Altıncı fəsil
Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Gündüz saat ikidə məsul işçilərin,
mütəxəssislərin, mətbuat nümayəndələrinin hüzurunda Verdiyev İslama söz
verildi. Verdiyev əlində iş qovluğu kürsüyə çıxanda, dal cərgələrə göz
gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən harda
qaldı".
Pəncərənin qabağında, apaşe geymiş Vahidi oturan görəndə təəccüb
elədi: "O hara, bura hara? Onu kim çağırıb?".
Vahidin orada olması Verdiyevin təşvişini daha da artırdı: kürsüyə
keçən kimi bir udum su içdi. Nəzərini qabağına açdığı iş qovluğuna dikib
dilləndi:
- Görürsünüz bu geniş, asfaltlı, müntəzəm küçələri...
Neçə vaxtdan bəri hazırladığı müqəddiməni bitirəndən sonra "partiyanın
rəhbərliyi altında institutun tarixi qələbələrə doğru addımladığından"
danışmağa, qrammofon kimi ötməyə başladı. Lakin gözlənilmədən verilən
tutarlı suallar onu çaşdırdı. Verdiyevin zəhri yarıldı. Niyyəti, planı pozuldu.
Soyuq tər vücudunu islatdı. Gözləri alacalandı, zala baxa bilmədi. Sədr
onun üzünə ittihamnamə oxuyurınuş kimi bir az yaxın gəldi, səsini ucaltdı:
354
Yoxsa tələbələri, müəllim heyətini aldatmaq sizə asan gəlir? Həmin
iştaha ilə də bizi, iclası aldatmaq istəyirsiniz?! - Verdiyev susur, sədr suallı
nəzərlə heyran-heyran ona baxırdı. - Çox qəribədir! Qoy yoldaşlar danışsın,
görək institutda nələr olur, bunun baisi kimdir, nədir!..
Vahidin, Muxtarın açıq, ətraflı və hərarətli danışığından sonra sədrin
təklifi ilə bir qərar qəbul olundu ki, inşaat institutunda rəhbər işçilərə
möhkəm əl gəzdirilsin.
Verdiyev qan-tər içində dəhlizə çıxanda Muxtarın üzünə baxdı. Muxtar
yan təbəssüm, yarı ciddi soruşdu:
- Orden siyahısını neylədiniz?
Verdiyev heç nə demədi. Yarım saat əvvəl quş kimi hoppanıb çıxdığı
pilləkənləri indi qocalar kimi yavaş-yavaş, ehtiyatla enirdi; sanki arxada,
iclas zalında nəsə qoyub gəlmiş, yaddan çıxarmışdı. Ancaq yaddan çıxan bir
şey yox idi. Yalnız vidalaşmalı, burada qoyub getməli olduğu vəzifəsindən,
şöhrətindən nigaran idi. Əlini qoltuq cibinə atdı, biletinin orada, yerində
olduğunu duyub sevindi. Sanki onun da alınacağından qorxub addımını
yeyinlətdi.
Gəldiyevi evdə oturub onu gözləyən gördü. Verdiyev salam-kalam
eləmədi, hirs ilə soruşdu:
- Ədə, bəs harda qalmışdın? Nə qırdı-qaçdı imişsiniz ə!
- Məni çağırmamışdılar. Elə bildim axşam olacaq. Suraxanıya məruzəyə
getmişdim.
- Adamı tək qoyub əkilirsiniz? Gördün köpəkoğlu başımıza nə oyun
açdı? Bir balsatan bütün institutun rəhbərliyini iki quruşluq elədi!
- Necə bəyəm?
- Necəsini sənə çatdırarlar.
- Bizə gələndə səni görən olmadı ki?
- Yox!
- Heç?
- Heç kəs. Nə olub ki?
- Elə-belə soruşdum. - Verdiyev bunu deyib papağını başına qoydu: -
Dəyəsi yerim var, - deyə çıxdı.
Gəldiyev də durdu:
- Elə mən də gedirəm. Danış görüm, axı iclasda nə oldu? Ordendən-
zaddan...
355
- Nəticəsi məlum deyil. Sən hayana gedirsən?
- Elə-belə, şəhərə sarı.
Verdiyev dayandı:
- Aşağı, ya yuxarı?
- Aşağı.
- Mən yuxarı gedirəm, hələlik...
Gəldiyev əl çəkmək istəmədi.
- Söhbətim var, yavaş!
Verdiyev götürüldü:
- Tələsirəm, sonra, sonra danışarıq.
Geldiyev onun dalınca baxa-baxa qaldı.
* * *
Axşamüstü süfrəyə oturanda Ağca xanım Gəldiyevə sevincli bir xəbər
verdi:
- Deyəsən, müsabiqədə udursan, gözün aydın! Proyektbyürodur, nədir,
yoldaşların gəlmişdilər, əsərin üzünü verdim apardılar.
Gəldiyevin boğazı qurudu, tikəsi əlində qaldı, gözü bərəldi.
- Kimə verdin, ay arvad? Niyə verdin?..
- Deyir, sədr özü baxacaq.
- Arvad, nə qayırmısan! Nə danışırsan?
Durub yazı stolunun küncünə, lülə kağızların boş yerinə baxdı. Fəlakət
görmüş kimi dizinə döydü.
- Qazandım... Yaxşı qazandım...
Gəldiyev köynəyinə od doldurulmuş kimi, evdə o yan-bu yana ha
vurnuxdu, papağım başına qoyub çıxdı. Yenə qayıtdı. Nə getməyə yeri
qalmışdı, nə oturmağa səbri. Quyruğu basılmış ilan kimi fısıldaya-fısıldaya
o yan-bu yana keçib söyür, köksünü ötürür, dodağını gəmirirdi. Ağca xanım
elədiyinə, dediyinə peşman olmuşdu. Ancaq ərinin həmişə bu dolaşıq işlər
içində çapaladığını xatırlayıb, əlini tovladı:
- Qurtarmaz, bu partlamışın cəncəl işləri qurtarmaz! Görəsən yenə nə
fırıldağı var!
Hava qaranlıqlaşanda Gəldiyev köhnə pencəklərindən birini geydi, yol
papağını başına qoyub, evdən çıxdı. Nə Ağca xanım bir söz soruş-
356
du, nə də o bir cavab dedi. Ancaq ürəyində Verdiyevin sözlərini təkrar
edirdi:
- Gördün köpəkoğlu başımıza nə oyun açdı! Bir balsatan bütün institut
rəhbərliyini iki quruşluq elədi.
Yeddinci fəsil
Beşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti
iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci
mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd
göstərilirdi. Heyət üzvləri rəyə gələndən sonra müntəzir oturub, zərflərin
açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı:
- Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini
götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur.
Gəldiyev tez iki zərfi sədrin qabağına qoydu:
- Yoxdur, - dedi - qazanmayanları, niyə açıb avtoru utandıraq. Poladov
göy zərfi cəsarətlə cırıb, iki qatlanmış kağızı əlinə aldı, oxudu. Hamı
diqqətlə dinləyirdi. "Ürək" adlı proyekti mən Gəldiyev Kərim Abbas oğlu
çəkmişəm. Bu mənim əsərimdir". Verdiyev ayağa qalxıb, Gəldiyevi
qucaqladı:
- Bərəkallah əlinin qabiliyyətinə! İndi daha ölsəm də arzum qalmadı;
yoldaş Poladov, gördünüz, yaxşı proyekti yenə də institutumuzun yetirməsi
çəkdi.
Oturanlar da Gəldiyevi təbrik etdilər. Gəldiyev sevincindən qızarınış,
pörtmüş halda gözünü sədrin əlinə dikmişdi. Nədənsə sədrdə bir soyuqluq
görürdü. Poladov ikinci zərfi açdı. "Salam" layihəsinin müəllifı Kirovabad
pambıq zavodu inşaatında işləyən qocaman bir mühəndis idi. Sədr nə
demək istəyirdisə, Vəzirbəyli soruşdu:
"Ürək" layihəsinə mən də baxmışam. Bu necə şeydir? Təəccüblüdür!
Gəldiyev tez dedi:
- Professor, bu ayrısıdır, sən deyən "Ürək" deyil. Bizdə iki "Ürək" vardı:
biri elə, biri belə!
Vəzirbəyli dinmədi. Xəyalına nə gəldisə, üzünü məclisə tutdu:
357
- Yoldaşlar, cavan bir mühəndis var, tanınmamış olmazsınız. Vahid!
Onun layihəsinə kim baxıb?
Gəldiyev dilləndi:
- Onu nə bilmək olar? Proyektlərə ad yazılmayıb ha!
- Yox, o elə iş olmasın gərək! Çox qabiliyyətli mühəndisdir.
Gərək ki, iştirak eləyir, işləyirdi. İştirak eləyir, yaxşı da fıkirləri, planları
var, neçə dəfə mənim yanıma məsləhətə gəlib.
Verdiyev dedi:
- Professor, Gəldiyevin proyektində də təzə fikir az deyil.
- A Ola bilər. Tanışdırlar. Gəldiyev bizə danışan kimi, ona da danışıb
da!
Vəzirbəyli alnını qaşıdı, çeşməyini gözündən alıb sildi və yenə də taxdı:
- Güman eləmirəm. Vahid məğrur adamdır. Kim oxuyub onun
layihəsini?
Heç kəs cavab vermədi. Poladov Gəldiyevdən soruşdu:
- Resenziyaya verilməmiş əsər varmı?
Bu danışıqlar Gəldiyevin canına elə üşütmə salmışdı ki, az qalırdı, dişi
bir-birinə dəyib şaqqıldasın.
- Bağlı konvertdir, nə bilim kimindir? On yeddi proyekt gəlib, hamısına
baxılıb.
Vəzirbəyli dedi:
- Bu məsələ, Bayıl, Zığ məsələsi, yaşıllaşma, metro planı... Bunlar daha
hansı layihələrdə var.
Verdiyev hirsləndi:
- Canım, bunları çox adam yazıb, deyib, ancaq layihə çəkə bilməyiblər.
Vahid olanda göydən-zaddan gəlməyib ki...
Vəzirbəyli ayağa qalxdı:
- Mən görürəm ki, Vahidin proyekti aralıqda yoxdur. Bəlkə kişinin
əməyi itib. Niyə axtarmayaq? İki dəqiqə mənə möhlət verin.
Vəzirbəyli telefona yaxın gələndə Gəldiyevin ürəyi tıp-tıp ilə köksünü
dəlmək istədi:
- Görünür yoldaş Vəzirbəylinin gizli imzalardan xəbəri var!
Gəldiyev bunu deməklə Vəzirbəylinin hiylə işlətdiyinə işarə vururdu.
Professor isə səmimi anladı:
358
- İmzadan yox, yaxşı əsərlərdən xəbərim var! Çəkənlərin çoxunu
tanıyıram. Vahidin özünə üç dəfə məsləhət vermişəm, o əsərin taleyi məni
maraqlandırmasın?
Poladov tələb etdi:
- Soruşun özündən görək?
Vəzirbəyli zəng elədi, Vahid tapılmadı. Evinə telefon elədi:
- İndi harda olar o? Plan idarəsindən danışırlar...
Vəzirbəyli məyus olub telefonun dəstəyini yerinə qoydu.
- O işə çox ümid bəsləyirdim: məəttəl qalmışam, bəlkə çatdıra bilməyib.
Axı o, gecə-gündüz çalışırdı.
Verdiyev professorun dediklərinə məna verdi.
- Qorxuram bizim belə müzakirəmiz bütün jürinin işini hörmətdən sala.
Necə yəni, olan əsərlər buradadır. Resenziyalar da burada, fıkirlər məlum!
Mükafat da təyin olunub, qurtarıb. Daha durub təzədən əsər axtarmağa nə
ad qoyaq?
Verdiyevin dedikləri Vəzirbəylini qəzəbləndirdi.
- Yoldaş İslam Verdiyev, üzdə olmayan əsərlərlə də maraqlanmaq bizim
vəzifəmizdir. Çoxları istərdi ki, Vahidin özü də üzdə olmasın.
Professorun bu işarəsindən Gəldiyev güllə dəymiş kimi, yerində
hərəkətsiz qaldı. Verdiyev söz tapa bilmədi. Vəzirbəyli sədrə döndü:
- Tələbəmdir, eləsi hər il yetişmir, hər adamdan çıxmır. Onun işini mən
görmək istəyirəm. Mən baxdıqlarımın heç biri Vahidin qələminə oxşamır.
Professorun hərarətli və etimadlı danışığı hamının diqqətini cəlb etmişdi.
Bu halda qapıçı gəldi.
- Bir oğlan gəlib, yoldaş Poladov.
Vəzirbəyli əl elədi:
- Nayıbov deyil?
- Bəli, Nayıbov Vahid.
- Gəlsin!
Vahid əlində dəsmal, təngnəfəs içəri girdi. Poladov soruşdu:
- Siz müsabiqəyə əsər hazırlayırdınızmı?
- Bəli, hazırlamışam.
- Bəs hanı!
- Sizdə!
- Əsərinin adı nə idi?
359
- "Açıq kitab".
Vəzirbəyli heyrət edən bir tövrlə qollarını açdı:
- Mənə rast gəlməyib.
Üzvlərdən biri də şərik oldu:
- Mən də oxumamışam.
Vəzirbəyli Verdiyevdən soruşdu:
- Bəlkə sizin əlinizə keçib!
- Xeyr. O adda əsər görməmişəm.
Vahidin rəngi qaçdı:
- Təxminən bir ay olar ki, mən gətirib qeyd elətdirmişəm. İtsə, bilmirəm
daha mən nə edecəyəm.
Vəzirbəyli Verdiyevə eşitdirdi:
- Gördünüz, yoldaş Verdiyev, mən bir şey hiss etməsəm demərəm.
Nəsə qaranlıq gəlir.
Sədr Gəldiyevdən soruşdu:
- Bu nə işdir?
Gəldiyev özünü ağır tutdu:
- Gələn əsərlərin hamısı resenziyaya verilib.
Onun cavabı Poladovu lap şübhəyə saldı. Vahiddən soruşdu:
- Əsərini görsən tanıyarsanmı?
- Ana övladını tanıyan kimi!
Poladov zəngi basıb, texniki katibi çağırdı:
- Gətir bura işlərin hamısını.
Verdiyev razı olmadı:
- Yoldaşlar, - dedi, - bu cəncəl məsələdir. İclas işi deyil. Tapşıraq katibə
yoxlasın, sonra müzakirə edərik.
Vəzirbəyli qoymadı:
- Yox, yox, bu saat həll edəcəyik.
Vahid lülələnmiş, cürbəcür kağızları bir-bir nəzərdən keçirib ötürdü:
- Yox, bu deyil, bu mənim xəttim deyil...
Başa çıxanda sədr Gəldiyevin üzünə baxdı:
- Hanı bəs?
- Olan budur ki, var!
Vəzirbəyli dedi:
- Mən görürəm ki, Vahidin işi ortalıqda yoxdur. - Üzünü Gəldiyevə
tutdu: - Bir zəhmət çək, öz proyektini bura ver!
360
Gəldiyev onun nə demək istədiyini anladı və ağardı:
- Professor, bu lap hörmətsizlik oldu ha.
- Baxmaq istəyirəm, niyə ayrı rəng verirsən?
- Yoldaş Poladov, xahiş edirəm nəzərə alınsın ki, mənim mükafat almış
əsərimi şübhə altına salmaq istəyirlər.
Verdiyev də şərik oldu:
- Professor, sizdən gözləməzdim. Çox qəribədir.
Poladov danışığı kəsmək istədi:
- Yoldaş jüri üzvləri, gəlin siz bu məsələni mənə etibar edin, arxayınlıqla
məşğul olarıq.
Bu təklif Verdiyevin də ürəyindən idi:
- Bizim institut işçilərinin də başı qarışıqdır, məruzəmiz-zadımız var,
xahiş edirəm bu müzakirəni, sədr demiş, arxayın vaxta qoyaq...
Səkkizinci fəsil
Vahid evə gələ bilmədi, deyəsən onun əsil işi indi, layihəsi qəbul
olandan və hökumət adamları onu təbrik edəndən sonra başlanırdı.
Becərdiyi bağın tamaşasından həzz alan bağban kimi, şəhərin ən uca yerinə
- Dağüstü parka getdi. Qaralmaqda olan axşam üfüqlərini, göylərə səpilən,
get-gedə qızaran ulduzları, bir nəhəng kimi yatıb dincələn Xəzəri seyr etdi.
"Yeni Bakı"nın quruluşu, həyatı, insanları qədər də təbiəti təzələnməlidir.
Şəhərə yaşıl don geydirməli. Çoxqatlı binalar, universitet, kitabxana,
muzeylər, saraylar, klublar, rəsədxana... Uca çinar, qələmə, qarağac, şam,
həmişəcavan ağacları içində görünməz olmalıdır. Eyvanlardan üzüm
salxımları sallanmalı; bağçalarda güllər dəstələnməlidir. Dənizdən gəmi ilə
gələnlər dünyanın ən gözəl bir şəhərinə yanaşdıqlarını güman etməlidirlər.
Bu mənim şəhərim! Məni böyüdən, mənim böyütdüyüm yerlər yenə də dilə
gəlin, qoyun aləm bilsin!
Öz işinin ağası olan adamların sərbəst qələmi ilə Şərqin qapısında, yeni
tarixində böyük bir kitab yazılmışdır. Murmanskdan Bəsrə körfəzinə,
Lamanşdan Vladivostoka qədər uzanan yollarda gəzənlər - yer, su, hava
səyyahları - ruslar, azərbaycanlılar, özbəklər, kazaklar, türkmənlər,
fransızlar, italyanlar, yaponlar, çinlilər, hindlilər... qaralar,
361
ağlar, oxumuşlar, avamlar, hərə öz dilində, hərə öz əqidəsində bu kitabı
oxuyacaqlar. Bu kitabın dağlardan sahillərə qədər açılan parlaq vərəqləri
kimi, məzmunu, mənası açıq və aydındır. Rahatlıq bilməyən buruqlarda,
göylərə baş vuran zavodlarda, çoxqatlı mənzillərdə, məktəblərdə, müalicə
evlərində, süzüb gedən maşınlarda, trolleybuslarda körpələr də, uşaqlar da,
gənclər də, qocalar da, məşhurlar da, sayalar da, əmr verən komandanlar da,
eşidən döyüşçülər də, milislər də, xörək bişirən qadınlar da xoş səslə
deyəcəklər.
- Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olar.
Doqquzuncu fəsil
Gəldiyev ehtiyatla, ağır-ağır yoxuşu çıxdı. Səkiyə ayaq basanda Vahidin
evi gözü önündə dikəldi, rəngi getmiş, divardan çətin seçilən uca, taylı qapı
Gəldiyevə tanışdı.
İki ay yarım bundan qabaq, mülayim bir qış axşamında bu qapını
"ziyarət" etməli olmuşdu. Ancaq o zaman Gəldiyevin iradəsi davamsız idi.
O, iş görmək istəyən adam üçün bu açıq, aşkar yerdə gəzinməyin,
görünməyin yaxşı olmadığını xəyalına gətirdi. Sonra düşündü ki, görən olsa
deyərəm: "Təmiz havaya çıxmışam! Bu yalana inanmazlar!"
Ürəyində xeyir ilə şəri dəyişdirdi. Şər deyirdi: "Hərif ilə qərəzli olduğun
məlumdur. Bircə nəfər şahid çıxsa ki, filankəsi axşam tin başında gördüm,
işin bitdi. Keç qapının dalında dur!" "Bəlkə evdən bayıra çıxan oldu?
Deyərəm Vahidi görməyə gəlmişəm. Axşama qədər işdə, idarədə niyə
görmürsən? Tez yayınar, qaçaram! Yaylı qapı açılanda səsdən biləcək,
dalınca düşəcəklər: lampoçkanı burub boşaldaram!"
Şərin sözü kəsilir, Gəldiyevin tədbirləri qətiləşirdi. "Lənət şərə" deyib
qapıya yanaşdı. Əllərini belində çataqladı, dalını qapıya söykəyib tamaşa
edirmiş kimi durdu. Sonra kürəyi ilə güc gəldi. Ağır, yaylı qapının bir tayı
ləngər ilə aralanmağa başladı. Qapı yavaş, lakin yanıqlı bir səs çıxardı.
Sanki bir fəlakət olacağını demək istəyirdi. Qapı arasında çəhrayı qurşaq
göründü, get-gedə enləndi. Qapı o qədər açıldı ki, bir adam içəri keçə
bilərdi. Gəldiyev axırıncı dəfə anlaşılmaz bir hövl ilə küçənin sağ-soluna
nəzər saldı, ilan kimi sürüşüb içəri girdi.
362
Qapının tayını yavaşca örtdü, çəhrayı qurşaq nazilib yox olanda, qapının
səsi də kəsildi. Gəldiyev barmaqları ucunda yeriyib pilləkəni çıxdı.
Məhəccərin üstünə qalxmamış, düşmək üçün əl yeri, ayaq yeri bələdlədi,
dırmaşıb lampoçkanı burdu. Lampoçka barmaqlarını yandırsa da, hərəkətini
yavaşıtmadı. İşıq sönəndə deyəsən göydən, naməlum köməkçi bir əl onun
müdhiş çiyinlərini örtmək üçün qara və ağır bir pərdə saldı. Zülmətdə hər
şey bir-birinə qovuşdu. Gəldiyev qaranlıqda özünü qınına salınmış xəncər
kimi hiss etdi. Ancaq, xəncər iş görəndən sonra qınına qoyulur. Siyrilmək,
bu pərdəni bir an üçün də olsa götürmək lazım gələcək.
"Yox! Bir də bu dəhliz Vahidin sağlığında işıqlanmayacaq. Mən işimi
elə qınımda görəcəyəm. Qaraquşunkunu Allah yuvada yetirər. Mən hərifın
üstünə getməyəcəyəm, o mənim üstümə gələcək. Hüquq ilə yanaşsan, mən
heç müqəssir deyiləm; budur mən bu qaranlıq pilləkənlərdə dinc həyat
sürürəm. O qapını açıb buraya soxulanda, mən necə dayanım, bəlkə məni
öldürməyə gəlir, bəlkə boğmaq istəyir, qorunmalıyam, ya yox!"
Bu xəyallar Gəldiyevə həm gülünc, həm də dəhşətli görünürdü.
Haçandansa əlini xəncərin dəstəsinə atmışdı. Dəstəni elə bərk sıxdı ki, az
qaldı barmaqlarından qan dama.
İçəridən səs gəldi. Gəldiyev divar dibinə çəkildi. Deyəsən oxuyurdular.
Qadın səsi, Qarabağ şikəstəsi.
- Odur, o! Şikəstə oxu... Bir saatdan sonra da ağı deyəcəksən...
İntiqam hissi canavar kimi Gəldiyevin içini gəmirirdi. Kürəyini buz
divara söykəmişdi, ürəyi daş kimi bərkimiş, əsəbləri ağac kimi qabarmışdı.
Əli xəncərin dəstəsində müntəzir dayanıb, gözlərini qapıya zilləmişdi.
Qapı açılanda xəncər Vahidin ürəyinə sancılacaq, qan fışqıracaq, isti
yara Vahidin sinəsini qarpız kimi açanda, Gəldiyevin ürəyi sərinləyəcəkdi.
Yox, onda yox, Rübabə, dili şikəstəli qız Vahidi bu kökdə gördüyü zaman!
Hə!
"Bir quş olub kənardan baxaydım. Vahidin cənazəsi əsgi kimi düşüb
qalanda... qan qapıda göl duranda... Rübabə lampoçkanı yandıracaq... İşıq
olsun, ərinin ayağı ilişməsin. Baxanda, yaxın gələndə, dizinə döyüb nalə
çəkəcək... O nalə mənə bəsdir... Yanğımı söndürməyə bəsdi! Onu istəyirəm,
hə, onu!"
363
Mahnı təkrar eşidildi. İntiqam hissindən tələsdiyindənmi, vahimə
duyduğundanmı, nədənsə, Gəldiyevin canına üşütmə düşdü, bədəni yarpaq
kimi əsdi, əsəbləri sim kimi gizildədi, tükləri qalxdı, dişi-dişinə dəydi,
"Bismillah!" deyib, bir pillə aşağı endi. Dodağını çeynədi. İkiəlli xəncərin
dəstəsindən tutub, gərnəşirmiş kimi qollarını şax saxladı. Az qaldı xəncərin
qayışı qopsun. Bir ayağını irəli, birini geri qoydu, bu saat Vahid daxil
olacaqmış kimi hazır dayandı. Gözünü qapıya dikdi. Nəfəsini oğurladı.
İçəridən bir qız uşağı çıxıb kibrit çəkdi:
- Bacı, - dedi, - bura gəl!
Kibrit yanıb qurtarmamış qız birini də çəkdi. Yenə qışqırdı:
- Bacı, tez ol!
Rübabə hay verdi:
- Dayan telefon eləyim, bu saat!
Gəldiyev yəqin etdi ki, onun hənirtisini duymuşlar: "Rübabə milisə zəng
edir".
Papağını gözünün üstünə basdı, pencək boğazlığını qaldırıb götürüldü.
Rübabə şaqqıltı ilə örtülən qapının səsinə çıxanda, Gəldiyev az qala beş
küçə ötmüşdü. O, dala baxmadan tövşüyə-tövşüyə Çəmbərəkəndə tərəf
yüyürdü. Kənardan baxan onun şey qaçırdığını, ya gündüzdən oralarda
qiymətli bir şey qoyub gəldiyini güman edərdi...
O gecənin hövlündən Gəldiyev yorğan-döşəyə düşdü. Bir həftə yatdı.
Ağca xanımın əzabını artırdı. "Soyuqlamışam" deyə neçə dəfə küpə saldırdı.
Bunlar hamısı təcrübəsizliyin acı nəticələri, intiqam yolunun ilk məşqləri
idi.
* * *
Gəldiyev nahaq yerə qorxu, vahimə çəkir. Qapını açan, kibrit çəkən uşaq
Vahidin altı yaşlı bacısı Nəzirə idi, dəhlizdən köhnə başmaqlarını
götürürdü. Başmağının bir tayında cücü görmüş, çimçəşdiyi üçün Rübabəni
çağırmışdı. Rübabə isə Vahid üçün idarəyə zəng edirdi.
Bu vaxtlar Rübabənin ən sevincli günləri idi. Onun ailəsinə doğan səadət
günəşini gecə də görmək olardı. Moskvadan da teleqram alınmışdı. Vahidin
layihəsini bəyənmişdilər.
364
Rübabə Vahidin planı ilə tikiləcək böyük şəhəri - bütün bir əzəmət
dünyasını nəzərinə gətirirdi; göylərin bir qatına çəkilmiş, qabaq-qabağa
duran, ağaclar ilə əhatə olunan yaraşıqlı binaların çiçəkli eyvanlarından
aləmə musiqi yayılır.
"Mən də Vahidə deyəcəyəm sənətkarlar evində özümüzə otaq ayırsın.
Eyvanda oturum, dağlar ayağımın altında qalsın, uçan təyyarələri,
trolleybusları quş kimi görüm. Yox, mən bu evdən çıxmayacağam. Vahidlə
ilk dəfə bu otaqda deyib-gülmüşük. Bu otaqda biz sıxılmışıq, qüssələnmişik,
axırda da sevinmişik. Vahid buranı çox sevir, onun istəyi mənim üçün hər
şeydir. Vahid bu gün gecə: "Rübabə, ürəyim ata-baba yerimizi istəyir!" Mən
rədd etmərəm. Köçüb gedər, lap rayonda yaşayaram. O, mənəvi iş ilə çox
məşğuldur. Mən onun istirahətini, əsəb sakitliyini təmin etməliyəm. Çox
işləməyə qoymayacağam. Yaxşıca bir dincəlməlidir. Utancaqlığa baxmaz.
İki ay ona vaxt lazımdır. İş həmişə var, can ələ düşməz..."
Rübabə bu fıkirləri ilə otaqdan-otağa keçir, bülbül yuvasını bəzəyən
kimi, hər şeyi yeni bir qayda ilə düzüb qurmaq istəyirdi. Gah telefona qaçıb
yar-yoldaşın təbrikinə təşəkkür deyir, gah piano çalır, gah Füzulinin
divanını açıb oxuyurdu. Bu kitabı görəndə Rübabə həm sevinir, həm
kədərlənir, həm rahat olur. Həm əsəbiləşir, həm inciyir, həm dincəlir, həm
qayğılarını unudur, həm xiffət çəkir, həm təsəlli duyur, həm iztiraba düşür,
həm ağlayır, həm gülür, həm alovlanır, həm fəxr edir, həm utanırdı.
Məcnunun gəzdiyi o isti, tənha çöllər, çılpaq dağ-daş, hər şey dilə gəlir o,
böyük, köməksiz aşiqin halına ağlayırdı. Sətirlərdə Leylinin "Qeys" deyə
fəryadı eşidilirdi. Sözlər - şairin qələmindən tökülən odlar bütün kainatı
yandırırdı. Qəlbin nə böyük tarixi, nə geniş aləmi var.
Nə üçün bu nurani kişinin önündə diz çökmürük? Nə üçün onun
ziyarətinə həsrət çəkmirik? Nə üçün qızlar əl bağlayıb Leylinin qəzəllərini
oxumurlar?
Vahid də bu gün xoş bir xatircəmliklə, məmnunluqla evə qayıtdı.
Dünəndən bəri duyduğu ürək rahatlığı ömrü boyu çəkdiyi bütün iztirabları
unutdurmuşdu. İndi daha hər şey yoluna qoyulmuşdu. Nə düşmənlər, nə üz
görən dostlar, nə paxıllar, nə etinasız idarə başçıları, nə yaxşı gün aşnaları -
heç kəs, heç kəs işləyənin, yaradanın əl-qolunu tuta bilmədi, yolunu kəsə
bilmədi. Hamısı, daşa dəymiş kaşı kimi çilik-çilik olub getdi. Əmək və
hünər, sədaqət, məhəbbət üstün gəldi.
365
Bu sevinc aləmində nə Vahid, nə də Rübabə ailənin aydınlığına çökmək
istəyən qaranlığı seçməmişdilər. Yalnız balaca Nəzirənin çəkdiyi kibrit bu
qaranlığı qaçırtmışdı...
* * *
Zahirdə ədavət guya soyumuşdu. Vahid Gəldiyev adlı bir bədxahın
varlığını da unutmuşdu. İndi Gəldiyev onunla bir yerdə işləmir. Vahidin işi
çox olsa da axşamlarını evdə mütaliədə, istirahətdə keçirir.
Gəldiyev onun qulluq işini bilsə də, ailəsindən xəbərsizdir. Ağca xanım
onun yanına gəlib-gedən corabçı bir qadın vasitəsilə Rübabənin həyatını
soruşur. Corabçı qadının ögey əmi qızısı Vahidin evində qulluqçudur. Ağca
xanım ərinin maraqlandığını bildiyindən, hər dəfə corabçıdan söz alır:
"Tarçı qızı necədir?"
Corabçı da həmişə Rübabədən fərəhlə danışır. Qapılarında qara maşın
dayanmasından, həftəbaşı bir şənlik qurmasından, yaylaq tutmasından ağız
dolusu danışır. Bu söhbətlər Ağca xanımı məngənə kimi sıxır, düşünür,
bilmir acığını kimin üstünə töksün.
Corabçıdan eşitdiklərini, bir az da alt-üst ilə Gəldiyevə danışır. Gəldiyev
içini yeyir, əlacsız qalıb çımxırır:
- Di qoymazsan bir tikə dincələk? Çox xoş xəbər gətirmisən!
Ağca xanım diksinib çəkilir.
- Özün deyirdin ki!..
Ağca xanım düşmən ilə maraqlandığına peşman olurdu.
Unutmaq istəyir, bacarmırdı. Ona elə gəlirdi ki, bütün bu uca binalarda,
tül pərdələrin dalında Rübabə yaşayır, piano səsləri onun barmaqlarından,
mahnılar onun dodaqlarından qopur; küçələrdə süzən maşınlar, hamısı,
hamısı onlar üçündür...
Bunları düşündükcə Gəldiyevin də vücudu od tutub yanır, sinəsindən
qopan ahlar az qala dil-dodağını yandırırdı. Ocağa düşınüş ilan kimi qıvrılır,
durur-oturur, oturur-durur, uzanır-qalxır, axırda əllərini peysərində
çataqlayır, sanki "yeni bir şey çıxsın" deyə başını bərk-bərk sıxır, yastığa
söykənir, gözlərini səqfdən ayırmadan plan tökür, tədbir axtarırdı. Bir
zamanlar o, mütərəddid idi, bu sualın cavabı ilə uğraşırdı: "Etməlimi?"
- Özüm qələt elədim atamla!..
366
Vahidin işləri onun tərəddüdlərinə son qoydu. O, güman etmişdi ki,
Vahid ictimai bir ləkə tapandan, vəzifəsindən uzaqlaşmalı olandan sonra
Rübabə peşmanlayacaq, taleyini beləsinə bağladığına əfsuslar deyəcək,
baisə lənətlər oxuyacaq, Rübabənin bu günündə Gəldiyev yanaşacaq, ondan
üz döndərmədiyini bildirəcək, Rübabə Vahiddən əl çəkəcək, Gəldiyevdən
dördəlli yapışacaq...
Vahidin işi günü-gündən rəvac tapırdı. İş yerində, mühəndislər içində
böyük, kiçik hamı onu tanıyır, yada salırdı. Rübabənin də ona məhəbbəti
birə-min artırdı. Corabçının deməyinə görə, "Rübabə Vahidsiz bir tikə çörək
yemir, onsuz bir məclisə ayaq basmır, hətta onun başını da özü darayır,
qalstukunu da özü bağlayır, üst-başını şotkalamamış bayıra buraxmır".
Bu gün inşaatçılar ittifaqı binasında onu təbrik edənlər, başına yığılan
qəzetçilər, fotoqrafçıları görəndən sonra bəlkə on dəfə ürəyində təkrarladı:
"Etməli".
İndi corabçıdan bir söz eşidən kimi sualı xatırlayır, bu cavab
qulaqlarında qətiyyətlə səslənir:
"Mütləq etməli!!!"
Bu cavabından yeni bir sual doğmuşdu: "Nə etməli?"
Həmin bu xoş yay axşamında, demək olar ki, Gəldiyev son sualın
cavabını da tapmışdı. Bu, son cavab olacaqdır. Mübahisə kəsiləcək,
cavanlıq aləmindəki münaqişələrinin hökmü veriləcəkdi.
Gəldiyev bu iştaha ilə Vahidin qapısına gəlmişdi.
Rübabə gündüzdən getmişdir. Qulluqçu istirahətdədir, gec gələcək.
Deməli Vahid təkdir, əsil iş görməli gecədir!
Geldiyev əvvəl küçə qapısını sanballadı, açıq olduğunu görüb sevindi.
İlk səfərdə etdiyi kimi, tədriclə qapını açıb, özünü dəhlizə saldı. Bu yerlər
ona o qədər məhrəm gəldi ki... işığı keçirmədi, cəsarətlə pilləkənləri çıxdı,
dayanıb qulaq asdı. Qabaqkı otaqda səs-səmir yox idi. Qapıya təkan verəndə
bağlı olduğunu bildi. Açar yerinə diqqət elədi, əlcəkdən tutub gücünü
yoxlayırmış kimi, bir bərk silkələdi. Çəkilib qulaq asdı. Sükutdan ürəyi
arxayınlaşdı. Qayıdıb küçə qapısını yavaşca açdı, arasına kərpic itələdi,
qaranlıqda yox oldu. Yarım saat çəkmədi ki, cibində bir dəstə açar gəldi.
Qapının açar yerini qurdaladı. Açarları bir-bir salıb çıxardı. Dördüncü açar,
deyəsən, elə bu qapı
367
üçün qayırılmışdı. Yağ kimi hərləndi, iki dəfə buranda qapı aralandı.
İçəridən isti hava gəldi. Gəldiyev sürüşüb, divar peçinin böyründə dayandı.
Eşik qapı dəhlizə açılırdı. Dəhlizdən həm döşənmiş salona, həm də
Vahidin otağına yol var idi. Bu qapıların heç biri açar ilə bağlanmazdı. İndi
Gəldiyev, mehriban bir xanımanı dağıtmaq üçün nəfəsini dərir, özünə ürək
verir, qüvvə toplayırdı. Otaq qapılarında salınan xalçalar, sakit və səliqəli ev
şəraiti, həmişə dosta açılan qapılar, yarasanı qovan kimi Gəldiyevi çaşdırdı.
Gülüş səsi eşidəndə lap özünü itirdi. Bir əli xəncərin dəstəsində, bir əli də
yaxasını yırtdı, salona cumulmaq istədi. Gözünün ucu ilə içəriyə baxdı.
Qəribə bir hiss onun qanına yeridi. Buralar heç nalə yerinə oxşamırdı. Pis
məqsəd bu evlərə uymurdu. Əyilib yuxarıya diqqət edəndə Vahidin
çarpayıda uzandığını, başı üstə oturan uşaq ilə danışıb oynadığını seçdi.
Yəqin ki bacısıdır; bu dəqiqə qardaşsız qalacaqdır.
- Niyə yatmırsan, bala?
-Yuxum gəlmir!
Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırmaq istəyirdi, uşaq isə
Rübabəyə öyrənmişdi, onsuz yatmaq istəmirdi. Şaqqıltı duyan bala pişik
kimi Nəzirə qapıya sarı döndü:
- Kimdir o, qağa?
Gəldiyevin gözləri uşağın şəhadət barmağına sataşanda xəncəri siyirib,
göyə qaldırdı. Uşaq qışqrıb dəhlizə işarə edəndə Vahid dik qalxıb, qapıya
tərəf getdi. Onun dik yerişi və ağır addım səsləri bir an içində Gəldiyevi
çaşdırdı; o özünü pilləkənlərdən yerə atdı. Vahid qapıdan çıxanda ancaq
onun dabanını görə bildi. Dalınca yüyürdüsə də hansı tərəfə qaçdığını təyin
edə bilmədi. Qorxan, ağlayan uşağın yanına qayıtdı. Qapıdakı top açarlara
baxıb xəyalında: "Cinayət! Cinayət!" dedi. Uşağı yanına alıb, qapıya çıxdı.
Rubabə gələnə qədər içəri qayıtmadı.
Rübabənin də, Vahidin də Gəldiyevə gümanı gedirdi. Ancaq heç biri
bunu dilinə gətirmədi, getdi.
Gəldiyev lap gecə yarısı, pörtmüş, dili-dodağı təpimiş halda evinə gəldi.
Yetişən kimi vəsiqələrini, dəftərçələrini yığıb qoltuq cibinə qoydu və
soruşdu:
- Mənim bir pastel qayışım var idi?..
368
Ağca xanım əlləri qoltuğunda oturub gözləmişdi:
- Neyləyirsən?
- Səfərim var.
- Nə səfər?
- Zaqatalaya göndərirlər.
Ağca xanım deməyə söz tapmadı:
- Sən də gedirsən, hə?
- Getməsəm atamı yandırarlar. Partiyniyəm. Bilet-zad alınıb, tez ol!
Ağca xanım istədi öz vəziyyətini dilə gətirsin, ərini danlasın, bunun
faydasız olduğunu bilib susdu. Ürəyindən keçdi: "Görəsən, nə fəndi var".
Ağca xanım tərpənməmiş Gəldiyev qayışı tapdı, çamadanı da boşaldıb,
hazırladı. Öz pal-paltarlarını da gətirdi.
Bunu görən Ağca xanımın ürəyindəki boşluq genişlənir, çırpıntı artırdı:
- Neçə vaxta gedirsən?
Gəldiyev qayışı bərk çəkib bağlaya-bağlaya dedi:
- Bilmək olmaz! Nə bilirəm!
- Havaxt qayıdacaqsan?
- Asılıdır yerli təşkilatdan. Həmişəliyə saxlasalar, əlbəttə qayıda
bilməyəcəyəm. Yox, müvəqqəti olsa, görək də...
Gəldiyevin tələsdiyini, gözünü qapıdan kəsmədiyini görən Ağca xanım
şübhəyə düşdü:
- Sənə nə olub, belə hövldəsən?
- Hövldə olmayım neyləyim, vaxta az var. Sonra mənə kim təzədən bilet
tapacaq. Səfər özü tələsikdir. Bu saat çağırıb əmr veriblər əlimə ki, gərək
çıxasan.
Gəldiyev zənn edirdi ki, Ağca xanım özü haqqında bir şey deyəcək, ya
getmək istədiyini bildirəcək, ya mane olacaq. Ağca xanımın bu barədə heç
danışmaması ona qəribə gəldi: "Yəqin hərif razıdır, məni o yana ötürüb, özü
şəhərdə əl-qol açacaq. Ev xəlvət, uşaq-muşaq da yox, çoxdandır axı
sərbəstlik görmür. Yəqin xəyal edir ki, ərim rayonda eşşək kimi işləyəcək,
pul göndərəcək, mən də həmin pul ilə aşnalara məclis quracağam. Hay-hay!
Axmaq qızı daha demir ki, sabah ayağımı rayona qoyan kimi kəbin kağızını
göndərəcəyəm..."
Qadının əlləri qoltuğunda dümdüz dayanıb səfərə gedən kişisinə tamaşa
elədiyini, bu gedişin aqibətini duymuş kimi, məzlum və naçar
369
baxdığını görəndə Gəldiyevin ürəyi köyrələn kirai oldu. Ancaq məna
vermədi.
- Hər halda vəziyyəti sənə yazacağam, hələlik!
Doğrudur, Ağca xanım onun səfər xəbərini çox məyusluqla qarşılamışdı,
lakin dediklərini eşitmirdi. Ürəyində öz dərdləri ilə məşğul idi.
Gəldiyev onun qapısından çıxan birinci kişi deyildi. Çoxları gəlib-
getmişdi. Həvəslə, eşqlə, gülər üz, şirin dillə gəlmiş, rəsmi soyuq
xudahafızlə getmişdilər.
Ağca xanım gəncliyindən qalma qürur, tələbkarlıq hisslərini çox vaxt
boğmağa, Gəldiyevlə barışıb yaşamağa səy etmişdi, ancaq görürdü ki,
mümkün olmayacaqdır.
Gəldiyev getdi, özü görünməz, ayaq səsləri də daha eşidilməz oldu.
Ağca xanım içəri döndü, evə çökən sükut və tənhalığı dinlədi, qırmızı
döşəmədən göy səqfə qədər şəkilli divarlara, rəngi getmiş qapıya, dolu və
boş boçkaya qədər hər şeyə baxdı. Deyəsən, onlar bir sirri soruşurdular.
Ağca xanım səs eşitmiş kimi döyükdü, ətrafına boylandı. Qulağının
cingiltisini, ürək döyüntüsünü, ağırlaşan nəfəsini dinlədi. Deyəsən,
Təbarəkdən bu yana gələn və qucağında qızışıb gedənlərin sonuncusu, həm
də ən amansızı həmin bu Gəldiyev idi. Gəldiyev onun sinəsindəki az-çox
hərarəti, ümid işığını tamam söndürüb getdi.
Xəyalət onun nəzərini küçəyə, cərgə ilə düzülən və pəncərəsindən
kənara işıqlar saçan otaqlara çəkdi. Bu evlərdə yüzlərlə ailələr olur;
qadınlar, kişilər, qızlar, gəlinlər, balalar, körpələr məsud yaşayırlar. Səhər
açılan kimi qalxıb gedirlər, günün bir hissəsini iş deyilən ailə həyatından
uzaq bir aləmdə keçirirlər. Axşamüstü oradan evə sevinc, səadət, şirin
söhbət, əyləncə, həyat ləzzəti gətirirlər.
- Bunları birləşdirən nədir? Nə üçün mənim tifaqıma əsən küləklər
bunlara əsmir? Nə üçün o kişilər məni tapmır? Nə üçün bu səadət mənə
yaraşmır...
Ağca xanımın ürəyindən qopan həsrətli bir səs pıçıldaşırdı: "Mən də
hökumət idarəsində oturaydım, qolu çirməkli görünəydim; mənim də
cərgələrdə yerim, dəftərlərdə adım, işlərdə payım olaydı; mən də
işləyəydim, yorulaydım, çalışaydım, həftəm, ayım, cüməm, məzuniyyətim
olaydı. Danlanaydım, mənə də ərk olunaydı; ağır-yüngül sözlər deyiləydi;
mən də bu minlərin biri olaydım..."
370
Səhər-səhər iş paltarında tramvaya minən, nahar vaxtı qayıdan
qadınların, kişilərin həyatı ona ideal göründü:
"Azadlıq deyilən bir leysan yağışı onların həyatını yuyub ağartmışdır.
Qanun deyilən bir əl onların üzünə ismət deyilən bir pərdə çəkmişdir.
Qanun... Məni də qanunla doğub, qanunla bələdilər. Qanunla adaxladılar,
Quran ayəsi, təkbir səsi ilk siğəm oldu. Axund yola salanda başımı
qucaqlayıb, gözlərimin içinə baxırdı. O mənim bəbəklərimdə gələcək
günahlarımı görməkmi, yoxsa təlqin etmək, hidayətdə saxlamaqmı
istəyirdi?.. Həmin qanunlar mənə üç şey verdi: təbarəld, işrət məclislərini,
tənhalığı! Həmin qanunlar məndən üç şey aldı: ismətimi, gəncliyimi,
oğlumu..."
Ağca xanımın gözünə yuxu getmirdi. Ömrünün əziz günlərini keçirdiyi,
həmişə deyib-güldüyü evdə indi şaxta, qış soyuqluğu duyulurdu. Hər şey
ona düşmən görünürdü. Gözü İzzətin yatağına sataşanda ürəyi alışıb-
yanırdı. Balaca yorğan, çəkili balınc, döşəkağı, çarpayı örtüsü səs-səsə verib
çağırırdılar: "İzzət, İzzət!"
Ağca xanım səsini onların sesinə qatıb, uşağını haraylayırdı: "İzzət,
körpəm, əzizim, haradasan, gəl yat!"
Birdən yadına düşdü ki, İzzət çoxdan yatmışdır. Yaş torpaqlar üstündə,
qaranlıq məzarda, sal daşlar altında həmişəlik yatmışdır!
Qadın bu təsəvvürə inana bilmədi, ayağa qalxdı. İki əli ilə başına vurub
saçlarını yoldu. Çəngə ilə əlinə gələn tükləri yaylıq kimi gözlərinə basıb
nalə çəkdi. Üzü üstə döşəməyə düşüb hönkür-hönkür ağladı...
...Gözəl bir yay səhəridir. Uşaq bağçasında bayram keçirirlər. Şənlik
qurtarmışdı. Hədiyyə paylanır, qırmızı sap ilə bağlanmış təzə qutularda
çoxlu şeylər var. Hər kəs aldıqca "sağ ol" deyib, anasına qoşulur, oynaya-
oynaya evlərinə gedir.
İzzət uçuq bir divara söykənib durur. Mürəbbiyə ona hədiyyə vermək
istəyir. İzzət gəlmir. Yoldaşları deyir: "Müəllim, anasından qorxur", Ağca
xanım bu yandan qışqırır: "İzzət, İzzət, get al. Qorxma, sən də al!"
İzzət eşitmir. Ağca xanım çəpərdən hoppanıb, uşağın əllərindən tutmaq
istəyir. Bağça, mürəbbiyə, hədiyyələr, sahildən ayrılan gəmi kimi uzaqlaşır.
Analar uşaqlarını aparırlar. Deyəsən divar da gedir. Ağca xanım yeridikcə
divar qaçır, uşağı aparır. Divarın kölgəsi qatılaşır,
371
uzanır, uzandıqca Ağca xanımdan uzaqlaşır. O, "Oğul, oğul!" deyir. İzzət
eşitmir. Ancaq uşaqlar gedən tərəfə baxır. Səs düşür, uşaqlar quş olub dəstə
ilə uçurlar. Oxuya-oxuya uçuq divarın üstündən ötürlər. İzzət də qollarını
açır, yoldaşları onu çağırır. İzzət ha can atır, qalxa bilmir, dönüb anasına
baxır:
"Ana, bəs mənim qanadlarım hanı?.."
Ağca xanım özünə gələndə vücudunun sanki yanıb külə döndüyünü, ona
görə də yüngül olduğunu güman etdi. Bu saat xəfif bir külək əsəcək, onu
göyə sovuracaq, hər şey bitəcəkdi. Əlini üzünə vuranda yaş duydu. Bu tər
deyildi. Su tökmüşdülər, yanmışı da bir həyata qaytarmaq, əzablarla daha
bərk yandırmaq istəyirdilər. Əllərini yerə verib qalxmaq, divar dibində
İzzəti görmək istədi.
Üfüq seçilirdi. Gecənin nə vaxtıdırsa, səs-səmir kəsilmişdi. Bu görünən
damlar, ağaclar, qulaq kəsilib Ağca xanımın nalələrini dinləyirdi. Bəs işığı
kim söndürmüşdü?
- Yadıma düşdü: "Uşaq rahat yatsın" deyə özüm söndürmüşəm.
Ağca xanım qalxıb, stolüstü çırağı yandırdı, dönüb çarpayıya baxdı.
Orada davam edib duran, sanki, qiyamətəcən duracaq olan boşluq, vay
xəbəri kimi onu oxladı; diz çökdü, qəlbindən yanıqlı bir "uf" qopdu; göz
qapaqları ağırlaşdı, kirpiklərindən daş asılmış kimi oldu; gözü qaraldı,
xəyalı uçurumlarda yox oldu. Qorxunc təsəvvürlərdən ayrılmaq üçün özünə
güc verib gözlərini açdı. Budur, həmişəki məhrəm isti ev öz qaydasındadır.
İçi rəngbərəng qablarla dolu bufet, qablarda nə xörək çəkilməmişdir, nə
qonaqlar qarşılanmamışdır... Ağır açılıb-örtülən komodun gözlərində
paltarın sayımı var? Ağca xanım bu libasları geyinib, yenə süzə bilməzmi?
Üzüklər, sırğalar, boyunbağılar, qolbaqlar, ətəklilər, mirvarilər...
Ağca xanım evinin bəzənmiş ziyafət süfrəsini açıb, özünü qonaqlar
arasında zənn etdi; qalxıb qulluq etmək istədi.
Onlar hanı? Komodun üst gözünü çəkib, böyük albomu çıxartdı. İllər
uzunu qapısının, süfrəsinin, vücudunun məhrəmi olan adamlar buradadırlar;
onlar Ağca xanımı görən kimi hamısı birdən dilə gəldilər: "Əyləş dizim
üstə!", "İç bu badəni! Mənim xatırıma", "Həyatım qədər sevdiyim", "Məni
səndən ancaq ölüm ayıra bilər", "Nə gözəl şairanə bir xilqət".
Bu sözlər Ağca xanıma salam və xudahafız kimi idi. Ancaq o bu
sözlərin sahibini axtarırdı:
372
- Hanı? Haradasınız? Heç olmasa biriniz? Tək biriniz?
Ağca xanım şəkillərin üstünə qışqırır, heç bir cavab almırdı. Albomu
peçə atıb kibrit çəkdi. Alov vərəqlərə yayıldıqca şəkillər tüstü içində
görünməz oldu.
Ağca xanımın ağ günləri də beləcə, his kimi qaralmış, puç olub
getmişdi:
- Nə gözəl uyğunluq!
İntiqam almış kimi bir yüngüllük duydu. Komodun gözünü açdı, ipək,
qumaş paltarları, zər-zivəri hərrac kimi evin ortasına, bir-birinin üstünə
qaladı: evi naftalin iyi götürdü. Hər köynəyə baxdıqca yaxasını açan əlləri,
hər üzüyü gördükcə, əlini öpən soyuq dodaqları, hər sırğa parıldadıqca,
hiyləli sözləri, hər saat əlinə gəldikcə, keçirdiyi dəqiqələri, hər çəkmə
gözünə dəydikcə, xəlvət gəzdiyi yerləri xatırladı...
Bütün bu pal-paltar, vücuduna daraşan ilan kimi göründü. Zinətlər əfı
dərisindəki pullar kimi parlayırdı. Bu ilan onu tilsimə, kəməndə salıb
boğmuş, qaraltmış, üzmüş, qurutmuşdu; onu balasından məhrum etmiş,
həyat çırağını söndürmüşdü. Ağca xanım atadan qalma, ağır və şax sallanan
pərdələrə əl atdı, bərk-bərk tutub çəkdi, dəmir halqalar o yan-bu yana
sürüşür, dəstəyi buraxmırdılar. Ağca xanım evində həmişə ata mirası deyib
əzizlədiyi piləkli məxmərə altdan-yuxarı qəzəblə baxdı. Qucaqlayıb var
gücü ilə çəkdi, ağac qırıldı; pərdələri bulud kimi bükdü; pəncərələri açdı.
Eşikdən gələn sərinlikdən qadın titrədi. Başı əzilmiş ilan kimi büküm-
büküm olan paltarları ağac ilə çəngələyib çölə atdı; sandıq şeylərini də
həyətə tökdü, bundan bir rahətlik duyub, təkrar evin sükutunu dinlədi.
Lakin nə şəkillər, məktublar, nə də zinətlər onu mal kimi satın alan, top
kimi atıb oynadan kişiləri uzaqlaşdırırdı. Sanki onlar indi də görünməz bir
yol ilə onun boynuna sarılırlar. Əllərini yaxasına atdı, çəkib koftasını cırdı.
Meyvəsi yoluşdurulmuş ağac kimi pozulmuş, qurumuş taxta sinə-sinə
baxdı. Saralmış *bənizinə nəzər saldı. Bütün vücudundan bir pərişanlıq
yağırdı. Dolu sifəti çəyirdək kimi qurumuşdu.
Bəli, hər şey bu daş kitabda - bu aynada yazılmışdır. Hamısı, hamısı
burada həkk olunmuşdur. Bunlar əsrlərcə oxunacaqdır.
Ağca xanımın əlinə keçən həvəngdəstə güzgünün ortasına dəyəndə daş
ayna yaz səması kimi birdən şaqqıldadı, ay kimi parçalandı. Bundan da
Ağcanın ürəyinə bir sərinlik çökdü.
373
Yenə İzzət gözünə göründü. O, səsəmi gəldi? Torpaqlar altından baş
qaldırıb, şikayətmi edir?
Ağcanın canına bir əsmə gəldi. Bədəni ağac kimi silkələndi. Qol-
qanadında həyat adına nə qalmışdısa xəzəl kimi ələndi. Əlini atıb, ət
bıçağını götürdü, bir istədi küləklər və boranlar oylağı olan ürəyini
parçalasın; sinəsindən çal-çarpaz dağ çəkib, dərdini yazsın, bala busəsinə
büzülməyən dodaqlarını doğrasın. Biləklərini sıxdılar, damarlarında qan
dayandı, bütün bəndləri boşaldı. Yerə düşən bıçağı ayaqladı.
Nə hiss iləsə qapını çırpıb, özünü çölə atdı. Sanki gözü bunları, ömrünün
əziz və zəlil günlərini danışan şeyləri, gəncliyinin taleyini xəbər verən ev
əmlakını görməsə dincələcəkdi, gecə qaranlıqları onun əsəblərini su kimi
oxşayacaqdır.
Bir kölgə kimi yeridi, eyvandan ötüb qonşu dama çıxdı, dalda bir yer
tapdı; üzünü aşağılara, döş-döşə verib yatan uca və alçaq binalara, muncuq
kimi düzülən işıqlara, qır gölü kimi görünən dənizə, sahilin qızıl sütunlarını
parçalayan dalğalara tutdu. Göydən yerə qədər bütün aləmdə bir
məmnunluq, müəyyənlik duyulurdu. Görünən, görünməyən adamların,
hamının yeri, vəzifəsi, işi, əhəmiyyəti var idi. Hamı rahat-farağat və razı
idi. Bu böyük, mürəkkəb aləmdə heç bir şey artıq deyildi.
Bax, o dənizin içərilərinə soxulan qara burun, o təpəcik də lazımdır.
Kənarlarını dalğalar döyəcləyən körpü sütunları, sınıq qayıqlar, suyu
sıxışdırıb içərilərə qovan daş, çınqıl, tar-taxta, dəmir... hamısı, tramvay,
asfalt yolla süzülüb gedən maşın, sularda ağaran yelkən, qılınc kimi göyləri
yaran təyyarələr... Hamısı lazımdır, hamısı bir məqsəd üçündür. İşıqlar tel-
telə verib, yolçuların qədəmlərinə nur səpir; milislər nizam gözləyir,
keşikçilər qoruyur; tramvaylar adamları mənzilinə aparır...
Budur, bir ailə görüşdən gəlir. Bir başqası görüşə gedir. Kimi nişan
aparır. Biri gəzməyə çıxır, o birisi gəzintidən qayıdır. Bir ayrısı eyvanda
oturub əylənir, biri oxuyur, biri çalır, biri qəh-qəh çəkir. Məsud, xoş bir
ahəng...
Yox! Bunların hamısı zahirən belədir. Hamı üzünü dağlıq hissəyə
çevirib qır dama, bu damda daş kimi dayanan qartala baxır... Möhtəşəm
binalar, küçələr, sallanan fənərlər, gəzənlər, dayananlar... Hamı Ağca
xanıma tamaşaya durmuşdur; sanki bu damın indicə yıxılacağını,
374
kimə isə zərər vuracağını gözləyirlər. Baxışlar tənəlidir, istehza edirlər,
hamı ağız-ağıza verib, ucadan və hiddətlə deyir: "Sən artıqsan! Sən nəyə
lazımsan!.."
