Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/24
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#676
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

Beşinci fəsil 
 
Gəldiyev partkom otağında, əli cibində, paltolu, lakin başı açıq oturmuş, 
gözünü stol üstündəki dolu və bağlı iş qovluğuna dikmişdi. Qıraqdan baxan 
elə bilərdi ki, idarəyə yenicə gəlmişdir. 
Bəlkə  Gəldiyev üşüyür? Üşüyən adam papağını götürməz, stol üstünə 
atmaz, düymələrini açmaz. Bir də divar peçi yanır, otaq istidir Siniflər 
bumbuz olanda, bura hamam kimi buxar verir. Bu da Gəldiyevin 
zabitəsindəndir. Bir dəfə Katyanın üstünə çığırmışdı ki: "Səni qulluqdan elə 
itirərəm ki, izin-tozun qalmaz". Katya o gündən Gəldiyevin otağında qaza, 
işığa, səliqəyə xüsusi fikir verirdi. Kim isə ona demişdi: "Gəldiyev tam 
direktor yerindədir". 
Direktorun otağına Katya o qədər məhəl qoymazdı. Direktor acıqlansa 
heç vecinə almazdı. Ona görə ki, Katya on beş ildir qulluq eləyirdi, işinin 
həmişə "zamlardan" aşdığını görmüşdü. 
Gəldiyev isti və sakit otaqda nədənsə narahat idi. Gözünü səqfə 
dikmişdi. Səqfə baxanda o, keçən günləri, payızın əvvəllərində Rübabə ilə 
görüşdüklərini xatırladı. Bu xatirələr ona, yetişməyi gözlənən, lakin 
yetişməyib, çağala qalan meyvə kimi gəlirdi. Rübabə ilə son görüş, daha 
doğrusu Rübabənin onunla son görüşü həmin bu otaqda olmuşdu. Onda hələ 
Rübabə ona bir Gəldiyev kimi olmasa da, bir tələbə kimi hörmət edirdi. 
Çağıran kimi gəlmişdi. Təklif edən kimi keçib oturmuşdu.  Əhval 
soruşan kimi razılıq eləmişdi... 
Gəldiyev "məsələni" qurtarmaq üçün çağırmışdı. Nəzakətlə sözə 
başlamışdı: 
- Rübabə, sizi çağırmaqda məqsədim, bəlkə də özünüz yaxşı bilirsiniz... 
Bilməmiş  də olmazsınız, çünki mən qəlbdən-qəlbə yol tapan bir şeydən 
danışıram.  İnsanın jizni, yaşayışı müəyyən bir şəraitdə keçər, gedər. Bu 
şərait də  hər kəsin özündən asılıdır. Mən ürəyimin sirrini sizə açmaqda, 
kanişna, bir pis iş görmürəm, çünki biz azad sovet gəncləriyik. Daha ana, 
bacı, xala, bibi vəkalətinə möhtac deyilik. Mən bu gün sənin qarşında durub 
sıneli öz ürəyimi açıram... 
Gəldiyev bunları mülayim bir səslə demişdi.  İki  şeydən çox xoşu 
gəlmişdi: sevgisini izah edərkən "sevgi" sözünü dilinə gətirməməyindən və 
bir də bu təmənnasında özünü vəzifə sahibi kimi yox, sadə bir "qrajdan" 
kimi tutmağından! 
  

257 
 
Ani bir xəyaldan, bəlkə  də Rübabənin susmasından doğan 
peşmançılıqdan sonra o, fikrini dəyişmişdi. Sanki Verdiyevdən tutmuş Qurd 
oğluna qədər bütün yoldaşlar, sirkdə gördüyü tamaşalar, eşitdiyi söhbətlər 
tökülüb ona ağıl öyrətməyə gəlmişdi: 
"Sən nə qayırırsan, ay səfeh! Qadın ovunda iki silah var: rütbə, dil! 
Vəzifəni hiss etdirınək istəmirsənsə, qəlb çalan şirin sözlərə  nə  gəlib? 
Nəzakəti məclislərə saxla, burda, ikilikdə Rübabə ilə məhrəm bir qadın kimi 
danış! Ona konfet, kişmiş vermirsən, heç olmasa məhəbbətdən de! 
Dilindəkini yox, ürəyindəkini de, ürəyindəkini söylə, söylə, yeridir!" 
Gəldiyev Rübabənin üzünə, lap gözlərinin içinə baxmışdı.  Əllərini 
döşünə qoyub and içən kimi əyilmiş və demişdi. 
- Niyə gizlədim. Mən səni lap sevirəm! Rübabə, sənə vurğunam! Lap 
nastoyaşşisindən! 
Gəldiyev bu sözləri deyəndə  nə  əsmiş, nə  də  rəngi dəyişmişdi. Ancaq 
qız pul kimi qızarmış, tər tökmüş, dodaqlarını çeynəmişdi. Həmin dəqiqədə 
həm Rübabəyə, həm Gəldiyevə yeni bir mətləb aydınlaşmışdı. Rübabə 
bilmişdi ki, Gəldiyevin ona hörməti, xoş danışığı, bir ictimai vəzifə 
sahibinin danışığı deyilmiş, Gəldiyev də anlamışdı ki, Rübabənin ürəyində 
qətiyyən onu sevdirən niyyət yoxdur. Bu duyğulardan birincidə nifrət, 
ikincidə məsuliyyət əmələ gəlmişdi. 
Gəldiyev niyyətinin nəticəsizliyini Rübabənin hövlündən, həyəcanından, 
az qala divarı yarıb qaçmaq istəməsindən,  əli ilə  rədd işarəsi verib "Ayıb 
olsun! Ayıb olsun!" cavabından anlamışdı. Ancaq nə edəsən ki, aylardan 
bəri başında yer eləyən şirin niyyətlər Gəldiyevi əldən qoymurdu. 
Qıza nə  vədələr verməmiş, nələr danışmamışdı... Ürəyinin 
parçalandığını isbat üçün nə  vəziyyətə düşməmişdi. O, açıq sinəsinə 
yumruqlar vuraraq, qəlbini dindirmək istəyəndə, Rübabə bir əli qapının 
əlcəyində, o biri əli ilə dizinə  çırpıb demişdi: "Ayıb olsun! Ayıb olsun 
sənə!". 
Gəldiyev keçib Rübabənin önündə diz çökmüşdü: "Öldür məni, atqaz 
eləmə. Başımı  kəs, yox demə! Qul elə, sat! Rübabə, sənsiz Kərim məhv 
olacaq. Bir gəncin jizninə bais olma! Yəqinini deyirəm sənə!". 
Rübabə qapını bərk itələmiş, ilan ağzından qurtulan quş kimi qaçmışdı. 
Gəldiyev tez qalxıb üst-başını sahmanlayıb, stolun başına keçmişdi... 

258 
 
Ondan bir ay sonraya qədər Gəldiyev çox intizar çəkmişdi. Hər gün 
qulağı  səsdə idi. Qorxurdu ki, qız gedib şikayət edər. Axırda məsələnin 
açılmadığını görüb sevinmişdi, zənni ayrı şeyə də getmişdi: 
"Yəqin qızın könlü var. Məsələni sekretni saxlamağından, bir yerdə 
dilinə  gətirmədiyindən görünür ki, ürəyi var. Axı, bir də  mən lap kəndli-
kəndliyana tərpəndim. Küçənin  əxlaqsızına yanaşıb birdən-birə  təklif 
edəsən, yenə  də razı olmaz. Gerək sümük sındırasan, aylar ilə bişirəsən. 
İllah da Rübabə... Eh, buna vaxt hanı... Yox, Rübabənin rəyi var, ancaq 
başarınıram..." 
Şairlikdən başı  çıxan yoldaşı  Qədir ona bir məsləhət görmüşdü: 
müfəssəl bir məktub yazmağı, ürəyinin mətləbini orada şərh etməyi, 
səhvlərini bolşevikcəsinə boynuna almağı demişdi. O da təxirə salmadan 
məktub hazırlatmışdı. 
Gəldiyev, doğrudur, bir kəsə  məktub yazmaz, bir kəsdən də  məktub 
almazdı. Ancaq evdə, məktəbdə, yar-yoldaş arasında çox məktublar görüb. 
Bir neçə  məktub tutub iclasa qoyub. Lakin Rübabəyə göndərmək üçün 
hazırladığı məktubun tayını heç kəsdə görməyib və görməyəcəkdir. 
Əvvəl başdan ox ilə deşilmiş bir ürək  şəkli səkilib. Sol tərəfdə bir gül 
ağacı, onun budağında oturan bülbül boynunu uzadır. Ağacın dibində bir 
tülkü çəkilib, həsrətlə yuxarı baxır (bu şəkli Gəldiyev, deyəsən, hansı 
kitabdasa gönnüşdü), ortadan bənövşəyi rəngdə mürəkkəb ilə iri sərlövhə 
yazılıb: ' 
"Şanlı məktub Sevdiyimə" 
Üç xətt ara verdikdən sonra əsil məktub başlanır. Cümlələrin baş hərfləri 
iri və kölgəli yazılmışdır. Hər iki sətirdən sonra qırmızı  xətt ilə yazılmış 
şeirlər gəlir. Axırda bir neçə müəmma var! "Yaz görüm bənövşəyi çernilin 
mənası  nədir. Məhtaba qarşı düşüncələrdə xatırlanmayan bədbəxt sayıla 
bilərlərmi? Qönçələr havaxt açılacağını kimdən sormalı?.. Cavab! Cavab! 
Cavab! Cavabınızdan mənim üçün iki yol ayrıla bilər: İzn, ya ölüm! O da 
sənin insafına bağlıdır. Ax!.. Bilsəniz bu sətirləri yazanda nə qədər göz yaşı 
axıtmışam! Taleyim, əcəba, məni güldürəcəkmi? Heyhat! Ah... İnsafsız, 
gözəllər nə qədər insafsız olurmuş! Bu qədər..." 
Son cümləsi budur: "Ürəyimin ən dərin guşəsindən əlinizi sıxıram!". 
  
 

259 
 
O vaxt, beş gün oldu, bu məktuba cavab gəlmədi, on gün oldu, bir ay 
oldu səs çıxmadı. Gəldiyev Qədiri tapıb məktubun kəsərindən şikayətləndi: 
Qədir lağa qoydu. 
- O məktub mənə kimdən gəlsəydi müzakirəsiz bənd olardım. Gör qızın 
səndən nə qədər zəhləsi gedir! Nə düşmüsən onun dalınca, qardaş! Zorba-
zorluq deyil ki! Köhnə zaman olaydı, götürüb qaçardın, aldadardın.  İndi 
əlac yoxdur. Sən bir ayrısını tap. Eybi yoxdur, mən yenə yaxşı bir məktub 
hazırlayaram. Onun surəti məndədir. 
Gəldiyevin qol-qanadı  qırılmışdı. Rübabədən təmiz  əl üzmüş, intiqam 
fikrinə düşmüşdü... 
İndi bütün bu əhvalatdan neçə ay keçmiş, gözləri səqfə ilişəndə onun 
damarlarında əvvəlki hisslər oynadı. Özü də bilmədi ki, nə ağıl, nə iradə ilə 
Rübabədən əl çəkmişdir. Odlu təəssüf vücudunu yandırdı. Ürəyindən soyuq, 
qılınc kimi iti bir səda keçdi: 
"Mən artıq evlənmişəm. Ağca xanım məni sevir, mən də  Ağca xanımı 
sevməli olmuşam!" Sinəsinden qopan ah duman kimi havanı örtdü. Ani 
külək onun arzularını kül kimi göyə sovurdu, üfüqlər tutuldu, göz qapaqları, 
xatirələrini örtən pərdə kimi endi, qabağındakı qovluqda bənd aldı. 
Bu qovluq şəhər rayonundakı  mədəni hücum əsgərlərinin və 
mənətəqələrin siyahısıdır. Rayon komitəsi Gəldiyevi bu işə təhkim etmişdi. 
O, siyahıları almışdı ki: "Bir-bir özüm yoxlayım!". 
Dolu qovluğun içindəki kağızları görendə gözü bərəldi: "Bunu kim 
oxuyacaq?". 
Qalxıb dəhlizə  çıxdı, göz gəzdirdi, boş adam tapmadı. Yadına nə 
düşdüsə, qırx birinci otağın qapısını açıb içəri girdi. Qoca, gödək və ağbaş 
professor dərs deyirdi. Gəldiyev girən kimi tələbələrin nəzəri qapıya 
çevrildi. Gəldiyev dedi: 
- Bağışlayın, yoldaş professor, mane oluramsa da, yoldaş Səttarzadə bir 
zəhmət çəksin! 
Rübabə durmaq  istəmədi. Gəldiyev bir də təkid elədi: 
- Vacib iş üçündür, yoldaş Səttarzadə, ləngiməyin! 
Rübabənin gözü professorda idi. Professor icazə verdi, qız çıxanda 
Geldiyev öz otağına yollanmışdı. Rübabə  Gəldiyevi stol dalında oturan 
gördü, qutusunu çıxarıb papiros eşirdi. Gəldiyev yer göstərdi: 
- Əyləş! 
Rübabə qayıtmaq istədi: 
  

260 
 
- Əyləşınək zamanı deyil, dərsdən çıxmışam, sözünüzü deyin! 
Gəldiyev bükdüyü papirosu dili ilə yaşlaya-yaşlaya, etinasızlıqla bir də 
"əyləş!" dedi. Rübabə qayıdanda Gəldiyev qovluğu göstərdi: 
- Ay qız, ürkmə, bir balaca iş görəcəyik. 
Rübabə baxmadı: 
- Dərs vaxtı heç bir ictimai iş ola bilməz, bunu siz yaxşı bilirsiniz. 
Gəldiyev onun dalınca yüyürüb acıqlanmaq istədi. Qız uzaqlaşmışdı. 
Çağırsa bütün dəhlizə  səs düşərdi. Hirsindən papirosunu tulladı, qutusunu 
bir də  çıxartdı. Barmaqları qovuşmurdu ki, tütün götürüb büksün. Dişi 
bağırsağını  kəsirdi. Yeyin gedib, üzüyola saydığı  Əmrah adlı bir tələbəni 
çağırdı. Hirsindən dərdini ona dedi. "Dikbaş adamları" institutdan 
qovduracağına and içdi. 
Gəldiyev başını  aşağı salıb stola dirsəklənmiş,  əllərini bərk-bərk 
çataqlamışdı.  Əmrah mədəni hücum əsgərlərinin siyahısını oxuyur, o da 
fikrini deyirdi: 
- Oxu! 
- Müseyib Qurban oğlu. 
- Bura bax görüm, sən bunu tanıyırsan? 
- Tanıyıram. Yaxşı bilikli müəllimdir. 
- Atası nəçi idi? 
Atasının pinəçi dükanı varmış! - Briqadir yaz. 
- Əhməd Ağaməmmədov. 
Gəldiyev gözünü qıydı: 
- Hansı Əhməddir. Yoxsa o faytonçunun oğludur, hə? 
- Bəli. 
- Qarala, belə qoy. Eşqbazları bəri qırağa yığ. 
- İmran Sultanov. 
- Necədir! 
- Yaxşı tələbədir, fəaldır. 
- Oxu! 
- Söhbətov Əli. 
- Ətkaz! 
Əmrah Gəldiyevin üzünə baxdı. Gəldiyev onun suallı baxışını anlasa da 
cavab vermədi. 
- Oxu, oxu, ə! 
- Qurban Qurbanlı. 
  
 

261 
 
- Hansıdır, o qara oğlandır? Həmişə də yaxası açıq olur ha! 
- Mən qışda görmüşəm. yaxası bağlı idi. 
- Bir onun anketini tap. 
- İsmayıl San oğlu. 
- Şuşalı İsmayıl? 
- Gərək ki, şıışalıdır. 
- Onun qabağına sual qoy. 
Əmrah siyahını qurtaranda zarafata salıb Gəldiyevə dedi: 
- Sən yarısını suala çıxartdın, yarısını ətkaza! 
- Bəs nə? İnanıb iş tapşırıblar, sovet vətəndaşlarını savadlandırmağı hər 
yetənə daverit etmək olar? Bəlkə savad işinə müzür element soxuldu. Onda 
mən atveçatam. - Bunu deyib təəccüblə soruşdu: - 
Qurtardı? 
- Hə? 
- Qurtarmaz, canım, gərək yenə olsun. 
- Xeyr, yoxdur. 
- Yox nədir. Mən özüm göstərmişdim: Qurd oğlu Qədir hanı bəs. 
Əmrah Qədir haqqında haradansa eşitmişdi: 
- Deyəsən onun adını ştabdan çıxardıblar. 
Gəldiyev qabağa tərəf əyildi: 
- Niyə? 
- Deyir mədəni deyil, adam ilə rəftarı bacarmır... 
Gəldiyev yenə hirsləndi: 
- Adə, boşlayın, mən ölüm! Nə mədəni axı? Bunu nə salmısınız aralığa! 
Heç bilirsən o kimin sözüdür? Bir zaman proletariatın başından vurub 
qovurdular ki, get, sənin pulun yoxdur. Kasıb gərək ayaq üstə dursun. İndi 
də bu çıxıb. Yazıq fağır-füqəra danışmaq istəyəndə sinəsindən geri basırlar 
ki, mədəni deyilsən. Düşmən hiyləsidir, xalis! 
Qədiri dabavit elə, yaz ora! Yəni özümü əzib-büzməsəm, qızların başını 
tumarlamasam mədəni - kulturni deyiləm? Yaz ora Qurd oğlunu. 
Salarıq bir rayona! 
- Yazmağına mən yazaram, ancaq gərək ştab ilə... 
- Sən yaz! 
Əmrah qalxıb qapıdan çıxanda Gəldiyevin sözünü təkrar elədi: "Ətkaz! 
Ətkaz!" 
Gəldiyev də  çıxdı, nə fikirləşdisə, yenə qayıtdı. Qapını örtdü, bir əli 
cibində, bir əli başında arxası qapıya tərəf gözlərini yarıyummuş 
  

262 
 
halda bir xeyli dayandı. Ağaca yığılan sərçələri pəncərədən gördü, saat iki 
olduğunu xatırladı. Dərsin qurtarmağına az qalmışdı. Yubanmaq olmazdı. 
Sanki ona bir qətiyyət gəldi, qapını çırpıb düz 41-ci otağa yollandı. 
Gəldiyev bayaqdan bəri Rübabədən hayıf almağı düşünürdü. Partiya 
təşkilatı adından onu çağırıb təpinmək fikrində idi. Ürəyinə  gəldi ki: "Ağ 
olar, bütün sinfi üzümə svidetel çəkər". 
Məsələni yazıb direktora verməyi məsləhət bildi. Bu niyyət də ona əbəs 
göründü, çünki direktora az-çox bələd idi. 
Müəyyen bir fıkrə gələ bilmədi. Deyəsən bir qüvvə qabağını kəsmişdi. 
Rübabəyə qarşı bütün tədbirləri pozan bir qüvvə onun kirdarını alır, 
iradəsini qırır, heç bir şey eləməyə imkan vermirdi. Axırda qızı mehriban 
danışdırmağı və beləliklə, bəlkə qəlbini ələ almağı kəsdirdi. 
Tələbələr tənəffüsə  çıxanda o, 41-ci otağa gəldi. Rübabə portfelini 
bağlayırdı. Gəldiyev yeriyib düz onun qolundan tutdu: "Gedək", - dedi. 
Rübabə onun söz deyəcəyini güman edib çıxdı. Gəldiyev öz kabinetinə tərəf 
üz tutmuşdu. Rübabə dedi: 
- Yenə məni hara aparırsan? Məndən sənə katib-zad çıxmaz! 
Gəldiyev güldü: 
- Ay qız, sən nə yaman kəmhövsələ imişsən. Kim səni katib eləmək 
istəyir? Sənə sözüm var. 
Gəldiyev kabinetə girib oturdu: 
- Rübabə, səninlə bir söhbət kimim var. Mən hələlik səninlə kak 
komsomol yox, kak yoldaş danışmaq istəyirəm. Sən razı olma ki, bir müzür 
elementin üstündə təmiz adına ləkə gəlsin, Vahidi deyirəm! 
Bilirsən? 
Rübabə başını tovladı: 
- Təvəqqə eləyirəm özünüzün yanlış yolunuzu mənə də öyrətməyəsınız. 
Gəldiyev dikəldi: 
- Bizim hansı yolumuz yanlışdır? 
Rübabə cavab verməmiş Gəldiyev səsini ucaltdı: 
- Bizim bircə yolumuz var ki, o da sosializmaya doğru gedir. Sən bu 
yolun yanlış... Bilirsən nə çıxır? 
Rübabə hirsindən qızardı: 
- Bura bax, yoldaş Kərim, o çaxırı mənə səpmə, saxla, içərsən! 
  
 
 
 
  

263 
 
Gəldiyev Rübabənin hirsli vəziyyətindən vahimələndi. Əvvəlki mülayim 
ahənginə qayıtdı: 
- Heç kəs sənə çaxır-zad səpmək istəmir. Mən yoldaşlıq nəsihəti 
eləyirəm. Borcumdur. Kak kommunist olmasa da, kak böyük yoldaş qulaq 
as. Böyüklərin nəsihəti dərmandır. Özü acı olar, nəticəsi şirin. 
Bunu atalar deyib. 
- Atalar onu da deyib ki, ağıl yaşda deyil, başdadır. 
- Demək özünü məndən ağıllı bilirsən də! Atalar özü deyib ki, qadın 
ağıldan naqis olar. Saçı... 
- Onu atalar deməyib! 
- Bəs kim deyib? 
- Məşədi İbad deyib. 
- Mən bu sözə inanıram. 
- Həqiqi varis atasından qalana sahib durar. 
Gəldiyev Rübabənin təslim olmayacağını  yəqin edəndə: ayağa durdu, 
yumruğunu stola döyüb qışqırdı... 
- De görüm, sən nə üçün partiya təşkilatının qoyduğu məsələyə protiv 
gedirsən? Sabotaj eləyirsən? Atım səni komsomoldan bayıra?! 
- Partiya təşkilatı qoymayıb, o məsələni sən qoymusan. 
Gəldiyev çiyinlərini çəkdi: 
- Bəs mən kiməm? Partiya işi mənə daverit elənib. Mən partiyaya bir 
ziyalı kimi keçməmişəm, kənddə zəhmətkeş arasında keçmişəm. 
Bu mənim qınışqam. 
Rübabə onu susdurdu: 
- Vələmir görmüsən? Vələmir zərərli bitkidir. Hər kəs onu görsə məhv 
edər. Ancaq zəmidə sarı buğda ilə yanaşı bitəndə onu da taxıl ilə birlikdə 
biçərlər, səliqə ilə dərzlər vurub xırmana gətirərlər. 
Tayaya basarlar. Lap axırda, taxıl döyülüb sovrulan zaman onu külək 
aparar. 
- Vələmir priçom? Nə demək istəyirsən? 
- Demək istəyirəm ki, inşallah, xırman vaxtı gələr. 
Rübabə qapını çırpıb getdi. Gəldiyev bir müddət örtülmüş qapıya baxdı. 
Bu saat oradan kiminsə görünəcəyini, yaxud Rübabənin qayıdıb üzr 
istəyəcəyini gözləyirdi. Qapının bir daha tərpənmədiyini, ortalıqda sükut və 
məyusluqdan başqa heç nə qalmadığını duyanda başını  tərpətdi, ixtiyarsız 
təkrar elədi: 
- Ətkaz! Ətkaz! 
  
 
  

264 
 
Qədir içəri girdi: 
- Salam! Deyəsən öz-özünə danışırsan? Yoxsa qaz əti könlünə düşüb? 
- Eh, işdən-gücdən baş ayılır ki... Budur, bax xirtdəyəcən... 
Gəldiyev  əvvəl iş qovluğunu göstərdi, sonra şəhadət barmağını 
xirtdəyindən elə çəkdi ki, ülgüc olsaydı, çoxdan boğazı üzülmüşdü. 
- Kərim, sənə bir işim düşüb axı: "Gənc işçiyə" bir şeir vermişəm, 
haçandandır buraxmırlar. Sən allah, gedək katibin yanına, sən desən soyuq 
baxmaz. Səni tanımamış olmaz. Deynən bizim adamdı! 
Gəldiyev papağını başına atıb qalxdı: 
- Bizə yazdığın şeirlərdən çox fayda çıxdı elə... 
- Balam, şair köpəkoğlu neyləsin?! Ovsun oxumayacaq ki, sən öz babını 
tapmamışdın. 
- Babımı tapsam daha sənin şerin nəyimə lazım idi... 
- Baxma, şeir həmişə qızın ürəyini yumşaldan şeydir!.. 
Qəzet katibi onları hörmətlə qarşıladı. Qədirdən əvvəl Gəldiyev başladı: 
- Bizim bu gənc  şairin  şerini niyə  ləngidirsiniz? Gənc kadrlara 
qayğıkeşlik... 
Katib dərhal stolun gözünü açıb, mal duası kimi uzun bir kağız çıxartdı. 
Qədirə verdi: 
- Bu yoldaşa oxumusan? 
Gəldiyev dedi: 
- Oxuyub. Məndə  bədii həyəcan oyandı. - Qədirə döndü: - Nə  təhər 
başlanır, yadımdan çıxıb. 
Qədir əzbərdən dedi: 
Ey günəş ölkəsi, həbəş ölkəsi Sərin su ölkəsi, pəpəş ölkəsi... 
Geldiyev macal vermədi: 
- Gözəl deyib, özü də tam bir realist kimi, olduğu kimi deyilmişdir. 
Katib başını aşağı saldı, sonra Qədirin üzünə baxdı. 
- Özün bilirsən ki, Həbəşistanı İtaliya imperialistləri alıblar. 
Gəldiyev dedi: 
- Alanda nə olar? Lap gərək indi çap eləyək! Görsünlər ki, bizim kömək 
əlimiz dünya revolyusiyası... 

265 
 
 
Katib güldü: 
- Kömək lazımdır, Qədirin şeri ilə yox! 
Gəldiyev mübahisəyə girişdi: 
- Səhv edirsiniz. Bizim hər bir vətəndaşımızın, hər bir gəncin səsi 
gərək... 
Katib ayağa qalxdı, hərifın öz dili ilə danışmağa məcbur oldu. 
- Qədir yoldaş, sağlıq olsa, dünya revolyusiyasına qədər bu şeri yaxşı-
yaxşı düzəldər, onda baxarıq. 
Qədir etiraz elədi: 
- Gec olar, canım! 
Katib onun üzünə mənalı baxdı: 
- Necə, dünyada revolyusiya gec olacaq? 
Gəldiyev özünü itirdi, Qədirə döndü: 
- Nə danışırsan, - dedi, - ədə! Siyasi səhvə yol verirsən.  Şairlərin bir 
vinti boş olar deyərlər, sənin heç deyəsən vintin yoxdur. Gəl! Gəl!.. Qədir 
şeri qoltuq cibinə qoyub çıxanda, Gəldiyevə gileyləndi: 
- Əcəb köməyin dəydi! 
- Balam, firqəçi nə eləsin?! Ovsun oxumayacaq ki... Sən də  sənətini 
tapmamısan. 
Qədir yolun ortasında dayanıb, Gəldiyevə baxdı: 
- Deməli, hayıf alırsan?.. Əvəz çıxırsan məndən, a yalançı dost?! 
 
Altıncı fəsil 
 
Atası Danqır Abbas qəbirdən qalxıb desəydi ki: "Bala, tələsmə, 
düşmənin basılacaq, işlərin belə  rəvac tapacaq" Gəldiyev inanmazdı.  İndi 
onun Rübabə sarıdan işləri belə axırdı ki, deyərsən suda balıq üzür. Vahidin 
nümayişdə özünü tələyə salmağı, atasının da işə qarışmağı, milis nəfərinin 
Gəldiyevə kömək çıxmağı... Bütün buriar Gəldiyevin döşünə yatırdı. Söz-
sözə gələndə deyirdi: 
- Buna Sovet hökuməti deyərlər!.. Beş gün maskalanarsan, üç ay 
gizlənərsən, bir il ötüşərsən, axırda elə yaxalayarlar ha! Odur Nayıbov göz 
qabağında. Mən deyəndə ki: canım, istismarçı balasından xeyir gəlməyəcək, 
ağzıma vururdular: "Köpəkoğlu, sən qərəz aparırsan!". 
De, buyurun, buyurun beşinci nahiyə milis naçalnikinin kabinetinə! Bir 
sandıq material var. İfşa materialını yazıqlar baxmaq ilə qurtara bilmirlər. 
Hələ dalısı gəlir, gəlir ha!.. 
  
 

266 
 
Doğrudan da "materialın" dalısı  gəlirdi. Bayram gününün səhərisi 
Gəldiyev, Vahidə bir "qardaşlıq" elədi: institutun partiya komitəsi adından 
"məktəbin sabiq tələbəsi, hazırda ifşa olunub bayıra atılmış müzür ünsür 
Nayıbov Vahid" haqqında  əməlli-başlı bir xasiyyətnamə yazdı. Məktəb 
nümayiş komisyonunun akta oxşayan bir məlumatını da əlavə etdi. Şübhəsiz 
ki, bu məlumatda Gəldiyev bütün yaradıcılıq qabiliyyətini işlətdi.  İnstitut 
tələbələrinin "bu müzür ünsürə" qarşı hidlətləndiyini və onun məhkəmə 
vasitəsilə cəzalanmasını tələb etdiyini, əks təqdirdə işin böyüyəcəyini yazdı 
və möhürlədi. 
Direksiya adından milis rəisinə bir xahiş düzəltdi. Səliqə ilə maşında çap 
elətdirdi, kağızların üstünə tikdi. Bu xahişi direktora imazalatmaq lazım idi. 
Hərçənd Verdiyev onun qabağında dinməz, sözünü yerə salmazdı. Ancaq 
yenə ehtiyat elədi. Müavinə qol çəkdirmək istədi. Müavin təbiəti yumşaq 
adam idi, rədd eləmək əlindən gəlməzdi. Adi bir uşaq onun yaxasından bərk 
yapışsa, hər yana aparar, istədiyinə nail olardı. 
Gəldiyev bir şeyi seçə bilmirdi ki, müavin ancaq xeyirxah işlərə, yaxşı 
əməllərə mülayimdir. Pislik, yamanlıq isə  əlindən gəlmir. Elə yerdə o, 
daşdan da bərk olur. Gəldiyev kağızı  gətirib tələsik: "Verdiyev burda 
yoxdur, qolla getsin, zəng eləyib istəyirlər" deyəndə, müavin qələmi 
götürdü. Gözü rəis, nahiyyə sözünə sataşdı. Kağızı oxudu, dedi: 
- Yaxşı olar ki, Verdiyev özü qol çəksin. 
Gəldiyev sözə basdı: 
-  Əşi, burda nə var... Qorxaqlıq, yəni bu qədər? Partkom səndən az 
cavabdeh deyil ki! 
Müavin qəzəbini güc ilə boğdu: Direktor özü gələr, qol çəkər! 
- Bəlkə bu gün heç direktor idarəyə gəlmədi. 
- Gəlməsə qol da çəkilməyəcək. 
Gəldiyev hirs ilə kağızları qapıb qayıtdı. Verdiyevin komissarlıqda 
olduğunu bilib, ora getmək istədi. Sonra məsləhət bilmədi. Direktor gələndə 
kağızlan kargüzara verdi, imza üçün göndərdi. Özü də dalınca, guya bir ayrı 
iş üçün direktorun kabinetinə getdi. 
İçəri girəndə kargüzar dayanmışdı. Verdiyev çay içir, həm də özünü 
kağızdan ayırmırdı. Gəldiyevə baxıb gülümsədi, qələmi alıb ımzaladı: 
  
 

267 
 
- Aşnanın işini deyəsən bitirmisən hə?.. 
- Aşnanın işini aşna bitirdi. Atalar demiş, insanın özü-özünə elədiyini, el 
yığıla başarmaz. Zalım oğlu, məktəbdən qovulmusan, yaxşı, get başqa yerə, 
bir sənət tap özünə, yoxsa, acığa düş, gəl inqilab bayramına sataş, dəstələrə 
şuluxluq sal? Bilirsən də hansı maddəyə düşür? Diversiya! 
Verdiyev başı ilə işarə elədi ki, bilirəm. Gəldiyev dedi: 
- Dünən naçalnikə  zəng eləmişdim. Dedim, təcili baxılacaq? Dedi, hə, 
təcili! İctimai asayişi pozmaq maddəsinə düşür, azı bir üç ili var kürəyində, 
hələ azı! 
Direktorun yanına adamlar gəldi. Gəldiyev kağızları alıb çıxdı, birbaş 
milis idarəsinə götürüldü. O, Vahidin atasının Bakıda olmağına, nizamsız 
camaat içində  dəstələrə "soxulmağına" ayrıca məna verməyə çalışırdı. 
İstirahət günü məktəb binasına getmələrini, "qarovulu narahat etmələrini" 
söyləyir və dizinə döyürdü: "Nə bilirsən, bəlkə sovet məktəbinə  qəsdən 
ziyan vurmağa, odlamağa gəliblər, nə bilirsən?". 
Milis idarəsində bütün yazılanları, deyilənləri yığıb yoxlamaya, istintaqa 
verdilər. Vahidi isə Səttarzadə zəmanətə götürmüşdü. 
Gəldiyev bunu eşidib telefon kitabçasından Səttarzadənin nömrəsini 
tapdı. Gecələrin birində kabineti içəridən bağladı: 
- Mənə Səttarzadə lazımdır. 
- Danışan Səttarzadənin özüdür? 
- Yoldaş Səttarzadə, salam! Necəsiniz, kefiniz lap yaxşıdırmı? 
Sizə  zəhmət də olsa, mühüm bir yerdən zəng edirlər. Xahiş olunur, 
deyilənləri diqqətlə dinləyəsiniz, eşitdiklərinizi təkrar etməyəsiniz, düzgün 
cavab verəsiniz, yanmızda kim var? Siz bu günlərdə bir nəfər müqəssirin 
zəmanətini boynunuza almışsınızmı? Almışsınız!  Çox yaxşı... 
Gəldiyevin söbbəti xüsusi bir rəsmiyyətlə başlaması  Səttarzadəni 
vahiməyə saldı. O ha istədi soruşa: 
"Bağışlayın, danışan kimdir?" - Nə ürəyi gəldi, nə  də telefonda macal 
tapdı. Bir əli ilə stola söykənmiş, gələn səsi dinləyir, itaətkarlıqla cavab 
verirdi: "Bəli, bəli, baş üstə, yox, tanımamışam, olar..." 
Gəldiyev deyirdi: 
- Görünür ki, siz Nayıbovun cinayətlərindən bixəbərsiniz. Sizi zablujdat 
eləyiblər. Belə bir vredni adam gərək sizin sayıqlıq barədəki səhvinizdən 
istifadə etməyə imkan tapa bilməyə idi. Amma heyif! 
  
 
  

268 
 
Xalq arasında, qulaq asın, təmiz adınız var. Biz bu adın ləkələnməyinə 
təəssüf etməyə bilmərik. Demək vəzifəmizdir, vəzifəmizdir! 
Gəldiyev sözünü bitirəndə cavab gözləməyib telefonun dəstəyini asdı. 
Səttarzadə isə, eşitdikləri ilə kifayətlənmirıniş kimi, bir neçə  dəfə çağırdı: 
"Alo, alo..." cavab çıxmadı.  Əlacsız qalıb dəstəyi yerinə qoydu. Tezədən 
götürüb qulağına tutdu. Yenə səs verən olmadı. O biri otağa keçdi. 
Kişi, simasında bir iztirab olduğu halda, pianonu silməklə məşğul olan 
Rübabəyə baxırdı. Sanki Rübabəyə nə isə xəbər verdilər. O da atasına tərəf 
döndü. Atasının nəzərlərində qeyri-adilik duyub, yaxın gəldi. Səttarzadə 
bunu istəyirdi. 
- Qızım, - dedi, - bu nə hoqqadır mənim başıma gətirirsən? 
Rübabə yeridiyi yerdə donub qaldı. Kişinin də  rəngi qaçdı. O, ailədə 
söz-sov, ovqattəlxlik görmüşdü, hətta bərk inciklik də xatırlayırdı, ancaq 
yeganə övladı olan əziz Rübabənin adı ilə bağlı olan heç bir inciklik yadına, 
gümanına gəlmirdi. Atası Rübabəyə güldən ağır söz deməzdi. Bir fəlakət üz 
vermiş,  əlindən xata çıxmış kimi Rübabənin halı  dəyişdi.  İşdən çəkildi, 
atasının qəzəbli üzünə baxdı, deməyə söz tapmadı. Səttarzadə təkrar elədi: 
- Qızım, bu nə hoqqadır mənim başıma açırsan? 
Rübabə dedi: 
- Ata, sənə nə olub? 
Səttarzadə əlini saqqalına atdı: 
- Bu vaxtımda razı olursan divan-dərə ayağına çəksinlər? 
- Sənə nə olub, ata? 
- Yaşım altmışı ötüb, hələ divan-dərə tanımamışam, məhkəmə 
görməmişəm. Məni sən qalmaqala calayırsan, kimin üçün calayırsan? 
- Sənə nə olub, ata? 
- Bilirsən ki, mənim indi bircə arzum, fikrim-zikrim sənsən? Qeydini 
çəkirəm, gecə-gündüz  əl-amandayam ki, qəlbi sınıqdır, ürəyinə qubar 
gəlməsin. Həm ata olaram, həm ana, təki boya-başa çatsın... 
Rübabə məsələnin özünə aid olduğunu yəqin edib, səsini qətiləşdirdi: 
- Nə olub, ata? 
- O Vahid kimdir müsahib olmusan? Mən sənin sözünə uyub zaminə 
götürürəm, bəs sən düşünmürsən ki, atamı hər lotunun ayağına verməyim? 
  
 
 
  

269 
 
Rübabə doluxsundu, hirsindən ağladı: 
- Ata, - dedi, - sənə  nə olub? Vahidəmi deyirsən o sözü? Xainlərə 
inanma, ata! Ata cu! 
Rübabə əlləri ilə uzünü örtdü, hönkürtü ilə üzü üstə çarpayıya yıxıldı... 
 
* * * 
 
Bütün günü Rübabənin üzü gülmədi. Səhər iki dərs oldu. Tarix müəllimi 
gəlməmişdi. Saat 12-də evə qayıtdı. Qulluqçudan öyrəndi ki, atası 
zəmanətini geri götürüb. Ürəyi sıxıldı, xəyalında özünün səhv etdiyini 
fıkirləşdi: "Vahidin adı məni xiffətlə, fıkir-xəyalatla bağlayır. Nə üçün mən 
əl çəkmirəm? Qızlar kimi üz döndərib getmirəm? Aramızda ki, rəsmi, ya 
qeyri-rəsmi heç bir şey yoxdur... Bir salamməleyk üçün bu qədər iztirab 
olarmı? Omu bədbəxt, mənmi talesizəm?.." 
Bu tərəddüd Rübabəyə dağlardan ağır gəldi. Mənəvi bir qüvvə sanki 
onun çiyinlərindən tutub vücudunu ağac kimi bərk silkələdi.  Əsəblərindən 
bir gizilti keçdi, qəlbinin dərinliklərindən qopan odlu bir ah yaz yeli kimi 
onu ayıltdı: 
"Vahidlə aramızda heç bir şey yoxdur! Mənim üçün bundan dəhşətli 
sözmü var? Olan şeydinni? Birləşmiş  qəlbləri qılıncdan başqa nə ayıra 
bilər?" 
Vahid ilə keçirdiyi az, lakin şirin tələbəlik günləri bir barama mərasimi 
kimi nəzərində cilvələndi. İki ad bir-birini çağıran işıq kimi zehnində yanıb-
söndü: "Vahid - Rübabə! Rübabə - Vahid!" 
Rübabə elə tutulmuşdu ki, cırtmaq vursan, qanı axardı. Həyəcan onun 
bütün vücudunu qabartmışdı. Bu saat gözlərindən yaş, damarlarından qan, 
dilindən odlu fəryad qopacaqdı. Divardan tan alıb istəkli kimi bağnna basdı, 
simləri dindirdi. Onlann hər biri sirdaş, müsahib kimi Rübabənin dərdinə 
şərik, ürəyinə təsəlli idilər. 
Rübabe kirpiklərini qaldırıb, atasını qarşısında görəndə ürəyinə təskinlik 
verməyə, hissini cilovlamağa çalışdı: 
- Ata, - dedi, - Vahid heç kim deyil, ancaq məktəb yoldaşımdır. Lakin 
vəziyyəti pis olan yoldaşdan üz döndərmək, bilirsən ki, çirkinlikdir. 
Gəldiyevlər dəstə ilə onun kölgəsini qılınclayırlar. Mən Vahiddə günah 
görməmişəm. Onun məndən kömək ummağa haqqı vardır. Bəs yoldaş 
nədir? Yoldaş harda lazım olar? Yadındadırmı bu bayatı: 
  

270 
 
Göyərçinəm, uçdum gəl,  
Dost bağına düşdüm gəl. 
Yaxşı günün yoldaşı,  
Yaman günə düşdüm, gəl! 
 
Mən yaxşı günün dostu olmaq istəmirəm. Namərdlik nə sənə, nə mənə, 
nə zəmanəmizə yaraşır. 
- Qızım, sən ispalkom deyilsən, məhkəmə deyilsən, nə köməyin 
dəyəcək? Onun ata-anasına nə  gəlib, qohum-əqrabasına nə  gəlib? Bir qız 
xeylağı qabağa düşüb nə edəcəksən? Nə borcuna, nə bilirsən kimdi? Bəlkə 
sabah sənin özünü də ona qatdılar... 
Rübabə atasının iztirabına dözə bilmədi, qalxıb onun boynunu 
qucaqladı: 
- Ata, sən Vahidin işindən heç şübhəyə düşmə. Sonra görəcəksən ki, 
düşmənləri onu dolaşdırırlar. Paxıllar. Mən  əyri işə  tərəfdar durmaram. 
Məni danlama. 
 
* * * 
 
Rübabə  qəfəsdəki quş kimi darıxırdı.  Əlinə kitab aldı, baxa bilmədi. 
Telefonla söhbət eləmək istədi, hövsələsi gəlmədi. Geyinib çıxdı, yavaş-
yavaş  tək gedir, başını  fıkirdən qaldırmırdı.  İndi-indi atasının təklifi onu 
odlandırır, təhqir edirdi. Elə bir işi Rübabə özü üçün çox qəribə sayırdı. 
Bütün ömrü boyu qadınlar haqqında eşitdiyi böhtanlar xatırına gəldi. O, 
həmişə bunları istehza ilə dinləmiş, nifrətlə unutmağa çalışınışdı. Bir an 
üçün özünə yaraşdırdığı etibarsızlıq üçün Vahid gəlib qabağını  kəsir, 
soruşurdu... 
Gözəl qızlar, vaxtilə  pərəstiş etdiyi adamlar Rübabənin xəyalında 
canlandı. Turgenevin qəhrəmanı Yelena, məhəbbət deyib İnsarov üçün 
üzülən, el-günündən ayrılıb gedən o pak xilqət Rübabənin  ətəyindən 
tuturdu: "Mənim adımı böyük hərflərlə yazan sən deyildinmi? İqrarıma and 
içən, sözlərimi mahnı ilə təkrar eden sən deyildinmi?". 
Füzulinin Leylası günəş kimi fəzada görünür, Rübabənin yoluna işıq 
salırdı; sanki o, kədərləri, dərdləri, vahimələri, tərəddüdləri vurub əritmək 
üçün çıxmışdı. Onun şüaları yerlərə, küçələrə, kölgələrə, bağçalara, daşlara, 
göy qübbə kimi təmiz və qabarıq dayanan dəniz sularına yazırdı: 
 
 
  
  

271 
 
"Ey munisi-ruzigarım, ana.  
Qəmxarım, qəmgüsarım ana.  
Mən dari-bəqayə ezm edendə,  
Dünyaya vida edib gedəndə,  
Mənsiz çəkib ahlar, fəğanlar  
Səhralara düşdüyün zamanlar,  
Düşsə yolun ol olan diyarə,  
Ərzi-qəmim eylə ol nigarə,  
Zinhar ona olanda vasil,  
Xoş kimsədir, ondan olma qafıl,  
Damarımın tut, rizasın istə,  
Mən mücrüm üçün duasın istə!.." 
 
Dərviş Nakamın dərdi ilə yorğan-döşəklərə düşən Gövhər Tacın zəif, 
xəstə vücudu göründü. Onun son nəfəsində, solğun dodaqlarından qopan 
"məhəbbət!" sözü Rübabənin qulaqlarında məhkumların son fəryadı kimi 
həzin səsləndi. 
Budur çiynində ipək  əba, xəstə  qızın nəbzini yoxlayan filosof Əbu-Əli 
Sina, böyük həkim dayanmışdır. Xəstənin yaşadığı  şəhərin küçələrini 
saydırır. Bir küçənin adı gələndə qızın qəlbi çırpmır. Həmin küçənin evləri 
sayılır, bir evin adında qızın nəbzi bərk vurur. Həmin evdəki gənclərin adını 
deyirlər. Bir gəncin adını söyləyəndə  qız özündən gedir. Həkim ayağa 
qalxıb ah çəkir. Ev sahibindən üzr istəyir: "Bunun, - deyir, - dərdi 
böyükdür, bu vurulmuşdur..." 
Rübabənin nəzəri gəlib öz küçələrində  bənd aldı. Budur, süd 
kombinatında zəif, lakin üzündən-gözündən sönmüş bir məlahətin izələri 
seçilən bir qadın çalışır, o, kimsənin nəzərində deyil. Nə  məclisələrdə, nə 
mərasimlərdə, nə  qəzetlərdə adı çekilir, onu az adam tanıyır, lakin 
tanıyanlar yaxşı tanıyır. O həmin Zəhradır ki, on beş il bundan qabaq 
vərəmdən ölən sevgilisi Xəlilin xahişinə  əməl edirdi. Xəlildən yeddiaylıq 
bir uşaq qalmışdı; kişi son nəfəsində demişdi: "Zəhra, oğlumu ögeylər 
umuduna qoyma". Zəhra əlini ağlar gözlərinin üstünə qoymuşdu. O gündən 
uşağa həm də ata olmuşdu. Rübabə bilirdi ki, Zəhra qadınlıq hissi və 
məhəbbətini öz körpəsinin başına sadağa elədi. Oğlunu böyütdü. İndi onun 
oğlu qabiliyyətli gənclərdən biridir. Anası ilə qol-qola gedəndə deyirsən 
bacı-qardaş gəlir. 
Sanki bu saat Zəhra da Rübabənin qabağına çıxacaq idi. Ancaq tamam 
başqa, gözlənilməz bir adam çıxdı. Rübabə Gəldiyevlə qabaq- 
  

272 
 
laşdı. Özünü görməməzliyə vurub, ötmək istədi, küçənin o biri tərəfınə 
keçdi. Gəldiyev səsləndi: 
- Rübabə! 
Rübabə dinmədi. Gəldiyev dalınca yeridi: 
- Rübabə! Yoldaş Rübabə! 
Rübabə məcbur olub döndü. Tramvay onların arasını kəsdi. Rübabənin 
ürəyindən bir arzu keçdi: "Tramvaylar kimi gurultulu bir hərəkət bizi 
həmişəlik gəldiyevlərdən ayırsaydı!.." 
Gəldiyev küçəni adlayıb gəldi: 
- Dayanın! 
Onun sözü də, mətləbi də Rübabəyə aydın idi. Üzünü görmək isə 
mənəvi əzab idi, tələsib ötəri dedi: 
- Nə hələ soruşursunuz? 
Gəldiyev onu kənara çəkmək istədi. 
- Vacıb yerə gecikirəm, tələsirəm. Qalsın, məktəbdə danışarıq! 
Rübabə bunu elə bir ahəng ilə dedi və getməyə üz qoydu ki, Gəldiyev 
macal tapmadı. O, Rübabəni saxlamaq üçün söz axtarır, bəhanə düşünürdü. 
Rübabə tramvaya yönəldi. Vaqonlar onu götürüb sanki Gəldiyevin 
şərrindən uzaqlaşdırmaq üçün yeyinlədilər. 
Rübabə düşünürdü tramvaydan harda düşsün? Komsomol komitəsinə, 
yoxsa milis idarəsinə getsin? Ancaq yaxşı bilirdi ki, bu təşkilatlardan hər 
birinin rəyi işə təsir edəcəkdir. Hansından Vahidin xeyrinə ümid çoxdursa 
oraya getmək lazımdır. 
Yeddimertəbə  ağ daş binanm qabağında düşüb, komsomol komitəsinə 
çıxdı. Birbaş katibin yanına getmək fikrində idi. Ürəyinə nə gəldisə mədəni-
maarif şöbəsinə döndü. Şöbə müdirini tapmadı. İşçilərdən kim isə, cavan bir 
qız, qovluğa kağız tikirdi: 
- Əhmədov hardadır? 
- İclasdadır. 
Rübabə təşkilat şöbəsinə gəldi. Otağın qapısı açıqdı, anıma heç kes yox 
idi. İki nəfər gənc paltolarının yaxalarını qaldırmış, əlləri ciblərində kimi isə 
gözləyirdilər. 
Qapıçı savad kitabını qabağına qoyub hərfləri höccələyirdi. 
- Qasımov yoxdur? 
- Müşavirədədir. 
Rübabə  şöbə müdirlərinin katibin yanında olduqlarını düşünüb, oraya 
gəldi. Qapı bağlı idi. Qapıçı qabağında qəzetləri qatlayıb sahmana salırdı. 
 

273 
 
- Qəhrəmanın yanında kim var? 
Rübabə qəsdən katibin adını tutdu. Qapıçı birinci dəfə görsə də onu ya 
katibin qohumu, ya da hardasa məsul komsomol işçisi güman edib, ayağa 
qalxdı. Balaca açarı qapıya salıb qıfılın işkilini qaldıra-qaldıra Rübabənin 
familiyasını soruşdu. Rübabə dedi. Qapıçı deyəsən pis eşitdi. Rübabə təkrar 
elədi. Bir dəqiqə keçmədi, qapıçı  gəldi ki: "Məşğuldur", Rübabə bir az 
hirsləndisə də büruzə vermədi: 
- Bəs haçan qəbul edir o? 
Qapıçı divardan asılmış  əl boyda kağızı göstərdi. Rübabənin qəbul 
cədvəlini oxuyacağından və bu günün qəbul vaxtı olduğunu bilib dara-bara 
salacağından qorxdu. Dilucu dedi: 
- Bu gün vacib işləri var. Adam gəlib, Tbilisidən. 
Rübabə  nə onun dediyinə, nə  də  qəbul cədvəlinə  fıkir vermədi. Vaxtı 
itirməmək üçün milis idarəsinə yollandı. Dəhlizin başında  Əhmədov ilə 
qabaqlaşdı.  Əhmədov Vahidin işi ilə onsuz da məşğul idi. Gəldiyevin 
yazdıqlarını bir-bir oxumuşdu. 
- Arxayın ol, - dedi - işi özüm izləyəcəyəm. 
Rübabə milis idarəsinə  gələndə bildi ki, komsomol komitəsi işin  əsil 
rəngini bunlara hiss etdirmişdir. Milis işçisi bir-birinə tikilmiş müxtəlif 
sərlövhəli, müxtəlif həcmli, lakin eyni məzmunlu, eyni imzalı kağızlara 
murdar əsgiyə baxan kimi baxır, təəssüflə deyirdi: 
- Bəyəm belə böhtanlar birdir, ikidir!.. 
İş ilə tanış olandan sonra, Vahidi axırıncı dəfə rəis özü dindirdi. "İctimai 
yerdə asayişi pozmaqda" özünü müqəssir bilib-bilməməsi haqqında 
soruşdu. Vahid bir misal ilə kifayətləndi: 
Topal Teymurun barigahına yaxın düşmək qan-qada imiş. Hökmdar 
ordugahın ortasında məskən qurarmış, quş quşluğu ilə ora yol tapa 
bilməzmiş. Hökmdar gecənin bir vaxtında fəryadlar qoparan bir qadının 
ağlayaraq, çadıra girdiyini, itirdiyi övladını istədiyini görüb təəccüb edir. 
- Ey qadın, - deyir, - sən buraya necə yol tapdın? Mənim 
keşikçilərimdən qorxmadınmı? 
Qadın cavab verir: 
- Sənin barigahına poladdan, dəmirdən hasar çəkilmişdir, sənin 
qərargahın odlar, alovlar, tilsimlər,  əli qılınclı mühafizəçilərlə qorunur. 
Ancaq bunların hamısı bir qüvvənin - ana məhəbbətinin önündə acizdir. 
Mən balasını itirmiş bədbəxt anayam. Odlu ahım dəyən dağlar 
 
 
  

274 
 
alçalır, dənizlər quruyur, çaylar dayanır, hamı, her şey mənə yol verir. 
Mənim fəryadımı bütün kainat eşidir! Mən anayam! - Vahid üzünü yana 
çevirdi: - Mən sizin diqqətinizi ona, bax, o küncdə qoyulmuş qızıl bayrağa 
çevirınək istəyirəm. Rəis dönüb baxdı. Vahid dedi: 
- O bayrağın kölgəsi bizim 190 milyon bir xalqın ana sayəsidir. 
Dünyada heç bir qüvvə övlad əlini böyük ananın ətəyindən üzə bilməz. Mən 
Vahid Nayıbov da bu xalqın oğluyam. Bayram günündə yüz minlərlə 
camaat bu bayrağın dalınca, bu bayrağın kölgəsində addımlayanda, dayana 
bilməmişəm, yoldaşlarıma qoşulmuşam. Bu bir cinayətmidir? Övladın 
anaya qovuşması bir cinayətmidir? Təhqir olunmuş bir gəncin özünə ruh 
verməsi, səsini səslərə qatması qəbahətmidir? Zərbələr yeyən bir yolçunun 
doğru yoldan dönməməsi, mətanəti, möhkəmliyi təqsirıni, günahmıdır?.. - 
Vahidin boğazı tutulan kimi oldu. Düşmənlərinin adını  çəkdi. - Bunları, - 
dedi, - görəndə yem dalınca yüyürən həşərat yadıma düşür. Hər işıldayana 
gövhər, hər guruldayana güc deməyəcəyəm. Bunlar, bu adamlar, yoldaş 
rəis, inkişaf edən hər kəsin düşmənidirlər. Siz məni camaat içinə, minlərlə 
məktəblilər, komsomolçular içinə  çıxarın, uca səslə  həyatımı danışım. 
Görək o bayraqları  əllərində aparan məğrur gənclər bunlarımı  cərgələrinə 
çağıracaq, mənimi... 
Artıq nə deyim, sözüm yoxdur... 
Vahid haqqındakı iftira kağızları arxivə veriləndən, bu barədə  həm 
müdiriyyətə, həm institut komsomol təşkilatına yoxlama yazılandan sonra 
inşaat institutu rəhbər işçiləri  əl-ayağa düşdülər. Gəldiyev xəlvətdə 
pıçıldayırdı ki: "Burada, deyəsən, rüşvət məsələsi var". 
İslam Verdiyev Vahidi də, atasını da hörmətlə  qəbul edib, köhnə  əmri 
dəyişdi. Üzünü Sadıq kişiyə tutub minnət qoydu: 
- Yazıram keçən ayların da təqaüdünü versinlər. Oğluna da nəsihət ver 
ki, ürəyini sıxmasın. Belə  işlər çox olur. Cavanlar işə  bəzən qeydsiz 
baxırlar. Min beş yüz tələbə var, birdən-birə tanımaq olmur, səhvdir, baş 
verir... - Vahidə tərəf dönüb ərk ilə dedi: - Di get dərsinə! Get, amma gərək 
əlaçılığında davam edəsən, yoxsa aramız deyər. 
Gəldiyevin inadını  eşidəndə Verdiyev hirslənirdi: - Əl çək, mən ölüm! 
Köpəkoğlunun şəhərində sənə qız qəhət olmuşdur? Aləmi qarışdırırsan bir-
birinə, demirsən adamı dolaşdırarlar?! 
  
 

275 
 
Verdiyevin geri durması  Gəldiyevi bərk vahiməyə salmışdı: "Sonra 
üstümə böhtan-zad yıxarlar ha... mənim özümü Vahidin gününə salarlar..." 
Tezliklə Vahidin qəlbini ələ almağı, "barışmağı" məsləhət gördü. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin