat 
almışdı. İndi isə kərpickəsən maşının məhsuldarlıq sürətini artırmaq, suvaq 
işini elektrik aparatı ilə keçirmək üçün yeni layihələr təqdim etmişdi. Bu 
layihələrin hər ikisinin təsdiqi və  tətbiqi tikinti işini sürətləndirməkdən 
başqa ayda yüz manat qənaət verirdi. 
Nazimin layihələrini doğrudan da İlyas müəllim deyən yerdə, dis-
sertasiyalar müdafiə olunan zalda, müəllimlər institutunun zalında müzakirə 
etdilər. Yenə böyük müəllimlər keçib stol dalında oturdu. Nazim çıxıb 
fikirlərini dedi, kərpickəsən maşının modelini, cədvəlini də gətirib göstərdi. 
Kürsüyə  çıxıb danışan mühəndislərin, professorların hamısı bu təklifin 
çox ağıllı, faydalı olduğunu dedilər və müəllifi təbrik etdilər. Tikinti 
trestinin rəisi, Nazimin üç min manat pul ilə mükafatlanmağı haqqında əmr 
oxudu. Adamlar bir-bir əlini sıxıb təbrik edəndə, Nazim bərk, isti və balaca 
bir  əlin  əlinə toxunduğunu hiss etdi. Diqqətlə baxanda, balaca boylu 
Şərəbanı xalanı gördü. Qadın onun əlini bərk-bərk sıxdı, lakin əl çəkmədi. 
Üzünə baxa-baxa dedi: 
- Oğul, bəri dön, üzündən öpüm! Halal olsun sənə, oğul, Nazim! 
Halal olsun sizə! 
Kənardan baxanlar güman edirdi ki, xadimə qadın "Halal olsun" deyə 
Nazimin mükafatına işarə edir. Əslində isə  Şərəbanı xala Nazimə  mənalı 
baxır, xəyalında Nəcibəni tutur, ürəkdən deyirdi: 
  

149 
 
- Halal olsun! 
Buna görə  də  əvvəl "sənə" dedi, sonra Nazimi qucaqlayıb öpəndə, hər 
iki cavanı, onların xoşbəxt həyatını nəzərinə gətirib: 
- Halal olsun sizə! - dedi. 
Bunu lap ürəkdən dedi. 
Mirzərəhman da,'İlyas müəllim də,  Əsəd də bu mənzərəyə baxıb 
gülüşdülər. Nazim utandığından tez aradan çıxdı. 
 
1956 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin