Alt Paleolit-ilk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Azərbaycan ərazisində alt paleolit mərhələsi Qarabağda Quruçay vadisində yerləşən Azıx mağarası əsasında öyrənilmişdir. Azıx mağarası və Azıx adamı. Quruçay dərəsində ilk vaxtlar açıq düşərgələrdə yaşayan qədim insanlar iqlim şəraitinin dəyişməsi ilə bağlı yaxınlıqdakı Azıx mağarasına köçmüşlər. Alimlər müəyyən etmişlər ki, qədim insanlar Azıx mağarasına 2,1 - 2,4 milyon il əvvəl köçmüşlər. Bunu çay daşı mədəniyyəti sübut etmişdir. Bu qədim insanların yaratdığı mədəniyyət «Quruçay» mədəniyyəti adlanır. Mağaranın ən qədim dövrə aid təbəqələrində İbtidai insanların işlətdikləri kobud daş alətlər tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır. İbtidai insanlar bu alətlərdən ovladıqları heyvanları kəsmək, doğramaq işlərində istifadə etmişlər.
Min illər keçdikcə İbtidai insanlar fiziki və əqli cəhətdən xeyli inkişaf etmişlər. Əmək alətləri təkmilləşdirilmişdir. İlk vaxtlar insanlar çox işlərə yarayan kobud əl çapacaqları, sonralar isə ərsin-qaşov, sıyırğac və s. daş alətlər hazırlamışlar. Belə müxtəlif növ alətlər Azıx mağarasının alt təbəqələrindən tapılmışdır.
Azıx mağarası – Dağlıq Qarabağda, Füzuli şəhərindən 17 km Şimal-Şərqdə, Quruçay dərəsinin sol yamacında yerləşir. İbtidai insanlar kiçik qruplar, dəstələr halında yaşayırdılar. Belə kiçik kollektivlər İbtidai insan «sürüsü» və ya ulu icma adlanır. Ulu icma kortəbii şəkildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Belə kollektivlər daimi deyildi. Onlar tez-tez dağılır, sonra yeniləri yaranırdı. Ulu icma İbtidai icma quruluşunun ilk pilləsində meydana gəlmiş və qəbilə icması formalaşanadək davam etmişdi.
Qədim insanların oddan istifadə etməsi onların həyatında çox mühüm hadisə olmuşdur. İlk vaxtlar ildırım çaxması və ya üzvi maddələrin öz-özünə yanması nəticəsində əmələ gəlmiş təbii oddan istifadə edilmişdir. Sonralar insanlar quru ağac parçalarını, çaxmaqdaşını bir-birinə vurmaqla od əldə etməyi öyrənmişlər. Od, ocaq insanların həyatında böyük rol oynamışdır. Ocaqdan isinmək, yemək hazırlamaq və vəhşi heyvanlardan qorunmaq üçün istifadə olunurdu. Azıx mağarasında 1968-ci ildə arxeoloq M. Hüseynov tərəfindən İbtidai insanın alt çənə sümüyünün qalığı tapılmışdır. Bu, dünyada ən qədim belə tapıntılardan biri – dördüncüsüdür. Antropoloqlar həmin İbtidai insanı Azıxantrop, yəni «Azıx adamı» adlandırmışdır. Azıxantroplar 350-400 min il bundan əvvəl yaşamışlar. Azıx çənə sümüyü Azərbaycanın qədim insanının formalaşdığı ərazilərdən biri olduğunu sübut edir. Azıx mağarasında tikili qalığının tapılması qədim insanların tədricən tikinti vərdişlərinə də yiyələnməsini göstərir. Zaman keçdikcə Azıx adamları tədricən ətraf mühiti dərk etmiş, İbtidai dini təsəvvürlər yaranmış və onlar sadə incəsənətlə məşğul olmuşlar. Azıx mağarasında tapılmış ayı kəllələrindən bəzilərinin üzərində müəyyən işarələr cızılmışdır. Bu, sadə dini ayinlərin və totemlərin (heyvanlara inam) yaranması ilə bağlıdır.