QALA ƏHVALATI
Şəvval ayının 9-cu günündə ermənilər yenə Yel dəyirmanı adlanan qayanın
üstündən aşağı enib, aşağıda qayaların arxasında gizlənirlər. Bu zaman üç nəfər
müsəlman qabaqlarında da odun yüklənmiş ulaqları danışa-danışa oradan keçərkən
həmin qayaların arxasında gizlənən ermənilər daşların arxasından çıxıb onları
gülləyə tutdular. Məmiş adlı qalalıya güllə dəyən kimi həlak oldu. O birisi isə
qolundan yaralandı. Üçüncü odunçu isə salamat, erməniləri söyə-söyə qaçıb
Qalaya xəbər gətirdi. Xalq gedib həmin yaralını gətirib xəstəxanaya qoydular.
Həlak olanı isə dəfn etdilər. Bundan sonra baş vermiş əhvalat haqqında divana
xəbər verdilər. Həmin günü müsəlmanlar da enib yolda dörd nəfər erməni
öldürdülər. Onlardan biri daşaltılı, üçü isə Şuşakənddən idi.
Bu vaxt xəbər gətirdilər ki, aşağı Bağlarda səkkiz yüz müsəlman atlısı cəm
olmuşdur. Lakin onların məqsədləri heç kəsə məlum deyildi. Heç kəs bilmirdi ki,
onlar Qalaya gələcəklər, yoxsa erməni kəndlərinə hücum edəcəklər.
Qaladakı erməni tayfası bu xəbəri eşidən kimi təşvişə düşdülər və vəhşətlə
divan böyüklərini görüb xahiş etdilər ki, gərək biz müsəlmanlarla yenidən sülh
bağlayaq. Bundan sonra divan böyükləri bir dəstə rus əsgəri götürüb musiqi çala-
çala erməni nümayəndələri və keşişləri ilə müsəlman bazarına gəldilər. Cənab qazi
və cənab Əbdürrəhman ağa da xeyli müsəlmanlarla onların yanına gəldilər.
Həsənəli bəy orada iki xalq arasında əmin-amanlığın qorunub-saxlanması naminə
bir nitq söylədi. Erməni keşişi də çıxış etdikdən sonra hər iki xalqın nümayəndələri
divan böyükləri ilə birlikdə erməni bazarına gəldilər. Erməni bazarındakı
toplantıda isə keşiş və Haşım bəy nitq söylədilər. Haşım bəy ermənilərə xitab
edərək dedi:
— Ey cəmaat, bu nə fitnə-fəsaddır salmısınız iki millət arasında? Bu qədər
məxluqatın dincliyini kəsmişsiniz. Əgər bu işlərlə məqsədiniz sosialistlikdirsə,
onların qaydaları belə deyil. Bir məqsəd və səbəb olmaya-olmaya nə üçün bu qədər
nahaq qanlara bais olub, uşaqları yetim, övrətləri dul, gözü yaşlı qoyursunuz.
Onların ahu-naləsinin göyə yüksəlməsinə razı olursunuz? Əgər könlünüz dava
istəyirsə və özünüzü igid hesab edirsinizsə, onda gərək övrətlər kimi daşların
dalında və evlərdə gizlənib qəflətən yolla gəlib-gedəni namərdcəsinə vurmayasınız
və sinənizə döyüb özünüzü qəhrəman kimi aparmayasınız. Davanın qaydası belədir
ki, siz də, müsəlmanlar da çıxalar bir düz yerə, üzbəüz tüfənglə, yaxud qılıncla,
49
yaxud xəncərlə mərdi-mərdanə bir-birinizlə vuruşasınız. Ya siz müsəlmanlara qalib
gələrsiz, ya da müsəlmanlar sizin nəslinizi bu şəhərdən yox edər. Bununla da bütün
məxluqatın canı dincələr. Məgər xudavəndi-aləmdən qorxmursunuz, adlarını
qımdat qoymuş bir neçə erməni quldurlarının həftədə bir çaxırın kefi başlarına
vurarkən iki millət arasına fitnə-fəsad salıb, nahaq qanlara bais olurlar. Sizlər də
onların sözlərinə baxıb, özünüzü təhlükəyə salırsınız. Bunun nəticəsində də nə
qədər adamlarınız və mallarınız tələf olur, mülkləriniz yandırılıb xarabalığa
çevrilir. Özünüz görürsünüz ki, dava vaxtı 10 nəfər müsəlmandan öləndə min nəfər
sizdən tələf olur. Quldurların sözünə qulaq asmayın. Allah-təalanın yoluna qayıdın.
Haşım bəydən sonra cənab Əbdürrəhman ağa və cənab qazi xütbələrdə
fatihə oxudular.
Bu barışıq günü yuxarıda haqqında danışdığımız əhvalat zamanı öldürülmüş
müsəlmanların qatilini gətirib divana təhvil verdilər. Onlar iki nəfər idilər.
Onlardan biri Qaybalı kəndlisi erməni dəmirçi Mirzə idi. Divan hər ikisini
həbsxanaya göndərdi.
Dostları ilə paylaş: |