1905-ci İL TƏBRİZ ƏHLİNİN ƏHVALATI
Naxçıvanda, İrəvanda və Bakıda baş verən iğtişaşlar zamanı İran
təbəələrindən olan müsəlman camaatından da məzlum və şəhid olduğunu eşidən
Təbriz əhli buna dözməyib qəzəblənir, bazar-dükanı bağlayıb üz qoyurlar erməni
məhəllələrinə tərəf. Onlar yuxarıda göstərilən şəhərlərdə nahaq yerə öldürülmüş
müsəlmanların qanının əvəzini çıxmaq üçün ermənilərin üstünə gedirdilər.
Əhvalatdan xəbərdar olan ermənilər dəhşətə gələrək böyük-kiçik, övrət-uşaq
qapıları bağlayaraq dad-fəryad qoparırlar və əhvalatı Təbriz hakiminə çatdırırlar. O
isə erməniləri mühafizə etmək üçün erməni-müsəlman məhəllələrinin arasına
qoşun yeridir. Qoşun dəstələri tüfənglərini çəkib atəşə hazır vəziyyətdə dayanırlar.
Bununla da Təbriz hakimi ermənilərin öldürülməsinin və evlərinin qarət
edilməsinin qarşısını aldı. Bir neçə gün ərzində Təbrizdə sakitlik yaradıldı. Bundan
sonra Təbriz hakiminin əmri ilə ermənilərdən bütün silah və sursatın (tüfəng, güllə,
tapança və s.) hamısını yığdılar. Təbrizin erməni camaatı teleqraf və məktubla
katolikosa və yerli din xadimlərinə müraciət etdilər ki, ermənilər sakit oturub
ədavət törətməsinlər. Çünki əks təqdirdə biz burada müsəlman əhli tərəfindən qətlə
yetirilə bilərik.
|