"Sudan xilas dəstələri məni keçmişin əzab dəryasından, peşmançılıq
alovundan xilas edə bilməzlərmi? Buna şəhərin qüdrəti çatmazmı? Mən
yeni şəhər tikən, şəhəri yenidən tikən şəhəri yenidən tikən adamdan kömək
ala bilmərəmmi?.."
Qonum-qonşunun həyətdəki səs-küyünü eşidəndə Ağca xanım bir cani
kimi uzaqlaşıb getdi.
Qonşular həyəti qiymətli şeylərlə dolu gördülər. Qadının dəli olduğunu,
bəlkə də özünü öldürdüyünü güman edib, evə yüyürdülər. Qapılar taybatay,
ev isə sahibsiz idi. Küçəyə adam qaçırtdılar, su quyusuna çıraq salıb
baxdılar... Zirzəmini, pilləkən altını, vanna otağını gəzdilər. Ağca xanımdan
bir nəm-nişan yox idi. Paltarlarının, ayaqqabısının evdə olmasından yəqin
etdilər ki, bir yerə getməyib. Səhərə qədər axtardılar. Odunların altına,
köhnə təndir uçuğuna, qonşu damlara, həyətlərə baxdılar. Tramvay altına
düşməsindən şübhələndilər. Zəng vurub "Təcili yardımdan" soruşdular.
Ağca xanımın yox olması xəbəri rayona çatdı. Fövrən evə iki milis gəldi:
şeylər siyahıya alındı, şahidlər qol çəkdi, qapı möhürləndi.
Kainat rəncbərinin xırman işi bitir, göy üzünə səpilmiş xaş-xaş dənələri,
gündüz böyük bir tığ təşkil etmək üçün yığılır, səhər açılırdı. Ötən axşam
haralardansa kəmənd kimi atılan və get-gedə tündləşib bir qaranlıq olan
kölgələr, sanki yuvalarına çəkilir, bəndlərinə bağlanırdı. Səhər açılırdı.
Zülmətin gücündən bir-birinə qarışan varlıqlar, durulan suda daş-qum
kimi ayrılmağa, seçilməyə başlayır, səhər açılırdı. Göyərən və ağ ləpələri ilə
torpaqları aşırıb, həyat işığına çıxan bitki kimi, günəş üfüqdən boylanır,
göyə lalə yarpaqları tökülür, səhər açılırdı.
Qaranlığın amansız hökmü ilə torpağa bağlanmış, hərəkətdən qalmış
mexluqat, həmin bu sabah işığı ilə həyat və sərbəstlik alır, yer üzünü
şənləndirmək üçün hərəkətə gəlir. Səhər açılırdı.
Tramvaylar, fabrik fitləri, radio dalğaları, samovar nəğmələri, saat
zəngləri səs-səsə verib, insanlara "Sabahın xeyir" deyir, səhər açılırdı...
375
Vahid Nayıbovun ev qapısı həmişəki sakitliyi ilə aralandı və örtüldü.
Əlində zənbil olan qulluqçu cəld və yeyin addımlarla pilləkənləri enəndə
dəhlizdə bir adam seçdi:
"Qapını kim açıb?" deyə xəyalından bir sual ötdü. Yadına düşdü ki,
əmisinin maşını səhər tezdən Rübabəni gətirmişdi. Ala-toranda ayaq üstə
dimdik, heykəl kimi görünən adam qulluqçunun canına vahimə saldı. Qız
qayıtmaq istədi, çətinliklə dilləndi:
- Kimsən?
Qaraltıdan cavab çıxmadı. Qulluqçu bir də soruşdu:
- De, kimsən?
Qaraltının dinməz-söyləməz, yavaş addım ilə gəldiyini görən qulluqçu
geri-geri pilləkənləri çıxmağa başladı:
- Kimsən? Ay, kimsən?
Qaraltı dayandı, boğuq səs eşidildi:
- Vahidi görəcəyəm!
Qulluqçu qayıdıb, tez yataq otağının qapısını tıqqıldatdı, qorxulu bir
səslə Rübabəyə dedi:
- Vahidi istəyirlər, xanım bacı!
Rübabə qulluqçunun təlaşını duydu:
- Qız, sənə nə olub?
- Dəhlizdə bir adam dayanıb.
Vahid qulluqçunun səsini eşidən kimi geyindi, pencəyini çiyninə salıb
çıxdı. Pilləkənlərin lap başında xəyal kimi hərəkətsiz dayanıb baxan bir
qadın gördü. Qadını tanıya bilmədi. Ancaq onun vəziyyəti nəsə qeyri-adi bir
hadisədən xəbər verirdi.
Rübabəni içəri qaytardı, dəhlizin işığını yandırdı, müdhiş bir heykəl
kimi dayanan, savaşdan, davadan çıxmış, qatil əlindən qurtulmuş kimi bir
adam gördü: rəngi qaçmış, saçları dağılmış, yaxası parçalanmış, üzündə
iztirab oxunurdu. Vahid ömründə belə adam görməmişdi, nəzərini onun
üzündən götürmədi:
- Gəlin!
Qadın dinmədi. Gur və dağınıq saçları altından baxan və alov saçan
gözləri ilə sanki nəsə deyirdi. Qaşları çatılmış, sifəti sillə dəymiş kimi
qızarmışdı. Enmiş köksündən, qalxmış çiyinlərindən, damarlar atmış
boğazından, müvazi xətlərlə doğranmış alnından məlum idi ki, bu nələr
yaşamış, nə iztirablar keçirmişdir. Vahid adi bir dəlinin, ya
376
azğının evə soxulacağından, bir iş baş verəcəyindən çəkinib, qapını örtmək
istədi. Qadının simasında, duruşunda və sükutundakı intizar buna mane
oldu. Bir də təkrar etdi:
- Gəlin! Gəlin içəri!
Qadın sanki çətinliklə dilləndi:
- Mən çox gəlmişəm... Bir addım da siz gəlin!
Bu sözü deyərək qadın nə qımıldandı, nə əlini tərpətdi. Zənn edərdin ki,
bu onun sözü deyil, qeyri yerdən gəlmə bir səsdir. Yaxud bunu dili, dodağı
yox, bütün vücudu dedi. Vahidin şübhəsi daha da artdı. Aldığı cavab
haradan, nə cəhətdən və nə səbəbdənsə qadının ona bağlı, onunla əlaqədar
olduğundan xəbər verirdi. Qadın məhrum bir səslə dedi:
- Qapınıza gəlmişəm, qovmayın, Vahid!
Vahid qadının gözlərindəki şikayəti duydu. İndi qadın onun gözünə bir
müəmma yox, fəlakətə uğramış bir yazıq kimi göründü:
- Buyurun içəri!
Qadın tərpənmədi:
- Mənə doğru bir addım da siz atın!
Bu söz Vahidi yenə şübhəyə saldı, kömək istəyən adamın sözü deyil, bu,
tələb edən, uman, həm də yaxın bir adamm sözüdür. Vahid dillənmək
istəyirdi. Qadın əllərini açdı, əyilən kimi oldu:
- Rübabəyə kəniz gəlmişəm, götürün!
Rübabə yad adamdan öz adını eşidəndə qapıya çıxdı. Qadın birdən
vurulmuş kimi üzü üstə yıxıldı, hönkürtü vurdu.
- Astanana gəlmişəm, - dedi, - mənim başımı kəs, ya məni el içinə
qaytar!
Rübabə onun qolundan tutub, içəri gətirdi. Vahid düşündü: "Buna nə
olub?" O biri otağa keçəndə Rübabə ərinin qulağına pıçıldadı:
- Gəldiyev bunu da bədbəxt edib...
Vahid təəssüf və hiddətlə başını tərpətdi. Rübabə xahiş etdi:
- Yazıqdır, ona arteldə-zadda iş düzəlt.
- Kömək lazımdır!
Sabahısı gün qəzetlər Vahid ilə əlaqədar dörd yeni xəbər yazdılar: Ağca
xanımın sərgüzəştini, "Açıq kitab" layihəsinin müsabiqədə udduğunu,
Kərim Gəldiyevin partiyadan qovulduğunu, inşaat institutunda havanın
təmizlənməsi ilə əmələ gələn şadlığı.
|