Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə18/24
tarix02.12.2016
ölçüsü2.8 Kb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

Yeddinci fəsil 
 
Partkom katibi Zahid Vəliyev məzuniyyətə gedəndən sonra hər həftə 
Gəldiyev iclas eləyir, boynuna götürdüyü məsuliyyətin öhdəsindən gəlmək 
istəyirdi. Axı o, Zahidi Pyatiqorskiyə yola salanda kişiyə söz vermişdi. 
Gəldiyevin fikrincə, Zahid iş sarıdan bir az vasvası adamdır. Hələm-hələm 
adama etibar eləmirdi. Ancaq azar yazığı salmışdı. Həkimlər demişdilər ki, 
özünü mədən sularına yetirməsən, xəstəliyin qabağını almasan, peşman 
olacaqsan. Müalicə komisyonundan qayıdan kimi Zahid büro çağırıb 
katibliyi müvəqqəti Gəldiyevə həvalə etmişdi. 
On beş gün keçməmiş xəbər gəldi ki, Zahidin xəstəliyi bərkdir, cərrahlıq 
işi var. Gəldiyev indi partkomun işlərinə daha müvəqqəti yox, həmişəlik, iş 
sahibi kimi baxırdı. 
İki aylıq iş planını stolun üstünə,  şüşənin altına qoydu. Cərgə ilə 
vəzifələrin hərəsinə iclas sərf edir, onları bir-bir guya həll edirdi. Ancaq, 
işdir, plana baxmır, bir də görürsən gözləmədiyin halda böyürdən beş 
məsələ  çıxdı, özü də hamısı  təcili.  İctimaiyyət müəlliminin sözü həmişə 
Gəldiyevin yadında idi. "Biz bolşeviklər çətinlikdə  gərək özümüzü 
itirməyək". 
Gəldiyev də belə zamanlarda cəld tərpəşir, özünü möhkəm saxlayır, 
iclasları dalbadal çağırır, birini bağlayıb, o birini açır, yorulmaq bilmirdi. 
Bakı komitəsi inşaat institutundan beş nəfər məruzəçi istəyirdisə, Gəldiyev 
dərhal məsələni qoyur, siyahını tutur, on beş  nəfər ayırır,  əllərinə kağız 
verib göndərirdi. Buna da planı "artıqlaması ilə ödəmək" adı verirdi. Əlüstü 
həll olunan məsələni plana yazmağı artıq bilirdi. Ancaq bir yerdə hesab 
verəcəyindən, öz fəaliyyəti heç, büronun əməyi hədər getməsin, görülən 
işlər qələmdən düşməsin, unudulmasın deyə, cib dəftərinin qulağına yazıb 
yadda saxlayırdı. Bu məsələlərin hamısına da "cari" ad qoyurdu. 
İclas olmazdı ki, "cari"siz keçsin. Çox zaman birinci, ikinci məsələlər 
yarım saat vaxt alanda, cari məsələ iki saat uzanırdı. Bunun 
  

276 
 
nəticəsində cari kəlməsi qeyri-cari bir məna almışdı.  Əsil məsələlərə 
nisbətən carilərin uzanmasına səbəb bu idi ki, əsil məsələləri çox vaxt 
yuxarılardan, rəhbər təşkilatlardan tapşırırdılar. Bunların həlli asan idi. 
Gəldiyev soruşur, öyrənir, iclasa hazır gəlirdi. Beş-on kəlmə izah edir, 
sonra: "Mənimcə, bu qərara gələk" - deyə, səsə qoyurdu. Carilər belə deyil. 
Bunlar institutun özündə, ayrı-ayrı adamların vasitəsilə doğan fərdi ixtilaflar 
idi. Bir tələbə qıza məktub yazıb, biri divar qəzetinə şəkil çəkməkdən boyun 
qaçırıb, bir başqası imza edib iclasa gəlməyib, daha birisi Gəldiyev ilə 
sözləşib... Belə məsələlərin həlli uzun çəkirdi. Bu məsələlərdən biri də ayın 
27-də Rübabə haqqında iclasa qoyulan məsələ idi. 
Bunun partkom iclasına gəlib çıxmasının uzunca bir tarixi var. 
Anası Semaşko xəstəxanasında yatanda Rübabə  bəzən dərsini 
buraxmalı, xəstənin yanına, həkim və ya xörək dalınca qaçmalı olurdu. Bir 
dəfə Gəldiyev evə zəng edib, onu iclasa çağırdı. Rübabə gələ bilməyəcəyini 
deyəndə Gəldiyev tələb elədi: 
- Mütləq gəlməlisən! 
- Gələ bilməyəcəyəm, ağır xəstəm var. 
- Gəlməsəniz, məsələnizə baxarıq! 
- Nə məsələmə? 
- Komsomolda qalıb-qalmamaq məsələsinə! 
- Axı 
Atası hirslənib telefonu əlinə almışdı: 
- Kimdir danışan? 
- Partkomdan danışırlar. 
- Bağışlaym, Rübabənin anası ağır xəstədir. Evdə də kömək yoxdur, heç 
yerə tərpəşə bilmir. 
Gəldiyev danışanın Səttarzadə olduğunu bilib sözünə daha rəsmi bir 
ifadə vermişdi: 
- O, hər şeydən əvvəl bir komsomolçudur. 
Səttarzadə dedi: 
- O, bir ananın övladıdır. 
- Başqaları beş ananın övladı deyil ki, hərə bir ananın övladıdır. 
- Anası pis vəziyyətdədir, necə qoysun gəlsin? 
- Siz ki yanındasınız, anası tək deyil ha... 
- Mən ayrı. Qızdır, anadır. 
- Yaxşı, iclasda məsələsini qoyarıq, görək, onun üçün təşkilatın intizamı 
fərzdir, yoxsa anası! 
  

277 
 
Səttarzadənin lap acığı tutmuşdu: 
- Bura baxın, yoldaş, adınızı da bilmirəm, gedin məsələni harda 
qoyursunuz qoyun, qız mənimdir, iclasa qoymuram! 
- Sizin kimi köhnə mövhumat tör-töküntülərini yerində oturtmağı 
bacarırıq. 
- Köhnəliyimə baxma, sənin kimi boşboğaza dov gəlməyə taqətim çatar! 
- Görərsiniz! 
- Baxarıq! 
- Baxarsınız! 
- Görərik! 
Səttarzadə telefon dəstəyini yerə qoyub Rübabəyə döndü: 
- Bu kimdir? 
- Gəldiyev. 
- Sağ  gəlməsin elə  Gəldiyevi! Adam tapılmır, bunu katib yerində 
qoyurlar? 
 
* * * 
 
Anasının vəfatından beş gün keçənə  qədər Rübabəyə bir söz deyən 
olmadı. Altıncı gün istirahət axşamı axırıncı dərsə zəng vurulanda qızlardan 
biri Rübabəyə dedi: 
- Gəldiyev səni axtarır. 
Dərsdən sonra Rübabə partkom otağına getdi. Geldiyev stolun gözlərini 
bağlayıb geyindi, "gedək" deyə Rübabənin yanına düşdü, küçəyə  çıxanda 
mehriban bir səslə qızın kefini soruşdu: 
- Bağışla, - dedi, - evinizə gələ bilmədim. İşdən göz açmaq olmur. Başın 
sağ olsun, anan sarıdan. - Sonra Rübabənin "xüsusi kefi ilə" maraqlandı: - 
Rübabə, yaxşı deyiblər ki, oğul atadan, qız anadan yetim olar. Sən 
komsomolçu qızsan, gərək belə şeylərdən pozulmayasan. Ancaq bir yoldaş, 
bir tələbə, bir Rübabə yox, bir komsomolçu olaraq səndən inciyirəm. 
- Pis komsomolçuyam ona görəmi? 
- Yox, mən sənə pis deyə bilmərəm, pis komsomolçu da deyilsən. 
Ancaq səndə bir qapalılıq var. Təşkilat üzvü üçün qapalılıq, dərdi 
ürəyində saxlamaq nöqsandır. Axı biz ictimai adamlarıq... 
Rübabə başa düşmədi: 
  

278 
 
- Nə barədə deyirsiniz? 
- O barədə ki, biz oxumuş komsomolçular gərək hamıya nümunə olaq. 
Yadındadırmı. Səriyyə Xəlilovanın faciəsi? 
- Bu faciənin söhbətə nə dəxli. 
- Dəxli çoxdur. Demək istəyirəm ki, bizim həyatımızda köhnəliklə 
yeniliyin mübarizəsi hələ bitməyib, sinfi mübarizə  kəskinləşib və biz irəli 
getdikcə də kəskinləşəcək. Yeni mübarizə formaları çıxıb. Bu mübarizənin 
qorxulu cəhəti odur ki, cəbhələrdə, açıq meydanlarda, səngərlərdə getmir, 
bizim həyatımızın  ən dərin, kölgəli yerlərində, məişətimizdə, lap öz 
qəlbimizin içində gedir. Qolçomaq ilə mübarizə  aşkardır.  Bərkə qalanda 
tutub basırsan dama.  Amma, köhnəliyi özündə, öz evində görəndə ona qarşı 
durmağı bacarmırsan. Bunun üçün qəhrəmanlıq, cəsarət istər. Cəsarət 
çatmayanda da evin yıxılır. 
Səriyyənin gününə düşürsən. Bu söhbətlər kimin barəsindədir? 
Əvvəla özümüzün, bir komsomolçu kimi hamımızın barəsində.  İkinci 
də, konkret, şəxsən sənin ailəndən bəzi şeylər eşidirik... 
- Mənim ailəm indi müsibət içindədir. Fəryaddan başqa nə  eşidə 
bilərsiniz? 
- Bax lap bu cavabın özü! Bəyəm bu söz komsomolçunun sözüdür? 
Öz aramızdır, burada özgə adam yoxdur, sən bunu başqasına desən 
yaxşı olmaz. Burjua pessimizmidir. Biz göz yaşı olan dünyanı çoxdan yıxıb 
dağıtmışıq. Komsomol gərək ağlamaya, gülə! Gərək lap ağır vəziyyətdə də 
sən gülüb, komsomol olmağını düşmənə sübut edəsən? 
- Görünür, mənim ağzımdan söz qapmaq istəyənlər var. 
- Rübabə, inan ki, mənim indiki söhbətim tamam səmimi bir yoldaş 
söhbətidir. Bilirəm, anan ölüb, qəlbin zədəlidir. Mən istəmirəm, ictimai 
cəhətdən də  sənə  ləkə  gəlsin. Təşkilata çatdırıblar: guya ölünün üstündə 
Quran oxuyan olub. Bunu da bağlayırlar sənin atan ilə, ictimai mənşəyin ilə, 
nə bilim bəzi-bəzi sözlər. 
Rubabənin gözlərində  qığılcım oynadı. Gəldiyevə baxdı, nə isə demək 
istədi. Gəldiyev davam etdi: 
- Qulaq as, belə şeylərə məna vermə. Nə qədər ki, mən buradayam. Çox 
da atan, anan, filan, heç vaxt razı olmaram, təşkilat da razı olmaz ki, sənin 
atan ilə, ya başqası ilə bağlayalar. Sən hər halda komsomolsan. 
- Məni atam ilə bağlamaq lazım deyil? Atadan artıq insan kim ilə bağlı 
ola bilər? 
  
 

279 
 
- Məfkurə  məsələsi! Ancaq sənin bir şeyindən narazıyam. Atandır, ya 
hər kəsindir, inkişafına mane olursa cavab verməlisən. Komsomol cavabı, 
reşitelni! 
- Mən atamdan elə şey görməmişəm. 
- Görməmisən? 
- Xeyr! 
- Atanda heç köhnəlik hissi duymursan özünə qarşı? 
- Atam mənə həmişə mehriban olmuşdur. 
- Komsomol odur ki, bu mehribanlığın özünə ziddiyyəti, köhnəliyi hiss 
eləsin. 
- Burada nə köhnəlik ola bilər? 
- Siz qəbir üstə getmişsiniz! Bilirsiniz bu nə deməkdir? 
- Qəbir üstə getmək deməkdir. 
- Bu, həyatdan üz döndərmək, məzarlardan təsəlli almaq meyli, burjua 
pessimizmi deməkdir. Proletariata yaraşmayan... Bədbinlik, çürük 
psixologiya! 
- Proletariatın adamı ölməz? Proletariat qəbir üstünə getməz? 
İkinci də proletariat qəbri geridə qoyar. Proletariat bu cür işlərə qarşı 
mübarizə aparmışdır və aparacaqdır! Proletariat qəbiristanlığa yox, həyata 
doğru gedib, gedir, gedəcək və qalib də gələcək! Bildinmi? 
Siyasi savad lazımdır, yoldaş! 
 
* * * 
 
- Bu məktəbin rəhbər işçiləri harda oturur? 
- Səttarzadənin qapıçıya verdiyi suala Gəldiyev otaqdan çıxdı: 
- Bağışlayın, kimi görmək istəyirsiniz? 
- Direktoru. 
- Direktor sekaya gedib. 
- Partkom necə? 
- Buyura bilərsiniz! 
Gəldiyev öz otağını göstərib, Səttarzadəni qabağa saldı. İçəri girib stol 
başına keçdi: 
- Partkoma dair nə qulluğunuz? 
Səttarzadənin nəzəri stol dalında, divarda qırmızı  və müstəqil bir şüşə 
üstündə  zər ilə yazılmış "katib" sözünə sataşdı. Kürsünü yaxına çəkib 
başladı: 
  

280 
 
- Yoldaş partkom, zəhmət də olsa, yanınıza xüsusi bir məsələ üçün 
gəlmişəm. Mənim qızım institutda oxuyur, ikinci sinifdə. 
- Səttarzadə Rübabəmi? 
- Bəli, Rübabə. 
Bu cavabı  eşidəndə, ceyran ovlamış ovçu kimi, Gəldiyevin gözləri 
parıldadı. Özünü güc ilə  təbəssümdən yığıb ciddiliyini saxladı. "Görüm, - 
dedi - aşnam nə deyəcək". 
- Yoldaş partkom, mən özüm sənət cəbhəsinin adamıyam. Varım-yoxum 
bir qızdır. Arvadların sözü olmasın, nəzir-niyaz ilə böyüdüb bu yerə 
gətirmişəm. 
Gəldiyev ürəyində  təəssüf elədi, özünü söydü; "A zalım oğlu, niyə 
stenoqrafistden, katibdən saxlamırsan, kişinin ağzından qızıl kimi söz 
düşdü. Nəzir-niyaz! Bax elə bu sözə  də  şahidim olsa Səttarzadənin abrını 
ətəyinə bükərəm. Amma de gəl, sabah danacaq da..." 
Səttarzadə  Gəldiyevin ah-ufunu, vurnuxduğunu gördü; bir şey 
axtardığını güman edib dayandı: 
- Deyəsən keyfsizsiniz? 
Gəldiyev xahiş elədi: 
- Xeyr, siz buyurun, buyurun! 
- Bu institutdan qulağıma ayrı sədalar gəlir. 
- Kimin sədaları? Nə sədalar? 
- Əlbəttə, sizin bəzi tələbələrin sədaları, sizin işçilərin sədaları... 
Adına yaraşmayanların sədaları. - Səttarzadə  təzə  xəbər ifadə edən bir 
səslə soruşdu: 
- Gəldiyev kimdir sizdə? 
Geldiyev nagahani zərbə yemiş adam kimi səndirlədi, özünü saxladı: 
- Var bir eləsi. 
Katibin "bir eləsi" deyə, Gəldiyev familiyasını etinasız qarşılaması 
Səttarzadəyə cəsarət verdi: 
- Yoldaş partkom, mən təəccüb eləyirəm, siz eləsini niyə beləsində 
saxlayırsınız? - əllərini geniş açaraq bütün institutu göstərdi. Böyük bir 
mədəniyyət ocağında at oynatmağa qoyursunuz! Rübabənin anası ölən gün 
qıza yaxınlaşıb ki, gərək iclasa gələsən. Biz də bilirik, iclas lazımdır, 
iclassız iş keçmir. Axı bir vaxtı var. Qız yazıq fəryad içində, yar-yoldaş, 
qohum-əqrəba təsəlli verir, bu yandan da, bağışlayın məni, bu zırrama  əl 
çəkmir. Axırda telefonda acıqlanmışam, qayıdıb mənə nə desə yaxşıdır? 
 

