Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə21/24
tarix02.12.2016
ölçüsü2.8 Kb.
1   ...   16   17   18   19   20   21   22   23   24

İkinci fəsil 
 
Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Enli sarı 
kağızın üstündə kölgəli, qəşəng göy xətt ilə bu sözlər yazılmışdı: "Səttar 
Səttarzadənin konserti". 
Tramvayların pəncərəsindən yellənərək, görünən elanın xırda sətirlərini 
oxumaq olmurdu. Ancaq "Səttarzadə" seçilirdi. Qocaman sənət xadimini 
dinləməyi arzu edən çox idi. Biletlər dünəndən satılıb qurtarmışdı. Bilet 
alanlar cürbəcür adamlar idilər. 
Bunlardan bəzisi Səttarzadə adına hörmət edib, bilet alanlar idi. 
Səttarzadə respublikanın məşhur musiqi xadimlərindən biridir. Ancaq 
çox qocalmışdır. Altmışdan yuxarı yaşı var. Onun gənclik qüd- 
  
 
 
  

315 
 
rəti, məharəti çoxdan yox olub getmişsə  də, kişidəki həvəs, musiqi eşqi, 
camaat qabağına çıxmaq meyli daha da artmışdır. 
Həyatın amansız qanunları var, insan ömrü boyu əlləşir, vuruşur, 
hünərini, qüdrətini, qabiliyyətini göstərir, nəyə isə nail olmaq istəyir. Buna 
tədricən nail olur. Axırda bütün ömrü boyu qazandıqlarını  təslim etməli, 
qoyub getməli olur. Ölünün, deyərlər, rəhməti, ya lənəti apardığında yox, 
qoyub getdiklərində olur. İnsan öz əməyinin ümidli əllərə düşdüyünü 
görəndə ölüm də rahat və əyləncəli gəlir. 
Səttarzadə çox həyəcan ilə öz gəncliyini xatırlayır. Sonradan kor olanlar 
gün işığından danışan kimi, o da itirdiyi cavanlıqdan həsrətlə danışır. 
Təklikdə, ya evdə  nə  qədər sakit, sönük görünürsə, adam içində, ictimai 
yerlərdə öz xələflərini görür. Qocalıq kədərini bu təsəlli ilə söndürür. 
Mümkün etdiyi məclisdən qalmır. Cavan çalğıçıların müvəffəqiyyətlərilə 
sevinir, onları  çəkə-çəkə  səhnəyə aparır. Camaatın qabağında  əlini sıxır, 
alnından öpür. Camaat Səttarzadənin xatirini əziz tutur. Əsil tamaşaçılar 
onu görəndə musiqi aləminin, sənət dünyasının zənginliklərini bir daha 
xatırlayırlar. Belə qabil xadimlərimizin olduğuna sevinirlər. Həm də 
kədərlənirlər; çünki qocalıq küləyi Səttarzadənin sənət bağını soldurmaq da, 
barmaqlarını zəiflətməkdə, titrətməkdədir. 
     Bu  elə bir kədərdir ki, dünyada hiss və  şüuru olan hər bir kəsi ağrıdır. 
Çox yox, iyirmi-iyirmi beş il bundan qabaq tarı bağrına basanda bülbülləri 
cuşə  gətirən, kainatın bütün zərifliklərini, gözəlliklərini incə  səs tellərində 
ifadə edən bir sənətkar indi tərk-silah olunmuş bir əsgər kimi zəif görünür. 
Onun məclislərində yer olmazdı. Cəld uşaqlar dama dırmaşar, qadınlar 
çəpərlərə tökülüşər, gənclər qapı-pəncərələrdə az qala bir-birinin başına 
çıxardı. Onun qəlbi atlananda, sədəfli tarı  rəqqasə kimi xurdişə  gələndə 
barmaqlarını görmək olmazdı. Deyərdin simlərin böyrünə yüz bülbül 
qonub, hərəsi bir cür nalə çekir. Çox zaman kənd qızları barmağının 
üzüyündən, cavanlar kəmərindən, saatından keçərdilər. Bilməzdilər nə dil 
ilə sənətkara razılıq etsinlər... 
Hanı o Səttarzadə? Gənclik heç kəsdən, Səttarzadədən apardığı  qədər 
aparmamışdır. Bu itki o qədər ağır və aydındır ki, yalnız Səttarzadəni yox, 
onu eşidənlərin hamısını ağrıdır. 
İndi Səttarzadənin müsamirəsinə  gələnlərin çoxu ondan, gənclikdə 
aldıqları kimi ləzzət almağa yox, bəlkə bu ləzzəti yada salmağa, bir də 
qocaya öz ixlas və məhəbbətlərini ifadə etməyə gəlmişdilər. 
  

316 
 
Bəziləri də muğamat sözünü eşidib gəlmişdilər. Onlar o qədər mahnı 
eşitmişdilər ki, bezmişdilər. Musiqi aləmindən muğamatın qovulduğunu 
düşünür, səbəbini bilmir, soruşınağa da cürət etmirdilər. Elanda "muğamat" 
görüb, bilet dalınca yüyürmüşdülər. 
Bəziləri də sadəcə "müsamirə" sözü üçün gəlmişdilər. Bunlar o 
adamlardılar ki, şəhərdə bir tamaşa buraxmazdılar. Boş olan axşamlar 
başlarından ağrı tutar, kütlənin mədəni istirahətini təmin edə bilmədiyi üçün 
incəsənət idarəsini tənqidə başlayarlar. Bunlar nə musiqi, nə tamaşa, nə 
məclisin məzmunu ilə maraqlanarlar. Bunu onlara nöqsan tutmaq da olmaz; 
çünki məzmun ilə qeyri-məzmunun təfavütünü seçməzlər. Bunlar ya 
libaslarını səyyar sərgidə göstərmək üçün, ya filan qızı (ya oğlanı) fəth edib 
ələ  gətirdiklərini nümayiş,etdirınək, ya da məclisdə söhbət düşəndə 
"görmüşəm", "getmişəm", "eşitmişəm" demək, "mədəni" adlanmaq üçün 
can atırdılar.  İlk cərgədə oturarlar, dal cərgədəkiləri adam hesab etməzlər. 
Tez-tez dönüb baxar, onların qabaqda kimlər oturduğuna diqqət yetirib-
yetirmədikləri ilə maraqlanarlar. Bunlar, demək olar ki, müsamirədə  çıxış 
etməli olanlardan az hazırlaşmazdılar. Libaslarından, bər-bəzəklərindən 
başqa, necə  tərpəşəcəklərini, tənəffusdə necə kürsüdən ağır-ağır qalxıb 
çıxacaqlarını,  əvvəl hansı ayaqlarını atacaqlarını, yaylığı hansı  əllərinə 
alacaqlarını, bir tanış gördükdə necə kübarcasına, gözucu salam 
verəcəklərini, ibarələr lüğətcəsindən necə istifadə edəcəklərini, rus 
sözlərinin axırında səslərini necə alçaldacaqlarını məşq edirlər. 
Məşhur artistlərin çıxışında intizar keçirərlər, çıxışın qurtarmasını 
gözləyərlər, dərhal  əllərini bir-birinə döyüb şaqqıltı salarlar, artist gəlmək 
istəmədikdə ayaqlarını da yerə döyər, qışqırarlar. Bəzən elə  şirin söhbət 
mövzusu taparlar ki, tənəffüs heç yadlarına düşməz. Gözləri səhnədə olsa 
da, etina etməz, başlarını cütləşdirib, danışarlar: 
- Sən öləsən, arvad həmişə konsertə gəlməyə can çəkir. Onun ucundan 
gecikirəm. 
- Sabir öz hekayələrində bu barədə göstərib. 
- Sən Sabiri deyirsən. Füzulinin podval məqaləsini oxumuşam. 
- Hansı məqaləsidir, adə, gözümə dəyməyib? 
- İki arvadlılar barəsində. Ruscasını oxumuşam. Bizim dildə yoxdur. 
- Həlbət ki, ruscası yaxşıdır. Bizdə şair yoxdur ki, o kişilərin Plexanov 
kimi, İvan Qroznı kimi şairləri var. 
  
 

317 
 
- İvan Qroznı? Deyəsən bu şair mənə tanış gəlir. 
- Gürcüdür də, Qruziyadandır. Hələ  mən uşaq idim, bunların  şeirlərini 
əzbər bilirdim, nədir o, tülkü ilə qarğanın poeması, lap qiyamətdir! 
- Azərbaycancası yoxdur? 
- Var, Füzuli perevod eləyib, ancaq ruscasının ləzzətini vermir. 
Azərbaycanca elə-belə danışasan, şeirdə qafiyə məsələsi var axı. 
- Əyə, sən ki, bu zəhrimar şairliyi bilirsən, niyə yazmırsan? 
- Yazsam, axı indikilərin çörəyinə bais olaram. 
- Yox, zarafatsız, sən yaz! 
- Zarafatsız deyirəm, şairlərə bais oluram. Odur ki, qoymurlar. 
Adamın qabağına daş dığırlayırlar. 
- Əşi, sən qəşəng yazandan sonra kim nə deyəcək?! 
- Sözdür danışırsan da. İndi ki açıldı, deyim: bir poema yazmışdım, özü 
də belə (baş barınağını dikəldib, göstərir) mirovoy, töküldülər üstümə, 
qoymadılar üzə çıxa. 
- Nədən yazmışdın? 
- Götürmüşdüm Fərhad adında bir əsgəri. Səngəri vurub dağıdır, çıxır 
üzə, bomba ilə düşmənin yeddi batareyasını batırır, bir pulemyotla bir 
diviziya qırır. Bir diviziya da qaçır. Apardım redaktora. 
- Redaktor nə dedi? 
- Söz tapmadı, dedi: apar, yazıçı Mirzə Maarifə. 
- Mirzə Maarif necə, bəyəndi? 
- Bəyəndi-bəyənmədi bilmirəm, amma çox güldü. 
- Yəqin çox xoşuna gəlib! Verdimi çapa? 
- Yox! 
- Bəs nə dedi? 
- Dedi ki, gərək qızıl əsgərin adını dəyişəsən. 
- O niyə? Fərhad yaxşı addır ki? 
- Dedi, Fərhadı qarala, Əlinin qəzəb oğlu yaz! Deyəsən qarabağlıdır, ona 
görə... 
- Səni ələ salıb. 
- Yox əşi, tanışdır, elə adam deyil. 
- Ondansa həzrət Abbas yaz da. Bəs axırı nə oldu? 
- Gördüm nəm-nüm eləyir. Götürdüm, yerinə redaktordan şikayət 
yazdım! 
- Bəs axın? 
- Cavab gözləyirəm. Gərək bu günlərdə gələ. 
  

318 
 
- Gələr, gələr inşallah, poçta tez-tez get! Qoy ləngitməsinlər... 
Bir qisim adamlar da Səttarzadənin müsamirəsinə  iş üçün gələnlərdir. 
Ya görüş  təyin etmişlər, ya güdməyə  gəlmişlər. Belələrinin Səttarzadəyə 
xeyri olmadığı kimi, maneçiliyi də yoxdur. Onların çoxu dal cərgələrdə 
oturar, gəlib-gedənə göz yetirərlər. Zalda dünya dağılsın - oxusunlar, 
çalsınlar, ya heç oxumasınlar, çalmasınlar, onlar üçün fərqi yoxdur. Bunlar 
otuz, qırx nəfərin səsləndiyi xora çığır-bağır adı verirlər. Özü də bu "çığır-
bağırın" əvvəlcədən bir şey üçün - solo oxuyan qızın nəfəsini dərməsi üçün 
hazırlandığına inanmırlar. 
Müsamirədə bu cür adamların olduğuna hamıdan artıq darıxan Vahid 
idi. Vahid Rübabə ilə sağ tərəfdə, beşinci cərgədə oturmuşdu. Müsamirənin 
başlanmasını gözləyirdilər. Sarıyanız, ucaboy, şıq geyimli bir kişi gözucu 
salam verib, onların yanından ötdü. Vahid Rübabəyə döndü: 
Deyirsən danışma. Görürsən bunu! Səhnədən də tanıyırsan, yəqin onu 
şəxsən tanımayanlar yüksək rəydədirlər. 
- Mahir aktyordur. Baş rollarda çıxır. 
- Mən də  bəyənirəm, ancaq yüngüldür. Bəlası budur. Yalnız səhnədə 
deyil, həyatda da artistdir. Halbuki mən istərəm artistin də alim kimi, ədib, 
diplomat, filosof kimi qırılmaz təmkini, zəngin daxili aləmi olsun. İçində 
küləklər əsınəsin. Artistin demədiyi də mənalı olmalıdır. 
Doğrudur, artistliyə görkəm, zahiri elamətlər də lazımdır; lakin 
zaldakılar yalnız göz və qulaqdan ibarət deyillər. Onlarda zərrə seçən bir 
hiss var. Qəlb, zövq, diqqət var. Artistdən ağırlıq, vüqar istəyirlər. 
Yüngüllük insanın qiymətini də yüngül edər. Biz xalq içində artistin 
hörmətini daha da qaldırmalıyıq. Onda analar keçmişdəki kimi həyasız 
qızlarına yox, ismətli qızlarına artist deyərlər... 
Adamlar dəstə-dəstə gəlib, yerlərini tuturdular. Gəldiyev səhnə tərəfdən 
keçib, Vahidgilin yanından tünd yel kimi ötdü. Vahid onu gördü, özünü 
görməməzliyə vurub, nəzərini yayındırdı. 
Gəldiyev müsamirənin lap əvvəlindən burada idi. Nə üçün gəldiyini özü 
də bilmirdi. Onu bilirdi ki, yetişən kimi vurnuxub Rübabəni axtardı və tapdı 
da. Lakin o, Rübabəni belə tapmaq istəmirdi. Dal qapıdan baxıb onu qoşa, 
uzun hörüklərindən tanıdı. Ürəyində dedi: "Ay zalım qızı, gözəllər 
karvanına qatılsan da səni seçərəm". 
Vahidi onun yanında görüb pərt oldu. Adəti üzrə dodağını gəmirdi, əlini 
kəmərinə keçirib bir az dayandı. Sonra fikirləşdi ki: "Düşmənə 
  

319 
 
bu kökdə görünmək ayıbdır... Mən bu konsertə Rübabədən gözəl bir qız ilə 
gəlməli, Vahiddən qabaq cərgədə oturmalı, Səttarzadəni etinasız dinləməli 
idim..." 
Gəldiyev özünü, Rübabəyə göstərməmişdən gedə bilməyəcəkdi. "Qoy 
bilsin ki, Vahidi özünə ər elədiyini seçənlər var!" 
Bir də  Gəldiyev onların rahatlığını pozmaq, təşvişə salmaq istəyirdi. 
Vacib bir iş  üçün  adam  axtarırmış kimi, bir neçə  dəfə Vahid oturan 
cərgədən o yan-bu yana keçdi. Birində Rübabənin dönüb baxdığını duyub, 
yeyin addımlarla saymazyana qapıdan çıxdı. 
O axşam Gəldiyevin əsəbiliyi, ovqat təlxliyi tamamilə təmin olunmuşdu. 
Heç yerdə  təsəlli tapa bilmədi. Evə  gəldi ki, ürəyindəkiləri unuda bilsin. 
Təəssüf ki, ayrı bir aləm, gözlənilməz bir mənzərə gördü. Başı aşağı, hirsli 
içəri girəndə sarısaç, yad bir qadının divanda oturduğunu gördü. Hazırlaşdı 
ki, qonağa xoş  gəldin desin, onu bir təhər gördü: "Necə qonaqdır ki, ev 
sahibinə etina eləmir? Necə qonaqdır ki, kişinin ayağına qalxmır?", 
Diqqət edəndə, küncdə  təkərək kimi dığırlanan oğlan uşağını görəndə 
hər  şey ona aydın oldu. Sanki bütün dünyanı bir dəyirman daşı kimi əldə 
gəzdirdilər, gətirib Gəldiyevin boğazına keçirtdilər. Ağırlıq onu yıxası oldu. 
Gəldiyev  əlini boğazlığına atdı, düzəltdi, bir udqundu, bir öskürdü, başı 
hərləndi, vücudu elə bir vəziyyət aldı ki, oturmaqmı, durmaqmı istədiyini 
seçmək olmazdı. Deməyə söz axtarırdı. Ağca xanımın kəsərli səsi eşidildi: 
- Gör bu arvad kimdir? 
Gəldiyev boğazından şerfı aça-aça, Zoyaya tərəf baxdı, etirafdan başqa 
çarəsi olmadı. 
Когда приехали? 
Это вам не интересно, держите своего ребенка, я уезжаю! 
Gəldiyevin boğazı qurudu. Arvadı dilə tutmaq istəyirdi ki, Ağca xanım 
onun peysərindən bir yumruq endirdi: 
- Belə işlərin də var imiş, a küçədən gəlmə şortu?! 
Ağca xanımın bu yumruğu Gəldiyevə güllədən ağır idi. Xəyalında o 
Zoyanın həsəd edəcəyini, köhnə  ərinin yeni həyatına küsənəcəyini güman 
etmişdi.  İndi isə onun ürəkdən güldüyü, Gəldiyevin Ağca xanım kimi bir 
əjdahaya tuş  gəldiyini bilib sevindiyi yəqin idi. Zoyanın səsi də  Ağca 
xanımın səsinə qarışdı: 
  

320 
 
-  Прашу  не  задерживать  меня,  на  поезд,  опаздываю.  Дайте  мне 
раписку о том, что своего ребенка вы в здоровом состоянии получили! 
Zoya bunu deyib, uşağını ayağa qadırdı, çənəsindən tutub, başını 
qaldırdı. Uşağın iri və diri gözləri muncuq kimi parıldadı. 
Ağca xanım keçib uşağın qolundan tutub murdar bir pişik balası kimi 
çıxarıb eyvana qoydu, kürəyinə bir də yumruq güpsədi. Uşaq üzüstə yerə 
gəldi. Sonra dikəlib ağzını göyə açdı, qışqırıb ağladı. Ağca xanım dedi: 
- Mən bicxana açmamışam. Bir saat qoymaram evimdə belə qoduqları! - 
Üzünü Geldiyevə tutdu: - Yığışdır  şələ-şüləni, qoduğunu da götür, hansı 
cəhənnəmə gedirsən get! 
Gəldiyev çaşıb qalmışdı: 
- Ay Ağca, uşağın nə günahı var. Bir dözümün olsun, bir səbir... 
- Dözdüyüm bəsdir. Bir də  sənin kimi qurumsaqlar ilə baş yastığa 
qoymayacağam. Bil! Haydı! 
Gəldiyev dinmədi. Eyvanda ağlayan uşağa baxdı. Zoyaya nə isə demək 
istədi. Ağca xanım hirsini boğa bilmədi. 
- Mənim adresim bu şortuda nə gəzir, hə? Bəs sən oğlan idin? 
Oğlan vayına oturum, inşallah! 
Ağca xanım erkək pişik kimi atılıb onun saçlarını çəngələdi, toyuq tükü 
kimi yolmaq istəyəndə Gəldiyev, ət qaçırdan itə qışqırırmış kimi, səsləndi: 
- Ay ərkansız, nə qayırırsan? 
Onların bu hərəkəti Zoyanı sevindirınəkdən çox qəzəbləndirirdi. 
 - Ocвободите ради бога меня, потом можете играть сколко хотите. 
Gəldiyev keçib kağız-qələm gətirəndə Ağca xanım tutub əlindən aldı: 
- Sənə deyirəm, mənim evim piryut-zad deyil, götür uşağını da, çıx 
burdan! Gedin davanızı harda istəyirsiniz eləyin! 
- Ağca xanım, bəsdir, bir toxta, adamın evinə qonaq... 
- Kəs səsini, binamus! Elə sən də qonaq gəlmişdin. Sənin kimi qonaqları 
çay aşağı axıdım, çay yuxarı axtarım! 
Gəldiyevin sinəsindən elə itələdi ki, kişi az qaldı samovarın üstünə 
yıxılsın. Cin vurdu Gəldiyevin başına, istədi onu götürüb mıxlasın yerə. 
Partiya biletini yadına salıb, hirsini yedi. Heç olmasa bir neçə 
  
 

321 
 
saatlığa, Ağca xanım özünə gələnə kimi, evdən uzaqlaşmağı, sonra qayıdıb 
arxayınlıqda danışmağı, qılığına girməyi məsləhət bildi. Papağını başına 
qoyub qapıdan çıxdı. Zoyanı da çağırdı: 
- Paşli, davay!.. 
Zoya çıxanda Ağca xanım dalısınca ürəkdən dedi: 
- Haydı, bura sizə görüşxana deyil! 
Zoya nə  qədər azərbaycanca az bilsə  də kürkünü sudan çıxara bilirdi. 
Qayıdıb dilucu cavab verdi: 
- Ayıbdı, xanım, mərifətiniz olsun! 
Ağca onun azərbaycanca danışdığını görəndə  çəkindi, duruxdu. 
Bayaqdan bəri dediklərinin hamısını anlamış olduğunu, bəlkə  də bir hiylə 
üçün  əri ilə rusca danışdığını fikrinə  gətirdi.  İstədi onun abrını  ətəyinə 
büksün, ancaq mərifətdən danışmağı qabağını aldı. Ağca xanımın ağzını 
bağlayan isə bu deyildi, başqa  şey idi. Zoya mərifətdən deyib eyvana 
çıxanda, Gəldiyev qapıda üst-başını  çırpır, papağını düzəldirdi. Onlar cüt 
yeriyəndə, qabaqlarında da uşaq görünəndə  Ağca xanımın gözündən od 
töküldü, sinəsi tez-tez enib qalxdı, rəngi qaçdı,  əsə-əsə  eşiyə yüyürdü. 
Gəldiyevin ətəyindən tutub, bərk geri çəkdi və gücü çatdıqca qışqırdı: 
- Qayıt içəri! 
Gəldiyev dinmədi. Ağca xanım daha da bərk qışqırdı: 
- Bu saat içəri, deyirəm sənə! 
Gəldiyev dedi: 
- Bu 
saat 
gəlirəm! 
Ağca xanım keçib onun yolunu kəsdi: 
- Bir gir içəri! Bir o qalmışdı ki, evimdə svidani düzəldib, kefə gedəsən! 
A boyunu yerə soxum! 
Gəldiyev bilmədi nə elesin: 
- Ay Ağca, bayaqdan özün qovurdun? 
- Hə, ürəyindən keçir? Yağlı xörək tutub səni... Ay sənin başın üçün! 
İkiəlli Gəldiyevi itələdi, içəri salıb qapını  bərk çırpdı. Zoya uşağın 
qolundan tutub qapıya sarı yaxınlaşdı: 
- Xanım, qoy bizi yola salsın. 
- Ay... nə istəyirsən? Nə istəyirsən ay dambov! Xalqın kişisindən  əl 
çəkəcəksənmi? 
Zoya onu daha da yandırmaq istədi: 

322 
 
- Xanım,  ərində gözü olan yoxdur. O mənim  ərim olanda heç səni 
tanımırdı... Mənim artıq-urtuğumdur, sənə tuş  gəlib! Qoy uşağını tapşırım 
özünə, ondan sonra məni burada görsən, basıb döyməyə də haqqın var. 
Ağca xanım qapının rizəsini vurdu, pərdəsini saldı, gəlib oturdu. Pərdəni 
salmaq, sakitcə evə girməklə Zoyaya acıq vermək, "yandırmaq" istəyirdi. 
Ancaq Zoya əl çəkmədi. Qonşu qapıları döyüb qadınları oraya tökdü: 
- Camaat, - dedi, - bilin, bax bu binamus öz yetiminə yiyə durmur. 
Rayondan bura yanıma salıb gətirmişəm, yaxın qoymur. Bu saat gedib milis 
çağıracağam. 
Uşaq da bu hay-küyün onunçun olduğunu duyur, balaca yumruğunu 
gözünə basıb ağlayırdı. Qonşular tökülüşüb ana-balanı kiridirdilər. 
- Ayıb olar, bacı! Gəldiyev gərək elə kişi olmasın. Dayan, bu saat çıxar. 
Qapını döyür, Gəldiyevi eşiyə çağırırdılar. Zoya da səsə  gələnlərin 
hamısına Gəldiyevin onun necə evlənməsindən, uşağından, uşaq pulundan 
danışırdı. Bunları  eşitdikcə  Ağca xanım içəridə kabab kimi qovrulurdu. 
Bütün xanımanı yanan bir adamın  əlacsız dayanıb baxdığı kimi bu 
vəziyyətə dözür və bu saat bir şey olacağını, əzabdan qurtulacağını güman 
edirdi. Ancaq heç kəs onu əzabdan qurtarmayacaqdı, Zoya qapıda ağzına 
gələni deyəcək, Gəldiyevin arvadı olduğunu car salacaq, Gəldiyev də 
içəridə başını ovcuna alıb oturacaqdı. Gəldiyevin bu sakit oturuşu, xiffət 
çəkən adamın oturuşuna oxşamır. O, köhnə arvadının sözlərinə qulaq asır 
Bəlkə də lap söyüş eşitsə də onun səsindən həzz alır. Bəlkə də bu söyüşlər 
onlara keçmiş, mehriban ailə  həyatlarını xatırladır, Zoya bunları 
danışmaqdan, Gəldiyev də eşitməkdən ləzzət alır. Od da öz işindədir, şiş də. 
Arada bağrı parçalanan, yanan, tüstüsü göyə qalxan kababdır. Ağca xanım 
Zoyanın səsini, bəhanəsini kəsmək üçün şaraqqıltı ilə qapını açdı, çölə 
çıxıb, uşağın qolundan tutdu. 
- Gəl içəri, - dedi, - ədə, yetim, gəl! 
Uşaq evə girdi. Zoya onun dalınca baxıb hönkürtü vurdu... Zoya həmişə 
uşağına Gəldiyevin oğlu kimi baxmış, Gəldiyevin hayıflarını çox vaxt 
ondan çıxmağa çalışmışdı. Ürəyi soyumamışdı... Gəldiyevin 
  

başqa   qadınlar  yanında  "oğlanam"  deyə  evlənməsini   yalana  çıxarmaq, 
kefinə  mane  olmaq  üçün  uşağı  gətirib,  üstünə  atmağı  qət  etmişdi.  Onun 
üçün sadə, asan görünən bu işin belə qarışıq, dəhşətli bir mənzərə alacağını 
güman etməmişdi. 
Əvvəla,  Gəldiyevin  belə  bir  ailədə  yaşadığını,  deməli  uşağı  saxlamağa 
və   bununla   heç   də   kefdən   qalmamağa   şəraiti   olduğunu   gördü.   İkinci 
tərəfdən  o,  uşağı  atasına  tapşırmağa  gətirmişdi,  ögey  anaya  yox!  Üçüncü 
tərəfdən,  Ağca  xanımın  bir  dəfə  çağırışı  ilə  uşağın  etibarsızlığına  yox, 
özünün günahlarına hirsləndi. Xəyalında dedi: "Yəqin onun evində oyuncaq 
şeyləri  görür,  dəm-dəsgah  görür;  mənim  kasıb  daxmamın  nəyinə  meyl 
salsın!.." 
Bu  fıkirlər  Zoyanın  qəlbindən  bir  ildırım  kimi  keçdi.  Riqqətə  gətirdi, 
onu qovurdu. İllərdən bəri ürəyini daşa döndərən qəmlər, kədərlər tutqun bir 
bulud  olub  könlündən  qopdu.  Uşaq  evə  girəndə  Zoya,  son  ümidləri  əbədi 
olaraq əlindən getmiş kimi, fəryad çəkib elə ağladı ki, eşidənlər suya döndü. 
Qonşu  qadın  içəri  keçdi,  uşağı  dilə  tutub  qucağına  aldı,  anası  ilə 
görüşdürməyə  gətirdi.  Zoya  son  dəfə  onu  bağrına  basdı,  göz  yaşları  macal 
vermədi.  Ana-balaya,  bala-anaya  qarışdı.  Küçədən  keçənlər  böyük  bir 
müsibət  üz  verdiyini  güman  edib  dayanırdılar.  Kimisi  dillənirdi:  "Ay  uşaq, 
görün o biçarəyə nə olub, kömək eləmək lazımdır". 
Kimisinin də ürəyi dözmür, tez ötüb getməyə çalışırdı. 
Zoya uşağından ayrılıb getmək istəyəndə Gəldiyev çıxıb, iki otuzluq ona 
tərəf uzatdı: 
- Biletə verərsən! 
Ağca xanım yüyürüb pulu kişinin əlindən qapdı: 
- Bircə o qalmışdı. Aşnalarının da xərcini mən çəkəcəkdim, a binamus?!  
 
 
* * * 
Bütün gecəni qəzəb və pərtliklə keçirən Ağca  xanım səhər tezdən başı- 
yaxası  açıq,  nəfəs  almaq  üçün  həyətə  çıxdı.  Başında  köhnə  şal,  əllərini 
duaya  açmış  kölgə  kimi  dayanan  bir  qadını  görəndə  qorxdu,  geri-geri 
çəkildi. 
Zoya səsləndi: 
- Balamı ver! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
323 

324 
 
Ağca xanıma elə gəldi ki, Zoya dünəndən bəri burada dayanıb nəyi isə 
gözləyirmiş, bəlkə də Gəldiyev evdən çıxanda onunla görüşəcəkmiş, bəlkə 
bir hiylə var, bəlkə məni sınayır, bəlkə... 
Hər halda fürsət idi, Ağca xanım tez içəri qaçdı, yuxulu-yuxulu gözünü 
ovuşduran uşağı qabağına qatıb getirdi: 
- Apar matahını! 
Zoya illərdən bəri ayrılmış kimi, uşağını bağrına basdı: 
- Xanım, - dedi, - acından ölsəm də balamı  sənin ümidinə qoymaram, 
Kərim istəsə, ancaq səni boşayandan sonra bunun atası ola bilər. 
Bu söz Ağca xanımı yandırdı: 
- Kül başıva, - dedi, - xaxol matişkə, Kərim onun anasının üzünə 
tüpürmək də istəmir... 
- O istəmir, gün olar ki, mən ölsəm də, bu uşaq Kərimin üzünə tüpürər. 
 
 
 
Üçünca fəsil 
 
Ucaboy, qoca, lakin qıvraq həkim içəri girəndə evdəkilər özlərini 
itirdilər. Biri aralığı  yığışdırır, biri stul çəkir, biri həkimin paltosunu, 
papağını alırdı. 
- Kimdir xəstə? 
Ağca xanım onu içəri otağa çağırdı: 
- Doktor, bura buyurun! 
İzzətin çarpayısı lap baş tərəfdə qoyulmuşdu. Xəstə üzüdivara yatmışdı. 
Yuxuladığı, ya halsız düşdüyü mluum deyildi. Qızdırmadan yanaqları od 
tutub yanır, gözləri qızarmışdı. Dodaqları qupquru qurumuşdu. Ağzında dili 
tərpənmirdi. 
- Nə vaxtdan yatır? 
Ağca xanım istədi: "Beş gündür" desin. Vaxtında həkim çağırmadığını 
ağartmamaq üçün "dünəndən" dedi. 
Həkim uşağın nəbzini yoxladı, qalxıb oturmasını  tələb etdi. Uşaqdan 
zəif və yazıq bir zarıltı  çıxdı. Anası onu qoltuqlayıb oturtdu; uşaq balınca 
söykənmək istədi. Həkim qolu ilə onu saxladı. Ciyərlərinə qulaq asdı. Qaşıq 
salıb boğazpına baxdı. 
- Oğlunuzdur bu? 
  
 

325 
 
- Bəli! 
- Neçə uşağın var? 
- Elə budur. 
Həkim xəstəni yerinə uzandırdı. Kürsüyə oturdu. Dərindən köksünü 
ötürdü. Bir müddət dinməz-söyləməz yorğan-döşəyə baxdı. Kənardan baxan 
elə bilərdi ki, o, xəstəliyi müəyyən etməkda çətinlik çəkir. 
Uşaq narahat olduğundan, həkimdən qorxduğundan, ya kömək 
gözlədiyindənmi, nədənsə, gözünü açıb baxdı. Həkim ona rahat olmasını 
işarə etdi. Uşaq bir şey başa düşmədi. 
Həkim müayinəni qurtarıb, o biri otağa keçdi. Gəldiyev bu zaman stol 
başında oturmuşdu. Həkim kişinin ağır xəstə ilə maraqlandığını görüb 
soruşdu: 
- Bu sənin oğlundur? 
Gəldiyev ayrı cavab verə bilmədi: 
- Bəli, - dedi. 
Həkim cib dəftərindən iki varaq cıraraq qələmi mürəkkəbə batırdı. 
Üzünü Ağca xanıma tutub dedi: 
- Bərkdir xəstəliyi... iki tərəfdən, özü də quru sətəlcəm! Necə olub ki, 
vaxtında həkim çağırmamısınız? Dünən nədir, bir həftənin naxoşudur! 
Bu saat yazdığım ünvandan sestra çağırarsınız; səhər, axşam iynələmək 
lazımdır. Nüsxə yazmışam, ağ dərmanı iki saatdan bir, qırmızını gündə üç 
dəfə içirdərsiniz. Evə hava verin, uşağın yastığını uca eləyin. Ağır şeylər - 
ət, yağ, yumurta verməyin sabah mütləq həkim çağırın. 
Geyinib çıxanda bir də boylanıb xəstəyə baxdı. Anası onu dikəldib su 
verəndən sonra kürəyinə balınc qoymuşdu. Uşaq diri gözlərini qapıya 
dikmiş, sanki həkimdən kömək gözləyirdi. Həkim onun bənizini, kiçilmiş 
üzündə böyük görünən gözlərini, incəlmiş boğazını, qanı qaçmış quru 
dodaqlarını görəndə yazığı gəldi. Yaxın yeriyib gülümsədi: 
- Necəsən, bala? Əl ver əmiyə! Ay sağ ol! 
Həkim çıxanda Gəldiyev ona razılıq elədi. Oayıdıb işinə  məşğul oldu. 
Ağca xanım dərman kağızını  əlində tutııb, sanki dolaşıq latın hərflərini 
höccələmək, oxumaq istəyirdi: 
- Aptekə vermək lazımdır... 
Gəldiyev başını qaldırmadı: 
  
 

326 
 
- Səhər işə gedəndə verərik. 
- Səhər verilən dərman havaxta hazır olar? 
- Onsuz da gecə aptek işləmir. 
- Axı bura sroçnıp - təcili yazıb? 
- Yazıb deyəndə, padumeş, bir həkimin sözü ilə aptek açmayacaqlar ha! 
Sroçnı, hökumət xəstəsi olanda baxırlar. Sənə, mənə nə sroçnı! 
Ağca xanım istəyirdi sestra barədə söhbət açsın.  Ərinin cavabından 
sonra qayıdıb o biri otağa getdi. Gəldiyev radionu işə saldı. Uşaq balınca 
söykənib durmuşdu, anasının gəldiyi yola, o biri evin qapısına göz dikmişdi. 
O, xəstəliyində, ümumiyyətlə, ömründə birinci dəfə görürdü ki, haqqında 
söhbət edirlər. Hələ üstünə  həkim də çağırıblar. Bunların yəqin ki, bir 
nəticəsi, köməyi olacağını zənn edir, hər dəqiqə eşik otağa intizarla baxırdı. 
Anasının öz yerini açdığını,  əsnəyərək koftasını soyunduğunu görəndə bu 
axşam heç şey olmayacağını yəqin etdi. Başını yastığa söykəyib, böyüklər 
kimi bir ah çəkdi. Göz qapaqları endi, çətinliklə udqundu, ayaqlarını açıb 
əllərini sinəsində çataxladı. 
Bu gecə Ağca xanımın ürəyində səhra kimi böyük bir boşluq açılmışdı. 
Bu boşluq onu yüngülləşdirdiyindən, təşvişə saldığından 
düşündürdüyündənmi, narahat edirdi. Yuxusu gəlmirdi. Üzünü ovcunun 
içinə alıb, yumşaq balınca söykəmiş, gözünü uşağın çarpayısına dikmiş, 
nəyi isə gözləyirdi. Radio da təmiz, güclü və aydın bir səs ilə, sanki, bu 
ailənin qayğısını, xiffətini unutdurmaq  üçün şirin-şirin danışırdı. 
"Sevgi hekayəsini dinləyin!" Bu sözdən Ağca xanım qalxıb radionu 
çıxarmaq istədi: "Sevgi! Mənəmi yaraşır sevgiyə qulaq asmaq!". 
Bu istehza ürəyindən keçəndə, "sevgi" deyə, gəlib-gedən kişilərin 
hamısı gözünün qabağına yığıldı. 
Radioda bir ədib danışırdı: "Qız oğlanın sevgisinə inanmadı, ona görə 
də, razılıq vermədü". 
Ağca xanımın xoşuna gəldi: 
"Ağıllı qız imiş!" 
Radio davam edirdi: "Oğlan, bütün həyatı bahasına olsa da, qızın qəlbini 
ələ  gətirmək istəyirdi. Qız onun sədaqətini yoxlamaq niyyətinə düşdü. 
Oğlandan soruşdu ki: "Dünyada sevdiyin başqa nə var?". Oğlan dedi: "Bircə 
anam var. Səndən sonra onu sevirəm". Qız dedi: "Mənim qəlbimi almaq 
istəyirsənsə, ananın qəlbini verməlisən!". Oğlan bu tələbi anlamadı. Qız 
dedi: "Ananın ürəyini çıxarıb gətirsən, inanaram məni sevirsən!". 
  

327 
 
Oğlan bu dəhşətli tələbdən sarsıldı. Yalvardı ki, belə  şey danışmasın. 
Qız isə israr etdi: "Ayrı əlacı yoxdur, məhəbbətimin bahası budur!". 
Oğlan qızdan üz döndərmək istədi. Çox düşündü, çox əzab çəkdi, çox 
vicdan ağrısı gördü. Axırda qət etdi ki: "Anam qoca adamdır, sabah-biri gün 
ölüb-gedəcək, ürəyi də  həşərata yem olacaqdır. Qoy sevgilim əldən 
çıxmasın..." Gecənin birində yatmış anasını öldürüb, ürəyini çıxartdı. 
Sevgilisinə ərməğan gətirdi... 
Burada Ağca xanım səksənən kimi oldu. Övladın bu ağır cinayətindən 
onun tükləri biz-biz durdu. Dalısını dinləmək istəmədi, radio isə əl çəkmədi: 
"Anasının ürəyini  əlinə alıb, qıza hədiyyə apararkən, oğlanın ayağı 
ilişdi, büdrəyəndə ürək əlindən çıxıb daşa dəydi. Ürəkdən səs gəldi: "Oğul, 
ayağın incimədi ki?". 
Ağca xanım öz qəlbinin doğrudan da yerindən çıxıb getdiyini, sinəsində 
isti sellər axdığını güman etdi. İxtiyarsız gözlərindən axan yaşın balıncı 
islatdığını duydu. Ürəyində neçə dəfə "sevgi, sevgi!" deyə təkrarladı. Sanki 
bu təkrarlar onu oğluna - əllərini köksündə çataqlayıb yatan zəif, yetim və 
xəstə uşağa yaxınlaşdırdı. Dodaqlarını balasının göyərıniş, isti dodaqlarına 
qoyanda radio da susmuşdu. 
 
* * * 
 
Gecənin havaxtı idisə uşaq atəşdən yandı. Neçə dəfə "Ana! Ana!" deyib 
çağırdı. Ağca xanım oyanmadı. Gəldiyev eşik otaqda nə iləsə  məşğul idi. 
Uşaq onu çağırmağa cürət etmədi. Qıçlarını güc ilə döşəkdən çəkib, aşağı 
salladı, durub pəncərə qabağından su götürmək istədi. Ayaqlarını yerə 
toxunduranda anlaşılmaz bir sevinc onun ürəyini tərpətdi, oynayan günləri, 
gəzdiyi, deyib-güldüyü yoldaşları yadına düşdü. Güman etdi ki, uzun 
illərdir yatır, yoldaşlarını çoxdan görməmişdir. O zamankı həvəs və hiss ilə 
qalxdı. Dayana bilmədi, yeriyəndə  səndirlədi.  Əllərini göyə qaldırıb guya 
havadan tutmaq istəyəndə, pul kimi döşəməyə  sərildi: sanki ürəyi  şaxta 
vurmuş meyvə kimi qopub düşdü; ancaq indi bildi ki, canı qalmamışdır. 
Gəldiyev şarappıltı səsi eşidib, tez bu biri otağa keçdi: 
- Nə olub, niyə durmusan? Nə axtarırsan? 
Uşaq heç nə demədi, deyə bilmədi. Yorğan-döşəyə sarı sürünməyə 
çalışdı. Gəldiyev kömək edib onu yerinə saldı, özü keçib işinə məşğul oldu. 
  

328 
 
Uşaq ağrıdan özünü unutsa da, susuzluğu unuda bilmirdi. Neçə  dəfə 
sızıldayıb anasını çağırdı. Gəldiyev gəldi, ucadan və hirsli soruşdu: 
- Nə istəyirsən? 
Uşaq dinmədi. Gəldiyev gedəndən sonra uşaq bir də anasını çağırdı. 
Gəldiyev lap hirsləndi: 
- Nə istəyirsən, ay itin küçüyü? 
Uşaq susdu. Gəldiyev bir də soruşdu: 
- Nə istəyirsən? 
Uşaq dedi: 
- Anamı! 
- Görmürsən yatıb? 
O biri otağa keçdi. Nə fikirləşdisə döndü. Təpiklə vurub Ağca xanımı 
oyatdı. 
- Dur gör, qoduğun nə deyir! 
Ağca xanım qalxdı. Uşağa su verdi. Ufultu və zarıltısını bir xeyli 
dinlədi. Üzünü ərinə tutdu: 
- Bir içim su versən nə olar? Xəstə uşaqdır... Kafirin balasına heç belə 
eləməzlər! 
- Kafirin balasından da betərdir. Mənə naz eləyir. Sənin qarnından çıxan 
nə olacaq!.. 
Ağca xanım gedib yerinə girdi. 
Onun dinməməsi Gəldiyevə hər hansı cavabdan betər oldu. İndi anladı 
ki, uşaq nə üçün yıxılmışdır, nə üçün yerindən qalxmışdır. 
Uşağın cürət edib ondan su istəməməsi, Ağca xanımm nisgili və  ən 
nəhayət, susub getməsi ona pis təsir etdi. Özünün bu hökmranlığında 
doğrudan da çirkin bir niyyət olduğunu, deyəsən, onun qulağına 
pıçıldadılar. Heç olmasa, uşağın üzünə  mərhəmətlə baxmaq üçün o biri 
otağa keçdi. Uşaq qorxusundan dərhal ufultusunu kəsdi, üzünü divara 
çevirdi. 
 
* * * 
 
 Səhər Gəldiyev yerindən qalxanda Ağca xanım yanında yox idi. Dönüb 
baxanda onu uşağın çarpayısının başında oturmuş gördü. Tez geyindi. Gəlib 
xəstəyə baxdı. Ölüm müdhiş qanadını  uşağın üstünə  gərmişdi. Uşağın 
dodaqları tamam göyərıniş, gözləri sönmüşdü. 
- Yoxsa, ağlayırsan? Dərman kağızını bura ver. 

329 
 
Ağca xanım dinmədi. Yaşarmış gözlərilə ona baxdı. Demək istəyirdi: 
"Gec deyilmi?" 
Hansı bir ümid ilə isə nüsxəni ərinə verdi. İzzətin balıncını qucaqlayıb 
oturdu. 
Gəldiyev qaçıb dərman sifariş elədi. Qəbzini gətirdi: 
- Bir saata hazır olacaq! 
Arvadına təsəlli vermək istədi. Xəyalına gətirdi ki, "hələ vaxtı deyil, 
bunu basdırana qədər evdə ovqat-təlxlik olacaqdır. Olsun, qoy bir gün, beş 
gün qəm-qüssə ilə keçsin. Axırı ki, asudəlik gəlir. Daha evdə yetim 
olmayacaq. Daha Ağca dəqiqədə bir hirslənməyəcək... Daha başqalarının 
mənim ailə işimə qarışmasına bəhanə tapılmayacaq..." 
Ağca xanım dizi üstə çöküb, başını  oğlunun çarpayısına söykəmişdi, 
əlində yaylıq gözünün yaşını tökürdü. Ancaq səsini çıxarmırdı. İzzətin rəngi 
ölü rəngi idisə, vəziyyəti, uzun əyləncə  və oyundan sonra şirin yaz 
yuxusuna getmiş  uşağın vəziyyətini andırırdı. Nə zarıyır, nə  tərpəşir, nə 
xırıldayırdı. Anası  hərdən cib aynasını onun ağzına tutur, nəfəsi gəldiyini 
seçirdi. 
Kərim Gəldiyev dərmanı ona görə almağa tələsirdi ki, sonra bu da bir 
söz olmasın. Xəstənin dərman içəsi vəziyyətdə olmadığını bilirdi. Amma 
yenə alıb gətirdi.  Əlində balaca şüşələr evə girəndə,  əlac istəyirmiş kimi, 
uşağın boynu tərpəndi, ayaqları  çəkildi, uzandı, hıçqırırmış kimi, nəfəsi 
içəri çəkildi, daha qayıtmadı. Ağca xanım ürək bəndinin qırldığını, qəlbinin 
qopub düşdüyünü duydu. İki əli ilə başına vurub hayqırdı: 
- İzzət! İzzət! 
Yanıqlı bir vaveyla səsi evi başına aldı. Gəldiyev meyitin üzünə dəsmal 
saldı. Ağca xanımı sakit etmək istədi. Sonra nə fikirləşdisə, özü də cibindən 
yaylıq çıxarıb, bir küncdə çömbəldi. Başını  aşağı salıb kədərlənən kimi 
oldu... 
  
  
1   ...   16   17   18   19   20   21   22   23   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə