6. Nəqliyyat növlərinin seçilməsi meyarları və amilləri.
Nəqliyyat növünün seçilməsinin əsas meyarı kimi çatdırmanın (daşımanın) ümumi xərcləri götürülür və bunu daşıma tariflərinin cəminə bərabər hesab etmək olar. Əmtəə dövriyyəsində ümumi xərclərin miqdarı ilə yanaşı nəqliyyat növünün seçilməsinə təsir edən aşağıdakı amilləri nəzərə almaq lazımdır.
1. Daşınan yüklərin növü və xarakteri. Bəzi hallarda nəqliyyat növünü seçmək mümkün olmur. Belə ki, tez xarab olan yüklər hava nəqliyyatı və ya referejatorlarla (banı soyuducularla təchiz edilmiş xüsusi nəqliyyat vasitələrilə daşınır. Hava nəqliyyatı ilə tozlanan və partlayış təhlükəsi olan yüklərin daşınması qadağandır. Dəniz nəqliyyatı ilə daşınan beynəlxalq yüklərin əsas hissəsi neft və neft məhsulları, daş kömür və taxıldır. Beynəlxalq Yenidənqurma və Inkişaf Bankının tədqiqatlarına (qiymətləndirilməsinə) görə 1 funt çəkiyə FOB qiyməti 10 dollardan yuxarı olan yüklərin hava nəqliyyatı ilə daşınması iqtisadi cəhətdən məqsədəuyğun hesab edilir.
2. Daşıma marşrutu və məsafəsi. Emprik yolla müəyyən edilmişdir ki, 200 km - dən uzaq məsafələrə yük daşımalar zamanı dəmir yolu ilə daha çox səmərə əldə edilir. Ədədi taralı yüklərin daşınması zamanı 200 km - ə qədər olan məsafələrdə avtomobil nəqliyyatı daha səmərəlidir. Qalaq (qabsız) və maye yüklərin daşınması zamanı daşıma məsafəsindən asılı olmayaraq su nəqliyyatı sərfəlidir. Yüklərin daşınma xərcləri daşıma məsafəsindən düz mütənasib asılıdır. Bir ton∙km - ə düşən xərclər dəyişilməzdir. Başlanğıc və son əməliyyatlara çəkilən xərcləri böyük olan nəqliyyat növü qısa məsafələrə daşımalarda səmərəli deyil. Yükləmə - boşaltma (başlanğıc və son) əməliyyatlarına çəkilən xərcləri az olan və yüklərin yerdəyişməsinə çəkilən xərcləri yüksək olan nəqliyyat növü qısa məsafələrə daşımalarda səmərəlidir.
3. Vaxt amili. Müxtəlif nəqliyyat növlərinin səmərəliliyini müəyyən edən əsas amillərdən biri yüklərin çatdırılması sürətidir. Yük kütləsinin qiyməti və ölçüsü də ondan asılıdır. Yüklərin çatdırılması vaxtına nəqletmənin (daşımanın), yükləmə - boşaltma işlərinin sürəti və həmçinin müxtəlif dayanma əməliyyatlarına sərf olunan vaxt və xərclər təsir edir. Hava nəqliyyatı ilə yüklər daha sürətlə çatdırılır. Lakin hava nəqliyyatında çatdırma xərcləri daha böyükdür və yalnız təcili hallarda səmərəli hesab edilir.
4. Daşımanın dəyəri. Yüklərin saxlanması zamanı bu əlamət üzrə nəqliyyat növünün seçilməsində özünün xərclərini nəzərə almaq lazımdır.
5. Qablaşdırmanın dəyəri. Emprik yolla müəyyən olunmuşdur ki, qablaşdırma xərcləri daşımanın qiymətinin 8% - dən yüksək olarsa, nəqliyyat növünü dəyişmək lazımdır. Nisbətən ucuz qablaşdırma xərcləri hava nəqliyyatı ilə daşımalar zamanı, nisbətən baha qablaşdırma xərcləri isə dəniz nəqliyyatı ilə daşımalar zamanı tələb olunur.
6. Yüklərin sığortasının dəyəri. Hava nəqliyyatı ilə sığortalama adətən digər nəqiyyat növlərinə nisbətən daha qısa vaxta həyata keçirilir. Bu səmərə verə bilər.
7. Magistral nəqliyyata qədər çatdırmanın dəyəri. Hava və dəniz nəqliyyatı ilə daşımalarda dəmiryolu nəqliyyatı ilə müqayisədə bu xərclər xeyli yüksəkdir. Avtomobil daşımaları zamanı bu növ xərclər diqqəti cəlb etmir.
8. Yük xətlərinin mövcud olması və bu xətlərlə yüklərin göndərilməsinin tezliyi, yəni yük xətləri ilə yüklərin tez-tez göndərilməsi.
9. Konkret alqı - satqı, daşıma müqavilələrində və digər sənədlərdə məhdudiyyətlərin mövcudluğu.
10. Bir - biri ilə bağlı müəssisələrin və nəqliyyatın işini tənzimləyən (qaydaya salan) milli qanunlar və adətlər.
Daşımalar haqqında qərarlarda müxtəlif nəqliyyat növləri haqqında mürəkkəb qarşılıqlı razılaşmalar və bu razılaşmaların bölgü sisteminin digər növlərinə, məsələn, anbar əməliyyatlarına, əmtəə material ehtiyatlarının saxlanmasına göstərdiyi təsir nəzərə alınmalıdır.
Müəyyən müddətdən sonra müxtəlif nəqliyyat növlərinin nisbi xərcləri dəyişdiyinə görə firma əmtəə hərəkətinin təşkilinin ən yaxşı variantının axtarılıb tapılması üçün öz daşıma sxemlərinə (marşurutlarına) yenidən baxmalıdır.
Hər bir istehsal və ticarət firmalarının qarşısında duran əsas məsələlərdən biri sərbəst olaraq xammal və materialların daşınmasını təşkil etmək və ya kənar yük daşıma xidməti göstərənin seçilməsıdir. Bu məsələ dünya təcrübəsində qısaldılmış olaraq MOB (Make or Buy Problem) kimi tanınır.
Hal - hazırda nəqliyyat növünün seçilməsinin formalaşmış üsulları vardır. Daha çox istifadə olunan üsullardan biri amerikalı alim F. Kotler tərəfindən işlənmişdir. Bu üsulla nəqliyyatın - konkret əmtəənin çatdırma vasitəsinin seçilməsində hesabata altıya qədər amil daxil edilir. Bu amillər nöqteyi - nəzərdən müxtəlif nəqliyyat növlərinin qısa müqayisəli xarakteristikaları cədvəl 1.6.1-də verilmişdir.
Dostları ilə paylaş: |