281 
 
Gəldiyev gülümsədi: 
- Nə dedi? "Məsələsini qoyarıq", hə? 
- Sizin canınız üçün, elə lap belə dedi! Görünür qulağınıza çatıb. Bir 
həyasızlığa bax ha! Gəlmişəm görəm partiya komitəsi bunları bilirıni? Buna 
nə deyir? Sonrası da... Səttarzadə duruxdu, başım aşağı salıb dedi: - 
Partkom otağıdır, burada demək olar. Həmin o Gəldiyevdir, Getdiyevdir, 
nədir, qızda təmənnası var, əl çəkmir. Bax budur burda... – Səttarzadə 
şəhadət barmağını stola döydü: - Burda, partkomun qabağında deyirəm: nə 
qədər gəldiyevler öz yerində oturmayıb, nə  qədər ki, təşkilat belələrinin 
qabağını almayıb, mən qızımı buraxmayacağam! - Səttarzadə bir az da 
ürəkdən dedi: - Canım, bu da köhnə Bakı qoçuları-zad olmadı ki, mənə! 
Gəldiyev dedi: 
- Siz niyə qızınızı gün işığına buraxmaq istəmirsiniz? 
- Çünki rahatlıq vermirlər. 
- Gəldiyev adam yeyən-zad deyil ha... Bir oğlandır, bəlkə Rübabəni 
istəyir. Bunu sən kimə qadağan edəcəksən? Qız ağacı, qoz ağacı... 
- Xeyr, bağışlayasınız.  İstəyir, cavabını da alar. Ancaq məktəbin 
təşkilatından istifadə edib, qızı qorxutmaq olmaz! Hədə gəlmək yaraşmaz! 
- Nə bilirsiniz, bəlkə cavabını alıb, ona görə yaxınlaşır. 
Səttarzadə rədd elədi: 
- Xeyr, mənim qızım eləsinə cavab-zad verməz. 
- Səhviniz də buradadır. Bağışlayın məni, yenə köhnələr kimi 
düşünürsünüz, bir gənc komsomol qızın azadlığını  əlindən almaq 
istəyirsiniz. 
Səttarzadə onun sözlərindən daha da hiddətləndi. Xüsusən, "köhnələr" 
deyəndə, Gəldiyev nəzərini kişinin ağarmış saçlarına salmışdı. Səttarzadə 
bunü seçmişdi. Düşündü ki: "Bu ya Gəldiyevin tayıdır, ya Gəldiyev bu 
hərifi doyurub, mən deyənə inanmayacaq". 
- Hər hökmünüzdə belə  cəsarətli olsanız vay bizim gənclərin halına! 
Mən qızımı uğursuz təsadüfdən qorumaq istəyirəm, siz mənim üstümə çaxır 
səpirsiniz. Aşkar çaxır səpirsiniz. Nə oldu azadlığın qədrini biz bilmədik?! 
Siz əgər gözünüzü açıb dünyanı süd gölündə görmüşsünüzsə, biz gözümüz 
ilə od üfürmüşük. Məhkumluğun acısı  hələ  də damağımızdan getməyib. 
Hansı axmaq uşağının sərbəstliyini, səadətini istəməz! Bu nə sözdür?! 
  
  

282 
 
- Yox da, yoldaş  Səttarzadə, vkus müxtəlifdir. Bəlkə sizin sluçayrıi 
saydığınız adam qızınızın xoşuna gəlmişdir, bəlkə ürəyi tutmuşdur... 
- Qızım xoşuna gələn adamdan şikayət etməz. Bir də evlənmək onun heç 
xəyalından keçmir. Fikri-zikri məktəb, dərsdir, gecə-gündüz kitab...  
- Səttarzadə belə rəsmi bir yerdə qızından danışmağa məcbur olmasına 
sıxıldı, hirsindən susdu. Birdən tapança kimi açıldı: - Təəccüb eləyirəm!.. 
Elm ocaqlarımızda bəziləri nə ilə  məşğuldurlar! Havaxtacan müsəlman 
balalarının  əlindən dad çəkəcəyik? Canım, mən qızımı da, oğlumu da 
institutda görmək istəyirəm, buna mane olanlar gərək rüsvay edilsin! 
- Bilirsiniz, yoldaş  Səttarzadə, bunlar hamısı düzdür. Elm öz yerində. 
Necə deyərlər, cavanlıq da öz yerində. Ziyalısınız, yaxşı bilirsiniz ki, bizim 
elm köhnə elm kimi gənclik hisslərini öldürmür, daha da dirçəldir. 
- Siz məni qəsdən yana çəkməyin. Biz anadan qoca doğulmamışıq. 
Gəncliyi görmüşük. Biz də görmüşük. Başqa xalqların necə elm-ədəb 
öyrəndiyini də görmüşük! Onlara da baxmaq xeyirsiz olmaz. Ali təhsil 
görməyən piyadadır. 
- Təhsilə baxmaz. Mənim bir bibioğlum var, on altı ildir oxuyur, adını 
yurist qoyub, hələ də məlum deyil ki, nə yuvanın quşudur. 
Amma bir bacıoğlum var, texnikumu qurtarmamış böyük qulluğa çatıb, 
orden alıb. 
Səttarzadə Gəldiyevin döşündəki MOPR nişanına baxıb dedi: 
- Yaxşı igid dayısına çəkər. 
- Məsələ ondadır ki, necə oğlandır. 
- Elə deməyin, mühit adamı korlaya bilər. Pis yoldaşdan gələn bəla 
şeytandan da gəlməz. Doğrusu mən Rübabəni bu institutda qoymağa 
qorxuram. Eşitdiyimə görə, Gəldiyev xuliqanvarı bir şeydir, nə lazım... 
- Siz belə deyirsiniz. Həmin Gəldiyevin Rübabədən şikayətini eşitsəniz 
nə deyərsiniz? Qızınızın gecə saat 9-da, 10-da Gəldiyevin qapısına 
getdiyini, onun ailə  həyatına qarışınaq istədiyini desələr, inanarsınız? 
İnanarsınız, ya yox? Bizdə material var, material! 
Gəldiyev bunları qəti səslə söyləyib, Səttarzadənin gözünün içinə baxdı. 
Səttarzadə heç bir şey eşitməmiş kimi sakit dayandı: 
- Bu böhtanı da Gəldiyevmi düzəldib? 
- Düzəltməyiblər, belə şey olub, fakt! 
 

283 
 
Səttarzadə başını tovladı: 
- Siz məni doğma qızım ilə  ləc salmaq istəyənlərin iftirasına uymayın, 
yoldaş! Bunlar hamısı Gəldiyevin fırıldağı olacaq! Xahiş edirəm Rübabəni 
o yolun adamı bilməyəsiniz. Mənim qızım iki kəlmə danışanda xəcalətindən 
qızarır. Siz gərək belə dedi-qoduların sahibini yaxalayasınız, qabağını 
almaq borcunuzdur. Bütün məktəb bilir, o abırsız oğlu qızı necə hədələyir. 
Mən təvəqqe eləyirəm, təşkilat bu məsələyə son qoysun. Yoxsa mən 
Rübabəni Moskva institutlarından birinə dəyişməli olacağam. 
Gəldiyev dəftərinə iki sətir yazdı: 
- Yoxlayaram, ancaq siz də qızlara o qədər arxayın olmaym. İndi ki, söz 
gətirdi deyim: Gəldiyevdən çox-çox qabaq onun şuşalı bir oğlan ilə 
yaxınlaşması haqqında institutda danışıq gedirdi. Hərçəndi elə bir şey yox 
idi, məsləhət görmədik ki, sizi narahat eləyək. Hər halda qab düşməsə, 
cingilti çıxmaz. 
Gəldiyevin bu sözü tutdusa da Səttarzadə pozulmadı: 
- Tanıyıram  şuşalı  oğlanı! Onun bizə get-gəli var. Kim buna pis məna 
verirsə, özünə gülür. 
- Mən özüm üçün qeyd götürdüm, baxaram. İndinin gəncləri, elə  mən 
özüm də içində, görürsən bir eşqə düşürlər, sonra soyuyurlar. Bir gün biri 
ilə, sabah başqası ilə evlənirlər. Bilirsən, həyat  şən, insan azad, nə kefı 
istəyir, eləyir. Köhnə vaxt deyil ki, deyəsən: göbəyin bu oğlan ilə  kəsilib. 
İndi deyir, istəmirəm, vəssalam. Elə  şeylər bizim başımıza çox gəlir. 
Çalışdığımız budur ki, arada bədbəxtlik olmasın. 
Kim-kimi istəyirsə ona getsin, istəmir getməsin, maneçilik nəyə lazım. 
Səttarzadə təəccüb elədi: 
- Axı institut ZAQS bürosu deyil ki, yoldaş katib? 
-  İnstitut eyləndirmir, gənclər özləri evlənirlər. Biz də, necə bir sovet 
adamı, onların yeni həyat qurması üçün şərait yaradırıq. 
- Yeni həyat kişi ilə qadının tapışmasından ibarət deyil! Biz övladımızı 
ali məktəbə oxumağa, təhsilə qoyuruq, evlənməyə, ər, arvad seçməyə yox! 
- Bunları bir-birindən ayırmaq olmaz, oxumaq da, evlənmək də öz 
yerində, vəhdət var. 
Səttarzadə gedəndən iki dəqiqə sonra partkomun qapısı bir də döyüldü. 
Gəldiyev çıxanda Səttarzadənin qayıtdığını gördü: 
- Bura bax! - dedi, - yoldaş, o Gəldiyev evlidir? 
  

284 
 
- Evlidir, necə məgər? - İndi evlilik ilə subaylıq arasında üç manatlıq bir 
məsafə var. 
Gəldiyev bununla Rübabənin Gəldiyev ilə evlənməsi ehtimalını 
qüvvətdə saxlamaq istəyirdi. Səttarzadə yenə soruşdu: 
- Onun uşağı da var gərək ki!.. 
Gəldiyevin dodağı qaçdı: 
- Hə, qoca, görünür kürəkəninin həyatı ilə əməlli-başlı maraqlanmısan, 
öyrənmisən. 
Səttarzadə əsasını yerə döydü. 
- Bildim! Sən deyəndə ki, Rübabə qapısına gedib, bildim kimi deyirsən. 
Özü də deyirlər burada, bu dikdə olur. 
- Deyəsən, orada olur. 
- Tacir arvadı alıb. 
- Yaxşı tanıdın. 
- Niyə tanımıram. O, əclafdır, o, xuliqandır. Arvadı da özünün tayı. 
Körpə  uşağın başına gətirdiklərini siz gərək eşidəydiniz. Nə  əcəb eləsi bu 
institutda iş sahibidir. Yoldaş partkom, görürsünüz mənim qızım kimlər ilə 
üz-üzə gəlməyə məcbur olur?! Siz də deyirsiniz uşağı qoruma. Gəldiyevlər 
canavardan da qorxuludur. 
Səttarzadə bunları dedi, heç bir cavab eşitməmək üçün, daha doğrusu 
buna qarşı heç bir cavab ilə  təmin olunmayacağını bildirmək üçün düz 
çıxdı. Gəldiyev qələminin ucunu bir neçə  dəfə stola döydü, ancaq 
danışmadı. 
Səttarzadə gedən kimi Gəldiyev elan verib, sabaha büro iclası çağırdı. 
"Bu kaftarın cavabını vermək lazımdır!" 
Səttarzadənin işini müzakirəyə qoymaqdan Gəldiyevin bir məqsədi 
vardı. Ancaq iş elə  gətirirdi ki, bir neçə  mətləb ayrılırdı, hamısı da 
Gəldiyevin xeyrinə. 
Gənclərin tərbiyəsi, "ailələrdə kapitalizm qalıqları haqqında" gurultu 
qoparmaqla bir tərəfdən Gəldiyev özünü sayıq tanıdırdı, ikinci tərəfdən 
Vahidin canına üşütmə salmaq istəyirdi ki, "gör hansı ailə ilə yaxınlaşırsan. 
Özün də komsomolda heçə bənd!" Üçüncü və əsas cəhət üzünə nələr-nələr 
deyən Səttarzadədən intiqam almaq, abırdan salmaq fikrində idi. Rübabə 
heç vaxt buna dözməyəcək. Gəldiyevə  təvəqqeyə  gələcəkdi. Gəldiyev də 
Vahiddən uzaqlaşmağı  tələb edəcəkdi. Məsələnin qoyuluşu, müzakirəsi və 
həlli elə gəlib yetişmişdi ki, burada hiylə olduğunu heç kəs güman etməzdi. 
Komsomol özəyində 
  

285 
 
Muxtar yenə  işə qarışıb o yan-bu yan eləmək istərsə, onun özünü də 
təqsirləndirınək asandır. 
Qəzetlər hər gün kapitalizm qalıqları ilə amansız mübarizə şüarı altında 
səhifələr verirdilər. Rayonlarda xurafat və köhnə adət təsirindən 
qurtulmayan işçiləri biabır edirdilər. Kiminin rüşvətxorluğu, qohumbazlığı, 
kiminin xəsisliyi, bəzisinin nadanlığı tənqid olunurdu. Elə sovet işçiləri var 
idi ki, "qəzetlərin kampaniyasını" xorlayırdı: "Canım, birdən-birə olmaz ha! 
Nə  qədər ki, dünyada inqilab eləməmişik, elə  şeylər olacaq. Xaricdə 
kapitalizm zəhrimar taxtabiti kimi gecədə yüz əllisini balalayır..." 
Səttarzadə  qızının məktəbdən eşitdiyi xəbərləri, müxbirlərin qəzetlərdə 
yazdığını nəzərə alır, Gəldiyev kimi bir böhtançının vasitəsilə öz adının bu 
ləkəli siyahıya düşə biləcəyini böyük bir dəhşətlə xəyalına gətirirdi. 
Rübabə atasından soruşdu: 
- Sən partkoma nə demisən? 
- Nə deyəcəyəm, o hərifdən şikayət eləmişəm. Qoy burnunu ovsunlar. 
- Kim ilə danışdın? 
- Katibin özü ilə, hələ mənlə mübahisə başlamışdı. 
- Axı katib burada deyil. 
- Necə burada deyil. Kabinetində idi. Gödərək, sarıyanız... 
- Ata, bizdə sarıyanız katib yoxdur. 
- Bəs o kim idi məni qəbul elədi? Partkom otağında... katib idi. 
- Ata, səni qəbul eləyən Gəldiyevdir. 
Səttarzadə inanmadı: 
- Necə  Gəldiyev, a qız! Mən Gəldiyevdən ona bir Quran söz 
danışmışam. 
- Özüdür! Odur! 
- O olsa açıb deyərdi, söydüm, biabır elədim axı! 
- O deməli yeri yaxşı bilir. Hay salıb ki: "Səttarzadə  qızını ictimai 
yerlərə buraxmır. Özü də gəlib partkom ilə mübahisə aparır". 
Səttarzadə qaşlarını düydü: 
- Hara hay salıb? 
- Məktəbə. Danışıb-eləyirlər. 
- Nə demişəm danışalar? 
- Çox nanəcib adamdır. Nahaq onunla danışmısan? 
  

286 
 
- Nə bilim, deyirəm partkomun katibidir, günü sabah gedib komissara 
deyəcəyəm. 
- Komissara nə  dəxli. O, katibin yerində oturur. Qəbul eləməyə haqqı 
var. Gərək öz sözünü özünə deməyəydin. Adamı ki, bir az xam tanıdı... 
- Nə bacarır eləsin! Aşkar deyirəm: onun kimisi iş başına keçməməlidir, 
heç oxumamalıdır da! 
Səttarzadə üzdə Rübabəyə ürək verirdisə də ürəkdən rahat deyildi. 
Gəldiyev həmin günün səhərisi partiya bürosunda birinci, Həbəşistan 
hərbzədələrinə kömək məsələsini qoydu, sonra cari məsələyə keçdi: 
- Yoldaşlar, - dedi, - cari məsələmizin özü birinci məsələ ilə sıx surətdə 
əlaqədardır. - Ayağa qalxdı, kəmərindən pırtlayıb çıxan köynəyinin ətəyini 
çəkdi. Boğazını andıb "ustanovka" verdi. – Orada həbəş  zəhmətkeşləri 
yadları qovmaq üçün vuruşur. Onlara kömək  əli uzadırıq. Unutmaq lazım 
deyil ki, biz ölkəmizdə kapitalizmi yıxımışıqsa da, hələ cəmdəyini sürüyüb 
aradan çıxara bilməmişik, qalıqlarını  təmizləməmişik. Bir var ki, kənddə 
mübarizə aparasan, avam, qara camaat içində. Bunun ayrı işi var. Amma biz 
heç burnumuzun ucunu görmürük. Öz institutumuzda bu qalıqlar toxum 
salır, göyərir, əl-ayağa dolaşır, xəbər tutmuruq... sayıqlıq! 
"İnstitutumuzda" deyəndə hamının diqqəti Gəldiyevin nitqinə  cəlb 
olundu. Hamı müntəzir dayandı ki, görəsən kimin haqqında danışır. 
Gəldiyev təkrar sinəsini antladı: 
- Yoldaşlar, söhbət ikinci kursun tələbələrindən biri haqqındadır. 
Özü də bakılı, şəhərli! Onların evlərində ölən olub. Ölünün üstünə molla 
gətirmək, Allahın  əmri, peyğəmbərin  şəriəti ilə, filan... özü də komsomol 
üzvü. Bunlar bir yana dursun, mən məlumat alan kimi onu çağırtdırdım. 
Dedilər dərsə  də  gəlmir, evlərinin nömrəsini tapdım. Gör kimin evində 
telefon var! Zəng elədim. Atası, yəni xanəndə Səttarzadə. - Gəldiyev "yəni" 
sözünü çox mənalı dedi və adamların üzünə baxdı: - Səttarzadə telefona 
gəldi. Mən belə lap kulturnu onunla danışdım, qəti surətdə  qızını ictimai 
yerlərə buraxmayacağını söylədi. 
Kim idisə dilləndi: 
- Elə şey olmaz! 
- Rübabə dərsə gəlir! 
Gəldiyev qəzəblə əlini qaldırdı: 
  
 
  

287 
 
- Dayan!.. Buraxmayacağını söylədi. Mən çalışdım başa salam ki, yaxşı 
iş deyil, ziyalısan, buna sənin ixtiyarın da yoxdur. Sovet gənci, 
komsomolçu, yeni həyat... Bu da heç... 
Srağagün oturub işləyirdim. Daklada-filana baxırdım. Bir də gördüm 
arıq, başı çallaşmış bir kişi,  əlində  əsa budur gəlir. Səttarzadə  mənim 
sözümdən hirslənib, partkoma şikayətə gəlib. Mən də açmadım. Oturdu bir 
saat mənə  Gəldiyevin "yaramazlıqlarından" danışdı. - Gəldiyev bu sözü 
deyəndə qəhqəhə çəkib güldü, başqalarının da güləcəyini gözləyirdi, ancaq 
ona qoşulan olmadığını görüb, ciddiliyinə qayıtdı: başladı ki, siz mənim 
qızımı  oğlanlara təhvil verirsiniz. Bu necə  məktəbdir, filan... Yoldaşlar, 
aydındır ki, mən Səttarzadə ilə  çənə-boğaza durmazdım. Xanəndə olsa da 
qoca, mövhumatçı kişidir. On beş ildir Sovet hökuməti onu başa sala bilmir. 
Mən on beş  dəqiqədə onu necə başa salım. Üzümə söydü də, cavab 
vermədim. Eybi yoxdur, deyərlər də. Səbrimiz çatar. Eşitdiyimə görə, 
Mərkəzi İcraiyyə Komitəsinin üzvüdür. Bunu nəzərə alaraq məsələni burada 
qoydum ki, özünüz bu barədə  nə  məsləhət bilirsiniz, eləyəsiniz. Ölçü 
götürəsiniz! - Gəldiyev sözünü qurtarıb oturmaq istəyində yadına nə 
düşdüsə  təzədən başladı: - Bağışlayın, unutdum. Səttarzadənin qızını 
danışdırmışam. Atası, görünür, onu çoxdan sıxışdırırmış. Qız qorxudan açıb 
deməsə  də  məlumdur ki, atasının himayəsində oxuyub başa çatmayacaq. 
Səttarzadə guya indidən "ayrı instituta dəyişmək" bəhanəsilə qızı institutdan 
aparmaq,  ərə vermək istəyir. Bilirik, Nayıbovun "institutuna" verəcək. 
Bəllidir. Biz bu hadisənin qabağını almasaq, bütün biabır olacağıq... 
Gəldiyev adamları hazırlamışdı. Danışanlardan hərə bir rəy söylədi. Biri 
deyirdi: "Səttarzadə bizim işçimiz deyil, heç bir qərar çıxara bilmərik, 
gücümüz ancaq qızıba çatar". Biri deyirdi: "Rübabəni mütləq məktəbdə 
saxlamaq və  hətta evlərindən ayırıb yataqxanaya düzəltmək vacibdir. 
Kişinin məsələsini Mərkəzi  İcraiyyə Komitəsinə, surətini də  qəzetə 
yazmalıyıq". 
Verdiyev etiraz elədi: 
- Yazmağın adı yoxdur. Sabah-biri gün təzə seçki olacaq. Səttarzadə-
məttarzadə gedəcək öz işinə. 
Gəldiyev mane oldu: 
- Yox, bizim borcumuz yazmaqdır. Qoy bilsinlər, sonra məsuliyyətli 
olar. 
Verdiyev məsuliyyət sözünü eşidib, şərik oldu: 
  

288 
 
- Sözümü geri götürürəm. Yazaq, qoy bir siqnal da bu olsun. 
Komsomol komitəsinin katibi Muxtar durdu. Məsələni bu qədər 
şişirtməyin institut üçün, təşkilat üçün nöqsan olduğunu, bu barədə əvvəlki 
fıkrində qaldığını dedi, fikrinin protokola yazılmasını tələb etdi: 
Gəldiyev acıqlandı: 
- Yoldaş Muxtar, bura sənin üçün komsomol iclası-zadı deyil ha 
Nə böyük adam olmusan ki, sənin fikrin üçün dəftər açaq? Otur, qulaq 
as, əksəriyyət nə deyər, sən də tabe olmalısan, vəssalam! 
Muxtar papağını götürüb çıxdı: 
- Yaxşısı budur mən gedim öz komsomolluğuma, sən istədiyin qərarı 
çıxart. Ya sənə verən, ya bizə! 
Axırda Gəldiyev fikrini yeritdi. Səttarzadənin "əhvali-ruhiyyəsi" 
haqqında Mərkəzi İcraiyyə Komitəsinə yazdılar. Qız ilə xüsusilikdə danışıb, 
onu "təzyiq"  şəraitindən ayırmaq məsələsini həll etməyi Gəldiyevə 
tapşırdılar. İclası bağlayanda Verdiyev Gəldiyevə yanaşdı. 
- Amma yaxşı olmayacaq, gərək Muxtarın iştirakı ola idi. 
Gəldiyev hirsli dedi: 
- Qoy hara gedir, getsin! Dünənki malçişkə mənə ağıl öyrətmək istəyir. 
Onu seçməkdə biz çox pis iş görmüşük! 
 
* * * 
 
İnşaat institutunun açılışı bayramı üçün hazırlıq gedəndə Vahid güman 
etmişdi ki, dərs ilinin başlanmasını qeyd eləmək istəyirlər. Biletlər çap 
olunur, müsamirə üçün hazırlıq gedir, qonaqlar çağırıhr, sənədlər seçilirdi, 
institutun həftəlik qəzeti bu gün çıxmışdı. Direktorun məqaləsini oxuyanda 
Vahidi heyrət götürdü: "Azərbaycanda birinci dəfə mühəndislik institutu 
təşkil edirik..." Bu tarixi səhvə görə Vahid redaksiya işçilərinə qızdı: 
- Mühəndislik institutu bizdə on il bundan qabaq var. Tarixi niyə 
danırlar? 
Vahid direktorun yanına gəldi. Qəzetin  əllərdə  gəzdiyini gördü. 
Verdiyev utana-utana gələn və nə isə bir şey demək istəyən Vahidə döndü: 
- Nə var, bala? 
Vahid qəzeti göstərdi: 
  
 

289 
 
Müəllim bunu siz yazmışsınız, bu məqaləni? 
Verdiyevin gözləri iftixar hissi ilə işıqlandı: 
- Bəyəm imzası yoxdur? 
Var imzası, amma... 
Verdiyev onu sözlü adama oxşatdı: 
"Amma" nədir? Yoxsa sən də Qurdoğlu Qədir kimi təbrikə gəlmisən? 
Vahid ürəyində dedi: "Təbrikə yox üzünüzə tüpürməyə  gəlmişəm?". 
Sonra özünü saxladı: 
Bu cümləni oxuyun görək. 
Verdiyev qəzeti  əlinə aldı: "Bu gi Azərbbaycanda birinci dəfə olaraq 
mühəndislik məktəbi açılır. Bu gün kulturamızın..." 
Verdiyev Vahidin üzünə baxdı: 
- Bunda səhv axtarırsan? 
- Bəlkə birisi iyirmi üçüncü ilin qəzetlərinə baxdı, onda nə deyər? 
Direktor dodağını büzdü: 
- İyirmi üçüncü ilin nə dəxli var məsələyə? 
- Axı iyirmi üçüncü ildə Azərbaycanda Polülitexnik İnstitutu kimi bir 
məktəbdə vurhavur dərs gedirdi. İndi də yazırıq "birinci dəfə". - 
Vahid əsəbiləşdi. - Axı tarixi qaralamaq olmaz. 
Verdiyev tutuldu. Ancaq hiss etdirməmək üçün katibinə baxdı. 
- Bu nə deyir, əyə, sərsəm gətirib, nədir? 
Katib ağzını-gözünü əydi. Vahidi halaladı: 
- O zamankı qarmaqarışıq bir şey idi. 
- Hər halda bizim institutdan qarmaqarışıq deyildi. 
Verdiyev Vahidi istehzaya qoydu: 
- Özü də ali məktəbdə oxuyur. Ayıbdır, yoldaş tələbə! Bərpa dövrünün 
məktəbini bizə müvəffəqiyyət hesab eyləyirsən? 
Vahid dedi: 
- Məsələ  bərpa dövründə deyil, tarixi yenidən başlamaq iştahındadır. 
Yubiley lazımdırsa, on illik, on iki illik edilsin. 
- Bilirik o zaman kimlər at oynadırdı politexnik institutunda... 
Vahid gülümsədi: 
- Deməli, institutun yox, sizin yubileyinizi elyləyirik... 
- Demoqoqluq lazım deyil. Bunu hükumət edir, sənin kimisindən 
soruşmurlar. 
Vahidin səbri tükəndi: 
 
  
 

290 
 
- Sabah, - dedi, - yoldaş direktor, sabah xalq bizim üzümüzə nə deyər? 
Verdiyev əsim-əsim əsdi, katibə tapşırdı ki, Vahidin dediyini "bir yerə" 
yazıb saxlasın. Özü ayaq üstə dayana bilməyib, halsızca kresloya oturdu. 
 
1   ...   14   15   16   17   18   19   20   21   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə