3.5. Hava nəqliyyatının texniki-iqtisadi xüsusiyyətləri
Hava nəqliyyatı digər nəqliyyat növlərilə müqayisədə ən sürətlidir, uzaq məsafələri dayanmadan qət edə bilir və düz xətli hərəkətetmə qabiliyyətinə malikdir. Bu nəqliyyat növü sərnişinlərin, poçtların, qiymətli və tezxarabolan yüklərin uzaq məsafələrə daşınmasında əlverişlidir.
Hava nəqliyyatında iki məntəqə arasındakı marşrutun uzunluğu dəmiryoluna nisbətən orta hesabla 20-30% azdır, məntəqələrlə əlaqənin təşkili az vaxt tələb edir və bir km-ə nisbətən az əsaslı vəsait qoyuluşu tələb olunur.
Meyvə – tərəvəzin uzaq məsafələrə çatdırılmasında hava nəqliyyatı digərlərilə müqayisədə daha əlverişlidir. Buna səbəb nəqletmə zamanı xarabolmaların demək olar ki, tam aradan qaldırılmasıdır.
Hava nəqliyyatı ilə meyvə – tərəvəzin daşınmasının digər nəqliyyat növü ilə müqayisəsində iki formuladan istifadə etmək olar. Birinci halda müqayisə edilən nəqliyyatda bir tkm-ə düşən xarabolmaların məbləğini hava nəqliyyatı ilə daşımaların bir tkm-in maya dəyərindən çıxılır. İkinci halda isə meyvə-tərəvəzin gec çatdırılması nəticəsində bir tkm-ə düşən itkinin dəyəri müqayisə edilən nəqliyyatda bir tkm-in maya dəyərinə əlavə etmək lazımdır.
Hava nəqliyyatında digər nəqliyyat növlərilə müqayisədə bir sərnişinə düşən hərəkət tərkibinin kütləsi çox azdır.
Dəmiryolu nəqliyyatında sərnişin daşımalarının maya dəyəri yük daşımalarının maya dəyərinə nisbətən iki dəfə yüksək olduğu halda hava nəqliyyatında əksinə 10 dəfəyə yaxın aşağıdır. Digər nəqliyyat növlərilə müqayisədə hava nəqliyyatı daha çox yanacaq tələb edir. Məsələn, daşıma vahidinə yanacaq sərfiyyatının xüsusi çəkisi dəniz nəqliyyatı və dəmiryolunda hava nəqliyyatına nisbətən 10-20 dəfə azdır.
Dostları ilə paylaş: |