XVIII əsrin birinci yarısında Səfəvi dövlətinin tənəzzülü və Azərbaycanın Xəzərboyu əyalətlərinin Rusiya tərəfindən işğalı. XVIII əsrin əvvəllərində Səfəvi dövləti dərin iqtisadi və siyasi tənəzzül dövrü keçirirdi. Mərkəzi hakimiyyətin zəiflədiyi bir dövrdə hakim feodallar arasında mərkəzə tabe olmamaq əhvali-ruhiyyəsi hiss olunurdu. Təbrizdə, Şirvanda, Carda şah üsuli-idarəsinə və yerli feodallar əleyhinə üsyanlar baş verdi.
Səfəvi dövlətinin ağır günlərində Şah Sultan Hüseyn (1694-1722) Rus dövlətindən kömək almaq məqsədlə 1713-cü ildə "dostluq və ticarət müqaviləsi" bağlamaq üçün Fəzlulla bəyi Peterburqa göndərdi. Şahın bu müraciəti I Pyotrun Şərqdə bağlı işğalçılıq siyasətinin reallaşması dövrünə təsadüf edir. Belə ki, O, Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirməklə Xəzər-Volqa yolu ilə Şərq ölkələri ilə ticarət etmək, Şərqlə Qərb ticarətində Rusiyanın vasitəçiliyinə nail olmağa çalışırdı. Xəzər sahili vilayətləri ələ keçirmək, gələcəkdə cənub ölkələrinə ekspansiya siyasətini həyata keçirmək üçün Dərbənd, Bakı, Şamaxı, Rəst kimi şəhərləri ələ keçirmək niyyətində idi. Rus dövləti Azərbaycana ucuz xammal mənbəyi və əmtəələrin əlverişli satış bazarı kimi yanaşır, digər dövlətlərin Azərbaycana ticarət müdaxiləsinə əngəl törədirdi.
Qəti addım atmazdan əvvəl I Pyotr Xəzərboyu əyalətlərin sakinləri arasında yürüşün səbəbini doğrultmaq məqsədilə "Manifest" çap edib, xüsusilə rus ordusu hərəkət edəcək istiqamətdə yerləşən şəhər və kəndlərə göndərdi. “Manifest” də yürüşün əsil səbəbi, mahiyyəti ört-basdır edilir və göstərilir ki, rus ordusunun bu yürüşdə məqsədi Şirvan üsyanı zamanı Şamaxıda qətl və qarətə məruz qalmış rus tacirlərinin intiqamını almaq, habelə Rusiya dövlətinin dostu olan İran şahına qarşı qalxan üsyançılara, xüsusilə Hacı Davuda və Surxay xana (Şirvandakı qiyamçılara rəhbərlik edirdilər) cəza verməkdən ibarətdir. I Pyotr "Manifest‖ində həmçinin yerli əhaliyə əmin-amanlıq da vəd edirdi. "Manifest" Azərbaycan dilində də çap olunmuşdu. Nəhayət, 1722-ci ilin iyulun 18-də I Pyotr 274 gəmidən ibarət böyük bir donanma ilə Həştərxandan yürüşə başladı. Rus qoşunalrı həm quru, həm də dəniz yolu ilə hərəkət edirdilər. Həmin il avqustun 15-də rus qoşınları Dərbəndə yaxınlaşdılar. Şəhərin naibi İmamqulu şəhərin açarını I Pyotra təqdim edir və rus qoşunları Dərbəndə daxil olurlar. Lakin, Rusiyaya İsvec tərəfindən yenidən müharibə təhlükəsi yarandığından I Pyotr tezliklə geri qayıdır. Onun göstərişi ilə 1723-cü ilin iyulun 12-də Bakı şəhəri də tutulur. Bakının alınması münasibətilə I Pyotrun göstərişi ilə Peterburqda yaylım atəşi də açılır.
1723-cü il sentyabrın 12-də Şah II Təhmasibin (1722-1732) onu səlahiyyətlərdən məhrum etməsindən xəbəri olmayan elçisi İsmayıl bəy İran şahından heç bir icazə almadan Peterburqda Rusiya ilə müqavilə imzaladı. Nəticədə Dərbənddən Gilana qədər olan torpaqları, habelə Şamaxı, Mazandaran və Astrabad Rusiyaya güzəştə gedildi. Bunun əvəzində gələcəkdə İrana müdaxilə edən əfqanlara qarşı mübarizədə (İran türkiyəni bu yerlərə buraxmasın) İranlılara kömək etməyi öhdəsinə götürdü.
Şərqdə öz müstəmləkə siyasətini həyata keçirməyə çalışan İngiltərə və Fransa Rusiyanın Qafqazdakı nüfuzunun güclənməsinə hər vasitə ilə mane olurdular. Bakının tutulmasından istifadə edərək bu ölkələr Osmanlı imperiyasını Rusiyaya qarşı müharibəyə qızışdırırdılar.
1723-cü ilin yazında Ərzurum paşası böyük ordu ilə Gürcüstana daxil olur. Onlar Tiflisi tuduqdan sonra Gəncə tərəfə hərəkət etdilər. Osmanlıların Qafqaza yürüşü Türkiyə ilə Rusiya arasında ziddiyətləri dahada kəskinləşdirdi. Lakin, İsveclə müharibəni təzə qurtarmış Rusiya yeni müharibəyə hazır olmadığından sülh bağlamağı lazım bilir. Nəticədə 1724-cü il iyulun 12-də İstanbulda iki dövlət arasında sülh müqaviləsi imzalandı. Həmin müqaviləyə əsasən Türkiyə tərəfı Xəzərboyu əyalətlərin Rusiyaya güzəşt edilməsini qəbul etdi. Rusiya tərəfı isə öz növbəsində Türkiyə tərəfindən Qərbi Qafqazın və Cənubi Azərbaycanın iğalına etiraz etməyəcəyini bildirdi. Bu müqaviləyə əsasən Şirvan Türkiyənin himayəsi altında yarımmüstəqil xanlıq elan olunurdu. Hacı Davud Türkiyə tərəfındən Şirvan xanı təsdiq edildi.
1724-cü il İstanbul müqaviləsindən sonra təşkil edilmiş Osmanlı hücumu nəticəsində Azərbaycanın böyük bir ərazisi Türkiyə tərəfındən zəbt edildi. Azərbaycanın Xəzərboyu əyalətləri isə Rusiya dövlətinin hakimiyyətində qaldı. Rus dövləti Xəzərboyu əyalətlərdən həm iqtisadi, həm də strateji məqsədlə istifadə etmək üçün xüsusi tədbirlər hazırlamışdı. Çar hökuməti Xəzəryanı bölgələrdə özünə sosial dayaq yaratmaq məqsədi ilə - bu ərazilərə xristian əhalisini, xüsusilə erməniləri köçürməyə çalışırdı. Ermənilər I Pyotra müraciətlə "yeni əldə olunmuş torpaqlarda", xüsusilə Bakıda onlar üçün yer ayırmağı xahiş etmişdilər. Ermənilərin bu müraciəti onsuz da bu yerlərdə o, ilk növbədə xristianları, xüsusilə ticarət aləmində fəallıq göstərən erməniləri görmək istəyən I Pyotrun ürəyindən oldu. Rus tarixçisi P.Butkov yazır ki, 1724-cü il İstanbul müqaviləsindən sonra I Pyotr Rumyantsevə tapşırmışdı ki, erməniləri Xəzərboyu əyalətlərdə istədikləri şəhərlərdə yerləşdirmək gərəkdir, lazım gələrsə, yerli əhalini qovub, erməniləri həmin yerlərdə məskunlaşdırsın. I Pyotrun 1724-cü il 10 noyabr fərmanında Osmanlı ərazisindən Xəzərboyu Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi, yerli əhalinin öz doğma yurdlarından qovularaq ermənilərin məskunlaşdırılması nəzərdə tutulmuşdu. Nəticədə Xəzərboyu bölgələrə, xüsusilə Quba və Dərbəndə çoxlu sayda erməni və gürcü köçürülmüş və onlara əhalidən müsadirə edilmiş xeyli ev və torpaq sahəsi ayrılmışdı.
1727-ci il dekabrın 12-də Rusiya ilə Osmanlı sərhədinin müəyyənləşdirilməsi məqsədi ilə Şamaxı yaxınlığında Nabur kəndində müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə ruslar 1727-ci ildə Cavad, Salyan, Şeşpara, Rustov, 1728-ci ildə isə Quba və Təngəyə sahib oldular. Hacı Davud Təngə qalasını ruslara təhvil verməkdən boyun qaçırdığı üçün Osmanlı hakim dairələri sədaqətsizlik kimi qiymətləndirərək, onu xanlıqdan uzaqlaşdırdılar.
Rusiya Xəzərsahili vilayətlərin idarə olunmasını knyaz V.V.Dolqorukova həvalə etmişdi. Bəzi şəhərlərdə rus inzibati idarələri yaradılmış, bəzilərində isə köhnə hakimlər saxlanılmışdı.
Dostları ilə paylaş: |