Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə2/24
tarix02.12.2016
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   24

 
  
 
 
HƏKİM CİNAYƏTOV 
 
Gənc tələbə Ramazan Əlizadə  səhiyyə  şöbəsində  ərizəsinə  dərkənar 
qoydurub, tələsik müalicəxanaya yollandı, qırmızı mürəkkəblə  və  xırda 
xətlə yazılmış dərkənar bu məzmunda idi: "Təcili tibbi yardım göstərməli". 
Ramazan atasının başına gələn bədbəxt hadisədən təşvişə düşmüşdü. 
Atasız qalacağını təsəvvür etdikcə beyninə bir ağrı dolurdu. 
Özünə ümid vərərək deyirdi: "Atamın yarası bir o qədər qorxulu deyil. 
İndiki həkimlər ölünü dirildirlər. Atam üçün niyə qorxuram? Klinikadan 
bu saat bir həkim alaram, təcili müalicəsinə başlaram". 
Ramazan bu kimi fıkirlərlə klinikanın qapısından içəri girdi. Bir tərəfdə 
qadınlar durmuşdu. Bunların duruş  və baxışlarından xəstəlik yağırdı. 
Çoxunun qucağında azarlı uşağı vardı. Kiminin başı, üzü və   ayağı sarıqlı 
idi. 
Ramazan  şapkasının günlüyünü qaldırdı,  ətrafa baxa-baxa müdirin 
otağını tapdı. Onun işi rayon həkiminə aiddirsə  də, səhiyyə  şöbəsinin 
təkidini müdirə söyləməyi yersiz görmədi. 
Müdir Ramazanı hörmətlə qarşıladı. Onun atasının başına gələn qəzanın 
nədən ibarət olduğunu dinlədi. Sonra onu bir tibb bacısına qoşub, rayon 
həkiminin yanına göndərdi. 
Ramazanla tibb bacısı müalicəxananın çiçəkli və  ağaclı  həyətinə 
çıxdılar, bir alçaq pilləkəndən qalxdılar. Balaca otağa girdilər. İki nəfər ağ 
döşlüklü gənc qız nömrə üçün kağız doğrayırdı. Stolun dalında kök, 
ortaboylu, alnının qırışları uzaqdan görünən bir həkim oturmuşdu. Müəyyən 
bir işi yoxdu. Yalnız kağız doğrayan qızlarla söhbət edirdi. Hərdənbir 
söylədiyi məzəli sözlərdən qızlar  şaqqıldayıb gülür, həkim də öz 
müvəffəqiyyətindən açılırdı. 
Ramazan gözünü stolun üzərindəki siyahıya dikib, həkimi gözlədi, 
həkim Cinayətov öz işində idi. Qızlardan birisi Ramazana baxaraq, həkimə 
nə isə dedi. Həkim naşı bir ifadə ilə: 
- Nə istəyirsən, balam? - deyə soruşdu. 
Ramazan əlindəki kağızı göstərərək, izah etdi: 

18 
 
 -  "Yerevanlılar" küçəsində oluruq. Atam kankandır. Quyuda işlərkən 
yuxarıdan düşən daş çiynini yaralamışdır. Bərk xəstədir. Buraya gətirmək 
mümkün olmadı. Təcili kömək lazımdır. 
Həkim Cinayətov həvəssiz bir halda əvvəlcə Ramazanın səhiyyə 
şöbəsinə yazdığı ərizəni oxudu. Sonra səhiyyə şöbəsinin dərkənarını gözdən 
keçirtdi. Qızlardan birisi naz sata-sata həkimə bir şey anlatmağa başladı. 
Ramazan tələsirdi. Həkim isə  hələ yerindən qımıldanmaq istəmirdi. 
Nəhayət, qız sözünü bitirdi. Həkim başını qaşıyaraq güldü, qızlar da 
gülüşdü. Ramazan həkimin diqqətini səhiyyə  şöbəsinin yazdığı "təcili" 
kəlməsinə cəlb etmək istədi: 
- Səhiyyə şöbəsində onu çox təcili yazdılar. Tələsik gəldim. Tez kömək 
etməsəniz, sonrası qorxulu olacaq, atamın halı ağırdır. 
Həkim Cinayətov haqq-hesab dəftərçəsini istədi. Ramazan tez təqdim 
etdi. Həkim yenə  tələsmədən, qızlar ilə mazaqlaşa-mazaqlaşa iki-üç dəfə 
haqq-hesab dəftərçəsini başdan-ayağa varaqladı. Sonra bir papiros yandırdı. 
Əlinə bir kağız aldı. Soruşmağa başladı. 
- Adınız? Familiyanız? Küçəniz? 
Ramazan bitmək bilməyən cansıxıcı sualların hamısına cavab verdi. 
Həkim bu işi bitirdikdən sonra kamali-səliqə ilə suçəkəni aldı, yazdığı sual 
vərəqini qurutdu, ağır bir işdən qurtarmış kimi geniş bir nəfəs aldı, stula 
söykəndi. Qollarını boynuna çataraq, bərk gərnəşdi. Stulun cırıltısına 
qadınlar da gülüşdülər. O, saxta bir ciddiyyət göstərərək, yumruğunu stola 
vurdu, onlara acıqlandı. Təkrar gülüşınəyə başladılar. 
Ramazan cəsarətlə dedi: 
- Yoldaş həkim, tələsmək lazımdır. 
- Siz gedin, xatircəm olun, mən adam göndərərəm. Ramazan sıxıldı. 
Atasına təcili yardım lazımdı. O, həkimsiz qayıda bilməyəcəkdi. Bu fikrini 
anlatdı, Cinayətov çəkdiyi papirosu kül qabında söndürərək soruşdu. 
- Yerevanlılar küçəsi haradadır? 
Ayağa qalxıb, divardan asılan planın qabağına getdi, aramağa başladı. 
Ramazan ona kömək edib, küçəsini ona göstərdi. Həkim: 
- Bura çox uzaqdır, - dedi, - piyada necə getmək olar? 
Ramazan əsəbiləşdi: 
- Həkim yoldaş, tələsmək lazımdır! Siz getməyəcəksinizsə, mən başqa 
bir həkim istəyim? 
 Cinayətov ayağa qalxdı. Təkrar oturaraq, üzünü qızlardan birisinə tutdu, 
onu o birisi otaqdan başqa bir həkim çağırmağa göndərdi. Bu ikinci həkimin 
gəlib çıxması yarım saat çəkdi. Cinayətov  əvvəlcə başqa bir iş haqqında 
danışdı. Sonra onu Ramazanın atasına baxmağa göndərmək istədi. O isə 
getmək istəmirdi. Axırda Cinayətov özü getməli oldu. O otaqdan çıxınca 

19 
 
Ramazan iki dəfə klinikanın bayır qapısından çıxıb, təkrar geri qayıtdı. 
Həkim çox naz ilə yeriyirdi, ağır addımları ilə Ramazanı  əsəbiləşdirirdi. 
Ramazan nə  qədər tələsirdisə Cinayətov bir o qədər ağır tərpənirdi, öz 
vəziyyətini dəyişmirdi, bəzən ilk dəfə görürmüş kimi mağazaların 
vitrinlərinə tamaşa etməyi də unutmurdu. Ehtimal həkim öz yerişində hifzi-
səhhə qaydalarına riayət etmək istəyirdi. 
Nəhayət, gəlib, qapıda on dəqiqədən bəri gözləməkdə olan Ramazana 
yetişdi. Xəstənin başı üstünə gəldi. Yorğan altından işıldayan zəif və batıq 
gözlərə baxdı, "Haran ağrıyır, niyə yatmısan?" - deyə bir neçə məlum sual 
verdi. Xəstənin istiliyini ölçmək, tənəffüsünü, ürək fəaliyyətini yoxlamaq 
məqsədilə termometri, truokasını axtardı. Kostyum, şalvar ciblərini bir-bir 
yoxladı, tapa bilmədi. 
- Vay səni... - deyə  təəssüfləndi. Öz hafizəsizliyini söydü. Unutduğu 
şeyləri gətirmək üçün təkrar ağır addımlarla müalicəxanaya tərəf hərəkət 
etdi. 
 
1930 
 
 
 
 
İSTİFADƏ 
 
- Yolçu, oradan müəlliməni səslə, bir az söhbət eliyək... 
İdris bunu deyəndə, mən həm sevindim, həm də narazı qaldım. 
Sevindim, ona görə ki, bilikli, məlumatlı adamlar ilə  həmsöhbət olmaq 
adamın məlumatını artırar. Belə adamlardan çox istifadə etmək olar. Narazı 
qaldım ona görə ki, yazın günündə, istirahətə  çıxdığımız yerdə  nə istifadə 
bazlıqdır. 
Müəllimə təbiiyyatçı idi, ali təhsili vardı. Öz-özümə dedim: "Yəqin yenə 
təbiiyyat elmindən danışacaq, səhər-səhər sürünənləri, fəqərəliləri, 
məməliləri və qəlsəməliləri yığıb üstümüzə tökəcək". 
  

20 
 
Müəllimə  gəldi. Narıncı ipək paltar geyinmişdi. Qapıdan girən kimi 
işıqlı bir dalğa duydum. Deyəsən otağı bəzədilər, hər şey mənə zərif, gözəl 
və sevimli göründü. Dodaqaltı salam vərib, kresloya əyləşdi. 
Paxıllıqdanmı, nəzakətsizlikdənmi, nədənsə yoldaşlarım məni müəllimə 
ilə tanış etmədilər. Onsuz da utancaqlıq məni boğurdu. İlk dəfə idi ki, belə 
bir qadınla qarşılaşırdım. O danışırdı. Lakin nə danışdığını bilmirdim. Mən 
onun üzünə baxırdım. Zahiri təntənəsinə, əda, gülüş və nəzakətinə görə bir o 
qədər gözəlliyi yox idi. 
Dəyirmi, mütənasib üzü vardı, ağzı balaca, boyalı dodaqları nazik, gözü 
yekə, qara qaşları qalın idi. Burnu aşağı getdikcə çadır kimi yayılır, sanki 
dodaqlarındakı boya qurumasın deyə kölgə salırdı. 
Üzündən aşağı endikcə tənasüb pozulur: boynu yoxdu. Deyəsən, ağır bir 
qapaz vurulmuş, boynu qınına girmişdi. Ağ, açıq qolları  hər iki tərəfdən 
mərmər sütun kimi sallanırdı. Sinəsi daş ayna kimi parlayırdı. 
Səadət xanım məclisi qat-qat şənləndirdi. Hamı özünü yığışdırdı.  İdris 
tərli, kirli corablarını gizləmək üçün çəkməsini ayağına taxdı. Yolçu 
yuyundu, gəldi, mən də bürküyə baxmayıb, yaxamı düymələdim. 
Mən yanılmışdım. Səadət xanım təbiiyyatdan danışmadı. O mənim 
istəmədiyim, lakin maraqlandığım şeylərdən söhbət açdı. 
-Qadın qəlbi qapalı bir bağçadır, açarı da qadının özündədir. Bu açarı 
qəlbdə yanan sevgi fanarı ilə arayıb, tapmalı, bağçaya isə, yaz çağı, küləksiz 
bir səhərdə, həm də ayaqyalın girməli, iyləməklə kifayətlənməli... 
Səadət xanım utandığımı, ya qəribliyimi hiss etdi, tez-tez mənə atdığı 
baxışlarla kifayətlənmədi: 
- İdris, heç qonağın danışmır? - dedi. Yolçu hazırcavablıq elədi: 
- Sən macal verdin ki! 
Hamı güldü. Səadət xanım qollarını açaraq, tələbkar bir əda ilə: 
- Pajalusta, - dedi. 
Mən danışmadım, sözüm də yoxdu. "Bəli", "xeyr" ilə, ya da heç nə 
demədən dişlərimi ağartmaqla başımı girləyir, məclisimizin bitməsinə 
tələsirdim. 
Başını pəncərədən uzadan bir göy köynək kişi İdrisə bilet verdi: 
- Vaxta qırx dəqiqə var, hazırlaş, - deyib, tələsik ötdü. 
İdris  Şamxora gedəcəkdi. Yolçu da kimi isə gözlədiyi üçün vağzala 
çıxmalı oldu. 

21 
 
 Mən də qalxdım. Həyətə çıxanda İdris dedi: 
- Səadət xanımı evlərinə qədər ötür. 
Biz xiyaban kənarında əkilmiş cavan tut ağaclarının kölgəsi ilə gedirdik. 
Onun ilk sualı bu oldu: 
- Yəqin siz Gəncədə çalışırsınız? 
- Bəli! 
- Təzə qurtarıbsınız, eləmi? 
- Birinci ildir! 
Səadət xanımın sualları  məni cəsarətləndirdi, mən bu suallarda cavab 
arayan bir adamdan artıq sual arzulayan bir həsrət ruhu duyurdum. 
Bir az fikirləşdim. Ürəyimdə sualı sərf-nəhv cəhətcə yoxlayıb dilləndim: 
- Buraya təzəmi gəlmişsiniz? 
O güldü, dodaqlarını büzüb, başı ilə "yox" işarəsi etdi, dili ilə də dedi: 
- Yooox! Yooox a... a!.. 
Gülüşü elə qaynayırdı ki, deyəsən qarqara eləyirdi. Mən başqa bir sual 
hazırlamaq fıkrində ikən, cavabın davam etdiyini görüb dinlədim: 
- Yooox... Səhviniz var. Mən üç ildir ki, buralarda ləbbəyk deyirəm... Nə 
edim? Mən xanım adamın birisi idim. Başıma işlər gəldi, işləməyə məcbur 
oldum. Allah kəssin siz kişilərin vəfasını... 
Heç mən bunu gözləmirdim. Bir tərəfdən onun "başına gələn iş", o biri 
tərəfdən də  mən yaşda bir uşağı "kişi" adlandırması  məni təəccübləndirdi, 
ona bir çəpinə baxdım. 
- Mənim kimi kişilərdəki vəfanı haçan ölçdünüz? 
- Bəli, bəli, siz kişilərin vəfasızlığı... Kimə deyəsən ki, bir arvadı, altı 
ayın gəlinini... 
Bunlardan sonra müəllimə  mənim qarşımda ucuz bir kitab kimi açıldı. 
Mən onu köhnə  əlifba kimi ötəri oxudum. Səadət xanım Gəncə 
bəyzadələrindən birinin arvadı imiş. 
Əri cüzi qısqanclıq üstündə onu evdən qovmuş, sonra peşman olub, nə 
qədər çağırmışsa, bu getməmiş, "Eşşək nə bilir zəfəran nədir?" – deyə rədd 
etmiş.  İndi rayon uşaq bağçasında mürəbbiyədir. Neçə-neçə mötəbər 
yerlərdən onu istəyən var, getmir. Çünki heç birisi xasiyyətinə uymur. 
Vağzalda bütün mötəbər adamların yanında xüsusi hörməti var. Hətta 
naçalnik onun şərəfinə bir ziyafət də vermişdir. "Hansı ki" orada İdris də 
tost deyibmiş... 
 Bunları  eşidəndə  mən vicdanən sıxıldım. Belə bir qadına evlənmiş 
adamın yorulub, yarı yolda qalmağına acıdım. Bunu gizləyə bilmədim: 
- Məncə, Səadət xanım, siz nahaq inad edirsiniz. Ürək verdiyiniz adam 
ilə başacan olmalı idiniz... Hər kiçik ixtilaf ailəni pozarsa, onda nə olar? 

22 
 
Bu söhbətlərlə biz vağzal yanında yeni tikilmiş evlərə çatmışdıq. Səadət 
xanım burada güllər, sarmaşıqlarla örtülüb, üfuqləri açıq bir həyətdə 
yaşayırdı. Qapıda dayandım, axşama az qalırdı. Günəş batırdı, batmasından 
da acıqlanmış kimi qızarmışdı. Buna baxan kim idi; dağlardan, meşələrdən 
uzanıb gələn böyük, qara kölgələr üst-üstə mindikcə qatılaşır, qaralır, 
günəşin bozarmış ətəklərini qamçılayırdı. Günəş çəkilib, yuvasına getdi. 
Mən  əl verib Səadət xanımla vidalaşmaq istərkən, o bir az duruxdu, 
əlimi buraxmadı. Pambıq kimi yumşaq, ağ əllərinin hərarəti ürəyimə qədər 
işlədi. 
Qatar gəldi. Mən öz kupemə getdim. Səadət xanımdan ayrıldım. O, 
bufetin qabağında dayanıb, qırmızı haşiyəli əl yaylığını oynadırdı... 
İki gün sonra Səadət xanımdan məktub aldım. Zərif kağız, göy astarlı 
zərf, bənövşəyi mürəkkəb. Bunların hamısı, nədənsə, nəcib, təmiz, saf bir 
qəlbin nişanəsi kimi mənə çox xoş  gəldi. Stansiyadakı görüşü xatırladım. 
Məktubunda, nigaran qaldığını yazırdı "Tənəzzül buyuraramsa", ona 
"təskini-qəlb" üçün balaca bir cavab yazmağı xahiş edirdi. 
Onun xahişinə əməl etdim. Bir açıq məktub göndərdim. 
 

 
Yazın yuxusu nə  qədər  şirinsə, oyaqlığı da o qədər ləzzətlidir. Oyaq 
olasan! Səhərin açılmasına, dənizin içindən qalxan günəşə, üfüqün gül 
rənginə, may paltarı geymiş meyvə  ağaclarının yaylıq oynatmasına, 
səslərində yerə gümüş pul səpən quşlara, daşları yalayaraq axan duru sulara, 
arılara, o şüursuz "memarlara" baxdıqca,  ən tez duran adamlardan salam 
aldıqca ömür artmırmı? 
Heyif ki, zəng tez çalınır. Dan üzü qalxıb anasına kömək etdikdən sonra 
çantasını qoltuğuna vuran, yuxuya qalıb, yaxmac gəvələyə-gəvələyə, yaxası 
açıq məktəbə  tələsən uşaqlar sinfə doluşurlar, skamyaların arasına 
səpələnib, məsum və gülər üzlə  məni gözləyirlər. Mən tez bağçadan 
qayıdıram, təəssüflə qayıdıram. 
  

23 
 
Bu təəssüf sinfə girənə  qədər davam edir. Bura, bu sinif bağdan
bağçadan əskikmidir? 
Budur, bu bağçanın baharı  gəlir! Buranın kiçik günəşləri var! Bütün 
təbiət - günəş, hava, yerlər, sular, şəhərin bir başından o başına qədər 
düzülmüş idarələr, hamı, mən də onların içində bu günəşləri bəsləyir, 
böyüdürük. Bu bağın quşları səsləndimi, o biri quşlar nə lazım? Onların saf, 
bakir, həyat və gələcək dolu şən səsi dillərin ən böyük mahnısı, şeirlərin ən 
gözəl şeri, dünyanın ən dadlı musiqisidir. Ah, mən də uşaq olsaydım!.. 
Dərs başlanır. 
Sabirin yaradıcılığı! 
Mən bu böyük insanı uşaqlara tanıtmalıyam. 
- Necə başlayım? 
- Çətindir. 
Mən hər birini bir Sabir, bir Puşkin, bir Axundov görmək istədiyim 
uşaqların qarşısında acizliyimi etirafa məcbur oluram. Əllərimi ovuşdurub, 
sinifdə gəzişirəm. Nə çıxır çıxsın, başlamalıyam. 
- Tahirzadə Ələkbər Sabir... Xidmətçi qadın qapını açıb, mənə baxır: 
- Bağışlayın, darvazada sizi gözləyirlər. 
- Deyin dərsdədir! 
- Tələsirəm, deyir, bir dəqiqəliyə... 
Mən kitabı yerə qoyub, çıxdım. Darvazada bir qırmızı paltar qadın 
dururdu. Əvvəl tanımadım. Yaxınlaşdıqca onun boyu, baxışı və duruşunda 
keçirdiyim günlərdən bir cizgi seçməyə çalışdım, tanıdım: Səadət xanımdı. 
-Sə... 
İstədim salam verib, görüşəm. O, üzümə elə tünd baxdı ki, sözüm 
ağzımda qaldı. Ancaq vəsfə  gəlməz yaxşılıqları, ömrü uzunu dostluq və 
məhəbbəti yerə vurub, ən böyük cinayətə qoşulan xainə belə baxarlar. Sanki 
gözümə istiot tökdülər. 
- Çox ayıb olsun! 
O bu sözü elə bərk və etimadla dedi ki, elə bil, müqəssir bir adama xitab 
edirdi. Mənə bir kağız uzatdı. 
- Bunu sizmi yazmışsınız? 
- Kağızı çevirib baxdım, mən yazdığım açıq məktub idi. 
- Bəli, mən yazmışam. 

24 
 
 - Sən çox qələt eləmisən, başını da... Yoxsa, sənə xəyal, xalq çöldəmi 
qalıb?.. Xəyalın kimə gedib? Mənə Səadət xanım deyərlər!  
Sən nə cürətlə mənə bunu yazırsan? 
Danışdıqca səsini ucaldır, sifətini turşudur, mənə yaxınlaşırdı. Qurudum 
qaldım. Məktubda nə yazdığımı xatirimə gətirə bilmədim. 
Uşaqlar açıq pəncərələrdən  əyilib baxırdılar. Xidmətçi də astanada 
saymazyana fıkir verirdi. Müdir arvadın qırmızı paltarını görüb, pəncərəsini 
çoxdan açmışdı. Qarnı üstə pəncərəyə yıxılıb baxırdı. 
Səadət xanım təhlil edib dururdu: 
- Mən ciddi danışmaq istəyirəm. Yoxsa üzüaçıq görmüsən? And olsun 
vicdana, sənə bir toy tutduraram, külün göyə sovrular, buyur, düş qabağıma, 
gedək məhkəməyə, görək sən nə haqq ilə bunu mənə yazırsan! 
Qorxudan boğazım qurudu. Məhkəmənin açıq iclası, müttəhim 
skamyası, camaat, yazı, müşavirə otağı, komendant, hökm... Ömrümdə 
təsəvvürümə gətirə bilmədiyim bir vəziyyət, bir dəhşət xəyalımda böyüdü. 
Mən, sabah hər biri bir günəş kimi həyatı işıqlandıracaq uşaqların hörmətinə 
nail olmaq istərkən, təmiz və abırlı böyümək istərkən nə iş idi başıma gəldi? 
Bu lənət damğasını alnıma kim basdı? Səadət xanımın qumaş libası müdirin 
gözünü qamaşdırdı, enib gəldi. Həyətdə baxınır, sağa-sola keçib mənə 
eşitdirirdi: 
- Zəng çalınıb ha, sonra... 
Özümü itirmişdim. Nə edəcəyimi bilmirdim. Müdirin sözünü bəhanə 
etdim: 
- Bağışlayın, xanım, dərsimi qurtarım, sonra danışaq. 
Səadət xanım darvazanın səkisində çömbəlib gözləyirdi. Sinfə qayıtdım. 
Dərsimi dedim, oyunmu çıxardım, yoxsa hönkür-hönkür ağladım? Bəlli 
deyil! Onu bilirəm ki, bütün bədənim  əsirdi. Ancaq bəbəklərim oğurluq 
üstündə döyülmüş pişik gözü kimi işıldayırdı. 
Mənə elə gəldi ki, zəng bir ildən sonra çalındı. Uşaqlar qımıldanmadan 
üzümə baxırdılar. Mən çıxdım. 
Səadət xanım yola düzəldi. 
- Siz ilə seryoznu danışınaq istəyirəm. Adınızı da qoymusunuz 
müəllim... Beləmi tərbiyə... 
Mən məktubu alıb, diqqətlə, adresinəcən hər kəlməsini yoxlayaraq 
oxudum. Heç bir nəzakətsiz söz tapa bilmədim: 
- Bağışlayın,  əgər məndən bihörmət iş baş vermişsə, üzr istəyirəm, 
mən... 

25 
 
 Səadət xanım daha qətiyyət və qəzəblə sözümü kəsdi: 
- Bağışlayası bir şeyim yoxdur. Mən ciddi danışınaq istəyirəm ki, siz 
özgənin arvadına nə haqq ilə belə məktub yazırsınız. Axı... Mən... 
Bir başa düşək, görək, bu nə deməkdir? 
Mən onun öz xahişinə görə, həm də yoldaşcasına bir məktub yazdığımı 
deyir və bu hərəkətlərə qarşı  təəccüb etdiyimi söyləyirdim. O, üzüklü 
barmaqları ilə məni yanıyaraq, acıqlı-acıqlı baxırdı: 
- Kimi aldadırsan? Onu bil ki, qabağındakı bəbə deyil ha! Sən oxuyanı 
mən toxumuşam... 
Mübahisəmiz dərinləşirdi. O dediyini mən anlamırdım. Mən deyəni o 
anlamaq istəmirdi. "Mən siz ilə ciddi danışımaq istəyirəm" - deyə  şəhər 
bağına doğru addımlayırdı. 
Bağ müsaid idi. Heç olmasa bu biabırçılığı tanış-biliş eşitməsin - deyə 
xəlvətə  çəkilib, məsələni aydın etmək lazım idi. Bağa girdik. Günortanın 
istisi ağacların arasına dolmuş, havanı  ağırlaşdırmışdı. Qarğalar qoca 
çinarların başında çırpınır, böcəklər kölgəliklərə dolub səslənirdi. Bağın bir 
bucağında yaşıllıqda oturduq, heç kəs yox idi. Bu sakitlikdə Səadət xanımın 
təhqirləri mənə o qədər də acı  gəlməzdi; çünki özümdən başqa eşidən 
yoxdu. 
Mən bir az özümə toxtaq verdim. Bir sual hazırladım. "Açıq de görüm 
mən sənə nə yazmışam, məni nə haqq ilə təhqir edirsən?" 
Mən bu sualı yoğurub, xamır kündəsi kimi hazır etmişdim ki, bir də 
gördüm Səadət xanım məni qucaqladı. 
- Ox... Ay allah... Bu ki uşaqdır. Qadası... Ölürəm səndən ötrü... 
Mən falçı qadının əlində çapalayan göyərçin kimi çırpınırdım. 
Özümü onun zorba qollarından güclə çıxartdım. 
Bu, təhqirin son dərəcəsi idi. O mənə murdar bir cənazə kimi göründü, 
üz-gözümdən nifrət yağdı. Mən bu canlı meyitin əlindən tezliklə qurtarmaq 
istədim. O, şişman bədəni ilə böyrümdən sallanaraq dişini ağardırdı. 
- Səndə eşq yoxdurmu?.. Ruhun hanı?.. 
Mən qolumu dartıb onun əlindən çıxaranda bərk bir qışqırtı eşitdim. O 
üzərinə isti su atılmış donuz kimi çığırıb, yerə yıxıldı, çapaladı... Adamlar 
töküldülər. Bağın qabağında su satanlar, dondurma yeyən xanımlar, uşaqlar, 
yoldan ötən qulluqçular gəldilər. Mən qaçmaq istədim. Bir də fikirləşdim: 
"Yəqin deyəcəklər bu qadına nə etmişsə, qorxudan qaçır". Dayandım. Nə 
edəcəyimi bilmirdim. 

26 
 
 Səadət xanım lap arxayınca yerə  sərilmişdi. Kimi əlini başına qoyur, 
kimi qılçasını ovurdu. Dondurmaçı çömbəlib qışqırırdı: 
- Ədə, su gətir! 
- Doldur ver bəri! 
Mən istəsəm də  kənar dura bilməzdim; adamlar onu mənimlə 
görmüşdülər. "Aparın dincəlsin", "istidəndir, soyuq suda çimizdirin" deyə 
xeyirli məsləhətlər verirdilər. Bu sözlər məni daha da əsəbiləşdirdi. 
Qolundan tutub silkələdim. Gözlərini açıb üzümə baxdı. Durdu. Getmək 
istəyirdi.  Əlimi qoluna atanda ağırlığını  mən tərəfə saldı. Mən qolunu 
buraxmaq istəyirdim, qorxurdum yıxıla, qucaqlamaq məcburiyyətində olam. 
 
* * * 
 
Bir müddət gözümə yuxu getmədi. Səadət xanımın qorxusundan ürəyim 
döyünürdü. Hətta yuxuma girirdi. Dönə-dönə  məni qara basırdı. Bu 
əhvalatın, sevgilimin qulağına çatmasından qorxurdum. Məni belə bir 
qadınla görənlər nə deyəcəklər? 
Şəhərə çıxanda dostlar mənə mübarək badlıq edirdilər. 
- Mübarək olsun!  
 -Nə? 
- Necə nə? Lotu, toy edirsən, bəs bizi niyə yaddan çıxarırsan? 
- Mən and içirəm ki, boş sözdür. Elə bir şey mənim xəyalımdan da keçə 
bilməz... 
Onları inandırmaq çətindir. 
- Ay zalım, deyirlər, müvəqqətidir. Beş günlük kefini sürürsən. 
Daha niyə utanırsan? Səadət xanım da bir xanımdır... Allah tükü sanı 
xeyir versin!.. Dul olanda nə olar? 
Səadət xanım, elə bil, qapı-qapı  mənim tanışlarımı  gəzib, 
muştuluqlamışdı ki, "biz evlənirik". 
 

 
Rayonda ağır işdən sonra mərkəzə qayıdanda ləzzət verir. 
Cavan oğlansan. Yağmurlu havalardan, yalnızlıqdan qəlbin qaradır. 
"O"nu xatırlayırsan. Maşına oturub bir günlüyə  də olsa, görüşmək üçün 
özünü Bakıya salmaq istəyirsən. 

27 
 
 İdarəyə gəlib, icazə istəyirsən. Müdir ərizənə baxır, üzünə baxır, başını 
tovlayır: 
- Heç utanırsan? 
Kor-peşman qayıdırsan. Yəqindir ki, işini bitirməmiş Bakıya gedə 
bilməyəcəksən. Bir var ki, təşkilatı-zadı saymayıb, oğurluqca gedəsən. 
Onda da addımbaşı "töhmət" gəlir durur göz qabağında. Xalq Bakıya düşüb, 
mərkəz havası udanda, sən də dalınca gələn "töhmətin" qorxusundan sərin-
sərin tər gətirirsən. 
Əlac ona qalır ki, işini qurtarıb alnıaçıq üzüağ müdirin yanına gedəsən. 
Belədə müdir əlini sıxır: 
- Hə, kişi oğlu, keflər lap sazdır ki? 
İcazə üçün ərizəni vərirsən. Gülür. Barmaqları ilə işarə edir: 
- Üç gün! 
Bu da bəsdir. Ərizəni geri alırsan. Kənarında qırmızı xətt ilə yazılmışdır: 
"Buraxılsın". 
 
* * * 
 
Bakıya çatan kimi hamama qaçdım. Xüsusi təchizat mağazasından 
aldığım "şəhər" paltarını geydim. Yöndəmə düşdükdən sonra universitetə 
getdim. 
Nə aləm, nə qiyamət ilə "onunla" görüşdük (Bu görüş barədə bir səhifə 
ötürürəm, özünüz təsəvvür edin). Onu qoltuğuma alıb kinoya qaçdım. 
"Proletar" kinosu, "Yad qadın" fılmi. 
Salonda iynə salmağa yer yoxdu. Salon qaraldı, səhnənin divarı ağardı. 
Ekran harada isə daha böyük şəhərlərdən birində olan əhvalatı çəkib gətirir, 
bizə göstərirdi. 
Mərkəz şəhəri, çoxmərtəbəli möhtəşəm binaları, uzun və böyük küçələri, 
universal mağazaları, qarınca kimi görünən avtomobilləri, maşın kimi 
fırlanan milisləri, səliqə ilə yazılmış lövhələri, qaynaşan adamları, çiçək 
bağları, qəşəng xanımları, gümüş  fəvvarələri, tunc üfüqləri ilə  gəlib 
gözümüzün qarşısından keçdi. 
Bunların hamısı bizi - iki sirdaşı o qədər məşğul etmişdi ki, məhəbbət 
söhbətlərini unutmuşduq. 
Elektrik lampaları yandı. Qabaq cərgədən bir yastısifət qadının geri 
baxdığını gördüm. 

28 
 
Sevgilim pıçıldadı: 
 - O kimdisə bayaqdan sənə baxır. 
Mən bir də baxdım. Boyalı, şişman bir qadın idi. Sifəti tanış gəldi. İxtiyarsız 
Səadət xanımı xatırladım, qızarıb, üzümü geri çevirdim. Çox keçmədi, onu 
gördüm ki, bir əl mənim yaxama bənd oldu: 
      -  Vicdansız, məni hamilə qoyub hara qaçırsan, fahişələr ilə  gəzirsən? 
Vicdansız! Cavab ver! Vicdansız! 
O, ağır, murdar əli ilə məni şillələmək istədi. Mən onu itələdim. 
       - Vay, - deyə elə qışqırdı ki, camaat biz tərəfə axışdı. Ayaq səsləri ordu 
hücumunu andırdı. Qadın məndən  əl çəkmək istəmirdi. Adamlar onu 
qaldırdılar. Kənar elədilər. Sevgilimin qolundan yapışmaq istərkən, 
qoymadı, özü mənim qoluma girdi. Adamlardan aralandıq. O dayandı. Bir 
üzümə baxdı. Mən açıb hamısını söyləmək istərkən, əlimi sıxdı: 
      - Xudahafiz! 
Mən onun dalınca yüyürdüm, qolundan yapışdım, buraxmaq istəmədim. 
Gözlərimdən iki damla yaş düşdü. Sevgilim biləyimdən bir yumruq vurdu: 
       - Əl çək! 
Bu cavab bir zərbə kimi başıma dəydi. Qaranlıqda səndələyib qaldım. O 
getdikcə gedirdi. Qara, toppuz kimi dolu saçlarını kürəyinə atıb 
addımlayırdı. Uzaqda, səkiləri gümüşlə suvanan yerdə gözümdən itdi. O 
gedən getdi... 
 
1932 
 
 
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə