TƏZƏ TOYUN NƏZAKƏT QAYDALARI
Qardaşlığım kooperativdə işləyirdi.
Anası da mağazaların hansındasa satıcılığa təyin edilmişdi. Vaxtı yox idi,
görüşə bilmirdik. Bu axşam ona rast gəldim.
- Soyuq! Etibarsız! - deyə məni çox danladı. Bərk tapşırdı ki, sabah
Bəhlulun toyudur, gələrsən.
Mən boyun qaçırtdım:
- Vacib işim olacaqdır, - dedim.
- İstirahət günüdür, - dedi, - kimə yalan satırsan? İş-zad bilmirəm,
gələcəksən, vəssalam!
29
Mən ona bibi deyirdim.
- Sözün açığı, bibi, mən təzə toy-zad görməmişəm. Qaydasını da
bilmirəm. Qonaqların yanında qızarmağa təhərim yoxdur.
Bibi barmaqları ilə ağzımı yumdu:
- Kiri, kiri! Dünya gör-götürdür. Gəl otur, öyrən. Bəhlul da kənd
uşağı deyilmi? O da sənin kimi utancaq, mağmunun biri idi. Getdi, gəldi,
girdi, çıxdı. Maşallah olsun, indi nitq deyir. Belə bir gün sənin üçün də var.
Sabah-biri gün, allah qoysa, sən də bir halal süd əmmiş tapıb evlənəcəksən.
Xeyir işin olmayacaqmı, tifil!
Bibimin sözündən çıxmağa qorxurdum. Səhər qalxıb, şalvarı döşəyimin
altından çəkdim, geyindim. Məktəb yoldaşımın saroçkasını aldım. Gümüş
zaponka axtardım. Uşaqlar toya getdiyimi bildilər. "Bəxtəvər", - deyə hərəsi
bir tərəfdən köməkləşib, məni yar-yaraşığa salmağa çalışdılar. Tamam-
kamal toy adamı kimi yola düşdüm.
Saat yeddidə qardaşlığımgilə çatdım. Vurhavurnan hazırlıq gedirdi.
Qazan altına odun qoyan kim, daşıyan kim, düyü arıdan, toyuq yolan,
taqhataq qənd doğrayan kim... Bibi məni öz otağına çağırdı. Bəy hamamdan
qayıtmamışdı. Onun üçün təzə çay dəmləmək istəyirdilər, kim isə limon
doğrayırdı. Bibi dedi:
- Sağdış, soldışla gələcək!
Bibinin xoşuna gəlmədim. Bəhlulun boyun şallarından birini boynuma elə
asdı ki, saçaqları at yalı kimi döşümü örtdü. Çəkməmi çəkib ayağımdan
çıxartdı. Bir cüt haşiyəli ipək corab geyindirdi. Belimə sümüklü toqqa
bağladı. Bir dəmir qarmaqlı qələm gətirib, döş cibimə keçirtdi, üçbucaq
şəklində bükülmüş ipək dəsmalı elə qoydu ki, bir küncü göründü. Şalımın
saçaqlarını daradı, yaylığın yanlarından salladı. Güzgüyə baxanda mənə elə
gəldi ki, bir boyalı qadın tellərini ayırıb, döşümdə oturmuşdur. Bunları
gördükcə mən heyrətimdənmi, xəcalətimdənmi dinmirdim. "Adımı oxumuş
qoymuşam, bibi məndən çox bilir", - deyə düşündüm. Bibi bununla
kifayətlənmədi. Hamı eşiyə çıxandan sonra yammda oturdu. Zərli balınclara
söykənib dedi:
- Tifil, yazıq bala, nə görmüsən dünyada! Kitablar ağzının dadını
aparıb. Quruyub, saqqıza dönmüsən. Buna görə deyirəm ki, gəl, get!
Bizdə kefin açılar...
Bibim hər cümləni başlayanda dirsəyimə, bitirəndə dizimə vururdu.
- Di qulaq as! Hə, indi toydur. Beş adam içinə çıxacaqsan. Təzə toydur.
Başa düş necədir! - O təzə toyun nəzakət qaydalarını bir-bir
30
saydı: birinci - əsnəmək, hıçqırmaq, öskürmək, asqırmaq, gərnəşmək
qadağandır; ikinci - ədəbli otur, çay içəndə marçıldatma, xörəyin yağı
dodağında işıldamasın, gül, amma qaqqıldama, yumşaqca irişdin, bəsdir,
danış, ancaq qışqırma, dodaqaltı mızıldandın, kifayətdir, elə danış ki,
hamıya, hər şeyə, hər vaxta aid olsun; üçüncü - hamı ilə görüş, tanış ol,
öpüşmək də olar, o da üzdən yox, dodaqdan; dördüncü - stəkanı nəlbəkiyə
yavaş qoy, rumkanı iki barmağınla tut, qaşığı ehmallı tərpət; beşinci - qabını
siyirmə, süfrəni batırma, stulu cırıldatma, burnuna əl vurma, qaşınma,
qurcuxma; altıncı - yaxanı bağla, başını aç!..
Bibinin sözünü yarımçıq qoyub qalxdım. Boyun şalımı açıb, qayıtmaq
istədim:
- Hələ ki, xudahafız! Qolumdan tutdu:
- Dayan bir, hara durursan?
- Bibi, sən oğlunun əziz canı, sən vicdanın, məni burax! Mən
bacarmayacağam. Razı olma ki... yuxum da gəlir. Sabaha dərsim var.
Qoy gedim. Yemişcə varam. Mübarək olsun! Neçə belə toylar...
Səsimə o biri evdən gəldilər. Qollarımdan dartıb oturtdular. Mən qorxu,
iztirabla təzə toyun başlanmasını gözləyirdim. Yalvardım ki:
- Camaat yığılmamış məni zala apar. Adamlar gələndən sonra nə lazım,
utanıram...
- Bala, yoxsulluğun üzü qara olsun! Xanımnənəgilin zalını bu günlüyə
borc almışıq. Kişilər hələ çaylarını yığışdırmayıblar. Bir az da dur. Səni
içəri aparmaq, bax, bibinin bu boynuna!
Bəy hamamdan qayıtdı. Pörtmüşdü, üzünün əti sallanmışdı. Qaş-qabağı
yernən gedirdi. Ömründə gülüşlə işıqlanmamış kimi görünən tutqun sifəti
bir az da enlənmişdi. Şəkil kimi susub dururdu. Sağdışı, soldışı ona baxıb,
guya göz qırpımından nə dediyini anlayır və anladırdılar.
Onlara çay verdilər. Bəy üst dodağını balıq əti kimi nəlbəkiyə saldı, çayı
isti-isti hortuldatdı. Bibinin qulağına pıçıldadım:
- Deyəsən, Bəhlul da bilmir.
O mənə cavab vermədi.
Mən təkrar etdim:
- Qaydaları deyirəm ey... Bəhlul dodağını marçıldadır, ona göz elə!
- Balası, - dedi, bura toy deyil ki! Öz aramızda eybi yoxdur.
31
* * *
Mən çox utanırdım: bir küncdə oturmuşdum. Qonaqlar bir-bir gəlirdilər.
Addım səsi eşidən kimi ürəyim döyünürdü. Təzə toyun nəzakət qaydalarını
yadıma salırdım. Elə bil bibim qabağımda və ya çiynimdə oturub, qulağıma
pıçıldayırdı: "Belə otur, elə otur!"
Qonaqlar içəri girməmiş mən əllərimi görüşməyə, salamlaşmağa
hazırladım. Bibimdən öyrəndiklərimi ürəyimdə əzbərlədim.
Qonaqlar zaldakılarla görüşüb əyləşdilər. Uşaq, dəlləkdən qorxan kimi
mən də qonaqlardan çəkinirdim. Onlar mənə tərəf gələndə mən də öz-
özümə: "Gözlə ki, nəzakət qaydaları pozulmasın", - deyirdim. Ancaq
görüşəndə ayağa qalxıb-qalxmamağın mənasını bilmirdim. Bibim mənə
öyrətməmişdi. Başqalarına baxırdım: qalxan da olurdu, oturduğu yerdə əlini
uzadıb görüşən də olurdu. Quşbaxışı bu adamları müqayisə etdim. Mənə elə
gəldi ki, ayağa qalxıb görüşənlər daha mötəbər adama oxşayırlar. Onları
təqlid edib qalxdım. Bir xanımın yumşaq, üzüklü və ağ əlini ovcuma alıb
sıxdım.
- Çox xoş gördük! Təbiət sizdən razı olsun! - dedim.
Bəy içəri girdi. Adamlar bir-birinə dəydi. Yuxarı başda üç nəfərlik yer
hazırlamaq istəyirdilər. Bibim kəlağayısını yellədərək gəldi, onları geri
çağırdı:
- Mən nə vaxt desəm, onda!..
Hazırlanan yerlərdə çalğıçılar oturdular. Dəm tutdular, nə tutdular! Sarı,
buxara papaqlı birisi tarı bağrına basıb, özündən getdi. Qaval yox idi.
Başıaçıq, boynu şallı, pencəyi çox gödək, qulaqları dik bir oğlan şaxsey
dəfıni dizləri arasına alıb mal döyəcləyən kimi döyürdü. Birisi də klarnet
üfürürdü. Onun nəfəs almadan iki saat üfürməsinə hamı mat qalmışdı.
Müğənni özündən getmişdi. Pəncərələrdən küçəyə segah tökülürdü. "Can,
ay atam balası, can!" - deyən səslər ucalırdı. "Atam balası" elə bərk döyürdü
ki, adamın dümbəyə rəhmi gəlirdi.
Stolun yanları adamla doldu. Mən tanıdığım bir nəfər də yox idi. Ona
görə bir küncdə qəribsəyirdim. Nəzakət qaydalarından qorxduğum üçün
yanımdakıları dindirməyə də cəsarət etmirdim. Bir də gördüm bəy iri
addımlarla otağı ölçüb, yuxarı başa keçdi. Keçdi, nə keçdi! Üç nəfər ayağa
qalxdı. Sağdışa, soldışa da yer elədilər. Bəy yenicə oturmuşdu ki:
32
- Xankişi! - deyə səsləndi:
Tədarük otağından oğru pişik kimi ağzını təmizləyə-təmizləyə başıaçıq,
uzunçənə kişi gəldi (toyda başıaçıq adam bir o idi, bir də mən). Bəy ona əmr
ilə tapşırdı:
- Yoldaşlar məclisi sənə həvalə edirlər. İşə başla!
- Baş üstə, ay bəy! Mənim kor gözüm üstə! - deyən Xankişi əllərini
ətəyinə silib, ətrafa göz gəzdirdi. - Hə... niyə danışmırsınız? Yoldaşlar,
domino oynayan var, desin. Kart kimin meyli çəkir? Muşqulat eləyək.
Təvəqqe eləyirəm, çalanlar yorulanda qrammofonu oxudasınız.
Bibim o biri evdən dilləndi:
- Oynamaq
olsun,
Xankişi! Oynat!
Adamlar güldülər.
Xankişi irişə-irişə cavab verdi:
- Nə deyirik! Sahibkar deyir, gərək ola da! Başlayaq oynamağa!
Bəy əlini stula vurub, Xankişiyə acıqlandı:
- Bu nə mövhumatdı eləyirsiniz? Niyə bəs arvadlar bir yanda oturub,
kişilər o biri yanda? Bu saat qatma-qarışıq lazımdır. Məhv olsun köhnə
qaydalar!
Bəyin sözünü şarpaşarp alqışladılar. Xankişi stullara əl gəzdirməyə
başladı. Hamını növbə ilə: bir arvad, bir kişi düzdülər. Elə arvad var idi ki,
ərsiz, elə kişi var idi ki, arvadsız gəlmişdi. Bunlar nəzərə alındı.
Utancaqlığından tək qalan mən oldum. Xankişi düzdüyü adamlara baxıb,
əlini əlinə çırpır, nəşələnirdi:
- Bax, belə ha! Mədəni budur ha!
Onun gözü güldü, məni işarə ilə hamıya göstərdi.
- Binəvaya baxın! Yazıq tək-tənha qalıb!..
Adamlar gülüşdülər. Mən tərlədim. Bibim içəridən səsləndi:
- Onun yanında özüm oturacağam!
Məclis bayram mağazası kimi bəzənmişdi. Allı-güllü zərif paltar geymiş
qadınların qulağında sırğalar, par-par parıldayırdı. Sanki onlar satılmaq
üçün düzülmüşdü.
Kişilərin burnu, qadınların barmaqları işıldayırdı. Qadınların üzü,
kişilərin dişi ağarırdı. Qadınların dodağı, kişilərin boynu qızarırdı... Otağın
havasını sorub, klarnetə doldurmaq istəyən adam da rəngbə-rəng insanların
əlvan paltarına bəstələnmiş havalar səpirdi. Özündən gedən müğənnidən
gözlənilmədən "Xoruz mahnısı" yüksəldi:
33
Mənim toyuğum çil-çil idi,
Qanadları pil-pil idi.
Toyuq deyil, bülbül idi;
Səni yanasan, toyuq tutan,
Odlanasan, toyuq tutan!
Xankişi bir qalın-qayım arvadı aralığa saldı. Yanındakılar pıçıldaşırdı ki,
"21-də kassirşadır". Kassirşa doğrudan qəşəng oynadı. Hər ləngərində bir
gəminin qərq olmaq təhlükəsi hiss olunurdu. Döşəmənin taxtaları cırıldayır,
şüşələr tərpənir, kənardakı stol titrəyirdi. Musiqi coşanda qadın kələfçəni
düyün saldı. Nə etdiyini özü də bilmir, atılıb-düşürdü. Bunların hamısı təzə
toyun nəzakət qaydalarını pozurdu. Bibimin içəridən qışqırığı bu arvadın
rəqsini yarımçıq saxlayacağını güman edirdim. Olmadı. O, hərdən böyrünə
biz soxulan fil kimi göyə atılırdı. Hamı baş-gözünü qorumağa
başladığından, əl çalan yox idi.
Bundan sonrä sanki onun tamam əksinə, qəsdən bir arıq hörümçəyi
aralığa saldılar. Atlas paltar, qırmızı çəkmə geymiş bu arıq qızın qaşları
mötərizə, burnu sual işarəsinə oxşayırdı. Yerindən qalxan kimi çapalamağa
başladı. Onun sürətli, qarışıq hərəkətləri can verən məxluqu andırırdı. Sanki
quruya düşmüş balıq özünü yerdən-yerə çırpırdı. Bir az çapaladıqdan sonra
stuluna yapışıb qaldı. Sinəsi qalxıb-düşür, nəfəsini dərirdi. Bu da təzə
kassirşa imiş!.. Ona macal vermədən qara krepdeşindən çarlston paltar
geymiş, pəhləvan kimi enlikürək bir qadın aralığa çıxdı.
Xankişi səsləndi:
- Yoldaş yoldaşı ilə oynasın!
Yuxarı başda müştükdə papiros çəkən və yaxalığı yanakı əyilmiş bir kişi
irəli çıxdı. Qaraquş kimi qanad gərib, arvadına kölgə salmağa, dolanbacı
getməyə başladı. Qadın isə irişdiyindən dodağı sallanmışdı. Əri fırlanırdı,
qadın durduğu yerdə qarmon kimi büzülüb-açılırdı.
Bunlardan sonra çıxan qadınların çoxu durduğu yerdə qanad çalır, sağa-
sola dönürdülər. Yalnız bir nəfər (o da deyilənə görə gəlinin qohumu imiş),
gözəl oynaması ilə hətta çalğıçıların da heyrətinə səbəb oldu. Qız al geyimi
ilə şəfəq kimi parlayır, xumar gözlər kimi süzülüb gedirdi.
Çaylar içildi. Xörək gəldi. Plov nə plov! Buludlar qarlı dağlar kimi
ucalmışdı. Camaat xörəyə girişdi. Evdə qulaq batıran bir marçıltı qopdu. Bir
dəqiqədə məlum oldu ki, nə aş çatır, nə də qara.
34
Xankişi ürək verib dedi:
- Nə qədər kefinizdi yeyin, qorxmayın, xörək tapılar!
Məni fıkir götürmüşdü. Marçıltıya, işıldayan dodaqlara, ağ boş-qablara
uzanan qara biləklərə baxdıqca, yanımda oturan bibimə işarə edirdim:
- Ay bibi, toyun nəzakət qaydaları, deyəsən, bir balaca... Onun ağzı dolu
olduğundan dillənmir, yalnız qaşlarını çatıb:
- Yox, - deyirdi.
Çay stəkanları paylandı. Xankişi bir-bir stəkanları şərabla doldurdu.
Yuxarı başdan kassirşa ehmallıca baş qaldırdı.
- Yoldaşlar, - dedi, - xahiş eləyirəm ki, biz xoşbəxt olmuşuq. Bəy
yoldaş, yəni Bəhlul, bizim 21 nömrənin işçilərindən olmağına görə bu
bakalı içək, yoldaş, necə ki, mən xahiş eləyirdim, içilsin!..
Xankişi qışqırdı:
- Əl saxla!
Hamı qapı tərəfə baxdı. Naşı bəzənmiş, yaşlı bir qadın içəri girdi.
Xankişi təqdim etdi:
- Qız anası!
O saat nidalar ucaldı:
- Yaşasın bəyimizin qayınanası!
- Təbiətin gizli qüvvələri mübarək eləsin!
- Təbiət hamıya qayınana yetirsin!
Qayınananı bəyin yanına keçirtdilər. Bibim camaatın hörmətinə cavab
verdi:
- Təbiətin gizli qüvvələri sizə də qismət eləsin! Sizdən razı olsun!..
Stəkanlar dolur, boşalır, sağlığa içilirdi. Eşitməli sözlər danışılırdı Bəy
danışanda hamı diqqətlə dinlədi. O deyirdi:
- Deməsinlər ki, Bəhluldur. Onverset qurtarsam da... elə bir şeyəm. O
daxıl ki, var ha... Buradakıların çoxu həmkarımızdır, başa düşər. O daxıl elə
şeydir ki, onverset ondan baş açmaz. Elə onverseti də oradan götürüblər.
Görmürsünüz student gəlir, bizə baxıb öyrənir?
Mən deyirəm, o daxılın sağlığına içək ki, (bəy əlindəki stəkanı
lampoçkaya qədər qaldırdı) bunu bizə yetirən odur. Bunsuz dünya bərqərar
olmaz. Jiznimdə
belə ləzzətli şey görməmişəm. İçək bunu daxılın sağlığına!
35
Stəkanlar döyüşdü, şaqhaşaq göyə çıxdı. Bəyin stəkanı qayınananın boş
stəkanına dəyəndə, bəy boynunu əyib, geri çəkildi: Bu olmadı! Xankişi! Bu
arvada nəsihət ver! Kim isə dilləndi:
- Ədə, dalaşarsız!
Xankişi qayınananın stəkanını doldurdu:
- Kim içməsə, yaxasına tökəcəyik.
- Təklif var: öpüşsünlər...
- Ədə, gəlin ilə öpüşərlər, o ki burada yoxdur.
- Yox, öpüşsünlər...
Xankişi qayınananı qucağına götürüb, Bəhlula tərəf qaldırdı. Bəhlul bir
öpüş götürüb, şərabı başına çəkdi. Qadın qızarıb, yerində oturdu, qızın
dayısı acıq eləyib getdi. Bəhlul bunu eşidən kimi hirsləndi:
- Kim məni istəmir, gedə bilər!
Başlar xörəyə tərəf endi. Qaşıqlar şaqqıldadı. Birdən Xankişinin səsi
gəldi:
- Kim oğurladı?
-Nəyi?
- Kim götürdü?
- Nədir itən?
- Mənim qaramı sən yemisən?
Stəkan Xankişinin kəlləsində çilik-çilik oldu. Şərab şüşəsi bufetə dəydi.
Şüşələr töküldü. Mürəbbə bankasının böyrü deşildi. Mürəbbə axdı, töküldü.
Qayınana təşvişə düşdü:
- Batdı, batdı! - deyə yeznəsinin ətəyini çəkdi.
Dava qızışdı. Məclis parçalandı, cəbhələr ayrıldı. Bibim özünü aralığa
atdı. Qışqırırdı. Mən qulağına pıçıldadım:
- Deyəsən, nəzakət qaydalarını, bir balaca...
Aralıq bir az sakitləşmişdi ki, mən şalı boynumdan açdım. Batinkaları,
toqqanı atdım. Öz tələbə paltarımı geyinib, çıxmaq istədim. Bibimin ovqatı
təlx olsa da, soruşdum:
- Bağışla, bir dəfə əsnədiyim üçün üzr istəyirəm. Təzə toyun nəzakət
qaydalarını pozdum...
Bibim məni bərk-bərk tutub buraxmadı. Hamı dağıldı. Biz o biri otağa
keçdik.
36
Bibim pəncərələrdən qoltuqlayıb aralığa şey tökürdü: konfet qutuları,
tort, marmelad...
Mən elə bildim ki, bunları öz aramızda yeməyə saxlamışlar. Bir konfet
götürmək istədim. Bibim biləyimdən tutub çəkdi. Corab, şal, kağız, gül
dəstəsi, gümüş qaşıqlar, duxi, pudraqabı, krepdeşin, qənd-qabı, bəzək
qutusu, dəsmal, yaxalıq, düymə... Bir sözlə, elə bil 22 nömrəli mağaza
açıldı.
Mən gözləyirdim. Bibim səliqə ilə şeylərin qulağından tutub deyirdi:
- Bu şalı Məmmədin arvadı gətirib. Altı dənə qaşıq, isbatlı şeydir,
Minaxanım alıb. Bəzək qutusu, əcəbdir! Kişinin adına layiq, Məşədi Rəhimi
deyirəm ey!
Bibim sovqatı əlində saxlayır, bəyin fıkrini bildikdən sonra kənara
qoyurdu. Bəy əvvəl mülayim görünür və deyirdi:
- Xub... Pis deyil... - Sonra: - Zarafat deyil! Ərinə çörək ağacı
düzəltmişəm, hələ o çoxdur? Öt!
Bibim bir kağız gül göstərdi:
- Bu da, - dedi, - dostun Əyyubgildəndir.
Bəy mızıldandı:
- Elə dostu qəbirə qoyum! Heç utanmır da!
Bibim bir cüt corabı göstərdi:
- Bunu Həmzət gətirib.
-Kim?
- Mirsaadın arvadı, Həmzət!
- Çox qələt eləyib, gətirib! Sən də çox qələt eləyib almısan! Məni
ələ salıb, ya özünü? Qızı küçükləyəndə mən onu adam bilib, subaylığım ilə
qırx manat xərcə düşdüm. İndi mənim əziz günümdə kimə doqquzluq
qoyur? Dur apar, at üstünə, gəl! Hələ o qədər ac qalmamışıq. İt uşağı!
Corab! Özü də nə corab!
Mən bunları görəndə bildim ki, qardaşlığım məni niyə danışdırmır.
Toyun nəzakət qaydasını hamıdan bərk pozan mən idim ki, heç nə
gətirməmişdim. Döyülməyimdən qorxdum. Həyətə çıxmaq bəhanəsi ilə
gecə vaxtı birbaş Ermənikəndə, yataqxanaya götürüldüm. Odur-budur, belə
yerlərə getmirəm. Bir də mən təzə toya gedim! Ay tövbə!
1934
37
BOSTAN OĞRUSU
1
Gecənin bir aləmində Durmuş kişi yerindən qalxıb, ətrafa göz gəzdirdi.
Axşamkı qaranlıq, ayaqlanan palçıq kimi bərkimiş, qatılaşmışdı. Göz gözü
görmürdü. Qardaşı Kərbəlayı Tapdığın üzüm bağı bir ləkə kimi güclə
seçilirdi. Hava bürkü idi. Hər şey əriyirmiş kimi, göy yerə qarışmışdı.
- İş yiyəsi işdə gərək! - deyən Durmuş kişi çoxdan bəri suvarıl-
madığından qurumuş və torpağı çatlamış ləklərin arası ilə gedirdi. Quru
otlara, yemiş tağlarının süfrə kimi enli yarpaqlarına dəyib, səs salmamaq
üçün şalvarını dizinə qədər çırmadı, papağını qoltuğuna vurub, sinə-sinə
yeridi. Sonra özünə ürək vərməyə başladı: "Heç qorxmaq istəməz! Yatıbsa,
işim işdir. Oyaq olsa, deyərəm: "Söhbətə gəlmişəm. Tutdu hənək, tutmadı
dəyənək!"
Kərbəlayı Tapdığın dəyəsinə yaxınlaşanda qulağına səs gəldi. Deyəsən,
haradansa: "Ey-hey-hey, ey!" çağırırdılar. Qızılgül kollarının dibinə çöküb,
qulaqlarını şəklədi. Bir şey xışıldayırdı. Durmuşun fıkrinə gəldi ki, "kişi
pusquda dayanmış olar, məni oğru bilib, doldurar qırmanı qarnıma". Bu
fikir çəkic kimi onun başına dəydi, bədənini odlandırdı. Kişi diksindi.
Ayağa qalxıb, qardaşını səsləmək istədi. Bir dəqiqə də gözlədi. Xışıldayan
şeyin kərtənkələ olduğuna inandı.
Heyvan, Durmuşun vedrəyə oxşayan gövdəsini görüb hürkmüş, rahatsız
olmuşdu.
Durmuş dəyənin yanında barmaqları üstə yeriyib, xəyal kimi səssizcə
Kərbəlayı Tapdığın yatağına yanaşdı. Kişi şirincə yuxuda xoruldayırdı.
Əyilib, Tapdığın üzünə diqqətlə baxdı. İnandı ki, "yeddi gün, yeddi gecə!"
div yuxusuna gedib. Kərbəlayının plov yeməkdən böyüyən ağzı elə geniş
açılmışdı ki, oraya dolan yuxunu yeddi gün, yeddi gecədə ancaq həzm edə
bilərdi.
Durmuş özünü tənəklərin arasına verdi...
Kərbəlayı Tapdığın bağında bir lək yaylıq üzüm var idi. Bu xırda,
yumrugilə, ağ, şirin, sıxsalxım üzümdür. Tez yetişdiyinə görə novar olur,
çox sevilir, az tapılır, baha satılır. Neçə ildir ki, Kərbəlayı Tapdıq altı
tənəkdən altı salxım üzüm dərə bilmirdi. Üzümləri gülünü tökər-tökməz ala-
qora vaxtında yoluşdurub aparırdılar. Kərbəlayı xəbər tutanadək bir salxım
da qalmırdı. Arvad onu çox danlayırdı. Axırda özü də hirsləndi.
38
- Canım, - dedi, - belə şey olmaz axı, görüm bu zəhrimara dadanan
kimdir? Onun qarnını yırtmasam, mən Kərbəlayı Tapdıq deyiləm...
Oğlunu, nökərini də göndərmədi. Üzümlər gül tökəndə iyun ayının
axırlarında yorğan-döşəyini götürüb bağda, dəyədə yatardı. Niyə də
yatmasın? Qoruya bilsə, tənəkdə bir pud üzümü var. Qol-qanad açıb, isti
torpaqlarda yatan tənəklər bulud kimi dolu salxımlar verir. Dolmalıq vaxtını
ötən və baş qaldırıb tac kimi şax duran yarpaqlar, sanki günəşin almaz
zərrələrini, sabahın ilhamlı təranələrini sorub salxımlara və şəffaf gilələrə
doldurur. Yarpaqlar yaşıl ətəkləri ilə salxımları örtüb bəsləyir. Salxımlar isə,
pərvazlanmış quş kimi, yuvasına sığmayıb kənara boylanır, quşları çağırır
və bəlkə də yoldan ötənlərə zavalına gəlir...
Üzüm, nə üzüm! Şəkər kimi şaqqıldayır, diş vuran kimi şirəsi keçir,
ürəyə axır, gözə işıq, dizə taqət verir. Tənəklərdən sallanan salxım deyil,
onluq çervonlardır.
Vaqon pəncərələrindən baxan bəzəkli xanımların gözü bu üzümə
sataşdımı, deyəcəklər: "Vinoqrad davay!" Belə olanda hansı axmaq güzəştə
gedər? Mən də deyəcəyəm: "Kilosuna ədin çervon davay!"
Bu ağıllı fikirlər yalnız Kərbəlayı Tapdığın başına gəlməmişdi. "ürəkdən
ürəyə yol var" deyərlər. Bunları Durmuş da yaxşıca kəlləsinə vurmuşdu.
Gecənin bu vaxtında, porsuq kimi tənəklərin arasına soxulub, salxımları
şirin yuxusundan oyadan və yoluşduran Durmuş da hər salxımdan "bir
çervon" gözləyirdi. Fikirləşdi ki: "Atadan mənə biri çatı da düşmədi,
boğazıma salım. Böyük qardaş (Kərbəlayı Tapdıq) mənə kəbin kəsdi,
hamısını içəri ötürdü, məni məğmun elədi. Qapısında bir donuzu əskikdir.
Bağı özünə bəsdir. Heç olmasa bu yaylıq üzümü də mənə çatmazmı?"
2
Durmuş "işini" görüb, bostanına qayıtdı. Üzümü yerbəyer elədi. Bir gilə
də ağzına qoyub, şirinliyindən dodağını marçıldatdı. Bu üzüm, cavan
vaxtında min bir qorxu və ürək döyüntüsü ilə gecə xəlvət görüşündə
nişanlısından aldığı "haram öpüş" kimi ləzzətli idi.
Həmlələr pozmuş, qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə
Durmuş yatağına girdi.
39
Kərbəlayı Tapdığı elə bir yuxudan oyatdılar. Qaranlıq, sakitlik, yalnızlıq
idi. Nağıllarda söylənən tilsimli gecələr Tapdığın yadına düşdü. Göyə baxdı.
Səliqəsiz səpilmiş ulduzlar ona qızıl onluqları xatırlatdı: "Nə ola, bu qızıllar
göydən qopa, qızıl yağışı yağaydı. Nə qapaqap olardı, fələk! Qıllı papağımı
başıma basıb, bir yüzcə dənə yığsaydım, bir təhər olardım. Şəhərin
göbəyində bir mülk alardım, ya da Namazlıların bağını ələ keçirərdim, ildə
on beş-iyirmi min manatlıq təkcə "Təbriz üzümü" satardım. Onda Durmuş
da paxıllığından çatlardı... Qoy onda mənimlə ha bəhsə girişsin!.."
Kərbəlayı Tapdıq bu dadlı xəyalını udmamışdı ki, nökər qulağına
pıçıldadı:
- Vaxtdır! Vaxt keçir!
O, yerindən qalxdı, işarə ilə nökərə qandırdı: "Sən o yandan gəl!"
Özü ağaxların arasından dərəyə endi. Durmuşun bostanına keçdi.
Bağ da, bostanın yeri də qardaşlara atadan qalmışdı. O zaman ayrılanda
nə təhər oldusa, Durmuş xali yer yiyəsi oldu. Atıldı, düşdü, çığır-bağır saldı;
şəriət yanında, yüzbaşı yanında sözünü eşitmədilər.
Ovladığı bir qazı ətəyinin altında axunda peşkəş apardı. Sən demə,
Kərbəlayı Tapdıq da axunda ağzında bir qızıl onluq göstəribmiş. Bağ davası
başlananda axund istiot kimi tündləşdi. Kərbəlayı Tapdığın sözünü
təsdiqlədi. Durmuşun üstünə qışqırdı:
- Qaz boynu kimi boynunu uzatma! Kişi ağzında qızıl kimi söz danışır!
Durmuş başını aşağı salıb dedi:
- Eybi yoxdur! Qoy böyük qardaş bağa yiyələnsin, can sağ olar,
mən də o xali yerin torpağını qızıla döndərərəm. Heç eybi yoxdur!..
Durmuş doğrudan da dediyini edirdi. Qanqallı, tikanlı, sarmaşıqlı yerin
torpağını atım-atım edib, un kimi elədi. Yaxşıca arx çəkdi, su çıxartdı.
Yerin ərafına iki cərgə meyvə ağacı əkdi. Yeri isə hər il dirlik bostan edib,
çoxlu mənfəət götürürdü. Səliqə ilə əkilmiş, taxtalanmış bostan yaz vaxtı
Quba xalçasına bənzəyirdi. Yaşıl, cavan alma, armud, ərik, əncir ağacları
saçaq kimi sallanıb sıxlaşırdı.
Durmuşun bostandan dəsmal-dəsmal pul götürməyi, hələ bağ salmaq
fikrinə düşməməyi Kərbəlayı Tapdığı narahat edirdi. Fikrinə gəlirdi ki: "Bu
gədə məni ötəcək, mənim var-dövlətim yalan olacaq..."
Kərbəlayı Tapdıq bu dərdi sinirə bilmirdi. Durmuşa badalaq qurmağa
çalışırdı.
40
Son zamanlarda gözünü onun yemişlərinə dikmişdi. Dəfələrlə gündüzlər
kiçik qardaşının bostanına keçib "əhvalpürsanlıq" bəhanəsi ilə yemişləri
belləmişdi. İki-üç kisə yemiş "daş-baş" eləyib satdırmaq, bostanın
xeyrindən "feyziyab" olmaq iştahasında idi".
Gündüzdən nökəri öyrətmişdi ki, kisə götürüb, bağa gəlsin.
Yemiş tağları göyləri əmib, yerləri sormuş, ərköyün oğlan kimi köks
gərib, qol-qanad açmışdı.
Tağların hər qolunda bir neçə yemiş böyrünü sərin torpağa verib, kotana
qoşulmalı cöngə kimi yatırdı, sanki göyşəyirdi. Qalın və şax yarpaqları,
başında boşqab kimi tutan uzun zoğlar deyil, qonaqcıl gəlin biləkləri idi.
Yemişlərin bəzisi qaraqabaq adamlar kimi burnunu yerə dikmişdi. Çoxusu
ağaran qabarıq gövdəsi ilə yelkənə bənzəyirdi. Eləsi də vardı ki, yupyumru
şamama kimi...
Kərbəlayı Tapdıq bellədiyi tağların dibinə sindi. Nökərə him elədi:
- Çırpışdır! Nə durmusan?
Çopur, ağır və böyük yemişlərə əl dəyən kimi tağdan üzülürdü. Bəzi
yemişləri tağdan üzmək çətin idi. Toy və bəylik günləri Tapdığın gözü
önünə gəldi. Xəncəri çəkib, yemişlərin saplağını kəsdi.
Yemiş, nə yemiş! Öz-özünə tağda cathacat cırılan yemiş!
Tapdıq dayaz ləklərdə sürünə-sürünə yemişləri seçib dərir, nökər isə
kisəyə yığıb, dərəyə endirirdi. Çox çəkmədi tağlar boşaldı, kisələr doldu.
Dan yeri sökülməkdə idi ki, onlar kolların arasında itdilər.
3
Səhər açılmış, gün xeyli qalxmışdı. Hər gün dan üzü yuxudan duran
qardaşların heç biri yatağından qalxmaq istəmirdi. Azar dəymiş kimi,
yataqda o yan-bu yana çevrilirdilər. Hətta Kərbəlayı Tapdığın yatağını gün
döyürdü. Dözmək mümkün deyildi. Yerini divarın dibinə çəkdi, başını yerə
qoydu, gözünü yumdu, qulağını bostana tərəf şəklədi. Ona elə gəlirdi ki, bu
saat Durmuşun hay-küyü qopacaq. "Qoy gəlib məni yatan görsün".
Durmuş da qalxmır, gözləyirdi ki, Tapdıq "üzümlərim vay!" - deyəndə,
gümanı bu tərəfə gəlməsin. Gəlsin məni yatağımda görsün. Mən də
yuxudan indicə oyanmış kimi, gözümü ovuşdura-ovuşdura qalxım,
heyrətdə qalım..."
41
- Nə olub, dadaş, nə xəbərdir? - deyə o, yoldan ötənlərə baxmaq üçün
yerindən boylandı. Yemiş tağları gözünə bir təhər gəldi. Diqqət edəndə
şübhəsi artdı. Yerindən sıçradı. Şalvarı dizinə çəkib yüyürdü.
Yanılmırdı, bellədiyi Carco yemişlərindən biri də qalmamışdı. Ləklər
ələk-vələk edilmişdi. Tağlar güllələnmiş igid kimi üzü üstə sərilmişdi.
Gözünə inanmadı. Bir də yoxladı, əli ilə tağları çevirdi, ayağı ilə torpağı
eşələdi. Onun arasına baxdı.
- Yox, - dedi, - bostanı pozublar!
Yoldan ötənlərdən şübhələndi. Yol üstünə qaçdı. Orada gülə-gülə araba
sürən və at üstündə qucağına quzu alıb aparan kəndlilərdən başqa kimsəni
görmədi. Qayıtdı. Tapdığa xəbər vermək üçün ləkin qırağında səsləndi:
- Dadaş, ay Kərbəlayı dadaş, hey!..
Onun səsini eşidən kimi Tapdığın dodaqlarında təbəssüm oynadı: "Hə, -
dedi, - dostumun canına isti keçir ha!.. - O yenə eşitməməzliyə vurub
qalxmadı. - Qoy lap özü gəlsin, çağırsın".
Durmuş mərzi keçib gəldi. Qardaşını yatan gördükdə qışqırdı:
- Ay dadaş, nə yatmısan, evimi yıxıblar, dur görək bu nə işdir!
Tapdığı bostana apardı. Ayaqlanan ləkləri, pozulan tağları bir-bir
göstərib, yana-yana dedi:
- Gör, bir gör! Gör namərd oğlu malımı nə günə salıb! Buna bax sən
allah! Bu tağların hər birində beş-altı yemiş var idi. Biri bir oğula dəyərdi...
Saxlamışdım el dağdan qayıdana. Vay köpək oğlu, toxumluqları da
yolubdur. Sənin atan gorbagor olsun!
Tapdıq baxırdı, özünü heyrətli göstərməyə çalışaraq dedi
- Heyif! Heyif zəhmətinə!.. Ay canım, səndə də günah var axı!
Bostanda yatmısan, niyə ayıq olmursan? Bilmirsən ki, oğrular gözdən
tük çəkirlər? Mən o üzümü güc-bəla ilə saxlamışam. Gecələr yuxunu özümə
haram eləmişəm.
Boğazını biçən kədərinə baxmayaraq Durmuş Tapdığın "üzümü güc-
bəla ilə saxlamışam" sözünə içində istehza ilə güldü, öz-özünə dedi: "Ay
saxladın ha!.."
Tapdıq qardaşına təsəlli vərməyə çalışdı:
- Eybi yoxdur, canın sağ olsun!..
- Heç sağ olmasın belə can ki, əməyinin məhsulunu itə-qurda verəcək...
42
- Eybi yoxdur. Oğru elə həmişə oğrudur. Sən yenə əkəcəksən, yemiş
yiyəsi olacaqsan. Amma oğru...
Durmuş onun cümləsini bitirməyə macal vermədi:
- Oğrunun namusu əllərdə qalsın!.. Axı buna zəhmət çəkmişəm,
əlim qabar olub bel vurmaqdan. Xalqlar kimi muzdura, əmələyə
əkdirməmişəm. Hər yemişə bir gecə yuxusuz qalmışam axı!..
Burada Kərbəlayı Tapdıq diksindi.
Bayaqdan bəri atası, anası söyülürdü. Buna dözürdü, çünki qardaşıdır,
söyürsə də, yarısı özünə gedir. Durmuş ağzını açıb, arvad söyüşü söyəndə
kişinin namus damarı dimdik durdu, üzü qızardı, dodağı pörtdü, gözü
bulandı, bəbəklərində, deyəsən, ildırım çaxdı. Durmuş isə bir də təkrar etdi:
- Oğrunun namusu əllərə düşsün! Demirmi ki, bunun yiyəsi var?!
Kərbəlayı Tapdıq qırx yeddi yaşa çatmışdı, heç vaxt belə üzüyuxarı
namus söyüşü eşitməmişdi. Qan başına vurdu, ürəyinə alov doldu. Əlini
xəncərin dəstəsinə atıb, qınından siyirmək istəyəndə, bir də qaşlarını çatıb
fıkirləşdi: "Yaxşı, vursam, deyəcək: "Oho! Oğru sənsən ki!.." Yox, açıb
ağartmaq lazım deyil..." Boğulmuş bir səslə dedi:
- Nə lazım yemişdən ötrü namusa söyürsən? Yaxşı deyil! Eşidən olar...
Durmuş gözünü pozulmuş ləklərdən ayırmadan bir az da hirslənib,
özündən çıxdı:
- Necə yaxşı deyil! Mənim malımı yeyəni söyərəm də, o yana da
keçərəm. Bu nə sözdür?
Bu sözlər kürədə qızardılmış kömür kimi bir-bir Tapdığın ürəyinə dəyir,
onu yandırıb yaxırdı. Ayrı vaxt olsaydı, Kərbəlayı Tapdıq ölüb-öldürməklə
cavab verərdi. Amma indi vəziyyət elə idi ki, sükutdan başqa çarə yox idi.
O, üz döndərib getdi. Bağına keçdi. Ayağının altında bir salxım əzilmiş
üzüm görəndə diksindi:
- Niiih!
Elə bildi ki, kim isə üzümü dərib, bağ yiyəsini görəndə tullayıb qaçıb.
Bağın ətrafına baxa-baxa tənəklərə yaxınlaşdı. Yaxınlaşdı, nə gördü!
Tənəklər sağılmış qoyun kimi durub baxır. Yaylıq üzümü elə təmizləyiblər
ki, deyərsən günün günorta çağı buradan bir dəstə oğru keçib. Bir zingirə də
üzüm qalmayıb. Salxımlardan qırılan gilələr ləkin içindəki çuxurlara
tökülüb. Tənəklərin yoluq yarpaqları sallanır,
43
budaqlar, soyulmuş adam kimi mat-məyus, boynu çiynində baxır,
salxımların saplaq yeri göz yaşı tökür.
Tapdıq, arxası getmiş və evi yıxılmış ata kimi halsızca diz çökdü.
Tərpənməyə taqəti qalmadı. Ağır-ağır nəfəs aldı, güclə qışqıra bildi:
- Gəlin hay, gəlin hay! Gəlin!..
4
Zərər görənlər kənd sovətinə gəldilər. Hər ikisi zərərini dedi, əhvalatı
danışdı. Katib akt yazdı və soruşdu:
- Kimə gümanınız gedir?
Durmuş Ağcanın oğlunu dedi. Kərbəlayı Tapdıq isə Danqır Abası
yazdırdı.
Katib yenə soruşdu:
- Nə bilirsiniz, bəlkə ikisini də bir adam dərib? Tapdıq etimadla cavab
verdi:
- Yox, mənim bağımı ayrı adam dərib.
- Nədən bilirsən?
- Bilirəm!
- Bilirsən, bəs niyə oğrunu açıq göstərmirsən?
- Yox ey, yadımdan çıxdı, bilmirəm! Bilmirəm, yemiş oğurlayanın
atasına lənət!
Məsələni aydın etmək çətin oldu. Danqır Abas həbsdə imiş, Ağcanın
oğlu isə bir ay imiş ki, kənddə yox imiş. İş sovetə tapşırıldı, təhqiqata
verildi.
5
Üç gün sonra, axşamüstü milis Qələndər Quliyev sədrin yanına gəldi.
- Dur bir tez vağzala çıxaq! - dedi.
- Yorulmuşam, yenicə xırmandan gəlmişəm, qılçam gizildəyir, qoy
dincəlim, - deyə kənd sovetinin sədri cavab verdi.
- Yox, iş var, gedək!
- Mən ölüm, qoy bir nəfəsimi dərim!
- Yox ey, iş var. Tez ol! Qəribə bir iş görəcəksən.
44
Sədr çəkməsini ayağına çəkib qalxdı. Onlar bağçanın içi ilə ötüb,
çəpərdən aşıb vağzala keçdilər.
Zəng səsləndi, səsi ilə də hamını hərəkətə gətirdi. Kimi adamları basa-
basa əlini kassanın pəncərəsinə yetirməyə can atır, kimi çamadan əlində
növbətçiyə güc gəlib, dal qapıdan platformaya çıxmaq istəyirdi.
Dəqiqələr keçdikcə hay-küy artırdı. Adamlar bir-birinə qarışmışdı.
Ümumi gurultu içində vağzal, istilahları eşidilirdi:
- Plaskart!
- Sürət qatarı.
- Tranzit.
- Birbaşa.
- Hara soxulursan?
Bufetin sağ kənarında balaca bağın qabağındakı vağzal bazarı minikləri,
çağırılmış qonaq kimi aramsız gözləyirdi. Üzümü səbətlərə düzən, almanı
yüngül-yüngül çəkib, kağız torbaya dolduran, stəkanı təmizləyən kim,
bişmiş kotleti stola düzən, yemişi dilimləyən kim...
Qələndər sədrin qolundan tutub, bağın qırağına gətirdi. Barmağı ilə
nişan verdi:
- Bax, mən ölüm, bir yaxşı bax!
Tapdıq iki tay Carco yemişini yerə düzməkdə nökərinə kömək edir,
göstəriş verir, o yan-bu yana baxıb, nökərinə nə isə deyirdi.
Qaynar su budkasının solunda isə Durmuş qabağına yaylıq üzüm ilə
dolu balaca bir səbət qoyub, kisəni qılçası arasına almışdı, qorxa-qorxa
səbətin ağzını bəzəyirdi.
Sədr baxdı, baxdı, yandı, töküldü:
- Yazıq Danqır Abas, binəva Ağcanın oğlu!..
- Çaqqal baş qopardır, qurdun adı bədnamdır, - deyə Qələndər onun
sözünü təsdiqlədi.
Qatar gəldi. Adamlar vaqondan töküldülər, qırılmış boyunbağı kimi yerə
səpələndilər. Yeyənə, içənə, aldığını qoltuğuna vurana, vaqonda gözləyənə,
sevgilisinə meyvə aparana bax! Pullular alır, mallılar satır, aralıqda qalanlar
tamaşa edirdilər.
Tapdıq on iki-on üç yemiş xırıda vermişdi ki, müştəri azaldı. Üçüncü
zəng vurulandan sonra qatar yola düşdü. Yemiş alan olmadı. Boylanıb
budka tərəfə baxanda Durmuşun əlində yaylıq üzümü gördü, yerindəcə
donub qaldı.
45
Onların gözü bir-birinə sataşdı: atışan adamlar kimi özlərini
yığışdırdılar. Diqqətlə bir-birinin üzünə və matahına baxdılar.
Durmuş səbəti yerə qoyub, özünü ağacların arasına verdi. Kərbəlayı
Tapdıq nökərə him elədi:
- Gəldilər..
Özü isə divardan hoppanmaq istəyərkən, bir əlin biləyindən yapışdığını
gördü. Bu, sovət sədri idi.
Qələndər isə Durmuşu yaxalayıb gətirirdi.
Onlar bu iki qardaşı üzləşdirməyə və məsuliyyətə almağa gətirirdilər.
1935
Dostları ilə paylaş: |