3
Trestdən gələnlər olmasa, Ağca bəlkə də, kiriməzdi. Üç nəfər abırlı-
təmkinli kişi qapının rəzəsini tərpətdi, salam verib içəri girəndə, Nadir qaçıb
anasına xəbər elədi. Ağca dərhal gözünün yaşını silib eyvana çıxdı. Gələnlər
Baxışın dostları idilər. Biri yoldaş Cuvarlı, biri də usta Mixaylov idi.
Üçüncüsünü Ağca tanıya bilmədi. Cuvarlı hal-əhval soruşandan sonra
bənnanın şəklini əlinə alıb xeyli baxdı.
- Ağca xanım, - dedi, fotoqraf gələcək, bu şəklin üzünü çıxardacaq,
böyütmək istəyirik. Baxın, bəlkə ayrı şəkli məsləhət bilirsiniz.
Deyərsiniz çəkər, neçə nüsxə lazımdır.
Trestin köhnə ustası Mixaylov da əlindəki bağlamanı kənara qoyub
əyləşdi. Ağcanın kefini, Nadirin dərsini soruşdu.
Qonaqlar çox oturmadılar, bir stəkan çay içdilər. Nəsə himləşdilər,
həyət-bacanı gəzdilər, baxdılar. Mixaylov bayaqkı qəzet bağlamasını əlinə
aldı, Ağcaya üz tutdu:
- Qızım, - dedi, - sən heç demə ki, Baxış yoxdu. Nə qədər biz varıq,
Baxış da var. Onun kimi sədaqətli yoldaş, handa bir usta heç vaxt yaddan
çıxmaz. Keçən ay tələbələrə yataqxana tikirdik, binanı on beş gün tez
verdik. Təhvilə nazir də gəlmişdi. Müzakirə oldu, bəyəndilər. Briqadaya iki
aylıq mükafat yazdılar. Rəisimiz elan eləyəndə, ustasından fəhləsinə qədər
hamı bir ağızdan dedi:
- Bu mükafat Baxış Baxışovun ailəsinindir. O kişi canını tikintidə
qoyub, indi budur, onun pulunu, neçə mindi, gətirmişəm, qol çəkib götürün!
Mixaylov danışa-danışa bir dəstə yüzlüyü güzgünün qabağına qoydu,
üstünü qəzet ilə örtdü. O, sözünü qurtarmamış cavan, ucaboy oğlan - trestin
həmkarlar komitəsinin təzə sədri sözə başladı:
- Ağca bacı, rəhmətliyin işini eşidən gündən partkomda da, trestkomda
da söhbət olub, Nadirə məktəbi qurtarana qədər təqaüd kəsilir, danışmışıq.
Sizə də...
Bu yerdə trestkom sədrinin dili gəlmədi. Ağcanın cavanlığına görə
təqaüdə düşməməsini demək istəyirdi ki, dili gəlmədi. "Nə lazım, bəlkə heç
soruşmayacaq, soruşsa, deyərəm..." - deyə düşündü. Sonra tez əlavə etdi:
- İndi, odur, iki nömrəli bağça uzaq olsa, o birinə keçirə bilərik.
Mürəbbiyə yeri var. Məsləhətinizə baxın, ürəyiniz istəsə, ora keçə
bilərsiniz, baxın.
162
Ağca razılığını bildirdi, Nadiri Cuvarlı yoldaşa tapşırdı:
- Gözünüz üstündə olsun, bir sənət öyrənsin.
Cüvarlı ananı arxayın etdi ki, Nadiri trestə gətirəcək, həm işləməyinə,
həm də oxumağına göz qoyacaq.
Ağca güman etməzdi ki, ən ağır dəqiqələrində qüvvətli, qüdrətli insan
əlləri onun qollarından tutub qaldıracaq, dizinə taqət, qaralan gözlərinə işıq
verəcək. Səhərdən axşama başları qarışıq olan, böyük planlar tökən, binalar
tikən, Moskvada belə yüz idarə ilə bağlı olan, neçə yüz fəhlənin işinə əncam
çəkən bir trestdə Baxış Baxışovun -sıradan çıxmış bir kişinin adını bu qədər
əziz tutarlar.
Bayram olmazdı Baxışın evinə dəvətnamələr gəlməsin, albom olmazdı
şəkli vurulmasın, qəzet olmazdı adı çəkilməsin, xeyir iş olmazdı. Ağca
başda olmasın, təzə il olmazdı Nadirin payı göndərilməsin, səyahət olmazdı
uşağı aparmasınlar.
Trest qadınları Ağcasız bir qonaqlıq keçirməz, bir tamaşaya getməzdilər.
Evlər təmir olunanda, işıq, su, qaz, sobalar yoxlananda, ilk dəfə Ağcanın
evinə usta gələrdi. İstirahət evinə putyovka paylananda, Ağca siyahıdan
düşməzdi...
Ağca bütün bunları yaxşı başa düşürdü, görürdü ki, Baxış yalnız
ailəsində deyil, iş məqamında yoldaşlar içərisində də sədaqəti və ləyaqətilə
məşhurdur. Görürdü ki, isti bir qayğı onu həmişə, hər tərəfdən əhatə edir,
qol-qanadından tutaraq həyatın sürətli axnında aparır, dəstədən, mühitdən
ayrılmağa qoymur. Bu həyatın özü də belə bir gedişə müsaid və münasibdir.
Özünün bağçada işə, oğlunun məktəbdə dərsə aludəliklə vaxt keçirdiyini,
gündən-günə qüvvətlənən sürətli gələcək meylini aşkar görürdü.
4
Bu evdə qəribə bir aləm vardı. İşıqlı pəncərənin qabağında zər haşiyəli
çərçivədə qıvrımsaç, güləş, sağlam, sinəsi açıq bir bənnanın şəkli
dayanmışdı. Yox, bu şəkil deyildi. Elə də şəkil olarmı? Güclü bir igid
dayanmışdı. Sanki Baxış öz otağına göz qoyub hər şeyə baxır, sevgilisinin
də, oğlunun da duruşuna, oturuşuna, dinib-danışmağına diqqət yetirirdi.
Deyəsən bu saat stol üstündə hoppanıb boğazlı çəkmələrini geyəcək,
döşəmədə gəzinəcək, Ağcanı da, Nadiri də danlayıb deyəcək ki, niyə
geyinib konsertə getmirsiniz, mən buradayam, niyə darıxırsınız? İşinizdə
olun!
163
164
Sanki bu igidin ayıq və iti baxışları gənc ailədə hər şeyi birləşdirirdi.
İşləyən də, oxuyan da hər an başda əyləşənin nəzərində idi. Uzun illər eyni
marağını, diqqətini saxlayan qıvrımsaç oğlan sanki evdəkilərdən də bunu
tələb edirdi. Sanki sakit, səssiz, davamlı, mənalı, mehriban nəzərilə deyirdi:
"Mən buradayam, niyə darıxırsınız? İşinizdə olun!"
Qıvrımsaç oğlanın nəzərindəki bu məna uşağa da, böyüyə də eyni dərəcə
aydın və mühüm idi. Onlar hər səhər öpüşüb ayrılanda, hər axşam öpüşüb
görüşəndə, Baxışdan bu sözləri təkrar-təkrar eşidirdilər: "Mən buradayam!
Siz işinizdə olun!"
Lakin bunlar təkrar deyildi. Hər gün başqa bir məna, başqa riqqət, başqa
bir hərarətlə səslənirdi. Bunlar ana-balanın öpüşlərindəki hərarət və təravət
qədər təzə və şirin idi, həmin öpüşlər qədər onları birləşdirirdi.
Birləşdirirdi deyirik. Qıvrımsaç oğlanın nəzərlərində birləşdirən qədər
ayıran bir qüvvə də var idi. Ağca da, Nadir də hər dəfə yuxarı başa nəzər
salanda, bu ayrılığı duymamış deyildilər. Ana oğlunu, oğul isə anasını
düşünürdü.
Oğul öz anasını Baxışın sağlığındakı qədər şən və qayğısız, ana da
balasını atalı vaxtındakı qədər bəxtiyar görmək istəyirdi. Hər ikisinin ciddi-
cəhdi bu idi.
Görərdin, anası uşağının kəsəmət pulunu yığıb ona maqnitofon almaq
istəyir. Uşaq isə həmin puldan gizlincə götürüb anasının sumkasına qoyur,
ona yeni palto pulu düzəldir. Xərcləməyə gələndə, bəzi ailələrdəki ixtilaf
burada da olurdu. Ancaq burada məzmun ayrı idi: oğul anasını, ana da
oğlunu vacib sayırdı.
- Atamın yoxluğunu dost-düşmən bilməsin. Yaxşı geyin, ana!
- Tay-tuşdan geri qalma, bilməsinlər ki, qabaqda atan yoxdur! Hələ ki,
mən varam, oğul!
Nadir "Şərəf lövhəsinin" yanından keçəndə, atasının şəklini orada
görmədi. Ağır bir kədər ilə bunu anasına dedi. Ağca, Mixaylova bildirdi.
Mixaylov dedi:
-Sabah axşam Nadiri də götürün, trestə gəlin! Dəvətnamə
göndərəcəklər! Hələ-həlbət!
Ağca kişisinin şəklini klubda adlı-sanlı işçilər cərgəsində görəndə,
razılığını bildirdi. Cuvarlı dedi:
165
- Ağca xanım, Baxışın şəklindən nigaran olma. Mən gözləyirəm
ki, bu gün-sabah Nadirin özünü məşhurlaşdıraq. Nadir FZU-ya gedir.
İndi cavanlar oradan boy atırlar!
Bayram axşamı raykomdan da gələnlər var idi.
Klub ağzınacan dolu idi. Cuvarlı məruzə eləyirdi. Trestin keçmişindən,
gələcək planlarından, qabaqcıl ustalarından deyirdi...
Ağca 5-ci sırada, oğlunun yanında oturmuşdu, daha doğrusu Nadir onun
yanına gəlmişdi.
- Ana, mən həmişə sənnən oturacağam!
Bu sevincli axşamda, bütün işçilərin tökülüb gəldiyi məclisdə ana-
balanın yanaşı oturub şirin söhbət eləməyi də mənalı idi. Bugünkü işlər
barəsindəki məruzədə Baxışın adı çəkilməyəcəyini bir növ hiss etdirməmək
üçün Nadir anasnıı məşğul etmək, danışdırmaq istəyirdi. Ağca isə onun
qolunu tutub deyirdi:
- Qulaq as! Dayan!
Görünür bu incə mətləb məruzəçinin, Cuvarlı yoldaşın da nəzərində idi.
Söhbəti hərlədi, fırladı, o yerə gətirdi:
- Biz gərək trestimizin, otuz ildən bəri inşaat ilə məşğul olan, şəhər tikən
nəhəng idarəmizin tarixini yazaq. Qorki özü deyib, belə tarix vacibdir,
yoldaşlar! İnqilabımızın hər bayramını eləyəndə, baxıb görürsən ki, belə
tarix çox vacibdir. Bunsuz bizi yaxşı tanıyan olmaz. Odur, gündə bizə xarici
qonaqlar gəlir, Hələ daxili demirəm. Hər gələn də dəftərini açıb səliqə ilə
yazmaq istəyir: haçandan, kimdən, nədən nə cürə!.. Yaxşı, necə ola bilər ki,
mən bu şəhərin inşaat tarixindən deyəm, Baxış Baxışov kimi şərəfli bir
ustanın işini unudanı, üsulunu deməyəm, şəklini göstərməyəm...
Bu yerdə bütün zaldakılar əl çaldılar. Çoxları da dönüb beşinci sıraya,
yanaşı əyləşən ana-balaya baxdılar. Baxdılar, daha da bərkdən əl çaldılar.
Çoxunun sevincdən gözü yaşardı. Adamlar yalnız Baxışın əziz xatirəsinə
yox, həm də gül kimi balalar bəsləyən ananın vətəndaş ləyaqətinə əl
çaldılar.
Ağca həyəcandan qızarmış, başını aşağı salmışdı, oğlunun əlini sıxırdı.
Nadir də ətrafına baxıb başını tərpədir, razılıq işarəsi verirdi.
Cuvarlı danışdıqca, bu səliqəli şəhərin bütün çətin tarixi, xoş mənzərəsi,
sabahkı dövranı Ağcanın nəzərindən keçirdi.
Cuvarlı yoldaşın sözü sözdür. Görərsən, iki gün çəkməyəcək ki, əli
qələmlilər gələcək, binalara baxacaq, dəftərləri açacaq, adamları
166
dindirəcək, şərəf lövhələrini yoxlayacaq, tarix yazacaqlar. Bu sıralanmış uca
ağ evlərin çoxunda Baxışov Baxışın adını görəcək, yazacaqlar. Lap təzə
binalara baxanda da Baxışı yad edəcəklər:
- Bu da Baxışovun işidir. Ancaq ata Baxışov ayrı, oğul ayrı.
- Hansı yaxşı tikib?
- Atanın ata yeri var, oğulun oğul!
- İkisi də bir əsrin oğlu, bir nəsil deyilmi?
- Bəli, tikənlər, quranlar nəsli!
- Bizim nəsil!
1958
XARİCİ NAXOŞLUQ
Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu
sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan
söhbət gedir...
Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan
sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram.
Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini
izləmək nəticəsini vərəqlərə köçürmək, ən güclü bir arzu kimi heç vaxt
məni tərk etmir.
Növbətçilik saatlarında yalnız ixtiyarında olan xəstələrlə məşğul
olmursan. Bir də görürsən, xəstəxananın darvazası taybatay açıldı. Budur,
"Volqa", "Pobeda" ya "Moskviç" maşınında, ya da lap yük maşınında "ah-
ufla təzə xəstələr gətirdilər. Düzdür, bizim xəstəxana şəhərin ucqar
yerindədir. Çarpayısı da azdır. Hər saat oraya xəstə daşımağa icazə
vermirlər. Amma gələni geri qaytarmaq da olmur. Biri qəfıldən sancılanıb,
birini maşın basıb, birini araq yıxıb, bir başqasını bıçaqlayıblar. Ya it
qapıb... Nə başınızı ağrıdım, böyük şəhərdir, bədbəxt hadisələr olur. Daha
belə yerdə nə həkim, nə şəfqət bacısı qapını bağlayıb xəstəni rədd edə bilər.
Nəsihət oxumağa, şəhər sovetinin qərarlarından maddə gətirməyə dəyməz.
Qanun da buna yol vermir. Adamın vicdanı da qəbul eləmir ki, deyəsən:
"Yoldaş, yerimiz yoxdur, qayıdın gedin!"
Bu axşam gətirilən xəstə dediklərimin heç birinə oxşamırdı. Nə it
qapmaq, nə sərxoşluq, nə bıçaqlanmaq söhbəti var idi. Əksinə, çox
167
sakit, çox mülayim, özündən də zarımaq, zıqqıldamaq deyilən şey
eşidilmirdi! Qəbul otağında divanda uzanan xəstəyə yaxınlaşanda şoferdən
soruşdum:
- Nəyidir xəstənin?
- Bilmirəm, doktor.
Şəfqət bacısına müraciət etdim:
- Buna nə olub?
- Bilən yoxdur.
- Bəlkə heç xəstə deyil, götürüb gətirmisiniz.
- Doktor, necə xəstə deyil, küçənin ortasında asfalta yıxılıb qalmışdı.
Camaat başına yığılmışdı.
Mən xəstəyə yaxınlaşdım. Doğrudan da bənizi qaçmış, rəngi solmuş,
taqətdən düşmüş gənc, nazik bir qızın sifətini gördüm. Qara qaşlar altında
xeyli dərinə çökmüş iri gözlər olmasa meyit güman edərdim. Sapsarı idi.
Lap ipliyi üzülmüşdü. Nə bir söz, nə hərəkət? Ancaq iri gözlərini ağır-ağır o
yan-bu yana çevirərək gəlib-gedəni süzürdü.
- Qızım, sənə nə olub?
Mən xəstənin nəbzini yoxlamaq üçün çöp kimi nazik biləyindən tutdum.
Nəbzi zəif vururdu:
- Sənin nəyindir, qız?
Xəstə başını çətinliklə mənə tərəf çevirib ağır-ağır dedi:
-Burada kino varmı?
- Nə kino?
- Televizorunuz varmı?
- Sən xəstəsən, ya əyləncə axtarırsan, qız?
- Axtarmıram, prosto soruşuram. Mən sualımı bir də təkrar etdim:
- Nəyindir, haran ağrıyır?
- Özüm də bilmirəm.
- Haçandan beləsən?
- Bu gün bulvar yanında yıxılmışam.
- Yaralanmamısan?
- Yaram yoxdur.
- Bəlkə dəyib, toxunan olub?
- Olmayıb! Özüm gedəndə sərələndim.
168
Mən xəstəni dərhal palataya, rahat bir yerə köçürdüm. İlk tibbi yardım
üçün nə lazımsa əmr verdim, hazırladılar.
Çox çəkmədi, xəstənin anası da gəlib çıxdı. Minnətdarlıq, razılıq
edəndən sonra xüsusi bir sözü olan adam kimi mənə yanaşdı, pıçıltı ilə dedi:
- Doktor, Ofelyanı nə qədər istəyirsiniz burada saxlayın, sağaltmamış
buraxmayın, qadanızı alım!
Xəstə sahibinin "damdandüşdü" xahişi mənə təəccüblü göründü.
Təəccüblü göründü ona görə ki, belə xahişlər bizdə az olur. Əksinə, analar,
atalar xəstələrini müalicə etdirən kimi tez çıxarıb aparmağa, xəstəxana
rejimindən qurtarmağa tələsirlər. Mən anadan soruşdum:
- Ofelya çoxdanmı naxoşdur?
- Çoxdan.
- Haçandan?
- Olar bir neçə ay.
Təəccüb elədim. Belə zəif bir bədənin uzun müddət naxoşluğa davam
gətirməyi, həkimə, müalicəyə xəstəxanaya müraciət etməməyi qəribə idi.
- Ay xala, bu zəif qızı vaxtında nə üçün müalicəyə gətirməmisiniz. Hətta
onun bizdə kartoçkası da yoxdur. Belə başısoyuqluq olar?
Ana başını tovladı, üzümə baxdı, ürəyinin dərdini açan adamlar kimi
səmimi danışdı:
-Ay doktor, indiki cavanlar bəyəm sözə baxır, bəyəm nəsihət
eşidir, bəyəm dərdini deyir? Kinodan, konsertdən macal tapır ki,
müalicəyə gəlsin, özünüz yaxşı bilirsiniz ki, hamısı incəlmək istəyir!
İndi başa düşdüm ki, ana nə üçün Ofelyanın buraya düşməyinə sevinir.
Evdə, sərbəstlikdə heç bir müalicə tədbirinə boyun əyməyən övladın
xəstəxana rejiminə tabe olması ana üçün doğrudan da təsəllidir. Məlumdur
ki, hər bir xəstəni və xəstəliyi bacarıqla müalicə üçün birinci şərt diaqnoz,
yaxud Sabirin dili ilə desək "dərdi təşxis" etmək, yəni dürüst müəyyən
eləməkdir, doğrudur, qocalarda, uzun müddət naxoş olub müalicəyə
getməyən, bədənini əldən salan, bir neçə azarı çarpazlaşan adamlarda təşxis
çətin, mürəkkəb olur. Ancaq müasir təbabət texnikanın, kimyanın köməyi
ilə ən pis xəstəlikləri açır, izah edir. Qorxulu, qaranlıq bir şey qalmır.
Rentgen şüalarını nüfuz eləmədiyi damar hanı? Xüsusən Ofelya kimi cavan,
on səkkiz yaşında bir qızın xəstəliyini təşxis etmək nə mürəkkəb üsul, nə də
elə bir axtarış
169
tələb edir. Təzə boy atan ting kimi gənc, yarımşəffaf bədəninin bütün
imkanları, nöqsanları da göz qabağında olur.
Ofelyanın müayinəsi və təhlilləri qızın zəifliyindən, qüvvətdən
düşməyindən başqa heç bir xəstəlik əlaməti göstərmədi. Cavan bədən,
imkanları tələbincə, vaxtında qidalanmayıb zəiflikdən üzülüb gedib, ayaq
üstə dayanmağa tab gətirməyib...
Mən qızın anasını danladım:
- Şükür, sizin məişətiniz, güzəranınız yaxşıdır, məktəbli bir qızın yeyib-
içməyinə niyə fıkir verməmisiniz, niyə bədənini üzmüsünüz, xala?
Ana dəfələrlə verilən sualdan təngə gəlmiş kimi əllərini dizinə çırpdı:
- Ay doktor, başına dönüm, qurbanın olum, əgər sən Ofelyaya gündə
ikicə dəfə xörək yedirdə bilsən, sənə ömrüm boyu minnətdar olaram!
Yemir, yemir a qadan alım!
- Necə yəni?
- Yemir, əzizim!
- Necə yemir, onun otuz iki dişi cağbacağ yerində, həzm aparatında da
bir azar-bezar yox, mədə şirəsi də normada. Niyə yeməsin?!
- Doktor, ona baxma, yemir, öldür yemir!
- Dadlı-duzlu xörəklərdən yeyər!
- Dünyada hər lezzətli xörək - cücə əti, evdə bişən yağlı kökə, dolma,
plov, qovurma və s. nə desin qabağına qoyuruq, geri itələyir, ayağa qalxır
ki, yemirəm, kökələrəm.
Məni gülmək tutdu. Hörümçək kimi bir bədən sahibinin kökəlməkdən
qorxması gülməli deyilmi?
- Nəyi kökələcək, onun bütün vücudunda beş kilo ət yoxdur.
- Qorxur, yemir! Onunku jurnaldır, kinodur.
- Mən onu yedirdim, sən tamaşa elə!
Doğrudur, mən döşümə döyə-döyə qadını arxayın elədim. O da
xəstəxana yeməkləri ilə kifayətlənmədi. Səhər-axşam cürbəcür xörəklər
bişirib yaraşıqlı boşqablarda qızının yanına daşımaqda davam etdi. Ancaq
sonra gördüm ki, Ofelyaya xörək yedirtmək o qədər də asan iş deyilmiş.
- Ay qız, bədənini üzməkdən məqsədin nədir?
- Siz nə deyirsiniz, doktor, məni eybəcər, bədbəxt elemək fıkrindəsiniz?
170
- Bu nə sözdür, qızım, bəyəm xörək yeyənlər eybəcər olur?
- Bəs nə? Görmürsünüz necə ləndəhor qadınlar var bizdə, Yevropada
hamı nazik, incədir. Adama fıqura lazımdır, fiqura!
- Nə görmüsünüz Yevropada, Yevropada olmusunuz?
- Mən "Ekrana" abunəyəm.
- "Ekran" artistlərin jurnalıdır, siz də artist olmaq arzusundasınız?
- Xeyr, artist yox, artistka!
- Artistkanın da bədəni gərək qüvvətli olsun.
- Mən qüvvət yox, fiqura istəyirəm.
- İncə olmaq istəyirsiniz?
- Bəli, mən incə olmasam özümü öldürərəm.
Mən qızın zəif vücuduna işarə etdim.
- Bundan da incə?
- İstəyirəm incə olum. Doktor, siz mənə bu xörəklərdənsə elə dərman
verin, bədənim hörümçək kimi olsun, özüm də quş kimi uçum!
Quş kimi ha!..
Mən aşkar görürdüm ki, Ofelya xəstə-zad deyil, bəzi kinofilmlərin
qurbanıdır.
Ofelya xəstəxanada bir həftədən artıq qalmadı. Nə məsləhət eşidir, nə
dərman qəbul edir, nə də verilən xörəkləri yeyirdi. Birtəhər sürünüb özünü
televizorun qabağına salır, "xarici" film olmayanda kitabxanadan "Ekran"
jurnalını (şübhəsiz ki, xaricdə çıxan jurnalı) gətirib vərəqləyir, bədənini,
paltarını cürbəcür biçimlərə salır, güzgü qabağında dururdu.
Anası bu dəfə qızının yanına gələndə mən xahiş elədim:
- Maşını buraxmayın.
Qadın şoferi səsləyib dayandırdı. Güman elədi ki, mən maşına oturmaq
istəyirəm.
- Buyurun, doktor!
- Mən yox. Ofelya gəzmək istəyir.
- Nə gəzmək?
- Kinoya getmək istəyir.
Ofelya bu sözü eşidib özünü həyətə atdı, anasını səslədi:
- Ana, mənim paltarlarımı gətir, tez ol. "Nizami"də "Yevo Lyubov"
gedir, baxmasam ölərəm!
Ofelyanı anasına qoşub göndərdim və xahiş elədim ki, buraya
qaytarmasın.
171
- Onun azarı ancaq klubda müalicə oluna bilər.
- Bu nə azardır, doktor?
- Bu xaricdən gəlmə azardır. Bizlərdə olmur, xala!
- Xarici mal eşitmişdim, xarici azar birinci dəfə eşidirəm. Bəs bu
zəhrimar Ofelyanı haradan tutub?
- Bəzi kinolardan tutub xala, sağalar, qorxma! Bu da mal kimi bir
şeydir, təzə çıxıb.
1960
EHTİRAM
Ağsu yoxuşu şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına
çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən
sonra bütün zəhmət və çətinlikləri unudursan, quş kimi yüngül və yeyin
gedirsən.
Həyat da belədir. Yüksəlmək çətin və zəhmətli, ancaq səfalı, fərəhli
olur; enmək isə asan, ani və qüssəli olur.
Düzənliyə enib Ağsu kəndinin tozlu küçələrinə çatanda susuzluq
duyursunuzsa, maşını dayandırıb sıx ağaclı, hasarlı bir həyətin qapısını
döyürsünüz.
- Ay ev yiyəsi, bir stəkan sərin su olarmı?
Ürkək və utancaq kənd qızları nabələd qonağı görən kimi "bu saat"
deyib budaqları bir-birinə sarmaşan nar, heyva, gilənar, gilas, armud
ağaclarının altında yox olur, bir dəqiqə sonra abı kasada sizə su gətirirlər.
Öz əksinizi göstərən duru, sərin suyu başınıza çəkib məktəbli qızına
təşəkkür deyəndə, qızdan ədəblə "afiyət olsun" eşidəndə cürətə gəlib bir
xahiş də edirsiniz.
- Qızım, bu kasanı bir də doldurmaq olarmı?
- Niyə olmur, əmi, suyumuza nə gəlib?
Qız içəri qayıdan kimi ucaboy bir qadın kəlağayısını yellədərək qapıya
yaxınlaşır:
- İçəri buyurun, qardaş, bizlərdə qonağı qapıda saxlamazlar, keçin içəri!
- Sağ olun, yol keçirik, gedəcəyik.
172
- Nə olar, gedəndə də gedərsiniz, içəri buyurun, dincəlin.
Kəlağayılı qadın qəti əmr ilə sizi içəri çağırır, kiçik gözləri ilə maşını
süzəndən sonra soruşur:
- Gəlişiniz deyəsən Bakıdandı, qardaş?
- Bəli, Bakıdandır!
- Çünki buralara Moskvadan, Tiflisdən də gələnlər olur.
- Yox, biz Bakıdan gəlirik.
- Xoş gəlibsiniz, səfa gətiribsiniz. Bakıda mənim nəvəm oxuyur.
Bəlkə eşitmiş olasınız. Ehtiram!
- Ehtiram?
- Bəli, Ehtiram!
- Harada oxuyur Ehtiram?!
- İnstitutda oxuyur.
- Oğul nəvənizdir, ya qız?
- Qızdan bircəsi var, sizə su verən. Oğuldandı, kiçiyidir, böyük qardaşı
aqronomdur, həmişə əkin, tikinti üstündə olur. Qız da, allah sizinkiləri
saxlasın, daş-torpağı oxuyur. Yanlarınca fəhlə aparırlar, yeri qazır, intiresni
şeylər tapırlar, hər yay dağlara çıxır.
- Bacı, famili nədir Ehtiramın?
Qadın üzünü həyətin lap içərilərinə tərəf tutub, su verən qızdan soruşdu:
- Nədi ağız, Ehtiram nə yazdırır, Həsən qızıdı, yoxsa Qarayev?
Qızdan səs gəlmir. Səs gəlmir, ancaq siz bu sualın üzündən Ehtiramın
kim olduğunu öyrənirsiniz?!
Öyrənirsiniz demək də düz olmaz, tanıyırsınız, tanıyırsınız, çünki
Ehtiram sizin çalışdığınız institutun tələbəsidir. Yaxşı bilirsiniz ki, üçüncü
kursdadır. Özü də hər il yay ekspedisiyalarında iştirak edir. İştirak edir, ona
görə ki, siz, lap siz özünüz dekanata göstərib zəmanət vermisiniz ki, "bu
zirək qızdır. Kəndləri də pis tanımır, alimlərə köməyi dəyər, briqadaya
salın!".
Dekan da sizin zəmanətinizi nəzərə alıb, Ehtiramı kəşfiyyat işinə cəlb
eləyib, qızın sevincinin hüdudu yoxdur. Ancaq kəlağayılı qadın bu işlərdən
xəbərsizdir. O nə sizin kim olduğunuzu, nə Ehtirama zəmanət verildiyini, nə
də işlərinin məhz siz tərəfdən yoxlanıldığını bilir.
Bunların heç birini bilməyə-bilməyə kəlağayılı qadın sizi yarıxoş,
yarıcəbr çəkib evə, qonaq otağına aparır ki:
173
- Maşından nigaran olmayın, baxanımız var, bizim yerlərdə əyrilik
olmaz. Əyləşin bir stəkan çay için! Hələ günortadır, dincəlib sonra
gedərsiniz.
Əslinə baxsan sizin ,heç yolda dayanıb dincəlmək niyyətiniz yox idi.
Bəlkə bu kəlağayılı qadın Ehtiramdan söhbət salmasaydı, siz heç
dayanmayacaqdınız. Nəvəsinin sizdə oxuduğunu biləndən sonra siz də istər-
istəməz dayanmalı oldunuz, qadının dedikləri ilə maraqlandınız.
Həqiqətən maraqlıdır. İki adamın arasında üçüncü bir adam haqqında
söhbət gedir. Özü də danışanların biri kəlağayılı qadın, güman edir ki, siz
onun nəvəsini tanımırsınız. Tanımadığınız bir adam haqqında bes nə üçün
söz açırsınız?
O da məlumdur: kəlağayılı qadın Ehtiramı sizə tanıtmaq, həm nəvəsi ilə
fəxr etmək, həm də sizin Bakıya qayıdandan sonra Ehtiramı tapıb əhvalatı
danışmağınızı xəyalında arzulayır. Siz isə öz təmkinini pozmur, tələbəniz
Ehtiram haqqında danışmazdan əvvəl onun ailədə, kənddə, valideyn
yanındakı ehtiramını bir növ yoxlamaq istəyirsiniz. Bunun özü pis deyil.
- Bacı, nə dediniz, necə oxuyur, dərslərindən neçə qiymət alır,
razısınızmı?..
- Qardaş, qızın oxumağına söz ola bilməz. Bir od parçasıdı.
Deynən! Gecə-gündüz, yay-qış, tətil demə, bayram demə, kitab əlindən
düşərmi. Deyirəm, ay ərkansızın qızı saralmısan anqutun çıxıb, yatağa
düşəcəksən, bu nədi. Dəftər-kitaba da adam belə aludə olar, sən mənim
üçün professor-zad olmayacaqsan ki...
Siz qadının mühakimələrinə gülürsünüz:
- Ay xanım, məni bağışlayın, adınızı da bilmirəm.
- Səltənət!
- Səltənət xanım, nədir bəyəm, qızlardan professor çıxmağına siz
inanmırsınız?
- Niyə inanmıram?! Şura hökuməti bunlardan lap yaranal da çıxardar,
amma ki...
- Amma niyə?
- Amması var, çünki qız xeylağının bir ayrı yeri var, oğlanın da bir ayrı.
- Qızın oğlandan nəyi əskikdir?!
- Qız, qadan alım, qardaş, tez azır.
- Azmaq nəyə deyirsən, teatr-kinoyamı?!
174
- Yox, kinoya yox, televizoru özüm də hər axşam evdə qurub baxıram.
Ona azmaq deməzlər. Azmaq odu ki, dindən-imandan kənar şeylər.
- Bizim qızlar indi çox ağıllı-kamallı böyüyürlər, Səltənət xanım.
- Kamalına sözüm yox, qudurmasın, azmasın.
- Azmazlar, yox!
- Bax elə Ehtiram, May bayramında gəlmişdi. Yenə dastan başladı.
- Nə dastan?!
- İndi də yeri qurtarıb, göydən başladı. Deyir ki, göydən adam
gəlıb.
- Necə yəni?
- Deyir göyə fışənglə adam gedir, bir saatda külli dünyanı dolanıb, xəbər
gətirir!
- Səltənət xanım, siz buna inanmırsınız?
- Qardaş, fışəngə barıt qoyarlar, indi də göyə fışəng atırsınız.
- Lap böyük fışənglər atılır, içində maşın, cihaz, adam da gedir.
Bizim alimlər indi elə maşın çıxardırlar ki, doğrudan möcüzə.
- Qız deyir, təyyarəçi oğlan fışəngə oturub göyə gedib. Deyirəm, bəsdi-
bəsdi! Ağlın olsun, asi-asi danışma. Qız durub məni başa saldı ki, indi göy
aləminə belə deyirlər. Mars belə getdi. Nə bilim, ay qardaş, bu qız
göylərdən, ulduzlardan şeylər danışır, quruyub qalırsan.
Deyirəm, qızım, sən yerdə, skamyada otura-otura, göydən nə xəbər
bildin?! Deyir yox, alimlər göydə nə var öyrənirlər. Fişəng atıb şəkil
çəkirlər. Göyün altını da görüb götürüblər, üstünü də. Vallahı, Ehtiram
bayram günlərində burada şeylər danışdı ki, daha nə deyim?!
- Səltənət xanım, Ehtiram oxumuş qızdır, mövhumat, xəyalat danışmır,
elm danışır. Bu saat bütün dünya göyə gedib-gələn təyyarəçi igiddən
danışır. Eşitməmiş olmazsan: Qaqarin.
- Bəli, radiolardan eşitmişəm. Şəklini də görmüşəm. Ailəsi ilə bir yerdə.
Ehtiram gətirmişdi, bütün qonum-qonşu baxıb. Bir boylu-buxunlu, igid
oğlandı, sağ olsun!
- Qaqarin saat yarım ərzində yeri də fırlanıb, göyün də iqlimini, havasını
öyrənib gəlib. Bütün dünya onun möcüz kimi sifətinə heyrandır!
- Hə, Ehtiram deyir guya göydə dəmir də, daş da yarpaq kimi yüngül
olub uçur. Lap mat-məəttəl qalmışam.
- Göydə təəccüblü şeylər çoxdur. Qaqarinin səfərindən sonra təzə
kitablar bağlanır, mühazirələr oxunur, şəkillər çəkilir. Səltənət xanım,
175
siz gəlin nəvənizin sözünü qürbətə salmayın, o, boş söz danışmır. Kitab-zad
necə, oxuyursunuz, ya yox?
- Gecə kursunu çoxdan qurtarmışam. Başım kolxoz işinə, nəvə-nəticəyə
qarışandan sonra daha kitab oxuya bilmirəm. Allah sizinkiləri də saxlasın,
uşaqlar oxuyub, danışırlar. Şükür, radiomuz-zadımız var.
- Ehtiram kimi nəvəsi olanın gərək heç nə yadından çıxmasın: nə kitab,
nə qəzet!
- Ehtiram çox şeylər danışır, mənim ağlım bir şey kəsmir, qocalmışam.
- Kəsər, kəsər, Ehtiram ağıllı-kamallı qızdır. Sənə bir şey deyəcəyəm,
bilmirəm inanarsan, ya yox.
Səltənət təəccüblə üzünüzə baxır və güman edir ki, siz də nəvəsi kimi
onunla deyişməyə hazırlaşırsınız. Özünü ciddiləşdirib soruşur:
- Nə deyecəksiniz?
- Onu deyəcəyəm ki, Ehtiram bizim öz institutumuzda oxuyur.
- Yox canım! Yalan olar, qardaş!
- Yalanı-zadı yoxdur, Ehtiram mənim öz tələbəmdir.
- Düzünü deyin, qardaş. Ona siz dərs verirsiniz?
- Ehtiramı dağlara, briqadalarda elmi təcrübəyə göndərən mən özüm
olmuşam. Əgər günah bilirsənsə, onu danlama, məni danla, Səltənət xala!..
Səltənət xala əvvəl dediklərinizə inanmaq istəməsə də, Ehtiramın işini,
dərsini, təcrübəsini, vaxtın yeri ilə, yurdu ilə deyəndən sonra inanmağa
məcbur olur və yarıfərəh, yarısual deyir:
- Qardaş, deyəsən sizi bura göndərən var axı?
- Var, bəli!
- Deyirəm axı!
Səltənət lap özünü yığışdırır, ev-eşiyə göz gəzdirir, balaca qızı səsləyir,
elçi qarşılayan analar kimi təşvişə düşür, ciddiləşir:
- Qız, xörək-zad hazırlayın, qonaqlar acdır. Bəs, a qadan alım, kim
göndərib sizi?!
- Bizi də Ehtiramı təcrübəyə göndərən institut göndərib. Göndərib ki,
tələbələrin işləri ilə tanış olaq, onlara kömək edək. Səfərimiz Şuşayadır!
- Ehtiramın yanına gedirsiniz.
- Bəli, onun briqadasına baş çəkəcəyik. Sözündən-sovundan?
176
Səltənət mətbəxə qaçdı.
- Qıza bir balaca ev xörəyindən-zaddan, yazbaşı ağartıdan, həyətdən
dərilən göyərtidən, tərəvəzdən...
- Şuşada nə çoxdur belə şeylər...
- Yox, evin əvəzini verməz, qardaş, zəhmətini çəkin! Bir balaca əmanət
aparın!
- Gözümüz üstə!
- Yəqin Ehtiramı görəcəksiniz?
- Axşam onun yanındayıq.
- Çox-çox salam-dua. Sizin yanınızda da bilmədim; artıq-əskik
danışdım. Qardaş, qıza deməyin, utanar.
- Əksinə, qıza təşəkkür edəcəyəm ki, nə yaxşı dilavər, qonaqpərəst, iş
bilən nənən var!
- Yox canım, cavan vaxtımda qonaqpərəstliyim bişirib-düşürməyim var
idi. İndi daha canım zəifdir, qardaş, yetirə bilmirəm.
- İgid-igid nəvələr böyüdənin ürəyi dağ kimi olar, necə ki, görürəm.
Bir zəiflik yoxdur.
Səltənət xanım həm iftixar, həm də xəcalət hissi ilə başını tərpədib sanki
təsdiq edirdi.
Dağda, kəşfıyyat işində çalışan qıza, Ağsu təsadüfünü danışanda
inanmaq istəmədi.
- Nənəm elə şeyləri qonağa danışmaz.
- Necə danışmaz, nənən Nəbinin Həcəri kimi qadındı, qonaqlara macal
vermirdi.
- Görünür, sizi tanımayıb.
- Tanımadığı üçün də sərbəst danışdı.
- Eyib olub!
- Eyib-zad deyil, açıq danışmağı bizə ləzzət verdi. Ancaq sən gərək
onunla məşğul olasan, köhnə, mövhumi təsəvvürlərini dağıdasan, elmdən,
məktəbdən, yeni həyatdan elə danışasan ki, həm maraqlana, həm də inana!..
- Günün tutulmasına hisli şüşə ilə baxdıranda gözləri bərəlir, hey suallar
verir.
- Elə olacaq. Bir dəfə maraq oyandımı, əl çəkməyəcək... Şifahi təbliğat
bəs nədi, buna deyirlər də!
1961
|