Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə13/24
tarix02.12.2016
ölçüsü2.8 Kb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   24


Trestdən  gələnlər  olmasa,  Ağca  bəlkə  də,  kiriməzdi.  Üç  nəfər  abırlı- 
təmkinli kişi qapının rəzəsini tərpətdi, salam verib içəri girəndə, Nadir qaçıb 
anasına xəbər elədi. Ağca dərhal gözünün yaşını silib eyvana çıxdı. Gələnlər 
Baxışın  dostları  idilər.  Biri  yoldaş  Cuvarlı,  biri  də  usta  Mixaylov  idi. 
Üçüncüsünü  Ağca  tanıya  bilmədi.  Cuvarlı  hal-əhval  soruşandan  sonra 
bənnanın şəklini əlinə alıb xeyli baxdı. 
-  Ağca  xanım,  -  dedi,  fotoqraf  gələcək,  bu  şəklin  üzünü  çıxardacaq, 
böyütmək istəyirik. Baxın, bəlkə ayrı şəkli məsləhət bilirsiniz. 
Deyərsiniz çəkər, neçə nüsxə lazımdır. 
Trestin  köhnə  ustası  Mixaylov  da  əlindəki  bağlamanı  kənara  qoyub 
əyləşdi. Ağcanın kefini, Nadirin dərsini soruşdu. 
Qonaqlar  çox  oturmadılar,  bir  stəkan  çay  içdilər.  Nəsə  himləşdilər, 
həyət-bacanı  gəzdilər,  baxdılar.  Mixaylov  bayaqkı  qəzet  bağlamasını  əlinə 
aldı, Ağcaya üz tutdu: 
-  Qızım,  -  dedi,  -  sən  heç  demə  ki,  Baxış  yoxdu.  Nə  qədər  biz  varıq, 
Baxış  da  var.  Onun  kimi  sədaqətli  yoldaş,  handa  bir  usta  heç  vaxt  yaddan 
çıxmaz.  Keçən  ay  tələbələrə  yataqxana  tikirdik,  binanı  on  beş  gün  tez 
verdik. Təhvilə nazir də gəlmişdi. Müzakirə oldu, bəyəndilər. Briqadaya iki 
aylıq  mükafat  yazdılar.  Rəisimiz  elan  eləyəndə,  ustasından  fəhləsinə  qədər 
hamı bir ağızdan dedi: 
-  Bu  mükafat  Baxış  Baxışovun  ailəsinindir.  O  kişi  canını  tikintidə 
qoyub, indi budur, onun pulunu, neçə mindi, gətirmişəm, qol çəkib götürün! 
Mixaylov  danışa-danışa  bir  dəstə  yüzlüyü  güzgünün  qabağına  qoydu, 
üstünü qəzet ilə örtdü. O, sözünü qurtarmamış cavan, ucaboy oğlan - trestin 
həmkarlar komitəsinin təzə sədri sözə başladı: 
-  Ağca  bacı,  rəhmətliyin  işini  eşidən  gündən  partkomda  da,  trestkomda 
da  söhbət  olub,  Nadirə  məktəbi  qurtarana  qədər  təqaüd  kəsilir,  danışmışıq. 
Sizə də... 
Bu  yerdə  trestkom  sədrinin  dili  gəlmədi.  Ağcanın  cavanlığına  görə 
təqaüdə düşməməsini demək istəyirdi ki, dili gəlmədi. "Nə lazım, bəlkə heç 
soruşmayacaq, soruşsa, deyərəm..." - deyə düşündü. Sonra tez əlavə etdi: 
- İndi, odur, iki nömrəli bağça uzaq olsa, o birinə keçirə bilərik. 
Mürəbbiyə   yeri   var.   Məsləhətinizə   baxın,   ürəyiniz   istəsə,   ora   keçə 
bilərsiniz, baxın. 
 
 
 
 
 
 
 
 
 
 
162 

Ağca razılığını bildirdi, Nadiri Cuvarlı yoldaşa tapşırdı: 
- Gözünüz üstündə olsun, bir sənət öyrənsin. 
Cüvarlı  ananı  arxayın  etdi  ki,  Nadiri  trestə  gətirəcək,  həm  işləməyinə, 
həm də oxumağına göz qoyacaq. 
Ağca  güman  etməzdi  ki,  ən  ağır  dəqiqələrində  qüvvətli,  qüdrətli  insan 
əlləri onun qollarından tutub qaldıracaq, dizinə taqət, qaralan gözlərinə işıq 
verəcək. Səhərdən axşama başları qarışıq olan, böyük planlar tökən, binalar 
tikən, Moskvada belə yüz idarə ilə bağlı olan, neçə yüz fəhlənin işinə əncam 
çəkən bir trestdə Baxış Baxışovun -sıradan çıxmış bir kişinin adını bu qədər 
əziz tutarlar. 
Bayram  olmazdı  Baxışın  evinə  dəvətnamələr  gəlməsin,  albom  olmazdı 
şəkli  vurulmasın,  qəzet  olmazdı  adı  çəkilməsin,  xeyir  iş  olmazdı.  Ağca 
başda olmasın, təzə il olmazdı Nadirin payı göndərilməsin, səyahət olmazdı 
uşağı aparmasınlar. 
Trest qadınları Ağcasız bir qonaqlıq keçirməz, bir tamaşaya getməzdilər. 
Evlər  təmir  olunanda,  işıq,  su,  qaz,  sobalar  yoxlananda,  ilk  dəfə  Ağcanın 
evinə  usta  gələrdi.  İstirahət  evinə  putyovka  paylananda,  Ağca  siyahıdan 
düşməzdi... 
Ağca   bütün   bunları   yaxşı   başa   düşürdü,   görürdü   ki,   Baxış   yalnız 
ailəsində deyil, iş  məqamında yoldaşlar içərisində də sədaqəti və  ləyaqətilə 
məşhurdur.  Görürdü  ki,  isti  bir  qayğı  onu  həmişə,  hər  tərəfdən  əhatə  edir, 
qol-qanadından  tutaraq  həyatın  sürətli  axnında  aparır,  dəstədən,  mühitdən 
ayrılmağa qoymur. Bu həyatın özü də belə bir gedişə müsaid və münasibdir. 
Özünün  bağçada  işə,  oğlunun  məktəbdə  dərsə  aludəliklə  vaxt  keçirdiyini, 
gündən-günə qüvvətlənən sürətli gələcək meylini aşkar görürdü. 
 

 
Bu  evdə  qəribə  bir  aləm  vardı.  İşıqlı  pəncərənin  qabağında  zər  haşiyəli 
çərçivədə  qıvrımsaç,  güləş,  sağlam,  sinəsi  açıq  bir  bənnanın  şəkli 
dayanmışdı.  Yox,  bu  şəkil  deyildi.  Elə  də  şəkil  olarmı?  Güclü  bir  igid 
dayanmışdı.  Sanki  Baxış öz  otağına  göz  qoyub  hər  şeyə baxır,  sevgilisinin 
də,  oğlunun  da  duruşuna,  oturuşuna,  dinib-danışmağına  diqqət  yetirirdi. 
Deyəsən  bu  saat  stol  üstündə  hoppanıb  boğazlı  çəkmələrini  geyəcək, 
döşəmədə  gəzinəcək,  Ağcanı  da,  Nadiri  də  danlayıb  deyəcək  ki,  niyə 
geyinib  konsertə  getmirsiniz,  mən  buradayam,  niyə  darıxırsınız?  İşinizdə 
olun! 
 
 
 
 
 
 
163 

164 
 
Sanki bu igidin ayıq və iti baxışları  gənc ailədə  hər  şeyi birləşdirirdi. 
İşləyən də, oxuyan da hər an başda əyləşənin nəzərində idi. Uzun illər eyni 
marağını, diqqətini saxlayan qıvrımsaç oğlan sanki evdəkilərdən də bunu 
tələb edirdi. Sanki sakit, səssiz, davamlı, mənalı, mehriban nəzərilə deyirdi: 
"Mən buradayam, niyə darıxırsınız? İşinizdə olun!" 
Qıvrımsaç oğlanın nəzərindəki bu məna uşağa da, böyüyə də eyni dərəcə 
aydın və mühüm idi. Onlar hər səhər öpüşüb ayrılanda, hər axşam öpüşüb 
görüşəndə, Baxışdan bu sözləri təkrar-təkrar eşidirdilər: "Mən buradayam! 
Siz işinizdə olun!" 
Lakin bunlar təkrar deyildi. Hər gün başqa bir məna, başqa riqqət, başqa 
bir hərarətlə səslənirdi. Bunlar ana-balanın öpüşlərindəki hərarət və təravət 
qədər təzə və şirin idi, həmin öpüşlər qədər onları birləşdirirdi. 
Birləşdirirdi deyirik. Qıvrımsaç oğlanın nəzərlərində birləşdirən qədər 
ayıran bir qüvvə də var idi. Ağca da, Nadir də hər dəfə yuxarı başa nəzər 
salanda, bu ayrılığı duymamış deyildilər. Ana oğlunu, oğul isə anasını 
düşünürdü. 
Oğul öz anasını Baxışın sağlığındakı  qədər  şən və qayğısız, ana da 
balasını atalı vaxtındakı qədər bəxtiyar görmək istəyirdi. Hər ikisinin ciddi-
cəhdi bu idi. 
Görərdin, anası  uşağının kəsəmət pulunu yığıb ona maqnitofon almaq 
istəyir. Uşaq isə həmin puldan gizlincə götürüb anasının sumkasına qoyur, 
ona yeni palto pulu düzəldir. Xərcləməyə  gələndə, bəzi ailələrdəki ixtilaf 
burada da olurdu. Ancaq burada məzmun ayrı idi: oğul anasını, ana da 
oğlunu vacib sayırdı. 
- Atamın yoxluğunu dost-düşmən bilməsin. Yaxşı geyin, ana! 
- Tay-tuşdan geri qalma, bilməsinlər ki, qabaqda atan yoxdur! Hələ ki, 
mən varam, oğul! 
Nadir "Şərəf lövhəsinin" yanından keçəndə, atasının  şəklini orada 
görmədi. Ağır bir kədər ilə bunu anasına dedi. Ağca, Mixaylova bildirdi. 
Mixaylov dedi: 
-Sabah axşam Nadiri də götürün, trestə  gəlin! Dəvətnamə 
göndərəcəklər! Hələ-həlbət! 
Ağca kişisinin  şəklini klubda adlı-sanlı  işçilər cərgəsində görəndə, 
razılığını bildirdi. Cuvarlı dedi: 
  

165 
 
- Ağca xanım, Baxışın şəklindən nigaran olma. Mən gözləyirəm 
ki, bu gün-sabah Nadirin özünü məşhurlaşdıraq. Nadir FZU-ya gedir. 
İndi cavanlar oradan boy atırlar! 
Bayram axşamı raykomdan da gələnlər var idi. 
Klub ağzınacan dolu idi. Cuvarlı məruzə eləyirdi. Trestin keçmişindən, 
gələcək planlarından, qabaqcıl ustalarından deyirdi... 
Ağca 5-ci sırada, oğlunun yanında oturmuşdu, daha doğrusu Nadir onun 
yanına gəlmişdi. 
- Ana, mən həmişə sənnən oturacağam! 
Bu sevincli axşamda, bütün işçilərin tökülüb gəldiyi məclisdə ana-
balanın yanaşı oturub şirin söhbət eləməyi də  mənalı idi. Bugünkü işlər 
barəsindəki məruzədə Baxışın adı çəkilməyəcəyini bir növ hiss etdirməmək 
üçün Nadir anasnıı  məşğul etmək, danışdırmaq istəyirdi. Ağca isə onun 
qolunu tutub deyirdi: 
- Qulaq as! Dayan! 
Görünür bu incə mətləb məruzəçinin, Cuvarlı yoldaşın da nəzərində idi. 
Söhbəti hərlədi, fırladı, o yerə gətirdi: 
- Biz gərək trestimizin, otuz ildən bəri inşaat ilə məşğul olan, şəhər tikən 
nəhəng idarəmizin tarixini yazaq. Qorki özü deyib, belə tarix vacibdir, 
yoldaşlar!  İnqilabımızın hər bayramını eləyəndə, baxıb görürsən ki, belə 
tarix çox vacibdir. Bunsuz bizi yaxşı tanıyan olmaz. Odur, gündə bizə xarici 
qonaqlar gəlir, Hələ daxili demirəm. Hər gələn də  dəftərini açıb səliqə ilə 
yazmaq istəyir: haçandan, kimdən, nədən nə cürə!.. Yaxşı, necə ola bilər ki, 
mən bu şəhərin inşaat tarixindən deyəm, Baxış Baxışov kimi şərəfli bir 
ustanın işini unudanı, üsulunu deməyəm, şəklini göstərməyəm... 
Bu yerdə bütün zaldakılar  əl çaldılar. Çoxları da dönüb beşinci sıraya, 
yanaşı  əyləşən ana-balaya baxdılar. Baxdılar, daha da bərkdən  əl çaldılar. 
Çoxunun sevincdən gözü yaşardı. Adamlar yalnız Baxışın  əziz xatirəsinə 
yox, həm də gül kimi balalar bəsləyən ananın vətəndaş  ləyaqətinə  əl 
çaldılar. 
Ağca həyəcandan qızarmış, başını aşağı salmışdı, oğlunun əlini sıxırdı. 
Nadir də ətrafına baxıb başını tərpədir, razılıq işarəsi verirdi. 
Cuvarlı danışdıqca, bu səliqəli şəhərin bütün çətin tarixi, xoş mənzərəsi, 
sabahkı dövranı Ağcanın nəzərindən keçirdi. 
Cuvarlı yoldaşın sözü sözdür. Görərsən, iki gün çəkməyəcək ki, əli 
qələmlilər gələcək, binalara baxacaq, dəftərləri açacaq, adamları 
  
 
  

166 
 
dindirəcək, şərəf lövhələrini yoxlayacaq, tarix yazacaqlar. Bu sıralanmış uca 
ağ evlərin çoxunda Baxışov Baxışın adını görəcək, yazacaqlar. Lap təzə 
binalara baxanda da Baxışı yad edəcəklər: 
- Bu da Baxışovun işidir. Ancaq ata Baxışov ayrı, oğul ayrı. 
- Hansı yaxşı tikib? 
- Atanın ata yeri var, oğulun oğul! 
- İkisi də bir əsrin oğlu, bir nəsil deyilmi? 
- Bəli, tikənlər, quranlar nəsli! 
- Bizim nəsil! 
 
1958 
 
XARİCİ NAXOŞLUQ 
 
Xarici naxoşluq deyəndə zahirdə, üzdə olan naxoşluğu demirəm. Bu 
sözü mən coğrafi mənada işlədirəm, sərhəd xaricindəki naxoşluqlardan 
söhbət gedir... 
Mən deyərdim bizim şəhərdə hakimlik sənətindən çox növbətçiliyi olan 
sənət yoxdur. Özüm həkiməm, günaşırı, bəlkə də daha çox növbətçi oluram. 
Xəstələrimə müttəsil nəzarət eləmək, gecə-gündüz müalicə prosesini 
izləmək nəticəsini vərəqlərə köçürmək,  ən güclü bir arzu kimi heç vaxt 
məni tərk etmir. 
Növbətçilik saatlarında yalnız ixtiyarında olan xəstələrlə  məşğul 
olmursan. Bir də görürsən, xəstəxananın darvazası taybatay açıldı. Budur, 
"Volqa", "Pobeda" ya "Moskviç" maşınında, ya da lap yük maşınında "ah-
ufla təzə  xəstələr gətirdilər. Düzdür, bizim xəstəxana  şəhərin ucqar 
yerindədir. Çarpayısı da azdır. Hər saat oraya xəstə daşımağa icazə 
vermirlər. Amma gələni geri qaytarmaq da olmur. Biri qəfıldən sancılanıb, 
birini maşın basıb, birini araq yıxıb, bir başqasını  bıçaqlayıblar. Ya it 
qapıb... Nə başınızı  ağrıdım, böyük şəhərdir, bədbəxt hadisələr olur. Daha 
belə yerdə nə həkim, nə şəfqət bacısı qapını bağlayıb xəstəni rədd edə bilər. 
Nəsihət oxumağa, şəhər sovetinin qərarlarından maddə gətirməyə dəyməz. 
Qanun da buna yol vermir. Adamın vicdanı da qəbul eləmir ki, deyəsən: 
"Yoldaş, yerimiz yoxdur, qayıdın gedin!" 
Bu axşam gətirilən xəstə dediklərimin heç birinə oxşamırdı. Nə it 
qapmaq, nə sərxoşluq, nə bıçaqlanmaq söhbəti var idi. Əksinə, çox 
  

167 
 
sakit, çox mülayim, özündən də zarımaq, zıqqıldamaq deyilən  şey 
eşidilmirdi! Qəbul otağında divanda uzanan xəstəyə yaxınlaşanda şoferdən 
soruşdum: 
- Nəyidir xəstənin? 
- Bilmirəm, doktor. 
Şəfqət bacısına müraciət etdim: 
- Buna nə olub? 
- Bilən yoxdur. 
- Bəlkə heç xəstə deyil, götürüb gətirmisiniz. 
- Doktor, necə  xəstə deyil, küçənin ortasında asfalta yıxılıb qalmışdı. 
Camaat başına yığılmışdı. 
Mən xəstəyə yaxınlaşdım. Doğrudan da bənizi qaçmış, rəngi solmuş, 
taqətdən düşmüş gənc, nazik bir qızın sifətini gördüm. Qara qaşlar altında 
xeyli dərinə çökmüş iri gözlər olmasa meyit güman edərdim. Sapsarı idi. 
Lap ipliyi üzülmüşdü. Nə bir söz, nə hərəkət? Ancaq iri gözlərini ağır-ağır o 
yan-bu yana çevirərək gəlib-gedəni süzürdü. 
-  Qızım, sənə nə olub? 
Mən xəstənin nəbzini yoxlamaq üçün çöp kimi nazik biləyindən tutdum. 
Nəbzi zəif vururdu: 
-  Sənin nəyindir, qız? 
Xəstə başını çətinliklə mənə tərəf çevirib ağır-ağır dedi: 
-Burada kino varmı? 
- Nə kino? 
- Televizorunuz varmı? 
- Sən xəstəsən, ya əyləncə axtarırsan, qız? 
- Axtarmıram, prosto soruşuram. Mən sualımı bir də təkrar etdim: 
- Nəyindir, haran ağrıyır? 
- Özüm də bilmirəm. 
- Haçandan beləsən? 
- Bu gün bulvar yanında yıxılmışam. 
- Yaralanmamısan? 
- Yaram yoxdur. 
- Bəlkə dəyib, toxunan olub? 
- Olmayıb! Özüm gedəndə sərələndim. 
  

168 
 
Mən xəstəni dərhal palataya, rahat bir yerə köçürdüm. İlk tibbi yardım 
üçün nə lazımsa əmr verdim, hazırladılar. 
Çox çəkmədi, xəstənin anası da gəlib çıxdı. Minnətdarlıq, razılıq 
edəndən sonra xüsusi bir sözü olan adam kimi mənə yanaşdı, pıçıltı ilə dedi: 
- Doktor, Ofelyanı  nə  qədər istəyirsiniz burada saxlayın, sağaltmamış 
buraxmayın, qadanızı alım! 
Xəstə sahibinin "damdandüşdü" xahişi mənə  təəccüblü göründü. 
Təəccüblü göründü ona görə ki, belə xahişlər bizdə az olur. Əksinə, analar, 
atalar xəstələrini müalicə etdirən kimi tez çıxarıb aparmağa, xəstəxana 
rejimindən qurtarmağa tələsirlər. Mən anadan soruşdum: 
- Ofelya çoxdanmı naxoşdur? 
- Çoxdan. 
- Haçandan? 
- Olar bir neçə ay. 
Təəccüb elədim. Belə  zəif bir bədənin uzun müddət naxoşluğa davam 
gətirməyi, həkimə, müalicəyə xəstəxanaya müraciət etməməyi qəribə idi. 
- Ay xala, bu zəif qızı vaxtında nə üçün müalicəyə gətirməmisiniz. Hətta 
onun bizdə kartoçkası da yoxdur. Belə başısoyuqluq olar? 
Ana başını tovladı, üzümə baxdı, ürəyinin dərdini açan adamlar kimi 
səmimi danışdı: 
-Ay doktor, indiki cavanlar bəyəm sözə baxır, bəyəm nəsihət 
eşidir, bəyəm dərdini deyir? Kinodan, konsertdən macal tapır ki, 
müalicəyə gəlsin, özünüz yaxşı bilirsiniz ki, hamısı incəlmək istəyir! 
İndi başa düşdüm ki, ana nə üçün Ofelyanın buraya düşməyinə sevinir. 
Evdə, sərbəstlikdə heç bir müalicə  tədbirinə boyun əyməyən övladın 
xəstəxana rejiminə tabe olması ana üçün doğrudan da təsəllidir. Məlumdur 
ki, hər bir xəstəni və xəstəliyi bacarıqla müalicə üçün birinci şərt diaqnoz, 
yaxud Sabirin dili ilə desək "dərdi təşxis" etmək, yəni dürüst müəyyən 
eləməkdir, doğrudur, qocalarda, uzun müddət naxoş olub müalicəyə 
getməyən, bədənini əldən salan, bir neçə azarı çarpazlaşan adamlarda təşxis 
çətin, mürəkkəb olur. Ancaq müasir təbabət texnikanın, kimyanın köməyi 
ilə  ən pis xəstəlikləri açır, izah edir. Qorxulu, qaranlıq bir şey qalmır. 
Rentgen şüalarını nüfuz eləmədiyi damar hanı? Xüsusən Ofelya kimi cavan, 
on səkkiz yaşında bir qızın xəstəliyini təşxis etmək nə mürəkkəb üsul, nə də 
elə bir axtarış 
  

169 
 
tələb edir. Təzə boy atan ting kimi gənc, yarımşəffaf bədəninin bütün 
imkanları, nöqsanları da göz qabağında olur. 
Ofelyanın müayinəsi və  təhlilləri qızın zəifliyindən, qüvvətdən 
düşməyindən başqa heç bir xəstəlik  əlaməti göstərmədi. Cavan bədən, 
imkanları  tələbincə, vaxtında qidalanmayıb zəiflikdən üzülüb gedib, ayaq 
üstə dayanmağa tab gətirməyib... 
Mən qızın anasını danladım: 
- Şükür, sizin məişətiniz, güzəranınız yaxşıdır, məktəbli bir qızın yeyib-
içməyinə niyə fıkir verməmisiniz, niyə bədənini üzmüsünüz, xala? 
Ana dəfələrlə verilən sualdan təngə gəlmiş kimi əllərini dizinə çırpdı: 
- Ay doktor, başına dönüm, qurbanın olum, əgər sən Ofelyaya gündə 
ikicə  dəfə xörək yedirdə bilsən, sənə ömrüm boyu minnətdar olaram! 
Yemir, yemir a qadan alım! 
- Necə yəni? 
- Yemir, əzizim! 
- Necə yemir, onun otuz iki dişi cağbacağ yerində, həzm aparatında da 
bir azar-bezar yox, mədə şirəsi də normada. Niyə yeməsin?! 
- Doktor, ona baxma, yemir, öldür yemir! 
- Dadlı-duzlu xörəklərdən yeyər! 
- Dünyada hər lezzətli xörək - cücə  əti, evdə bişən yağlı kökə, dolma, 
plov, qovurma və s. nə desin qabağına qoyuruq, geri itələyir, ayağa qalxır 
ki, yemirəm, kökələrəm. 
Məni gülmək tutdu. Hörümçək kimi bir bədən sahibinin kökəlməkdən 
qorxması gülməli deyilmi? 
- Nəyi kökələcək, onun bütün vücudunda beş kilo ət yoxdur. 
- Qorxur, yemir! Onunku jurnaldır, kinodur. 
- Mən onu yedirdim, sən tamaşa elə! 
Doğrudur, mən döşümə döyə-döyə qadını arxayın elədim. O da 
xəstəxana yeməkləri ilə kifayətlənmədi. Səhər-axşam cürbəcür xörəklər 
bişirib yaraşıqlı boşqablarda qızının yanına daşımaqda davam etdi. Ancaq 
sonra gördüm ki, Ofelyaya xörək yedirtmək o qədər də asan iş deyilmiş. 
- Ay qız, bədənini üzməkdən məqsədin nədir? 
- Siz nə deyirsiniz, doktor, məni eybəcər, bədbəxt elemək fıkrindəsiniz? 
  
 

170 
 
- Bu nə sözdür, qızım, bəyəm xörək yeyənlər eybəcər olur? 
- Bəs nə? Görmürsünüz necə  ləndəhor qadınlar var bizdə, Yevropada 
hamı nazik, incədir. Adama fıqura lazımdır, fiqura! 
- Nə görmüsünüz Yevropada, Yevropada olmusunuz? 
- Mən "Ekrana" abunəyəm. 
- "Ekran" artistlərin jurnalıdır, siz də artist olmaq arzusundasınız? 
- Xeyr, artist yox, artistka! 
- Artistkanın da bədəni gərək qüvvətli olsun. 
- Mən qüvvət yox, fiqura istəyirəm. 
- İncə olmaq istəyirsiniz? 
- Bəli, mən incə olmasam özümü öldürərəm. 
Mən qızın zəif vücuduna işarə etdim. 
- Bundan da incə? 
-  İstəyirəm incə olum. Doktor, siz mənə bu xörəklərdənsə elə  dərman 
verin, bədənim hörümçək kimi olsun, özüm də quş kimi uçum! 
Quş kimi ha!.. 
Mən aşkar görürdüm ki, Ofelya xəstə-zad deyil, bəzi kinofilmlərin 
qurbanıdır. 
Ofelya xəstəxanada bir həftədən artıq qalmadı. Nə  məsləhət eşidir, nə 
dərman qəbul edir, nə də verilən xörəkləri yeyirdi. Birtəhər sürünüb özünü 
televizorun qabağına salır, "xarici" film olmayanda kitabxanadan "Ekran" 
jurnalını  (şübhəsiz ki, xaricdə  çıxan jurnalı) gətirib vərəqləyir, bədənini, 
paltarını cürbəcür biçimlərə salır, güzgü qabağında dururdu. 
Anası bu dəfə qızının yanına gələndə mən xahiş elədim: 
- Maşını buraxmayın. 
Qadın şoferi səsləyib dayandırdı. Güman elədi ki, mən maşına oturmaq 
istəyirəm. 
- Buyurun, doktor! 
- Mən yox. Ofelya gəzmək istəyir. 
- Nə gəzmək? 
- Kinoya getmək istəyir. 
Ofelya bu sözü eşidib özünü həyətə atdı, anasını səslədi: 
- Ana, mənim paltarlarımı gətir, tez ol. "Nizami"də "Yevo Lyubov" 
gedir, baxmasam ölərəm! 
Ofelyanı anasına qoşub göndərdim və xahiş elədim ki, buraya 
qaytarmasın. 
  
 

171 
 
- Onun azarı ancaq klubda müalicə oluna bilər. 
- Bu nə azardır, doktor? 
- Bu xaricdən gəlmə azardır. Bizlərdə olmur, xala! 
- Xarici mal eşitmişdim, xarici azar birinci dəfə eşidirəm. Bəs bu 
zəhrimar Ofelyanı haradan tutub? 
- Bəzi kinolardan tutub xala, sağalar, qorxma! Bu da mal kimi bir 
şeydir, təzə çıxıb. 
 
1960 
 
 
 
EHTİRAM 
 
Ağsu yoxuşu  şoferlərin gözünə durur. Ancaq aşandan, gədiyin başına 
çıxandan, üfüq boyu əlvan xalça kimi açılan Şirvan düzünə tamaşa edəndən 
sonra bütün zəhmət və  çətinlikləri unudursan, quş kimi yüngül və yeyin 
gedirsən. 
Həyat da belədir. Yüksəlmək çətin və  zəhmətli, ancaq səfalı, fərəhli 
olur; enmək isə asan, ani və qüssəli olur. 
Düzənliyə enib Ağsu kəndinin tozlu küçələrinə çatanda susuzluq 
duyursunuzsa, maşını dayandırıb sıx ağaclı, hasarlı bir həyətin qapısını 
döyürsünüz. 
- Ay ev yiyəsi, bir stəkan sərin su olarmı? 
Ürkək və utancaq kənd qızları nabələd qonağı görən kimi "bu saat" 
deyib budaqları bir-birinə sarmaşan nar, heyva, gilənar, gilas, armud 
ağaclarının altında yox olur, bir dəqiqə sonra abı kasada sizə su gətirirlər. 
Öz  əksinizi göstərən duru, sərin suyu başınıza çəkib məktəbli qızına 
təşəkkür deyəndə, qızdan  ədəblə "afiyət olsun" eşidəndə cürətə  gəlib bir 
xahiş də edirsiniz. 
- Qızım, bu kasanı bir də doldurmaq olarmı? 
- Niyə olmur, əmi, suyumuza nə gəlib? 
Qız içəri qayıdan kimi ucaboy bir qadın kəlağayısını yellədərək qapıya 
yaxınlaşır: 
- İçəri buyurun, qardaş, bizlərdə qonağı qapıda saxlamazlar, keçin içəri! 
- Sağ olun, yol keçirik, gedəcəyik. 

172 
 
 
- Nə olar, gedəndə də gedərsiniz, içəri buyurun, dincəlin. 
Kəlağayılı qadın qəti  əmr ilə sizi içəri çağırır, kiçik gözləri ilə maşını 
süzəndən sonra soruşur: 
- Gəlişiniz deyəsən Bakıdandı, qardaş? 
- Bəli, Bakıdandır! 
- Çünki buralara Moskvadan, Tiflisdən də gələnlər olur. 
- Yox, biz Bakıdan gəlirik. 
- Xoş gəlibsiniz, səfa gətiribsiniz. Bakıda mənim nəvəm oxuyur. 
Bəlkə eşitmiş olasınız. Ehtiram! 
- Ehtiram? 
- Bəli, Ehtiram! 
- Harada oxuyur Ehtiram?! 
- İnstitutda oxuyur. 
- Oğul nəvənizdir, ya qız? 
- Qızdan bircəsi var, sizə su verən. Oğuldandı, kiçiyidir, böyük qardaşı 
aqronomdur, həmişə  əkin, tikinti üstündə olur. Qız da, allah sizinkiləri 
saxlasın, daş-torpağı oxuyur. Yanlarınca fəhlə aparırlar, yeri qazır, intiresni 
şeylər tapırlar, hər yay dağlara çıxır. 
- Bacı, famili nədir Ehtiramın? 
Qadın üzünü həyətin lap içərilərinə tərəf tutub, su verən qızdan soruşdu: 
- Nədi ağız, Ehtiram nə yazdırır, Həsən qızıdı, yoxsa Qarayev? 
Qızdan səs gəlmir. Səs gəlmir, ancaq siz bu sualın üzündən Ehtiramın 
kim olduğunu öyrənirsiniz?! 
Öyrənirsiniz demək də düz olmaz, tanıyırsınız, tanıyırsınız, çünki 
Ehtiram sizin çalışdığınız institutun tələbəsidir. Yaxşı bilirsiniz ki, üçüncü 
kursdadır. Özü də hər il yay ekspedisiyalarında iştirak edir. İştirak edir, ona 
görə ki, siz, lap siz özünüz dekanata göstərib zəmanət vermisiniz ki, "bu 
zirək qızdır. Kəndləri də pis tanımır, alimlərə köməyi dəyər, briqadaya 
salın!". 
Dekan da sizin zəmanətinizi nəzərə alıb, Ehtiramı  kəşfiyyat işinə  cəlb 
eləyib, qızın sevincinin hüdudu yoxdur. Ancaq kəlağayılı qadın bu işlərdən 
xəbərsizdir. O nə sizin kim olduğunuzu, nə Ehtirama zəmanət verildiyini, nə 
də işlərinin məhz siz tərəfdən yoxlanıldığını bilir. 
Bunların heç birini bilməyə-bilməyə  kəlağayılı qadın sizi yarıxoş, 
yarıcəbr çəkib evə, qonaq otağına aparır ki: 
  

173 
 
- Maşından nigaran olmayın, baxanımız var, bizim yerlərdə  əyrilik 
olmaz.  Əyləşin bir stəkan çay için! Hələ günortadır, dincəlib sonra 
gedərsiniz. 
Əslinə baxsan sizin ,heç yolda dayanıb dincəlmək niyyətiniz yox idi. 
Bəlkə bu kəlağayılı qadın Ehtiramdan söhbət salmasaydı, siz heç 
dayanmayacaqdınız. Nəvəsinin sizdə oxuduğunu biləndən sonra siz də istər-
istəməz dayanmalı oldunuz, qadının dedikləri ilə maraqlandınız. 
Həqiqətən maraqlıdır.  İki adamın arasında üçüncü bir adam haqqında 
söhbət gedir. Özü də danışanların biri kəlağayılı qadın, güman edir ki, siz 
onun nəvəsini tanımırsınız. Tanımadığınız bir adam haqqında bes nə üçün 
söz açırsınız? 
O da məlumdur: kəlağayılı qadın Ehtiramı sizə tanıtmaq, həm nəvəsi ilə 
fəxr etmək, həm də sizin Bakıya qayıdandan sonra Ehtiramı tapıb əhvalatı 
danışmağınızı  xəyalında arzulayır. Siz isə öz təmkinini pozmur, tələbəniz 
Ehtiram haqqında danışmazdan  əvvəl onun ailədə, kənddə, valideyn 
yanındakı ehtiramını bir növ yoxlamaq istəyirsiniz. Bunun özü pis deyil. 
- Bacı, nə dediniz, necə oxuyur, dərslərindən neçə qiymət alır, 
razısınızmı?.. 
- Qardaş, qızın oxumağına söz ola bilməz. Bir od parçasıdı. 
Deynən! Gecə-gündüz, yay-qış, tətil demə, bayram demə, kitab əlindən 
düşərmi. Deyirəm, ay ərkansızın qızı saralmısan anqutun çıxıb, yatağa 
düşəcəksən, bu nədi. Dəftər-kitaba da adam belə aludə olar, sən mənim 
üçün professor-zad olmayacaqsan ki... 
Siz qadının mühakimələrinə gülürsünüz: 
- Ay xanım, məni bağışlayın, adınızı da bilmirəm. 
- Səltənət! 
- Səltənət xanım, nədir bəyəm, qızlardan professor çıxmağına siz 
inanmırsınız? 
- Niyə inanmıram?!  Şura hökuməti bunlardan lap yaranal da çıxardar, 
amma ki... 
- Amma niyə? 
- Amması var, çünki qız xeylağının bir ayrı yeri var, oğlanın da bir ayrı. 
- Qızın oğlandan nəyi əskikdir?! 
- Qız, qadan alım, qardaş, tez azır. 
- Azmaq nəyə deyirsən, teatr-kinoyamı?! 
  

174 
 
- Yox, kinoya yox, televizoru özüm də hər axşam evdə qurub baxıram. 
Ona azmaq deməzlər. Azmaq odu ki, dindən-imandan kənar şeylər. 
- Bizim qızlar indi çox ağıllı-kamallı böyüyürlər, Səltənət xanım. 
- Kamalına sözüm yox, qudurmasın, azmasın. 
- Azmazlar, yox! 
- Bax elə Ehtiram, May bayramında gəlmişdi. Yenə dastan başladı. 
- Nə dastan?! 
- İndi də yeri qurtarıb, göydən başladı. Deyir ki, göydən adam 
gəlıb. 
- Necə yəni? 
- Deyir göyə fışənglə adam gedir, bir saatda külli dünyanı dolanıb, xəbər 
gətirir! 
- Səltənət xanım, siz buna inanmırsınız? 
- Qardaş, fışəngə barıt qoyarlar, indi də göyə fışəng atırsınız. 
- Lap böyük fışənglər atılır, içində maşın, cihaz, adam da gedir. 
Bizim alimlər indi elə maşın çıxardırlar ki, doğrudan möcüzə. 
- Qız deyir, təyyarəçi oğlan fışəngə oturub göyə gedib. Deyirəm, bəsdi-
bəsdi! Ağlın olsun, asi-asi danışma. Qız durub məni başa saldı ki, indi göy 
aləminə belə deyirlər. Mars belə getdi. Nə bilim, ay qardaş, bu qız 
göylərdən, ulduzlardan şeylər danışır, quruyub qalırsan. 
Deyirəm, qızım, sən yerdə, skamyada otura-otura, göydən nə  xəbər 
bildin?! Deyir yox, alimlər göydə  nə var öyrənirlər. Fişəng atıb  şəkil 
çəkirlər. Göyün altını da görüb götürüblər, üstünü də. Vallahı, Ehtiram 
bayram günlərində burada şeylər danışdı ki, daha nə deyim?! 
- Səltənət xanım, Ehtiram oxumuş qızdır, mövhumat, xəyalat danışmır, 
elm danışır. Bu saat bütün dünya göyə gedib-gələn təyyarəçi igiddən 
danışır. Eşitməmiş olmazsan: Qaqarin. 
- Bəli, radiolardan eşitmişəm. Şəklini də görmüşəm. Ailəsi ilə bir yerdə. 
Ehtiram gətirmişdi, bütün qonum-qonşu baxıb. Bir boylu-buxunlu, igid 
oğlandı, sağ olsun! 
- Qaqarin saat yarım ərzində yeri də fırlanıb, göyün də iqlimini, havasını 
öyrənib gəlib. Bütün dünya onun möcüz kimi sifətinə heyrandır! 
- Hə, Ehtiram deyir guya göydə  dəmir də, daş da yarpaq kimi yüngül 
olub uçur. Lap mat-məəttəl qalmışam. 
- Göydə  təəccüblü  şeylər çoxdur. Qaqarinin səfərindən sonra təzə 
kitablar bağlanır, mühazirələr oxunur, şəkillər çəkilir. Səltənət xanım, 
  

175 
 
siz gəlin nəvənizin sözünü qürbətə salmayın, o, boş söz danışmır. Kitab-zad 
necə, oxuyursunuz, ya yox? 
- Gecə kursunu çoxdan qurtarmışam. Başım kolxoz işinə, nəvə-nəticəyə 
qarışandan sonra daha kitab oxuya bilmirəm. Allah sizinkiləri də saxlasın, 
uşaqlar oxuyub, danışırlar. Şükür, radiomuz-zadımız var. 
- Ehtiram kimi nəvəsi olanın gərək heç nə yadından çıxmasın: nə kitab, 
nə qəzet! 
- Ehtiram çox şeylər danışır, mənim ağlım bir şey kəsmir, qocalmışam. 
- Kəsər, kəsər, Ehtiram ağıllı-kamallı  qızdır. Sənə bir şey deyəcəyəm, 
bilmirəm inanarsan, ya yox. 
Səltənət təəccüblə üzünüzə baxır və güman edir ki, siz də  nəvəsi kimi 
onunla deyişməyə hazırlaşırsınız. Özünü ciddiləşdirib soruşur: 
- Nə deyecəksiniz? 
- Onu deyəcəyəm ki, Ehtiram bizim öz institutumuzda oxuyur. 
- Yox canım! Yalan olar, qardaş! 
- Yalanı-zadı yoxdur, Ehtiram mənim öz tələbəmdir. 
- Düzünü deyin, qardaş. Ona siz dərs verirsiniz? 
- Ehtiramı dağlara, briqadalarda elmi təcrübəyə göndərən mən özüm 
olmuşam. Əgər günah bilirsənsə, onu danlama, məni danla, Səltənət xala!.. 
Səltənət xala əvvəl dediklərinizə inanmaq istəməsə də, Ehtiramın işini, 
dərsini, təcrübəsini, vaxtın yeri ilə, yurdu ilə deyəndən sonra inanmağa 
məcbur olur və yarıfərəh, yarısual deyir: 
- Qardaş, deyəsən sizi bura göndərən var axı? 
- Var, bəli! 
- Deyirəm axı! 
Səltənət lap özünü yığışdırır, ev-eşiyə göz gəzdirir, balaca qızı səsləyir, 
elçi qarşılayan analar kimi təşvişə düşür, ciddiləşir: 
- Qız, xörək-zad hazırlayın, qonaqlar acdır. Bəs, a qadan alım, kim 
göndərib sizi?! 
- Bizi də Ehtiramı  təcrübəyə göndərən institut göndərib. Göndərib ki, 
tələbələrin işləri ilə tanış olaq, onlara kömək edək. Səfərimiz  Şuşayadır! 
- Ehtiramın yanına gedirsiniz. 
- Bəli, onun briqadasına baş çəkəcəyik. Sözündən-sovundan? 
  

176 
 
Səltənət mətbəxə qaçdı. 
- Qıza bir balaca ev xörəyindən-zaddan, yazbaşı  ağartıdan, həyətdən 
dərilən göyərtidən, tərəvəzdən... 
- Şuşada nə çoxdur belə şeylər... 
- Yox, evin əvəzini verməz, qardaş, zəhmətini çəkin! Bir balaca əmanət 
aparın! 
- Gözümüz üstə! 
- Yəqin Ehtiramı görəcəksiniz? 
- Axşam onun yanındayıq. 
- Çox-çox salam-dua. Sizin yanınızda da bilmədim; artıq-əskik 
danışdım. Qardaş, qıza deməyin, utanar. 
-  Əksinə, qıza təşəkkür edəcəyəm ki, nə yaxşı dilavər, qonaqpərəst, iş 
bilən nənən var! 
- Yox canım, cavan vaxtımda qonaqpərəstliyim bişirib-düşürməyim var 
idi. İndi daha canım zəifdir, qardaş, yetirə bilmirəm. 
- İgid-igid nəvələr böyüdənin ürəyi dağ kimi olar, necə ki, görürəm. 
Bir zəiflik yoxdur. 
Səltənət xanım həm iftixar, həm də xəcalət hissi ilə başını tərpədib sanki 
təsdiq edirdi. 
Dağda, kəşfıyyat işində çalışan qıza, Ağsu təsadüfünü danışanda 
inanmaq istəmədi. 
- Nənəm elə şeyləri qonağa danışmaz. 
- Necə danışmaz, nənən Nəbinin Həcəri kimi qadındı, qonaqlara macal 
vermirdi. 
- Görünür, sizi tanımayıb. 
- Tanımadığı üçün də sərbəst danışdı. 
- Eyib olub! 
- Eyib-zad deyil, açıq danışmağı bizə  ləzzət verdi. Ancaq sən gərək 
onunla məşğul olasan, köhnə, mövhumi təsəvvürlərini dağıdasan, elmdən, 
məktəbdən, yeni həyatdan elə danışasan ki, həm maraqlana, həm də inana!.. 
- Günün tutulmasına hisli şüşə ilə baxdıranda gözləri bərəlir, hey suallar 
verir. 
- Elə olacaq. Bir dəfə maraq oyandımı, əl çəkməyəcək... Şifahi təbliğat 
bəs nədi, buna deyirlər də! 
1961 
  

177 
 
1   ...   9   10   11   12   13   14   15   16   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə