3.4. Boru nəqliyyatının texniki-iqtisadi xüsusiyyətləri
Neft və neft məhsullarının ötürülməsində digər nəqliyyat növlərilə müqayisədə ən əlverişli boru nəqliyyatıdır.
1917-ci ilə qədər Rusiyada boru kəmərinin ümumi uzunluğu 1,1 min km idi və bunun 800 km-dən çoxu Bakı-Batumi xətti təşkil edirdi. Bu boru xətti 1911-ci ildə çəkilmişdir və təyinatı Bakıdan ağ neftin Qara dənizdəki Batumi limanına oradan isə dünya bazarına çatdırmaq idi. Bu xəttin çəkilməsinə təkanverici qüvvə Bakıda neft hasilatının sürətlə artması idi, mövcud olan dəmiryolu isə daşımalara olan təlabatın öhdəsindən gəlmə imkanında deyildi.
Sovetlər dövründə Azərbaycanda istehsal olunan neftin dünya bazarlarına çıxarılması üçün ikinci Bakı-Mahaçkala-Novorossiysk xətti çəkildi.
Boru nəqliyyatı bütün dünyada geniş inkişaf etmişdir və əsas vəzifəsi nefti, neft məhsularını və təbii qazı istehsalçılardan istehlakçılara çatdırmaqdır.
Bağlanmış müqavilələrə əsasən Azərbaycanda neftin hasilatı sürətlə artmaqdadır. Hasil olunan neftin və neft məhsullarının ötürülməsində əsas yeri boru kəməri tutur və onun inkişaf sürəti digər nəqliyyat növlərilə müqayisədə daha böyükdür. Bunu əyani olaraq müxtəlif nəqliyyat növlərinin respublikanın ümumi yük dövriyyəsində tutduğu yeri və illər üzrə dinamikasını 2.5.1. cədvəlindən görmək olar.
Əgər nəzərə alsaq ki, digər nəqliyyat növlərilə neft və neft məhsullarından başqa digər məhsullar da daşınır, onda boru nəqliyyatının ümumi nəqliyyat sistemində tətbiq dairəsinin məhdud olduğu məlum olar.
Ümumi yük dövriyyəsində avtomobil və dəmiryolunun xüsusi çəkilişinin aşağı düşməsiheç də onlarla yük daşımasının azalması deyildir. Buna səbəb boru və dəniz nəqliyyatı ilə yük daşımalarının daha sürətlə inkişaf etməsidir.
Boru nəqliyyatının xalq təsərrüfatında rolu Bakı-Tbilisi-Ceyhan neft və Bakı–Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsindən sonra daha çox artacaq.
Boru nəqliyyatının digər nəqliyyat növlərilə müqayisədə aşağıdakı üstünlükləri vardır.
Neft məhsullarının boru nəqliyyatında ötürülməsilə əlaqədar olan xərclər dəmiryoluna nisbətən 2-3 dəfə aşağıdır. Boru nəqliyyatında yanacaq sərfiyyatı hətta dəmiryoluna nisbətən belə azdır. Məsələn, ötürülən məhsul vahidinə yanacağın sərfiyyatı dəmiryolu ilə müqayisədə on dəfədən aşağıdır. Eyni güclü bir km dəmiryolu xəttinin çəkilişinə tələb olunan əsaslı vəsait qoyuluşu boru nəqliyyatı ilə müqayisədə iki dəfə bahadır.
Dostları ilə paylaş: |