Xoy xanlığı. Xoy xanlığının ilk hakimi Dünbülü tayfasından Şahbaz xan (1747-1763) olmuşdur. O, Nadir şahın dövründə Xoy vilayətinin hakimi olmuş Murtuzqulu xanın oğlu idi. Şah Murtuzqulu xandan şübhələndiyi üçün onu edam etdirmiş, vilayətin idarəsini oğlu Şahbaz xana tapşırmışdı.
Nadir şahın ölümündən sonra Şahbaz xan özünü Xoy xanlığının müstəqil hakimi elan etmişdi. O, Fətəli xan Əfşarla dostluq edirdi. Lakin Şahbaz xan Kərim xan Zəndin tərəfinə keçərək Fətəli xanın məğlub edilməsi və Urmiyanın tutulmasında iştirak etmişdi. Sonra Kərim xan Zənd onu qonaq adı ilə Şiraz şəhərinə aparıb girov götürmüşdü. Xanlığın idarəsi qardaşı Əhməd xan Dünbülüyə (1763-1786) tapşırılmışdı. Onun dövründə Xoy xanlığı qüvvətləndi. Hətta bir müddət İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını da özündən asılı etmişdi. Bir sıra Azərbaycan xanlıqları, həmçinin Gürcüstan çarlığı ilə diplomatik əlaqə yaratdı. Təbriz xanı Nəcəfqulu xan ona maddi və hərbi kömək göstərirdi. Qarabağ xanlığı ilə mehriban münasibətlər onun hakimiyyətinin qüvvətlənməsinə təsir etmişdi. 1782-ci ildə Qarabağ xanlığı ilə birlikdə Qaradağ xanlığını işğal edib, torpaqlarını bölüşdürmüşlər.
Əhməd xan yenidən dirçəlməkdə olan Urmiya xanlığını da tabe etmək istəyirdi. O, 1783-cü ildə Təbriz yaxınlığındakı döyüşdə müttəfiqi Təbriz xanı ilə birlikdə Urmiya və Sərab xanını məğlub etdi. Xoy xanlığının nüfuzu bu qələbədən sonra daha da artdı. Xoy xanlığı qüvvətləndi.Bundan ehtiyat edən Kərim xan Zənd Əhməd xanı aradan götürmək qərarına gəldi. Bu məqsədlə əsir alınmış və Şirazda vəfat etmiş Şahbaz xanın oğulları ilə Əhməd xan arasında düşmənçilik yaratdı.
1779-cu ildə Kərim xan Zənd vəfat etdi. Şahbaz xanın oğulları Şirazdan Xoya qayıtdılar, hakimiyyəti ələ keçirə bilmədilər. Hakimiyyətə Hüseynqulu xan (1786-1813) gəldi. Onun dövründə daxili çəkişmələr xanlığı zəiflətdi və Xoy xanlığı Qacarlar sülaləsindən tam asılı vəziyyətə düşdü.
Dostları ilə paylaş: |