İnformatika elminin predmeti, funksiyaları, imkanları, formaları və metodlarının geniş şaxəliliyi ilə əlaqədar olaraq, çoxlu sayda tərifi vardır.
İnformatika – informasiya proseslərinin (informasiyanın toplanması, saxlanması, ötürülməsi və emalı) avtomatlaşdırılmasında istifadə olunan kompüter texnikası vasitələri və metodlarından bəhs edən tətbiqi elm sahəsi kimi formalaşmışdır. Belə ki, İnformatika bir elm sahəsi kimi, informasiyanın quruluşu, ümumi xassələri, yaradılması, saxlanılması, axtarışı, çevrilməsi,ötürülməsi və istifadəsinin - insan fəaliyyətinin müxtəlif sahələrindəki qanunauyğunluq və üsullarını tədqiq edir. Başqa sözlə, İnformatika – informasiyanın çevrilməsi haqqında elm olub, hesablama texnikasının istifadəsinə əsaslanır, informasiya sistemlərinin yaradılması və fəaliyyəti haqqında bilik verir.
Müasir dövrdə hesablama texnikasından istifadənin geniş miqyas alması avtomatlaşdırılmış informasiya sistemlərinin, məlumat baza və banklarının təşkilinin, iqtisadi proseslərin idarə edilməsi üçün zəruri proqram vasitələrinin, hesablama sistemləri və komplekslərinin səmərəli işinin təmin olunmasını və s. nəzərdə tutur.
İnformatikada məzmun , təşkilati, texniki, alqoritmik və proqram sahələri nisbi müstəqil istiqamətlər kimi fərqləndirilir.
İnformatika nisbətən qısa dövr ərzində informasiyanın işlənməsinin müxtəlif və çoxsaylı üsul və qaydalarını təklif etmiş, əsaslandırmış, təcrübədə sınaqdan keçirimişdir.
İnformasiyanın, o cümlədən iqtisadi informasiyanın çoxcəhətli və çox növlü olması, onun işlənməsi prosesinə kompleks yanaşmanı tələb edir.
İnformatika bir elm sahəsi kimi öyrənilən hadisənin (obyektin, prosesin) informasiya modeli qurulduqdan sonra öz imkanlarını reallaşdıra bilir. İnformatika bu modelin qurulmasının ümumi metodoloji prinsiplərini işləyib hazırlayır, modelin bilavasitə qurulması isə digər elm sahələrinin işidir. İnformatika kibernetikadan fərqli olaraq kibernetik sistemin informasiya, texniki, proqram və s. təminatı məsələlərini öyrənir.
İnformatikanın və IKT-nin digər elm sahələrində tətbiqi. İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fəndən, nəinki texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya və informasiya prosesləri haqqında olan fundamental elmə çevirdi. İnformatika həmçinin elmlər sistemində birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur.
Son illərdə İnformatika və ya informasiya texnologiyaları demək olar ki, cəmiyyətin və elmin bütün sahələrinə kütləvi şəkildə tətbiq olunmağa başlandığından onun sahələr üzrə tətbiqi-informatika bölmələri formalaşmağa başlamışdır. Nəticədə riyazi informatika, nəzəri informatika, texniki informatika, geoinformatika, tibbi informatika, kimyəvi informatika, bioinformatika, aqrar informatika, tarixi informatika, sosial informatika, hüquqi informatika, pedaqoji informatika, siyasi informatika, psixoinformatika və s. kimi elmi sahələr əmələ gəlmiş və inkişaf etmişdir.
Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının bütün sahələrinin kompüterləşdirilməsi və informasiyalaşdırılmasıdır. İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosial və iqtisadi həyatın bütün sahələrinə tətbiq olunur. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir informasiya texnologiyaları, ictimai həyatın informasiyalaşdırılması prosesi kimi reallaşır. Hazırda ictimai şüurda İKT-dən biznesdə, siyasətdə, idarəetmədə, səhiyyədə, mədəniyyətdə, elmdə, təhsildə, sənayedə və digər sahələrdə istifadə məsələlərinin aktuallığı və zəruriliyi tam qəbul olunmuşdur.
İnformatikanın və IKT-nin inkişaf istiqamətləri. İnformatika bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır. İnformasiya və avtomatika sözlərindən yaranmış İnformatika (ingiliscə Informatics) terminini ilk dəfə fransızlar (1960-ci il) avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər. “İnformatika” termini bəzi hallarda «Kompüter elmləri” (Computer science) termini ilə eyniləşdirilir. «İnformatika” elmi informasiyanın yaradılması, toplanması, saxlanması, ötürülməsi, qəbulu, dəyişdirilməsi, emalı, ləğvi, mühafizəsi və s. proseslərinin kompüter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır. Hazırda İKT müstəqil və yeni elm sahəsi kimi formalaşır. İKT təbiət elmlərinin tərkibinə daxil olmaqla texniki elm kimi xarakterizə olunur və fundamental informatikanın bir bölməsidir.
Kompüter qrafikası, rahat interfeyslər, multimedia texnologiyaları, geoinformasiya sistemləri, intellektual korporativ şəbəkələr, neyroşəbəkə texnologiyaları, tərcümə proqramları, virtual sistemlər və s. kimi bir çox aktual elmi-praktik problemlər İKT elminin perspektiv fundamental və tətbiqi tədqiqat istiqamətləridir.
İnformatika elminin predmetini informasiyanın qəbulu, ötürülməsi, saxlanılması, mühafizəsi, emal vasitələri, həmçinin, metod və üsulları təşkil edir. İnformatika elminin predmeti aşağıdakıları əlaqələndirir:
Hesablama texniki vasitələri;
Hesablama texniki vasitələrinin proqram təminatı;
İnformasiya resursları;
İnformasiya texnologiyaları;
Paylanmış informasiya resurslarından səmərəli istifadə edilməsi üçün tətbiq olunan vasitələr və texnologiyalar;
Proqram təminatından istifadə etməklə hesablama texnikası vasitələrinin bazasında yaradılan informasiya resursları ilə insanlar arasındakı qarşılıqlı əlaqə və metod vasitələri.
İnformatika elminin əsas istiqamətləri aşağıdakılardır:
Nəzəri informatika;
Praktiki informatika;
Texniki informatika.
Nəzəri informatikanın predmetini informasiya nəzəriyyəsi, alqoritmlər nəzəriyyəsi, riyazi məntiq, ehtimal nəzəriyyəsi elementlərinin öyrənilməsi və onların onların informatika elminin fundamental şəkildə dərk edilməsində istifadə olunmasını təşkil edir.
Praktiki informatikanın predmetini instrumentla proqramlaşdırma vasitələri, yüksək və aşağı səviyyəli proqramlaşdırma dillərinin köməyi ilə sistem və tətbiqi proqram təminatlarının yaradılması və onlardan effektiv istifadə edilməsi üsulları təşkil edir.
Texniki informatikanın predmetini elektron hesablama texnikası qurğularının layihələndirilməsi, işlənilməsi və istifadə edilməsinin metod və vasitələri təşkil edir.