Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə6/24
tarix02.12.2016
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   24

VƏTƏN YARALARI 
 
Səngərimdən çıxanda, üzgüçü suya atılan kimi, ön xəttin atəşinə 
atılmışdım. Nə gurultu, nə alov, nə də, sanki dəhşətləri örtmək istəyən toz, 
duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də 
mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və  kəsif üfüqlərinə 
bir bayraq kimi açılıb-örtülən alov da mənəm. Döyüş sürəti və hərarətində 
özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım 
hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə  sərildim. Sanki bir 
səs mənə deyirdi: "Bəsdir! Burax!" Lakin mən bunu eşitmək istəmirəm. 
Diqqətlə yaralarımı duymaq, özümə  gəlmək istəyirəm; bacarmıram.  İsti 
mayenin vücuduma axdığını  və axdıqca məni xoş  və sakit bir rahatlığa 
apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. Ayrılmaq istəmirəm. 
Görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin  əli iləsə 
gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım 
tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır, hava 
qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür, get-gedə kiçilir, 
sularda əriyib, yox olurlar. 
Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar: birisi həsrətlərini, 
birisi  əziyyətlərini, bəzisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən 
bunları  xəyalıma gətirmədim. Bəlkə  də buna görə bunları keçirə  də 
bilmədim. Mən gözümü açanda, özümü isti, təmiz və sakit bir otaqda, rahat 
yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü, 
gənc bir qızın tərimi sildiyini, su içirtmək istədiyini görəndən sonra duydum 
ki, həyata qayıdıram. Deyəsən məni bunlar, qalın kitabların mənası ilə 
silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğurulmuş qızlar qaytarırlar? 
Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissiz sükut aləmindən 
qayıdıram. 
Ürəyimdə bir şadlıq var: dodaqlarım qaçdı, üzülmüş, qanını itirmiş, dəri 
ilə sümükdən ibarət sifətimə ilk təbəssüm işığı düşdü. Sonra, hardansa məni 
bir düşüncə yaxaladı. Haraya qayıdıram? 15 il ömür keçirdiyim, 
doğulduğum, böyüdüyüm, yorulduğum, dincəldiyim, dərd çəkdiyim, 
sevindiyim həyata qayıdıram! Orada hələ görmədiyim nələr var? 
Bunu nə kitabda oxumuşam, nə həkimdən eşitmişəm. Amma mənə elə 
gəlir ki, xəstənin fiziki həyatından çox mənəvi həyatı var. Onu möhkəm 
addımlar, taqətli ayaqlar, bükülməz dizlər yox, zəif və zərif xəyalar aparır. 
Bu xəyallar bəlkə də sağlamlıq zamanında adamın 
  

73 
 
başına yol tapmır. Həyatın keşməkeşləri onlara növbə, yol, imkan vermir. 
İndi isə  əl-qolunu boş qoyub, yatağa uzanmış  bədən tamamamilə onların, 
qanadlı düşüncələrin ixtiyarındadır. Düşünürəm, görürəm ki, mən həyata 
azğın bir maraq üçün qayıtmıram, oynamağa gəlmirəm. Dolu süfrələr 
başında oturub yeməyə, qədəh sındırmağa, tərif deyib, tərif eşitməyə 
gəlmirəm. Məxmər stol dalında tabelərimin üstünə  qışqırmağa,  əmrlərə, 
fərmanlara qırmızı mürəkkəblə qol çəkməyə gəlmirəm. Nə qızlar, nə qayıq 
gəzintiləri, nə məzhəkədən qabaq başlayan, sonra da bitməyən qəhqəhələr... 
Məndə  qəribə bir arzu dinlənir: iki ömür istəyirəm.  İstəyirəm ki, ilk 
ömrüm - təcrübə  dərsi olsun; bu mürəkkəb dünyanı, qapalı adamları 
öyrənməyə sərf olunsun. İmtahandan çıxa bilsəm, mənə ikinci həqiqi ömür 
imkanı verilsin. Belə ömrün qədrini bilərəm. Mən yenidən bir körpə olum, 
anamın, o mehriban xilqətin qucağına atılım, isti nəvazişlərinə tutulum. 
Atamın sərin torpaq astanasında iməkləyim. Səsim gəlsin. Yıxıla-dura 
yeriyim, ağı qaradan, şirini acıdan, istini soyuqdan seçən, qayğısız körpəlik 
günləri başlasın... 
O günlər... məgər xəyal onları  gətirib yetirə bilərmi?.. Qapımızdan 
keçən su arxının başında oynardım, söyüd yarpaqlarından  əsən xəfif 
küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi... 
Hanı mənim tay-tuşum? Aşıq atan, top oynayan, gizlənqaç yoldaşlarım? 
Vuruşub-barışdığım, atıb-tutduğum, ayrılıb-birləşdiyim yaşıdlarım? 
Bax, bunlardan doymamışam. 
Ömrüm yüz gündürsə, doxsan doqquzunu yurdumda, torpağmda 
yaşamışam. Doymamışam. 
Nəyini deyim? Xoş saatları, əziz günləri, munis axşamları... 
Heç bir zaman bu xatirələr cəbhədəki qədər  şirin olmur. Əsgər onları 
arxada qoyub gəlmişdir. Onları qorumağa, onları  hədələyən təhlükəni yox 
etməyə gəlmişdir. 
Səhra xəstəxanasından arxaya göndərilməli olduğumu eşidib, 
yoldaşlarımdan ikisi yanıma gəlmişdi. Biri mənim yaşıdım, məktəb 
yoldaşım Nəsrəddin idi. Bizi universitetdən, tələbəlikdən çağırmışdılar. Onu 
görəndə həmişə məktəbli uşaqların kitab çantası yadima düşür. Nəsrəddinin 
belə yaraşıqlı bir çantası var idi. Özü də qayişla belinə bağlardı. Bəzən onun 
çantasından tutub çəkişdirərdik, ha dönmək istərdi ki, görsün kimdir, 
bacarmazdı.  İndi Nəsrəddin bizim komandirin köməkçisidir. Komandir 
sirrini ona deyir, bərk yerlərə onu özü ilə aparır. 
  

74 
 
İkincisini cəbhədə tanımışam. Kolayır kəndindəndir. Mina arvadın oğlu 
Lətifdir. Atası çoxdan ölüb. Anası  kənddə nümayəndə idi. Qadınlar 
yığıncaqlarında onu stol başında, ayaq üstə durub, açarı mürəkkəbqabına 
döyən, sükut istəyən görərdin. Yaraşmasa da, həmişə sədrlik etmək istərdi. 
Lətif anasına oxşamır. Başıaşağı, üzüyola oğlandır. İki yaş bizdən kiçik 
olduğu üçün yüngülayaqlıq edər. Hər işə gedər, bəzən suyumuzu, 
çörəyimizi də hazırlar? Yürüşlərdə, gecə istirahət  əmri veriləndə, bir də 
görərdin Lətif çəkməsinin dabanı ilə yeri döyür. O, torpağı hamarlayıb, üç 
adam üçün "yataq" düzəldərdi.  Əleyhqazlarımızı başımızın altına qoyub 
tirtap düşərdik. 
Bunlar mənim yanıma həm görüşə, həm sifarişə  gəlmişlər. Mənim nə 
danışmağa, nə  də  əsəblərimə toxunacaq bir xəbər almağıma icazə var idi. 
Mən bu səhra xəstəxanasında 7 gün ərzində  həkimdən başqa yalnız bir 
şəfqət bacısını görürdüm. Yanıma gələn, məni dindirən olmadığına 
darıxırdım. Ancaq onu da duyurdum ki, mənə yaxınlaşmaq istəyənləri 
şəfqət bacısı buraxmır. Bəzilərini qaytarır, bəzilərinə  də yalan satır ki, 
"xəstə yuxudadır". Bu dəfə  mən çadır örtüsünün dalından Nəsrəddinin 
üzünü gördüm. Dərhal bacının səsi gəldi: 
- Yoldaş əsgərlər, xəstə yuxudadır, oyada bilmərəm. Mən dözmədim: 
- Oyanmışam, - dedim, - bacı, burax gəlsin. 
Bunu dedim, sevindiyimdən dikəlmək, dirsəklənmək istədim. Çarpayıya 
sarındığım, ya ağrıdan qorxduğum üçün dikələ bilmədim. Başım, ümidsiz 
kimi, balışa yapışıb qaldı. 
Yoldaşlar bir üzü xətir, bir üzü zor-güc özlərini mənim yanıma saldılar. 
Bacı onlara yalvarırdı: 
- Həkim bilsə, mənim atamı yandırar. Aman günüdür, tez gedin! 
Nəsrəddin ona təsəlli verdi: 
- Tez, arxayın ol, tez gedəcəyik. Lətif dedi: 
- İki-üç dəqiqə, artıq yox. 
Çadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır, nə  də onun sözünü 
eşidirdi. Mənim alnımdan öpüb, zəif əlimi ovcunun içinə almış, illər ayrısı 
kimi, həsrətlə söhbətə başlamışdı... 
Onlar yaralarımdan sarı mənə təsəlli verirdilər: 
- Güllə yarası əti bişirir, tez sağalır. Anan dua eləyir, yaxşı ötüşmüşsən, 
on-on beş günə duracaqsan. 
  

75 
 
Mən ağrılardan şikayət edəndə Nəsrəddin bir ədib kimi cavab verdi: 
-  İnanıram, sən daha çox ağrı duyarsan. Həyatla dolu adamlara, bütün 
hissləri ilə mükəmməl həyat keçirən adamlara hər yara əzabdır. 
Sən yorulmuş qoca, ya çox şeylərdən  əl üzmüş  bədbin deyilsən. Qoca 
ağacların gövdəsini yarıb içində ocaq qalayırsan, halına təfavüt eləmir. 
Sağlam, ucaboylu qovaq ağaclarının gövdəsinə bir bıçaq vurulsa, o saat 
yaşardığını görərsən. Belə  ağacların həyatı sağlam gənclərin həyatı kimi 
mükəmməldir,  əsl həyatdır. Sən belə  gənclərdənsən. Ancaq onu da bil ki, 
bir neçə ay sonra qovaq ağacının bıçaq vurulan yerini möhkəmlənmiş, 
bərkimiş görərsən. Sağlıq olsa, sən həm müalicə olunacaq, həm 
dincələcəksən, həm də ki... 
Lətif Nəsrəddinin ürəyindən xəbər verdi: 
- Həm də ki, vətənə gedəcəksən. 
Bu sözü deyəndə onların hər ikisi qızardı, gülümsədi, mənim gözlərimə 
baxdı. Mən bunun mənasını yaxşı anlayırdım. Onlar on illərə bərabər olan 
bir neçə aylıq cəbhə  həyatından aldıqları duyğu və  təsəvvürlərini yaxın 
adamlarına çatdırmaq istəyirdilər. 
Bacı Nəsrəddinin qarşısında dayanıb, xahiş edirdi. Nəsrəddin isə gözünü 
məndən ayırmırdı: 
- Səndən, - deyirdi, - heç nə istəmirəm. Bizim evə get, mənim yazı 
stolumun başında otur, kitablarıma, kağızlarıma fikir ver, gör qoyub 
gəldiyim kimidirmi? Gör mənə kağız-zad yazan, itirib-axtaran olurmu? 
Küçəmizdən bir neçə  dəfə o yan-bu yana keç, anamın sözünü-sorğusunu 
qulağında yaxşı saxla. Səndən hər  şeyi təfsilatı ilə soruşacağam... 
Univərsitetə, bilirəm gedəcəksən. Uşaqlara bir-bir salam de. 
Mənim  əvəzimdə bir lektoriyada sükut içində otur. Bu gördüyün 
gurultuları orada xatırla. Yəqin mənim abunə vərəqim durur, onu bir al, bax 
gör kitabxanaçı deyirmi ki: "Bu oğlan niyə kitab götürmür?". 
Lətif  Nəsrəddinə macal vermədi: 
- Özün bilirsən də, nə deyim. Arvad eşitsə, birbaş yanına gələcək. 
Bu şəkli ver, deyinən nigaran olmasın. Bacarsan, bir bizim məktəbə dəy. 
Gör  Ədil müəllim oradadırmı? Gör yenə  dərslər qaydasındadırmı? 
Uşaqlarını yadına salırmı? Gedən kim, qalan kim? Mənim adresimi 
direktora, Ədil müəllimə ver, bəlkə məktub yazan oldu. 
Nəsrəddin bir şey xatırlamış kimi Lətifə mane oldu: 
- Get bizdə də bir-iki gün qal. Qoy anam da oğul səsi eşitsin. 
Yəqin hazırlıq görəcək. Nahardan sonra mənim tarımı al, tozunu sil, 
 
 
 

76 
 
bağrına bas, bir çargah başla. İnan ki, üstümə yüz topdan güllə yağsa da, 
mən burada çargahın səsini eşidəcəyəm... 
Lətif tapşırırdı: 
- Kəndə gələndə kövşənə, Dişli qaya tərəfə  çıx. Durnagözlü bulaqdan 
ovucla, mənim  əvəzimə iç. Yazdır. Otur, bir quşları dinlə. Gör onlar nə 
deyir: dünyanın bu işləri onların mahnısına kar eləyir, ya yox? Yaşıl 
yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər, nə desən 
taparsan. Yaş yarpaqları tök dəftərinin arasına, qurusunu bizə  gətir. 
Torpağın  ətrini oradan alarıq. Ax, o yerlər!.. Səcdəsinə düşmək, öpüb 
yalamaq, ürəyimi o torpağa, daşa sürtmək istəyirəm. 
Anama qabaqcadan heç nə yazmadım. Vağzalda düşüb yavaş-yavaş 
evimizə  gəlirdim. Anamı görməyə  tələsirdimsə  də, çoxdan ayrıldığım bu 
küçələri, yolları, bu məhrəm binaları, ağacları, hasarları diqqətlə  nəzərdən 
keçirmək həvəsi ilə yaşayırdım. Çalışırdım görüm nə  dəyişmişdir. Mənim 
qoyub getdiyim yerlərin nəyi və necə dəyişmişdir? Mənə elə gəlirdi ki, hər 
şey öz qaydasındadır. Yenə  də  həmin sentyabr axşamıdır.  Şəhərimiz 
möhkəm inam və etimadla ömrünü sürür. Uca çinarlar, yaşıl təpələr baş 
əyərək, cəbhədən gələn oğullarını salamlayır, cəbhəyə gedən oğullarına 
xeyir-dua verir. 
Anamı evdə tapmadım. Açarı bir-birimizə  bələdlədiyimiz yerdən 
götürdüm, qapını açıb, evdə rahatlandım. 
Bu evdə nə təzəlik var? 
Mənim əsgər şəklim stolun üstündədir. Məktublarım üst-üstə səliqə ilə 
qoyulmuşdur. Sanki anam bunları  hər gün oxuyur. Pəncərənin ağzında 
balaca və üzü bezlə tikilmiş bir qutu var. Yəqin etdim ki, anam yenə nəsə 
göndərir, istədim anamın cəbhə sovqatını açım, dəymədim. Kitab şkafının 
şüşələri tərtəmiz silinmişdi. Gələn qəzet və jurnallar sahmanla şkafın bir 
gözünə  yığılmışdı. Anladım ki, anam bunları  mənə saxlayır, - oxumamış 
qəzeti o, tərk etməz. 
Evin hər tərəfində bir qayğı əli gəzirdi. Bu, əməksevən və zəhmətdən 
həzz alan əsgər anasının əli idi. O, hər qədəmi oğul yolunda atırdı. 
Bunların hamısı mənə aydın idi. Lakin anlaya bilmədim ki, anam evin 
açarını  nə üçün həyətdə, xəlvət bir yerdə qoyub gedir. Qapını özündən 
başqa kimsə açmayacaq, bəs açarı kimə etibar edir? 
  
 
  

77 
 
...Anam mənim bu sualıma köksünü ötürərək, cavab verdi: 
- Bala, - dedi, - çox vaxt səninlə oturub, söhbət eləyirdim. Sən cəbhədə 
bəlkə  də atışmadasan. Mən burada bardaş qurub, səni körpə çağında 
görürəm, dindirirəm, danışırsan, oynayırsan... Açar orada dursun. Mən onu 
yaxşı niyyətlə qoyuram. Elə bilirəm evimizdəsən. 
Sənin səfərin uğurlu səfərdir. Ürəyim mənə deyir ki: "Sən işdən 
qayıdanacan oğlun gələr, qapıda qalar. Açarı qoy get..." Gördün ki, 
niyyətim düz çıxdı, Allah düz adama niyyətinə görə verər. Şükür ki, gəldin 
çıxdın! 
Anam danışdıqca mənim ürəyim genişlənir, iftixar hissim alovlanırdı. 
Ürəyimdə deyirdim: "Bəşəriyyət hamısı analar qəlbi ilə yaşasaydı, dünya 
başdan-başa bir cənnət olardı. Bunların duyğusu, arzusu, xeyirxahlıq və 
mərhəmət dolu ürəkləri həmişə bizimlə, cəbhəçilərlədir. Bu müqəddəs qəlb 
sahiblərinin keşiyində durana zaval yoxdur!" 
Vətənin hava və sularındanmı, adamlarımızın "cəbhəçidir",- deyə mənə 
göstərdikləri qonaqpərəstlikdənmi, görüş sevincindənmi, nədənsə, mən çox 
tez dirçəldim. Özümü əvvəlkindən də möhkəm hiss etdim. Sağaldıqca, 
qüvvətə  gəldikcə  təkrar cəbhəyə qayıtmaq arzusu məndə alovlanırdı. 
Nəhayət, anam məni yola salmalı olduğuna inanandan sonra Nəsrəddinin 
də, Lətifin də anasını çağırdı.  İstirahət günü bizim evimiz səfər evinə 
oxşayırdı. Hərə bir sovqat bağlayıb gətirmişdi. Mən ha yalvardım ki: 
"Canım, bunların heç birinə ehtiyac yoxdur, bunu aparmaq özü çətin işdir", 
buraxmırdılar. Corab gətirən, papiros alan, fətir bişirən, xörək hazırlayan 
kim... Anam məndən xəlvəti bir qutu bağlamışdı. 
- Bala, - deyirdi, - bu, üçünüzün payıdır, açmazsan. Yetirən kimi 
Nəsrəddini, Lətifi çağırarsan, açarsınız. Bu, üç ananın səliqəsidir. Bir açın, 
bir oturun, bir yeyin, bir gəzin, bir vuruşun! 
 
* * * 
 
Cəbhəyə qayıdanda hərbi mütəxəssislər məni böyütmək, başqa yerə, 
yeni vəzifəyə göndərmək fikrində idilər. Mən yoldaşlarımdan ayrılmayım 
deyə, bundan yayındım, öz hissəmizə gəldim. Təəssüf ki, yoldaşlarının heç 
birini yerində tapmadım. 
Nəsrəddinin iki gün əvvəl yaralandığını, səhra xəstəxanasına 
gotürüldüyünü deyirdilərsə, Lətif haqqında açıq danışmırdılar. Mən dərhal 
  

78 
 
komissarın yanına getdim, təlaşımı görüb, mənə iki sətirlik bir yazı göstərdi. 
Orada savadlı bir əl rusca yazmışdı: "Demişdim, ele də oldu: döyüşçü 
ölməyəcəkdir!" Mən yazını oxuyub komissarın üzünə baxdım. Nəzərlərimlə 
soruşurdum. Nə soruşduğumu komissar bilmirdi: 
- Həkim yazır, - dedi, - Lətifin sağalmağına ümidimiz yox idi. 
Köks qəfəsinə iki güllə, bir mina qəlpəsi dəyib, ciyərinin başı zədələnib. 
Amma həkim Qiyaslı ümid verirdi. İndi isə Lətifin sağalmağı müəyyəndir. 
İki ay əvvəl mənim yanıma gələn yoldaşlarımı axtarıb, görüşmək üçün 
icazə aldım.  Ən  əziz sovqatı, anaların verdiyi bağlamanı  səhra 
xəstəxanasına gedən maşınların birinə atdım. 
Əvvəl Nəsrəddini tapdım. O, isti bir xalat geymiş, həyətdə  gəzinirdi. 
Yarası qolundan idi, həm də yüngül idi. Mənim gəlməyim onun üçün yox, 
xəstə yoldaşlarım üçün də bir bayram oldu. Şəhərimizdən, yollardan, 
əkindən, məhsuldan suallar verirdilər. Nəsrəddin ikilikdə söhbət üçün məni 
çəkib, palataların kənarına gətirdi. Torpaq üstündə dirsəklənib oturduq. Mən 
gördüklərimin hamısını nağıl etdim. Bıçağı  çıxarıb, bağlamanı açmaq 
istədim. Nəsrəddin mane oldu: 
- Qoymaram, - dedi. 
- Yeməli şeydir,xarab ola bilər. 
- Lətifsiz açmayacaqsan. 
Nəsrəddinin sözü qabağımı kəsdi, bıçağı qatlayıb cibimə qoydum. 
- Elə isə dur, - dedi, - dur, onun yanına gedək. 
Nəsrəddinin ucaboylu, zabitəli bir həkimi var idi. Başqaları həkim olub 
orduya gəlmişdilər, bu adam tibb təhsilindən əvvəl mükəmməl hərb adamı, 
böyük komandir imiş. Rəsmiyyəti çox sevirdi. Xəstələr və  ya bacılar ondan 
bir güzəşt xahiş etməli olanda ümidsiz əllərini tovlayırdılar. Buna görə də 
Nəsrəddin xahiş etmək istəmirdi. 
Mən həkimi "yumşaltmağı" boynuma aldım. Gözlədim. O, otağından 
çıxanda rəsmi vəziyyət alıb, məqsədimizi söylədim. 
- Sabah nahardan sonra yarım saat gedə bilər, - deyə o, icazə verdi. 
Həkim bunu deyib ötdü. Mən sabaha qala bilməyəcəyimi deməyə israr 
etməyə macal tapmadım. 
Mən bu gün Lətifin yanına getdim. Lətif ağır xəstəlikdən təzə ayılırdı. 
Rəngi-rufu qalmamışdı. Məni görəndə sevincindən ağladı. Məni də 
qəhərləndirdi. Narahat etməyim deyə, tez durdum. Bağlamanı onun yanına 
qoyub çıxdım. 
 

79 
 
Lətifin sağalıb hissəmizə qayıtmağı iki ay yarım çəkdi. Bu müddətdə 
anaların bağlaması gah onun çarpayısı başında, gah təcili yardım 
arabasında, gah istehkamda qaldı. Lakin açılmadı. Ancaq Lətif gələndən 
sonra üç səmimi yoldaş oturub, sovqatı açdıq. Burada albuxara, kişmiş, 
fındıqdan tutmuş Ordubad almasına qədər vardı. Yeməli  şeylərin altında 
adama bir əl dəsmalı, bir ətirli sabun, adama bir cüt toxunma əlcək var idi. 
Əlcəkləri  əlimizə taxdıq. Anamın sözü mənim qulağımda cingildədi: 
"Bir oturun, bir gəzin, bir vuruşun!" 
- Uşaqlar, - dedim, - bu əlcəklərdə analarımızın mehribanlıq istisi, 
vətənimizin dostluq sədaqətinin, birliyinin hərarəti var. Əllərimizə baxıb, 
analarımızın bizimlə, yanımızda olduqlarını hiss edirik. Onların mehriban 
ana nəfəsi bizi bəsləmiş, böyütmüşdür, bizi döyüşə  də, qələbəyə  də 
aparacaqdır. 
Lətif də, Nəsrəddin də ananın sözlərini təkrar etdilər: 
- Bir gəzək, bir vuruşaq! 
- Qoyun, - dedim, analarımızın surəti gözümüzün önündə, səsi 
qulağımızda,  əli ürəyimizdə olsun. Qoyun onlar oxşayıcı, məhrəm  əllərini 
həmişə bizim yaralarımızın üstünə çəkib sağaltsınlar. Sağ olaq, torpağımıza 
soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin, arxayın yaşasınlar. 
Ana Vətən bizdən razı qalsın. 
 
1942 
 
 
LEYLA 
 
Gözləyən qızlarımız, gəlinlərimiz,  
      bacılarımız, analarımıza hədiyyə 
 
 
 
Bir müddət onun ayağı tramvaydan kəsilmədi. Şəhərə yaxın düşərgələrin 
birində  əsgəri hissədə vuruşmaq öyrənən sevgili əri Mir Əlinin görüşünə 
gedər, əlinə düşəndə hədiyyə aparardı. Axırıncı dəfə vidalaşandan, Mir Əli 
cəbhəyə yola düşəndən sonra da gəlini yollarda görmək olardı. 
Sevgilisindən xəbər almayanda səbri tükənər, darıxardı; heç bir şeydən 
təsəlli tapmayanda baş alıb çölə, Mir Əlini yola saldığı  

80 
 
yerlərə gedər, sanki hər addımda bir xatirə axtarardı. Orada, əsgərlərin 
keçmiş düşərgəsində indi küləklər  əsirdi. Məşq üçün qazılan səngərdən, 
basdırılan nişan ağaclarından, dar cığırlardan, sökülmüş çadır yerlərindən, 
sökük ağaclardan, konserv qutularından başqa heç nə qalmamışdı. 
İntizarlı  gəlin kənarda dayanıb, ziyarətinə  gəldiyi yerin hər tərəfinə 
diqqətlə tamaşa edərdi. Mir Əli ilə görüşdüyü səmtdə durar, uzanıb gedən 
nəhayətsiz qoşa dəmirlərə baxar, baxar, ahəstə səslənərdi: 
- Mir Əli! Mir Əli, sənin dalınca gəlmişəm!.. 
Heç nədən və heç kəsdən cavab gəlməzdi. Gəlinin çağırışı dərin və sirli 
sükut içində  əriyərdi. Tənha yerlərin sükutu müdhiş olur. Ağaclar yenə 
küləyin səmtinə əyilir, quşlar günəşin, havanın feyzindən faydalanmağa can 
atır, dəniz həmişəki ahəngi ilə çağlayıb durur, torpaq, oxunmuş, lakin hələ 
layiqincə anlaşılmamış kitablar kimi görünürdü... 
İndi, soyuq payız axşamında Leyla yenə  səfərə, həmin yerlərin 
ziyarətinə hazırlaşır. Yüz dəfələrlə axtarıb tapmadığı, arayıb görmədiyi Mir 
Əlinin getmiş olduğuna hələ də inanmaq istəmir. Onsuz heç nə boğazından 
keçmir, zehnən bir dəqiqə  də ondan ayrılmır, ayrıla bilmir. Həmişə dolu 
aparıb dolu qaytardığı hədiyyə dəsmalını yenə xüsusi sahmanda hazırlayır, 
yenə bacısı Zibaya belə deməkdən həzz alır. 
- Mir Əlinin yanına gedirəm, ev-eşikdən muğayat ol! 
Bu zahiri sevinclərin arxasında bir səhra kimi dayanan ümidsizlik onun 
yaralı  qəlbini gəmirir, sanki ona gülürlər, öz-özünü aldadan bu arvadın 
ağlına şübhə edirlər. Sanki bir səs, bütün gücü ilə onun qulaqlarına qışqırır 
ki: "Haraya gedirsən?" Quru çöldə Mir Əli nə gəzir, yorulmadınmı?" 
Leyla daxili çırpıntılar içində özünü unudub dayanmışkən, poçtalyon 
qapıdan bir zərf atıb ötdü. 
Leyla quş kimi qapıya atıldı. Zərfi açıb, bərkdən oxudu: 
"Hörmətli bacım, Ziba! Salamlar olsun. Tanımadığınız bir əsgərin sizə 
kağız yazmağından təəccüblənməyin. Mən Mir Əlinin cəbhə yoldaşıyam. 
Onun söhbətindən sizi tanımışam. Bu saat Tbilisidə 8 nömrəli xəstəxanada 
yatıram. Sizə deməli vacib sözüm var. Mümkün etsəniz, buraya zəhmət 
çəkmənizi xahiş edirəm. Ayaqdan salamat olsaydım bu zəhməti verməzdim. 
Bacınıza və qohumlarınıza Mir Əlinin və  mənim dilimdən salam! Mürsəl 
Babayev". 
  

81 
 
Düzdür, Leyla əvvəlcə məktubu səslə başladı, ancaq ilk sətirdəcə səsini 
və sürətini dayandırıb, düşüncəyə daldı. "Mürsəl kimdir? Ziba hara, o hara? 
Mir Əlinin yoldaşı bəs Mir Əlidən niyə yaramasın?.." 
Leyla Zibanın məktəbdən qayıtmasını gözləyə bilmədi. Qonşusu 
Səriyyənin qızını çağırıb dalınca göndərdi: 
- Zibaya deyinən bu saat evdə olsun! Deyinən vacib iş var, bacın səni 
gözləyir. 
Qız o yana getdi. Leyla məktubu başdan-ayağa ayaqdan-başa təkrar-
təkrar oxudu. Hər sözün düzünə mənasını, məcazi mənasını axtardı. Zənnini 
bir yerə qərarlaşdıra bilmədi: 
"Bəlkə məndən gizlədir, qızın əlaqəsi varmış! Yox, gizli əlaqə saxlayana 
belə  aşkar yazmazlar. Bəlkə bu adamın qıza meyli qonub, gözü düşüb, 
görüşə çağırır. Yox, yaralının
 
belə  şeylərlə  uğraşmasına macalı hanı. Elə 
vicdansız  əsgər olarmı ki, bacı dediyi qıza  əyri gözlə baxsın. Bəlkə bu 
tamam ayrı Zibadır, kağızı  səhv gətiriblər?.. Yox! Adres - filan yerli 
yerindədir. Üstəlik Mir Əlinin də dostu... 
Yaxşı, tutaq ki, bu yazılanların hamısı doğrudur, bu adam bizi Mir Əli 
vasitəsilə cəbhədən tanıyır. Bəs elə isə nə üçün Zibaya müraciət etsin? Nə 
üçün dost saydığı Mir Əlinin arvadına bir kəlmə xoş xəbər deməsin?! Buna 
nə ad qoymaq olar?" 
Yarım saat çəkmədi ki, Ziba kitablar qoltuğunda, təngnəfəs, pörtmüş, 
qızarmış özünü evə saldı. 
- Nə var, ay bacı, xeyir ola? Yeznəmdən xəbərin var? 
Leyla onun sözünü kəsdi: 
- Ay qız, sənin Mürsəl adlı tanışın varmı? 
- Mürsəl? 
- Mürsəl Babayev! 
-Yox! 
- Yaxşı fikirləş! 
Ziba bacısının simasındakı ciddiyyəti görüb, fikrə getdi: 
- Mürsəl, Mürsəl, biri var, bizim yeddinci sinifdə. Elə belə  məktəbdən 
tanıyıram. 
- 7-ci sinif yox ey, əsgər! 
- Mən Mürsəl adlı əsgər tanımıram. 
- Babayev! Yaxşı fikirləş, tanımasan sənə kağız yazmaz. Bəlkə bir vaxt 
olub, sonra yadından çıxıb? 
  

82 
 
Leyla bunu deyib, zərfi Zibaya verdi. Ziba bacısının son sözündən daha 
da təsirlənib qızardı. Kağızı oxuyub dodağını büzdü: 
- Bu adı birinci dəfədir eşidirəm. Mürsəl kimdir, zad kimdir? Bu necə 
işdir? 
Leyla kağızı onun əlindən aldı. Sanki xəlvət bir söz demək üçün içəri 
otağa keçdi və Zibanı da çağırdı: 
- Bura gəl, söz deyirəm. 
Ziba bu işdən bir şey başa düşə bilmədiyindən və bacısının şübhəsindən 
o qədər qüssələnmiş, tutulmuşdu ki, çırtıq vursan qanı  çıxardı. Leyla isə 
məktubun əsil mənasını anlamışdı. Ona görə də sanki əli hər şeydən üzülüb, 
əlacsız qalmışdı. 
İçəri otaqda ayaq üstə dura bilməyib, diz çökdü: 
- Bacım, - dedi, - bu kağız yaxşı kağıza oxşamır. Bilmirəm fələk 
başımda nə oyunlar oynayır. Evi, uşağı sənə tapşırıb gedirəm. 
Leyla Zibanın səsindən və ahəngindən anladı ki, bacısı Mir Əlidən 
nigarandır. Salamat adam haqqında belə danışmazlar. İllah da ki, dost ola!.. 
Leyla yarımca saatın içində, yasa batmış kimi, qapqara qaralmışdı. O, 
aldığı məktuba belə məna verirdi: 
"Kağız yazan Mir Əlinin yoldaşıdır. Yəqin, yaman bir xəbərlə  gəlib, 
məndən gizlədir. Zibanı çağırıb, ona demək istəyir..." 
Leyla bu zənnini həqiqətə yaxın sayırdısa da ürəkdən inanmaq istəmirdi. 
Düşüncələrinin belə  dəhşətli bir ehtimalla nəticələndiyini görüb bütün 
vücudu ilə alışıb-yanırdı. Çalışırdı düşünsün ki, bu düzəltmə  məktubdur. 
Çalışırdı inansın ki, bəzəmə xəbərdir. Yaxud da bu Ziba ayrı Zibadır. Mir 
Əli ayrı Mir Əlidir... 
İntizar və nigarançılıq isə amansız bir qızdırma kimi gəlini taqətdən 
salırdı. Ürəyi qəfəsdəki quş kimi çırpınırdı. 
- Bacım, - dedi, gedirəm. Gedim, görüm, bəlkə  bədbəxtin başında, 
dilim-ağzım qurusun, bir iş var... 
Bacılar qüssələrini bölüşdürəndə, balaca, iki yaşlı Tofiq də yuxudan 
durmuş, dinməz-söyləməz səs gələn otağa keçmişdi. Pişik balası kimi qapı 
ağzında dayanmış, anasının pərişan, müztərib vəziyyətinə baxır, ahəngini 
dəyişmiş, qəhərli səsinə qulaq asırdı. 
- ...Bəlkə bədbəxtin başında bir iş var!.. 
Bu söz ağzından çıxar-çıxmaz Leylanın gözü Tofiqin gözlərinə sataşdı. 
Özünü güclə saxladı, uşağın başını sığalladı. 
  

83 
 
* * * 
 
Leyla xəstəxana xidmətçisinə deyəndə ki: 
- Mürsəl Babayev! 
Xidmətçi soruşdu: 
- Qılçası kəsilənimi deyirsən? 
Leyla duruxdu: 
- Babayev Mürsəli zəhmət çək, çağır! 
Xidmətçi öz qəbahətini anlamış kimi, heç bir söz demədən içəri getdi. 
Beş deqiqə  çəkmədi ki, qoltuq ağacı ilə yeriyən uzun, qalınsaç bir oğlan 
palatadan çıxıb, qapıya göz gəzdirdi. Bir baş Leyla tərəfə yeridi: 
- Bağışlayın, Babayevi axtaran sizsiniz? 
- Bağışlayın, Mürsəl sizsiniz? 
- Mənəm!!! Siz yəqin ki, Ziba xanımsınız! 
- Bəli! 
- Xoş  gəlmişsiniz! - Bunu deyib Mürsəl gorüşmək üçün əlini Leylaya 
tərəf uzatdı. Leyla da ona əl verdi. 
Mürsəl Leylanı palatadan bağçaya baxan pəncərələrinə  tərəf apardı. 
Skamyalardan birini göstərdi. 
- Buyurun, əyləşin, - dedi. 
Leyla oturan kimi əlindəki sovqat bağlamasını yaralının qabağına 
qoydu: 
- Bağışlayın, - dedi, - xəstə yanına gəlməyə adam xəcalət çəkir. 
Bir-iki dənə fətir gətirmişəm. Layiq olmasa da... 
Mürsəl başını aşağı salmış halda: 
- Var olun, - dedi, - burada bizə  hər  şey verirlər. Ehtiyacımız yoxdur, 
zəhmət çəkməyin! 
Deyəsən Mürsəl gəlinin uzaq yol gəldiyindən və sifətindəki iztirabdan 
həyəcan çəkdiyini duymuşdu. Dərhal mətləbə keçdi: 
- Ziba xanım, - dedi, - yəqin ki, məktubu almısınız. Mən onu qəsdən sizə 
yazdım. - Mürsəl başını  aşağı saldı.  İri və uzunbarmaqlı  əllərini bir-birinə 
çataqladı, sanki əsəblərini  ələ almaq üçün daha nəsə düşündü. Bir qədər 
sükutdan sonra ifadəsinə başqa ahəng verdi: -Dünyada heç dostun, yaxşı 
dostun olmasın! Bu bir dərd deyil! Dərd odur ki, beləsi ola! Ünsiyyət 
bağlayasan, sonra da... Ziba xanım görürsünüz, sağ  qıçımı itirmişəm. Bir 
dəfə kəsiblər, bəlkə yenə kəsdilər. 
  

84 
 
Buna mən dözərəm, iş igid başına gələr. Amma Mir Əli, yox! O gündən 
elə bilirəm bir tərəfimi çapıblar. Ziba xanım, Mir Əli ayrı oğlan idi. Onun 
üçün biz nə qədər qəm çəksək, azdır. Sizdən xahişim budur ki, Leyla xanım 
bilməsin. Mən onların məhəbbətinə  bələdəm, qızı da, uşağı da bədbəxt 
edərsiniz, bu sirri heç olmasa dava bitənə  qədər saxlayın! Deyin ki, bir 
xəbər yoxdur, qabaq xətdədir!.. 
Mürsəl bir tərəfdən Zibaya nəsihət, tapşırıq verir, o biri tərəfdən 
cəbhədəki mənzərəni xatırına gətirirdi. 
Hissələrimiz düşmən mövqelərinə lap yaxınlaşmışdı. Hücumda onu 
dəstənin qabağında, "irəli" deyə  qışqıranda gördüm, başından dəyən güllə 
zireh papağını  kənara atdı, yazıq üzü üstə düşdü. Mən pulemyotu idarə 
edirdim, qoyub gedə bilmədim. Onlardan sonra biz yeridik. İki saat sonra 
mən necə yaralanmışdımsa heç nədən xəbərim olmayıb, gözümü açıb 
özümü sarğı məntəqəsində gördüm. 
Mir  Əli qəhrəman idi, qəhrəman kimi də  vətən borcunu verdi. Bizim 
vəzifəmiz isə onun intiqamını almaq, heç bir zaman onu unutmamaqdır! 
Mürsəl sözünü tamamlamadan cibindən balaca dəsmala bükülü bir şey 
çıxartdı: 
- Buyurun, - dedi, - Ziba xanım, mərhumun saatıdır, sanitarlar mənə 
verib, qəbz aldılar. Sən bunu əlbət ki, Leyladan gizlətməlisən! Sizə zəhmət 
verməkdən qəsdim bu idi. 
Mürsəl belə bir xəbərdən sonra Zibanın simasına nəzər saldı, birdən 
oturduğu yerdən dik atıldı, qız çoxdan özündən gedib, huşsuz düşmüşdü. 
Mürsəl bacıları  səslədi, həkim istədi. Leylanı götürüb palataya apardılar. 
Mürsəl isə dediyinə peşman oldu. 
 

 
Mürsəl Mir Əlini od içində  tərk etmişdi. Daha doğrusu tərk etməyə 
məcbur olmuşdu. Ayılandan sonra sarğı  məntəqəsinə hay salıb 
soraqlaşmışdı. Belə bir yaralı tapılmadığından yoldaşının ölümünü yəqin 
etmişdi. Ancaq Mir Əlinin vəziyyəti Mürsəl düşündüyü kimi yox, bir az 
başqa cür idi. Həmin gün Mir Əli başından ağır yaralanandan sonra top 
gülləsinin açdığı çalanın kənarında vücudunun yarısı torpaqda örtülü halda, 
huşsuz düşüb qalmışdı. Sərin yay gecəsinin nəsimi onun əsəblərinə 
toxunanda oyanmış, özünü meyitlər arasında görmüşdü. 
  

85 
 
"Çıxmayan cana ümid yoxdur" demişlər.  İnsan, vücudundakı  zəngin 
həyat imkanlarını ancaq ağır xəstəlik məqamında duyur. Mir Əli gözlərini 
açıb aydın fəzaya baxanda, güman etdi ki, axır nəfəsidir, hər şey bitmişdir. 
Bu baxış yalnız sönmək üzrə olan həyat qığılcımının son parıltısıdır. Bunun 
ardınca zülmət gələcək, ağırlaşan göz qapaqları  əbədi bir qaranlıq 
gətirəcəkdir... "Of! Həyat!" 
Mir  Əli vücuduna hərəkət vermiş, tükənməkdə olan taqətini diz 
qapaqlarına toplayaraq, şərqə-səngərə  tərəf yollanmışdı. Hər işıldayanı su 
bilib yönəlmiş, ağaclar altında sərin torpaq arayıb, sinəsini sürtmüşdü... 
Bir gün sonra sanitar əsgərlər Mir Əlini yarımcan meşədən tapıb 
aparmışdılar. Ay yarım məntəqədən-məntəqəyə, xəstəxanadan-xəstxanaya 
keçirilərək, getdikcə arxanın dərinliklərinə aparıldı. Son bölgü 
məntəqəsində yarası uzun sürənlərin Novosibirsk şəhərinə göndəriləcəyini 
bir  şəfqət bacısından öyrəndi, həkimlərdən və  xəstəxana müdirindən xahiş 
edib, özünü vətəninə - Bakı xəstəxanalarına yollanan qatara saldı. 
Eyni gündə, eyni saatda şimaldan cənuba gələn qatar Mir Əlini gətirdi: 
cənubdan şimala gedən qatar isə Leylanı və Mürsəli gətirdi. 
Can bir qəlblə olan bu üç adamın, bu üç əzizin bir-birindən xəbəri yox 
idi. Müharibə, qəfildən qopan bir ruzigar kimi, onları ayırıb o qədər uzağa 
atmışdı ki, heç biri o birisinin halını təsəvvür edə bilmir, sağlığına xatircəm 
ola bilmirdi. 
Uzun ayrılıqdan və  təhlükələrdən sonra doğma yurduna, öz ailəsinin 
yanına, Leylanın, Tofiqin yanına qayıdan Mir Əlinin halını mən yazmasam 
da oxucu bilir. 
Tbilisi  şəhərində Mürsəli görəndən sonra Leylanın necə  pərişan hala 
düşdüyü, nə iztirab içində qayıtdığı da oxucuya məlumdur. 
Mürsəl isə Leylanı belə  vəziyyətdə  tək buraxa bilməmişdi.  Şikəst olsa 
da, iki günlüyə icazə alıb, özü gətirmişdi. 
Mürsəl tanış olduğu, müşayiət etdiyi qızı  hələ  də Ziba bilir, Ziba 
çağırırdı. Ona görə də təsəlli verir, evdə, Leylanın yanında ah-zardan tamam 
əl çəkməsini xahiş edirdi. Deyirdi, ancaq bunun mümkün olacağına özü də 
inanmırdı. Yəqin etmişdi ki, fəlakətli xəbərdən bulud kimi tutulan bu 
matəmli qız Mir Əlinin evinə sakitliklə girməyəcək, bəlkə  də bütün 
qüssələrini ifadə edən yanıqlı bir fəryadla yeddi qapı-qonşu başına 
yığacaqdır. 
  

86 
 
Bu vəziyyəti gözü önünə  gətirən Mürsəl heç evə, Leylanın yanına 
getmək istəmirdi. 
- Ziba bacı, - deyirdi, - mənim sizə getməyim yaxşı düşməz. Ürəyim 
pisdir. Mərhumun uşağını görsəm, özümü saxlaya bilməyəcəyəm. 
Gəlin, siz rüsxət verin, mən vağzaldan qayıdım, onsuz da... 
Bu xahiş Leylanın qəlbinə dəydi: 
- Mir Əlinin sizin kimi əziz dostu qapımızı açmaq istəmirsə, bundan 
sonra yoluxub-yoxlayanımız kim olacaq?! 
Mürsəlin deməyə sözü qalmadı. 
Onlar vaqondan düşüb, evə yollananda səhər yenicə açılırdı.  Şəhər 
təzəcə yuxudan qalxır, günəş yenicə  Xəzərdə çimib çıxır, fəzalar seyrinə 
hazırlaşırdı. 
Vağzalın kənar tərəfində dayanan səhiyyə maşınları vaqonlardan düşən 
xəstələri qəbul edirdi. Mürsəl bu maşınlarda o qədər uzanaqlı qalmışdı ki, 
onları görəndə gözü ağrıyırdı. O bilsəydi ki, əziz dostu və  həlak olmuş 
saydığı Mir Əli də bu xəstələrin içindədir, sevincindən qışqırıb, nə bilim, nə 
deyərdi. 
Səhiyyə maşınının yollanmasını gözləyən və  şəhərə  gələnlər içində, 
demək olar ki, ən sevincəyi olan Mir Əli vaqonlardan düşüb tramvaylara 
tələsən camaata baxırdı. Səki dolusu izdihamla yeriyənlər içində  bəlkə  də 
onun tanışları, qohumları, ürəyinin bəndi - Leylası var idi. Mir Əli də bunu 
görmədi, seçmədi. Ancaq Mir Əlinin qəlbi döyünürdü. Xəstəxanaya 
tələsirdi. O, briqadirə yanaşıb, icazə istəmişdi. "Evimizə dəyməsəm, ailəmi 
görməsəm, mən nə xəstəxanada yata bilərəm, nə də müalicə olunaram. İkicə 
saat mənə vaxt!". 
Briqadir də: 
- "Get, - demişdi, - ancaq vaxtında qayıt!" 
Maşın xəstəxana qabağında dayananda birinci çıxan başısarıqlı Mir Əli 
oldu. Qolunda şinel, başı, yaxasıaçıq, elə sevincək və sürətlə evlərinə 
yüyürürdü ki, deyirdin kişinin yağı daşır. Ev qapısına çatanda baş Mir 
Əlinin, baş Leylanın! Bunun əlində şinel, onun əlində çamadan... 
- Leyla! 
- Mir Əli! 
- Səsinə qurban! 
Mir Əlinin səsi Leylanın çöhrəsini örtən qəm və matəm pərdəsini yırtdı. 
 
 

87 
 
Sevgililər qucaqlaşdılar. İçəridən, Zibanın, sonra da Tofiqin səsi eşidildi. 
Uşağı tələsik oyatmışdılar. O, yalınqat köynəkdə balaca yumruğu ilə yuxulu 
gözünü ovaraq qapıya qaçır və qışqırırdı: 
- Atam gəldi! 
Tofiq, o şirindil uşaq o gün qələbə bayrağı kimi əllərdən düşmədi, 
başlarda gəzdi. 
 
1943  
 
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə