Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə24/24
tarix02.12.2016
ölçüsü2.8 Kb.
1   ...   16   17   18   19   20   21   22   23   24

Onuncu fəsil 
 
Gəldiyev sağ-salamat gəlib, Vartaşenə  çıxdı. Onun məqsədi burada 
qalmaq deyildi. Köhnə  və sadiq dostu İsmiyevi görəcək, onun vasitəsilə 
Rusiya darülfünunlarından birinə ezamiyyət alacaq, yayınacaqdı.  Əlbəttə, 
İsmiyev mühəndis olmuş dostunu asanlıqla buraxmayacaqdı: "Bəsdir 
oxudun, - deyəcəkdi, - qurtardın, gəl indi xalqa xeyir ver!" 
Amma Gəldiyev onu başa salacaqdı: "Hələ yarımçığam, Bakıda lazımi 
professorlar olmadığından dastatoçni bilik almadım. Moskvada oxumasam, 
özümə inciner demərəm. Təvəqqe edirəm boynuma qoyduğunuz haqq-sayı 
axıracan aparın. Mən də duz-çörək itirən oğul deyiləm, özün tanıyırsan!.." 
Gəldiyev axşam çıraqlar yananda rayona çatmışdı. Birbaşa dostunun 
evinə getmək,  əziyyət vermək istəmirdi. Mehmanxanaya gəldi, orada 
ortayaşlı çopur bir kişi işləyirdi. Gəldiyevə bir köhnə çarpayı verdi. 
Gəldiyev ondan əhval soruşdu: 
- Deyəsən burada təzə işləyirsən, hə? 
- Olar bir iki il yarım!.. 
- Necə yerdir? Xoşuna gəlir? 
- Niyə, görmürsən, yazı  cənnət kimi... Əbəs yerə Vartaşen deməyiblər 
ha. Vartaşen, yəni gül kənd! 
- Adamları necədir? 
- Adamları deyəndə, qardaş, sən qəribə söz soruşursan. Beş barmağın 
beşi də birdir? Pisi də var, yaxşısı da. Bir de mənə təfavüt eləməz, nəyim 
şəriklidir? Başımı salıb qulluğumu eləyirəm. 
- İspalkomu-zadı deyirəm ey! 
- Niyə, sağ olsun, canyandıran adamdır. 
Gəldiyevin qoltuğu qarpızlandı: 
- Dostumdur. Canlara dəyən kişidir. 
- Onun nəyine kişi deyirsən, qardaş, cavanca oğlandır ki! 
- Necə cavan, 45-dən yuxarı yaşı var. 
Çopur kişi bir az fıkirləşəndən sonra dedi: 
- Sən deyəsən axı İsmiyevi deyirsən. 
- Bəs sən kimi? 
- Daha ispalkom İsmiyev deyil. Müslümzadədir. Köhnəni qovdular. 
Gəldiyevə təəccüb gəldi: 
  

378 
 
- Necə qovdular? 
- Bəli, burdan qovdular Yevlağa, orda da tutdular. 
Gəldiyev qaşlarını çatdı: 
- Tutdular? Necə yəni tutdular? 
-Bəli! 
- Niyə tutdular? 
Çopur kişi söhbətin uzanacağını görüb, qutusunu çıxartdı, papiros 
bükdü: 
- Günahı çoxdur, qardaşoğlu, onun. Doğrudan dostundur? 
- Zarafat eləyirəm, əşi. Dalaşmışdım onunla. 
- Çox idi günahı. Adamları var imiş. Pay bölüşdürürlərmiş. Rayonu 
yeyiblər, üstü açılıb. 
- Havaxt açılıb? 
- Mən gələndən bir altı-yeddi ay sonra. 
- Əşi, yoxsa sən açmısan üstünü? 
- Mənim nə  xəbərim var. Mərkəzdən adam gəlmişdi, raykomu da 
dəyişdilər. 
- Axı mən eşitdim, İsmiyevə dəyməyiblər. 
- Əvvəl dəyə bilmirdilər, dişi bərk idi, sonra ona da dəydilər. 
Gəldiyev  İskəndəri xəbər aldı. Çopur kişi onun üzünə baxıb dinmədi. 
Sonra papirosunun kötüyünü sorub dedi: 
- Qardaş... Sən elə adamları soruşursan ki... İskəndər ələ keçsə, dərisinə 
saman təpərlər. Əmanət kassasının otuz üç min manatını götürüb yox oldu. 
Balaca bir oğlan uşağı pişik kimi qapını açdı, qaça-qaça gəlib, çopur 
kişinin dizleri arasına girdi. Əlindəki tor zənbili sinəsinə basdı: 
- Anam dedi, çörək alsın! 
Gəldiyev uşağı tanıdı. Birinci arvaddan olan oğlu idi. Uşaq böyümüş, 
rəngi açılmış, dirçəlmiş, çevikləşmişdi. Parlaq gözləri hər  şeyi görmək 
istərmiş kimi oynayırdı. Bu tanışlıqdan Gəldiyev pozuldu, üzünü yana 
çevirdi: "Bu uşaqlar məndən nə istəyirlər..." 
Çopur kişi uşağın qolundan tutub, qapıya çıxdı. Gəldiyevə döndü: 
- Hələ ki, buradasınız, qardaş? 
Gəldiyev o tərəfə dönmədən cavab verdi: 
- Arxayın ol, buradayam! 
Onlar küçənin o tayındakı kooperativə girdilər. Gəldiyev  şüşəbənddən 
baxırdı. Çopur kişi bir bütün təndir çörəyi, bir torba qənd 
  

379 
 
alıb, tor zənbilə qoydu. Uşaq bir əlindəki konfeti gəmirir, o biri əli ilə  də 
şeyləri döşünə basıb, bərk-bərk tuturdu. Onlar küçə  fənərinin altında 
dayanıb, nə isə danışdılar, sanki fənər onların mehribanlığını görüb, 
başlarına nur yağdırırdı. Çopur kişi uşağı at-fayton, maşın yolundan 
addadıb, evə yola saldı, özü mehmanxanaya qayıtdı. Gəldiyev xəbər aldı: 
- Deyəsən evlisiniz? 
- Bəli. Gələndən sonra burada evlənmişəm. 
- Bəs uşaq sizin deyil? 
- Atası yaman çıxıb, uşaqlı arvadı boşayıb, Bakıda bir lotuya uyub. 
Mənim ürəyim götürməz. Oğlumdan artıq baxıram. Niyə ki, uşaqdır, 
böyüməlidir, bəslənməlidir. Sağ olsun, hökumət də az kömək eləmir. 
Bağçası-zadı müftədir. Sabah-biri gün də qoyacağam oxusun. 
Gəldiyev heç nə demədi. Durub çıxmaq istədi. Çopur kişi soruşdu: 
- Pasportunuzu, ya kinişkanızı verəydiniz, dəftərə salaydım, sonra 
yoxlayarlar. 
- Çamadandadır, bir azdan açaram... 
Gəldiyevin uzaq şəhərlərdən gətirdiyi qorxu və intizar bu kişinin 
qabağında xiffətə çevrildi; könlünün qaraldığını gizlətmək, tənhalıqda 
kədərlənmək üçün qalxıb otaqdan getdi. 
Gəldiyev ay işığında nizamsız, adda-budda tikilmiş  kənd evlərinin 
arasında, zəif elektrik çırağı  işıldayan küçədən keçdi. Fındıqlı deyilən 
balaca dərəni addayıb, meşəyə çıxmaq istədi. Suyun səsi onda atəş oyatdı. 
Arxın qabağında çömbəlib ovuclarını doldurdu, sərin dağ suyundan içdi. 
Kolluqlarla başlayan, get-gedə  sıxlaşan meşəyə dikləndi. Gəldiyevə elə 
gəldi ki, bu ağacların yalnız torpaqda deyil, havada da kökləri var. Onlar 
yarpaqlı, puçurlu budaqları ilə  fəzaya bağlanmışlar. Yer də, göy də onları 
bəsləyir. Onlar pardaqlanıb böyüdükcə fəzanı fəth edir, günəşə qovuşurlar; 
sısqaları, qırıntıları, vəcdən düşmüş ağacları kölgələri ilə basıb məhv edir, 
payız xəzəllərinə qatırlar. 
Keçmişmi, gələcəkmi, xatırlamaq, yoxsa unutmaq hissimi, nəsə 
Gəldiyevi çəkə-çəkə bir yerə gətirdi. Burda vaxtilə bir qarağac bitmişdi. Bu 
ağacın yerini o çox yaxşı bələdləmişdi; onun ətrafındakı kolları da, öz əli ilə 
əkmiş kimi tanıyırdı. O, həndəvəri bir-birinə vurdu, alçaq, qol-budaqlı, sıx 
kölgəli ağac yoxa çıxmışdı; deyəsən göyə uçmuşdu. Onun yeri adi bir 
açıqlıq idi. Açıqlıqdan, buraya düşməyə  

380 
 
imkan tapan günəşdən otlar qidalanmış, boy atmışdı. Cavan bir nar ağacı 
bitmişdi. Gəldiyev otları aralayanda ayağı böyük bir şeyə ilişdi. Kəsilmiş 
qarağacın quru kötüyünün üstündə oturdu. 
Neçə il bundan əvvəl Zoya ilə burda görüşmüşdü...  Əlini cavan nar 
ağacının yarpaqlı budaqlarına toxundurdu. Elektrik işığında dayanıb, çopur 
kişini dinləyən uşaq gəlib Gəldiyevin qabağında bitdi. Nar ağacını göstərib, 
nə isə demək istədi, ağac isə susurdu, meşə  də, otlar, çiçəklər, sular, 
küləklər, ulduzlu səma da susurdu. Hamı, hər  şey uşağın boyuna tamaşa 
edir, sözünü eşitmək istəyirdi. Uşaq da susurdu... 
Gəldiyev çox oturdu, nəfəsini qısıb meşənin sükutuna qarışdı. Heç 
kəsdən, heç yerdən səs eşidə bilmədi. Başını  aşağı salıb, kötüyə baxdı. 
Dodaqları  tərpəndi; üzülmüş  həyatından, həsrətinin dərinliklərindən, 
quyudan gələn kimi, zəif, hüznlü bir səs eşidildi: 
- Bir də göyərsəydim!.. 
1941 

  

381 
 
  
 
MİR CƏLAL 
 
SEÇİLMİŞ ƏSƏRLƏRİ 
 
"ŞƏRQ-QƏRB" 
 
BAKI-2005 
  

382 
 
Buraxılışa məsul:  
Əziz Güləliyev 
Texniki redaktor: 
 
Rövşən Ağayev 
Tərtibatçı-rəssam:  
Nərgiz Əliyeva 
Kompyuter səhifələyicisi: 
Rəşad Həmidov 
Korrektor:  
 
Fəridə Səmədova 
  

383 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir 10.12.2004. Çapa imzalanmışdır 23.06.2005. 
Formatı 60x90 1/16 Fiziki çap vərəqi 24. Ofset çap üsulu. 
Tirajı 25000. Sifariş 168. 
 
 
 
 
Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur. 
 
  
 
 
 
 
1   ...   16   17   18   19   20   21   22   23   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə