Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə9/24
tarix02.12.2016
ölçüsü2.8 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

 
GƏRƏK OLAR 
 
Elə düşüb ki, qonşum işdən gələndə  mən işə gedirəm. O, gündüzlər 
işləyir, mən axşamlar. O, zavodların birində mühəndis, mən də məktəblərin 
birində müəlliməm. Doğrudur, qonşuluğumuzun on beş ildən artıq tarixi 
var, ancaq Mürsəllə yaxın  əlaqəmiz, get-gəlimiz yoxdur. Demək olar ki, 
bizim tanışlıq və ya dostluğumuz qonşuluqla başlanır və qonşuluqla bitir. 
İlk dəfə  mən onu müharibədən  əvvəl küçəmizdəki on bir nömrəli evə 
köçəndə görüb təbrik etmişəm. O da mənə ya qapıda rast gəlir, salamlaşır, 
ya ümumşəhər yığıncaqlarında görüşüb  əhvallaşırıq. Yaxın münasibətimiz 
olmadığından bizim əhvallaşmağımız da dilucu və rəsmi olur. Söhbətimiz, 
bir-biri ilə o qədər də maraqlanmayan, ancaq qəbul olunmuş  nəzakət 
qaydalarına riayət üçün edilən və  qəlib  şəklinə düşmüş müxtəsər və 
mülayim sual-cavabdan ibarət olur: 
- Salam! 
- Əleykəssalam! 
  
  

113 
 
- Necəsiniz? 
- Sağ olun, duaçı varıq. Siz necəsiniz? 
- Çox sağ olun! 
- Ayrı nə var, nə yox. 
- Sağlığınız. 
- Havalar da pis deyil. 
- Bəli xoş keçir. 
- Daha nə var, nə yox? 
- Daha səlamətlik, bu yana tələsirəm. 
-Di hələlik! 
- Xoş getdiniz! 
Deyə bilərəm ki, bu mükalimə Mürsəllə mənim aramda, yalan olmasın, 
hər görüşdə  təkrar olunur. Bəzən bir-iki kəlmə o yan-bu yana olsa da, 
məzmun dəyişmir. 
Bəs nə üçün biz söhbəti dərinləşdirmir, ya uzatmınq. Bəlkə bizim bir-
birimizlə danışmağa sözümüz yoxdur. 
Belə deyil, danışmağa söz var. 
Bəlkə işə tələsirik, bundan artıq dayanmağa vaxtımız olmur. 
Belə  də deyil. Ürəyin istəyən adamla danışmağa,  əhvallaşmağa vaxt 
tapılar. Axşam işi də ki, ləğv olunub. 
Bəlkə bir-birimizi istəmirik, yaxınlıq etməyə meylimiz yoxdur. 
Bunu da deyə bilmərəm. Çünki Mürşəl mənim üçün həm qonşu, həm də 
yaxşı bir mütəxəssisdir. Mənim texnika sahəsində çalışan mütəxəssislərin 
işinə və söhbətinə meylim, marağım çoxdur. Ola bilər ki, Mürsəlin məndən 
acığı gəlir, xoşlanmır. Haqqı danışmaq lazımdır, bunu mən hiss etməmişəm, 
kişiyə şər ata bilmərəm. 
Soruşacaqsınız ki, yaxşı, bəs sizin aranıza daş  dığırlayan kimdir. Niyə 
yaxınlaşmırsınız. 
Bunun səbəbini,  əslinə baxsan, özüm də yaxşı bilmirəm. Ancaq son 
zamanlar Mürsəllə mənim aramızdakı bu sərinlik birdən-birə gözlənmədən 
çəkildi. Buna da səbəb bir hadisə oldu ki, bu hekayədə onu sizə danışmaq 
istəyirəm. 
Mürsəl orta yaşlı, boydan uca, candan sağlam, xoşsifət, ağbəniz, 
qalınqaş bir kişidir. Mən qapıdan çıxıb trolleybus ayağına yönəlməkdə, 
Mürsəl də trolleybusdan düşüb on bir nömrəli evin daş pilləkənlərinə tərəf 
gəlməkdə. 
Onu da deyim ki, Mürsəlin qazancı yaxşıdır. Çox yaxşıdır. Bunu mən 
nədən bilirəm. Əlbəttə ki, onun idarəsindən, vəzifəsindən, həm- 
  
  

114 
 
karlar ittifaqı kitabçasından xəbərim yoxdur. Ondan bilirəm ki, Mürsəl 
işdən evə qayıdanda  əlidolu gəlir. Gözümlə görmüşəm. Xüsusən hər il, 
hökumət qərarilə mallar ucuzlaşandan sonra, Mürsəlin bazarlığı çox olur. O, 
qoltuğu dolu, tər basmış bir halda özünü evə salır. Qapını ayağı ilə açır. 
Mürsəlin aldığı ərzaq şeyləri ilə işim yoxdur. Məni maraqlandıran bu olub 
ki, Mürsəl nə olsa (bahalı, ucuzlu, böyük, xırda) küçə qapısında açıb tökür, 
sanki bazarlığını qonum-qonşuya, yoldan ötənlərə göstərmək istəyir. 
Deyəsən kişi bunu şöhrət bilir, bundan zövq alır. Görürsən qapıya yetişən 
kimi əlindəki iri qutunun kəndirini qırdı, ağzını açdı, oradan bir parıldayan 
elektrik çayniki, stol lampası, ya uşaq kino cihazı, ventilyator çıxartdı; 
qutunu kağızları ilə qapıda qoyub içəri getdi. Ya görürsən çəkmə, papaq, üst 
köynəyi, yazı cihazı, stol saatı... Bunların da kağızını açıb tökəndən sonra 
içəriyə apardı. 
Doğrusu, qonşumun bu xasiyyəti mənə qəribə gəlmişdi. Çünki belə bir 
hərəkət, yəni aldığı  şeyləri camaat qabağında açıb tökmək, hamıya 
göstərmək, mənim fikrimcə, yaxşı deyil. Buna görməmişlik deyərlər. 
Dünyada  əlbəttə ki, elə adamlar da var. Elə adamlar var ki, təzə 
paltosunu, kostyumunu göstərmək üçün şəhəri küçə-küçə  gəzir, 
qaranlıqlaşana qədər gəzir. Yorulub dildən düşsə də, gəzir. 
Nədənsə  mənə elə  gəlirdi ki, bu xasiyyət Mürsələ yaraşmır, heç 
yaraşmır. Bir adam gəlib qonşum haqqında bunları danışsaydı, mən 
inanmazdım və o adamı bəlkə də bir az danlardım. 
İndi bunları  mən öz gözümlə görürəm. Mürsəl içəri girəndə qapıda 
qoyub getdiyi, kənara atdığı cürbəcür biçimli, markalı  rəngli qutuları, iri 
qalın kağızları, bağlama kəndirlərini öz gözümlə görürəm, yenə də gözümə 
inanmağım gəlmir. Ona görə inanmağım gəlmir ki, belə bir "görməmişliyi", 
ya "şöhrətpərəstliyi" Mürsələ yaraşdıra bilmirəm. 
Deyirlər, söz adamın ürəyini dələr. Günün birində  qət etdim ki, bu işi 
hökmən qonşumun nəzərinə çatdıracağam. Acığı da gəlsə deyəcəyəm. Qoy 
bilsin ki, kənardan baxanlar danışırlar, onun bu xasiyyətinə yaxşı demirlər. 
Qoy bilsin ki, bazardan bol-bol ev ləvazimatı, sənaye malları alan minlərlə 
adam var. Amma heç kəs aldığını küçədə açıb elan etmir. Bu, mədəni 
adama yaraşan xasiyyət deyil. Bu, adamı hörmətdən salar. 
Söz vaxtına çəkər. Aprelin əvvəlləri idi. Saat beş, ya altı olardı. Evdən 
çıxıb trolleybusa tərəf gedirdim. Mürsəlin yenə, öz qaydasında 
  

115 
 
qapıda bir bağlamanı, kub şəklində, yaraşıqlı və üstü yazılı qutunu açdığını, 
içindən çıxartdığı uzun büllur vazaların kağızını soyub tökdüyünü gördüm. 
O, işarə ilə mənə salam verdi. Vazaları qucağına alıb içəri gedəndə mən onu 
haqladım. 
- Mübarəkdir, büllur almışsınız! - dedim. 
- Bəli, güldanlardan xoşum gəlir. 
Mürsəl mənim ötəcəyimi güman edirdi. Mən isə  səsimin ahəngini bir 
qədər dəyişdim: 
- Qonşu, sizə bir söz deyəcəyəm, gərək acığınız tutmasın. Ya ərk bilin, 
ya də özünütənqid sayın. Çoxdan ürəyimdə gəzən bir sözü sizə deməyi qət 
etmişəm. 
Mürsəl gözləmədiyi bir söhbətə müntəzir, həm də xeyli maraq etdiyini 
gizlədə bilməyən bir tövrlə dayandı. Sonra qolumdan tutub içəri çağırdı: 
- Buyurun, buyurun! Acığım tutmaz. Yaxşı  məsləhətinizi eşitməyə 
hazıram. İllah da ki, siz kimi bir müəllim yoldaşdan ola. 
- Qonşu, görürəm siz doğrudan da əsil qaygikeş, ailəcanlı bir 
yoldaşsınız. Mən hər dəfə sizi qoltuğu dolu görəndə sevinirəm. Sevinirəm 
ki, bizim yaxşı ziyalılarımız bütün sevinc və şənliklərini, bayramlarını məhz 
ailələri ilə birlikdə keçirirlər. Amma bir şey mənə qaranlıqdır ki, onu 
sizinlə, elə-belə sual şəklində məsləhətləşmək pis olmaz. 
Mənim sözüm, deyəsən Mürsəldə maraq oyatmışdır. O, müntəzir 
gözlərini diqqətlə  mənə zilləmişdi. Mətləbi hara gətirəcəyimi aramsız 
gözləyirdi. Mən tənqidimə sual rəngi verdim: 
- Bu ki siz aldığınız  şeyləri qapıda hər dəfə açıb tökür, qutudan, 
qəzetdən çıxanrsınız ha, doğrusu, bunun mənası mənə bir qədər aydın deyil 
axı.  Şükür, sizin gözəl eviniz, otaqlarınız, ailəniz. Nə olar ki, aldıqlarınızı 
açmamış evə  gətirəsiniz. Evdəkilərin özü də bir az maraqlanar, sonra 
mübarək deyərlər. Mən görürəm ki, siz bazarlığı,  şübhəli sovqat kimi, lap 
qapı  ağzında açırsınız, hamının gözü qabağında! Uşaqlar buradan həmişə 
qutu daşıyırlar. Bir dəfə ananızın onlara acıqlandığını da eşitmişəm... 
Mən illərdən bəri ürəyimdə bir ağrı kimi yatıb qalan və qaldıqca 
ağırlaşan bu sözləri dedikcə, bir yüngüllük, rahatlıq duyurdum. Mənə elə 
gəlirdi ki, haçandan bəri zehnimə yüklənən bu ağırlıqdan indicə 
qurtarmışam. Qəddimi düzəldib  ətrafıma bir baxdım. Mürsəllə daha 
müfəssəl danışa bilərdim. Ancaq buna ehtiyac görmədim. Çünki mənim 
  

116 
 
ilk işarəmin hərifə kifayət etdiyi məlum idi. Mürsəl qucağındakı vazaları 
ehmallıca taxtın üstünə qoyub fikirli-fikirli mənə baxır, daha nələr 
deyəcəyimi gözləyirdi. Mən isə əlavə bir söz deyəsi deyildim. Çünki oxum 
lap hədəfə  dəymişdi. Qonşum rəngdən-rəngə düşürdü. Mənim susduğumu 
yəqin edəndən sonra göz qapaqlarmı  aşağı endirir, yerə, lap çəkmələrinin 
ucuna baxırdı. O, çətin suallara tutulan hazırlıqsız bir məktəbli vəziyyəti 
almışdı. Başını qaldırıb xoş bir nəzərlə dedi: 
- Qonşu, gəl bu söhbəti ayrı vaxta qoyaq. Görürəm siz işə tələsirsiniz. 
- Nə eybi var. 
- Mən zəhmət verib sizi çağıracağam. Ərkim çatarmı? 
- Xoşdur, xoşdur. 
Mürsəl doğrudan da məni çağırdı. Mətləbi açıb danışdı. Budur mən 
onun dediklərini onun öz sözü ilə sizə danışıram: 
"Mənim anamda köhnədənqalma bir xasiyyət var. O, çox yığımcıl 
qadındır.  Əlinə keçən bir çöpü, mismarı, bir taxta parçasını, konserv 
qutusunu götürüb evə gətirər ki, "gərək olar". Bizim evdə olan qutu, karton, 
kağız, köhnə paltar, çəkmə, qaloş, qalstuk, stul qıçı, butulka, dərman şüşəsi, 
çatdaq boşqab, qırıq nəlbəki, xarab lampoçka, yazılı  uşaq dəftəri, sınıq 
qələm, sökük zənbil... heç kəsin evində yoxdur. Yalan olmasın, anamın 
bəlkə lap gəlinlik günlərində geyib dağıtdığı başmaqları, parça-parça etdiyi 
koftalar da evimizdə, sandıqların, yeşiklərin hansı küncündəsə durur. Mən 
hərdən cəsarət edib onları atmaq istəyəndə anam acıqlanır: 
- Sənə bir maneçiliyi yoxdur ki! 
- Axı bu zir-zibili niyə  rədd eləmirsən ki, əl-ayaq açılsın, yer 
genişlənsin. 
- Bunlar hamısı gərək olur. 
Bəzən mən lap hövsələdən çıxıram, evi ütil daxmasına oxşadan bu 
qadınla az qalıram bir yad kimi reftar edəm. Anam mənalı-mənalı üzümə 
baxır. Sonra başımı sığallayır. 
- Oğul, - deyir, - ev-eşik yığmaq asan deyil. Sən hələ  uşaqsan, hələ 
dabanınla qapı açmamışsan. Sən bilmirsən ki, adam hər bir mismar üçün, 
bir iynə, bir şüşə üçün məəttəl qalır. Adam öz şeyinin qədrini bilər! Nə olar 
köhnə olanda. Köhnənin köhnə, sınığın sınıq yeri 
  
 
  

117 
 
var, təzənin də təzə. Niyə atıram, dəli-zad olmamışam ki, malımı çölə atam! 
Bir kənarda durub, məndən kira-zad istəmir ki, təzə  nəlbəkini qonaq 
qabağına qoyaram, ucuzunda özüm çay içərəm, köhnəsini də bağda 
işlədərəm... 
Mən görürəm ki, qadın lap dağılıb heçə döndərdiyi paltarından da əl 
çəkmir. O, bunlarla sanki qırılmaz bir ünsiyyət bağlamışdır. Sanki onun 
nəyi isə qiymətli bir şeyi bunlara bağlıdır.  O,  bu  paltar,  ya  ayaqqabıda 
keçirtdiyi günlərdən, ömrünün ötüb gedən günlərindən ayrılmaq istəmir. 
Qadının qəribə xasiyyəti var. Haçandan qalma köhnə qalstukları  səliqə ilə 
yığıb saxlayır, yumurta bişirmək üçün aldığım təzə tayqulpa qıymır, 
konserv qutusunda bişirir. 
Mən özümü saxlaya bilmirəm. Hirslənirəm, qutunu götürüb küçəyə 
atıram. 
O mənim əsəbi vəziyyətimi görüb heç nə demir. Sakit görünür. Ancaq 
bir dəqiqə keçmədən xəlvəti oğurlanıb küçəyə getdiyini, qutunu götürüb 
ətəyinin altında gətirdiyini duyuram. O, bu qutunu gizlədib qiymətli  şey 
kimi qoruyur. 
Mən belə bir naxoşluğa tutulan adamın müalicəsini bilmirəm.  Əlacım 
ona qalıb ki, bundan sonra evə qutu-qapaq gətirməyim. Qət etmişəm ki, evə 
alınan  şeylərin qutusunu, kağızını, kəndirini qapıdaca redd edim ki, ev 
zibilxanaya dönməsin". 
Danışdıqlarından yüngüllük duymuş kimi Mürsəlin rəngi açıldı. O, bir 
qədər sükutdan sonra davam etdi: 
- Sizi təəccübləndirən işlərim də ancaq bunun üçündür, yoxsa mənim də 
şöhrətpərəstdən zəhləm gedər. 
Mürsəlgilin ailə sirrini biləndən sonra məni heyrət götürdü: 
- Bəlkə, - dedim, - qadının bu xasiyyəti irsidir, nəsildən gəlmədir. 
- Necə irsidir ki, bu yazıq heç ata-ana görməyib,  əmisinin evində 
qulluqçü böyüyüb. 
- Yəqin, əmisi yaxşı saxlamırmış. 
- Bəli, ona öz uşaqlarının köhnəsini geydirirmiş. 
- Daha sən qadını niyə qınayırsan. Uşaqlıqdan həsrət gözü var. Mürsəl 
güldü: 
- Uşaqlıq yaşından qırx il keçir. Çobanlar gəlib alim olub. İndi ki, həsrət 
deyil! İndi onun nəyi çatışmır. Görmür ki, mənim bütün qazancım evə, onun 
əlinə gəlir... 
  
 
  
 

118 
 
- Adəti unutmaq naxoşluğuna səbəb olur. 
O köhnə məsəldir. 
- Anan da köhnə adam deyilmi. 
Hər ikimiz çox danışandan sonra qadının köhnə azarına müalicə tədbiri 
düşündük. 
Mürsəl bu yaxınlarda təzə evə köçməli idi. Güman edirdi ki, "anamın 
barxanasını da qoyub gedirik". Ancaq qadın deyəsən, bunu duymuşdu. 
Düyünçələrini bir-bir sahmanlayıb yığırdı: "Orada, deyirdi, - mənə otaqdan-
zaddan verərsən, öz şeylərimi yığım, əl-ayağa dolaşmasın..." 
Mən Mürsələ bir məsləhət gördüm: "Elə vaxtda köçməlisən ki, anan 
şəhərdə olmasın!" Mürsəl bu tədbiri xoşladı  və  əməl etdi: avqustun 
ortalarında qadın bağda olan zaman uşaqları futbola gətirmək məqsədilə 
şəhərə gəldi. Həmin günün səhəri, tezdən də köçdü. 
Ancaq köçəndə iki yük maşını çağırtdı: biri ev əşyasını təzə evə aparırdı, 
o biri də lüzumsuz şeyləri şəhər kənarına atmağa aparırdı. 
Köçəndən bir həftə sonra anasını maşına qoyub təzə otaqlara gətirmişdi. 
O, parket döşəməsi parıldayan geniş, işıqlı otaqları  gəzdikcə "pəh-pəh, - 
deyirdi, - oğul, sağlığına qismət olsun!" 
Otaqları gəzdikcə gözü nəyi isə axtarırdı: - "Hanı bəs mənim şeylərim. 
Hara yığmışsınız onları". 
- Hansı şeylərini. 
- Köhnə pal-paltarımı, dür-düyünçəmi! 
- Odur, sandığında! 
- Sandıq o qədər şey tutmazdı, köhnələri deyirəm! 
- Köhnələri köhnə evdə qoyduq. 
- Ədə, boş danışma, şeyləri göstər. Kağız qutunu görmürəm! 
- Ana, o şeyləri buraya gətirmək olardımı. 
Qadın birbaş köhnə evə cumdu. Evi bağlı gördü, sahibi bağda idi. Bir 
müddət qadin dabanlarını çəkib köhnə evə ayaq döydü. Axırda təngə gəlib 
yerində oturdu. Dilindən düşməyən bircə şikayəti bu idi: 
- Köhnə evdə mənim çox şeyim getdi. Mənə çox ağır oturdu... 
Oğul da deyirdi: 
- Düz deyirsən, ana, o ev səndən çox şey apardı. Amma yaxşı ki, apardı, 
səni yüngüllətdi. 
1953 
  
 
  

119 
 
ÖZÜNDƏN NAXOŞ 
 
Людей одиноких по натуре, которые как  
рак-отщелник или улитка, стараются уйти  
в свою скорлупу, их на этом свете немало.  
 
Антон Чехов 
 
 
- Naxoş-maxoş bilmirəm. Kim getməsə, məsələsini ümumi iclasa 
qoyacagam. 
- Bu nə danışır e! 
Mirzə  Əsgər Abasəlinin dalınca baxa-baxa qaldı. "Ümumi iclasa 
qoyacağam!" sözlərini zehnində təkrar etdi, vahiməsi bir az da artdı. 
Mirzə  Əsgər Abasəlini yaxşı tanıyırdı. Bilirdi ki, dediyini eləyəndir. 
Onun adını evdə söyüşlə çəkəndə arvadı soruşurdu: 
- Necə adamdır o. 
- Əvvəla, demaqoqdur, lap yekəsindən. İkincisi, nanəcibdir. Üçüncüsü, 
həyasızdır. Dördüncüsü... 
Arvadı onun sözünü kəsdi: 
- Sayma, bəsdir, həyasızdan nə desən çıxar. 
Abasəli trestdə yerli komitə  sədri idi. Keçən həftə  qərara alınmışdı ki, 
istirahət günü bütün işçilər yığışıb stansiyaya getsinlər, vaqonlardan tökülən 
taxta dirəyi maşınlara yükləməkdə vağzal fəhlələrinə kömək etsinlər. Tikinti 
materialı o qədər tökülmüşdü ki, yığıb-yığışdırmaq üçün kollektivin bu 
qərarı elan olunanda Mirzə Əsgər adəti üzrə etirazını bildirdi: 
- Əlbəttə ki, iməciliyə getmək məsələsində naxoşlar nəzərə alınmalıdır! 
Bu söz Abasəlinin qulağına çatanda cin başına vurdu. "Belə de xeyrə-
şərə yaramaz adam olarmı" - deyə düşündü və üzünü hesabdarın otağına 
tutub ucadan dedi: 
- Naxoş-maxoş bilmirəm. Kim getməsə, məsələsini ümumi iclasa 
qoyacağam! 
 
* * * 
 
Mirzə Əsgər iyirmi ildi trestdə hesabdar vəzifəsində çalışırdı. Bu iyirmi 
il müddətində bir gün olmayıb ki, o, başını qaldırıb desin. "Bu gün kefim 
sazdır, yaxşıyam!" Onu həmişə səhhətdən şikayət edən, 

120 
 
boyun-başını tutub ufuldayan görərsiniz. Biri baş  ağrısından danışanda 
Mirzə Əsgər şərik olardı: "Mənim başımın ağrısı kəsmir". Biri ürəkdən, bir 
başqası  mədədən şikayətləndimi, Mirzə Əsgər qələmi yerə qoyar, çeşməyi 
çıxarar və deyərdi: 
   -Siz,  deyəsən mənim naxoşluğumdan xəbər verirsiniz. O şeylər məndə 
artıqlaması ilə baş verir. Dərman atmaqdan yorulmuşam. 
Mirzə Əsgər həyatında çox ehtiyatlıdır. Yeməyinin, istirahətinin vaxtını 
keçirməz. Az qala özü yaşda bir stəkanı, qalaylanmış qaşığı, qəlyanaltı üçün 
ayırdığı xüsusi bir yeşiyi var. O yeşikdən butulka ilə qaynanmış su, 
kəklikotu, aspirin, cürbəcür vitaminlər çıxar. 
"Qrip" sözünü yazanda dəsmalla ağzını tutar, səhər-axşam qoltuğuna 
termometr qoyub, hərarətini yoxlayar. 
Bir dəfə tramvayda evinə gedəndə yanında oturan bir xanım şübhələndi. 
- Yoldaş, - dedi, - sumkanızda toyuq var, nədi. 
- Xeyr, mənim sumkam boşdur, bazara getməmişəm. 
- Bəs bu qurultu səsi nədir ki, mən eşidirəm. Mirzə Əsgər başa saldı: 
- Qoltuğumda qrelka var. Ağrını kəsmək üçün məsləhət görüblər. 
Tramvay tərpənəndə zəhrimar yırğalanır. Suyun səsidir! 
Axşamlar istirahət vaxtı adamlar kinoya, teatra, stadiona gedəndə Mirzə 
Əsgər çarpayısında uzanıb özünü yoxlayardı. Uzunmüddətli və  ağır işdən 
sonra təmirə gəlmiş maşını usta necə yoxlayarsa, o da özünü eləcə diqqətlə 
yoxlayardı. Termometrdə bir şey görməyəndə, güzgü qabağına keçər, 
rənginə baxardı. Qoluna, qıçına nəzər salar, ağzını açıb boğazına baxar, "a" 
səsi çıxarardı. Evdəkilərin hamısının başına toplanmasını, onunla 
maraqlanmasını çox sevərdi. Qapı, pəncərənin düşməni idi. İstidə, küləkdə, 
qarda, yağışda evdən çıxmaq istəməzdi. Küçədə də kostyumunun boynunu 
qaldırar, belini əyər, divarların dibi ilə yeriyərdi. Çayı soyudub, suyu da 
qızdırıb içərdi. Vitamin yox idi ki, Mirzə  Əsgər onun kimyəvi tərkibini 
bilməsin, dadını yoxlamasın. Onun getmədiyi yaylaq qalmamışdı. Bağ 
qalmayıb ayaqlamasın, palata qalmayıb yatmasın, sanatoriya qalmayıb 
yaşamasın. Putyovkalar elə tez-tez yazılıb möhürlənərdi ki, deyərdin bu 
yumru, yağlı gövdəli, çeşməkli kişinin vücuduna, allah eləməsin, bir 
sədəmə toxunsa, dünya alt-üst olar. Həkimlər də onu tanımışdılar. Diaqnoz 
qoymaq üçün çox əziyyət çəkirdilər. Daxili üzvlərin birini "şıltaqçı" yazar 
və soruşardılar. 
  
 

121 
 
- Gərək siz böyrəkdən şikayətli idiniz. 
- Doktor, indi mədəm də, ürəyim də şıltaqlıq edir. 
Mirzə  Əsgər istədiyi kurortlara gedirsə, hamısından da narazı  gələrdi. 
"Necə  şeydirsə, mənə düşmür - gün-gündən geri gedirəm" - deyə 
şikayətlənərdi. 
 
* * * 
 
İndi Abasəli də üzünü tutub belə bir adama deyirdi: - Naxoş-maxoş 
bilmirəm. 
Mirzə  Əsgər bu dəfə  məəttəl qalmışdı ki, getsin, ya getməsin. Güman 
edirdi ki, onu iməciliyə çağıranlar o qədər də nainsaf olmazlar. Onu taxta-
şalban daşımağa qoymazlar. Olsa-olsa ondan öz sənətindən istifadə edərlər. 
Orada da yazı-pozu, hesab-kitab var axı. Orada da görülən işin hesabını 
aparan lazımdır, ya yox! "Məni ancaq bu məqsədlə apara bilərlər, ayrı cürə 
olmaz" - deyə düşündü. 
Hərdən Mirzə  Əsgəri qəzəbli vahimə basırdı: "Həyasızdan nə desən 
çıxar! Qorxuram ümumi iclasa qoya, özü də lap pis danışa. Ona məndə tab 
hanı? Oradaca ürəyim gedər..." 
Bir də görürdün ki, Mirzə  Əsgər vücudunda qalan cəsarəti yığıb öz-
özünə belə düşünür: 
- Dəli şeytan deyir ki, gəl get! Qoy səni lap iməciliyə aparsınlar. Naxoş 
bədən də dözməsin, yıxılıb ölsün. Qanın tökülsün belələrinin - Abasəli kimi 
vicdansızların üstünə. Azı beş il həbs versinlər. Eybi yoxdur, mən qəbirdə 
yatanda o da getsin dustaqxanaların küncündə sürünsün! Dəli şeytan deyir 
ki, elə gəl get, qoy axır əncamı belə olsun! 
Səhər tezdən üstü örtülü avtobus gəlib evin qabağında dayandı. 
Abasəlinin səsi eşidildi: 
-  Sabahın xeyir, mirzə! Maşın sizi gözləyir! 
Avtobusun içindən deyib-gülmək səsi gəlirdi. Deyəsən adam çox idi, - 
deyəsən camaatın hamısı gedirdi. Mirzə Əsgər köynəkcək durub pəncərədən 
bir eşiyə baxdı, şikayətli bir dillə arvadına dedi: 
- Görürsən də! Bu da mənim istirahət günüm. 
- Kefin yoxdur, getmə! 
- Necə getməyim, görmürsən aləmi yığıb qapıya! Bu vicdansızlığın hələ 
hamısını görmürsən, bunlar hamısı mənim üçün qurulub, getməsəm bəyəm 
canım rahat olacaq. 
  

122 
 
Qəlyanaltısını, dərmanlarını, borjom butulkasını sumkaya yığınca, 
geyinib çıxınca bir xeyli vaxt çəkdi. Avtobusdan səs gəlirdi: 
- Ay mirzə, tez ol, gün-günorta oldu ki!.. 
Mirzə  Əsgərin  əlindən yapışıb içəriyə saldılar. Avtobus sürətlə yoluna 
davam etdi. Mirzə  Əsgər sağa-sola yırğalanaraq düşünürdü. "Necə eləyim 
ki, uçot işini mənə versinlər!" 
  
* * * 
  
 Stansiya tikinti ləvazimatı yol boyu dağ kimi tökülmüşdü. İdarələrdən 
səfərbərliyə alınmış dörd tonluq maşınlar nəfəs almadan dolub şəhərə 
yollanırdılar. 
Abasəli trest işçilərini sahələrə paylaşdıranda, hərəyə bir iş tapşıranda 
Mirzə Əsgər sevinirdi. Görürdü ki, bunu çağıran, taxta daşımağa göndərən 
yoxdur. "Deyəsən elə mənimki uçot olacaq" - deyə şadlanırdı. 
O, bu fıkirdə ikən Abasəli uzun bir dirəyin başından tutub çağırdı: 
- Mirzə, bura gəl, yapış, ataq maşına! 
Mirzə  Əsgərin gözü bərələ qaldı. "Onu götürməyə  məndə can hanı" - 
deyə həyəcanla düşündü: Abasəli macal vermədi: 
- Qolum düşdü, tez ol, ay mirzə! 
Mirzə  Əsgər istər-istəməz dirəyi götürməli oldu. Beş addımlıqda 
dayanan maşına aparanacan bəlkə ürəyində yüz dəfə Abasəliyə söydü. 
Dirəyi qoyandan sonra ona elə gəldi ki, bu saat yıxılıb özündən gedəcəkdir! 
Özünü yoxlamaq istəyirdi ki, Abasəlinin səsi eşidildi: 
- Mirzə, tez ol, bizim maşın geri qalır, biabır olarıq, yaxın gəl! 
Mirzə Əsgər dirəyin ikincisini, üçüncüsünü də götürüb maşına tullamalı 
oldu. 
Axşam yorğun, əzgin bir vəziyyətdə evə dönən kimi zarıldadı:  
- Arvad, mənim yerimi sal! Məndən bir də adam olmaz! Baisin evi 
yıxılsın! 
Yatağa uzanan kimi onu şirin yuxu apardı. Arvad onun qoltuğuna 
termometr qoydu. Nəbzini yoxladı. Bircə şeyə heyran idi ki, həmişə yuxuya 
həsrət olan, yuxusuzluqdan şikayətlənən adam, indi, deyəsən div yuxusuna 
getmişdir! 

123 
 
Neçə saatdan sonra Mirzə Əsgər yuxudan qalxdı, yemək stoluna yanaşıb 
tələb elədi: 
- Arvad, mənə yemək ver, yaman acmışam! 
Qadın kişisinin ömründə görmədiyi şirin bir iştahla xörək yediyini görüb 
sevindi. 
- Ay Mirzə, - dedi, - ağır iş  sənə düşüb, gəlsənə hesab-kitabı buraxıb, 
stansiyada iş götürəsən? 
 
1954 
  
 
İCLAS QURUSU 
 
 
Əncir qurusu, ərik qurusu, zoğal qurusu - bunlar çox olur, iclas qurusu 
isə tək-tək olur. 
Bir var ki, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu 
çəkən, həyat hisslərini itirən. 
İclas qurusunu siz tanıyırsınız. Adını bilməsəniz də, özünü yaxşı 
tanıyırsınız. Arıq bədənini qabağa  əyib, dizini bükərək sürətli addımlarla 
gedən adamı siz küçədə, idarə qapılarında, pilləkənlərdə çox görürsünüz. 
O haraya tələsir. İclasa! 
Qoltuğundakı boz, sürtülmüş qovluq səliqəsiz yığılmış kağız-kuğuzla 
doludur. 
Bunlar nədir. Protokol! O bütün ömrü boyu başı  aşağı, dünyadan 
bixəbər, qaşqabaqlı, sifəti bulud kimi tutulmuş, fikirli gəzir. 
Nəyi düşünür. Qərarı!.. 
İclas qurusu üçün gecənin-gündüzün, yazın-payızın, istinin-soyuğun, 
yerin-göyün heç bir fərqi,  əhəmiyyəti yoxdur. Suların səsindən, çiçəklərin 
ətrindən, quşların mahnısından, musiqidən, gülüşdən,  şənlikdən uzaq olan 
bu qaradinməz adamı görəndə kimisi heyrət edir, çoxunun da acığı gəlir. 
Güman etməyin ki, iclas qurusu ancaq ictimai yerlərdə belədir. Siz 
düşünürsünüz ki, evinə qayıdıb papağını  çıxardanda, arvadı, uşağı ilə 
görüşəndə iclas qurusunun halı  dəyişmiş olur, üzündə  işıq, dodağında 
təbəssüm doğur. 

124 
 
Yox! Səhv edirsiniz! O iradəli, prinsipli, müstəqim adamdır. Onun şəxsi 
ailə  həyatı özü də bir növ iclasdır. O, bir dəfə  qət etmişdir ki, iclas üçün 
yaranmışıq, başımız qərar hazırlamaq, barmaqlarımız protokol yazmaq
əllərimiz çəpik çalmaq, səsimiz çıxış etmək üçün bizə verilmişdir. Onun 
fıkrincə, bütün kainat da mühüm bir iclasdan sonra yaranmış və imzalanmış 
bir qərar üstündə dayanır.  İnanmırsan, başını qaldır göyə bax. Gör neçə 
milyonlarla ulduzlar sədrlik edən ayın başına toplanmışdır. Min illərdən bəri 
göydə elə qızğın iclas gedir ki, bəzən gurultusu yerdə qulaqlara düşür. 
İclas qurusu arvadı Meyransa ilə belə danışır: 
- Yoldaş Meyransa, təklif var ki, mənim corablarımı yuyub qurudasınız! 
Meyransa dinməyəndə o ayağa qalxır, qələmin küt ucunu stola döyüb 
danışır: 
- Cavab üçün söz verilir yoldaş Meyransaya! 
İclas qurusunun iclaslar, qərarlar, nitqlər içində keçən və asanlıqla 
keçməyən həyatı neçə dəfə ailədə də silkələnmişdir. 
On səkkiz il əvvəl Quru, axşam, iclasdan qayıdanda arvadını evdə 
görmədi. "Bu hansı iclasdadır gecənin bu vaxtında" - deyə ürəyində 
fıkirləşdi. Çox keçmədi qonşu qadın gəlib Qurunu təbrik etdi: 
- Quru 
qardaş, gözünüz aydın, bir yaxşı  qızımz oldu. Meyransa 
xanım xəstəxanada sizi gözləyir. 
Quru qadına nə muştuluq verdi, nə də cavab. Qəzəb və dəhşət yağan üzü 
bir az da qaraldı, gözündə ildırımlar oynadı: "Bu nəyə lazımdır. Görəsən bu 
barədə nə qərar olacaq. Eşidənlər nə deyəcəklər". 
Uşağı  bələyib evə  gətirdilər. Quru kağızlar aləmindən baş qaldırıb 
baxmadı da. Meyransa ərindən xahiş etdi ki, bir yaxşı ad tapsın.  İclas 
qurusu bu məsələni kluba iclasa keçirdi. Orada çox ad təklif olundu, ata razı 
olmadı, öz təklifində təkid etdi: 
- Məruzə! 
İclasdakılar qəhqəhə çəkib gülüşdülər və sonra çəpik çaldılar. 
Qızın adı qaldı Məruzə. 
Məruzə bəsləndi, Məruzə böyüdü. Məruzə oxumağa, nəhayət, diqqətləri 
cəlb etməyə başladı. 
Məruzəyə kitab, dəftər almaq lazım gələndə  İclas qurusu bütün 
rəsmiyyəti gözləyirdi. Əvvəlcə qız atasına ərizə yazırdı. Sonra ərizə 
 
 
  

125 
 
məktəbə, müəllimin təsdiqinə göndərilirdi. Daha sonra Meyransa qol 
çəkirdi. Nəhayət, İclas qurusu mağazindən kitab, dəftər alıb gətirir, qıza qol 
çəkdirəndən sonra siyahı ilə verir və vaxt qoyurdu. "Gələn ayın ikinci 
həftəsinin sonuna qədər", həmin siyahının bir surətini idarəyə, "nəzarət 
üçün" müdirə göndərir, bir üzünü də öz arxivində ehtiyat üçün saxlayırdı. 
Gələcəkdə yoxlasalar lazım olar. Məktəb müdiri bir neçə  dəfə  Məruzəyə 
demişdi: 
- Qızım, atanı çağır, vacib söz deyəcəyəm! 
Quru cavab vermişdi: 
- Mən iclasda olacağam! 
Qız böyüyəndən sonra İclas qurasunun başağrısı daha da artdı. Qızı çox 
yerdən istədilər. 
Elçilərin hamısına bir cavab verilirdi: 
- Anket 
doldurun, 
yoxlayıb baxarıq. 
Elçilər anket adını eşidib dağılışırdılar. 
Ancaq məhəbbətində sadiq blan Əsgər adlı bir şofer İclas qurusundan əl 
çəkmədi. Meyransa Əsgərlə qohum olmağa razı idi. Kişinin qılığına girmək 
istədi: 
- Kişi, Məruzəni istəyirlər axı. 
- Konkret danış, kim istəyir və hansı şərtlərlə. 
- Şofer Əsgər. 
- Ərizəsi yoxdur. 
- Bəs niyə havayı danışırsan? Meydanda nə  ərizə var, nə anket, nə 
zəmanət. Niyə bəs gəlib başımı ağrıdırsan? 
Meyransa xahiş ədası ilə dedi: 
- Bəlkə vaxt verəsən, iclasın olmayanda elçilər gəlsin, danışasınız. 
- Elçini neyləyirəm. Qız istəyən adam şəxsi işini, şəklini göndərsin, tanış 
olum, sonra müzakirə edib baxarıq. 
İclas qurusu oğlanın adını bir-iki dəfə  təkrar edib Meyransaya baxdı, 
başını buladı: 
- Adı köhnədir, çox köhnədir. Məruzəni almaq istəyənin adı Məruzəyə 
layiq olsun gərək! 
- Sən deyərsən dəyişər! 
İclas qurusu öz qərarını təkrar etdi: 
- Dedim şəxsi işini göndərsin, baxıb müzakirə edərik, artıq danışmaq 
lazım deyil! 
  

126 
 
Meyransa bir söz deməyib çıxdı. 
İclas qurusunun sözlərini  Əsgərə çatdırdılar.  Əsgər dedi: - Anketimi 
getsin idarədən öyrənsin, ancaq mən bu işin daha asan yolla həllini bilirəm. 
O özünü belə zəhmətlərə nahaq salıb. 
  
* * * 
 
Bu axşam İclas qurusu oturub protokolları sahmana salırdı. Meyransa da 
şkafı açıb təzə paltarlarını geyinirdi. Kişi başını qaldıranda arvadını ayrı bir 
həvəs, ayrı bir sevinclə, tələsə-tələsə geyinib-kecinən gördü. 
- Hara belə, ay arvad, - deyə təəccüblə soruşdu. 
- Heç, balaca iclasımız var! 
- Bəs Məruzə haradadır. 
- O da öz iclasına gedib, sənə də kağız göndərib. 
Meyransa stolun üstündəki kitabın altından  əl boyda bir kağız çıxarıb 
ərinə verdi: 
- Deyirsən, uşaqların qərarı var. Oxu gör necədir. 
İclas qurusu kağızı oxuyanda gözü kəlləsinə  çıxdı: - "Ata, biz çox 
müzakirə elədik, düşündük, daşındıq. Sizə  zəhmət vermədən ZAQS-a 
getdik. Sabah toyumuzdur, oğlan evində olacaq, iclasdan sonra vaxtın olsa, 
buyurub gələrsən. Qızın Məruzə." 
İclas qurusu daha da qurudu. Quru uzandı, dik ayağa qalxdı: 
- Nece, necə... Özbaşına qərar çıxarıblar... Bu qərarı kim təsdiq edib. 
Meyransa təmkinini və mülayimliyini pozmadan cavab verdi. 
- Gərək sən təsdiq edəsən də! 
İclas qurusu özündən çıxdı: 
- Mən onun anketini oxumamış, işini yoxlamamış, müzakirə etməmiş 
belə qərarı necə təsdiq edə bilərəm, bu nə intizamsızlıqdır... 
Meyransa çəkməsini ayağına çəkib son sözünü dedi: 
- Edərsən, etməzsən, özün bilərsən. Mən  Əsgərgildə toyda olacağam, 
evdən muğayat ol. Qapı-bacanı açıq qoyma! - Meyransa bunu dedi, qapını 
çırpıb çıxdı. 
Ev dəyirman daşı kimi İclas qurusunun başına dolandı. 
1954 
  
 
  

127 
 
1   ...   5   6   7   8   9   10   11   12   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə