Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə8/24
tarix02.12.2016
ölçüsü2.8 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

BADAM AĞACLARI 
 
Ədalət! Yaşıdlarınla gəlin-gəlin oynamalı  
vaxtında səni çöllərə salanları, vətənini,  
xanimanını, şərəfini tapdayanları  
tanıyırsanmı, qızım? 
 
Ağarzanın evindən tappatap səsi gəlirdi. Dünəndən bəri evin ortasında, 
təndir başında salınmış  təlisin üstündə badam döyürdülər. Bu il badamın 
məhsul ili idi. Ağacın birindən 7-8 batmanacan badam dərilmişdi. Evdəkilər 
badam smdırır, iç hazırlayırdılar. Deyirlər  şəhərdə iç yaxşı pula gedir, 
bayramqabağıdır. Ağarza bir yük iç aparacaq, bir azını taxıla dəyışəcək, bir 
azını da uşaqlara əyin-baş alacaq. 

101 
 
Altı yaşlı  Ədalət də  iş görür, kömək edirdi. Atasının sındırıb tökdüyü 
badam içini qabıqdan təmizləyib nimçəyə yığırdı. Hərdən, atasından xəlvət, 
birini ağzına atır və birdən yeyə bilmirdi. Oğurluq şeyi yemək nə çətin olur! 
Badam Ədalətin ağzında böyüyürdü. Süfrədə yığılan ağlı-sarılı, təmiz, ətirli 
badam içinə baxıb həsrət çəkir, bunları doyunca yeyənlərin kim olduğunu 
düşünür və atasına sual verirdi: 
- Ata, bunları hara aparacaqsan? 
- Bazara, şəhərə aparacağam, qızım. 
- Kimə satırsan orda? 
- Müştəriyə. 
- Müştəri kimdir? 
- O da bir adamdır da, qızım. 
- Yaxşı adamdırmı? 
- Yaxşısı da var, pisi də var! 
- Yox, ata, pis adama vermə, heyifdir, yaxşı adama ver! 
Ağarzanı maraq götürdü. "Uşağın yaşından böyük danışmağına 
baxırsanmı?" - deyə düşündü. 
-  Qızım, - dedi, - müftə vermirəm ki, puluna minnət! Kim çox versə, 
ona satıram. 
Ədalət etirazında davam edirdi: 
- Yox! Pis adam çox pul versə də satma! Badamı ona vermə, heyifdir! 
Pis adama qismət olmasın, ata! 
Ədalətin dedikləri uşaq sözü olsa da, bir həqiqətdən xəbər verirdi. 
Ağarza badam içinin balacalarından üç-dörd dənə götürüb, Ədalətin ovcuna 
qoydu, sonra mülayim, mehriban bir dillə təsəlli verdi: 
- Qızım, bizə pul lazımdır. Allah qoysa, məhsulun alıcısı olsa, bu dəfə 
əlimə pul gəlsə,  ərbabın borcunu, xumsu, zəkatı  çıxandan sonra, taxıldan 
artıq qalsa, qədək alacağam. Bacarsam sənə  də bir cüt təzə başmaq 
alacağam, qotazlı başmaq, lap onun özündən alacağam ki, bayramda 
geyəsən! 
Dalandan ayaq səsi eşidildi, dərhal evin qapısı zərblə açıldı. Ağarzanın 
qonşusu Əlican, güllə dəymiş quş kimi özünü içəri atdı: 
- Ay rəhmətlik oğlu, nə oturmusan, badamlığı kəsdilər! - deyə həyəcanla 
xəbər verdi. 
  

102 
 
Ağarza sağ  əlində daş, sol ovcunda badam olduğu halda çömbəldiyi 
yerdən dik qalxdı və: 
- O nə sözdür, Əlican? - deyə soruşdu. 
- Sənə deyirəm badamlığı kəsirlər. 
- Səfeh-səfeh danışma, elə şey olmaz! 
- Bu saat oradan gəlirəm, kəsirlər. 
Ağarza qonşusunun üzündəki ciddiyyəti, baxışlarındakı vahiməni 
duyub, çarığını ayağına çəkdi. 
- Axı kim kəsir, nə deyib kəsir? 
- Əmələ töküblər, odur, kəndxudadan soruş! 
- Kəndxudanın nə haqqı var, öz əlimlə  əkib-becərdiyim ağacı  kəsə, 
bəyəm mən ona bağça satmışam? Gəl otur! 
- Ay sağ olmuş, oturası vaxtdır? Mən də yoncalığın hayındayam. 
Onu da sürəcəklər. Müşavirin yanına getmək istəyirəm. Görüm nə çarə 
taparam. 
Əlican qapıdan çıxmaq istəyəndə  Ağarza kəmərini bağlayıb, onun 
dalınca tələsdi. İtə rast gələcəyini düşünüb, əl ağacı götürmək istədi, bir də 
fıkirləşdi ki: "Ərbabın adamları bunu görüb bir az da hirslənərlər. Yaxşısı 
budur əliyalın get!" 
Ağarza özünü badamlığa o zaman yetirdi ki, müşavirin adamları daş 
hasarı uçurub çaya tökürdülər. Hasar ağzından kəsilib atılmış  ağacları 
görəndə elə bil Ağarzanın qolunu qələm elədilər, qıçlarını peylədilər. 
Vücudu od tutub yandı, qan başına vurdu. Bütün köyşən dəyirman daşı kimi 
onun başına dolandı. Havaxt çaydan hoppanıb, birisinin yaxasından 
yapışdığını özü də bilmədi. 
- Niyə dağıdırsan, a bayquş? - deyə  qışqırdı. - Bu divarı  çəkənəcən 
mənim kürəyim qabar olub, niyə sökürsən? 
Alnından tər daman ortaboy soldat dartınıb onun əlindən çıxmaq istəyir 
və dil-ağız eləyirdi: 
- Boşla yaxamı, buyruq quluyam! Məndən nə yapışmısan? 
Ağarza onu kənara itələyib qışqırdı: 
- Çıxın mənim bağçamdan! 
Xaki pencək geyinmiş bir amerikan zabiti ona yanaşıb,  əlini 
tapançasının dəstəyinə qoydu, ehmal səslə, lakin hədəli əda ilə dedi: 
- Bu köyşənləri sizin ağalarınız bizə satıblar. "Marşal planı" üzrə biz 
buraya köməyə gəlmişik. Şikayətinizi ərbabınıza eləyin, işə mane olmayın! 
  

103 
 

 
Son zamanlarda qoca və izdihamlı  şəhərin dar, qaranlıq və dolaşıq 
küçələrində ucaboy, uzunqol, üz-gözünü tük basmış, qaşqabaqlı, əli ağaclı, 
ayağı çarıqlı bir kəndlinin səkidən-səkiyə addımladığını görənlər çox idi. 
Kənardan gəldiyi, nabələd adam olduğu, nə  iş üçün isə qapılar gəzməyə 
məcbur bir müsafır olduğu ilk baxışdan məlum idi. Güman gəldiyinə o, əl 
boyda bir kağız göstərir, ünvan soruşur, dərdini demək istəyir, baş  əyib 
yoluna davam edirdi. Yorulsa, taqətdən düşsə  də, yağışa, küləyə, vaxt-
bivaxta baxmadan küçələri addımlayırdı. 
Bu müsafırin kim olduğunu oxucular yaxşı bilirlər. Kənddə ümidi 
üzülən Ağarza bununla üçüncü dəfə idi ki, şəhər küçələrində  gəzə-gəzə 
badamlığının haqqını müdafiə edən adam axtarırdı. Kəndliləri 
Mirzəməmmədə bir "tutarlı"  ərizə yazdırıb,  ərbabın hüzuruna apardı. Uca 
hasarlı bir həyətin qapısını ehtiyatla taqqıldatdı. Cavan bir oğlan çıxıb onun 
üzünə baxdı. Ağarza salam verib sözünü dedi: 
- Bizim ərbabın evi buradırmı? Kəmərli kəndindən gəlmişəm. Ağaya 
ərzim var. 
Cavan oğlan qayıdıb getdi, bir az keçməmiş qapını açdılar. Ağarza: 
"Bismillah!" - deyib içəri daxil oldu. Hovuzdan su gətirən bir qarı ona işarə 
elədi: "Ağa ibadətdədir, gözlə!" 
Ağarza daş səkinin yanındakı sütuna söykənib dayandı. Əvvəl, ətəyinin 
altında gizlətdiyi hədiyyəni yerə qoymaq istədi. Sonra düşündü ki: "Yox, 
ağanın özü gələndə verərəm". Ağarza heyrət və həsrətli gözləri ilə ərbabın 
imarətini seyr etməmişdi ki, eyvanın başındakı qapıdan  əli təsbehli, beli 
əyri, kosa, arıq bir kişinin çıxdığını, ona tərəf gəldiyini gördü. 
Ağarza,  ərbabı axund libasında,  əli təsbehli, ağzı dualı görəndə xeyli 
sevindi: "Allah adamıdır, - dedi, — rəhmi gələcək". Özünü itirmiş halda bir 
addım irəliyə yeridi. Layiqsiz hədiyyə sayıb gətirdiyi iki beçəni bağlı 
qıçlarından tutub, səkinin kənarına qoyandan sonra ətəklərini silkələyib 
düzəldi.  Əllərini döşünə qoyub salam verdi, baş endirdi... Qoltuğundan 
çıxardığı  əl boyda ərizəni təqdim etdi, təkrar baş  əydi. Ağ araxçınlı, 
kosasaqqal, qadın başmaqlı, cindara oxşayan adam isə  əlindəki yüsür 
təsbehi çevirə-çevirə dinməz-söyləməz Ağarzanın ərizəsinə baxırdı. O gah 
kağıza, gah da qarşısında itaətkar vəziyyətdə duran kəndlisinə baxırdı. 
Ancaq heç nə demirdi. O nə üçün 
  

104 
 
dinmirdi? Ağzındakı duanımı bitirmək niyyətində idi? Cındır içində batan 
kəndlisinin üst-başınamı tamaşa edirdi? Ağarzanın halınamı acıyırdı, ya da 
şikayətçini diqqətlə eşitməkmi istəyirdi? Ərbabın sükutu Ağarzaya bir qədər 
də cürət verdi. O, başına gələni - amerikalı müşavirdən gördüyü zülmü 
danışmaq istəyirdi ki, ərbab kağızı qatlayıb sahibinə qaytardı. Onun batıq 
səsi eşidildi: 
- Kişi, nəyə gəlmisən? 
- Ağa, şikayətim var! 
- Kənddəkiləri, mübaşiri qoyub bu əkin-tikin vaxtında bura niyə 
gəlmisən? 
- Ağa, mənə zülm eləyənin biri də mübaşir özüdür. 
- Nə olub, yenə şikayət dəftərini açmısan? 
Ağarza özünü tanıtmaq istədi: 
- Ağa, kənd camaatı bilir, mən ömrümdə şikayətə gəlməmişəm.  
Amma indi gör necə  əlacım kəsilib ki, sizə başağrısı verirəm. Ağa, 
mənim öz əlimlə  əkib-becərdiyim badamlığı  kəsirlər. Sizə  pənah 
gətirmişəm! 
Ağarza çox şeylər danışmaq istəyirdi. Lakin araxçınlı kişi onun sözünü 
kəsdi: 
- Kişi, şükür eləmək əvəzinə şikayətə niyə gəlirsən? 
Ağarzanı təəccüb götürdü. "Bu nədən yana danışır? Mən nə üçün şükür 
eləməliyəm, niyə eləməliyəm?" 
Ağarzaya elə  gəldi ki, ərizə yaxşı yazılmayıb. Araxçınlı kişi onun 
dediklərindən də bir şey eşitmədi. Güman etdi ki, bəlkə kişinin gözü pis 
görür, qulağı  ağır eşidir, qocalıqdan ola bilər, bir az qayımdan danışmaq 
lazımdır. 
Ağarza bir addım da irəli yeriyib, sözlərini ucadan təkrar edəndə, 
araxçınlı kişi bir addım geri çəkildi və səsini ucaltdı. 
- A kişi, qışqırığa salma, kar adam yoxdur burada! Deyirəm, 
badamlığı kəsirlərsə, sənin xeyrinə kəsirlər. 
Ağarza təəccübdən çiynini çəkdi, ona toxunan bir şeyi rədd edirmiş 
kimi, əllərini qabağa tərəf açdı: 
- Ağa, mənim çörək ağacımı kəsirlər, evim yıxılır. Evi yıxılan adam niyə 
gərək şükür eləsin? 
- Şükür elə ki, müşavirlər gəlib səni-məni qoruyurlar. 
- Ağa, məni kimdən, nədən qoruyurlar? 
  

105 
 
- Necə nədən, kommunistlərdən! Bəli, başa düşməlisən ki, amerikalılar 
bizim torpaqda təyyarə meydanı tikirlər ki, sabah kommunistlər sənin 
başına bomba tökməsinlər. 
- Ağa, mən kommunistləri dava vaxtı kəndimizdə görmüşəm. 
Onlar kasıb-kusubun  əlindən tutan adamlardır. Mən onlardan bir pislik 
görməmişəm. Bomba-filan nə söhbətdir!.. 
Ağarza bunu dediyini gördü. Araxçınlı kişi irəli yeridi, təsbehi bir 
kənara atıb, ağacı  Ağarzanın  əlindən almaq, onun başına çırpmaq istədi. 
Ağarza  əvvəl  ərbabın niyyətini başa düşmədi. Onun ağaca  əl atdığını 
görəndə, yatıbmış kimi ayıldı. Ərbab ağzına gələn söyüşü deyib, nökərlərini 
çağırdı. 
-Qovun bu mürtəd oğlunu! - deyə bağırdı. - İtilsin, hansı  cəhənnəmə 
gedir-getsin! Mənim kəndimdə oturmasın! Gör nə qələt eləyir! 
Təbliğat aparmağına bir bax! Ayağı çarıqlının biri! Ay çörək tutsun sizin 
kimi nadürüstləri!.. 
Ağarza özünü qapıdan çölə atdı, birbaş onu ərbab yanına göndərən 
həmyerlisi Mirzəməmmədin yanına getdi.  
Mirzəməmməd də Ağarzanı danladı. 
-Ay bədbəxt oğlu, - dedi, - bu yaşa çatmısan,  ərbabla danışmağı da 
bacarmırsan. Ərbab söz götürməz. Bilmirsən iki yoluq cücə ilə ağa yanına 
getməzlər? Sən nə hesab eləyirsən! Hamı Mirzəməmməd olmaz ki, sənə 
müftə ərizə yaza. 
Ağarza yerlisi ilə razılaşmadı: 
-Mirzəməmməd, axı, dostum, nə üçün elə deyirsən?  Ərbab gərək özü 
razı olmuya! Mən öz əlimin əməyi ilə əkdiyim ağacların bahasını istəyirəm. 
Bu, fıtrə, sədəqə zad deyil. Qardaş, müşavirdi, amerikandı, ingilisdi, hər 
kəsdi, ona yer lazımdır, ayrı torpaqdan götürsün! Köyşən doludur. Mənim 
badamlığım olmasa, bu təyyarə yerə enə bilməz bəyəm! Onu görüm heç sağ 
enməsin! Mahalda meydan qurtarmışdı ki, mənim bir tikə badamlığımı 
kəsirlər? 
Ağarza dostunun məsləhəti ilə təkrar kəndə qayıtdı. Deyirlər müşavirdən 
kağız gətirsən, o kağızı dövlət bankına təqdim etsən, ziyanın bir payını 
alarsan. 
Müşavir doğrudan da ona bir kağız verdi. Təsdiq etdi ki, filan mahalda, 
filan kənddə  Ağarza Baba oğlunun otuz bir ağaclıq badamlığı, "Marşal 
planı" əsasında kəsilib, müəyyən məqsəd üçün düzəldi. 
  

106 
 
Ağarzanın kənddə bu kağızı oxutmadığı savadlı qalmadı. Orada 
yazılanların hamısı aydın idi. Her şey ona aydın idi. Ancaq "Marşal planı", 
"marşallaşma" deyilən sözdən bir şey başa düşmürdü. Kağızı oxuyanlara 
macal vermir, barmağını yazının həmin yerinə qoyub soruşurdu: 
- O 
nə sözdü qardaş? "Marşallaşma" - yəni kim barəsində yazır? 
Mənə  təəllüqü var o sözün, ya yox? Yəni o adam kimdir, görüm mənim 
ağaclarımı  kəsən adamdır, ya buna əmr verən, pul buraxan adamdır? O 
kimdir? 
Oxumuşlar qəzetdən, siyasətdən söhbət salıb çox söz deyirdilər. Ancaq 
Ağarza daha da hirslənirdi: 
- Qardaş, hər nə planı-filanı var aparsın şahla, vəzirlə danışsın. 
Mənim ağaclarıma nə  dəxli var axı! Plana düşür, qoy mülkədarların 
xalvar-xalvar yerləri düşsün. Mənim canamaz boyda badamlığımı bilmirəm 
kim plana salir axı! 
Mirzəməmməd Ağarzanı başa salıb deyirdi: 
- Ay rəhmətlik oglu bu "Marşal planı" o yandan – Amerikadan gəlir. Bir 
bizim vətənə deyil, odur, türkə də, yunana da, ərəbə də gəlir. 
Vergi-tövcü kimi bir şeydir.  Əvvəllər  İrana vəba gələrdi, taun, çəyirtkə 
gələrdi. Indi də"Marşallaşma" gəlir, Amerika soldatı  gəlir, çürük mal, 
tısbağa yumurtası  gəlir. Dünən bir kəndlinin cilovunda bir arıq at var idi, 
üfürsəydin yıxılardı. Soruşdum ki: "Kəndli qardaş, at niyə bu kökə düşüb?” 
Kəndli gülüb dedi: "Marşallaşıb". Belə yekə bir kəndin bağ-bağatını kəsib 
tökürlər; soruşursan: bu nə  həngamədir? Deyirlər: "Marşallaşırıq".  Şəhər 
küçələrində dilənçi  əlindən keçmək olmur. Deyirsən:canım, bu nədir? 
Deyirlər: səsini çıxarma, "marşallaşırıq!" Kəndlilər lüt, möhtac görəndə 
deyirlər: "Sən "marşallaşıb" qurtarmısan!” Heç bir zəlzələ, sel, heç bir 
səmum yeli kəndləri "marşallaşma” qədər yaman günə qoymamışdı... 
Ağarza dostunun dediyindən nəticə çıxartdı: 
- Yaxşı, qardaş  nə vacib olub? Olmaz ki, "marşallaşmayaq?"  İndi ki, 
"marşallaşma” bizi bu kökə salır, gəlin "marşallaşmayaq"da! 
Mirzəməmməd qəhqəhə çəkib güldü. 
- Sən, - dedi, doğrudan da lap avam imişsən. Görünür, Kəmərli 
dağlarının arasından kənarı görmürsən. Ay rəhmətlik oğlu, ölünü öz kefinə  
qoysan,  şıllaq atıb kəfəni yırtar.  Sənin nə ixtiyarin var 
"marşallaşmayasan?”   Sən "marşallaşmayasan", bəs bu amerikan 
zabitlərinin qazancı haradan gəlsin? Yeddi iqlim, yeddi dərya basa- 
        
basa buraya əbəs yerə keçməyiblər axı! Yazıqsan, get, bəlkə müşavirdən bir 
kağız ala bildin, bəlkə yerin bahasından bir az verdilər. Yenə  qənimətdir, 
lənət heçə? 

107 
 
Müşavirin kağızına şəhərdə güldülər. Bu kağız, - dedilər, - sənin bağçan 
haqqında yoxlamadır, ayrı bir şey deyil. Heç bir iddia üçün sənə  əsas 
vermir. 
- Mən ayrı iddia eləmirəm. Hökumətlə hökumətlik eləmirəm. 
Torpaq divana lazım olub, buyursun mənim ziyanımı versin. Bu iş 
qanunda var. 
- Oanunda nə var? 
- Qanunda var ki, kəndlinin  əlindən alınan malın, ya mülkün bahası 
verilə gərək. 
- Kəndli var, kəndli var. 
Bank dəftərdarı, dazbaş, çeşməkli kişi Ağarzanı daha da heyrətə saldı. 
- Necə yəni, mən necə kəndliyəm bəyəm? - deyə gözləri alacalandı. 
- Necə kəndlisən, özün bilirsən, amma ixtiyaratın ərbabdır. 
- Ərbab məndən vergi alır, maliyat alır, bağçamın da sahibi deyil ki. 
Dəftərdar kağızı Ağarzaya tərəf uzadıb, içəri qayıtdı. 
- Sənin, - dedi, - işin məhkəməlikdir. Get orada baxsınlar, gör nə 
deyirlər. 
Məhkəmədə  Ağarzanı  bəlkə iyirmi dəfə dindirib danişdırdılar. Yazıb 
pozdular. Şahid, sübut istədilər. Müşavirin iştirakı olmadan işə baxmadılar. 
Çox xahişdən, tələbdən sonra günün birində müşavirin vəkili gəlib çıxdı, 
məhkəməni inandırdı ki, Ağarzanin bağça yeri əvvəldən  ərbabın olub, 
kəndlinin iddia üçün əlində nə kağızı, nə sübutu var. Ona görə də bir şahı 
tələb etməyə haqqı yoxdur! 
Ağarzanı daışmağa qoymadılar.  İddiasını  rədd etdilər. Vəkil çaldığı 
qələbənin iftixarı ilə Ağarzanın yanından ötüb getmək istəyəndə Ağarza onu 
saxlamaq istədi. 
- Bura baxın, ağayi vəkil! - deyə müraciət etdi. 
Vəkil qulaq asmadı. Ağarza bərk addımlayıb onun çiynindən tutdu, 
geriyə çəkdi: 
- Sənnənəm axı! 
Kəndlini hirsindən qızarmış görən vəkil özünü itirdi. Ağarza da tünd və 
kefli nəzəri ilə ona baxıb düşündü: "Deməli, işi-gücü qaldı, eləmi? Di, al 
gəldi!" 
           

108 
 
    Ağarza bunu deyib, elə bir sillə  çəkdi ki, üç dəfə  fırlanıb fəryad 
çəkdi,yıxıldı.Ağarza çıxmaq istəyəndə, kimsə qapını bərk itələdi,qapı onun 
alnına toxunub yaraladı.Ağarza aradan çıxdısa da, onu təqib edənləri görüb 
döngəyə buruludu. Uçuq bir divardan hoppanıb kiçik həyətə, oradan isə 
ağaclı bir yerə keçdi. Bura xəstəxana imiş. Ağ xalatlı bir həkim onu 
qarşılayanda, Ağarza alnının yarasını göstərdi. Onu sarğı otağına apardılar. 
Ağarzanın yarası bağlanıb qurtarmışdı ki, xəstəxana qapısında izdiham 
göründü. Müdir qapıya çıxdı. Qorxu və  təəccüblə qapıdakılara baxdı. 
Müşavirin adamları müdirdən Ağarzanı tələb edirdilər. 
- Ağa, nə buyurursunuz? - deyə xəstəxana müdiri soruşdu. 
- Buranın müdiri lazımdır! - deyə müşavirin adamlarından biri 
donquldandı. 
- Buyurun görək! 
- Deməli, müdir sizsiniz? 
- Belə görünür. 
- Burada gizlənən düşməni istəyirik. 
- Ağa, bura müalicəxanadır! Fərqi yoxdur, hər kəs olursa olsa, vəzifəmiz 
naxoşları müalicə etməkdir. 
- Burada yaralı varmı? 
- Yaralı da var, şikəst də var, qızdırmalı da... 
- Biz buraya qaçıb gizlənən... 
Vəkil sözünü bitirməmişdi ki, Ağarza camaatı yarıb, heykəl kimi onun 
qabağında dayandı. 
- Ağayi vəkil, pis olmazdı sən gedib öz yerində, Amerikada vəkil 
olaydın. Burada nə Amerika torpağı var, nə təbəəsi. Sizi bura çağıran 
da yoxdur. Bilmək olmur dünyanın o başından atıla-atıla gəlib, burada 
nə sülənirsiniz! Kəndlinin qanı sizə də şirin gəlib... eləmi? 
Ağarza hirslə irəli çıxdı. Hiddətindən gözləri böyümüş, gicgah damarları 
şişmişdi, sifəti mis kimi qızarmış halda dişlərini qıcayaraq, yumruğunu 
düyərək, sözünü bərkdən təkrar etdi: 
- Şirin gəlib, eləmi? 
Ağarzanın odlu baxışları  ətrafa ildırım saçırdı. Yumruğunu göyə 
qaldırdı, vəkil bu saat başına enəcək zərbənin dəhşətindən ürkərək, 
geriləmək istədi. Səndələdi, özünü saxlaya bilmədi. Qollarını  kənara açıb, 
dırmaşdığı uca yerdən düşən toyuq kimi ləngər vurdu. Arxadan 
tutmasaydılar, tirlənəcək idi. Ağarza hərifin çəkildiyini gördükdə, 
  

109 
 
sanki zərbəsini endirməyə  hədəf axtarırdı. Yumruğu ilə havanı yardı, 
sinəsində yanan nifrət, qəzəb alovu ilə dedi: 
- Zəlilər! Əqrəblər! 
Ağarza irəli cumanda, vəkil də, adamları da cəld çəkildi, izdiham 
parçalanıb qolu çirməkli, saçı dağınıq kəndliyə yol verdi. O, bir neçə addım 
atandan sonra dönüb vəkilə baxdı. Sanki baxışı süngü idi və bununla da 
özünə yol açdı. Vəkilin  ətrafındakılar dağılışdılar. Vəkil yolun ortasında 
qanqal kolu kimi tənha göründü. İzdiham Ağarzanı bir qəhrəman kimi 
qucağına alıb, gözdən itənəcən müşayiət etdi. 
Doğrudur, kənddə Əlican, Ağarzanın uşağına, atasının tapşırdığı balaca 
Ədalətə öz övladı kimi baxırdı: onu gözdən qoymurdu. Ancaq Ədalətdən 
arxayın ola bilmirdi. Çünki Ədalət hər gün oğurlanıb kənd üstünə, 
badamlığa gedirdi, təzəcə puçurlayan nəhəng ağacların doğranıb 
töküldüyünə, bağça hasarının yerində bünövrələr salındığına diqqət və ürək 
ağrısı ilə tamaşa edirdi. O, baxırdı, müşavirin adamlarının nə  iş 
gördüklərinə diqqət yetirirdi ki, atası gələndə danışsın. Bağçada Ədalətin öz 
əli ilə toxumunu basdırdığı iki yaşlı bir badam ağacı adam boyu ucalmışdı. 
Qız bu ağacı  həmişə  əli ilə suvarır, dibini alaqdan, gövdəsini qarışqadan 
təmizləyirdi. Bağçanın sökülüb dağıldığını görsə də, Ədalət o körpə ağaca 
baxmaqda davam edirdi. O, buraya gələndə  əziz yoldaşını - kimsəsiz 
qalmış, qohum-əqrəbasından uzaq düşmüş bir yetimi görən kimi 
qəhərlənirdi. Sanki körpə ağacın yenicə puçurlayan, həyat, günəş arzusu ilə 
baş qaldıran zərif, zümrüd yarpaqları Ədalətin gəlişindən hərəkətə gəlir, nə 
isə dil açıb demək istəyirdi. Ədalət nə etsin? Badamın dibinə torpaq yığsın, 
ətrafina çəpər çəksin? Dağ kimi divarları vurub dağıdan, təpələri düzə 
çevirən bu silahlı müşavirələrin, gurultulu maşınların qabağında  Ədalət 
nədir ki, çəpər də  çəkə! Heç yerdə  Ədalət buradakı  qədər gücsüz, əlacsız 
olmamışdı. Sanki bunu körpə  ağac da hiss etmişdi.  Ədalətə  tərəf  əyilərək 
yalvarmaq, ağlamaq, arxalanmaqmı istəyirdi, ya qıza məlum olmayan bir 
sirr deməkmi istəyirdi? Bəlkə deyirdi: "Bu qansızlardan uzaq ol!" O demək 
istəyirdi ki: "Məni apar!" Qız onu hara apara bilərdi? Ədalət əlində balaca 
bel körpə ağacın yanına gəlir, ağ əlcəkli bir zabit onu istehza ilə qarşılayır, 
ağaca işarə edirdi: "Qızım, bu sənindirmi?" 
  

110 
 
Ədalət cavab verməmiş, zabit bıçağı ilə  ağacı  kəsib  Ədalətə  tərəf uza-
dırdı! Ağac kəsiləndə Ədalətdən odlu hıçqırıq çıxırdı. Özünü dəhşət almış, 
gözləri böyümüş uşaq yerindəcə donub qalır və bilmirdi ki, nə etsin. Əlcəkli 
zabit "səhvini" anlayıbmış kimi, ağacı böyrü üstə tutur, şərq adəti ilə ikiəlli, 
peşkəş təqdim edən kimi bir vəziyyət alır və: 
- Buyurun! - deyirdi. 
Ədalət canavara tuş gəlmiş quzu kimi naçar nəzərlərlə aşağıdan yuxarı 
zabitə baxırdı. Zabit badam şivini əlinə alıb, qızın çılpaq baldırlarına döyür, 
qışqırırdı: 
- Haydı, meymun balası! 
Uşaq ağlayıb qaçanda əlcəkli zabit qəhqəhə  çəkib durur, təpiyini yerə 
vurub uşağı hədələyir, baxanlar gülüşürdülər. 
Ədalət gözlərindən almaz yaşlar tökərək, başıaşağı  dərəyə qaçırdı. 
Yenicə göyərən çəmənləri, yoncalıqları ayaqlayaraq, kollardan, hasarlardan, 
arxlardan ötərək, yaralı bir quş kimi çırpınaraq qaçırdı. O, birbaş şəhərə yol 
almışdı, atasının dalınca gedirdi. Əlindəki badam şivini bərk-bərk tutub 
ehtiyatla aparırdı. Aparırdı ki, atasına göstərsin, böyüklərə şikayət etsin. 
Bu yerlər - bağçalar, kövşənlər körpə  qızın həmişə oynadığı, çiçək 
yığdığı, sünbül dəstələdiyi, quş yuvası axtardığı, quzu otardığı, çırpı 
topladığı yerlər idi. İndi isə  Ədalət heç nə düşünmürdü. Cənuba, uzaqda 
ağaran qarlı dağlar arxasına,  şəhər yoluna doğru üz tutaraq qaçırdı. 
Anasından qalma köhnə başmaqlar çoxdan ayağından çıxmışdı. Soyuqda 
gah qızaran, gah göyərən balaca ayaqları keyimiş kimi, nə daş, nə tikan, nə 
palçıq hiss edirdi. Qız hərdən hıçqırığını boğaraq: "Atacan!" - deyə fəryad 
edir,  əlindəki ağaca baxırdı. Uşağı bu kökdə görən kəndlilər müşavirin 
qorxusundan ona yanaşmasalar da, ağaclar arxasından haylayır, uşağı 
saxlamaq istəyirdilər. Ədalət qulaq asmır, yoluna davam edirdi. 
Bütün ümidləri puça çıxmış, müşavirin, mübaşirin,  ərbabın, məh-
kəmələrin qapısından naümid olan, əl üzən Ağarza həmin bu axşam da 
həmin yolla kəndə qayıdırdı. O buradan gedəndə cibində pul, əlində ərizə, 
ürəyində ümid aparmışdı. Qayıdanda isə bunların hamısını itirmişdi. Ancaq 
ürəyindən daş kimi asılan və get-gedə ağırlaşan bir intiqam hissi gətirmişdi. 
  
 
  

111 
 
Qəribədir, ürəyini ağrıdan bu hiss ona nələr deyir, nələr öyrədirdi? O, 
uzun və qayım addımları ilə  kəndə doğru yaxınlaşdıqca qəlbi tərpənir və 
tərpəndikcə  də sanki ondan çox sirlər soruşurdu: "Sən Kəmərlidə yenəmi 
qalacaqsan! Yenədəmi müşavirlə üz-üzə gələcəksən? Bağça yerində dikələn 
daş binalar sənə göz dağı deyilmi?" Sonra öz-özünə sual verirdi: "Əlimdən 
nə  gələr? Odur, göz qabağındadır. Neçələri həbsdə, sürgündə çürüyür. Bu 
gəlmə zabitlər ərbaba köməyə gəliblər. Kəndlini soyub-talamağa gəliblər". 
Ağarza fıkirləşirdi ki, olub keçəni yaddan çıxarsın, dağların döşünü bel, 
kərki ilə qaraldıb bir-iki batman arpa səpməklə güzəran keçirsin, yeganə 
balası  Ədaləti böyüdüb başa çatdırsın. Görürdü ki, yox, o, müşavirin 
zülmünü heç cürə unuda bilməyəcək. O görürdü ki, cəllad  əli ilə  kəsilib 
atılan o igid badam ağacları qalxıb baş-başa veriblər, bir sirr kimi onun 
qarşısında dayanıb sual edirlər, təkidlə soruşurlar: "Bizim günahımız nə idi? 
Bizi bahara həsrət qoyanlardan sorğu-sual olacaqmı?" 
Ağarza ürəyində onlara cavab verirdi: "Yox, ey mənim bərəkətli 
ağaclarım, sizin qatilinizdən sorğu-sual edən olmadı. Mən  şəhərdə qapı 
qalmadı döydüm, məhkəmə qalmadı dəydim, oxum daşa dəydi..." 
Ağarza bu sözü min bir nisgil və ürək ağrısı ilə deyirdi. Birdən başını 
qaldırıb ucadan əlavə etdi: "Ancaq mənim oxum qurtarmamışdır. Mənim bir 
oxum, bəlkə də axırıncı oxum lap hədəfə dəyməlidir. Şikayətdən haray yox 
imiş. Mən öz gücümə güvənməliyəm!" 
Onun bu sözlərini qabaqda gələn, titrəyərək, qorxaraq, kollara sığınaraq 
gələn Ədaləti eşidirdi. Birdən: 
- Atacan! - deyən Ədalətin səsi eşidildi. 
Ağarza yuxu görürmüş kimi döyüküb dayandı,  ətrafını dinlədi. Addım 
səsləri yaxınlaşırdı. Uşaq səsi təkrar olundu: - Atacan! 
- Qızım, Ədalət! 
- Ay ata! 
- Can, qızım, haradasan? 
- Ata, səni axtarıram. Badam ağacımı da kəsdilər. Məni döydülər, ata! 
Uşaq qaranlıqda özünü atasının qucağına atdı. Ağarza badam şivini 
qızının  əlindən alıb  şəfəqdə ona baxdı, uşağın yalın ayaqlarını qoltuğunda 
sıxdı. Xəcalətdən başını  aşağı saldı. Axı o, qızına söz vermişdi:  şəhərdən 
belə qayıtmayacaq, hədiyyələri ilə Ədaləti sevindirəcəkdi. 
  

112 
 
Nəvazişli bir səslə qızına dediyi sözlər atanın qulağında təkrar səsləndi: 
"Qızım, Allah qoysa, məhsulun alıcısı olsa, bu dəfə əlimə pul gəlsə, ərbabın 
borcunu, xumsu, zəkatı  çıxandan sonra, taxıldan artıq qalsa... sənə bir cüt 
təzə başmaq alacağam, qotazlı başmaq. Lap onun özündən alacağam ki, 
bayramda geyəsən!.." 
Ağarza yoldan kənara çəkilib, böyük və soyuq bir daş üstündə oturdu. 
Ədalət müşavirin adamlarından gördüklərini ağlaya-ağlaya, yanıqlı dildə 
kəsmə-kəsmə danışdı. 
Gözü təmiz yay göylərinin dərinliklərinə dikildiyi halda Ağarza 
Ədalətin məsum, məzlum səsini bir fəryad kimi eşidirdi. Eşidir, ancaq 
cavab vermirdi. O bilmirdi uşağına nə ilə və necə təsəlli versin. Onun gözü 
şimalda parlayan və gur işığı ilə diqqətləri çəkən qızıl ulduza dikilmişdi. 
Ata şəhadət barmağı ilə göstərərək, Ədalətə təsəlli verirdi: 
- Görürsən, qızım! Biz o ulduzun dalınca getməliyik, onun işığı və gücü 
bizə də nicat verəcəkdir. Qalx gedək! 
Ata-bala əl-ələ verib qaranlıq çöllərdən parlaq şimal ulduzuna doğru yol 
aldılar. 
 
1953 
 
 
1   ...   4   5   6   7   8   9   10   11   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə